Ayətxan Ziyad – 75

“BIZIM AYƏTXAN”

Azərbaycan jurnalistikasında imzalar içində bir imza 50 ildən çoxdur gah dinləyicinin, gah da oxucunun diqqətini çəkir. Neçə qələm sahibinin bu peşədə bələdçisi olub, neçə söz  yolçusuna uğurlar arzulayıb və bu gün də bu missiyanı şərəflə yerinə yetirməkdədir.

 Mənim sözlə tanışlığım orta məktəb illərindəndi, 1979-cu ildən. Kəndimizdə Böyük Vətən müha­ribəsi şəhidlərinin xatirə­sinə abidənin açılışından Şamaxının “Yeni Şirvan” qəzetində xəbərlə çıxış etmişdim. İlk qonararımı da bu qəzetdən almışam.

O illərdə Hacıqabulda dünyaya gəlmiş, ancaq əslən bizim kəndçi olan bir ellimizin jurnalist olduğunu, Azərbaycan Dövlət radiosunda işlədiyini tez-tez eşidirdim. Radodan səsi gələndə fəxrlə “bizim Ayətxandır”, “kəndçimiz Ziyatxan kişinin oğlu­dur”, – deyirdilər. Qürurlanırdim ki, doğum şəhadətnamə­sində Hacı­qabulda anadan olduğu yazılsa da, əsilləri Şamaxının Kür­də­mic kəndindəndir, “o həm də mənim həmkəndlimdir, ellim­dir”.

Böyük Qafqaz dağlarının qoynuna sığınan bu kəndin, demək olar ki, hamısı onun qohum-əqrabasıdır. Baba yurdunda keçir­diyi anları ömrünün ən gözəl çağlarından sanır. Bəlkə də elə bu bağlılıq, yad rayonda doğulub yaşa dolması onu “Şamaxı­nın Kürdəmic kəndi. Tarix, publisistika, rəvayət” kimi ensik­lepodik bir əsəri ərsəyə gətirməyə şövqləndirib. Bu kitabı yazan­da çəkdiyi ölçüyəgəlməz əziyyətin şahidlərindən biriyəm. Gün­lər­lə, aylarla, illərlə (beş il altı ay) Kürdəmicin qarlı-şaxtalı qış günlərində kənd barədə məlumatları misqal-misqal toplayaraq ərsəyə gətirib Kürdəmicin salnaməsini.

“Bizim Ayətxan”ın qələmindən çıxan bu əsər həm də iki rayon ərazisində məskunlaş­mış bir kəndin ikiləşən taleyinə güzgü tutur: Şamaxının Kürdəmic kəndi ilə Göyçayın Kürdəmiş kəndində yaşayanlar bir-birinə zəncirvari qohumdurlar. Bu qo­hum­­luq bağları qırılmasa da, zaman əlaqələrə, sözsüz ki, öz təsirini göstərməkdədir. Ancaq mənə elə gəlir ki, Kürdəmic və Kürdəmiş kəndlərinin bağlılığının yaddaş saxlancı olan tarixi faktlarla zəngin “Şamaxının Kürdəmic kəndi” bu bağları qırıl­mağa qoymayacaq

…O illərdə mən gah həkim, gah mühəndis, gah da tarixçi olmaq istəyirdim. Hətta hərbi xidmətdən sonra Azərbaycan Heft-Kimya institutuna da qəbul olmuşdum. Gündüzlər işləyir, axşam­lar oxuyurdum. İşlədiyim müəssisənin “Üfüq” adlı çox­tiraj­lı qəzeti ilə əmək­daşlıq da edirdim. Ancaq sonra tale elə gətir­di ki, ürəyimin səsinin arxasınca getdim – Bakı Dövlət uni­ver­sitetinin jurnalistika fakütəsində təhsil alası oldum. Azərbay­can radiosunun qapılarını üzümə açan, tələbə-jurnalist kimi bu dəfə mənə yol göstərən Ayətxan Ziyatxan oğlu İsgəndərov oldu.

1988-ci ildən başladı bu yolçuluq. Mikrofonla işləməyi, həmsöhbətini danışdırmağı, radio verilişlərini hazırlamaq qayda­larını ondan öyrəndim. Müəllimlərimin öyrətdik­ləri­ni onun sayə­sində praktik mənimsəyə bildim.  

O, təkcə radojurnalisti deyil. güclü müşahidə qabiliyyətinə malik publisist, cəfakeş  qəzetçi, araşdırmaçı, dilimizin qatlarına bələd, əsərlərində məqamında onlardan bəhrələnən yazıçıdır.

Jurnalistikamıza təkcə sözü ilə deyil, qəzet-jurnal redak­siya­larında çalışmaqla qələmi ilə də xidmət göstərib. Mükafat alan yazıları da olub, mili ruhuna görə efir qadağası görən veri­liş­­­ləri də.

Ayətxan Ziyad gözəl ailə başçısıdır, atadır, babadır, “bir nəslin ağsaqqalıdır, sinədəf­təri­dir, canlı salnamədır”, – desəm yanılmaram.

Söz adamı “Bizim Ayətxan”, əlindən qələ­min əksilməsin!

Elton DÜNYAMALI,

Azərbaycan Jurnalistlər birliyinin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir