Sevda Ziyad yazır

REDAKSİYADAN: “Sözün yaddaş arxeologiyası: “Ayətxan Ziyad” imzasının fəlsəfi qatları” mövzusunda araşdırmalarımız davam edir

VIII QAT: İDRAKIN DAXİLİ TƏCRÜBƏ FƏLSƏFƏSİ

TƏFƏKKÜRÜN ÖZ DAXİLİ SIĞINACAĞINA ÇƏKILMƏSI

(Mişel de Monten, Blez Paskal, Søren Kierkegaard, Anri Berq­­son və Ayətxan Ziyadın düşüncə və yaradıcılığı konteks­tində)

İnsanın yaşadığı hər şey sözə çevrilmir. Həyatın içindən keçən saysız hadisələrdən bəziləri zamanla unudulur, bəziləri isə zahirən başa çatsa da, insanın daxilində yaşamaqda davam edir. Onlar yalnız xatırlanan keçmiş kimi qalmır; düşüncəyə qarışır, hisslərə toxunur, zaman-zaman yenidən qayıdır və nəhayət, söz istəyir.

VIII fəlsəfi qatın əsas məsələsi məhz bu görünməyən daxili prosesdir: yaşanmış həyat insanın daxilində necə ikinci bir ömür qazanır, təcrübə necə təfəkkürə çevrilir və həmin təfəkkür zamanın, yaddaşın və daxili yaşantının süzgəcindən keçərək necə sözə gəlir?

Mişel de Montenin şəxsi təcrübəyə, özünü müşahidəyə və insanın öz mühakiməsini həyatın içində sınamasına verdiyi əhəmiyyət, Blez Paskalın insanın öz varlığı və daxili mürəkkəbliyi ilə üzləşməsi haqqında düşüncələri, Søren Kierkegaardın konkret insanın şəxsi yaşantısına və fərdi daxili münasibətinə yönəlməsi, Anri Berqsonun isə keçmişin yaddaş vasitəsilə indiki şüurda davam etməsi barədə mülahizələri bu məsələyə müxtəlif tərəflərdən baxmağa imkan verir.

Bu fəlsəfi istiqamətləri A.Ziyad yaradıcılığına birbaşa təsir və ya nəzəri davamlılıq kimi deyil, insanın yaşanmış həyatı öz daxili təcrübəsindən keçirərək mənalandırması problemini işıqlandıran düşüncə paralelləri kimi nəzərdən keçirmək daha məqsədəuyğundur.

A.Ziyadın yaradıcılıq dünyasına bu baxışdan yanaşdıqda bir həqiqət aydınlaşır: yaşanmış hadisənin əsl ömrü bəzən onun baş verdiyi anda deyil, insanın daxili aləmində başlanır.

Bu daxili proses VIII qat boyunca üç mərhələdə izlənəcək: əvvəlcə həyatın müşahidə və yaşantı vasitəsilə idraka çevrilməsində, sonra insanın həmin yaşantı ilə öz daxilində üz-üzə qalmasında və nəhayət, zaman və yaddaşdan keçən təcrübənin sözün yaddaşına çevrilməsində.

a) HƏYATDAN İDRAKA: mövzunun yaranması

və təfəkkürün yolda formalaşması

A.Ziyadın yaradıcılıq dünyasının mühüm xüsusiyyət­lərin­dən biri budur ki, onun sözündə həyat kənardan seçilmiş mövzu kimi görünmür. Mövzu yaşanmış həyatın içindən gəlir. Müəllifin özünün də dediyi kimi, “mövzunu axtarmaq lazım deyil; mövzu insanın ayağının altındadır, sadəcə onu görmək lazımdır”.

Bu fikir zahirən sadə görünsə də, yaradıcılığın mahiyyəti baxımından dərin məna daşıyır. Həyat hamının ayağının altın­dadır: hamı eyni küçələrdən keçir, insanlarla rastlaşır, ayrılıq görür, ölüm xəbəri eşidir, sevinir, kədərlənir, yol gedir, keç­mişi xatırlayır. Amma hamı gördüyünü eyni şəkildə görmür.

Yaradıcılıq müşahidədən başlanır. Lakin müşahidənin özü hələ söz deyil. Görülən hadisənin sözə çevrilməsi üçün onun insan daxilində iz buraxması lazımdır. Həmin iz düşün­cəyə qarışır, yaddaşda yaşayır və müəyyən bir məqamda yenidən dil açır.

A.Ziyadın yaradıcılıq təcrübəsi bu daxili prosesi aydın göstərir. Yazılarının böyük hissəsinin ilkin quruluşunun yol­lar­da, xüsusilə avtobusla gedərkən formalaşdığını söyləməsi təsa­düfi fakt deyil. Yol boyu gələcək yazının ssenarisi düşün­cəsində qurulur, cümlələr beynində yazılı hala gəlir, evə çatan­da isə onları kağıza köçürmək qalır.

Deməli, yazı heç də həmişə yazı masasının arxasında başlamır. Yazı ən əvvəl insanın içində başlayır.

Yol müəllif üçün insanı yalnız bir məkandan başqa məka­na aparan məsafə deyil. Yol müşahidənin hərəkət halı­dır. İnsan yolda olarkən həyat onun qarşısından axır: tanış və tanımadığı adamlar, ötüb keçən mənzərələr, təsadüfi sözlər, küçələr, dayanacaqlar, yolun öz ritmi şüurda müxtəlif izlər bura­xır. Lakin həmin izlərin hamısı dərhal yazıya çevrilmir.

“Şamaxıya gedəndə, avtobusda yanımda bir qız əyləş­mişdi” şeirində də adi bir yol qarşılaşması məhz bu daxili yaşantının poetik ifadəsinə çevrilir:

Qonşu olduq
ömrümüzün hansı anındasa.
Boy-boya durdu bir istək,
sənin də könlündə,

mənim də.
Mənim ürəyimin gözləri səndə,

səninki məndə…

bir də baxdıq
haçandı yetmişik mənzilbaşına.
Az qaldıq dözə də bilməyək
hisslərimizin savaşına.

Sonra

mən qalxdım ayağa.

Sonra

sən qalxdın ayağa.

Bizimlə bahəm
hisslərimiz də durdu ayağa.

“Sağ ol”u da hisslərimiz

pıçıldadı,

“xudahafis”i də.

Elə
hisslərimizin dodaqları
pıçıldaşa-pıçıldaşa da
                               ayrıldıq.

Hərə öz ünvanına yön aldı.

(Mənnən sənə nə qaldı,
sənnən mənə nə qaldı,

bilmədim).

Yay, 1981-ci il

Bu şeirdə diqqəti çəkən yalnız avtobusda baş vermiş təsadüfi qarşılaşma deyil. Belə qarşılaşmalar həyatın adi axarında hər gün baş verə bilər. Hadisənin poetik əhəmiyyəti onun zahiri başvermə anında yox, insan daxilində yaratdığı davamlılıqda meydana çıxır. Yol başa çatır, insanlar ayrılır, hadisə zahirən tamamlanır. Lakin yaşanan qısa zaman parçası müəllifin daxili aləmində bitmir.

Anri Berqsonun yaddaş və zaman haqqında düşüncələri bu yaradıcılıq halını anlamaq üçün fəlsəfi paralel yaradır. Keçmiş yalnız keçib getmiş hadisələrin arxivdə saxlanması deyil; yaşanmış zaman insanın indiki şüurunda müxtəlif formalarda davam edir. Bir vaxt görülmüş mənzərə, eşidilmiş söz və ya yaşanmış hadisə illər sonra başqa bir məqamda yenidən üzə çıxa bilər. Yazı da bəzən məhz bu gecikmiş qayıdışdan doğur.

A.Ziyadın “Özümü gəzirəm öz keçmişimdə” poetik ifadəsi də bu daxili istiqamətin mənalı işarələrindən biridir. Burada insan keçmişə sadəcə baxmır; özünü həmin keçmişin içində axtarır. Keçmiş arxada qalmış zaman olmaqdan çıxaraq insanın özünü anlamaq üçün yenidən daxil olduğu daxili məkana çevrilir.

Bu hal müəllifin adsız şeirində daha konkret poetik obrazla ifadə olunur:

Bir dəfə
özü də bilmədən,
qəflətən
qələminin ucunu batırdı barmağıma.

Çaşqınlıqdan,
qızılgültək
xəfif bir qızartı çökdü yanağına.

Məncə bunu –
eşqimin ilk “bəxşişini”
saxlamaq istədim ömrüm uzunu…

Böyüdüm,
yaşa doldum.

İz itdi barmağımdan.
İlk eşqim daşa dəydi –
aldı onu əlimdən
zaman.

Ancaq barmağımdakı
qələmin qara izi
getməyir gözlərimdən.

                        (1972-ci il)

Burada hadisənin zahiri və daxili ömrü bir-birindən ayrı­lır. Barmaqdakı fiziki iz zamanla itir, lakin həmin anın yad­daş­­da qazandığı məna yaşayır. Bir vaxt adi görünən hadisə sonrakı həyat təcrübəsi ilə birlikdə dəyişir: qələmin barmağa toxunmasından yaranan kiçik iz ilk eşqin, zamanın və itkinin yaddaşına çevrilir.

Beləliklə, müəllifin sözünün arxasında yalnız yazıldığı günün həyatı dayanmır. Onun dərin qatlarında yaşanmış illər, görülmüş insanlar, eşidilmiş sözlər, keçilmiş yollar və unudul­muş sanılan xatirələr yaşayır. Oxucu son nəticəni – mətni görür; lakin mətnin altında görünməyən böyük bir həyat təcrübəsi dayanır.

A.Ziyadın yaradıcılığında bu daxili təcrübənin başlanğıc nöqtələrindən biri də heyrətdir. Müəllifin “Qara, məxmər gecələrim” kitabının poeziya bölməsinə “Poeziya heyrətdən doğur” kəlmələri ilə başlaması bu baxımdan xüsusi məna daşıyır.

Heyrət burada sadəcə təəccüblənmək deyil. İnsan hər gün gördüyü bir şeyə birdən başqa cür baxır, hamının ötüb keç­diyi yerdə nəyinsə fərqli olduğunu duyur. Məhz həmin duyğu düşüncəni oyadır.

Bu mənada:

müşahidə görür,
heyrət dayandırır,
təfəkkür soruşur,
söz isə cavab axtarır.

A.Ziyadın poeziyasında sualın geniş yer tutması da təsa­düfi deyil. “Bu yol hara gedir belə?”, “Hara qaçım bu dünyanın əlindən?”, “Ömrü yaşamağa nə var?”, “Eh, nə uzun imiş dünyanın işi”, “Eh, nə qəribə olub dünyanın işi” kimi şeir sərlövhələrində hazır cavabdan daha çox, həyat qar­şı­sında düşünən insanın dünyaya ünvanladığı daxili səs eşidilir.

Sual burada sadəcə bilməməyin ifadəsi deyil. Bəzən sual insanın gördüyü həqiqətlə barışa bilməməsidir; bəzən yaşan­mışın daxilində yaratdığı gərginlikdir; bəzən isə cavabdan çox, düşünməyin özünün zərurətə çevrilməsidir.

Søren Kierkegaardın konkret insanın şəxsi yaşantısına və fərdi daxili münasibətinə verdiyi fəlsəfi əhəmiyyətlə A.Zi­ya­dın poetik dünyası arasında yaranan müqayisə imkanı da burada görünür. Həyatda ümumi olan hadisələr vardır: do­ğum, ölüm, ayrılıq, sevgi, qorxu, zaman. Lakin həmin hadi­sə­lərin insan daxilində qazandığı məna təkrarsızdır.

Ölüm hamının bildiyi həqiqətdir. Amma hər ölüm eyni şəkildə yaşanmır.

Anara ithaf olunmuş “Bu, yeganə ölümdü yer üzündə” şeirinin arxasında Rəsul və Nigarın bir-birindən xəbərsiz ölü­mü dayanır. Lakin hadisənin müəllifin poetik düşüncəsinə keç­məsi yalnız bir faciənin xəbərini vermək deyil. Burada baş­qasının taleyi müəllifin daxili yaşantısına çevrilir.

İnsan bəzən öz başına gəlməyən bir ağrını da daxilində yaşadır. Başqasının itkisi kənardan eşidilən hadisə kimi qal­mır; insan həmin talenin qarşısında öz insanlıq duyğusu ilə dayanır və hadisə onun mənəvi yaddaşına daxil olur.

Bu zaman xarici həyatın faktı daxili təcrübəyə çevrilir.

Montenin şəxsi təcrübəyə və insanın yaşadığı hadisəni öz mühakiməsindən keçirərək mənalandırmasına yönələn dü­şün­cə istiqaməti də bu məqamı anlamaq üçün müqayisə im­kanı yaradır. Hadisə insan üçün hazır mənadan ibarət deyil. Yaşanan və ya müşahidə edilən hadisə düşüncədə yenidən quru­lur; həmin ikinci yaşantı isə artıq şəxsi münasibətin və şəxsi təfəkkürün məhsuludur.

A.Ziyadın “İçimin ağrıları çoxalır” poetik ifadəsi xari­ci aləmdən daxili aləmə keçidin başqa bir tərəfini açır. İnsan ağrını yalnız başına gələn hadisədə yaşamır. Yaşadığı, gör­dü­yü və düşündüyü müxtəlif hadisələr zamanla onun daxilində bir-birinə qoşulur, insanın özünün belə asanlıqla ayıra bilmə­diyi mənəvi yükə çevrilir.

Bu mənada daxili ağrı tək bir hadisənin nəticəsi deyil; yaşanmışların yaddaşda bir-birinin üstünə yığılmış izidir.

“İnsan içinin çənə düşən günü də var” ifadəsi də insanın daxili aləminin susmadığı bir vəziyyəti düşündürür. İnsanın dili susa bilər, lakin içi susmaya bilər. Bəzən insan heç kimə demədiyini öz daxilində təkrar-təkrar yaşayır. Dü­şün­cə insanın öz içində özünə danışmağa başlayır.

Bu daxili danışığın fəlsəfi mənası Blez Paskalın insanın öz həqiqəti və məhdudluğu ilə üz-üzə qalmasının doğurduğu daxili gərginliyə yönələn düşüncələri ilə də müəyyən müqa­yisə imkanı yaradır. A.Ziyadın poetik dünyasında insanın öz daxilində davam edən bu gərginlik müxtəlif söz formalarında üzə çıxır.

İnsan bəzən ən böyük izdihamın içində də öz daxili səsi ilə tək qalır. Xarici dünya nə qədər gurultulu olsa da, insanın daxilində yalnız onun özünün eşitdiyi başqa bir danışıq da­vam edir.

“Eh, yiyəsiz-yeliksiz fikirlərim” poetik adı da bu daxili hərəkətin başqa tərəfini göstərir. Fikir həmişə insanın tam idarə etdiyi nizamlı proses olmur. O, insanın içində dolaşır, özünə yer axtarır, bəzən yiyəsiz görünür. Lakin məhz həmin sərbəst daxili hərəkətin içindən bir gün söz doğa bilər.

Bu baxımdan yaradıcılıq yalnız nizamlı düşüncənin nəti­cəsi deyil. Bəzən sözün başlanğıcında insanın özü üçün belə tam aydın olmayan daxili hərəkət dayanır.

A.Ziyadın “Dünyanın rəngləri”ndən “İçimin ağrıları çoxalır”a, oradan “Bu dünya çalın-çarpaşıq” düşüncəsinə doğru poetik istiqamətdə insanın xarici dünya ilə daxili dünya arasındakı münasibəti hiss olunur.

Dünya eyni dünyadır, lakin insan ona həmişə eyni gözlə baxmır. Daxili vəziyyət dəyişdikcə dünyanın rəngləri də dəyi­şir. İnsan gördüyü aləmdən kənarda öz hisslərini qoyub baxa bilmir; yaddaşı, ağrısı, ümidi, qorxusu və keçmişi gördüyü dün­ya­ya qarışır.

Bu baxımdan “Mənim də öz dünyam var” və “Mənim bu dünyadan əmanətim var” kimi şeirlər həyatdan qaçışı deyil, insanın xarici həyatı öz daxilində yenidən yaşamasını göstərir:

– Bir yol gedir, amma həmin yolun insanın içində başqa davamı yaranır;

– Bir adamla qarşılaşır, onun taleyi yaddaşda qalır;

– Bir gecə keçir, lakin sükutu insanın daxilində uzun müddət yaşaya bilir;

– Hadisə başa çatır, amma onun insanın daxilində başlayan ömrü davam edir.

Deməli, yaradıcılıq üçün həyatın fövqəladə hadisəyə çevrilməsi vacib deyil. Əsas olan adi həyatın içində gizlənən qeyri-adiliyi duymaqdır. Bu mənada A.Ziyadın yara­dı­cı­lıq dün­ya­sında mövzu “tapılan” deyil, görülən və insanın daxi­lində yaşanan hadisədir.

Həyat xaricdə baş verir, lakin onun mənası insanın daxilində yaranır.

Beləliklə, VIII qatın birinci daxili mərhələsi müəyyənləşir:

həyat → müşahidə → heyrət → daxili yaşantı → təfəkkür.

Lakin yaşantının təfəkkürə çevrilməsi hələ onun son mərhələsi deyil. İnsan yaşadığını dərhal tam şəkildə məna­lan­dırmır. Bəzən həmin yaşantı ilə yenidən qarşılaşmaq, onunla öz daxilində tək qalmaq, sükutda və tənhalıqda onun mənasını axtarmaq lazım gəlir.

Məhz bu daxili qayıdış VIII qatın növbəti mərhələsinə — tənhalıq və daxili təmərküzə aparır.

b) Tənhalıq və daxili təmərküz:

təfəkkürün özünə qayıdışı

VIII fəlsəfi qatın əvvəlki mərhələsində yaşanmış həyatın insan daxilində buraxdığı izlərin yaddaş və təfəkkür vasitəsilə sözə doğru hərəkəti izlənildi. Lakin yaşanmış hadisənin yad­daşda qalması hələ onun bədii ifadəyə çevrilməsi demək deyil. İnsan yaşadıqlarına yenidən qayıdır, onları öz daxilində təkrar yaşayır və mənası üzərində düşünür. Bu mənada tən­halıq və daxili təmərküz insanın yaşantı ilə yenidən qar­şı­laşdığı mühüm daxili məkan kimi meydana çıxır.

A.Ziyadın bədii dünyasında tənhalıq dünyadan uzaq­laş­maq deyil, insanın öz daxilində yaşayan hisslər, xatirələr və suallarla qarşılaşmasıdır. Gündəlik həyatın səs-küyündə arxa plana keçən yaşantılar daxili sakitlikdə yenidən üzə çıxır. İnsan diqqətini hadisənin özündən onun daxilində buraxdığı izə yönəldir. Beləliklə, yaşanmış həyat keçmişdə qalmış fakt kimi deyil, insanın daxilində davam edən təcrübə kimi yeni­dən düşünülür.

Bu daxili qayıdış A.Ziyadın poetik mətnlərində insanın öz ürəyi ilə apardığı söhbətdə də ifadəsini tapır. Ürək burada yalnız hissin simvolu deyil, insanın öz daxili aləmi ilə qarşı­laşdığı həmsöhbətə çevrilir. İnsan başqasına demədiyini ürə­yinə deyir, yaşadıqlarına yenidən qayıdır, özünə suallar verir. Düşüncə də məhz bu daxili dialoqun içində formalaşır.

“Sözün yaddaş arxeologiyası” baxımından burada mü­hüm olan yalnız hadisənin baş verməsi deyil, insanın həmin hadisədən sonra onunla keçirdiyi daxili yoldur. İnsan eyni yaşantıya müxtəlif zamanlarda qayıtdıqca onun yeni tərəfləri açılır, mənası dərinləşir. Söz də bu mənada yalnız yaşanmışın izi deyil, yaşanmışın insan daxilində keçdiyi yolun ifadəsinə çevrilir.

Bu proses “Yastığı qolu gəldikcə tolazdadı” hekayə­sində Zemfiranın yaşantısı əsasında daha aydın görünür. Aydının xatirəsi qadının yaddaşında keçmişə aid məlumat kimi deyil, bir anlıq canlı duyğu kimi yenidən canlanır. Aydının qoxusunu özündə saxlayan yastığı qucaqlaması fiziki olaraq yox olan insana deyil, ondan qalan hissi izə yaxın­laşmaq cəhdidir. Yaddaş burada yalnız xatırlamır, keçmişi insanın duyğularında yenidən yaşadır.

Lakin hekayədə əsas məqam keçmişin yenidən canlan­ması ilə bitmir. Zemfiranın yaşadığı gecənin ona nə demək istədiyini düşünməsi yaşantının daxili təfəkkür predmetinə çevrildiyini göstərir. Onun yastığı divara çırpması da əşyaya qarşı yönəlmiş sadə hərəkət deyil, yaddaşın oyatdığı daxili gərginlikdən qurtulmaq cəhdidir. Beləliklə, əsas hadisə zahirdə baş verənlərdə deyil, qəhrəmanın yaddaşın oyatdığı hisslə gerçəkliyin yaratdığı boşluq arasında keçirdiyi daxili qarşılaşmada baş verir.

“Kişilər ağlamaz, ağlayanda da…” hekayəsində isə daxili yaşantı başqa şəkildə — sükut vasitəsilə açılır. Qəhrə­manın “ürəyimin düşündüklərini deməyə gücüm çatmadı” fikri yaşanan hisslə onun sözə çevrilməsi arasındakı məsafəni göstərir. Burada sükut hissin yoxluğu deyil, əksinə, insanın yaşadığı sarsıntının sözlə tam ifadə edilə bilməməsidir.

Beləliklə, hər iki hekayədə zahiri hadisə insanın daxilində baş verən daha dərin prosesə yol açır. Birinci hekayədə yaddaşın oyatdığı keçmiş, ikinci hekayədə isə ağır həyat həqiqəti insanı öz daxili aləmi ilə üz-üzə qoyur. Poe­zi­ya­da bu qarşılaşma birbaşa daxili dialoq şəklində, nəsrdə isə obrazın davranışında, hisslərində və sükutunda ifadə olunur.

Nəticə etibarilə, tənhalıq A.Ziyadın bədii dünyasında təcrid və boşluq deyil, daxili həyatın fəallaşdığı məkandır. Daxili təmərküz isə insanın yaşantıdan uzaqlaşması deyil, həmin yaşantıya yenidən qayıdaraq onun mənasını dərk etmə­si­dir. Bu daxili qayıdış yaşanmış həyat təcrübəsini yaddaşda yenidən fəallaşdırır və onu sözə doğru aparan mənalandırma prosesinə çevirir.

c) zaman, yaddaş, söz:

Yaddaşın söz qatında

Daxili təmərküz insanı yaşanmış həyatla yenidən qarşı­laşdırdıqdan sonra həmin təcrübənin sözə çevrilməsində za­man və yaddaş mühüm rol oynayır. “Ayətxan Ziyad” imza­sının fəlsəfi qatlarında zaman yaşanmış həyatla onun yad­daşda qalan izi arasında məsafə yaradır. Lakin bu məsafə keç­mişi yalnız uzaqlaşdırmır, ona yenidən baxmaq və onu başqa mənada dərk etmək imkanı da yaradır. “Özümü gəzirəm öz keçmişimdə” ifadəsi bu daxili qayıdışın mahiyyətini açır: insan keçmişinə dönərkən əslində öz yaddaşının içində özünü axtarır.

Yaddaş passiv şəkildə keçmişi qoruyan arxiv deyil. Zaman keçdikcə yaşanmış hadisələrə münasibət dəyişir, bəzi məqamlar arxa plana keçir, digərləri isə yeni məna qazanır. Buna görə də, yaddaş yaşananı olduğu kimi saxlamaqdan çox, onu insanın sonrakı düşüncəsindən keçirərək yenidən məna­lan­dırır.

Bu prosesdə söz yaddaşdan ayrı bir mərhələ kimi çıxış etmir. Yaşanmış həyat zamanın keçməsi ilə daxili təcrübəyə çevrilir, yaddaş həmin təcrübəni qoruyur və yenidən fəal­laş­dırır, söz isə onun bədii ifadə formasını tapır. Bu baxımdan A.Ziyad yaradıcılığında söz həm yaşanmış həyatın izi, həm də yaddaşın həmin iz üzərində yaratdığı mənadır.

Keçmişə qayıdış insanı özünümühakiməyə də aparır. İnsan yalnız hadisələri xatırlamır, həmin hadisələrdəki öz möv­qeyini, münasibətini və keçdiyi daxili yolu da yenidən nəzərdən keçirir. Zaman yaşantı ilə insan arasında məsafə yaradır, yaddaş həmin yaşantını yenidən üzə çıxarır, söz isə bu qarşılaşmadan doğan mənanı bədii formada qoruyur.

Beləliklə, “Ayətxan Ziyad” imzasında zaman, yaddaş və söz bir-birindən ayrılmış anlayışlar deyil, eyni daxili prosesin ardıcıl mərhələləridir. Yaşanan həyat yaddaşda iz buraxır, yaddaş həmin izi zamanın və sonrakı düşüncənin içindən keçirərək yenidən mənalandırır, söz isə onu fərdi yaşantıdan çıxarıb bədii yaddaşın davamlı hissəsinə çevirir.

VIII fəlsəfi qatın bu mərhələsində əsas nəticə də məhz burada müəyyənləşir: insan yaşadıqlarına öz daxilində yeni­dən qayıdır, tənhalıq və daxili təmərküz həmin qarşı­laşmanı düşüncəyə çevirir, zaman və yaddaş isə bu düşü­nülmüş yaşantını sözün dərin qatına gətirir.

“Sözün yaddaş arxeologiyası” həmin qatlara endikdə yalnız baş vermiş hadisənin izini deyil, insanın həmin hadisə ilə apardığı görünməyən daxili söhbəti də üzə çıxarır. Çünki bədii sözün yaddaşında qorunan təkcə yaşanmış həyat deyil, insanın o həyatı sonradan necə xatırladığı, düşündüyü və mənalandırdığıdır.

Ayətxan Ziyadın yaradıcılığında sözün fəlsəfi dərinliyi də məhz bu keçiddə – həyatın hadisəsindən insanın daxili təcrübəsinə, daxili təcrübədən isə yaddaşda yaşayan bədii sözə çevrilməsində üzə çıxır. 


Sevda Ziyad (İsgəndərova)
,

araşdırmaçı

AYƏTXAN ZİYADIN YAZILARI

YAZI DİGƏR MƏNBƏLƏRDƏ

Sevda Ziyadın digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir