Vüsal Ağa yazır

HƏYATIN ACILARINDAN MƏNƏVİ UCALIĞA: “ŞANS MƏLƏYİ” ROMANI HAQQINDA DÜŞÜNCƏLƏRİM

Həyatda elə insanlar var ki, illər keçdikcə onların dəyəri daha aydın görünür, onlarla qurulan dostluq isə insan ömrünün mənəvi sərvətinə çevrilir. Mənim İbrahim Baba Nurla dostluğum da belə dostluqlardandır. Onu uzun illərdir tanıyıram və bu müddət ərzində yalnız yazıçı, dramaturq və qələm sahibi kimi deyil, hər şeydən əvvəl, gözəl insan, səmimi dost və etibarlı şəxsiyyət kimi tanımışam.

İbrahim Baba Nur ünsiyyətdə mehribanlığı, münasibətlərində səmimiliyi, dostluğa sədaqəti ilə seçilən insanlardandır. Onunla söhbətlərdə ədəbiyyatdan, həyatdan, insanlardan və cəmiyyətin qayğılarından danışmaq həmişə xoşdur. Qarşısındakı insana dəyər verməsi, münasibətlərindəki təbiilik və dostluğa xüsusi önəm verməsi onun xarakterinin mühüm cəhətlərindəndir.

Dostumun şəxsiyyətində xüsusi qiymətləndirdiyim xüsusiyyətlərdən biri də Vətənə bağlılığıdır. Onun üçün Vətən yalnız doğulub boya-başa çatdığımız torpaq deyil, xalqın taleyi, milli-mənəvi dəyərlərimiz və insanlarımızın gələcəyi ilə bağlı böyük bir anlayışdır. Məncə, Vətən sevgisi yalnız sözlərlə deyil, insanın düşüncəsində, münasibətində və gördüyü işlərdə təzahür edir. İbrahim Baba Nurun yaradıcılığında cəmiyyətin problemlərinə, insan talelərinə, ədalət axtarışına və mənəvi dəyərlərə diqqət yetirməsi də bu baxımdan düşündürücüdür.

Mən həmişə belə hesab etmişəm ki, yazıçının əsərlərini daha dərindən anlamaq üçün onun həyata və insana münasibətinə də diqqət yetirmək lazımdır. Əlbəttə, müəlliflə bədii obrazı eyniləşdirmək olmaz. Ancaq yazıçının hansı məsələlərə həssaslıqla yanaşması, hansı dəyərləri ön plana çıxarması onun dünyagörüşü haqqında müəyyən təsəvvür yaradır.

Dostum İbrahim Baba Nurun yeni nəşr olunan “Şans mələyi” romanının birinci kitabını oxuyub nəhayət, bitirdim. Kitabı bağlayanda anladım ki, bu əsər haqqında düşüncələrimi bölüşməyə dəyər. Çünki roman yalnız hadisələrin maraqlı inkişafı ilə deyil, insanın həyatda üzləşdiyi sınaqlar, ləyaqətini qorumaq mübarizəsi və dostluğun sirli tərəfləri ilə də diqqətimi çəkdi.

İndi isə uzunillik dostluq duyğularından ədəbi təəssüratlara keçərək “Şans mələyi” haqqında fikirlərimi oxucularla bölüşmək istəyirəm.

Müasir Azərbaycan nəsrində insan psixologiyasını, cəmiyyətin sosial-iqtisadi problemlərini və fərdin daxili sarsıntılarını bir araya gətirən əsərlər xüsusi maraq doğurur. İbrahim Baba Nurun “Şans mələyi” romanı da oxucunu ilk səhifələrindən özünə çəkən, həyatın ziddiyyətləri və insan taleyinin gözlənilməz dönüşləri haqqında düşünməyə vadar edən əsərlərdəndir. Müəllifin “168 saat” pyesindən sonra qələmə aldığı bu kitabda dramaturji təfəkkürün hadisələrin dinamikliyinə və dialoqların canlılığına təsiri hiss olunur.

Romanın mərkəzində dayanan Səməd obrazının taleyi həyatın insanı necə ağır sınaqlarla üz-üzə qoya biləcəyini göstərir. Bir zamanlar ali təhsilli, savadlı fizika-riyaziyyat müəllimi olan bir insanın səfillik həddinə düşməsi oxucunu ciddi düşüncələrə qərq edir. Bu faciə təkcə fərdi uğursuzluğun deyil, həm də insanı öz taleyi qarşısında köməksiz qoya bilən sosial şəraitin göstəricisidir.

Əsərin ən təsirli cəhətlərindən biri Səmədin ən acınacaqlı vəziyyətdə belə qürurunu və ziyalı ləyaqətini qorumasıdır. Zibil qutusunun yanında polisin onun qolundan tutmasına etiraz edərək:

“Burax qolumu! Burax! Mən sənin kimi dilənçi deyiləm!”

— deyə hayqırması onun zahiri miskinliyinin arxasında hələ də güclü bir mənliyin yaşadığını göstərir.

Səmədin üst-başı cırıq-sökük olsa da, daxili dünyası tamamilə dağılmayıb. O, yaşadığı faciələrin onu alçaltmasına imkan vermir. Səmra xanımla söhbətlərində də keçmişini hər kəsə açıb-tökmür, şəxsi həyatının sərhədlərini qoruyur.

Məncə, Səməd obrazının əsas mənəvi üstünlüyü məhz bundadır: maddi yoxsulluq insanın mənəvi yoxsulluğu demək deyil. Həyat insandan çox şey ala bilər, amma insan öz ləyaqətini qorumaq iradəsini itirmədikcə daxilindəki işıq sönməz.

Səmədin reabilitasiya prosesi, yaddaşının tədricən bərpası və yenidən həyata qayıtması romanın mühüm süjet xətlərindəndir. Bu mərhələdə uşaqlıq və tələbəlik dostu Arifin meydana çıxması hadisələrə yeni istiqamət verir.

Arifin Səmədi düşdüyü ağır vəziyyətdən çıxarması, ona mənzil və yaşayış şəraiti yaratması ilk baxışdan fədakar dostluğun nümunəsidir. Lakin onların arasında keçmişdən gələn bir soyuqluq, xüsusilə Ceyranla bağlı açılmamış məsələ var. Arifin qayğıkeş davranışları ilə bu müəmmalı münasibət arasındakı ziddiyyət oxucuda maraq yaradır.

Müəllif dostluğu yalnız sədaqət və qarşılıqlı etimad çərçivəsində təqdim etmir. O, keçmiş incikliklərin, unudulmayan xatirələrin və cavabsız sualların insan münasibətlərinə necə təsir etdiyini də göstərir.

Səmədin yaddaşının bərpası ilə keçmişin qapıları da tədricən açılır. Ceyranla bağlı xatirələr onun daxilindəki nisgili üzə çıxarır, Arifin davranışları isə bu hekayənin hələ tamamlanmadığını hiss etdirir. Oxucu anlayır ki, dostluğun arxasında gizlənən həqiqətlər romanın sonrakı inkişafında mühüm rol oynayacaq.

Səmədin analitik düşüncəsi və fizika-riyaziyyat təfəkkürü onun yenidən ayağa qalxmasında əsas rol oynayır. O, aldığı pulları diqqətlə hesablayır, xərclərinə nəzarət edir, tikinti sahəsində iş prosesini təhlil edir və problemlərin həllinə sistemli yanaşır. Nəticədə sıravi fəhlədən koordinatora, daha sonra baş koordinator vəzifəsinə qədər yüksəlir.

Bu yüksəliş müəllif tərəfindən təsadüfi uğur kimi deyil, bilik, zəhmət, müşahidə qabiliyyəti və məsuliyyətin nəticəsi kimi təqdim olunur. Səmədin timsalında insanın ağır sınaqlardan sonra da öz potensialını üzə çıxara biləcəyini görürük. Bunun üçün ona imkan verilməsi vacibdir, lakin həmin imkandan yararlanmaq üçün şəxsi iradə və bacarıq da tələb olunur.

Romanın sosial məzmununu gücləndirən digər istiqamət iş həyatında qarşıya çıxan problemlərdir. Rəsmi maaş və əlavə ödəniş sistemləri, vergidən yayınma halları, müəllimlərin maddi çətinliklər üzündən peşələrindən uzaqlaşması kimi məsələlər əsərdə cəmiyyətin real problemləri kontekstində təqdim edilir.

Nadejda İvanovna və Səmədin taleləri oxucunu düşündürür: savadlı və bacarıqlı insanların öz peşələri ilə layiqli yaşayışlarını təmin edə bilməməsi yalnız şəxsi problem sayıla bilərmi? Cəmiyyət öz ziyalılarının bilik və bacarığından lazımi səviyyədə yararlana bilmirsə, burada hansı sosial çatışmazlıqlar mövcuddur?

Tender uğrunda mübarizə isə əsərin ictimai-tənqidi xəttini daha da gücləndirir. Xəlilin güclü əlaqələrə malik şirkətlər qarşısında ruhdan düşməsinə baxmayaraq, Səmədin tenderdə iştirak etməkdə israr etməsi onun ədalətə inamını və prinsipiallığını göstərir.

Tender komissiyasının sədri ilə Səməd arasında baş verən dialoq romanın ən yaddaqalan səhnələrindəndir. Sədrin etirafı mövcud sistemin acı həqiqətini üzə çıxarır:

“Bizi o vəzifələrə Ədalət seçməyib, Səməd müəllim. Əgər Ədalət seçsəydi, heç şübhəsiz, Ədalətin yanında olardıq… Güclər dəyişib, Səməd müəllim. Dünən yanında olduğumuz gücü bu gün daha güclüsü əvəz edib. Və həmin güc sahibi bu gün sizin tərəfinizdədir…”

Bu sözlərdə ədalətin deyil, gücün meyar götürüldüyü bir mühitin mənzərəsi əks olunur. Prinsiplərin şəraitə uyğun dəyişdirilməsi, qərarların haqqla deyil, nüfuzla ölçülməsi cəmiyyətin mənəvi problemlərindən biridir.

Səmədin belə bir mühitdə susmaması, öz mövqeyini müdafiə etməsi onu yalnız bacarıqlı mütəxəssis deyil, həm də vicdanlı və prinsipial insan kimi səciyyələndirir.

Tenderin nəticəsində isə hadisələrə gözlənilməz bir qüvvə müdaxilə edir. Güclü əlaqələri olan rəqib şirkətə qalib gəlmək imkanı verilmədikdə Səməd yenidən Arifin sirli nüfuzunu xatırlayır və dodaqaltı pıçıldayır:

“Yenə də Şans Mələyi…”

Bu ifadə romanın adına yeni məna qazandırır. Şans burada yalnız təsadüf deyil, insanın ən çətin anında qarşısına çıxan fürsət, görünməyən dəstək və taleyin gözlənilməz dönüşü kimi də anlaşılır.

Romanın son fəsillərində Səmədin mənəvi portretini tamamlayan ən mühüm hadisələrdən biri onun polis rəisinə baş çəkməsidir. Artıq maddi imkanları yaxşılaşan Səməd keçmişdə ona göstərilən yardımı unutmur. O, mənzilin açarlarını və 2500 manatlıq zərfi rəisə qaytarmağa gəlir.

Səmədin sözləri onun mənəvi dünyasını açıq şəkildə ifadə edir:

“Bir vaxtlar bu zərfi Siz mənə vermişdiniz… Həmin vaxtlar mən doğrudan da çarəsiz bir durumdaydım. Arif və Siz məni yenidən həyata qaytardınız… İndi əlimdə olan imkanlarla mənə etdiklərinizin mənəvi tərəfini qaytara bilməsəm də, maddi tərəfinin bir hissəsini qaytarmaq iqtidarındayam. Lütfən, pulu və mənzilin açarlarını geri götürün.”

Bu səhnə mənim üçün əsərin ən mənalı məqamlarından biridir. İnsan çətin vəziyyətdə ona kömək edənləri unutmamalı, ayağa qalxdıqdan sonra da minnətdarlıq hissini qorumalıdır. Səməd ona edilən yaxşılığı özünə əbədi imtiyaz saymır. Əksinə, imkanları artdıqca keçmişini xatırlayır və borcunun heç olmasa maddi tərəfini qaytarmağa çalışır.

Onun mənəvi borcu pulla tam ödəməyin mümkün olmadığını etiraf etməsi isə səhnəyə xüsusi təsir gücü verir. Çünki çarəsiz insanın əlindən tutmaq, ona yenidən yaşamaq ümidi vermək heç bir məbləğlə tam ölçülə bilməz.

Səməd mənzildən çıxarkən cansız divarlara belə doğmalıq duyur və vaxt tapanda yenidən baş çəkəcəyini düşünür. Bu incə detal onun həssas qəlbini, xatirələrə bağlılığını göstərir. Səməd yalnız məntiqlə düşünən, işində uğur qazanan insan deyil; yaşadığı məkanlarda belə öz keçmişinin izlərini qoruyan duyğulu bir şəxsiyyətdir.

Romanın birinci kitabının finalı oxucunu gözlənilməz hadisə ilə qarşılaşdırır.

Səməd böyük həyəcanla Arifin gəlişini gözləyir. İllərdir qəlbində yaşatdığı Ceyran nisgili onu keçmişə qaytarır. Arif maşından enib arxa qapını açanda Səməd elə zənn edir ki, qarşısına uşaqlıq sevgisi çıxacaq. Həyəcanından gözlərini yumur və xəyalında Ceyranı canlandırır.

Bu zaman Səmranın səsi eşidilir:

“Ooo, Səməd müəllim, xoş gördük… Aç, aç gözlərini, biz gəldik!”

Səməd gözlərini açanda Arifi və onun qolundan tutduğu Səmra xanımı görür!

Müəllif məhz bu səhnədə oxucunu cavabsız suallarla baş-başa qoyur. Səmra ilə Arif arasında hansı münasibət var? Onlar həyat yoldaşıdırlar, yoxsa aralarında başqa bir bağ mövcuddur? Səmra Səmədin həyatına təsadüfən daxil olub, yoxsa Arifin planında xüsusi rolu var? Bəs illərdir xatirələrdə yaşayan Ceyran haradadır?

Bu sualların cavabı birinci kitabda açılmır. Müəllif isə əsəri elə bir nöqtədə yekunlaşdırır ki, oxucu hadisələrin davamını öyrənmək üçün ikinci kitabı səbirsizliklə gözləyir.

Məncə, finalın uğuru yalnız gözlənilməzliyində deyil. Bu səhnə Səmədin keçmişini, Arifin sirli davranışlarını, Səmranın ona olan marağını və Ceyranla bağlı yarımçıq qalmış hekayəni bir nöqtədə birləşdirir. Beləliklə, romanın əvvəlindən bəri inkişaf edən süjet xətləri yeni mərhələyə qədəm qoyur.

Etiraf edim ki, mən də kitabı bitirdikdən sonra bu suallar haqqında düşündüm. Arifin gizlətdiyi həqiqətlərin nədən ibarət olduğunu, Ceyranın taleyinin necə davam edəcəyini və Səmədin qarşısında hansı yeni sınaqların dayanacağını öyrənmək istəyirəm.

İbrahim Baba Nurun “Şans mələyi” romanının birinci kitabı haqqında əsas qənaətim budur ki, əsərin mərkəzində yalnız ağır həyat sınaqlarından çıxaraq yenidən yüksələn bir insanın taleyi dayanmır. Burada insan ləyaqəti, dostluğa sədaqət, keçmişin ağrıları, sosial ədalətsizlik və mənəvi borc kimi mühüm məsələlər də öz əksini tapır.

Səmədin taleyi göstərir ki, insanın həqiqi gücü yalnız maddi imkanları ilə ölçülmür. Bilik, iradə, vicdan və mənəvi bütövlük onun həyatını yenidən qurmasında mühüm rol oynayır. Əsərin əsas ideyalarından biri də budur: həyat insanı nə qədər ağır sınaqlara çəksə də, insan öz mənliyini və ləyaqətini qorumağı bacarmalıdır.

Romanın rəvan dili, canlı dialoqları, dinamik süjeti və sirli finalı oxucunun diqqətini saxlayır. Xüsusilə birinci kitabın sonunda yaranan suallar əsərin davamına marağı artırır.

Əziz dostum İbrahim Baba Nur!

Sizi “Şans mələyi” romanınızın nəşri münasibətilə ürəkdən təbrik edirəm. Uzun illərin dostu kimi Sizin səmimiyyətinizə, mehribanlığınıza, dostluğa sədaqətinizə və Vətənə bağlılığınıza həmişə dəyər vermişəm. Bu gün isə oxucu kimi yeni əsərinizdən aldığım təəssüratları bölüşməkdən məmnunluq duyuram.

Arzu edirəm ki, yaradıcılıq yolunuz daim uğurlu olsun, qələminiz yeni-yeni əsərlərə imza atsın, kitablarınız geniş oxucu auditoriyasına çatsın. Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və bol oxucu sevgisi arzulayıram.

“Şans mələyi”nin ikinci kitabını da səbirsizliklə gözləyirəm. İnanıram ki, Səmədin taleyinin davamı və açılmamış sirlərin cavabları oxucular üçün yeni ədəbi təəssüratlar yaradacaq.

Bəzən insanın həyatını bir şans dəyişir, bəzən bir dostun uzatdığı əl, bəzən də ən qaranlıq günlərdə sönməyən daxili işığı. Əsl böyüklük isə bütün sınaqlardan keçərkən insanlığını, ləyaqətini və vicdanını qoruyub saxlamaqdır.

Mənim üçün “Şans mələyi” romanının əsas mənəvi mesajı məhz budur.

Hörmətlə: Vüsal Ağa
Şair, publisist

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I