Mehman Həsənlinin “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

Mehman Həsənlinin “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənlinin “Türk dünyasında roman” monoqrafiyası nəşr olunub.

Monoqrafiyada Türk dünyasında roman janrının meydana çıxması, təşəkkülü və inkişaf mərhələləri 23 türk ədəbi-mədəni arealı üzrə üzrə 100-ə yaxın roman nümunəsi əsasında araşdırılıb.
Tədqiqatda Azərbaycan, Türkiyə, Türkmənistan, Qaqauz, Axıska, İraq və Suriyada yaşayan türkmanlar, Şimali Kipr, Balkan türkləri (Bolqarıstan, Şimali Makedoniya və Kosovo), Özbəkistan, Uyğur, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan, Qumuq, Qaraçay-Malkar, Krım, Çuvaş, Saxa və Tuva ədəbi mühitlərində roman yaradıcılığının formalaşması və inkişaf xüsusiyyətləri təhlil edilib.
Beş fəsildən ibarət tədqiqatda Türk dünyasının roman ənənəsi Oğuz, Karluk, Qıpçaq, Çuvaş və Sibir türklərinin ədəbi irsi kontekstində sistemləşdirilib. Müəllif ayrı-ayrı türk xalqlarının roman yaradıcılığını tarixi-tipoloji yanaşma əsasında araşdıraraq janrın milli ədəbiyyatlarda formalaşma yollarını və özünəməxsus inkişaf istiqamətlərini müəyyənləşdirib.
Monoqrafiyanın Oğuz türklərinin roman ənənəsinə həsr olunmuş fəslində Azərbaycan romanının yaranması və inkişaf mərhələləri, Türkiyə romanında narrativ strukturun təşəkkülü, Türkmən romanında sosial motivlər və tarixi qəhrəman problemi araşdırılıb. Bununla yanaşı, Qaqauz romanında etnogenez, Axıska türklərinin romanında sürgün mövzusu, İraq və Suriya türkmanlarının roman yaradıcılığında milli kimlik, Şimali Kipr və Balkan türklərinin romanlarında tarixi proseslərin bədii inikası təhlilə cəlb edilib.
Karluk türklərinin roman ənənəsinə həsr olunan fəsildə özbək romançılığında milli ideya və tarixilik, uyğur romanlarında tarixi xronika və milli təfəkkür məsələləri nəzərdən keçirilib. Qıpçaq türklərinin roman yaradıcılığı isə mifoloji təmayüllər, üslubi transformasiyalar, repressiya, milli özünüdərk, tarixi-sosial problemlər və estetik axtarışlar baxımından araşdırılıb. Fəsildə Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan, Qumuq, Qaraçay-Malkar və Krım türklərinin roman ənənələri təhlil edilib.
Tədqiqatın son fəslində Çuvaş və Sibir türklərinin roman yaradıcılığına diqqət yetirilib. Aleksandr Artemyevin “Salambi”, Nikolay Yakutskayın “Cüzzam və eşq” və Kızıl Enik Kudajının “Tənha bucaq” romanları əsasında bu ədəbi mühitlərdə etnomədəni kontekst, yazılı ədəbiyyatın təşəkkülü, məhəbbət mövzusunun ontoloji semantikası və Tuva nəsrinin ümumtürk ədəbi məkanındakı yeri araşdırılıb.
Monoqrafiya Türk dünyasının müxtəlif ədəbi mühitlərində roman janrının təşəkkülü və inkişafını vahid tədqiqat çərçivəsində araşdıran, milli roman ənənələrinin tarixi-tipoloji xüsusiyyətlərini sistemli şəkildə təhlil edən elmi əsərdir. Tədqiqat Türk xalqları ədəbiyyatının tarixi, roman nəzəriyyəsi və müqayisəli ədəbiyyatşünaslıq sahələrində aparılan araşdırmalar üçün elmi mənbə kimi əhəmiyyət daşıyır.

“Yazarlar” olaraq, Mehman Həsənlini əbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]