Adilə Nəzər – AĞRI DAĞI

AĞRI DAĞI

Gələm ətəyində səcdəyə duram,
Başının qarından ilham aldığım.
Səndən əsən külək ruhumu oxşar,
Şəfa qaynağımsan, ey Ağrı dağım.

Çiçək ətirlidir qanlı torpağın,
Söz tapmam axtarsam özəlliyinə,
Zirvənə yenidən qonan bayrağım,
Gözəllik qatıbdır gözəlliyinə.

Mən səndən ayrılmam, ey dağlar şahı,
Dırnağı ayırmaq olmaz ki, ətdən.
Əlavə söhbətə nə gərək, axı,
Sən mənim olmusan elə xilqətdən.

Parat, Ərgör qalxdı zirvənə, Ağrı,
Səni dost görməyən deyildir sənin.
Qoy görüb yarılsın düşmənin bağrı,
Sonuncu səyyahın Adildir sənin.

Səndə qərar tutdu Nuhun gəmisi,
Özün mübarəksən, adın mübarək!
Ulduzun, Günəşin, Ayın zəmisi,
Yerlərə dayaqsan, göylərə dirək.

Nələr yaşayıbsan, nələr aşıbsan,
Qoynunda bülbültək ötmək istərəm.
Taclanıb buludla qoşalaşıbsan,
Şahım, ətəyindən öpmək istərəm.

12.07.2024

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir