AYAZ İMRANOĞLU HƏFTƏSİ

AYAZ İMRANOĞLU HƏFTƏSİ

İKİ QOCA

(hekayə)

Yay çox isti keçirdi. Qızmar günəşdən, bürkülü havadan qorunmağa özümə yer gəzirdim. Ağac kölgəsi də daha kara gəlmirdi. Evdəki kondisaner gecə-gündüz işləsə də otaqlara isti külək püləməkdən başqa bir şeyə yaramırdı.
Dəniz qırağına yollanıb qırçınlı dalğaların yaratdığı sərin mehdən sərinlik tapa, ya da ki, dağ rayonlarının birinə gedib orada rahatlıq tapa-dincələ bilərdim. Axı hər il belə vaxtlarda işdən məzuniyyətə çıxar, xarici ölkələrin birində istirahət edərdim. İndi isə maddi vəziyyətim buna imkan vermədi. Ölkəmizdə istirahət ediləsi yerlər çox olsa da, hələ ki, qiymətlər at oynatdığından insanlarının çoxu bu isti havadan hərə bir yana “qaçırdı”. Ən yaxın xarici ölkə Gürcüstanı seçənlər də deyir ki, ordakı qiymətlər bizimkindən dəfələrlə ucuzdur. Xülasə, bu isti şəhərdən adamlar var ki, rayonlarına gedirlər, kimisi də… Mənimsə doğma yurd yerim erməni işğalında olduğundan o cənnət yurd yerinə neçə illərdi tamarzıyam.

Beləcə, həyətdəki oturacaqda oturub tək-tənha bu cür fikirlərlə başımı qatırdım ki, kənardan dilxorçuluğumu görən, uzun illərin qonşusu, dostum Uğur yaxınlaşdı.
-Sabah rayona, bacı oğlumun toyuna gedəcəm. Bəlkə sən də bizimlə gedəsən? Canını bir-iki günlüyə bu istilərdən qurtarasan?

Bilirdim ki, Uğurgil aran rayonların birindən olsalar da, bacısı dağ rayonuna ərə gedib. İndi o bacısı oğlunun toyu olacaq. Bu mənim üçün göydəndüşmə oldu. Axı Uğurla birgə bacısıgildə bir kərə olmuşam.

Dağ kəndinin adamları toylarını muğamsız, aşıqsız keçirməzlər. İndi də elədir. Uğur dedi ki, Bakıdan xanəndə dəvət olunub, aşıq da Borçalıdan gələsidi. Bu lap ürəyimcə oldu. Üstəgəl mağar toyu. Mağar toyları ilə bağlı uşaqlıq illərimin şirin xatirələri hələ də yaddaşımda ilişib qalır. Biz tərəflərdə toy üç gün, üç gecə olardı. Belə toylarda oğlanlar özlərinə istəkli qızlar seçərdilər. Qızlar toya ən gözəl paltarlarını geyinib gələrdilər. Mağar toyları demək olar ki, sevgililərin görüş yeri olardı… Uşaq olanda mağarda yer tapmayanda çadırın cırılmış yerlərindən toya tamaşa edərdik.

Kəndə gəlib çatanda səhər gözünü yenicə açmışdı. Kəndin səhərçağı bir başqa aləmdi. Adamlar mürgülü gözlərini ovuşdura-ovuşdura mal-qarasın, qoyun-quzusun qabağına qatıb örüşə aparır və ya nobata qoşurlar. Mal-heyvanın mələşməsi, itlərin hürüşməsi bir-birinə qarışmışdı. Boxçasını götürən iş-güc adamları fermaya, tarlaya tələsirdilər.

Bərli-bəzəkli, yaşıllıqlar ahətəsində olan bu kəndi uca, şiş qayalı dağlar üzük qaşı kimi bürüyüb. Kəndin dərə adlanan yerindən çay axırdı ki, buna “dərə çay” deyirlər. Dupduru bu dağ çayı elə gözəl şırhaşır axır ki, sanırsan gecə-gündüz kəndin laylasını çalandı, musiqisini bəstələyəndi. Əbəs yerə deməyiblər ki, təbiət ən gözəl rəssam, şair, heykəltaraş, bəstəkardır.

Toy sahibinin evi də çaydan bir az aralıdakı təpə döşündədir. Böyük bir mağar qurulub. Süfrəyə müxtəlif təamlar düzülüb. Məslisi Borçalıdan gələn ustad aşıq ustadnamə ilə açdı. Ardınca da Bakıdan gələn üçlük – tar, kamançanın müşahiyəti ilə xanəndənin seygahı əvəz etdi.
Hamı yeyib-içir, toy sahibinin, səbəbkarların şəninə badələr cingildəyirdi. Masabəyinin tərif dolu şeirləri, sağlıqları məclisi rövnəqləndirirdi.
-Həzarət, onu da deyim ki, yemək-içmək başa çatandan sonra meydan cavanların ixtiyarına veriləcək. Şamaxıdan gələn Rəhman Rasimoğlunun zurnaçılar dəstəsi gecə keçənə kimi gənclərimizin zövqlərini oxşayacaqlar.
Oturduğumuz stol mağarın sağ tərəfində, özü də girəcəyində olduğundan bayaqdan gözüm mağarın çölündə sınıq-salxaq stolda oturmuş qocaya tez-tez sataşırdı. Köhnə, nimdaş paltarda olan bu qocanı hardasa görmüşdüm. Amma yaddaşımı ələk-vələk etsəm də yada sala bilmirdim. Harda? Nə vaxt?

Qocanın qabağındakı stol da oturduğu stula oxşayırdı. Stolun üstündə qənd qabı və pürrəngi çay buğlanırdı. Çay bayaq buğlanırdı, indi soyumuş olar yəqin, – deyib özlüyümdə düşünürdüm. Qoca çayı isti-isti içməkdə elə bil tənbəllik çəkirdi.

Qoca mağara daşınan yeməklərə gözucu baxır və hərdən də qənddən birini ağzına atıb çaydan qurtum-qurtum içirdi. O bir stəkan çay qurtarmırdı ki, təzəsin süzsünlər. Elə bil bu bir stəkan çayın qurtarmasını qoca da istəmirdi.
Hamı bir-biri ilə salamlaşıb, hal-əhval tutsalar da ona salam verən də yoxuydu. Bir kimsə də ona yaxınlaşmırdı. Qocasa əsasını dizi üstünə qoyub laqeydcəsinə harasa baxırdı.

Hamı bayaqdan yemək yesə də onun qabağına yemək qoymaq, sanki yeməkpaylayanların yadından çıxmışdı.
…Toy sahibi bizim stola yaxınlaşanda fürsəti fövtə verməyib xahiş etdim ki, qocaya da yemək versinlər. Mənim bu sözümü eşidən ətrafdakılar gözucu mənə baxıb, bir-birinə nəsə dediklərini qulağım çaldı. Toy sahibi isə arxayın – arxayın bildirdi:
-Narahat olma. Bizim kəndin bütün xeyir-şər məclislərində onun yeri kənardadır. O, məclisə qarışa bilməz. Kənarda oturub baxmalıdır. Yəni, yemək versən də yeməz.
-Niyə? Xəstədirmi, dəlidirmi? Sahibi yoxdurmu o qocanın?! Bəs niyə məclis əhlinə qarışmır?
-Başqa vaxt söhbət edərəm, – deyən toy sahibi məndən uzaqlaşdı.

Verilən cavabdan sonra bir kimsədən söz soruşmaq həvəsim qalmadı. İçimdəsə neçə-neçə sual baş qaldırmışdı. Uğur da ağzına su alıb susurdu. Danışmırdı ki, bu nigarançılıqdan canımı qurtarım. Əksinə üzünün ifadəsindən hiss edirdim ki, qocanı o görkəmdə mən yadın görməsindən narahatçılıq keçirir. Bu yerdə “ev bizim, sirr bizim” kəlamın yadıma salıb gülümsədim. Heç evin sirrinin faş olmasını mən də istəməzdim. Amma…
Məclisdən tez durdum. Həyətə çıxıb bağ-bağatı gəzərək, qarşı dağların əsrarəngiz gözəlliklərinə maraqla baxırdım. İçimdəsə nigarançılığa cavab tapmaq istəyim bayaqdan məni tərk etmirdi. Bu qoca ilə bağlı idi. Dönüb qoca oturan yerə baxanda onu yerində görmədim. Gözüm onu axtarmağa başlamışdı ki. qocanın əsasına söykənib ağır-ağır həyət qapısından çıxmaq üzrə olduğunu gördüm. Tez ona yaxınlaşdım.
-Baba, sən niyə məclisdə oturub yemək yemədin? Heç sənə qulluq edən də olmadı. Bəlkə deyim yemək…
-Ay oğul, mən bu kəndə elə zülm etmişəm ki, indi etdiklərimin cəzasını çəkirəm.
Sanki məni elektirik cərəyanı vurdu. Qoca nə deyir, nə edib adamlara, fikri beynimdə dolaşa-dolaşa onun qoluna girib həyətin kənarından axan arxın yaxınlığındakı kəsilmiş gər ağacının yanına gəldik.
-Necə? Ay baba? Axı sən nurlu kişiyə oxşayırsan? Özü də danışığının şirinliyi, məntiqi söhbətindən anladım ki, alicənab insan xarakteri daşıyırsan.
-Bala, mən Sosialist Əməyi Qəhrəmanıyam. Bolluca orden-medalı olan birisi olmuşam. Görmürsən indi də varam. – deyib azca gülümsədi. Bayaqdan üzündən, gözlərindən kədər yağan kişi elə bil nurlaşdı və sözünə davam etdi. – Bu kəndin kolxoz sədri olmuşam.
-Həə, baba, tanıdım səni. Məhşur pambıq ustası. Televizorda sənə həsr olunmuş sənədli filmə də baxmışam…
-Hə, bala, məhşur adam idim. Nəyin sayəsinə? Bu kəndin uşağından tutmuş, qocasına kimi hamısının ağır zəhmətinin bəhrəsini mən yeyə-yeyə, zülm edə-edə. Oğlum, Sovet hökuməti dağılsa da tutdurduqlarım, sürgünə yolladıqlarım gəlib çıxmır ki, mən rahat öləm. Evlər dağıtmışam. Mənim zəhmimdən hamilə gəlinlər uşaq salardı.
-Baba, bu dağ yerində pambığı harda əkirdiniz? Eşitmişəm ki, pambıq isti yerlərdə, aran zonasında əkilər.
-Bala, pambıq ölkəni zülmətə çevirəndə bu dağ rayonuna tapşırıq verildi ki, kənddən iyirmi kilometr aralıda yerləşən, aran deyilən əkin-biçin yerində pambıq əkək. Pambığın baş kəsən vədəsində kimin nə ixtiyarı vardı dinib-danışa. Hər səhər üstü açıq maşınlarda işçiləri oraya daşıyır, qaranlıq düşənə kimi işlədirdik. Özü də bütün işlər əl əməyi ilə görülürdü. Bol pambıq yetişdirib respublikamıza keçici qırmızı bayraqlar gətirməliydik. Qul əməyidir pambıq… Özü də bizim əkin sahəmiz rəsmi qeydiyyatda deyildi.
Matım-mutum qurumuşdu. Söz tapmırdım danışmağa. Qocasa əsasını qaldırıb dağın döşündəki evi göstərib dedi:
-O təpə döşündəki ikimərtəbəli imarət mənimdir. Bir vaxtlar övladlarım orada xoşbəxt yaşayırdılar. İndi orada gecələr bayquşların matəm marşı çalınır. Etdiklərim pisliklərdən uşaqlarım da baş götürüb bu kənddən qaçaq düşdülər. Heç bilmirəm hansı haradadır? Məni burda arvadımın qəbri saxlayır. Yazıq tənəli baxışlara dözməyib öldü. Qorxuram mən də bir gün bu kənddən gedəm, arvadımın qəbri sahibsiz qala. Tək-tənha qalmışam. Yuxusuzluqdan gecələri dirigöz açıram. Gündüzlər də bu kəndin torpaq yolların ələk-vələk edirəm. Nə gəzirəm bu yollarda, heç özüm də bilmirəm. Allahın quruca salamına da möhtacam.
Qoca danışdıqca gözləri oturduğumuz qurumuş kötüyün yanlarından çıxan yaşıl-yaşıl zoğlarına dikilib qalmışdı. Titrəyən əlini kötüyün üstünə sürtüb “uf…uf” – deyirdi. Niyə belə edirdi? Bəlkə, bir vaxtlar kölgəsinə xeyli insan toplaşan, yağışdan qorunmaq üçün bu ağacın altını seçənlər yadına düşdü. Elə bil bu ağacın qırılmasında da qocanın suçu var.
Qoca durub gedəndə heç mənlə sağollaşmadı da. Eləcə başını bulaya-bulaya, dodaqaltı mızıldana-mızıldana getdi. Arxasınca bir xeyli baxdım. Qocalıq qəddini əymişdi, yoxsa bu kəndin tənəli baxışlarından beli bükülmüşdü? Bu suallar beynimdə dolaşa-dolaşa mən də durub toy mağarına üz tutdum.
***
Toy günün başa çatdırıb, bir gün də istirahət etdikdən sonra evə qayıdırdıq. Toydan qəribə halla geri dönürdüm. Dostumsa hələ də ağzına su alıb susurdu. Qoca və kənd əhlinin ona qarşı olan mənfi münasibəti bir an da olsun məni tərk etmirdi.
Xeyli yol qət etdiyimiz Bakı ilə toy evi arası uzun bir məsafədi. Yəni neçə yüz kilometr. Rayonları, qəsəbə, kəndləri geridə qoya-qoya mənzil başına yaxınlaşırdıq. Məhşur dörd yol ayrıcı deyilən yerə çatanda dostum təklif verdi ki, burada bir az yorğunluğumuzu çıxarıb yolumuza davam edərik.
-Burda “Söyüdlü arx” deyilən çayxana var. Pürrəngi çayı dillər əzbəridi.
Maşını bir söyüd ağacının kölgəliyində saxlayıb çayxanaya gəldik. Cavan oğlan olan çayxana işçisi:
-Xoş gəldiniz. Bəyəndiyiniz yerdə oturub istirahət edə bilərsiniz. – deyib bizi qarşıladı.
Gözəl kənd həyatını özündə ehtiva edən bu çayxana ərazisində yaşıllıqlar bollucadır və iki-üç yerdən su dolu arxlar axırdı. Salxım söyüdlər xüsusi gözəlliklər yaradır. Stolumuz olan yerin altından da arx dolu su axır. Salxım söyüdlər başın əyib, elə bil indicə arxdan su içəcək.
İki, üç yerdə mis simovarlar pıqqapıq qaynayır, boş dəm çaynikləri ocağın yanında müştərisin gözləyirdi. Əlimizə, üzümüzə su vurub sərinliyin ləzzətini daddıqdan sonra yenidən stolumuza əyləşdik.
-Müəllim. çayınız necə olsun? – deyən bayaqkı oğlan bizdən cavab gözləyirdi.
-Kəkotulu, yarpızlı, – deyən dostum sifarişi verdi.
Şırhaşır axan arx suyu ruhumuza qida verirdi. Xoruzquyruğu çaydan içdikcə yol yorğunluğumuz da canımızdan çıxırdı.

Bayaq söyüdün kölgəsində maşın saxlayanda birdən aralıda da “Volqa Qaz-21” maşını gördüm. İndiki zamanda, nadir hallarda rast gəlinəsi “Volqa Qaz-21” elə bil indicə zavoddan istehsal olunub çıxıb. Qızılı rəngli olan maşına günəş şüası düşdükcə elə bil yerdən də bir günəş çıxırdı. Lap adamı valeh edirdi. Burun hissəsində ağ ceyran heykəlciyi maşının gözəlliyinə gözəllik qatırdı. Ceyran heykəlcik mənə ötən illəri xatırlatdı…

…Kəndimizdə bircə minik maşın vardı ki, o da Bəhmən müəllimin idi. Kəndimizin bütün toylarında gəlin gətirilmə mərasimi o maşınla yerinə yetirilirdi. Bir gün yenə toy keçirilir, gəlin gətirmə olur. Bəhmən müəllim siqaret çəkdiyindən səhərdən maşını yuyur, təmizləyir və qapıları açıq qoyur ki, siqaret iysi çəkilsin. Həmin vaxt…
Maşında gəlin özünü narahat hiss edir. Bəy evinə gətirildikdən sonra bilinir ki, gəlinin ayaqları şişir. Sən demə, maşında olanda gəlin ayağını nəsə sancdığını bilsədə dillənmir. Qara gürzə ilan maşında varmış. O gəlini sancıb. Həkimin qıt vaxtında onu rayon mərkəzinə çatdırınca gəlin ölür…
Bəhmən müəllimin maşının qabaq hissəsində də eyniliklə bu qızılı maşındakı kimi ceyran heykəlciyi vardı. Kəndimiz işğal olunanda “Volqa Qaz-21” xarab olduğundan Bəhmən müəllim onu ot tayasının altında gizlədib gəlmişdi.
Neçə il sonra maşın alveri ilə məşğul olan Səməd mənə Bəhmən müəllimin maşınını Tiflisdən alıb gətirmişdi. O deyirdiki, ermənilər gəlib ot tayasının altında gizlədilmiş maşını tapır. Maşını oradan çıxardanda maşında gizlənmiş ilan erməninin birini çalır.

-Bu köpəkuşağı türklərdən biz nə xeyir görmüşük ki, maşınlarından da xeyir görək. Od vurun, yandırın. – qəzəblənmiş ermənilərdən biri təklif edir.
-Dur! – Başqa böyük vəzifəli erməni deyir. – Biz bu qədər ev, anbar yandırmışıq. Nə xeyir tapmışıq? Maşını yükləyin başqa bir maşına. Aparın Gürcüstana. Orada gicdən, səydən birini tapıb sırıyın özlərinə. Qoy bundan sonra da maşına həris ilanları özlərini sancıb öldürsün.
Beləcə, Səməd həmin maşını alıb gətirir. İndi də “Volqa Qaz-21” Bakının küçələrində şütüyür…
Yola düşmək məqamında dostumla qızılı rəngli “Volqa Qaz-21”ə yaxınlaşdım. Dostum diqqətlə baxdığımı görüb “tankdı” – deyərək maşını təriflədi. “Yoxsa ikdiki maşınlar? Elə bil könserv qutusundan düzəldilib? Əl dəydi əyilir. O tankdı elə bil poladdan düzəldilib”.
Bizim maşına heyranlıqla baxdığımızı görən bir qoca “salaməleykü” edib bizə yaxınlaşdı.
-Hə, qardaş oğulları, mənim maşınımdı. Nə qulluq edə bilərəm?
-Yox dayı, sadəcə maşına baxırıq. – dedim.
-Həə, bu maşının yaşı yəqin ki. sizin yaşınızdan çoxdur. Əlli yaşın kürəyini yerə vurub. – deyən bu nurani qocanın sualına dostum dilləndi:
-Mənlə yaşıddır ki… Sən də yol adamısan? Yoxsa buralarda yaşayansan?
-Qardaş oğulları, bəli, mən buralıyam. Odey o bağlı-bağatlı ev mənimdir. Qonağım ola bilərsiniz. – deyib yaxınlıqdakı kəndə tərəf əlini uzatdı.
-Demək, sən də taksilik edirsən. Axı indi sənin istirahət edən vaxtındır. Nəvələrinlə birgə…
-Yox, bala, taksilik etmirəm. Amma bu yoldan da yığışa bilmirəm. Elə bil göbəyim bu yolda kəsilib. Bu yolun 42 il “QAİ”si olmuşam. – dedi.
Elə bu zaman yaxınlığımızda bir bahalı maşın saxladı. Sandım ki, yolun o üzündəki türbəyə ziyarətə gələnlərdəndir. Amma maşından düşən kök, bığıburma, tosuq kişi yolun qarşı tərəfindəki nəzir qutusuna deyil, bizə yaxınlaşıb salam verdikdən sonra qoca ilə əllə görüşdü. Hal-əhvalın soruşub əlini cibinə saldı, deyəsən, pul qoydu və sağollaşıb getdi.
-Dayı, onda pulun çox olar? – deyib zarafat etmək istədim.. – Axı, “QAİ”şnik olmusan.
-Qardaşoğlu, pis yaşamıram. İndi necədirsə, onda da elə idi. Bu durduğumuz yerdə bir vaxtlar “QAİ postu” vardı. Mən də burda dururdum. Burdan ölkəmizin hər yanına yollar ayrılır… Çox hadisələrin şahidi olmuşam. Amma insanlıq hissləri heç vaxt məni tərk etməyib. Dədə-babadan mərdiməzar olmamışıq. Halallıqla yaşamışıq. Halal qazancımın bəhrəsin bu gün də görürəm.
-Necə, dayı? – deyib qocadan daha çox söz eşitmək azarına tuş olmuşdum.

-Bu yolda çox hadisələrə şahidlik etmişəm. Vaxt olub sürücünü içkili, ağzının sözünü bilməyən vədə də saxlamışam. Görmüşəm bu halda başına qəza gələr, mənzil başına gedib çıxa bilməz, evimə aparıb onu yatızdırıb, ayılandan sonra tənbeh edib yola salmışam. Bir gün bir ailə avtomobil qəzasına uğradılar. Ata, ana öldü. İki azyaşlı oğlu, qızı salamat qalmışdı. O uşaqları evimə gətirib saxladım. Sonra da övladlığa götürdüm. Böyütdüm…
-Onda ailən böyük olar? – deyib qocanı növbəti sual yağışına tutdum.
-Yox, bala. Allah mənə züryət vermədi. Övlad istəyimiz baş tutmadısa övladlığa götürdüyümüz Surayyə və Hidayət elə bizə şipşirin övlad oldular. Ağılla-kamalla ərsəyə yetirdik. İndi hər ikisi ailə qurub oğul-uşaq sahibidirlər. Məni də beş nəvənin babası etdilər. Allahımdan çox razıyam.
-Dayı, bəs niyə yenə də bu dörd yol ayrıcında “QAİ”şniklik edirsiniz?
-İndi təqaüdçüyəm. “QAİ”şniklik də etmirəm. Sadəcə olaraq bu mənim həyat tərzimdir. Bir gün burda olmasam, bura ayağım dəyməsə, o günü elə bil nəsə itirmişəm. Var olsun xalqımızın yaxşı insanları. Cibxərcliyimi də əskik etmirlər. – deyib qoca gülümsədi.
Qoca “QAİ”şniklə söhbət edirdik ki, bir uşaq qaça-qaça gələrək “baba, baba” deyib onun boynunu qucaqladı. Qoca da onu bağrına basaraq üzündən-gözlərindən öpüb qucağına aldı.
-Nəvəndi? – soruşdum.
-Hə, qızımın uşağıdı. Odey anası da gər ağacının yanında durub məni gözləyir. Yenə valdeynlərinin qəbrini ziyarətə gəlib. – deyib bizdən təxminən 50-60 metr aralıda gər ağacının yanında qara libaslı, başı örtüklü gəlini göstərdi. – Ata, anası öldüyü yerdir. Rəmzi qəbirlərini düzəldirmişəm. Hər cümə günü gəlir… Di, salamat qalın. Gedim yanına. – deyib qoca sağollaşdı.
…Dostumla mən tənbəllik etməyib gər ağacına doğru getdik. Biz ora çatanda qoca “fatiə” surəsini oxuyub qurtardı, salavat çevirib getdilər. Gər ağacının dibində iki yerdə daş topası yığılmışdı. Ağaca isə qara mərmər lövhə vurulmuşdu. Qara mərmərdən iki nəfərin – qadın və kişi şəkilləri bizə baxırdılar. 30-35 yaşları ancaq olarmış. Şəkillərin altında “Jiqulu” markalı maşın şəkili çəkilmişdi. Qəribə mənzərə idi. Kədərli, üzücü…
***
-Hə, dünyanın belə-belə işləri olurmuş. Qoca dünyanın iki müxtəlif qocaları bizə bu həyatda necə yaşamağın sanki bir daha dərsin keçdilər. – dedi dostum Uğur.
-Hə, özü də ilin bu isti yay günlərində. İbratəmiz hekayətlərdir. Nəticə də göz qabağında.
-Düz deyirsən. Bəlkə yenə istedadını, yazıçılığını işə salasan. Axı nə vaxtdandır sənin hekayələrini oxumuram. Özü də gerçək həyatın yaşantılarıdır.
-Oldu. Yazaram, Uğur. İndi haydı evimizə, bürkülü şəhərimizə gedək.
-İndi yəqin Xəzərin mehi şəhərin bürkülü havasını sərinləşdirib. Axı şəhərimizin bir adı da küləklər şəhəridir. – deyib maşına doğru getdik.
Yolçu yolda gərək deyib yola düşdük. Qocaların ömür yolları bizim getdiyimiz bu yol kimidir. Yolların da kələ-kötürü, hamarı var. Bu yollar bomboz səhralardan, ya da yaşıllıqlar qoynundan keçir. O qocalar kimi… Xüsusən Sosalist Əməyi Qəhrəmanı, kolxoz sədri işləmiş o qocaya olan münasibət məni ağrıdırdı. Yaxşı ki. “QAİ”şnik kimi dayılar da var.

AYAZ İMRANOĞLU HƏFTƏSİ

Müəllif: AYAZ İMRANOĞLU

AYAZ İMRANOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir