
OLAR
İnsaf et, gözünü gözümdən çəkmə,
Gözlər sevən qəlbin aynası olar.
Məni qəm-kədərə bələyib, bükmə,
Qəlbim eşq odunda yanası olar.
Hicran atəşinə salıb, yandırma,
Eşqin royasından, gəl, oyandırma,
Sərt qışı gətirib, məni dondurma,
Qəlbim baxışında donası olar.
Səninlə bağlıydı, arzu-diləyim,
Xəzana tuş gəlib, açmaz çiçəyim,
Hərdən şirin sözlər söylə, dinləyim,
Ürəyim şüşətək sınası olar.
Dağtək əzəmətli, əzmin, vüqarın,
Pozulmasın heç vaxt əhdin-ilqarın,
Əstirmə ömrümə həsrət rüzgarın,
Ömrüm çiçək kimi solası olar.
Mehrini azaltma, ay ömrüm- günüm,
Dərdimi-sərimi səninlə bölüm,
Səninlə ağlayım, səninlə gülüm,
Gedərsən, üzülən Sonası olar.
Sevgin dünyamızın qalası olar.
-
- 2025-ci il.
Müəllif: Sona AMAL