
MƏN PAYIZ AXTARIRAM
Qəlbim həsrətdi kəndimin
Soyuğuna, ayazına.
Nədənsə quşum qonmayır
Bu şəhər, park payızına…
Palıdlar, vələslər, vənlər
Gözlərim önündən getmir.
Mənsiz qalan meşələrə
Səsim çatmır, ünüm yetmir…
Hər yarpağın öz rəngi var,
Qırmızı, qızılı, sarı…
Sanki xəzəllər ah çəkib,
Boylanır şəhərə sarı…
…Burda yarpaqlar hamısı,
Bir boyda, bir biçimdədi…
Mən payızı axtarıram,
Payız mənim içimdədi…
28.10.2018
SƏNİN HƏSRƏTİN
Mən səni
sarı bir yarpaq kimi
öpdüm, oxşadım.
Gecə-gündüz
həsrətinlə yaşadım.
Elə ki,
taleyin yelləri əsdi,
hansı bəxtəvərinsə
ovcuna düşməyə
tələsdin…
İndi sənin həsrətin
sevdalı bəbəklərimə
çöküb.
Yarpaq kimi saralıb
gözümün kökü…
31.10.2003
Qayakənd
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru