
Azərbaycan tarixinin XX əsrdə yetişdirdiyi nadir şəxsiyyətlərdən biri, Cənubi Azərbaycanın ucqar bir kəndində dünyaya gəlib, yetimçiliklə, min bir əziyyətlə böyüyüb ölkənin ən tanınmış şəxslərindən birinə çevrilməyi bacarmış fitri istedad, qeyrətli Vətəndaş, böyük azərbaycanlı! Doğrudan da Mirzə İbrahimov 82 illik mürəkkəb ömür ərzində, ömründən də mürəkkəb olan zəmanədə edilməsi real olmayan bütün mümkünsüzlükləri etməyi bacarmış, Sosialist Əməyi Qəhrəmanı, Xalq yazıçısı, “Stalin” mükafatı laureatı, 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni, Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatı və dövrün digər onlarla yüksək mükafatlarını, Fəxri adlarını almış, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR Maarif komissarı və naziri, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin katibi, SSRİ xarici işlər naziri ilə bərabər statusda olan Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Opera və Balet teatrının direktoru və digər irili-xırdalı vəzifələrdə şərəflə çalışmış, 39 il (8 çağırış – I, II, III, IV, V, VII, VIII və X çağırışlar) SSRİ Ali Sovetinin deputatı, 1950-ci ildən 1979-cu ilədək fasilələrlə 21 il Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Elmlər Akademiyasını təsis edən 15 nəfərdən biri olmuşdur.