
“Vətən sevgisi” kitabı sanki poetik ensiklopedik hislər bazasıdır
Vətən sevgisi hər birimizin içində kök atan sevgidir. Biz bu sevgi ilə məhz 44 günlük Vətən müharibəsində düşmənə qalib gələ bildik…
Ziba Sevindikin 2023-cü ildə “İmza” nəşrlər evi tərəfindən buraxılmış şeirlər kitabının da adı elə “Vətən sevgisi”dir.
Kitab, annotasiyadan da göründüyü kimi, Vətən sevgisi ilə yazılıb, burada Vətən uğrunda canlarını fəda etmiş qəhrəman oğullar haqqında poetik nümunələr toplanıb.
Kitaba “Vətənpərvər şairin Vətən sevgisi” başlıqlı ön söz yazmış şair Mais Təmkin qeyd edir: “…Ziba xanımın şeirlərində vətənə, torpağa məhəbbətin tərənnümü çox geniş planda təsvir olunur…”. Səmimi deyək ki, biz də elə Ziba xanımın “Vətən sevgisi” kitabında məhz bu ədəbi nüansa diqqət çəkmək fikrindəyik.
Kitabda müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyev, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında poetik fikirlər yer alıb. Bu poetik fikirlərdə müəllif dahi şəxsiyyətə, ölkə başçısına və birinci vitse-prezidentə olan sevgisini, minnətdarlıq və ehtiramını sözlərin dili ilə çatdırır.
Müəllif kitaba həmçinin xalqımızın başına gətirilmiş faciələr – 20 Yanvar, Xocalı soyqırımı, Azərbaycan xalqının kütləvi soyqırımı ilə əlaqəli şeirlər də yerləşdirib, bu şeirlərdə özünün vətəndaş mövqeyi və qaynar Vətən sevgisini qabarıq verib. Oxucu bu şeirləri həyəcansız oxuya bilmir.
Kitabı oxuduqca, müəllifin hansı hislər keçirdiyinin fərqinə vara bilirik. Doğrudan da, 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad edilməsi nəinki Ziba xanımda, hər birimizdə böyük qürur və fəxarət hissi yaradır. Üstəlik, bu torpaqları qanları bahasına geri alan oğullara içimizdə dərin minnətdarlıq duyğuları baş qaldırır. Bu mənada, adıçəkilən kitab yetişən nəsillər üçün sanballı bir həyat örnəyi hesab edilə bilər.
Kitabdan bəzi nümunələrə diqqət yetirək:
Neçə ildir sənə laylay
Deyir dilim, ay Xocalım.
Qəmlə ötür gecə-gündüz
Ayım, ilim, ay Xocalım…
Elə zaman gələcək,
Hər arzumuz güləcək.
Yağı düşmən biləcək
Bizimkidir Qarabaq!
Hər tərəfi göz oxyaşay
Gül-çiçəkli yurdum vardır.
Vətənimə arxa olan
Əzəmətli ordum.
Bu poetik parçalarda Vətən sevgisi, vətəndaşlıq əzmi, torpağa, yurda, elə-obaya olan məhəbbət hissi və bir də ən əsası, qəhrəman oğullarımıza inam və etibar özünü parlaq şəkildə ifadə edir.
Biz Ziba xanımın kitabından çox nümunələr verə bilərik. Məsələ bunda deyil, biz əsasən oxuculara diqtə etmək istəyirik ki, Ziba xanım irihəcmli bu kitabında Vətən, torpaq, yurd, el-oba, vətəndaşlıq hissi barədə yeni nə deyib, bu fikirləri necə xarakteriz edib. Bunu isə həm yuxarıda nümunə kimi verdiyimiz şeirlərdə, həm də kitab boyu qatar vaqonları kimi ard-arda düzülmüş digər şeirlərdə də görə, müşahidə edə bilirik.
Bütün hallarda Ziba xanımın bu kitabı başdan-ayağa vətənpərvərlik hisləri ilə doludur, müəllifin özünün də bir vətəndaş kimi sevgisi burada çərçivədən çıxır, səhifələr boyu aşıb-daşır.
Belə deyək ki, Ziba Sevindikin “Vətən sevgisi” adlı kitabı bir növ, poetik ensiklopedik hislər bazasıdır. Burada şəhid oğullar, qazilərimiz haqqında bir-birindən salxarlı şeirlər var, hər şeir bir qəhrəman oğulun həyat salnaməsi kimi diqqət çəkir.
Sizə yeni yaradıcılıq uğurları arzu edirik, Ziba xanım. Qoy bundan sonra da sizin Vətən sevginiz yetişən nəsillərə bir görk olsun!



Hüseyn İsaoğlu,
yazıçı-publisist,
AYB – nin və AJB – nin üzvü.