
TƏNHALIQ
Sarıb yol-izimi qar, boran, şaxta,
Əlimi yaşamdan üzüb, tənhalıq.
Nə deyim taleyə, mən belə baxta,
Telimə ağ dənlər düzüb, tənhalıq.
Qırıb taqətimi, çözüb dizimi,
Qoyubdur ağzında şirin sözümü,
Tapmıram özümdə səbri, dözümü,
Yaşam ümidimi üzüb, tənhalıq.
Qoyubdur qoynumda əlim-qolumu,
Məzarlığa salıb hamar yolumu,
Boyayıb qaraya, bəyaz donumu,
Sinəmə göz yaşın düzüb, tənhalıq.
Çox çəkdin həyatda nazım, qayğımı,
Araram röyamda sənli çağımı,
Özüm öz əlimlə yazdım “ağı”mı,
Sevincimi qəmə yozub, tənhalıq.
Sən gedən yollara dikilib gözüm,
Dərdimə-sərimə tapılmır çözüm,
Dörd divar, həsrətin, bir də ki, özüm,
Qəlbimi daş kimi əzib, tənhalıq.
Yaşadıq bir ömür bol səadəti,
Qəm geyir Amalın sözü-söhbəti,
İçəydik kaş birgə ölüm şərbəti,
Badəmə zəhəri süzüb, tənhalıq.
21.01.2026-ci il
Müəllif: Sona AMAL
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında