İTİRDİYİMİZ DƏYƏRLƏR

İTİRDİYİMİZ DƏYƏRLƏR
Ev telefonları hər yerdə yerli-dibli kəsildi. Yeni texnologiyalar həyatımızın bir gözəl vərdişini də əlimizdən aldı…

Bəs, ev telefonları həyatımıza nə vaxt daxil olub və bizə nə verib?
Mənbələrdən aydın olur ki, Bakıda ilk telefon xətti 1881-ci il noyabrın 23-də Nobel Qardaşları Cəmiyyəti tərəfindən istismara verilib. Bu xətt cəmiyyətin baş kontoru ilə rəhbər şəxslərin evlərini birləşdirən 6 km-lik ilk rabitə xətti olmuşdur. Mərkəzləşmiş telefon şəbəkəsi isə 1886-cı ildə fəaliyyətə başlayıb.

İlk kommutasiyalı şəbəkə: 1886-cı ildə 40 istifadəçi olmaqla Bakı Şəhər Telefon Stansiyası fəaliyyətə başlayıb. Bir qədər sonra isə evlərə telefon xətti çəkilişlərinə start verilib. Bu sırada ilk telefon çəkilişi “Telefonnaya ulitsa”dakı (indiki 28 May küçəsi) mənzillərdə aparılıb. Və növbəylə bütün evlər telefonlaşdırılıb.


Yadımdadır, 5 ya 6-cı sinifdə oxuyanda rayonumuzda (Beyləqanda) ilk olaraq müəllimlərin evi, idarə və təşkilatlar telefonlaşdırıldı. Onu da xatırlayıram ki, evlərdə olan telefon kitabçalarında əlifba sırası ilə mənzil sahiblərinin adı və telefon nömrələri qeyd olunmuşdu. Dəstəyi qaldıran kimi xəttin o başından xətləri birləşdirən qurğunun başındakı işçinin səsi eşidilirdi: Salam. Hansı nömrəni istəyirsiniz? Cavab verirdilər: filan nömrə, filankəsin evi. Danışıqlar uzun çəkməzdi, 2-3 dəqiqə. Söhbəti uzadanda kommutatorda danışıqları izləyən xanım dillənirdi: Xahiş edirəm, xətti məşğul etməyin, danışığı bitirin. Aylıq abunə pulunu gecikdirənlərin telefonu bağlanırdı, ta ki, idarəyə gedib pulunu ödəyəndən sonra xətt açılırdı…

Beləcə, ev telefonları bütün evlərə, ailələrə uzun zaman xidmət etdi. Bu günsə, iki əsrdən çox insanlara sevinc, fərəh gətirən, uzaqları yaxın edən, səhhətimizə heç bir ziyanı olmayan ev telefonları öldü, başqa sözlə, tarixin arxivinə atıldı. Amma ev telefonu ilə danışmaq adama bir ayrı zövq verirdi. Onun səsi gələndə evdə xoş bir canlanma yaranırdı…


Hərdən köhnə vaxtlardakı kimi, dəstəyi əlimə alıb, yaxınlarıma zəng etmək istəyirəm. Sanki möcüzə gözləyirəm. Bilsəm də ki dəstəkdən səs gəlməyəcək, yenə bir nömrə yığıram, telefon susur…

Bir vaxtlar yaşlı adamlar telefonu özlərinə qulaq yoldaşı bilirdi. Darıxanda, tıncıxanda, dəstəyi əlinə alıb qohumla, qonum-qonşuyla hal-əhval edirdi…

Neçə vaxtdı ev telefonları sıradan çıxarılsa da dəstəyi aparatın üstündən ayırmamışam, eləcə xəttin üstündə qalıb. Dünənsə, onu öz yuvacığından götürüb kənara qoydum. Başım iş-gücə qarışmışdı, bilmirəm nə qədər ötdü, 2 saat, 3 saat… Bir də gördüm hardansa qırıq-qırıq səs gəlir, ora baxdım, bura göz qoydum, bilmədim bu ciyiltili səs nə səsdi və hardan gəlir… Axır başa düşdüm ki, telefon dəstəyinin enerjisi qurtarıb. Səs elə bil yalvarırdı, “məni xəttdən ayırma, enerjimi ölməyə qoyma”- deyirdi. Telefon can verirdi, inildəyirdi… Əvvəlki vaxtlar olsaydı, dərhal dəstəyi götürüb aparatın üstünə qoyardım. Amma indi… Toxunmadım, onu yerinə qoysaydım nə dəyişəcəkdi ki…

Və birdən-birə bikeflədim, birtəhər oldum, bu dilsiz-ağızsız əşyaya yazığım gəldi. Məni qınamayın, əşyalara cansız kimi baxa bilmirəm. Məndən ötrü həyatda cansız heç nə yoxdur, daş, dəmir parçası belə canlıdır. Yalnız atılıb qalmış, unudulmuş əşyalar var. Deyir, filankəsin canı polad kimidi, ona heç nə olmaz. Amma poladcanlılar da vədə tamamında gedir. Atılmış, unudulmuş əşyaların da “ölümü” belə olur…

Ev telefonu ilə bağlı bu qeydlər bəlkə də çoxlarına adi görünər. Mənsə, onun həyatımızdan qoparılmasına öyrəşə bilmirəm. Bu, yaxın keçmişdə həyatımıza rahatlıq gətirən, bu günsə əlimizdən alınmış bəzi gözəl vərdişlərimizi mənə bir daha xatırlatdı…


Televizorlara qismən maraq olsa belə, yeni nəyinsə icad olunacağı qarşılığında onun da həyatımızdan birdəfəlik silinəcəyinə şübhə etmirəm. Çünki, zamana hegemonluq edən yeni texnologiya var haa, o da özünün yaratdığına qənim kəsilir. Birini “öldürüb”, yenisini yardır. Hələ bu süni intellekt… onun “üstünlüyünü” o qədər qavramasam da adı gələndə qıcıqlanıram. Bir şey ki hissiz, duyğusuz oldu – süni, onun adama nə yapışığı olar…

Düşünürəm, yeni mobil telefonların insan orqanizminə zərərləri meydana çıxdıqca, (hələ günbəgün qalxan, dəyişən şəbəkə taariflərini demirəm) onlardan da imtinalar başlayacaq.

Amma məndə belə bir inam var ki, itirdiyimiz nə varsa, bir vaxt geri dönəcək, yenə qızıl dövrümüzə qayıdacağıq. Əlimizə kitab alıb səhifələrini çevirdikcə, gözümüzü sətirlərdə gəzdirdikcə duyğu, həyəcan ruhumuzu saracaq. Qəhrəmanların taleyinə gah acıyacaq, gah da xoşbəxliyinə sevinəcəyik. Ən başlıcası, onlardan ibrət alacağıq…

Kinoteatrların qapıları yenidən üzümüzə açılacaq. Ötən zamanlarda olduğu kimi, səhərlər qəzet köşklərində növbəyə dayanacağıq. Həvəslə oxucu kitabxanalarına, kitab evlərinə üz tutacağıq. Eh… bu ki lap nağıl oldu. Amma nağılların bir ucu yalandırsa, o biri ucu gerçəkdir. Nə olur-olsun, yeni texnologiyada bəzi istisnaları nəzərə almaqla yanaşı, köhnə həyat vərdişlərinə qayıtmaq istəyirəm.
Bəs siz necə? Ötən çağların xiffətini çəkmirsiniz ki…

Müəllif: Şəfəq NASİR,
Yazıçı, publisist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir