ZƏHMƏTİN QİYMƏTİ VƏ HAQSIZLIĞIN YADDAŞI: ZƏHMƏT, HAQSIZLIQ VƏ İNSANLIQ

ZƏHMƏTİN QİYMƏTİ VƏ HAQSIZLIĞIN YADDAŞI: ZƏHMƏT, HAQSIZLIQ VƏ İNSANLIQ

Nə vaxtsa, “Bir elm adamını sürgünə və ya həbsə göndərmək istəmirsənsə, əvəzində ona lüğət tərtib etməyi tapşır” ifadəsini hardansa oxumuşam, gərək ki, dilçi Şerbanın fikridir. Bu ifadə lüğət işinin nə qədər məşəqqətli və məsuliyyətli bir iş olduğuna işarədir. Yuxarıdan soldakı lüğətlər Azərbaycan lüğətçilik tarixində ilk irihəcmli lüğətlərdir (20 000 lüğət məqaləsi). Onları böyük zəhmət və inadkarlıqla, məhdud texniki şəraitlər daxilində 3 il müddətinə cüzi qonorar müqabilində hazırlayıb, ştatlı əməkdaş kimi çalışdığım Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində 10 000 tirajla 1994-cü ildə çapına nail oldum. O zaman həmin lüğətlər çox ehtiyacları ödədi, hamının köməyinə çatdı.
Müəllifi olduğum o kitablardan bir yaxın dostum məndən hədiyyə istədi. İndi tarixin arxivinə yollanmış həmin mərkəzin müdiriyyəti hədiyyə kimi istədiyim o bir nüsxə kitabımı bazar qiymətinə mənim özümə satdı, avtoqraf yazıb dostuma bağışladım. Bir müddətdən sonra o lüğətlər onun ərsəyə gəlməsində zərrə qədər də əməyi olmayan “hazıra nazir” adamlar tərəfindən anbarlardan, arxa qapılardan xımır-xımır satılmağa başlandı, müəllif hüquqlarım qəddarcasına pozulmuş oldu. Hüquqlarımı tələb edəndə isə “ərizə yazıb işdən azad olmaq tələbi” ilə hədələndim. Amma o zaman çox hörmət etdiyim şairə, yazıçı və bəstəkar, o zaman həmin mərkəzdə çalışan Xanım İsmayılqızı məni “zəhmətim müqabilində məruz qaldığım streslərdən”, təzyiqdən, bu haqsızlığın cəngindən böyük ciddi-cəhdlə qurtarmış oldu. Əgər işdən azad olsaydım, yeganə gəlir gətirən bir ailə başçısı kimi ciddi sıxıntılarla baş-başa qalmalı idim. Bu da həyatımda üzləşdiyim ən qəddar, hətta deyərdim ki, ən vicdansız haqsızlıqlardan biri!
Şəkildə aşağıdan soldakı kitabı isə bir zamanlar mərhum Prezidentimizin tərcüməçisi Rauf Hüseynovun təqdimatı ilə Prezident Aparatının sifarişi əsasında ingilis dilinə tərcümə etmiş, Türkiyədə çap olunduqdan sonra mərhum Milli Liderimiz Heydər Əliyev həmin kitabı ABŞ-ın o zamankı Prezidenti Klintona, dövlət katibi Olbrayta hədiyyə kimi təqdim etmişdir. O kitabın tərcüməsi zamanı Prezident Aparatı tərəfindən mənə hər cür şərait yaradıldı və bu işi uğurla başa çatdıra bildim. Bu kitab tərcümə olunduqdan sonra ona Azərbaycan Dillər Universitetinin müəllimi, professor, elmlər doktoru, filoloq alimi, tərcüməçisi, vaxtilə tələbəsi olduğum, mühazirələrini dinlədyim Zeydulla Ağayevin alqışla, böyük ürək açıqlığı ilə müsbət rəy verməsi mənim həyatımda böyük rol oynadı. O, başqa cür mövqe də tuta bilərdi, amma… Bu gün Zeydulla müəllim həyatda yoxdur, dünyasını dəyişib. Ona Allahdan rəhmət diləyirəm, məkanı cənnət olsun.

Müəlif: Qurban Rzayev

QURBAN RZAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir