
GİZLƏTDİ MƏNDƏN
Yazın həvəsinə getmişdim qonaq,
Dağlar ürəyimi döndərdi qana.
Üzündə soyuqluq, gözündə qınaq
Duman Yardımlını gizlətdi məndən.
Zirvələr insafa gəlmədi barı,
Nə bütöv göründü, nə də ki yarı.
Yönümü düyünə saldı qarları,
Yaman Yardımlını gizlətdi məndən.
Gedib urcah oldum qəmə-qüssəyə,
Gözüm həsrət qaldı kəndə-kəsəyə.
Güney sandıqlarım döndü quzeyə,
Güman Yardımlını gizlətdi məndən…
Harayım yetmədi o gün heç yana,
Arusa, Bərcana, Jiyə, Teşkana.
Ürəyim az qaldı birə-beş yana,
Deman Yardımlını gizlətdi məndən.
Qalmadı hayıma qaldırımları,
Gədik cığırları, yal şırımları.
Vahimə yaratdı sıldırımları,
Aman, Yardımlını gizlətdi məndən.
Könlümə dolmadı bahar sərgisi,
Həmdəmim olmadı lalə-nərgizi.
Məndən yurd yanğısı, yuva sevgisi
Uman Yardımlını gizlətdi məndən.
17.02.2019.
Müəllif: Əlir Nəcəfxanlı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında