
****
Qonşumuz Balaş nənəgillə bizi qamış çəpər ayırardı,
Çəpərin dibində qollu-budaqlı ərik ağacı vardı,
Yay olanda bolluca bar gətirərdi,
Külək meyvələrini çırpardı,
Dibi həmişə əriklə dolu olardı.
Sapsarı, badamı, şipşirin əriklərdi,
Baxanda adamın ağzı sulanardı,
Nəfsimiz çəkərdi.
Qonşunun uşaqlarıyla yığışıb günortanın qızmarında oğurluğa gedərdik Balaş nənəgilə,
O vaxtlar ayrı aləmdi,
Qonşular heç vaxt qapını bağlamazdılar.
Bizi görcək ala it özünü yeyib tökərdi,
Yazıq it əlimizdən zəncir gəmirərdi,
Bəd idi deyə açıq saxlamazdılar.
Səsi qulağımdadı hələ.
Bir gözümüz itdə,
ürəyimiz çırpına-çırpına ciblərimizi, əlimizi, ətəyimizi əriklə doldurardıq.
Elə şirin əriklərdi ki,
Dadı damağımdadı hələ.
Ayağımızı tikan, paltarımızı kol-kos aparardı,
Hər gün böyüklərdən bir kötək payımız vardı.
Günlər keçərdi, yay bitərdi,
Ağac da dincələrdi, biz də.
Sonra payız,sonra da qış gələrdi və həsrətlə gələn yayı gözləyərdik yenə.
Ta ki, ağlımız kəsənədək.
Bir gün öyrəndik ki, oğurluq günahmış sən demə.
Qorxduq, yığışdıq çəpərlərin başından,
Ağacların dibindən yığışdıq.
Sonra aləm qarışdı,
Sökdülər qamış çəpərləri,
Taxta qapıları sökdülər,
Hündür,bərli-bəzəkli daş hasarlar tikdilər.
Sonra Balaş nənə köç etdi bu dünyadan,
Sonra ərik ağacı da qurudu,
Sonra əlimizdən zəncir gəmirən ala it də öldü,
Sonra baxıb gördük ki, bomboşdu kənd-kəsək,
Ağaclar da azalıb, adamlar da.
Sonra qəbristanlıq yolunu ağartdı ağacdan ərik oğurlayan uşaqlar.
Sonra o uşaqlar da qocaldı,
Hamısının saçı, saqqalı ağardı.
Sonra ağaclar da daha qol-budaq atmadı,
Qonşuya ərik oğurluğuna getmək də heç kimin yadına düşmədi daha,
Heç əriklərin də dadı olmadı əvvəlki tək.
Sonra daha böyük oğurluqlar başladı,
sevgilər oğurlandı, ürəklər oğurlandı,
talelər, qismətlər, arzular, diləklər oğurlandı.
Beləcə oğru-oğru yaşamağı öyrəndik,
Beləcə unudulub getdi ərik oğruları.
Amma heç vaxt damağımızdan getmədi o əriklərin dadı-
Şipşirin, badamı, sapsarı.
Müəllif: Təranə DƏMİR,
AYB -nin və AJB-nin üzvü, şair -publisist
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında