Taleh Xəlilov yazır

ÖN SÖZ

Təhsil sisteminin inkişafı, təlim prosesinin həyatla əlaqələndirilməsi və şagirdlərdə praktik bacarıqların formalaşdırılması müasir pedaqogikanın qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu baxımdan “VII sinifdə kimya tədrisinin kənd təsərrüfatı ilə əlaqələndirilməsi yolları” adlı metodik vəsait aktual mövzuya həsr olunmuş, elmi-nəzəri və praktik əhəmiyyətə malik dəyərli tədqiqat işi kimi diqqəti cəlb edir.

Müasir dövrdə təhsil yalnız nəzəri biliklərin mənimsədilməsi ilə məhdudlaşmır. Tədris olunan biliklərin gündəlik həyatla, istehsalatla, iqtisadiyyatla və cəmiyyətin müxtəlif sahələri ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Kimya fənni isə təbiət elmləri içərisində elə bir mövqeyə malikdir ki, onun kənd təsərrüfatı, sənaye, ekologiya, tibb və digər sahələrlə qarşılıqlı əlaqəsi olduqca genişdir. Təqdim olunan vəsaitdə məhz bu əlaqələrin VII sinif kimya kursunun məzmunu əsasında şagirdlərə necə çatdırılması yolları sistemli şəkildə araşdırılmışdır.

Əsərin məzmunu ilə tanışlıq göstərir ki, müəllif mövzunu hərtərəfli öyrənmiş, müasir pedaqoji yanaşmaları, təlim metodlarını və fənlərarası inteqrasiya prinsiplərini nəzərə alaraq tədqiqat aparmışdır. Kitabın birinci fəslində VII sinif kimya dərslərinin kənd təsərrüfatı ilə əlaqələndirilməsinin nəzəri əsasları geniş şəkildə şərh edilmişdir. Kimyəvi elementlərin kənd təsərrüfatında rolu, onların bitki və heyvan orqanizmlərindəki funksiyaları, məhsuldarlığın artırılmasında əhəmiyyəti elmi faktlar əsasında izah olunmuşdur. Vəsaitdə hidrogen, oksigen və su kimi mühüm maddələrin təbiətdə dövranı, onların kənd təsərrüfatı proseslərində iştirakı xüsusi diqqət mərkəzində saxlanılmışdır. Müəllif bu mövzuların tədrisində şagirdlərin yalnız nəzəri biliklər əldə etməsini deyil, həm də müşahidə aparmaq, nəticə çıxarmaq və əldə etdikləri məlumatları praktik fəaliyyətlərində tətbiq etmək bacarıqlarının formalaşdırılmasını əsas məqsəd kimi müəyyənləşdirmişdir.

Əsərdə kənd təsərrüfatının kimyalaşması mövzusunun tədrisinə ayrıca yer ayrılması xüsusi əhəmiyyət daşıyır. Mineral gübrələrin, kimyəvi vasitələrin, torpağın münbitliyinin qorunması üsullarının, bitki qidalanmasının və məhsuldarlığın artırılması yollarının kimya fənni ilə əlaqəli şəkildə izah olunması şagirdlərdə həm elmi dünyagörüşün, həm də praktik təfəkkürün formalaşmasına xidmət edir. Bu yanaşma kənd təsərrüfatının elmi əsaslarla inkişaf etdirilməsi barədə ilkin təsəvvürlərin yaradılmasına da imkan verir.

Kitabın əsas üstünlüklərindən biri praktik yönümlülüyüdür. Müəllif kimya dərslərində laboratoriya və praktik işlərin təşkilinə, eksperimentlərin aparılmasına, müşahidələrin həyata keçirilməsinə və onların nəticələrinin təhlilinə geniş yer vermişdir. Təklif olunan təcrübələr və tapşırıqlar şagirdlərin fəallığını artırmaqla yanaşı, onların müstəqil düşünmə, araşdırma aparma və problemlərin həlli bacarıqlarının inkişafına da müsbət təsir göstərir.

Vəsaitdə layihə və tədqiqat işlərinin təşkili metodikasının təqdim olunması müasir təhsil tələbləri baxımından xüsusilə dəyərlidir. Müəllif şagirdlərin yaradıcı potensialının üzə çıxarılması, onların tədqiqatçılıq fəaliyyətinə cəlb olunması və əldə etdikləri bilikləri real həyat şəraitində tətbiq edə bilmələri üçün zəruri metodik istiqamətlər müəyyənləşdirmişdir. Bu isə tədris prosesinin səmərəliliyini artıran mühüm amillərdən biridir.

Əsərin dili aydın, elmi və anlaşıqlıdır. Mövzuların təqdimatında ardıcıllıq gözlənilmiş, materialların sistemli şəkildə qruplaşdırılması təmin edilmişdir. Müəllif həm nəzəri məsələlərin izahına, həm də onların praktik tətbiqinə eyni dərəcədə diqqət yetirmiş, metodik tövsiyələri konkret nümunələr və təlim situasiyaları ilə zənginləşdirmişdir. Bu xüsusiyyətlər vəsaitin istifadə imkanlarını genişləndirir və onun pedaqoji dəyərini artırır. Kitabda əks olunan fikirlər və metodik yanaşmalar yalnız kimya müəllimləri üçün deyil, həmçinin metodistlər, təhsil tədqiqatçıları, magistrantlar, doktorantlar və pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələr üçün də faydalı elmi mənbə hesab oluna bilər. Təqdim olunan materiallar ümumtəhsil məktəblərində təlim prosesinin təkmilləşdirilməsinə, fənlərarası inteqrasiyanın gücləndirilməsinə və şagirdlərin praktik fəaliyyətə hazırlanmasına mühüm töhfə verir.

Ümumilikdə, “VII sinifdə kimya tədrisinin kənd təsərrüfatı ilə əlaqələndirilməsi yolları” adlı metodik vəsait elmi-nəzəri səviyyəsi, metodik dəyəri, aktuallığı və praktik əhəmiyyəti ilə seçilən sanballı bir əsərdir. Müəllif qarşıya qoyduğu məqsədə nail olmuş, kimya tədrisinin həyatla və kənd təsərrüfatı ilə əlaqələndirilməsi istiqamətində mühüm elmi-metodik nəticələr əldə etmişdir. Əminliklə qeyd etmək olar ki, bu vəsait təhsil ictimaiyyəti tərəfindən maraqla qarşılanacaq, müəllimlərin peşəkar fəaliyyətində faydalı mənbələrdən birinə çevriləcək və tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə öz töhfəsini verəcəkdir.

Bu səbəbdən “VII sinifdə kimya tədrisinin kənd təsərrüfatı ilə əlaqələndirilməsi yolları” adlı metodik vəsaitin nəşrə tövsiyə olunması məqsədəuyğundur.

Taleh Xəlilov

Naxçıvan Dövlət Universitetinin

“Pedaqogika və psixologiya” kafedrasının müdiri,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir