Mətanət Duyğulu – Əzablı yollar

Qəhrəmanlar yazıldıqca yaşayırlar

Vətən uğrunda canından keçən şəhidlərimiz və sağlamlığını qurban verən qazilərimiz xalqımızın qürur mənbəyidir. Şəhid dedikdə gözlərimiz önündə müqəddəs Vətən torpağı canlanırsa, qazi dedikdə həmin torpağın keşiyində dayanaraq onun bütövlüyü naminə ağır sınaqlardan keçən igid oğullarımız yada düşür. Bu gün mənim üçün ən müqəddəs ziyarətgahlar şəhidlərimizin uyuduğu məzarlar və qazilərimizin yaşadığı evlərdir. Belə qəhrəmanlarımızdan biri də Vətən yolunda hər iki gözünü itirən qazimiz Bəhruz Hüseyinlidir.

Bəhruz Hüseyinli 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhid Məmməd kəndində dünyaya gəlib. Həyat onu erkən yaşlarından çətin sınaqlarla üz-üzə qoyub. Uşaqlıq illərinin bir hissəsini baba və nənəsinin himayəsində keçirsə də, bütün çətinliklərə baxmayaraq, qəlbindəki Vətən sevgisini qoruyub saxlayıb. Bu sevgi sonradan onu hərbçi peşəsinə gətirib və Vətənin keşiyində dayanmağa sövq edib.

2023-cü ildə həyata keçirilən antiterror əməliyyatları zamanı Bəhruz Hüseyinli ağır yaralanaraq hər iki gözünü itirib. Bu, bir insan üçün son dərəcə ağır itki olsa da, onun iradəsini və vətənpərvərlik ruhunu sarsıda bilməyib. Əksinə, o, göstərdiyi qəhrəmanlıqla minlərlə gəncə nümunə olub.

Qəhrəmanlarımızın həyat yolu gələcək nəsillərə çatdırılmalıdır. Çünki qəhrəmanlar haqqında yazılmadıqda onlar zamanla unudulur, unudulduqda isə mənəvi olaraq yenidən itirilirlər. Məhz bu düşüncə ilə Bəhruz Hüseyinlinin həyat və döyüş yolunu araşdıraraq “Əzablı yollar” adlı kitabı qələmə aldım. Bu əsər yalnız bir qazinin həyat hekayəsi deyil. Kitab eyni zamanda Vətən sevgisinin, insan iradəsinin, dözümün və mübarizliyin təcəssümüdür. Oxucu burada ağır həyat sınaqlarından keçən, lakin sınmayan və ruhən məğlub olmayan bir Azərbaycan oğlunun taleyi ilə tanış olur.

2026-cı il iyunun 5-də M.F. Axundzadə adına Milli Kitabxanada “Əzablı yollar” kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə elm və mədəniyyət xadimləri, şair və yazıçılar, ictimaiyyət nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak etdilər. Təqdimat mərasimi qazimizin həyat yoluna və ümumilikdə bütün qazilərimizin fədakarlığına göstərilən ehtiramın ifadəsi oldu.

Bu gün Azərbaycanın yüzlərlə qazisi öz sağlamlığını Vətən yolunda qurban verib. Biz onların itirdiklərini geri qaytara bilməsək də, onların qəhrəmanlıqlarını yaşatmaq, adlarını gələcək nəsillərə çatdırmaq və mənəvi dəstəyimizi əsirgəməmək borcundayıq.

Sevindirici haldır ki, Bəhruz Hüseyinli yaxın zamanda ailə həyatı qurub. Ona yeni həyatında xoşbəxtlik, sağlamlıq və səadət arzulayırıq. Qəhrəman qazimizə üz tutaraq demək istəyirəm: sən bəlkə də gözlərinlə dünyanı görə bilmirsən, amma sənin qəhrəmanlığının nuru minlərlə insanın qəlbini işıqlandırır. Sənin fədakarlığın Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Ümid edirik ki, gələcəkdə tibb elminin inkişafı bu kimi ağır yaralar alan insanlara yeni ümidlər bəxş edəcək. Lakin bir həqiqət dəyişməz olaraq qalacaq: Bəhruz Hüseyinli öz adı və qəhrəmanlığı ilə xalqımızın yaddaşında əbədi yaşayacaq. Fotolar:

Müəllif: Mətanət Duyğulu (Süleymanova)

Şair – publisist,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir qrup yazar təltif olunub

“Əsrin yazarı” fəxri medalı laureatları
Son günlər ərzində Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, AYB, AJB və TYB-nin üzvü, Prezident mükafatçısı, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, “Qızıl Qələm” Media Mükafatı, TYB-nin xısusi ödülü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Turan Ödülü” laureatı, veteran pedaqoq, Turan Xalq şairi, ədəbiyyatşünas, yazıçı-publisist, esseist, ustad şairimiz Əfrahim Abbas müəllim ölkənin ədəbi sahəsində xüsusi yeri və çəkisi olan “Yazarlar” ədəbi-bədii, elmi jurnalı tərəfindən “Əsrin yazarı” fəxri medalı ilə təltif edilmişdir. Həmin medal və onun xüsusi şəhadətnaməsi Ustad şairimizin 75 illik yubileyi və “Dünya mənim içimdədir” adlı şeirlər kitabının təqdimat mərasimində ona təqdim edilmişdir.
“Həməşəra” mətbu orqanı olaraq ədəbi mühitimizin fəxarətli və görkəmli nümayəndəsi, əzizimiz və dəyərli dədəmiz Ustad Əfrahim müəllimi ürəkdən təbrik edir, eyni halda əziz ustadımızı belə bir fəxri medala layiq görmüş “Yazarlar” Jurnalının baş redaktoru, Azərbaycan ədəbi mühitinin tanınmış nümayəndəsi, AVMVİB-nin, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, şair və publisist, dəyərlimiz Zaur Ustac müəllimə səmimi minnətdarlığımızı bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
۞ Odlar Yurdu, Azərbaycan Respublikası, Cəlilabad şəhəri, “Tut Bağı” İstirahət Mərkəzi, 10.06.2026

İlqar İsmayılzadə
12.06.2026

© Müəllif hüquqları qorunur! Foto və mətndən istifadə etdikdə istinad mütləqdir!

PƏNCƏRƏDƏKİ KÖLGƏLƏR

PƏNCƏRƏDƏKİ KÖLGƏLƏR

Məktəbin kölgəli həyətində dayanan Dilarənin baxışları qeyri-ixtiyari yuxarıya zilləndi. İkinci mərtəbənin pəncərəsində iki qız kölgəsi bir anlıq görünüb yox oldu. Günəş şüaları şüşəyə düşsə də, o kölgələrin təlaşlı hərəkəti Dilarənin daxilindəki narahatlığı bir az da qatılaşdırdı. Sanki o pəncərənin arxasında bir fırtına qopmaq üzrə idi…
Əslində gözəl bir yaz səhəri idi. Dilarə hər zamankı kimi qızlarını məktəbə ötürürdü. Böyük qızı Əsma bütün gecəni coğrafiya dərsi üçün hazırladığı təqdimata həsr etmişdi. Böyük ölçülü vərəqdə divar qəzeti hazırlayarkən çox yorulmuşdu, amma nəticə möhtəşəm idi. Kiçik qızı Nəsrin isə bacısından cəmi bir yaş kiçik olsa da, dərsləri daha tez bitirdi. Evləri məktəbə yaxın olsa da, Dilarə uşaqları özü aparıb-gətirirdi.
Həmin gün Nəsrin dərsdən tez çıxmalı idi. Dilarə nədənsə evdən 30 dəqiqə tez çıxdı; sanki ana ürəyini nə isə narahat edirdi. Həyətdə gözləyərkən yuxarı baxanda Əsmagilin sinif pəncərəsində nümayəndə Məleykəni və sakitliyi ilə seçilən Aytəni gördü. Əllərində nə isə tutmuşdular. Dilarəni həyətdə görən kimi hər ikisi diksindi və cəld pəncərədən uzaqlaşdılar.
Zəng çalındı, Nəsrin gəldi. Amma Əsmanın hələ bir dərsi — coğrafiyası qalmışdı. Şagirdlər idman dərsindən çıxıb sonuncu dərsə girməli idilər. Dilarə uzaqlaşmaq istəyəndə, birdən məktəbin qapısında Əsmanı gördü. O, sinif yoldaşları ilə birlikdə hönkürtü ilə ağlayaraq həyətə qaçırdı. Valideynlər çaşqınlıq içində idi.
Dilarə cəld qızına tərəf qaçdı:— Əsma, sakitləş, qızım! Nə olub?— Ana… idmandan qayıdanda gördük ki, bütün sinfin hazırladığı divar qəzetlərini tikə-tikə edib yerə töküblər. Mənim zəhmətim… hər şey məhv oldu! — deyə Əsma hıçqırdı.
Dilarə soruşdu:— Bəs idmana gedəndə qapını niyə bağlamamısınız?— Aytənlə Məleykə özlərini pis hiss edirdilər deyə müəllimdən icazə alıb sinifdə qalmışdılar. Qayıdanda gördük ki, artıq hadisə baş verib. Onlar da çox pis haldaydılar…
Həmin an Aytən hönkürtü ilə ağlayaraq qaçıb Əsmanı möhkəm qucaqladı. O qədər səmimi ağlayırdı ki, heç kimin ağlına da gəlməzdi ki, bu qızın kədəri saxtadır. Amma Dilarə pəncərədə gördüyü o gizli hərəkətləri unutmamışdı.
Tezliklə sinif rəhbəri gəldi. Səs-küy içində valideynlər hadisəni başqa siniflərin üstünə atırdılar. Aytənin anası isə “bir parça kağıza görə uşaqların danlanmasına” əsəbləşirdi. Dilarə isə sakitcə müəlliməyə yaxınlaşdı:— Hadisəni Aytənlə Məleykə törədib. Onları dindirib deyin ki, “Əsmanın anası hər şeyi görüb”.
Kameralar yoxlanıldı, sinfə kənar şəxsin girmədiyi təsdiqləndi. Məleykə daxili qorxusuna tab gətirməyib hər şeyi etiraf etdi:”Səhər hamı Əsmanın işini bəyənəndə, Aytən qısqandı. Dedi ki, tək Əsmanın qəzetini cırsaq, bizdən şübhələnərlər, gəlin hamısını məhv edək ki, iz itsin. Hətta pəncərədən gül dibçəyini də həyətə atıb günahı başqasının üstünə yıxacaqdıq, amma Əsmanın anası bizi pəncərədən gördü deyə planımız pozuldu…”
Hadisədən sonra Məleykənin ailəsi regiona köçməli oldu. Aytən məktəbdə qalsa da, artıq heç kim onunla dostluq etmirdi; o, tənha şəkildə “oxumağa” davam etdi. Əsma isə bütün bu çətinliklərə baxmayaraq, zəhmətinin bəhrəsini gördü — imtahan verib nüfuzlu bir liseyə qəbul oldu. Dilarə isə qızını yeni məktəbinə yola salarkən anladı: Həqiqət pəncərənin o tərəfində gizlənsə də, ana ürəyindən qaça bilməz.Dilarə qızını yeni məktəbinə yola salarkən pəncərədən süzülən işığa baxıb gülümsədi. O anladı ki, həqiqət bəzən pəncərənin o tərəfində, kölgələrin arasında gizlənsə də, ana ürəyinin nurundan heç vaxt qaça bilməz.

19.04.2018

Müəllif: D.Mirzə

D.MİRZƏNİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

D.Mirzə – ƏS, EY KÜLƏK!

ƏS, EY KÜLƏK!

Əs, ey külək, əs, ey külək!
Hər tərəfə xoşbəxtlik yay.
Bizi tapsın o saf dilək,
Dünyamıza nur saçsın ay.

Gözlərində sevgi yansın,
Ürək vursun pərvanətək.
Qoy bu dünya soraqlansın,
Bizim xəyal dünyamıztək.

Əs, ey külək, apar bizi,
O sonsuz sevgi bağına.
Sil ürəkdən hər bir izi,
Qovuşdur arzu dağına.

GÖZƏL BAKIM

Səhər açır pəncərəni yeliylə,
Salamlayır Bakı bizi sevgiylə.
Kiçik, şirin möcüzəli sehriylə,
Unutdurur dərdi, qəmi eşqiylə.

Dəniz mehi və isti çay,
Həyat verib bizə bir pay.
Səndən başqa yoxdur bir tay,
Gülüşünü dünya duyar, gözəl Bakım!

Gecələr parlayır işıqlarıyla,
Xəzər dalğalanır öz sularıyla.
Sevgimiz yayılır mahnılarıyla,
Yeni dastan yazır arzularıyla.

SEVDALI RUHLAR

Ruhumuz birləşib sevgiyə döndü,
Cismən ayırdılar, sanki ruh öldü.
Səmada parlayan günəşin, ayın,
Sandılar şəfəqi sonadək söndü.

Hamı sevdamıza qarşı gəlsə də,
Sevgimiz qovuşub həsrəti böldü.
Zaman tabe oldu ruhun səsinə,
Qayıtdıq biz eşqin ilk nəfəsinə.

Məsafə əyildi sevgi önündə,
Çünki ruhumuzda sönmədi o köz.
Bitdi, demişdilər bu böyük sevda,
Amma sadiq qaldı verdiyimiz söz.

Müəllif: D.Mirzə

D.MİRZƏNİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ŞƏHADƏT ZİRVƏSİ

ŞƏHADƏT ZİRVƏSİ –
İmam Hüseyn (əs)

Məhərrəm ayı Hz.Məhəmməd (əs) İslamının Müaviyə -Yezid (ikisinə də Allahın lənəti olsun) – Əməvi “İslam” ından xilas olduğu aydır.
İmam Hüseyn haqdır! Məlun, mülhid Yezid və onun səfində dayananlar – Ubeydulla ibn Ziyad, Ömər ibn Səd, Şümr ibn Zilcövşən və başqaları isə batildir.Kərbəla döyüşünü Yezid və amansız ləşkəri udmuş görünsə də, əbədi haqq, bəşəri səadət savaşında zəfər qazanan İmam Hüseyn və onun cəddidir! Türk milləti, Azərbaycan xalqı üçün Kərbəla bir ibrət qaynağı, bir dərs olayıdır.Nəcib ulus olaraq hərdaim İmamın yanında durmuş, 680-ci ildən bəri köksümüzü Həzrəti Hüseyn eşqi ilə süsləmişik.Zatən 72 nəfərdən ikisinin soydaşımız olduğunu da böyük Füzuli öz əsərində – “Hədiqətüs-Süəda” da yazmışdı.
Bu müsibətə təkcə Əhli-beyt əzadarlığı kimi baxmamışıq, Kərbəla fədailərini canımızdan, qanımızdan, tənimizdən olanların faciəsi kimi görmüşük.İmamın şəninə min illərdir qəsidələr – mərsiyələr, növhələr ithafında bulunmuşuq – İzzəddin Həsənoğlu, Ənbəroğlu, Fəzlullah Nəimi, İmaməddin Nəsimi, Gürzəddin Həbibi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Qövsi Təbrizi, Şahi Şərqi, Mirzə Nəsrulla bəy Didə, Molla Pənah Vaqif, Baba bəy Şakir, Qasım bəy Zakir, Əbülhəsən Raci, Allahi Arif, Xurşidbanu Natəvan, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Mehdi bəy Şəqaqi, Əliağa Vahid, Məhəmmədhüseyn Şəhriyar, Bakir, Sərraf və neçə-neçə klassiklərimizin timsalında zülmə alqış tutanları qınamış, Peyğəmbər nəvəsinə ehtiram və sayğımızı bəyan etmişik.Əməvilərin ünvanına Allahın lənətini yağdırmış, bu yanaşma ilə nəcib əslimizə, ulu soykökümüzə yaraşan şəkildə davranmışıq.Təriqət gülü olan İmam Əlinin haqqını tapdayanları haqlı olaraq dışlamış; Peyğəmbərə asi çıxmış, yalançı müsəlman libasına bürünmüş
Bəni – Üməyyəni – Əbu Süfyan (lənət olsun) və övladlarını Şam, Bəsrə və başqa məmləkətlərə vali kimi görəvlərə təyin etmiş, bir növ əfi ilanları qoynunda bəsləmiş xəlifələr – Əbu-Bəkri, Öməri, (Müaviyəni Şama vali məhz İkinci Xəlifə Ömər təyin eləmişdi) Osmanı
(Xəlifəliyinin 6-cı ilindən etibarən hakimiyyəti büsbütün Əməvilərə vermiş, bütün hakimləri yaxın qohumu Müaviyənin simsarlarından təyin etmiş, beləcə xilafətin səltənətə uzanan yollarını açmışdı.Onlar da öz növbəsində fitnələr çıxarmış, minlərlə müsəlmanın qanının töküldüyü Cəməl və Siffeyn döyüşlərinə (bəzi mənbələr təkcə Siffeyn döyüşündə həlak olanların sayını 70 min civarında göstərir) bais olmuşlar.Əməvilər bunu da kafi görməmişlər, Qurani-şərifi dəfələrlə təhrif etmək, yanlış yozmaq cəhdində bulunmuşlar, Hz.Əliyə sonrakı dönəmlərdə minbərlərdən hədyanlar söyləmiş, ünvanına böhtanlar yağdırmış, saxta on minlərlə hədis uydurmuşdular: Guya peyğəmbər demiş:
“Ya Osman, mələklər belə səndən həya edirlər” kimi…) əsla qəbul etməmişik, Hz.Məhəmməd irsinə xilaf çıxmaqda onları suçlamışıq.
“Bu tarixi olaylarda zülm edənlə, zülmün yanında bulunmuşlar zatən eyni pay sahibləridir” – deyibən doğru tövrümüzü sərgiləməkdən əsla saqınmamışıq.
Allah ulusumuzu nahaqdan qorusun və İmam Hüseyn məhəbbətini könlümüzdə payidar qılsın!
Məhərrəm ayını İmamın adına layiq şəkildə yaşamağımıza vəsilə eləsin! Çünki Şəhadət zirvəsi olan İmam Hüseyndən (əs) alacağımız çox ibrət var ki, həmin ibrətlərin siqləti bir ömrü qapsayacaq qədər nəhəng və manidardır.

16.06.2026
Bakı

Turan Uğur
AYB-nin üzvü