ƏFRAHİM ABBAS: GÖRKƏMLİ ZİYALI, BÖYÜK SÖZ USTASI

ƏFRAHİM ABBAS: GÖRKƏMLİ ZİYALI, BÖYÜK SÖZ USTASI
(Cəlilabad ədəbi mühitinin görkəmli siması, yazıçı, şair-publisist Ustad Əfrahim Abbasa ithaf olunur!)

Cəlilabad rayonu və xüsusilə də Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli, eyni halda fəxarətli nümayəndələrindən biri də ədəbiyyat sahəsində peşəkarlığı qədər təmiz ürəyi və ziyalı şəxsiyyəti ilə tanınan və hörmətə layiq görülən şair, yazıçı-publisist, esseist və ədəbiyyatşünas, Turan Xalq şairi Əfrahim Abbasdır.
Bu qısa təqdimat yazısında görkəmli ustad şairimiz Əfrahim müəllimlə bağlı məlumat və şəxsi təəssüratımı qələmə almaq və bununla da dəyərli ustadımızı gənc nəsilə daha yaxından tanıtdırmağa çalışacam…

Qısa bioqrafik məlumat:
Əfrahim Abbas (Abasov Əfrahim Rzalı oğlu): 1951-ci ilin iyun ayının 10-da Astraxanbazar (indiki Cəlilabad) rayonunun Şabanlı kəndində anadan olmuşdur. 1968-1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil almışdır. 1972-ci ildən etibarən 2021-ci ilə kimi Cəlilabad rayon Şabanlı kənd tam orta məktəbində riyaziyyat-fizika müəllimi işləmişdir. 1976-1977-ci illərdə ali təhsilli olduğu üçün 1 illik hərbi xidmətdə olmuşdur.
Ədəbi mühitdə “Əfrahim Abbas” təxəllüsü ilə çıxış edən Əfrahim müəllimin ilk dəfə 10-cu sinifdə oxuyarkən “Amerikanın faciəsi” adlı şeiri “Kommunist” qəzetində çap olunub. O dövrdən də mütəmadi olaraq yaradıcılıqla məşğul olmuşdur.
Poeziya sahəsindəki uğurlu fəaliyyəti ilə yanaşı pedaqoji sahədə də rayonun önəmli və uğurlu müəllimlərindən biri olmuşdur. Onun pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. İndiyədək 15-ə yaxın fəxri-fərmanla, ilin müəllimi müsabiqəsində I dərəcəli diplomla mükafatlandırılmış, Azərbaycan Maarif Nazirliyi tərəfindən “Metodist müəllim” və “Ali dərəcəli müəllim” adlarına layiq görülmüşdür.
Tələbəlik illərindən etibarən respublikanın bütün dövrü mətbuatda şeirləri çap olunub. Qələmə aldığı şeirləri 1972-ci ildən etibarən rayon mətbuatında da vaxtaşırı çap olunur. O, rayonumuzun dəyərli ziyalılarından biri olaraq müqəddəs müəllimlik peşəsi ilə yanaşı həm də bacarıqlı yazıçı-şair olmuş və hal-hazırda Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndələrindən biridir.
Əfrahim Abbas müxtəlif səpgidə yazılmış şeirlər, poemalar və qəzəllərlə əhatələnən 7 kitabın və bir tarixi romanın müəllifidir.
Məlumat üçün qeyd etmək lazımdır ki, 19.04.2011-ci il tarixdə nəşr edilmiş, 1054 səhifəlik, “Azərbaycan Yazıçıları XX-XXI yüzillikdə” kitab-ensiklopediyasında haqqıda (səh.230) qısa məlumat verilmişdir.
Şeirin Əruz vəznində, eləcə də satira janrında xüsusi məharəti olan Əfrahim müəllim Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvü, Turan Xalq şairi, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, “Qızıl Qələm” Media Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, TYB-nin xüsusi Ödülü və “Turan Ödülü”, həmçinin, və “Əsrin yazarı” medalının laureatıdır. Ailəlidir, 5 övladı (iki oğlu, 3 qızı) və 9 nəvəsi var.

Əfrahim adının mənası:
Əfrahim (və ya İfraim) adı ibrani (yəhudi) mənşəli kişi adı olub, “bərəkətli”, “məhsuldar” və ya “ikiqat bərəkət” mənasını verir. Müqəddəs Tövratın “Yaranış” kitabında yazıldığına görə, bu ad, İsrail oğullarının tanınmış peyğəmbəri həzrət Yusifin oğlunun adı kimi tanınır. Həmçinin, mələk adı ilə də əlaqələndirilir.

Əsərləri:
Əfrahim müəllim Abbasın indiyədək işıq üzü görmüş əsərləri aşağıdakılardan ibarətdir:

  1. “Adınla başladım” (Şeirlər);
  2. “Qaytar özümə zalım dünya” (Seirlər);
  3. “Azadlıq aşiqiyəm” (Şeirlər);
  4. “Anama borcluyam mən” (Şeirlər);
  5. “Dad əlindən zalım dünya” (Poema);
  6. “Sən niyə tənhasan” (Şeirlər);
  7. “Məhv edilmiş iki tale” (Tarixi roman);
  8. “Dünya səndən gedəcəyəm” (Şeirlər);
  9. “Dünya mənim içimdədir” (Şeirlər və qəzəllər).
    Məlumat üçün qeyd etmək lazımdır ki, Əfrahim müəllimin hələ işıq üzü görməmiş “Yadplanetli gəlin” adlı bir povesti də vardır.

Subyektiv baxışım:
Belə bir atalar sözü var: “Görünən dağa nə bələdçi?” Bu hikmətli atalar sözündə məqsəd odur ki, bəzən elə insanlar var ki, onların təqdimata heç bir ehtiyacı olmur. Bu söz daha çox şəxsiyyəti, kimliyi, sözü, işi və davranışı göz önündə olan və tanınan insanlar haqqında işlənir.
Görünən dağa bələdçi lazım olmadığı kimi, Cəlilabad ədəbi mühitinin görkəmli və aydın nümayəndəsi Əfrahim Abbasın da təqdimata ehtiyacı yoxdur. Çünki o, varlığı, şəxsiyyəti, dəyərləri ilə öz adı və təsirini təsbit etmişdir. Lakin düşünürəm ki, bəzən böyük və əzəmətli bir dağ insanların gündəlik müşahidəsi altında olduğu bir halda ondan xəbərsiz və ona qarşı etinasız ola bilərlər. Bunu bəzi aydın və görkəmli insanlar barədə də müşahidə etmək mümkündür. Hər halda insanların məlumat azlığı, diqqətsizlik, hər kəsə adəti üzrə yanaşma tərzi və digər səbəblər ucbatından bu sahədə haqsızlıqlar ola bilər. Bu baxımdan, cəmiyyətin dəyərli və görkəmli simalarını səmimiyyət və ədalət çərçivəsində olduğu kimi təqdim etmək və dəyərləndirmək bir zərurətə çevrilir. Məhz buna görə, dəyərlimiz Əfrahim Abbas müəllimi də təqdim etmək lazımdır.
Heç şübhəsiz, bu qəbil təqdimatlar məddahlıq və yaltaqlıq deyil, əslində dəyərli olanı dəyərləndirmək, eyni halda onu tanımayanlar və xüsusilə də gənc nəsilə daha çox tanıtdırmaq, həmçinin, bütün bunların çərçivəsində həm də dəyərləri təbliğ etmək və yaşatmağa xidmət göstərən müqəddəs bir işdir.
Bu izahlardan sonra Əfrahim müəllim barədə öz səmimi və subyektiv baxışımı təqdim etmək istərdim: Cəlilabad ədəbi mühitində “Əfrahim Abbas” təxəllüsü ədəbiyyat sahəsində ustad, Əruz elminin mükəmməl bilicisi, ədəbi təhlilçi və tənqidçi, peşəkar şair, bacarıqlı yazıçı və esseist olmaqla yanaşı, həm də bütün ədəbi bacarığı və ustalığı qədər əsil ziyalı və insani dəyərlərin daşıyıcısı olan bir əziz pedaqoq, ziyalı insan və görkəmli şəxsiyyət mənaları ilə bərabərdir. Çünki bu təxəllüs bütün bunları onu yaxından tanıyan dinləyicinin zehnində canlandırır.
Əfrahim Abbasın poeziya dünyası dərin, qiymətli və mükəmməldir. İstənilən mövzuda, həmçinin, istənilən vəzn və formada qələmə aldığı şeirlərin dili rəvan, oxunaqlı, sərrast və yetərli, həmçinin, dinləyicinin qəlbinə yol tapa bilən poeziya nümunələridir. Bu xüsusiyyətlər onun müxtəlif mövzularda qələmə aldığı esselər və hekayələrdə də özünü göstərir. Bu da onun sözün həqiqi mənasında bacarıqlı qələm sahibi və məharətli söz ustası olduğundan xəbər verir.
Əfrahim müəllim tək və sadə bir insan deyil, bütün varlığı və ədəbiyyat sahəsində malik olduğu bacarıqları ilə görkəmli bir ustaddır.
Onun ən bariz xüsusiyyətlərindən biri də hər zaman öz milli kimliyi, milli-mənəvi dəyərləri və dövlətçilik ənənələrinə sadiq qalmasıdır. Heç bir zaman özünü başqalarından üstün tutmaz, qələm yoldaşlarının uğurundan rahatsız olmaz, gənclərə dəstək verməkdən isə əsla usanmaz. Ziyalı xüsusiyyəti ilə yanaşı dostlar və əzizlərlə ünsiyyətlə hər zaman şən, zarafatçı olsa da, zarafatlarında kimisə alçaltmır və ya kiminsə qəlbini qırmır. Buna görə də istər ədəbi mühitdə, istərsə də cəmiyyət arasında gənc nəsilin sevimlisidir.
Həyatda və xüsusilə də ədəbi mühitdə söz və qələm sahibi olmaq, məharətlə qələm işlədib bir-birindən gözəl və samballı şeirlər, mənalı və düşündürücü esselər, hekayələr, povest və romanlar yazmaq bir çoxlarının əlindən gələ bilər. Lakin ədəbiyyat sahəsindəki bacarıq və məharətlə yanaşı həm də həyatda sözün həqiqi mənasında gözəl, mədəni, etikalı və ləyaqətli bir insan və ziyalı şəxsiyyət olmaq hər kəsin bacarığı çərçivəsində deyil. Lakin etiraf etmək lazımdır ki, Əfrahim Abbas müəllim ədəbiyyatla ziyalılığı bir-birinə möhkəm calamış əziz və dəyərli bir şəxsiyyətdir. Buna görə, onun adını dilə gətirəndə v əya qələmə alanda insanın qəlbi rahatlaşır və istər-istəməz fəxarət və qürur hissi keçirir. Bütün bu sadalananlar Əfrahim Abbas şəxsiyyətinin ayrılmaz parçası sayılır…

Arzu və diləklər:
Bu təqdimat yazının sonunda Ulu Tanrıdan bu il 75 illik yubileyini qeyd edən doğma elimizin əziz və dəyərli ziyalısı, Cəlilabad ədəbi mühitinin fəxarəti və görkəmli nümayəndəsi, ustad şair, publisist və esseist, AYB, AJB və TYB-nin üzvü, Turan Xalq şairi hörmətli Əfrahim müəllim Abbasa və əzizlərinə uzun, sağlam, mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yeni-yeni yaradıcılıq uğurları diləyirəm!

İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
09.06.2026

Cəlilabad ədəbi mühitindən yeni kitab

Cəlilabad ədəbi mühitindən yeni kitab
(Qəzəlxan şair Ustad Əfrahim Abbasın işıq üzü görmüş doqquzuncu ədəbi kitabının təqdimatı)
Son günlər ərzində işıq üzü görmüş yeni kitablardan biri də Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvü, Prezident mükafatçısı, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, “Qızıl Qələm” Media Mükafatı, TYB-nin Ödülü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Turan Ödülü” laureatı, veteran pedaqoq, ədəbiyyatşünas, yazıçı-publisist, esseist, ustad şairimiz Əfrahim Abbasın “Dünya mənim içimdədir” adlı şeirlər və qəzəllər toplusudur.

Ümumi məlumat:
Kitabın adı: “Dünya mənim içimdədir” (Şeirlər və qəzəllər)
Müəllif: Əfrahim Abbas
Ön söz: Əlizadə Nuri (AYB-nin üzvü, “Dəfnə yarpağı”, “Hüseyn Cavid” və “Məmməd Araz” mükafatları laureatı, şair)
Korrektor və təqdimat: İlqar İsmayılzadə (fəlsəfə üzrə fəlsəfə doktoru, AYB, AJB və TYB-nin üzvü, yazıçı-publisist)
Nəşrə hazırlayan: “Həməşəra” mətbu orqanı
Naşir: “İmza” Nəşrlər Evi, Bakı
Nəşr olunduğu il: 2026
Çap növbəsi: Birinci
Kağız formatı: 60×90 1/16
Səhifə sayı: 188 səhifə.

Kitab barədə:
Kitab tanınmış şair Əlizadə Nurinin ustad şairimiz Əfrahim Abbasın yaradıcılığı və şeir sahəsində xüsusi peşəkarlığı barədə qələmə aldığı ön sözlə başlamış, ardınca mənim ustad şair Əfrahim müəllimin həyat yolu və ədəbi yaradıcılığı barədə geniş təqdimatımla davam etmişdir. Məhz bundan sonra onun qələmə aldığı onlarla bir-birindən gözəl və mənalı şeir və qəzəlləri təqdim edilmişdir.
Görkəmli ustad şairimiz Əfrahim Abbasın oxucularının görüşünə gəlmiş doqquzuncu kitabı onun müxtəlif illərdə qələmə aldığı və müxtəlif mövzuları ehtiva edən bir-birindən gözəl, sərrast və dərinmənalı şeirləri və qəzəllərinin toplusudur.
“Dünya mənim içimdədir” şeirlər və qəzəllər kitabı şairin illər boyu qəlbində yığılıb daşan düşüncələrinin, hisslərinin və mənəvi axtarışlarının poetik ifadəsidir. Kitabda yer almış 125-dən çox şeir və qəzəllərdə sevgi, vətən, ana, insan, zaman, həsrət, ayrılıq, ümid, inam və fəlsəfi düşüncələr öz sözünü deyir.
Ustad Əfrahim Abbasın doqquzuncu kitabı əslində oxuculara öz daxili dünyasına açılan bir pəncərə təqdim edir.
Həmin şeirlər və qəzəlləri oxuyarkən şairin daxili duyğularının nə qədər təmiz, saf və əsrarəngiz olduğu ilə yanaşı əsil və həqiqi ustad şair olduğunu təsbit etmək mümkündür.

Təşəkkür və arzular!
Burada fürsətdən istifadə edib Cəlilabad ədəbi mühitinin görkəmli siması və ustad şairlərindən olan Əfrahim müəllim Abbası nəşr edilmiş sayca doqquzuncu kitabı münasibətilə ürəkdən təbrik edir, kitabın nəşrə hazırlanması sahəsində mənə göstərdiyi etimada görə səmimi minnətdarlığımı bildirirəm!
Ədəbi mühitimizin ustad şairi, eyni halda öz davranışı və danışığı ilə ziyalı siması və “Əfrahim dədə”sinə çevrilmiş dəyərlimiz Əfrahim müəllimə Ulu Tanrıdan uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Bu arada kitabın yüksək keyfiyyətlə nəşrində rolu olmuş “İmza” Nəşrlər Evinin rəhbəri, dəyərli qardaşım Səbuhi bəy Aslana və eləcə də kitabın peşəkar dizayneri, dəyərlimiz Nigar xanım Sadıqovaya təşəkkürümü bildirir, onların hər birinin məsud olmasını arzulayıram!

İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
07.06.2026

Zaur Ustacın “Ağçiçəyim” şeiri haqqında

Qışın qoynunda açan ümid çiçəyi
(Zaur Ustac – Ağçiçəyim şeiri)
    Azərbaycan poeziyasında təbiət obrazları həmişə insan duyğularının, mənəvi saflığın və həyat eşqinin ifadə vasitəsi olmuşdur. Müasir Azərbaycan ədəbiyyatının məhsuldar qələm sahiblərindən olan Zaur Ustac də bu ənənəni uğurla davam etdirən sənətkarlardandır. Onun “Ağçiçəyim” şeiri sadə həcmə malik olsa da, dərin məna yükü, poetik səmimiyyəti və rəmzi obrazları ilə oxucuda güclü təəssürat yaradır. Şeir müəllifin müxtəlif nəşrlərində və ədəbi portallarda yayımlanmışdır.
     “Ağçiçəyim” ilk baxışda təbiət təsviri təsiri bağışlasa da, əslində burada həyatın ən çətin anlarında belə ümidin, gözəlliyin və saflığın yaşaması ideyası ön plana çəkilir. Şair qışın sərt hökm sürdüyü bir məqamda gözlənilmədən çiçək görür:
“Qış tüğyan edirdi ömür bağında,
Hamı süst yatırdı ağ yorğanında,
Qəfil gördüm səni bar budağında,
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!”

Bu misralarda “ömür bağı” insan həyatının poetik modelidir. Qış isə yalnız təbiət hadisəsi deyil; çətinliklərin, durğunluğun, ümidsizliyin rəmzidir. Belə bir vaxtda ağ çiçəyin görünməsi həyatın yenilənməsi, ruhun oyanışı və gələcəyə inam kimi mənalandırılır. Şair çiçəklə salamlaşır, ona “günaydın” deyir. Bu müraciət tərzi əsərə xüsusi səmimiyyət və canlılıq gətirir.
     Şeirin ikinci bəndində ağ rəngin poetik gücü diqqəti cəlb edir:
“Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara,
Bu, qarlı qış hara, tər çiçək hara…”

Burada ağ çiçək saflığın, mənəvi təmizliyin və ilahi gözəlliyin simvoluna çevrilir. Şairin müqayisəsi son dərəcə təsirlidir: qarın özü belə çiçəyin yanında qara görünür. Bu bədii ifadə vasitəsi ilə müəllif çiçəyin qeyri-adi gözəlliyini və seçilmişliyini vurğulayır. Oxucu hiss edir ki, söhbət yalnız bir çiçəkdən deyil, insan həyatında qarşılaşılan ən saf duyğulardan, bəlkə də sevgidən, ümiddən və ya mənəvi kamillikdən gedir.
     Şeirin üçüncü bəndi müəllifin daxili təvazökarlığını nümayiş etdirir:
“Əllərim pak deyil oxşayım səni,
Həddim o hədd deyil qoxlayım səni,
Bağbanam borcumdur yoxlayım səni…”

Bu misralarda lirik qəhrəman özünü gözəlliyin qarşısında məsuliyyət daşıyan bir bağban kimi təqdim edir. O, çiçəyi sahiblənmək və ya ona hökm etmək istəmir. Əksinə, onu qorumağı, yaşatmağı öz vəzifəsi hesab edir. Bu yanaşma insanın təbiətə, gözəlliyə və müqəddəs dəyərlərə münasibətinin poetik ifadəsidir.
      “Ağçiçəyim” şeirinin əsas üstünlüklərindən biri onun sadə və anlaşıqlı dilidir. Şair mürəkkəb poetik konstruksiyalara müraciət etmədən dərin fəlsəfi məzmun yarada bilir. Təbiət mənzərəsi ilə insan ruhunun vəziyyəti arasında qurulan paralellər əsərin emosional təsir gücünü artırır. Məhz buna görə şeir həm klassik poeziya ənənələrinə bağlıdır, həm də müasir oxucunun duyğularına yaxın gəlir.
        Ədəbiyyatşünasların və tənqidçilərin Zaur Ustac yaradıcılığı haqqında yazılarında da onun təbiət obrazları vasitəsilə insanın daxili aləmini ifadə etmək bacarığı xüsusi qeyd olunur. “Ağçiçəyim” şeiri müəllifin sevgi, təbiət və mənəvi saflıq mövzularına həssas münasibətinin uğurlu nümunələrindən biri kimi dəyərləndirilir.
        Nəticə etibarilə, “Ağçiçəyim” qışın qoynunda açan bir çiçəyin təsviri ilə başlayıb insan ruhunun işığına çevrilən poetik əsərdir. Bu şeirdə ağ çiçək yalnız təbiət hadisəsi deyil, həm də ümidin, gözəlliyin, saflığın və həyat eşqinin rəmzidir. Zaur Ustacın səmimi və obrazlı qələmi sayəsində bu kiçik həcmli şeir oxucunun yaddaşında uzun müddət yaşayan mənəvi bir tabloya çevrilir.

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

SƏNİ ELƏ SEVDİM Kİ!..

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İlham Zeynallı – 60

“SÖZÜN QOHUMU” –
İlham Zeynallı – 60

Nə bəxtiyardır o kəslər ki, öz qohumlarından savayı söz qohumları da var.Nə məsuddur o insanlar ki, bir süfrənin, bir masanın ətrafına məhz sözün qohum-əqrabası kimi yığışırlar.Eli elindən ayrı, yolu yolundan fərqli oğulları söz rüzgarının ifçin əsintiləri bir ortama yığa bilirsə, deməli, qohumluq da əbədidir, dostluq da.Yaşı altmışa dayanan, fəqət yetmişinə yetməyi hədəfləyən, səksənindən əsla səksənməyən, həyatı dolu-dolu yaşamağa layiq biridir İlham Zeynallı.İlham Zeynallı AzTV-nin sağlam jurnalistlərindəndir.Mailə Muradxanlı, İbrahim Göyçaylı məktəbinin yetirməsidir.Yeniyetməliyinin cır səsi ilə bizi haylayan şeirləri də var, sətirləri qəzet və dərgilərdən qanrılıb baxan məqalələri, oçerkləri də.Azərbaycan Radiosunda 1992-ci ildən silsilə verilişlər də hazırlayıb, televiziyanın “Ədəbi-dram verilişləri” redaksiyasında “Məhək daşı” kimi proqramlar da.Fərqli redaksiyalarda, fərqli janrlarda özünü ifadə etsə də, hərdaim sözün hizmətində dayanıb yubilyarımız.Səsli-küylü, təmtəraqlı şəkildə özünü göstərməklə işi yoxdur Zeynallının.
“Gündəlik işini vicdanla, bəzək-düzəksiz yerinə yetir, bəsimizdir.” Pafosdan, patetikadan uzaq, amalı bu qədər sadədir İlham müəllimin.İlham Zeynallı sırf jurnalistdir, yaxşı yazıçı da ola bilərdi, lakin ustad şairimiz rəhmətlik Məmməd İsmayıl demiş:
“Dönər budaqlara ömrün illəri,
Asılar çiynindən oğul-uşaqlar”
Yəni ailə qayğıları sənə pərvazlanıb uçmağa rüsxət verməz, elə hey deyər:
“Hara gedirsən, məni dünyaya gətirmisən, yaşatmalısan”
Dünyaya gəlmək məsələsində bir hovur dayanaq:
Zeynallının bu cahana təşrif buyurduğu ulu Şirvan torpağıdır, qədim yurd yerimiz Şamaxıdır və Şamaxının bir addımlığında lövbər salan Əngəxaran kəndidir.1966-cı ilin 12 iyunu təvəllüd tarixidir.60 illik yolun cığırları Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsindən də keçəcəkdi, uzaq Çelyabinsk şəhərində 2 illik əsgər həyatından da.İlham müəllimin gəncliyi dünyanın əminamanlıq çağına yox, məhz aranın qarışdığı, məzhəbin itdiyi vaxtlara tuş gələcəkdi.
“Keçid dövrü”- deyibən bəzən körpsünü keçə bilmədiyimiz ərzin dolanbaclarını aşmaq vardı.Ömür ağacından “qayğı” adlı meyvəni döşürəcək, “zülm” adlı bəhəri də dərəcəkdi.
Amma Müstəqilliyimizin bərpası illərinə də, Zəfər savaşımıza tanıqlıq da yazılıb Zeynallının 60 illik ömür hekayətinə.
Onu deyirdim axı…
Folkloruna, ədəbiyyatına, söz-sovuna heyranlıq duyduğumuz bir elin yetirməsidir.Tərəkəmə “Padar” tayfasının zillətli yaylaq-qışlaq günlərini görən, əməkçi Usub kişinin nəvəsi, Adil atanın oğlu kimi atıldı bu həyata.Ruzi-pədəri hər zaman İlham Zeynallıya halal şəkildə ötürüldüyündən, özü də belə dövran sürməyə adət elədi.
Görünür,
-“Mən çoxlu var gəzməmişəm,
Bircə tikə bəsim olub” – deyən şair Sücaətin haqq misralarını da yaxşıca əzbərləyibmiş.Ona görə də hər gördüyündən göz kirəsi istəməz, “az” ı əsla az bilməz, həmişə “pis odur ki, olmasın” deyimini savunar.
Ancaq bütün bu məziyyətləri ilə İlham müəllim heç də üzüyola, naçar təsiri bağışlamamalıdır.Yeri gələndə, haqqını tələb etməyi də bacarar, nənəm demiş: “Bildiyini kimsəyə verməz”.Yəni
“bu iş belədir, mən belə bilirəm vəssəlam!” söyləməyi də var. Bu barışmaz mövqeyi ilə bəzən kiməsə diş də qıcayar, lap uşaq kimi cırnayar da. Amma beşcə dəqiqə sonra boynunu bir qədər yana bükər, çöhrəsinə təbəssüm qonar, humanist damarı tutar və bu zaman söhbətləri yumordan, zarafatdan xali olmaz.”Efirqabağı nəzarət şöbəsi” nin rəisi kimi hansısa verilişdə hansısa nöqsanı aşkarlayanda
“Qadası, bəlkə bu kadrı çıxarasan, qadası bəlkə bu sözü verməyəsən” – deyə fikrini də bildirər.Ancaq o yerdəki sən haqlısan ikiəlli səninlə razılaşmağa həmişə amadədir.İlham Zeynallı bütün insanların fikrinə sayğı ilə yanaşar.Mənimlə söhbət əsnasında
“Bu Əli yolu haqqı” – deməyi bir Şirvanlı balasının bir həmşəri övladına qucaq açmağı kimi yozulmalıdır.Buna bizim tərəflərdə “ərdəmli insan” da deyirlər.Alicənablığın miqyası məhz belə nüanslarla ölçülmürmü?!
İlham müəllim fərqli mülahizələrə də açıq insandır.Onunla dil məsələsində dəfələrlə fikir ayrılığımız da olub, ancaq fundamental məqamlarda türkün şərəfli mazisi, uca məqamı, mübarək xisləti, nəcib niyyəti məsələlərində yalnız yek hədəfə vurmuşuq.
İlham Zeynallı məqsədlərinə çatmayanda gileylənən, narahat olan adamdır.Narazılığı da bəs qədərdir ki, bu da təbiidir.Narazı adam o insandır ki, nəinsə, kiminsə təəssübünü çəksin.Bu narazılıq ən kiçik məişət məsələsindən ən ülvi mətləblərə qədər uzana bilər.Ancaq istənilən halda, hər bəhsi ancaq xeyirə xidmət edir.
-Pisdirsə, düzəlsin, yaxşıdırsa, daha yaxşı olsun!
Bəlkə saçının büsbütün ağarmasında da həmin qayğıların “payı” kifayət qədərdir.
Onu da deyim ki, mən İlham müəllimi tanıyanda hələ saçının bəyazları saçının siyahına yenicə “hücuma keçirdi”.Mən “Səhər” də İlham müəllim “Xəbərlər” dən Dilçilik İnstitutuna kitab təqdimatına getmişdik.Üstündən 15 il ötüb.Bu gün Zeynalının saçları tamamən ağarıb, bir cüt əkiz qız nəvəsinin bir yaşlarını da görmək nəsibi olub.Ailəsi bir qədər də böyüyüb, qohumları biraz da çoxalıb.Yazımın əvvəlindəki “qohum” sözünün diktəsi yenə öz işini görür.Mənə sövq-təbii olaraq yenə söz qohumluğundan yazdırmağa başlayır.Xub!
Bu, Zeynallının sözə olan qohumluğunun kəraməti, televiziyaya bəslədiyi münasibətin şərafəti deyilmi?!
İlham Zeynallı, peşəsinin peşəkarı, ömrün 60-da Sizi xoş gördük, ay Sözün qohumu!


-“Xoş bulduq!” deməyə canınızın həmişə sağlam, ruhunuzun hərdaim hüzurlu olması diləyi ilə…

Turan Uğur
AYB-nin üzvü
09 iyun 2026-cı il,
Bakı

Zaur Ustac – Ağçiçəyim

AĞÇİÇƏYİM

Qış tüğyan edirdi ömür bağında,
Hamı süst yatırdı ağ yorğanında,
Qəfil gördüm səni bar budağında,
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!


Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara,
Bu, qarlı qış hara, tər çiçək hara,
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!


Əllərim pak deyil oxşayım səni,
Həddim o hədd deyil qoxlayım səni,
Bağbanam borcumdur yoxlayım səni,
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!!!

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I