Bu gün Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (HHM kafedrası 1995-1999) müəllimimiz olmuş polkovnik-leytenant Malik Orucəliyevin anadan olduğu gündür. Doğum günündə sevimli müəllimimizi rəhmətlə anırıq. Ruhu şad olsun. Amin.
Azərbaycan ədəbiyyatının inkişafında ədəbi məclislərin, yaradıcılıq birliklərinin və söz adamlarının görüşlərinin xüsusi yeri vardır. Belə görüşlər təkcə poeziya və nəsrin müzakirə olunduğu məkan deyil, həm də qəlblərin yaxınlaşdığı, dostluqların möhkəmləndiyi, yeni yaradıcılıq körpülərinin qurulduğu mənəvi ocaqlardır. 2026-cı ilin 13-14 iyun tarixlərində Naxçıvanda keçirilən növbəti ədəbi görüş də məhz bu baxımdan yadda qalan tədbirlərdən biri oldu. Şair-publisist Aysel Nəsirzadənin rəhbərliyi altında fəaliyyət göstərən “Zərif Kölgələr” Yaradıcılıq Klubu və şair-publisist Təranə Arifqızının rəhbərliyi altında fəaliyyət göstərən “Zərif Qadınlar” Ədəbi Qrupunun bir qrup üzvü qədim diyar Naxçıvanda bir araya gələrək zəngin proqramla müşayiət olunan ədəbi görüşlər keçirdilər. Tədbirin rəsmi hissəsi iyunun 13-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında baş tutdu. Kitabxananın rəhbəri Tamella xanım Əsgərovanın dəstəyi və diqqəti sayəsində yüksək səviyyədə təşkil olunan görüş səmimi və yaradıcı atmosferdə keçdi. Tədbir Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, tanınmış şair Asim Yadigarın xeyir-duası ilə açıq elan olundu. Onun ədəbiyyatın cəmiyyət həyatındakı rolu, milli-mənəvi dəyərlərin qorunmasında söz adamlarının məsuliyyəti barədə fikirləri iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. “Zərif Qadınlar” Ədəbi Qrupunun rəhbəri Təranə Arifqızı iki yaradıcı birliyin bundan sonra da görüşlərinin vacibliyini qeyd edərək, gələcəkdə də istər paytaxt Bakıda, istərsə də digər bölgələrimizdə təşkil olunmasının əhəmiyyətini vurğuladı. Görüşdə Naxçıvan ədəbi mühitinin yaradıcı insanlarını bir arada birləşdirən “Sehirli misralar” Ədəbi Qrupunun rəhbəri İman Naminin ətrafında cəm olan qələm sahibləri, ziyalılar, oxucular və poeziyasevərlər iştirak edirdilər. Bakıdan təşrif buyuran yeddi yazar xanım öz yaradıcılıqları, ədəbi baxışları və yeni əsərləri haqqında çıxışlar etdilər. Çıxış edənlər arasında “Zərif Kölgələr” Yaradıcılıq Klubunun rəhbəri, “Zərif Kölgələr” saytının təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aysel Nəsirzadə yaradıcılıq fəaliyyətindən və rəhbərlik etdiyi ədəbi mühitin gördüyü işlərdən bəhs etdi. Professor, şair, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəsmiyyə Sabir öz çıxışında ədəbiyyatın mənəvi missiyasından danışdı və yeni nəsil yazarların fəaliyyətini yüksək qiymətləndirdi. Şair, yazıçı, publisist, “Balaca Yazarlar Birliyi”nin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aysel Fikrət yaradıcılıq təcrübəsini bölüşərək uşaqların və gənclərin ədəbiyyata cəlb olunmasının vacibliyini vurğuladı. Publisist, şairə və tərcüməçi Zeynəb Cəmaləddin bədii yaradıcılığın müxtəlif istiqamətləri haqqında maraqlı fikirlər səsləndirdi. AYB və AJB üzvü, Prezident mükafatçısı, “Qoşma” Ədəbi Məclisinin poeziya şöbəsinin rəhbəri Əzizə Ağahüseynqızı çıxışında milli poeziyanın ənənələri və çağdaş ədəbi proseslər barədə düşüncələrini bölüşdü. Şair-publisist, pedaqoq, iki kitab müəllifi Şəlalə Şəfəq və şair-yazıçı, AYB üzvü, müəllim Sevil Gül Nur da öz duyğu və düşüncələrini dilə gətirərək, şeirlərini səsləndirərək tədbirə xüsusi rəng qatdılar. Naxçıvandan olan bir sıra yazarların Ümbülbanu Həsənova, Rəqsanə Tapdıqlı, Aytəkin Səfərəliyeva, Gülay Tahirli və digərlərinnin çıxışları da maraqla qarşılandı. Poeziya nümunələri, ədəbi mülahizələr və qarşılıqlı fikir mübadiləsi tədbiri əsl söz bayramına çevirdi. Görüşün əsas təşkilatçılarından biri olaraq mən də tədbirin sonunda çıxış edərək iştirakçılara, qonaqlara və tədbirin keçirilməsinə bizə dəstək göstərən hər kəsə minnətdarlığımı bildirdim. Belə görüşlərin bölgələr arasında ədəbi əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayaraq gəlləcək görüşlərimizin daha sıx və yüksək səviyyədə keçməsini dilədim. İki günlük səfər təkcə kitabxana divarları arasında qalmadı. Qonaqlar Naxçıvanın müqəddəs ziyarətgahlarından olan Əshabü-Kəhfi ziyarət etdilər, şəhərin tarixi və mədəni abidələri ilə yaxından tanış oldular. Qədim Naxçıvanın zəngin tarixi, mədəni irsi və əsrarəngiz təbiəti qonaqlarda silinməz təəssüratlar yaratdı. Səfər çərçivəsində təşkil olunan “Şeir saatı” görüşü isə yazarların bir-birinə daha da yaxınlaşmasına səbəb oldu. Şeirlər oxundu, yeni yaradıcılıq nümunələri müzakirə edildi, poeziyanın insan ruhuna təsiri haqqında maraqlı söhbətlər aparıldı. Naxçıvan mətbəxinin zəngin təamları ilə bəzədilmiş süfrə ətrafında davam edən səmimi söhbətlər zamanı gələcək layihələr, yeni ədəbi əməkdaşlıqlar və birgə tədbirlər barədə planlar quruldu. Bu görüş bir daha sübut etdi ki, söz adamlarını birləşdirən ən böyük qüvvə yaradıcılıq sevgisi, dostluq və mənəvi bağlılıqdır. Naxçıvanda keçirilən bu görüş Azərbaycan ədəbi mühitində qadın yazarların fəallığının, yaradıcılıq potensialının və milli ədəbiyyatın inkişafına verdikləri töhfələrin növbəti parlaq nümunəsi kimi yadda qaldı. “Zərif Kölgələr” və “Zərif Qadınlar”ın Naxçıvanda qurduğu bu söz körpüsü gələcəkdə daha böyük ədəbi layihələrin başlanğıcı olacaq, yaddaşlarda isə zərif bəndlərlə yazılmış gözəl bir xatirə kimi yaşayacaq. Könül oxşarlığı ilə biri-birinə bağlanan bu zərif bəndlərin qopmaması diləyi ilə.
39 GÖZƏL DƏQİQƏ (esse) Bəzən insanın həyatında elə anlar olur ki, onların müddəti çox qısa olsa da, yaddaşda illərlə yaşayır. Həmin anlar nə böyük mərasimlər, nə də xüsusi planlaşdırılmış görüşlərlə bağlı olur. Onlar adi bir günün içində, gözlənilmədən, ard-arda baş verən hadisələrin yaratdığı mənəvi zənginlikdən doğur. Mənim üçün belə günlərdən biri 9 fevral 2024-cü il oldu. Cəmi otuz doqquz dəqiqə davam edən həmin zaman kəsiyi mənə kitabın, mütaliənin, sözün və insan münasibətlərinin nə qədər böyük dəyər olduğunu bir daha göstərdi. Səhər saat düz 9:00-da Bakı şəhərinin mənim üçün ən doğma və yaşamalı guşələrindən birində yerləşən mənzilimin qapısını bağlayıb küçəyə çıxdım. Hava sanki şəhərin adi günlərindən fərqlənmirdi. Küçələr öz axarında idi, insanlar gündəlik qayğıları ilə məşğul olurdular. Lakin mən bilmirdim ki, qarşıdakı otuz doqquz dəqiqə mənim yaddaşıma xüsusi bir gün kimi həkk olunacaq. Yolum prospekt üzərində yerləşən Azərbaycan Texniki Universitetinin tinindən keçirdi. Burada yazıçı Kəramət Böyükçölün yeni fəaliyyətə başlayan “Kerazon” kitab mağazasının yanından ötüb keçdim. Kitab mağazalarının açılması həmişə məndə xoş hisslər oyadır. Çünki kitab satılan məkanlar mənim üçün sadəcə ticarət obyekti deyil, mənəvi nəfəs yerləridir. Təxminən doqquzuncu dəqiqədə artıq demək olar ki, hər gün qəzet və jurnal aldığım, vaxtilə Yunus Oğuzun “Cığır” romanını da əldə etdiyim “Ensiklopediya”nın qarşısındakı köşkün önündə idim. Köşkün qarşısında iki gənc oğlan dayanmışdı. Onlardan biri növbə gözləyir, digəri isə aldığı bir ədəd siqareti köşkün pəncərəsinə zəncirlənmiş alışqanla yandırmağa çalışırdı. Elə həmin vaxt səliqəli geyinmiş, mehriban çöhrəli bir dayı ilə köşkün qarşısına eyni anda çatdıq. Üzündəki ifadə və davranışındakı səmimiyyət mənə xoş təsir bağışladı. Bir addım geri çəkilib nəzakətlə: — Buyurun, — dedim. Dayı dərhal irəli keçərək satıcıya müraciət etdi: — Bir “Ədalət”, iki “525″. Əslində mən də məhz “525-ci qəzet” almaq üçün köşkdə ayaq saxlamışdım. Dayının sifarişini eşidəndə istər-istəməz ətrafa boylandım. Çünki içimdə müəyyən bir təxmin yaranmışdı. Həqiqətən də yaxınlıqda dayanmış avtomobilin ön oturacağında Aqil müəllim oturub nəsə oxuyurdu. Bu mənzərə mənim zənnimi təsdiqlədi. Bilirdim ki, köşklərə hər qəzetdən cəmi bir-iki nüsxə verilir. Ani olaraq “525” arzusunun boşa çıxdığını anlayıb gecikmədən: — Mənə də bir “Təzadlar” verin, — dedim. Təbii ki, dayı da bu sözləri eşitdi. Bir anlıq yenə baxışlarımız qarşılaşdı. Sanki hər ikimiz kitabın, qəzetin və sözün dəyərini anlayan insanların səssiz anlaşmasını yaşayırdıq. Sonra hərəmiz öz yolumuza davam etdik. Maraqlıdır ki, dayı avtomobilə əyləşdikdən sonra Milli Məclis istiqamətinə deyil, “Ensiklopediya”nın yanından dönərək Azərbaycan Nəşriyyatına tərəf getdi. Mən isə əlimdə yenicə işıq üzü görmüş “Sevgi dolu şeirlər” kitabımın və “Yazarlar” jurnalının fevral sayının hərəsindən üç nüsxə olmaqla yoluma davam etdim. Hüseyn Cavidin heykəlinin yanındakı yeraltı keçiddən keçərək Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına tərəf addımlayırdım. Otuz üçüncü dəqiqənin tamamında artıq kitabxanada idim. Özümlə gətirdiyim yeni nəşrləri qəbul şöbəsinin əməkdaşına təqdim etdim. Xanım təhvil-təslim aktını hazırlayana qədər bir neçə dəqiqə gözləməli oldum. Bu qısa müddətdə kitabxananın həyatı gözlərimin önündə canlandı. Bir neçə gənc oxucu yaxınlaşaraq götürdükləri kitabları qaytarır, yenilərini seçirdi. Onlardan biri Rövşən Abdullaoğlunun “Abaddon” kitabını qaytarıb “Əli və Nino” əsərini istədi. Kitabxana əməkdaşının: — “Əli və Nino”nun müəllifi kimdir? — sualına verilən cavabları dinləyərkən istər-istəməz söhbətin iştirakçısına çevrildim. Qeyri-ixtiyari olaraq gənc xanımdan Makulunun “Səttarxan” romanını oxuyub-oxumadığını soruşdum. — Xeyr, oxumamışam, — dedi. Mən də ona: — “Əli və Nino”dan sonra mütləq “Səttarxan”ı da oxuyun, — tövsiyə etdim. Bu zaman həm mənim təhvil-təslim aktım hazır oldu, həm də gənc xanımın sifariş etdiyi kitab gətirildi. O öndə, mən isə arxasınca kitabxanadan çıxdıq. Kitabxananın qarşısında dayanarkən onun filologiya fakültəsinin tələbəsi olduğunu düşündüm və soruşdum: — Yəqin ki, tələbəsiniz? — Bəli, Tibb Universitetinin birinci kurs tələbəsiyəm, — deyə cavab verdi. Bu cavab məni xoş mənada təəccübləndirdi. Çünki mütaliəyə maraq göstərən gənclərin yalnız humanitar sahələrdən deyil, bütün ixtisaslardan olması sevindirici haldır. Mən yenə eyni tövsiyəni təkrarladım: — “Əli və Nino”dan sonra Makulunun “Səttarxan”ını mütləq oxuyun. Sonra sağollaşdıq. Mən Mərkəz Parka daxil oldum. Parkın sakitliyi, səhərin təravəti və yaşıl mənzərələr insanı düşüncələrə qərq edirdi. Elə bu vaxt təxminən iyirmi-iyirmi beş yaşlarında bir xanım qəfil yaxınlaşdı. — Mən sizi tanıyıram. Sizinlə bir şəkil çəkdirmək olar? — dedi. Bu gözlənilməz müraciət qarşısında təbəssümlə: — Əlbəttə olar, — cavab verdim. Şəkil çəkdirəndən sonra marağıma hakim ola bilmədim. — Məni haradan tanıyırsınız? — soruşdum. Xanım bildirdi ki, yaxınlıqdakı orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Həm dördüncü siniflərə, həm də gələn il birinci sinfə başlayacaq şagirdlərə dərs deyir. Mənim şeirlərimi uşaqlara sevə-sevə öyrətdiyini söylədi. Bu sözləri eşidəndə kövrəldim. Bir şair, bir müəllif üçün bundan böyük mükafat varmı? Yazdığın misraların uşaqların yaddaşında yaşaması, onların dilində səslənməsi, müəllimlərin həmin şeirləri sevə-sevə tədris etməsi söz adamının əldə edə biləcəyi ən qiymətli mənəvi qazancdır. Həmin an danışmağa söz tapmadım. Sadəcə təşəkkür edib sağollaşdım. Parkın içi ilə “Beşmərtəbə” istiqamətində addımlayırdım. Birdən gözüm saatıma sataşdı. Saat 9:39-u göstərirdi. Dayandım. Bu otuz doqquz dəqiqə ərzində kitab mağazası, qəzet köşkü, kitabxana, gənc oxucular, tələbə qız, müəllimə xanım, kitablar, jurnallar, yeni nəşrlər və sözə olan sevgi bir-birinə qarışaraq mənə qəribə bir xoşbəxtlik hissi yaşatmışdı. Öz-özümə dedim: — İlahi, bu nə gözəl otuz doqquz dəqiqə… Bəzən insanın ömrünün ən dəyərli hissələri saatlarla, günlərlə deyil, cəmi bir neçə dəqiqə ilə ölçülür. Əgər həmin dəqiqələr kitabın, mütaliənin, müəllif əməyinin və insan sevgisinin işığı ilə doludursa, onlar adi zaman parçası olmaqdan çıxır, ömrün yaddaş kitabına çevrilir. 23.04.2024. Bakı
ÜLYAHƏZRƏT Könül sarayımın sultanı sənsən, Qəlbimdə qurduğun taxtın mübarək! Ruhum təbəəliyi özü üstənib, Biətin mübarək, andın mübarək! * * * Zaman neçə kərə dayandı, durdu, Bircə təbəssümün min dünya qurdu, Baxışın isitdi viranə yurdu, Ocağın mübarək, odun mübarək! * * * Sözdən ilmə – ilmə toxunub tacın, Nəyim var, nəyim yox qoy olsun bacın, Bu yolda qurbanlıq özü Ustacın Məqamın mübarək, adın mübarək! 18.03.2020. Bakı.