21 iyun 2026-cı il tarixində Şəhərsalma və Memarlıq İli çərçivəsində Phi Gallery-də “Zamanın izi ilə təxəyyüldə” adlı sərgi keçirilmişdir. Tədbir “Təxəyyül Art Group”un təşəbbüsü və təşkilatçılığı, qrup rəhbərləri Natiq Nəcəfzadə və Vüsalə Yunusovanın rəhbərliyi, Azərbaycan Xalçaçıları İctimai Birliyi və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə həyata keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. Açılış nitqi ilə çıxış edən qrup rəhbəri, xalçaçı-rəssam Natiq Nəcəfzadə sərginin ideyası, məqsədi və əhəmiyyəti barədə məlumat vermiş, layihənin həyata keçirilməsində əməyi olan qurumlara, iştirakçılara və qonaqlara minnətdarlığını ifadə etmişdir. Proqram çərçivəsində Cəmilə Əsgərovanın hazırladığı, Memarlıq və Şəhərsalma İlinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilmişdir. Filmin mətni qrupun nəğməkar şairi Elşən Sabiroğlu tərəfindən səsləndirilmişdir. Qrupun müavini, rəssam və qrafik dizayner Vüsalə Yunusova iştirakçıları salamlayaraq qonaqları çıxışa dəvət etmişdir. Tədbirdə çıxış edən Gülağa Ələsgərov, Mirfatma Mirbabaqızı, Hacı Əhmədov, Qənirə Əsgərova, Günay Əsgərova, Fərrux Qasımov, Rəsmiyyə Səmədova və Səma Əmirova sərginin mədəni əhəmiyyətindən bəhs etmiş, təşkilatçıları və iştirakçıları təbrik etmişlər. Bədii hissədə Aidə Telmanqızı və Mirfatma Mirbabaqızının səsləndirdikləri şeirlər proqramın ədəbi hissəsini zənginləşdirmişdir. Tədbirin diqqətçəkən məqamlarından biri modelyer-dizayner Vüsalə Əsədovanın “Şəhərin tarixi” adlı milli geyim kolleksiyasının təqdimatı olmuşdur. Tarixi motivlərlə müasir bədii yanaşmanın vəhdətini əks etdirən kolleksiya tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Defilədə Rübab Hüseynli, Həsən Hüseynli, Cəmilə Əsgərova, Ləman Əsədli, Nigar Əsgərzadə, Sevda Bayramlı və Məryəm Əsgərova iştirak etmişlər. Sərgi ekspozisiyasında nümayiş etdirilən əsərlər mövzu müxtəlifliyi, zəngin rəng həlli və fərdi yaradıcılıq üslubları ilə seçilmişdir. Sərgi iştirakçıları – Ayaz Dadaşov, Aygün Ahnəzərova, Cahandar Səmədov, Fərrux Qasımov,Hökümə Qasımova, İskəndər Quliyev, Nuray Abdullayeva, Şəhla Abbasova, Tamara Kontsedaylo, Yelena Həsənova, Zeynəb Babayeva, Surə Dadaşzadə, İnci Məsti, Hacı Əhmədov, Qənirə Əsgərova, Məryəm Abdullazadə, Məryəm Əsgərova, Natiq Nəcəfzadə, Vüsalə Yunusovanın təqdim etdiyi əsərlər tamaşaçılarda böyük maraq doğurmuş, incəsənətsevərlər müəlliflərlə yaxından ünsiyyət qurmaq imkanı əldə etmişlər. Tədbirdə Azərbaycan Respublikasının əməkdar artisti, aktyor, şoumen və naşir Bəhram Bağırzadə, eləcə də mədəniyyət və incəsənət nümayəndələri iştirak etmiş, sərgi ilə yaxından tanış olmuşlar. Musiqi proqramı çərçivəsində Vüsalə Yunusova fortepianoda çıxış etmiş, Aynur Yunusova görkəmli bəstəkar Niyazinin “Arzu” romansını ifa etmişdir. Qrup üzvlərinin musiqi nömrələri və qrupun xoreoqrafı Rasimə Əhmədovanın “Sarı gəlin” xalq mahnısının müşayiəti ilə təqdim etdiyi rəqs kompozisiyası tədbirə xüsusi bədii ovqat bəxş etmişdir. Tədbirin sonunda sərgi iştirakçılarına və Phi Gallery-nin əməkdaşları Hüseyn Həsənova və Zeynəb Əlibəyliyə sertifikatlar təqdim olunmuş, fotoqraf Nofəl Ümid tərəfindən xatirə fotoları çəkilmişdir:
Video:
“Zamanın izi ilə təxəyyüldə” sərgisi müxtəlif yaradıcılıq istiqamətlərini bir araya gətirərək milli-mədəni irsin, memarlıq ənənələrinin və müasir incəsənət düşüncəsinin vəhdətini nümayiş etdirmiş, iştirakçılar və qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Böyük qardaşım əsgərliyə gedən günü qoyunumuzun yaraşıqlı erkək bir quzusu oldu. — Balama qurban deyirəm bu quzunu – nənəm həm sevinclə , həm həsrətlə kövrələ – kövrələ söylədi . — Balam hıı eliyib gəlincə quzu da yeməli bir erkəyə dönəcək- səsi titrəyə – titrəyə dedi və gözlərinin nəmini gizlətmək üçün tövləyə tərəf yön aldı. Yeni doğan qoyunun altına xeyli saman səpdi, yerə yatanda isti olsun, üşüməsin deyə. Sonra vedrədə ilıq su gətirib qabağına qoydu. May ayı olmasına baxmayaraq havalar yağışlı və sərin keçirdi. Elə buna görə yeni doğan qoyunun qayğısına xüsusi qalırdı. Bəlkə də hamıdan çox sevdiyi nəvəsinə qurbanlıq quzu vermişdi deyə daha işini diqqətli görürdu. Nənəm hamımızı çox istəyirdi. Amma böyük qardaşıma qarşı istəyi bir ayrı cür idi. Bəlkə də oğlu olmadığına mehrin qardaşıma salmışdı. Onu həm oğul, həm də nəvə gözündə görürdü. Anam işləyirdi. Səhər gedib , axşam gəlirdi.Ona görə yeməyimizi əksər hallarda nənəm bişirərdi. Biz dörd bacı – qardaş stola oturanda o, yeməyin şiftəsini böyük qardaşıma çəkərdi, sonra bizə. Qardaşım evimizə yaxın olan səkkizillik məktəbdə oxuyurdu. Biz uç bacı – qardaş rayonun mərkəzindəki gözəl, ikimərtəbəli ,geniş otaqları, laboratoriyası, bütün idman ləvazimatlarla təchiz olunmuş zalı olan orta məktəbdə oxuyurdıq. Təkcə qardaşım bu məktəbdə oxuyurdu. — Uşağı uzağa salma, elə bu məktəbdə oxusun. Nə fərqi var, məktəb məktəbdir də – deyib anamı təkidlə razı salmışdı. Ozü isə qardaşıma goz- qulaq olsun deyə. Məktəb bir mərtəbəli, dörd- beş otaqdan ibarət idi. Çox hörmətli, dəyərli müəllimlər işləyirdi bu məktəbdə.” Bədən tərbiyəsi “dərsini də həyətdə idman müəlliminin öz əli ilə səliqəyə salıb , düzəltdiyi futbol, valibol meydançasında keçirdilər. Məktəb yolun qırağında olduğundan gəlib – gedənləri, keçən maşınları da görmək olurdu. Hər gün böyük tənəffüsə beş dəqiqə qalmış nənəm məktəbin yanındakı daşın üstündə oturub zəngin çalınmasını gözləyirdi. Onun nə saatdan başı çıxırdı, nə də bir hərf, rəqəm tanıyırdı. Amma vaxdı o qədər dəqiq bilirdi ki. Bilmirəm göy üzünə baxıb günun durmasından müəyyənləşdirirdi, yoxsa hissiyyatı ilə. Tam zəngin çalınmasına beş dəqiqə qalmış həmişəki yerində olardı. — Uşaq şəhər – şəhər əməlli- başlı bir şey yeməyib, yəqin acdı – deyər , lavaş çorəyinin arasına qaynatdığı yumurtanı əzib qoyar, ya da nehrə yağı ilə şor sürtüb , şüsə butulkaya şirin çay toküb soyumaması üçün yay – qış belinə bağladığı şalının sinə tərəfdən arasına qoyub qardaşımı həmişəki yerində gözləyərdi. Qardaşım nənəmin bu hərəkətində utanardı. Çünki pəncərədən görən kimi hansı müəllim olurdusa üzunü ona tutub – dur get, nənən yeməyini gətirib – deyərdi. Bütun sinif uşaqları da gülüşərdilər. Qardaşım uşaqların gülməsindən utansa da gedib yeməyini yeyib gələrdi. Axı, ac olurdu. Doğrudan da səhər yemək yeməyə iştahı olmadığından çorək yeməzdi. ( Böyüyəndə , lap indi də özləri baba – nənə olandan sonra da həmin sinfin uşaqları bir yerə yığışanda bu hadisəni xoş bir xatirə kimi xatirlayır, gülür və nənəmə rəhmət oxuyurlar.) Nənəm quzunu göz – bəbəyi kimi qoruyurdu. Onu xüsusi bəsləyirdi. Bostanımızda tərəvəz ləklərinin , lobya, pamidor civələrinin arasındakı tər otları belinə bağladığı önlüyunün ətəyinə yığar , aparıb quzunu yedizdirərdi. Bağımızda agacların dibinə tökülən , çox vaxt da budaqlarından dərdiyi meyvələri bir qaba doğrayıb əlində quzuya yedizdirərdi. Quzu demək olar ki, anasından çox nənəmə mehrini salmışdı. Günlər keçdikcə quzu əməlli – başlı bir qoç olurdu. İri , burma buynuzları ona xüsusi yaraşiq verirdi. İki ilin bitməsinə bir – iki ay qalırdı. O zamanlar, sovetlər dönəmində əsgərlik iki il olurdu. Üc il olan əsgəri xidmət də var idi. Bu illərdə valideynlər, doğmalar övladlarını həsrətlə, intizarla gözləyirdilər.Üzlərini bu illərdə görmədikləri balaları necə dəyişıb, o qərib , yad ellərdə arıqlayıbmı, babatlaşıb, boy atıblarmı – düşünürdülər, həsrətlə və intizarla yollarını gözləyirdilər. Nənəm hər gün qurbanlıq qoçu əlləri ilə bəsləyir, gecə – gündüz sakitcə, dilinin altında qardaşımın sag- salamat gəlməsi üçün dua edirdi… Sərt keçən qış getmiş, yerinə nəfəsi ilıq yaz gəlmişdi. Qarlar ərimiş, yalların döşlərini yamyaşıl otlar, balaca – balaca rəngbərəng çiçəklər bürümüşdü. Kolların dibində bənövşələr qonçələmis, çoxları da açmış bihuşedici ətrini ətrafa yayırdı. Bunlara baxmayaraq uzaqdan uca dağların zirvəsində ağappaq qar var idi və bu da göz oxsayırdı… Yaz səhərlərindən biri idi. Biz yeni yuxudan oyanmış , dərsə getmək üçün hazırlaşırdıq. Birdən nənəmin çığırtı səsini eşitdik. Hamımız səs gələn tərəfə qaçdıq. Nənəmin sağ biləyi qoçu yemləyən zaman necə olmuşdusa yarasıqlı buynuzlarının arasına taxılmış, ağrıdan çığıran nənəmin səsinə quzu ürkmuş , qaçanda biləyini sındırmışdı.Nənəm biləyini tutub sızıldayirdı. Atam tələsik paltarını geyinib maşınını isə saldı. Anam qonşuların köməyi ilə ağrıdan qıvrılan nənəmi bir təhər maşına oturdub xəstəxanaya apardılar. Biz uşaqlar nənəmizin bu halına ağlayırdıq. Qurbanlıq qoç isə həyətin bir kuncünə qısılıb , devikmış halda bizə baxır və hərdən də ğovsəyirdi.Yəqin nənəmin əlində verdiyi meyvələri yeyirdi… Nənəmin qolunu həkim gibsə qoydu. Ağrıkəsici iynələrlə bir təhər sakitləşdı. Günlər keçdi. Anamla atam nənəmin qolunun gibsinin açılması üçün xəstəxanaya getdilər.Qayıdanda hamısının üzü asıq idi.Dilxor və qəmli görünürdülər. Həkimin günahı ucubatından nənəmin qolu şikəst qalmışdı. Əlini, biləyini tərpədə bilmirdi, ağac kimi qurumuşdu. O, bu halı ilə heç cürə barışa bilmirdi.Elə buna görə nənəm əmməli – başlı qoçdan küsmüşdu. Qoç hər dəfə nənəmə yaxınlasanda o, üzünü yana çevirir:
Mən sənə nə pislik etmişdim ki, məni şikəst elədin? İndi mən evi nə təhər çəkib – çevirəcəm? Heç mən balamın məclisində də bir iş yiyəsi ola bilməyəcəm – incik- incik qoça baxır, gileylənirdi. Qoç da ona baxıb sakit- sakit mələyir, sanki üzr istəyirdi… Nənəm qoçu heç cürə bağışlamırdı. Qoçaq, yaşına baxmayaraq cavan gəlin kimi zirək, yoruldum – deməyən nənəm əlinin şikəst qalmasına dözə bilmirdi. Hirsini də qoçdan çıxarırdı. Onun üzünə baxmırdı, başına sığal çəkmirdi, tək əllə olsa da onu yedirtmirdi.Qoç onu görən kimi yaxınlaşır, özünü nənəmin ayaqlarına sürtür, sakitcə mələyirdi. Sanki, bağışla- deyirdi… Nəhayət qardaşım sağ- salamat hərbi xidmətini Rusiyanın uzaq, soyuq bir şəhərində başa vurub rayonumuza qayıtdı. Hamımız sevinirdik. Nənəm isə sevindiyindən yerə- göyə sığmırdı. Atam qoçu qardaşımın başına dolandırıb , duasını oxuyandan sonra kəsdi. Hamımız atamın başına yığışmışdıq. O, qoyunun qanından bizim alnımza, iki qaşımızın arasına sürtdu. Anam yeddi evin ət payını böləndən sonra kabab bişirmək üçün ocaq qaladı. Nənəm isə həyətimizdəki tut ağacının altındakı stolda oturub başını aşagı salmışdı. Qoçun kəsilən tərəfə baxmırdı. Hərdən basına örtdüyü gullü şalın ucu ilə gözlərini silirdi. Nənəmə baxıb mən də kövrəlirdim.Amma bilə bilmirdim nənəm əhd etdiyi qurbanının qəbul olmasına, qardaşımın sag- salamat gəlməsinə, həsrətin bitməsinə görə sevindiyindən ağlayırdı, yoxsa əlində bəsləyib böyütdüyü, sonra da “küsülü” olduğu qoçun kəsildiyi üçün ağlayırdı…
Azərbaycanın füsunkar təbiətə malik bölgələri sırasında Laçın rayonu özünəməxsus yer tutur. İllərlə işğal altında qaldıqdan sonra yenidən dirçələn bu qədim yurd bu gün öz gözəlliyi, saf təbiəti və tarixi məkanları ilə ziyarətçiləri valeh edir. Laçının ən məşhur təbiət abidələrindən biri olan Turşsu bulağı isə bölgənin əsl incilərindən hesab olunur.
Bu günlərdə Laçına səfər etmək və Turşsu bulağını ziyarət etmək mənə də qismət oldu. Dağların qoynunda yerləşən bu möcüzəvi məkan ilk baxışdan insanı özünə heyran edir. Ətrafı sıx meşələrlə, yaşıl örtüklə əhatə olunan bulağın səsi sanki təbiətin öz musiqisini xatırladır. Yerin dərinliklərindən qaynayan mineral tərkibli su əsrlər boyu insanların sağlamlığına fayda vermiş, Turşsunu ölkənin ən məşhur bulaqlarından birinə çevirmişdir.
Turşsu bulağının ən maraqlı xüsusiyyətlərindən biri onun qeyri-adi fəaliyyət mexanizmidir. Yerli sakinlərin və ziyarətçilərin müşahidələrinə görə, bulaq təxminən hər bir saatdan bir fəallaşır. Əvvəlcə yerin dərinliklərindən gələn gurultuya bənzər səs eşidilir, sonra bulaq coşaraq qaynamağa başlayır və təxminən 7 dəqiqə ərzində bol su verir. Bu mənzərəni izləmək olduqca maraqlıdır. Suyun qəfil fəallaşması və qısa müddətdən sonra yenidən sakitləşməsi Turşsu bulağını digər bulaqlardan fərqləndirən təbii hadisələrdən biridir.
Səfər zamanı “Yazarlar.az” saytının rəhbəri Zaur Ustac ilə tanış olmaq da mənim üçün xoş təsadüf oldu. Səmimi söhbət zamanı Laçının təbiəti, Qarabağın dirçəlişi və ədəbiyyatın cəmiyyətdəki rolu haqqında maraqlı fikir mübadiləsi apardıq. Bu görüş səfərimin yadda qalan məqamlarından biri oldu.
Turşsu bulağının ətrafında gəzdikcə insan özünü təbiətlə vəhdətdə hiss edir. Dağ havasının təmizliyi, bulaq suyunun şəffaflığı və ətraf mənzərənin gözəlliyi burada olan hər kəsdə dərin təəssürat yaradır. Bu yerlər yalnız istirahət üçün deyil, həm də insanın mənəvi rahatlıq tapması üçün əvəzsiz məkandır:
Laçın səfəri mənim yaddaşımda həm Turşsu bulağının möhtəşəm gözəlliyi, onun saatbasaat coşaraq 7 dəqiqə ərzində bol su verməsi kimi maraqlı təbii xüsusiyyəti, həm də Zaur Ustac kimi ziyalı bir insanla tanışlıq baxımından xüsusi yer tutacaq. Əminəm ki, Turşsu bulağı gələcəkdə Azərbaycanın ən çox ziyarət olunan təbiət məkanlarından birinə çevriləcəkdir.
Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin rəhbəri İsmayıl İmanzadə (Mərcanlı) 20 iyun 2026-cı ildə, ömrünün 81-ci ilində vəfat edib
Azərbaycan ədəbiyyatına itki üz verib. Tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin rəhbəri İsmayıl İmanzadə (Mərcanlı) 20 iyun 2026-cı ildə, ömrünün 81-ci ilində vəfat edib.
İsmayıl Səlim oğlu İmanzadə 10 dekabr 1945-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1965-ci ildə indiki Gəncə Dövlət Universitetini bitirib. Uzun illər orta məktəblərdə müəllim, bir müddət isə dövlət qulluğu sahəsində çalışıb.
1993-cü ildə Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Mingəçevir şəhərində məskunlaşıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinin orqanı olan “Səda” qəzetində şöbə redaktoru, sonradan “Mingəçevir” qəzetində müxbiri vəzifələrində çalışıb. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin rəhbəri, “İnam” qəzetinin, “Bənövşə” və “Mingəçevir leysanı” ədəbi-bədii dərgilərinin təsisçisi və baş redaktoru olub.
İlk şeiri 1964-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilib. “Səni soraqlaram” adlı ilk kitabı 1980-cı ildə “Gənclik” nəşriyyatında işıq üzü görüb. Sonralar onlarla kitabı nəşr olunub. Şeirlərinin əsas mövzusu vətənpərvərlik duyğusu, yurd sevgisidir. Uşaqlar üçün yazdığı şeirlərinin bir qismi orta məktəb dərsliklərində və məktəbəqədər tərbiyə müəssisələri üçün vəsaitlərdə yer alıb. Altmışa yaxın şeirinə bəstəkarlar tərəfindən musiqi bəstələnib.
İsmayıl İmanzadə təkcə istedadlı ədib deyil, həm də fədakar ziyalı, qayğıkeş rəhbər idi. Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri kimi gənc istedadların üzə çıxarılmasına, ədəbiyyatımızın inkişafına və ictimaiyyət arasında layiqincə təmsil olunmasına əmək sərf etmiş, həmişə qələm əhlinin yanında olub.
Ədəbi-publisistik yaradıcılığı ilə otuz ildən artıq yaşadığı Mingəçevir şəhərinin ictimaiyyətində, eləcə respublika ədəbi mühitində rəğbət qazanıb.
Tanınmış söz ustadı, ziyalı İsmayıl İmanzadənin əziz xatirəsi onu tanıyanlar xatirəsində, ədəbiyyat tarixində yaşayacaq.
***
İsmayıl İmanzadə Mingəçevir şəhərində dəfn edilib. Vida mərasimdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir və Cəbrayıl ziyalıları, yazarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Klassik şairimiz Qasım bəy Zakir şücaəti və mərdanəliyi ilə beynimdə ilkən İmam Həsənin (əs) oğlu Cənab Qasımın gül camalı ilə assosiasiya olunur.Bəlkə də Qasımın ismini daşıdığından, yaşamı boyu ad haqqını verməkdən saqınmayan Zakiri bu cür anmağım əsl qanunauyğunluq kimi görülməlidir.Gəncənin seçkin şairi Ağa İsmayıl Zəbihin dillər əzbəri olan bir mərsiyəsindən hafizəmdə barındırdığım:
Fəryad o zamandan ki, Şamə üsəra gəldi, Həm Zeynəbü, həm Gülsüm, Həm Zeynül-ibad gəldi.
Kim oldu şəhid əvvəl – Abbas Ələm pərvər. Ondan sonra kim oldu – Şahzadə Əli Əkbər, Ondan sonra kim oldu – Qasimi gül peykər, Ondan sonra kim oldu – Ləb təşnə Əli Əsgər Kim oldu şəhid axır – Şahənşəhid bi yavər”
şeiri nədənsə Qasım bəy Zakirin nəfəsi ilə qulaqlarımda nəvalanır. Fikrimcə, burada məzur görüləsi bir durum yox. Çünki Qasım bəy Zakir şəcərəsi ilə bir Əhli-beyt aşiqi, şiə məzhəbinin övladı kimi doğulub.Türk oğlu türk, Əfşarlar boyundan gələn Cavanşirlər elindən pərvəriş tapan Qasım bəy Zakir 1780-ci ildə Cavanşir mahalının Sarıcalı obasında bu cahana təşrif buyurub.Bir sıra mənbələr şairin təvəllüd ilini miladi 1784-cü il göstərsə də, bu versiyanı doğru görmək mümkün deyil.Zira şairin 80 yaşına çatdığı haqqında məlumata elə öz şeirlərində rast gəlirik:
“Az qalıb həştadı tamam edim mən, Sən indi yazırsan əhli-şər məni”
Bu misralardan əxz etdiyimiz kimi şair səksən yaşını haqlamışdı.Deməli, Rzaqulu bəy Vəzirovun hicri doğum ili kimi göstərdiyi – hicri 1204-cü il versiyasını doğru saymaq olmaz; əksinə Salman Mümtazın hicri – 1194-cü il variantı daha məqbuldur ki, o da miladi təqvimlə 1780-81-ci illərə tuş gəlir. Şəcərəsi etibarilə Qasım bəy Zakir türk oğlu türkdür. Cavanşir elinin əsli Türküstandan olan Oşirxan qəbilələrinə söykənir.Oşirxan Oğuz xanın ortancıl oğlu Yıldız, Ulduz xanın oğludur ki, Ovşar, yaxud Əfşar kimi aləmdə məşhurdurlar.Cavanşirlər Oşirxan ellərinin Sağ qol – yəni meymənə, Bəranğarlar isə Sol qol-yəni meysərə mənasına gəlir. (Bəranğar, yaxud Bürranğar moğolcadır.Ordunun sağ qolu – meymənə, Sol qolu isə meysərə adlanır) Cavanğarlar sülh vaxtında Xanın sağında oturduqları kimi, hərb çağında da ləşkərin sağ kəsimində yer alardılar. Cavanşir eli Hülaki xanın özü ilə Türküstandan gətirdiyi 120 minlik qoşunun içərisində də vardı.Əmir Teymur dönəmində isə Kabula, Qəndəhara və Türküstana yenidən yayıldılar.Səfəvilər zamanı dövlətin əsas sütunları kimi çıxış etdilər. I Şah Abbas zamanında İbrahim Xəlil Ağa adlı rəislərinin başçılığı ilə Qarabağda və Səfəvilərdə məskən saldılar.Nadir şah onları (Baxmayaraq ki, öz boyundan idi) – lll İbrahim Xəlil xanı bölüyü ilə birgə Sürxəsə göndərtdi.Nadir şahın qətlindın sonra Loranda, Kabulda iqamət etdilər. III Pənah xan isə Kabuldan Qarabağ hüdudlarına gəldi.Şuşa qalasının binasını qoyan Pənahəli xan Pənahabad adı ilə öz adına sikkə çaldırtdı. Klassik şairimiz Zakir otuz iki eldən ibarət olan Cavanşir elinin Sarıcalı oymağındandır.Öz dilindən eşitsən daha aydın olar: Tanır məni məcmu otuz iki Cavanşir, Bir mərdi-xoşəxlaqəm-ü-həm sahibi-tədbir.
Gerçəkdən də mərdliyinə mərdlik çatmazdı.İgidlik yarışı keçirilsəydi, neçə-neçə pəhləvanların dizini qatlayar, kürəyini yerə vurardı Zakir.Elə bu sayaq macəraları da az olmayıb.Rzaqulu bəy Vəzirovun yazdığına görə, polkovnik Miklaçevski sərkərdəliyi ilə Zaqatalaya gedən Qarabağ atlı qoşunun içərisində Zakir də varmış.Günlərin bir günü bir ləzgi tüfəngini düzəldib Miklaçevskini vurmaq istəyəndə Zakir atını səyridərək ləzginin tüfəngini açılmadan tutub əsir eləyir.Şairin atının kişnərtsi, cavan Zakirin mərdanə hayqırtısı – necə poetik mənzərədir.Şairimiz belə şeirdən uzaq epizodları, fəqət həyati olayları ömründə çox yaşayıb.Ucaboylu, alagözlü, xoş çöhrəli birisi kimi təzkirələrdən boy verən kimdir? -Zakir! “Təzkireyi-Nəvvabdan” oxuyuruq: “Mərdibud xoş surət və səfid əndam bülənd bala və kəbud çeşm və Zakir təxəllüs daşt” Kəbud çeşm – kəbud ərəbcə, göy, mavi, çeşm isə farsca göz deməkdir. Deməli, alagözlü, açıq mavi gözlü olan Zakir həm də xoş sifətli imiş. Şairin adı Qasım, atasının adı Əli, babasının adı Şahverən idi.Bəyzadə olduqlarından adının yanına bəylik izafə olunaraq Qasım bəy, Əli bəy, Şahverən bəy kimi çağırılırdılar.Zakirin üçüncü babası Səhləli Ağa lll Pənah xanın atası İbrahim Xəlil ağa ilə dost-doğma qardaşdılar.Səhləli ağanın oğlu da Pənah xanla birgə Sərxəsdən Qarabağa köçənlər arasında vardı. Şairin təxəllüsü isə Zakir idi.Keçmiş əyyamlarda öz ustadına müqabil təxəllüs seçmək dəb idi.Nəimiyə görə Nəsimi, Fikriyə müqabil Zikri və s.Yaxın qohumu Baba bəy Şakiri ustadı seçən Zakir də təxəllüsünü məhz ona bənzətmişdi.
Zakir – ərəbcədən tərcümədə 1) Qeyd edən, deyən, xatırladan; 2) Zikr edən, təsbih və vird ilə məşğul olan; 3) Təkyələrdə zikr oxuyan.
Zakir özündən əvvəlki klassiklərin ardıcılı idi.Lap uşaqlıqdan Zakirin şeirlərini çox böyük şövqlə, həvəslə demişəm.Müəyyən mənada həmin şeirlər Vaqifin, Nəbatinin şeirləri ilə də səsləşir. Qəzəllərində isə heç şübhəsiz ki, Füzulinin təsiri duyulur.Zakir ədəbiyyatımızın ən cəsur şairi statusunu almağa layiqdir.Qasım bəy başqa həmkarları kimi sözü ağzında gəvələməz, tənqidini birbaşa üzə deyərdi.Satirası, həcvləri məmurların, zalımların yeddi qatından keçər, necə deyərlər, dəymişləri dura-dura kalları tökülərdi.Bu səbəbdən də fürsət düşən kimi heyiflərini çıxar, öclərini alardılar. “Doğru söz acı olar” zərbül-məsəli bu mənada Zakirə əsl başağrısına çevriləcəkdi.Amma təkcə başı ağrımayacaqdı, həm də ayaqları sürgün yolunun yağırını çıxaracaqdı.
“Görsən tanımazsan Yarımsaqqalı, Çıxıb əndazədən dövlətü-malı; Xandəmirov çaldı, çapdı mahalı, O ki, var tutub özün keçəl qurumsaq”
Zakir təkcə keçəl qurumsaqlara, yarımsaqqallara – Xandəmirova, Əmirxanova deyil, darğalara, üləmaya, tacirlərə, baqqallara – əyri işini düz kimi cəmiyyətə sırıyanlara, bir manat üçün anasının əmcəyini kəsənlərə nifrət püskürürdü. “Südü pozuqlara, zatı qırıqlara gərək yerini göstərəsən”- deyibən cəngə atılmışdı. Bu cəngdə “mən ölüm, sən ölüm” bilməmiş, öz yaxın qohumu, dostu olsa belə – Cəfərqulu xan Nəvanı, Mirzə Əbülqasım Qazini, Əmiraslanı və daha neçəsini tənqid atəşinə “qonaq eləmişdi”.Onlar da fürsəti fövtə verməyib, əllərinə imkan düşən kimi Zakirin başına oyun açırdılar.Şuşa qalasının polismeysteri Konstantin Tarxanov da Zakirdən yanıqlı idi.Köhnə ədavəti əldə əsas tutaraq Zakiri Bakıya sürgün etməyə, qardaşı oğlanları – Rüstəm bəyin öldürürlməsinə, Behbud bəyin həbsinə nail olmuşdu. Naçar qalan Qasım bəy Zakir dostlarına məktublar yazır – Mirzə Fətəliyə, İsmayıl bəy Qutqaşınlıya, Mixail Petroviç Kolubyakinə, Rəhim bəy Uğurlubəyova və başqalarına ricada bulunur.Bu namələrə təkcə Uğurlubəyov və Axundzadə müsbət cavab verdilər.Onların köməyi ilə Zakir xilas oldu.Zakir bağışlanandan sonra daha üç ay Bakıda göz dustağı olaraq nəzarətə alındı.Sonrası da məlum: ağrılı, acılı, hüznlü ahıllıq illəri, zülmdən usanmaq, zillətdən bezikmək gözləyirdi şairi. Nəvvab və Müctəhidzadə Zakirin vəfat tarixini hicri 1271 yazsalar da, hicri 1274-cü il – Salman Mümtazın variantı daha düzgündür.Məzarı uzun illər Şuşanın Qala qəbiristanlığında bilinsə də, 1925-ci ildə Mirzə Həsən məzarlığında olduğu təsbit edildi. Qasım bəy Zakir lətif şeirləri ilə bu gün də oxunur.Gəraylıları, qoşmaları, müxəmməsləri, qəzəlləri ilə klassik irsimizin layiqli davamçısı kimi həm də satirik məktəbin özəyini qoyanlardandır. Nəbatilər, Seyidlər, Sabirlər məhz bu məktəbin ən mahir müdavimləri kimi çağdaş dönəmdə mazimizdən boy verir.Mən isə Zakirin lətif, həzin şeirlərinin vurğunuyam.
“Sürmə çəksin gözlərinə, qaşına, Gündə min yol mən dolanım başına, Zakirtək yanmağa eşq atəşinə, Cürəti var isə pərvanə gəlsin” – deyən
Zakir şeiriyyatımızın başına pərvanə kimi dolanmağı zatən adət eləmişdir – mərdliyi, kişiliyi, ərliyi, ərənliyi ilə… Bu yığvalı seçənləri, adının izinə düşüb gedənləri məhz belə aqibət, bu cür tale gözləmirmi?! İsmini İmam Həsənin (əs) ciyərparası Qasimi gül peykərdən – gül yanaqlı Kərbəla şəhidindən alan Qasım bəy Zakirə Məhərrəm ayının ilk günlərində məhz bu sözləri deməyim gəlir: Adına və adamlığına min dəfə mərhəba!
(Yazımda Salman Mümtazın, Rzaqulu bəy Vəzirovun, Mir Möhsün Nəvvabın faktlarına və şairin yaradıcılığına söykənmişəm)