
***
…Gəlmə daha yanıma,
Kasıb, köhnə komama.
Bəyənmərsən sən məni,
Bəlkə üstüm-başım da
Toz-torpaq içindədi.
Gəlmə daha yanıma,
Gəlmə, uçmuş yuvama.
Dur, belə tez sevinmə…
Quşlar belə lov salıb
Uçuq, sökük damıma.
Gəlmə daha yanıma,
Quşları çağırsan da
Belə tez gələn deyil.
Bəlkə elə bu lov da
Ayrılıq xəbəridi.
Gəlmə daha yanıma,
Ağu var ümmanıma.
Üstüm-başım pintidi…
Haçan “gəlirəm” dedin,
Ürəyim də təntidi.
Gəlmə daha yanıma,
Qapımın ağzı yovşan,
Dibində qanqal bitib,
Səndən ötən bu illər
Canıma yaman yetib.
Gəlmə daha yanıma,
İndi gəlmə, insafsız.
Könlüm küskün, dilim lal,
Qorxuram bir baxışın
Hey sala məni haldan.
Gəlmə daha yanıma,
Yol yaxınkən qayıt get.
Amandı… Gəlmə daha,
Səbrimi də daraltma,
Onsuz da bədgümanam.
Daha nə var ummağa,
Kül qonub o ocağa,
Bir zaman səs-küy gələn
Bu viran daxmaya da
Sükut ev yiyəsidi…
Ürəyim daşa dönüb,
Ümidim başa dönüb,
Sənin deyən sabahlar
Sazaqlı qışa dönüb,
Bircə ömürdə sönüb.
Dərdim mənə yar olub,
Həsrətim divar olub,
Sənin üçün etdiyim
Ən gözəl arzular da
Boyatdı, qubar olub.
Sən Allah, dönmə geri,
Heç məni tanıma da.
Daha küskün deyiləm,
Bir ömürlük ayrılıq
Çəkib sərhəd, biləsən.
Müəllif: Şəlalə CAMAL
Oxuyun >> Gözündə tük var