GÖRKƏMLİ ŞAİRİN XATİRƏSİNƏ EHTİRAM

GÖRKƏMLİ ŞAİRİN XATİRƏSİNƏ EHTİRAM

Azərbaycan Respublikasının Müharibə, əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görkəmli şair, tərcüməçi, ssenarist, həkim, ictimai xadim polkovnik Ramiz Duyğunun (Ramiz Məmməd oğlu Məlikov -10.02.1938 – 19.06.2025) anım mərasimi və yeni çapdan çıxmış “Duyğunlu duyğular” kitabının təqdimat mərasimi keçirildi.
Hərbçilərin, qələm adamlarının, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbir şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlandı. Kitabın tərtibçisi tanınmış jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist, Qarabağ müharibəsi veteranı, polkovnik Mahir Cavadlı Ramiz Duyğunun alovlu vətənpərvər şair olmaqla bərabər Azərbaycan Televiziyasında “Hünər” verilişinin aparıcısı kimi İkinci Dünya savaşında minlərlə itkin düşmüş həmvətənimizin məzarının tapılmasında böyük hünər göstərdiyindən söz açmış, müstəqillik dövründə iki güc strukturunun mətbuat xidmətini rəhbəri, “Xalq Ordusu” və “Sərhəd” qəzetlərinin baş redaktoru vəzifəsində Vətənə, dövlətə sədaqətli xidmətindən bəhs etdi.
Veteranlar Təşkilatının sədri polkovnik Cəlil Xəlilov yeni yaranmış milli Sərhəd Qoşunlarında Ramiz Duyğunun bir hərbçi və şair kimi böyük nüfuz sahib olduğunu bildirmiş, ən çətin zamanlarda birgə xidmətin nümunəvi cəhətlərindən danışmışdır.
Polkovnik Ramiz Məlikovla 1956-cı ildən dostluq edən AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor, əməkdar dövlət və elm xadimi Südeyf İmamverdiyev onun mənəvi insani keyfiyyətlərini yüksək dəyərləndirərək, vətənpərvər şair, tərcüməçi, ictimai xadim, həkim kimi fəaliyyətini dövlətçiliyin inkişafında və milli ruhun formalaşmasında müsbət rol oynadığını vurğuladı.
Ramiz Duyğun haqqında məqalələrin, şeirlərin və düşüncələrin toplandığı “Duyğunlu duyğular” kitabının mərhum şairin anım gününə əziz xatirə olduğunu vurğulayan AMEA Seymsoloji Xidmət Mərkəzinin Baş direktor müavini əməkdar mühəndis Ramiz İsgəndərli hələ sovet ordusu sıralarında xidmət edərkən gənc kapitan Ramiz Məlikovun azərbaycanlı əsgərlərə qayğı ilə yanaşdığını, onları ordudakı mənfi hallardan qoruduğunu bildirdi.
Vaxtilə mərhum şairlə birgə çalışmış kitabın redaktorları SQ və DTX veteranı polkovnik Elşad Qoca və tanınmış jurnalist Ellada Umudlu ustad şairin xarakterinin açılmasına, dövrün keşməkeşli hadisələrinin təhlilinə imkan verən qəzet məqalələrinin və xatirə yazıların məcmusunun kitab şəklində nəşr olunmasını gənc nəslin təlim-tərbiyəsində müsbət amil kimi dəyərləndirdilər.
DSX-nın sabiq komandan müavini polkovnik Sucəddin Abdullayev, veteran həkim polkovnik Füzuli Kərimov, tarix elmləri doktoru polkovnik Mehman Süleymanov, tanınmış hərbi jurnalist Üzeyir Cəfərov, “Zəngilanın səsi” qəzetinin təsisçisi və baş redaktoru Salam Cavadlı, sabiq sərhədçi Neftçala rayon Ağsaqqallar Şurasının sədri Mustafa Əliyev, Sabirabad rayon sakini mədəniyət işçisi Mahir Əbilov çıxış edərək şair Ramzi Duyğunla bağlı xatirələrini bölüşdülər. Akademik Milli Dram Teatrının aktyoru xalq artisti Məleykə Əsədovanın çıxışı və Ramiz Duyğunun vətənpərvər şeirlərini səsləndirməsi tədbirə xüsusi rəng qatdı.
Tədbirdə istedadlı qələm sahibləri Qardaşxan Əzizxanlı, Zaur Ustac, Əli Bəy Azəri, Rəşid Faxralı, Zəhra Səfəralıqızı, Ötərxan Eltac, geniş ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Ailə adından çıxış edən Dilbər Məlikova kitabın nəşrndə əməyi keçən və tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirdi. Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşdı.


Sabirə Ələkbərova,
Azad Musayev

SÖZÜN MƏNƏVİ YÜKÜNÜ DAŞIYAN İNSAN

SÖZÜN MƏNƏVİ YÜKÜNÜ DAŞIYAN İNSAN
(İlqar İsmayılzadə yaradıcılığına bir baxış)
Ədəbiyyat tarixində elə insanlar var ki, onların fəaliyyəti yalnız yazdıqları əsərlərlə məhdudlaşmır. Belə yaradıcı şəxslər sözün məsuliyyətini daşıyır, onun mənəvi yükünü öz həyat və fəaliyyətində yaşadır, cəmiyyətin mənəvi inkişafına xidmət etməyi özlərinə borc bilirlər. Müasir Azərbaycan ədəbi nühitində belə qələm sahiblərindən biri də İLQAR İSMAYILZADƏDİR.
Onun yaradıcılığı və ictimai fəaliyyəti sözə sədaqətin, mənəviyyata bağlılığın və milli dəyərlərə xidmətin parlaq nümunəsi kimi diqqət cəlb edir.
İlqar İsmayılzadənin yaradıcılığına nəzər saldıqda ilk növbədə onun sözə münasibəti diqqət çəkir. O, sözü sadəcə ifadə vasitəsi kimi deyil, insanın daxili aləmini, düşüncəsini və mənəvi dünyasını əks etdirən müqəddəs bir dəyər kimi qəbul edir. Buna görə də onun əsərlərində hər misra, hər fikir nüəyyən bir mənəvi yük daşıyır. Oxucu onun yaradıcılığında yalnlz poetik ifadə deyil, həm də həyat dərsi, düşüncə və mənəvi çağırış görür.
Onun yaradıcılığında mənəviyyat və vicdan məsələləri xüsusi önəm daşıyır. Müasir dövrdə mənəvi aşınmaların, laqeydliyin və eqoizmin artdığı bir zamanda İlqar İsmayılzadə yaradıcılığında insanı vicdanın səsinə qulaq asmağa səsləyir. O, yaxşılıq, mərhəmət, dürüstlük və insani münasibətləri cəmiyyətin əsas dayaqları hesab edir. Bu baxımdan onun yaradıcılığı təkcə bədii-estetik deyil, həm də mənəvi-tərbiyəvi əhəmiyyət daşıyır.
Onun yaradıcılığında vətən mövzusu da mühüm yer tutur. O, vətəni yalnız coğrafi məkan kimi deyil, milli kimliyin, tarixi yaddaşın və mənəvi köklərin ifadəsi kimi təqdim edir.
Yaradıcılığının digər mühüm cəhəti milli-mənəvi dəyərlərlə bağlıdır. O , klassik Azərbaycan ədəbiyyatının ənənələrindən bəhrələnsə də, müasir dövrün problemlərini və insanının mənəvi vəziyyətini özünəməxsus şəkildə ifadə etməyi bacarır. Bu xüsusiyyət onun yaradıcılığını həm milli, həm də müasir edən əsas amillərdəndir.
İlqar İsamyılzadənin fəaliyyəti yalnız bədii, elmi yaradıcılıqla məhdudlaşmır. Onun təsisçisi və baş redaktoru olduğu “HƏMƏŞƏRA” mətbu orqanındakı fəaliyyəti, bölgənin tarixi, mədəniyyəti, folkloru, ədəbi və mədəni həyatına verdiyi töhvələr, gənc qələm sahiblərinə göstərdiyi diqqət və qayğı onun söz adamı kimi missiyasını daha da genişləndirir. O, sözün yalnız yazılmasına deyil, yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edən ziyalılardandır.
Ədəbiyyatın əsas məqsədi insan ruhuna toxunmaqdır. İlqar İsmayılzadənin yaradıcılığı da məhz bu missiyanı yerinə yetirir.
“HƏMƏŞƏRA” ətrafında formalaşan yaradıcı mühit müxtəlif yaş qruplarından olan insanların bir araya gəlməsinə, fikir mübadiləsi aparmasına və yeni-yeni layihələrin yaranmasına şərait yaratmışdır.
2025-ci ildə “HƏMƏŞƏRA” mətbu orqanının 10 illik yubileyinin keçirilməsi nəşrin keçdiyi yolun və qazandığı nüfuzun göstəricisi olmuşdur. Yubiley tədbirində rayonun ziyalıları, şairləri, müəllimləri, ictimai xadimləri və müxtəlif sahələrin nümayəndələri iştirak etmiş, nəşrin bölgənin tarixi, ictimai və mədəni həyatına verdiyi töhfələr yüksək qiymətləndirilmişdir.
Keçirilən yubiley təkcə bir mətbu orqanın yaşı deyil, həm də bir ideyanın, bir missiyanın və bir xidmət yolunun hesabatı idi. On il ərzində “HƏMƏŞƏRA” özünü bölgənin etibarlı söz tribunası kimi təsdiq etmişdir. Onun rəhbərliyi ilə “HƏMƏŞƏRA” bölgənin tarixi keçmişini yaşadan, bu gününü işıqlandıran və gələcəyinə körpü salan bir nəşrə çevrilmişdir. Bu fəaliyyətin əsasında isə sözə sevgi, milli dəyərlərə bağlılıq və cəmiyyətə xidmət prinsipi dayanlr. Bu gün bu mətbu orqanın adı çəkiləndə təkcə bir mətbu orqan deyil, həm də İlqar İsmayılzadənin illərlə davam edən zəhməti, fədakarlığı və mədəni missiyası yada düşür. Məhz buna görə də onun bu sahədəki fəaliyyəti regional mətbuat tariximizin uğurlu səhifələrindən biri kimi dəyərləndirilə bilər.
İlqar İsmayılzadə yaradıcılığı göstərir ki, söz yalnız yazılmır, həm də yaşanır. Yaşanan söz isə zamanın sınağından çıxaraq insanların qəlbində özünə əbədi məskən salır. Onun qələmi həyatın səsini, vicdanın harayını və insan ruhunun dərinliklərini dilə gətirən bir mənəviyyat aynasıdır. Bu aynada hər kəs özünü, öz keçmişini və öz həqiqətini görə bilir.
Sözə xidmət edənlər çoxdur, amma sözün yükünü daşıyanlar azdır. İlqar İsmayılzadə məhz həmin azlardan biridir. Onun qələmi oxucunu sadəcə misralar arasında deyil, həm də insanlığın, mərhəmətin və mənəviyyatın işığında düşünməyə dəvət edir.
Bəzən bir insanın ömrü bütöv bir kitab qədər mənalı olur. Onun yaradıcılığı isə yazılmaqda davam edən həmin mənəvi kitabın işıqlı səhifələridir.
Sözün dəyərdən düşdüyü bir dövrdə sözə dəyər qazandırmaq böyük missiyadır. İlqar müəllimin yaradıcılığı, həyat fəaliyyəti məhz bu missiyanın uğurlu təcəssümüdür.
Əsl sənətkar ömrünü sözə həsr etmir, ömrünü sözlə mənalandırır. İlqar İsmayılzadənin yaradıcılığı məhz belə bir mənalı ömrün bədii salnaməsidir. İllər keçəcək, zaman dəyişəcək, nəsillər yenilənəcək. Amma vicdanla yazılmış söz öz dəyərini itirməyəcək.Çünki sözün mənəvi yükünü daşıyan insanların izi zamanın yaddaşından silinmir.
Bəlkə də bir gün yazılan kitablar unudulacaq, saralmış səhifələr zamanın arxivinə çevriləcək. Amma vicdanla yazılmış sözlər yaşayacaq. Çünkü sözün ömrü müəllifin ömründən uzun, həqiqətin ömrü isə zamanın özündən böyükdür.
İlqar İsmayılzadənin yaradıcılığı bizə bir həqiqəti xatırladır: insan dünyanı dəyişməyə bilər, amma bir vicdanlı sözlə insanın içindəki dünyanı dəyişə bilər. Əsl sənət də məhz bundan başlayır.
İlqar İsmayılzadənin ömrünü belə ifadə etmək olar: O, sözü yazmadı, sözü yaşadı. Sözü şöhrət üçün deyil, həqiqət üçün yaşatdı.

EHTİRAM SEVƏNLİ
Turan Yazarar Birliyinin üzvü, “Qızıl Qələm” Media mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi “Fəxri Diplomları, “Turan Ödülü” laureatı, yazıçı-publsisit, şair
Bakı şəhəri – 16.06.2026

İki dahinin görüşü


İKİ DAHİNİN GÖRÜŞÜ

(esse)

Turizm məqsədilə bizim dağlara üz tutan iki nəfərlə tanış oldum. Bir qadın və onun həyat yoldaşı ilə xeyli söhbət etdim.
Qadın özü haqqında məlumat verdi:
– Mən Abbasqulu ağa Bakıxanovun qardaşı Cəfərqulu ağa Bakıxanovun kötükcəsiyəm. Abbasqulu ağa Bakıxanov mənim ulu ana babam olmuşdur. A. Bakıxanovun iki qızı olub: Ziba-Nisə bəyim və Tuğra xanım. Tuğra xanım şairə olub, Azərbaycan dilində şeirlər yazmışdır.
Abbasqulu ağa Bakıxanovun qızlarının hər ikisi qardaşı Cəfərqulu ağa Bakıxanovun oğulları ilə ailə gurmuşdur. Ziba-Nisə bəyim Həsən ağa Bakıxanovla, Tuğra xanım isə Əhməd ağa Bakıxanovla ailə qurmuşdur. Tuğra xanım mənim ulu nənəmdir.
Qadın bütün Bakı xanlarının nəsli haqqında söhbət açdı. Bakının Xilə kəndi, Qubanın Əmsar kəndi haqqında çox böyük sevinclə danışdı.
Əfsuslar olsun ki, mən qadının ad və soyadını soruşmadım.
Böyük alim və sənətkarımıza qarşı məndə bir daha böyük hörmət və məhəbbət yarandı. Uzun müddət onun kitablarını vərəqlədim, oxudum.
Onun haqqında bu yazını yazmaq qərarına gəldim.

Abbasqulu ağa Bakıxanov

1840-cı ilin payız səhəri idi. Quba şəhərinin yaxınlığında yerləşən Əmsar kəndi qızılı rəngə boyanmışdı. Abbasqulu ağa Bakıxanovun uşaqlıq və gənclik illərini keçirdiyi bu kənd onun üçün çox doğma idi. Bu kəndi atasının dayısı Fətəli xan bağışlamışdı. Abbasqulu ağa bu qədim mülkdə yaşayıb yaradıcılıqla məşğul olurdu.
Həyətdə qoyulmuş masanın üzərində Şərq fəlsəfəsindən araşdırmalar və indicə bitirdiyi “Kitabi-Əsgəriyyə” hekayəsinin vərəqləri səpələnmişdi. O, xalqın elmsizliyindən, xurafatın zəncirlərindən sızıldayan qəlbinə bu sakit kənddə məlhəm axtarırdı
Həyətin palıd taxtasından düzəlmiş qapısı döyüldü. Abbasqulu ağa gələn hörmətli qonağı qarşıladı. İçəri girən qonaq onun Tiflisdəki hərbi xidmət illərindən, Qafqaz Baş Hərbi İdarəsindən tanıdığı yaxın dostu, iş yoldaşı, gənc və coşqun fikirli Mirzə Fətəli Axundov idi. Axundov Tiflisin siyasi intriqalarından və məmurların soyuq rəsmiyyətindən uzaqlaşıb ustadından mənəvi dəstək almaq üçün sənətkarın Əmsar kəndindəki evinə üz tutmuşdu.
Abbasqulu ağa Bakıxanov gənc dostunu qucaqladı. İki böyük mütəfəkkir bağdakı köhnə çinarın altında əyləşdilər. Masa üzərinə təzə dəmlənmiş kənd çayı və Quba alması düzüldü. Axundov əlindəki dəftəri masaya qoyaraq həyəcanla dilləndi: “Abbasqulu ağa, Tiflisdə yazdığım şeirləri gətirmişəm. Amma yolda gələrkən bu kəndlərin, bu insanların halını gördüm. Cəhalət xalqımızın gözünə elə bir pərdə çəkib ki, onu yırtmaq üçün bizə sadəcə şeir bəs etmir. Bizə səhnə lazımdır, canlı söz lazımdır!”
Bakıxanov müdrik nəzərlərlə dostuna baxdı və dedi: “Doğru deyirsən, Mirzə Fətəli, amma yadda saxla, kökü dərində olmayan ağac ilk fırtınada yıxılar. Mən burada, bu sükunətdə “Gülüstani-İrəm” əsərini bitirirəm. Xalqa öncə öz kimliyini, keçmişini, tarixini xatırlatmalıyıq. Tarix elə bir danışmayan natiqdir ki, o, insanı gözəl əxlaqlı və bilikli edir.”

Mirzə Fətəli Axundоv

Axundov ayağa qalxıb həyətdə gəzişməyə başladı: “Sizin tarixlə qoyduğunuz təməlin üzərində mən yeni bir bina tikməliyəm, ağa! Elə bir bina ki, orada xalq öz eyiblərini görüb gülsün və təmizlənsin. Teatr açmalıyam, yeni əlifba yaratmalıyam!”
Bakıxanov gülümsəyərək gəncin bu coşqusunu alqışladı. O, Axundovun gözlərində gələcək Azərbaycan maarifçiliyinin rüşeymlərini görürdü.
Həmin günün axşamı Əmsardakı mülk daha da canlandı. Bakıxanovun Qubada yaratdığı məşhur “Gülüstan” elmi-ədəbi məclisinin digər üzvləri də görüşə təşrif buyurdular. Qubanın yerli şairləri, eləcə də Bakıxanovun yaxın dostları məclisə daxil oldular. Hətta Şamaxıdan və Bakıdan gələn qonaqlar da var idi.
Məclisin ortasında böyük bir şam yandırıldı. Bakıxanov “Qüdsi” təxəllüsü ilə yazdığı yeni bir qəzəlini oxudu:
“Hünərmi, ey Qüdsi, xalqa əziyyət?
Mərdsənsə, et xalqın dərdinə dərman.”
Bu misralar otaqdakı hər kəsi sükuta qərq etdi. M. F. Axundov heyranlıqla ustadını dinləyirdi.
Sonra gənc şairlər öz şeirlərini oxudular, Şərq və Avropa ədəbiyyatının müqayisəsi aparıldı. Bakıxanov qonaqlara Varşavada olarkən böyük polyak şairi Adam Mitskeviç ilə olan görüşlərindən, həmçinin rus şairi Aleksandr Puşkinlə Sankt-Peterburqdakı elmi-ədəbi söhbətlərindən danışdı. O, kənd otağında oturan bu insanlara nümayiş etdirirdi ki, Azərbaycan elmi və mədəniyyəti dünyanın elm və mədəniyyətinin bir parçasıdır və bəşəriyyətə inteqrasiya etməlidir.
Gecə yarıdan keçmiş qonaqlar dağılışdı. Evdə yalnız Bakıxanov və Axundov qaldı. Onlar eyvana çıxdılar. Payızın təmiz, ulduzlu göy üzü başlarının üstündə bərq vururdu. Bakıxanov özünün “Əsrarül-mələkut” (Göyün sirləri) əsərini yazarkən istifadə etdiyi kiçik teleskopu Axundova göstərdi: “Bax, Mirzə Fətəli, ulduzlar bizdən milyardlarla ağac uzaqdadır, amma işıqları bu qaranlıq Əmsar gecəsini aydınladır. Bizim də ömrümüz ötəri, mal-dövlətimiz puç olacaq. Amma yandırdığımız elm və ədəbiyyat işığı yüz il sonra da bu millətin yoluna nur saçacaq.”
Axundov ustadının əlini sıxdı. Bu görüş təkcə iki dostun yox, Azərbaycan klassik Şərq təfəkkürü ilə yeni, müasir Avropa tipli maarifçilik dalğasının görüşü idi.
Bakıxanov və Axundov eyvanda Şərq və Qərb mədəniyyətlərindən bəhs edərkən otağın sükutunu Ağ çayın qayalara çırpılan köpüklü səsi doldururdu. Payızın gəlişi ilə suları bir qədər azalan, lakin hələ də qürurunu itirməyən bu çay, sanki iki mütəfəkkirin tarixi görüşünü seyr edirdi. Axundov komediya ideyasını dilə gətirəndə Ağ çayın gurultusu sanki bu yeni ədəbi dalğanı alqışlayan canlı bir teatr tamaşaçısının əl çalmasını xatırladırdı.
Günün ikinci yarısında, Əmsar kəndinin üzərinə payız günəşinin sönük şəfəqləri yayılanda, A. Bakıxanov və M. F. Axundov mülkdən çıxıb aşağıya – vadidə coşqu ilə çağlayan Ağ çayın sahilinə tərəf endilər. Dağların uca zirvələrindəki bəyaz qarlardan süzülüb gələn bu çay köpüklü sularını hamar daşların üzərinə çırpırdı. Onlar Ağ çayın bitmək bilməyən səsinə və ətrafın mənzərəsinə baxıb bir anlıq dayandılar.
Bakıxanov əlindəki əsa ilə qayalardan birini göstərdi: “Bax, Mirzə Fətəli, bu Ağ çayın axarına diqqət yetir. O əsrlərdir ki, bu dağların qoynundan necə coşqu ilə axır. Yolunun üstünü kəsən nəhəng qayalar, sərt döngələr onu yolundan döndərə bilmir. Qayaya çırpılır, parçalanır, köpüklənir, amma yenə də mənzilə doğru irəliləyir. Bizim xalqımızın ruhu da bu çay kimidir – daxilində böyük bir enerji və saflıq var. Lakin cəhalət bu saf suyun qarşısını kəsən böyük bənddir. Bizim vəzifəmiz o bəndləri dağıtmaq, bu enerjini elm və sənət məcrasına yönəltməkdir.”
Axundov dilləndi: “Haqlısınız, ağa, mən bu Ağ çaya baxanda həm də zamanın amansız axınını görürəm. Zaman axır və biz bu axında sadəcə seyrçi ola bilmərik. Biz əgər bu gün hərəkətə keçməsək, köhnəlmiş ənənələrin arxasında qalıb quruyacağıq. Mən Tiflisə qayıdan kimi xalqın bu günü ilə səsləşən pyeslər yazmalıyam.”
Gün batmağa doğru gedərkən, Ağ çayın suları üzərinə düşən qızılı şəfəqlər sahili sehrli bir aləmə çevirirdi. İki böyük mütəfəkkir Azərbaycanın gələcək mədəniyyət tarixini elə bu sahildə, Ağ çayın şahidliyi ilə addım-addım cızdılar.
Onlar evə qayıtdılar, masa arxasında oturdular. Masanın üzərində qalın dəri cildli, yüzlərlə vərəqdən ibarət olan böyük bir əlyazma var idi. Bu, Azərbaycan və Dağıstan xalqlarının ilk elmi tarixini özündə əks etdirən “Gülüstani-İrəm” əsəri idi.
Axundov vərəqləri vərəqlədikcə gözlərində böyük bir heyranlıq yarandı. Bakıxanov əsərin yazılma prosesindəki tarixi detalları dostu ilə bölüşdü: “Bu əsərin canında xalqın canlı yaddaşı var. Mən Qubanın, Şamaxının, Dərbəndin və Bakının ən qədim kəndlərini qarış-qarış gəzdim. Qəbələdə qədim alban kilsəsinin divarlarındakı yazıları və rəsmləri kağıza köçürdüm. Şirvanşahlar saray binalarının kitabələrini, qəbirlərin üzərindəki ərəb və farsdilli yazıları oxudum.”
Bakıxanov əlini əlyazmanın coğrafi təsvirlər olan hissəsinə qoyaraq davam etdi: “Nuh tufanından başlayaraq 1813-cü ilin “Gülüstan” müqaviləsinə qədər olan bu dövrü yazarkən Herodotdan, Strabondan tutmuş, Təbəri, Məsudi və rəsmi rus mənbələrinə qədər hər bir faktı bir-biri ilə qarşılaşdırdım. Bu kitab təkcə hökmdarların saray intriqaları deyil, bu torpağın insanlarının etnoqrafiyası, dili və coğrafiyasıdır. Biz öz tariximizi başqalarının təhrif olunmuş vərəqlərindən yox, öz kökümüzdən öyrənməliyik.”
Axundov “Gülüstani-İrəm” əsərinin dərin məzmunundan və Bakıxanovun elmi fədakarlığından elə bir ruh yüksəkliyi aldı ki, qəlbində uzun müddətdir gəzdirdiyi ideya birdən-birə büllurlaşdı. O, ustadının kənddəki cəhaləti elmlə yox etmək çağırışını alqışladı.
Axundov dedi: “Ağa, sən tariximizin təməlini qoydun. Mən isə bu günümüzün güzgüsünü yaradacağam. Sənin mənə bəhs etdiyin o kimyagərlər, xalqın sadəlövhliyindən istifadə edən yalançılar tənqid hədəfinə çevriləcək. Mən onların hamısını səhnəyə gətirəcəyəm! İlk komediyamı yazacağam: “Hekayəti-Molla İbrahimxəlil Kimyagər!”
Bakıxanov maraqla gənc dostunun üzünə baxdı. Axundov fikrini daha da daxili atəşlə davam etdirirdi: “Yalançı Molla İbrahimxəlil əhalini aldadıb gümüşdən qızıl düzəldəcəyini vəd edəcək. Bu komediya ilə mən xalqın gözünü açacağam! Qoy insanlar öz nadanlıqlarına daxildən gülsünlər. Sənin tarixlə verdiyin elmi dərsi mən səhnədə gülüşlə xalqa aşılayacağam.”
Bakıxanov gülümsədi, Axundovun çiyinlərindən tutdu: “Mübarəkdir, Mirzə Fətəli! Qələmini qorxmadan işlət. Gülüş cəhalətin ən böyük düşmənidir. Sən bu xalqı güldürərək düşündürəcəksən. Bu komediya bizim ədəbiyyatımızda yeni bir dövrün – teatrın və dramaturgiyanın əsasını qoyacaq.”
Onlar gecəni uzun müddət yata bilmədilər. Xalqı bu cəhalətdən qurtarmaq, maarifləndirmək üçün yollar aradılar.
Səhər açıldı. M. F. Axundov dostundan icazə alıb yola hazırlaşdı. Bütün kənd camaatı onu yola salmağa gəlmişdi. O, camaatla sağollaşdı. Bakıxanov dostunu qucaqladı, ona müvəffəqiyyət arzuladı.
Axundov: “Yolçu yolda gərək”, – deyərək Tiflisə doğru hərəkət etməyə başladı.
Abbasqulu ağa dostunu yola saldıqdan sonra “Gülüstani-İrəm” əsəri üzərində işlədi, onu tamamladı.
İllər keçdi. 1846-cı il idi. Abbasqulu ağanın ürəyində qalan bir arzusu var idi. O, Həcc ziyarətinə hazırlaşırdı. Onun evində fərqli bir təlaş var idi. Otağın küncündə böyük səfər xurcunları, yol xəritələri və müqəddəs kitablar düzülmüşdü. Bu səfər onun üçün sadəcə dini bir ayin deyil, həm də Şərqin qədim elm mərkəzlərini, Məkkə, Mədinə və Qahirə kitabxanalarını ziyarət etmək, oradakı alimlərlə elmi mübadilə aparmaq üçün bənzərsiz bir səyahət idi.
Bakıxanov öz əli ilə “Gülüstani-İrəm” və “Əsrarül-mələkut” əsərlərinin nüsxələrini səfər sandığına yerləşdirdi. O, bu elmi töhfələri Şərq dünyasının böyük kitabxanalarına bağışlamağı hədəfləyirdi.
Həyətə çıxdı. Bütün Əmsar camaatı bura toplaşmışdı. Kənd ağsaqqalları, qadınlar, uşaqlar ağanı böyük bir ehtiram və göz yaşları ilə yola salmağa gəlmişdilər.
Bakıxanov atına mindi. O, Əmsar kəndinin çınarlarına və onu sevgiylə yola salan sadə insanlarına son dəfə baxdı. Müdrik ədib Əmsar kəndindən ayrılıb bəşəriyyətin böyük yollarına doğru irəliləyərkən arxasında gələcək Azərbaycan maarifçiliyinin silinməz təməllərini və böyük bir ədəbi intibahı qoyub gedirdi.
O, Əmsar kəndindən ayrılaraq Tiflis, Qara dəniz, İstanbul, Qahirə və Ciddə marşrutu ilə Hicaza (indiki Səudiyyə Ərəbistanı ərazisi) çatır.
Müqəddəs Məkkə şəhərində Həcc ziyarətini tamamladıqdan sonra Bakıxanov Peyğəmbərin məzarını ziyarət etmək üçün Mədinə şəhərinə doğru yola düşür.
Həmin dövrdə Hicaz bölgəsində çox şiddətli vəba epidemiyası yayılmışdı. Səfər əsnasında Bakıxanov bu ölümcül xəstəliyə yoluxur. Məkkə ilə Mədinə arasında yerləşən Vadi-Fatimə dərəsində vəziyyəti ağırlaşır və 53 yaşında ikən vəfat edir. O, böyük ehtiramla vəfat etdiyi Vadi-Fatimə məzarlığında dəfn edilir.
Onun ölümü barədə xəbər Azərbaycana və Tiflis elmi mühitinə xeyli sonra çatır. Dostu M. F. Axundov və digər ziyalılar bu böyük itkidən dərindən sarsılırlar. Bakıxanovun vəfatına dövrün şairləri, yaxınları bir sıra mərsiyələr, hüznlü yazılar həsr edirlər.
Axundov “Böyük Ustadın və Ruhun Mövlanasının Əbədiyyətinə Vida” əsərində yazırdı: “Həmd olsun Allaha ki, hər bir can ölümü dadacaqdır. Amma elə canlar var ki, onların gedişi bir millətin, bir elmin sönməsi deməkdir. Vadi-Fatimədən gələn o kədərli, o amansız xəbər Tiflisə çatanda mən dondum, qələmim əlimdən düşdü, qəlbim parça-parça oldu. Şərqin ən parlaq ulduzu, Qafqazın fəxri, mənim mənəvi atam və yolgöstərənim Abbasqulu ağa Bakıxanovun müqəddəs Mədinə yolunda vəba bəlasına düçar olaraq əbədiyyətə qovuşduğunu eşitmək bu fani dünyada mənə verilən ən ağır dağ oldu. Qəbrin nurla dolsun, ruhun şad olsun. Vadi-Fatimənin qumları sənin kimi bir müdriki ağuşuna aldığı üçün müqəddəsdir. Səni heç vaxt unutmayacaq bədbəxt dostun və sadiq şagirdin…”
Mirzə Fətəli Axundov
Tiflis, 1847-ci il

Müəllif: Abid Şamiloğlu

Quba, Afurca kəndi, müəllim

Abid Şamiloğlunun yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I