Həcər Atakişiyeva – “Yazarlar” jurnalının redaktoru, Yaradıcılıq Komissiyasının sədri, ədəbiyyatşünas-tənqidçi
Həcər Atakişiyeva 15 fevral 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını bakalavr pilləsi üzrə bitirmişdir. Daha sonra Bakı Slavyan Universitetində Azərbaycan ədəbiyyatı ixtisasında magistratura elmi dərəcəsi almışdır. H. Atakişiyeva Azərbaycan mühacirət ədəbiyyatının tədqiqatçısıdır. Onun elmi fəaliyyətinin əsas istiqamətlərini Azərbaycan ədəbiyyatşünaslığı, ədəbi-tənqidi fikir və mühacirət ədəbiyyatının araşdırılması təşkil edir. Müəllifin Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş onlarla elmi və publisistik məqaləsi dərc edilmişdir. Həcər Atakişiyeva həmçinin Əbdürrəhim bəy Haqverdiyevin yubileyinə həsr olunmuş “Əbdürrəhim bəy Haqverdiyev 155” kitabının müəllifidir. Onun “Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi görüşləri” adlı bu kitabı Azərbaycan ədəbiyyatşünaslığında mühüm yer tutan mütəfəkkirin ədəbi-estetik baxışlarının tədqiqinə həsr olunmuşdur. Həcər Atakişiyeva dövlətimizin ümumi mədəni inkişafa xidmət edən bütün çağırışlarına qoşularaq öz faydalı töhfələrini verən ən fəal yaradıcı gənclərimizdən biridir. Onun ədəbi yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilərək “Ziyadar”, “Qələmdar”, “Həməşəra”, “Qızıl Qələm” mükafatları ilə təltif olunmuşdur. Turan Yazarlar Birliyinin üzvü, bu qurumun “Tomris ödülü” mükafatı laureatıdır. Atakişiyeva Həcər Aslan qızı hal-hazırda “Yazarlar” jurnalının redaktoru və Yaradıcılıq Komissiyasının sədri kimi Azərbaycan ədəbiyyatının inkişafına yorulmadan xidmət edir.
Ard-arda “Qorxma, ata… Qorxma, ata…” sözlərini eşidirdi. Hər tərəf qaranlıq olduğu üçün oğlunu görmürdü. Ancaq səs çox yaxından gəlirdi… “Oğlum!” deyə qışqıraraq yuxudan ayıldı. Ətrafa göz gəzdirdi… Əvvəlcə harda olduğunu anlamadı. Yavaş-yavaş özünə gəldikcə Tərtərdə gecələdiyini və yuxu gördüyünü başa düşdü. Birdən-birə “Çox qorxuram, oğlum” deyərək hönkürüb ağlamağa başladı. Bir neçə dəqiqə ağladıqdan sonra yavaş-yavaş sakitləşdi və xəyalları onu 25 il öncəyə apardı…
…“Təbrik edirik. Sizin nur topu kimi oğlunuz olub” deyərək gülə-gülə ona yaxınlaşan tibb bacısını görüb ona tərəf adımladı. “Çox sağ olun. Bəs yoldaşım necədir” – deyə həyəcanla soruşdu. “Yoldaşınız da yaxşıdır. Gəldim sizə deyim ki, narahat olmayın. Hər şey qaydasındadır. Daha gözləməyinizin mənası yoxdur. Sabah gələrsiniz” deyib, tibb bacısı uzaqlaşdı. Səhər xəstəxanaya gələn kimi ona, binanın arxa tərəfində, ikinci mərtəbədəki sağdan ikinci pəncərənin önündə gözləməsini dedilər. Arxa tərəfə yenicə keçmişdi ki, pəncərə açıldı və həyat yoldaşı qucağında körpə ilə göründü. “Kamil, oğlumuz necə də sənə oxşayır. Burnu, gözü… hələ bax…” deyərək uşağı azacıq önə doğru əydi. Kamil gülə-gülə cavab verdi: – Yoox… Qəşəng uşaqdır, maşallah. Sənə oxşayır, Könül. Oğlunu uzaqdan görməsi belə onun içində fərqli duyğular yaratdı. Ata olmağın həyəcanını hiss eləməyə başladı. İki gün sonra oğlunu və yoldaşını evə gətirdi. Qohumları, qonşuları da dəvət edərək gözəl bir məclis qurdu. “İstəyirəm oğlumuzun adını Kamal qoyaq. Səncə necədir, Könül?” deyərək yoldaşının üzünə baxdı. Könül gülümsəyərək cavab verdi: – Gözəl addır. İnşallah, oğlumuz böyüyər, agıllı-kamallı biri olar. Qonaqlar da birağızdan “Gözəl addır. Həm də ata-anasının adına uyğundur. Adı ilə böyüsün” deyərək təkrar təbrik etdilər. Günlər ayları, aylar illəri əvəz edirdi… Kamal 6 yaşına çatmışdı artıq. Bu il məktəbə gedəcəkdi. Çox ağıllı, ağıllı olduğu qədər də cəsarətli uşaq idi. İtdən, pişikdən, həşəratdan-zaddan da qorxub eləmirdi. Bir yay günü idi. Kamil həyətdə ağaclara, bağ-bostanına qulluq edirdi. Balaca Kamal da cürbəcür suallar verir, aradabir ağacların dibindəki, tərəvəz ləklərinin arasındakı otları qopararaq atasına “kömək edirdi”. Sonra “Ata, bu bəzəkli şey nədir?” deyərək əlində tutduğu ilan balasını atasına göstərdi. Atası “Tez at yerə” deyib oğluna sarı yüyürdü. Kamal ilan balasını yerə atsa da heç nə olmamış kimi əyilib qıvrıla-qıvrıla getməsini izləyirdi. Kamil ayağ ilə ilanın başından basıb oğlunu qucağına aldı: – Oğlum, bu, ilan balasıdır. Adamı dişləyir. Sən quyruğundan tutduğuna görə səni dişləyə bilməyib. Qorxma, yaxşı? – Mən qorxmadım ki, ata. Kamil ayağını sağa-sola sürtərək heyvanın başını əzməyə çalışırdı. Öldüyünə əmin olduqdan sonra oğlunu qucağında evə gətirdi. Tez yoldaşını səslədi: – Könül, bir stəkan su gətir, ver uşağa. Könül, – nə olub? Susamısan oğlum? – deyərək uşağın üzünə baxdı. – Yox. Həyətdə ilan balası tutmuşdu. Şükür Allaha ki, vurmadı. Amma qorxmuş ola bilər. Kamal üzünə qəribə ifadə alaraq cavab verdi: – Qorxmadım, ana. Sən də qorxma. Kamil gülə-gülə oğlunun başını sığalladı: – Gərək bu uşağın adını Qorxmaz qoyardıq. Məktəblər açılmışdı. Bu gün ilk dərs günü idi. Kamal 1-ci sinfə gedirdi. Valideynlərindən ayrılıb dərs otağına keçən bütün uşaqlar ağlayırdı, bircə Kamaldan başqa. Digər valideynlər kimi Kamil də məktəbin həyətində gözləyirdi. Tənəffüslərdə uşaqlar pəncərədən həyətə baxır, valideynlərini gördükdə yenidən ağlamağa başlayırdılar. Ancaq Kamal atasını görən kimi əl edib gülümsəyirdi. Dərs bitdikdən sonra ata-oğul birlikdə evə qayıdırdılar. Kamil bir əli ilə oğlunun əlindən tutmuş, digər əlinə də onun çantasını götürmüşdü. Ata oğluna baxıb gülə-gülə dedi: – Afərin sənə. Heç ağlamadın. – Niyə ağlayım ki? – O biri uşaqlar ağlayırdı axı… İlk dəfə idi tək qalırdılar deyə, qorxurdular da… Normal haldır məncə. Kamal üzünə ciddi görkəm alıb cavab verdi: – Mən qorxmuram, ata. Sabah da gözləmə. Dərs bitəndə gələrsən. Kamil bir söz deməsə də oğlunun həm ağıllı, həm də qorxmaz olmasından qürurlandı. İllər bir-birini əvəz elədikcə Kamal böyüyür, yaraşıqlı bir yeniyetməyə çevrilirdi. İdmana da çox həvəsli idi. Bir neçə idman növünə; – güləşə, cüdoya və boksa getmişdi. Hər üçündə də yarışlara qatılmış, nailiyyətlər əldə etmişdi. Ancaq yenə də heç birində özünü tapa bilmirdi. Son siniflərə çatanda hərbçi olmağa qərar verdi. Bunu valideynlərinə bildirəndə anası, “Sən bizim tək övladımızsan” deyərək narazılıq bildirsə də, atası razılaşmış, yoldaşına da “Narahat olma, oğlumuza yaraşan peşə də elə budur” söyləyərək oğluna uğur diləmişdi. Kamal da anasının boynunu qucaqlayıb ürək-dirək vermişdi: “Qorxma, ana. Düşünürəm ki, içimdəki enerjini düşmənlərdən qisas almağa sərf eləsəm rahat olaram”. Kamal dediyi kimi də etdi; hərbi məktəbi oxudu və zabit kimi hərbi hissələrin birində qulluq eləməyə başladı. Hava yenicə işıqlanırdı. Kamil avtomobili ilə Qarabağ istiqamətinə gedirdi. Artıq Bərdə şəhərinə çatırdı. İşğal olunmuş torpaqların azad olunması üçün genişmiqyaslı əməliyyatlar başlamışdı. Kamal da döyüşdə idi. Sonuncu dəfə telefonla danışanda Tərtərdə olduğunu demişdi valideynlərinə. Ancaq neçə gün idi ki, ondan xəbər-ətər yox idi. Cib telefonuna da zəng çatmırdı. Kamil də, Könül də çox narahat idilər. Son əlacı döyüş bölgəsinə gedib, oralarda axtarmaqda görürdülər. Buna görə də Kamil gecə yarısından yola düzəlmişdi. Ancaq tək gedirdi. Könül nə qədər yalvarıb yaxarsa da onu özü ilə götürməmişdi. Düşünürdü ki, lazım gələrsə oğlunu dağda, daşda da axtaracaq. Bu isə bir qadın üçün çox çətin idi. Həm də Allah eləməmiş, oğluna bir şey olsa, ana ürəyi onu qaldırmaz. Cəbhə xəttinə yaxınlaşdıqca top səsləri eşidilməyə başlayırdı. Müharibənin nə demək olduğunu burda daha yaxşı anlamaq olurdu. Hərdən elə gurultu qopurdu ki, sanki yer, göy titrəyirdi. Kamil şlaqbaumun önündə maşını saxladı. Bəlli ki, burdan o tərəfə mülki şəxslərə giriş qadağan idi. Bir polis əməkdaşı ona tərəf gəlməyə başladı. Kamil maşından düşüb salamlaşdı: – Salam-əleyküm. Mən oğlum üçün gəlmişəm. Baş leytenant Kamal Əhmədov. Döyüş bölgəsindədir. Neçə gündür xəbər ala bilmirik. – Salam. Zəhmət olmasa öncə sənədlərinizi göstərin. Kamil sənədini göstərdikdən sonra onu posta dəvət etdilər. O, oğlunun döyüşdüyü hərbi hissə barədə məlumat verdikdən sonra, polislər ondan əlaqə nömrəsini istədilər və geri qayıdıb rayon mərkəzində gözləməsini bildirdilər. Kamil rayon mərkəzinə qayıdıb günortaya qədər gözlədi. Ancaq ona zəng edən olmadı. Belə olan halda yaxınlıqdakı bütün xəstəxanalara, hospitallara baxmaq qərarına gəldi. Gecə yarısına qədər bir çox yerlərə baxsa da, oğlundan soraq tapa bilmədi. Nə qədər narahat olsa da, yarım saatdan bir zəng edən Könülə də ürək-dirək vermək məcburiyyətində qalırdı. Gecələmək üçün kiçik otellərdən birində yer axtarmağa başladı. O qədər yorulmuşdu ki, yemək yemədən özünü çarpayıya atdı. Bu saatda onsuz da yemək tapmaq müşkül məsələ idi.
…Oğlunun səsi hələ də qulaqlarında əks-səda verirdi; – Qorxma, ata… Yaşaran gözlərini əllərinin arxası ilə silib yatağından qalxdı. Cəld əl-üzünü yuyub çölə çıxdı. Başı da bərk ağrıyırdı. Neçə saatdır ac-susuz olduğunu xatırladı. Yaxınlıqdakı kafelərdən birində yüngül qəlyanaltı etdikdən sonra, maşınına minib yenidən döyüş bölgəsinə yollandı. Dünənki postda onu yenidən saxladılar. Bu dəfə ona başqa polis yaxınlaşdı. Oğlunu axtardığını, dünən də bura gəldiyini və onlardan zəng gəlmədiyini söyləyərək onu buraxmalarını xahiş etdi. Polis əməkdaşı telefonla kiminləsə danışdıqdan sonra Kamilə yaxınlaşıb dedi: – Əmi, mən sizinlə açıq danışacağam. Oğlunuzun olduğu hərbi hissə ilə əlaqə saxladım. Şiddətli döyüşlər gedir, şəhidlərimiz və yaralılarımız var. Ancaq sizin oğlunuz barədə dəqiq heç nə bilmirlər. Sadəcə onu dedilər ki, bir az səbr eləmək lazımdır. Kamil nə qədər xahiş eləsə də onu döyüş bölgəsinə buraxmadılar. Belə olan halda “oğlumdan xəbər almayanadək burdan gedən deyiləm” deyib maşınına sarı yeridi. Maşını bir ağacın altına çəkib gözləməyə başladı. Yorğunluqdan göz qapaqları ağırlaşırdı. Neçə saat gözlədiyini bilmədi… Çiyninə bir əl toxunduğunu hiss edib dik atıldı və doğma səs eşitdi: – Qorxma, ata.
Nəriman Əliməmməd oğlu Həsənzadə (18 fevral 1931, Poylu, Qazax rayonu) — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991–2001), Azərbaycanın xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı (2017), “İlin şairi” makafatı laureatı (2010), “Şöhrət”, “Şərəf” “İstiqlal” və “Heydər Əliyev” ordenli. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir.
Sən məni bu qədər gözlətməmişdin, Belə qoymamışdın gözümü yolda. Bu qədər özünü gizlətməmişdin, Gizlənpaç oynayan vaxtımızda da.
Hayana getsən də, dönmüşdün yenə, Qayıdıb gəlmişdin mənsiz darıxıb. Bu dəfə bilmirəm nə olub sənə, Gedibsən, qayıtmaq yadından çıxıb.
Qalıb evimizdə palın paltarın, Tələsik gedəndə kimə deyibsən?! Qapının ağzında başmaq tayların, Yolda ayağına bəs nə geyibsən?!
Solub pianonun üstündə güllər, Təzə pərdələri yandırıbdır gün. Sənin bişirdiyin o mürəbbələr İçilib qurtardı hardasan özün?!
Bu axşam qəribə bir hiss keçirdim, Nə tez ömür ötdü, yaş əlli oldu, Sənin ad gününü sənsiz keçirdim, Şəkilin yeganə təsəlli oldu.
Şirin söhbətindən olmayıb doyan, Çağır qonşuları doyunca gülək: Mənsiz gördünüzmü dözmür Nəriman, Sənə qurban olum sən görmədin tək
YENƏ DƏ GÖZLƏRIM GÖZÜNDƏ QALIB
Yenə də gözlərim gözündə qalıb gördüyüm mənaya qurban olaram. Əgər həqiqətsən, mən həqiqətə, röyasan, röyaya qurban olaram.
Söhbətin şirindi, gülüşün təzə, Saldın ürəyimi eşqə, həvəsə. Sən ayaq basdığın o yola, izə, çəmənə, səhraya qurban olaram.
Çatsın hər muradın başa dünyada, bir arzun dəyməsin daşa dünyada, Bu dünya gözəldi, yaşa dünyada, sən olan dünyaya qurban olaram.
Sən getdin, həsrətin qaldı canımda, Sonradan mat qaldım, düzü bir şeyə. Qeyri-adi idin mənim yanımda, Getdin, ele bil ki, adələşməyə. Sənə yalvarırdım burda bayaqdan, Eşikdə qış idi, otaqda bahar. Sən de gedib evde yalvaracaqsan – Gecikdiyin üçün bağışlasınlar. Səni bağışlamaq… dünyaya bir bax, O qelbi, o ruhu gərək duyasan. Axı səndən gərək üzr istəyələr, Lazımsa, sen gərək bağışlayasan. Bir qəlbin en eziz şahzadesiydin, Qulluq gözleyirdim hüzurunda mən. Gedib evinizdə sən ona yəqin Bir qulluq gösterib, çay süzəcəksən. Getdin, üreyimi salıb tufana, Sədaqət həyatda başqa rəng deyil. Mənim sevincimi apardın ona, Bəlkə də ona heç bu, gərək deyil.
QAYIT
Bir qadın ömrünü girov qoymuşam, bir şair ömrünü yaşatmaq üçün”. Sara Tək çəkə bilmirəm can əzabını, Sənsiz ürəyimi əzir ayrılıq. Mən zəngi basanda, sən aç qapını, Bəxtimə çıxıbsan, qarşıma sən çıx!
Tək sənin səsinə həsrətəm evdə, Susub dinləsəm də dostu, tanışı. Oğul-qız yanında mən təkəm evdə, – Başqadır həyatda həyat yoldaşı.
Uşaqlıq yoldaşım, gözümün nuru, Könlümün həyanı, ülfəti sənsən. Qalxsam, ailədə ata qürurum, Yıxılsam, dizimin taqəti sənsən.
Həyat çox sınadı xeyirdə, şərdə, Mən dara düşəndə ilk həyanımsan. Sən “Nabat xalanın çörəyi”ndə də Mənim Fərəh adlı qəhrəmanımsan.
Yayın istisində – sərin günlüyüm, Qışda od nəfəsin hərarət verir. Mənim məğrurluğum, ərköyünlüyüm Ancaq sənə görə, sənə görədir.
Qayıt, adamları təzədən tanıt, Səhvimin üstündə danla xəlvəti. “Mənsiz nə olacaq sənin axırın!” – Bir də təkrar elə bu həqiqəti.
Evimin bəzəyi, qayıt evinə, Pəncərə, döşəmə eləcə durur, – Nə qədər silirəm toz basır yenə, Sənin sildiyintək heç təmiz olmur.
Bəzən qohumların yanır ürəyi, Deyirlər, gəl çay iç, çörək ye hərdən. Sənin bişirdiyin dadlı xörəyi Mən tapa bilmədim o süfrələrdən.
İlhamım, qələmim danışan deyil, Qayıt, öz gözümdə itirəm sənsiz. Ünvan mənimkidir, ancaq elə bil, – Özgənin evinə gedirəm sənsiz.
Qoşa hacıleylək yuvası olur, Heç qaranquşu da tək qoymur həyat. Bütün canlıların dünyası olur – Sən mənim dünyamsan, dünyama qayıt
ELƏ DAYANIRSAN
Elə dayanırsan, elə baxırsan, Elə bil qarşında quru bir daşam. İpək saçlarını bir vaxt oxşayan Elə bil hardasa mən olmamışam.
Səni dostlarımla, tanışlarımla, Mən tanış edərdim nə vaxtsa bir-bir. İndi özgələri yad ehtiramla, Deyirlər tanış ol… Nə qəribədir?!
Yuxuda görərdin nə vaxtsa hər dəm, Yolumu gözlərdin yollardan uzaq. Mən sənin yuxundan çıxıb gəlmişəm, Bu da bir yuxudur, gəl tanış olaq.
Qoluna girərdim… bu, yadındadır, gedərdik… yolumuz, arzumuz şərik. Qolum qollarının lap yanındadır, toxunsa biz indi üzr istəyirik.
Hayanda oldumsa səhər, ya axşam, Aradın sən məni, gördün sən məni. İndi gözlərinin qabağındayam, Hayanda durum ki, görəsən məni?
GƏZƏYƏN QIZ
Səni görüblər Dağüstü parkda, gün bir az aşağı əyilən vaxtda. Kinodan çıxanda görüblər səni, ötürüb harasa bir nəfər səni.
Sonra bir avtobus duracağında, sonra bir metronun çıxacağında, sonra bir taksiyə mindiyin yerdə, sonra da evə gec döndüyün yerdə.
Haraya gedibsən göz qoyubdular, Adını “gəzəyən qız” qoyubdular.
Məni gözləyibsən Dağüstü parkda, gün bir az aşağı əyilən vaxtda. Səni o kinoya mən aparmışam, özüm ötürmüşəm sonra, qadası. Od tutub yanağın, üzün yanmasın, yenə görüşmüşdük gedib bir axşam: əvvəl bir avtobus duracağında, sonra bir metronun çıxacağında, sonra bir taksiyə oturmusan sən, mənim görüşümə gecikdiyindən. Özüm saxlamışdım bir dəfə səni, bir az gec ötürdüm mən evə səni.
Gör, necə yerbəyer, necə adbaad, məni görməyiblər, ay dadi-bidad!
NƏRDİVAN
Bu dünya nərdivandı. Qalxanda mehribandı Enəndə nə yamandı. Görüşdük pillələrdə, Yolun yarısında biz. O qalxırdı bu dəmdə, Mən enirdim xəbərsiz. Onu arzularına Qaldırıdı nərdivan, Məni xatirələrə endirirdi. Bu zaman, birimiz-günçıxana, birimiz-günbatana… Qalxa bilməzdim daha, Nə o güc, nə o taqət. O da enə bilməzdi. Haqlı-haqsız, vermişdi öz hökmünü təbiət. Gərək ya düşməyəydi Bu görüş heç araya. Ya o əvvəl gələydi, Ya mən sonra dünyaya.
DÜŞÜB
Küsüb bir dünya gözəli Sükutu dünyaya düşüb. Bir yol “Ay üzlüm” demişdim Qalxıb indi Aya düşüb. Əlimdən bir ceyran çıxıb, Ceyran, canımdan can çıxıb. Mirvari dəryadan çıxıb Təzədən dəryaya düşüb. Onu yerbəyer eləyin, Məni dərbədər eləyin. Məcnuna xəbər eləyin, – Nəriman səhraya düşüb.
ÜRƏYIM ANANI ISTƏYIR, QIZIM
Ürəyim ananı istəyir qızım, Sən yaşa, dünyada qəmsiz kədərsiz, Bir səs qulağıma döz deyir, qızım, Mən dözdüm, yaş ötdü məndən xəbərsiz.
Qaşlarım qaradı, saçlarım ağdı, Təbiət şəkilimi çəkir yenidən. Hamı bu dünyada qocalacaqdı, Amma tək qocalmaq dərd verir hərdən.
“Dağlar” deyə-deyə mən dağ aşmışam, Hanı tale dostum, ürəkdən gülən?! Dünyada yaşayıb dünyalaşmışam, Dünyayla düz gəlmir daha mən deyən.
Daddım acısını şirin həyatın, Hələ bu acıdan doyan olmayıb. Qızım qardaşınla sən olmasaydın, Deyərdim dünyada anan olmayıb.
Daha yaş artdıqca, səbrim azalır. Yaş aşdı…Neyləsin yaş əyir, qızım, Qadınsız ata da anasız, qalır Ürəyim ananı istəyir, qızım…
Yazarlar cameəsi adından Xalq şairi NƏRİMAN HƏSƏNZADƏyə can sağlığı arzu edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Acının poetik tərcüməsi və ümidin poetikası (Zaur Ustac – Bilərəm) Zaur Ustacın ədəbiyyatşünas alim və şair Qəndabın “Acılara alışmışam” şeirinə nəzirə olaraq qələmə aldığı “Bilərəm” şeiri klassik Azərbaycan ədəbi ənənələrinin müasir dövrdə yaşadılmasının uğurlu nümunələrindən biridir. Bu nəzirə yalnız poetik cavab deyil, həm də mənəvi həmrəylik, dostluq, təsəlli və insan taleyinə həssas münasibətin bədii ifadəsidir. Qəndabın “Acılara alışmışam” şeiri həyatın ağrılarını, insanın qarşılaşdığı sınaqları və tale ilə mübarizəsini əks etdirən səmimi etiraf təsiri bağışlayır. Şeirin lirik qəhrəmanı yaşadığı çətinlikləri gizlətmir, əksinə onları həyat məktəbi kimi təqdim edir. Burada acı həyatın ayrılmaz hissəsi kimi göstərilir. Zaur Ustac isə “Bilərəm” nəzirəsində həmin ağrını qəbul etməklə kifayətlənmir, ona mənəvi dayaq olmaq missiyasını öz üzərinə götürür. Şair ilk misralardan etibarən qarşı tərəfə müraciət edir: “Gəl, bir olaq bu yürüşdə, Acını acım bilərəm.” Bu misralarda insanın ağrını bölüşmək istəyinin ən səmimi ifadəsi görünür. Müəllif bildirir ki, həyat yolunda heç kəs tək qalmamalıdır və başqasının dərdi onun da dərdidir. Azərbaycan poeziyasında nəzirə yazmaq qədim və zəngin ənənəyə malikdir. Nizami Gəncəvidən başlayaraq Füzuli, Vaqif, Seyid Əzim Şirvani və digər klassiklər bu ədəbi ənənəni inkişaf etdiriblər. Nəzirə sadəcə forma təkrarı deyil, əvvəlki əsərlə yaradıcı dialoq qurmaq sənətidir. “Bilərəm” şeirində Zaur Ustac məhz bu prinsipi qoruyur. O, Qəndabın poetik dünyasına daxil olur, onun hisslərini anlayır və həmin hisslərə öz baxışını əlavə edir. Beləliklə, iki şeir arasında mənəvi körpü yaranır. Birinci şeirdə həyatın ağrıları ön plana çıxırsa, ikinci şeirdə həmin ağrılara qarşı mənəvi müqavimət və dəstək hissi güclənir. Şeirin ikinci bəndində müəllif sözün mənəvi qüvvəsinə diqqət çəkir: “Gücünə güc qatsın sözüm, Sənə qurban iki gözüm…” Bu misralar Azərbaycan poeziyasında tez-tez rast gəlinən könül yaxınlığının və səmimi münasibətin ifadəsidir. Burada söz yalnız poetik vasitə deyil, həm də təsəlli, dayaq və ümid mənbəyidir. Şair inanır ki, doğru zamanda deyilən bir söz insanın yükünü yüngülləşdirə bilər. “Bir az taqət, bir az dözüm” ifadəsi isə həyat fəlsəfəsini özündə ehtiva edir. Çünki insanı çətin günlərdən keçirən əsas keyfiyyətlərdən biri məhz səbir və dözümdür. Şeirin son bəndi xüsusi diqqət çəkir: “Adın Qəndab, özün nabat, Deyirsən acıyam, heyhat…” Burada müəllif maraqlı poetik qarşılaşdırma yaradır. Qəndab adının semantik yükündən istifadə edərək onu “nabat”la müqayisə edir. Nabat Azərbaycan mədəniyyətində şirinlik, şəfa və saflıq rəmzi kimi qəbul olunur. Şair bununla demək istəyir ki, özünü acı hesab edən insanın daxilində əslində böyük bir mənəvi şirinlik və insanlıq mövcuddur. “Ustaca qat” ifadəsi həm müəllif təxəllüsünə işarədir, həm də dostcasına dəstəyin poetik formasıdır. Şair acının üstünə ümid, kədərin üstünə təbəssüm, tənhalığın üstünə dostluq əlavə etməyə çalışır. “Bilərəm” şeiri yalnız bir nəzirə deyil, həm də ədəbi həmrəyliyin nümunəsidir. Müasir dövrdə poeziyanın əsas missiyalarından biri insanları bir-birinə yaxınlaşdırmaq, onların duyğularını paylaşmaqdır. Zaur Ustacın bu əsərində məhz həmin missiya aydın görünür. Şair qarşı tərəfin ağrısını öz ağrısı hesab edir, onun yoluna işıq tutmağa çalışır. Bu baxımdan şeir təkcə Qəndaba ünvanlanmış poetik cavab deyil, həm də həyatın müxtəlif sınaqları ilə üzləşən hər bir insana ünvanlanan mənəvi mesajdır. Zaur Ustacın “Bilərəm” nəzirəsi klassik nəzirə ənənəsinin müasir Azərbaycan poeziyasında yaşadılmasının uğurlu nümunələrindən biridir. Şeirdə dostluq, mənəvi dayaq, sözün gücü, insan ağrısına şərik olmaq kimi ali dəyərlər ön plana çəkilir. Əgər Qəndabın “Acılara alışmışam” şeiri həyatın ağrılarını poetik etirafdırsa, “Bilərəm” həmin ağrılara uzanan dost əlidir. Bu baxımdan “Bilərəm” şeiri yalnız bir poetik cavab deyil, həm də insanın insana mənəvi dayaq olmasının, sözün təsəlli gücünün və Azərbaycan poeziyasında yaşamaqda davam edən yüksək mənəvi ənənələrin parlaq ifadəsi kimi dəyərləndirilə bilər.
Acılara alışmışam Acılarla yetişdim Ağrılarda mən bişdim. Bir bəladan qurtarıb, O bir bəlaya düşdüm. Başdan-başa acıyam Yaşamaqsa şipşirin! Təzada bax sevdiyim, Elə bil ki taleyim Tərs üzünə çönübdür. Bir vaxt yandırıb-yaxan, Məni yıxan acılar İndi ömür-günümün Mənasına dönübdür! Deyirəm ki, görəsən Həyatın özü kimi Mən də şirin olsaydım, Yaşamın mənasını Onda necə tapardım?! Nə yaxşı ki, yana-yana Öz külümə qarışmışam, Yaşamağı sevdiyimdən Acısına alışmışam! Müəllif: QƏNDAB
Görəsən, nə verdin, ey dünya bizə?! Axı nə vermisən, ala bilmirsən, Əksinə, biz verdik sənə gözəllik, Uydurub nağıllar, tapdıq təsəlli, Qurub-yaratdıq biz, sən sahibləndin. Sənin o fitnəkar, cəllad üzünü, Biz tərənnüm etdik yalan sözlərlə, Əslində, vəhşisən,cəlladsan özün. Nə qoca bilirsən, nə usaq, dunya, Adama deyərlər, kor ol abrına, Danışma, utanıb lal ol, ey dünya. Nə ağa baxırsan, nə qarasına Alırsan torpagın altına bizi, Səni biz yaratdıq, sənsə nankorsan. Əzrayıl bəhanə, elə sən özün Pambıqla baş kəsən olmusan, dünya…