Taleh Xəlilov yazır

ÖN SÖZ

Təhsil sisteminin inkişafı, təlim prosesinin həyatla əlaqələndirilməsi və şagirdlərdə praktik bacarıqların formalaşdırılması müasir pedaqogikanın qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu baxımdan “VII sinifdə kimya tədrisinin kənd təsərrüfatı ilə əlaqələndirilməsi yolları” adlı metodik vəsait aktual mövzuya həsr olunmuş, elmi-nəzəri və praktik əhəmiyyətə malik dəyərli tədqiqat işi kimi diqqəti cəlb edir.

Müasir dövrdə təhsil yalnız nəzəri biliklərin mənimsədilməsi ilə məhdudlaşmır. Tədris olunan biliklərin gündəlik həyatla, istehsalatla, iqtisadiyyatla və cəmiyyətin müxtəlif sahələri ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Kimya fənni isə təbiət elmləri içərisində elə bir mövqeyə malikdir ki, onun kənd təsərrüfatı, sənaye, ekologiya, tibb və digər sahələrlə qarşılıqlı əlaqəsi olduqca genişdir. Təqdim olunan vəsaitdə məhz bu əlaqələrin VII sinif kimya kursunun məzmunu əsasında şagirdlərə necə çatdırılması yolları sistemli şəkildə araşdırılmışdır.

Əsərin məzmunu ilə tanışlıq göstərir ki, müəllif mövzunu hərtərəfli öyrənmiş, müasir pedaqoji yanaşmaları, təlim metodlarını və fənlərarası inteqrasiya prinsiplərini nəzərə alaraq tədqiqat aparmışdır. Kitabın birinci fəslində VII sinif kimya dərslərinin kənd təsərrüfatı ilə əlaqələndirilməsinin nəzəri əsasları geniş şəkildə şərh edilmişdir. Kimyəvi elementlərin kənd təsərrüfatında rolu, onların bitki və heyvan orqanizmlərindəki funksiyaları, məhsuldarlığın artırılmasında əhəmiyyəti elmi faktlar əsasında izah olunmuşdur. Vəsaitdə hidrogen, oksigen və su kimi mühüm maddələrin təbiətdə dövranı, onların kənd təsərrüfatı proseslərində iştirakı xüsusi diqqət mərkəzində saxlanılmışdır. Müəllif bu mövzuların tədrisində şagirdlərin yalnız nəzəri biliklər əldə etməsini deyil, həm də müşahidə aparmaq, nəticə çıxarmaq və əldə etdikləri məlumatları praktik fəaliyyətlərində tətbiq etmək bacarıqlarının formalaşdırılmasını əsas məqsəd kimi müəyyənləşdirmişdir.

Əsərdə kənd təsərrüfatının kimyalaşması mövzusunun tədrisinə ayrıca yer ayrılması xüsusi əhəmiyyət daşıyır. Mineral gübrələrin, kimyəvi vasitələrin, torpağın münbitliyinin qorunması üsullarının, bitki qidalanmasının və məhsuldarlığın artırılması yollarının kimya fənni ilə əlaqəli şəkildə izah olunması şagirdlərdə həm elmi dünyagörüşün, həm də praktik təfəkkürün formalaşmasına xidmət edir. Bu yanaşma kənd təsərrüfatının elmi əsaslarla inkişaf etdirilməsi barədə ilkin təsəvvürlərin yaradılmasına da imkan verir.

Kitabın əsas üstünlüklərindən biri praktik yönümlülüyüdür. Müəllif kimya dərslərində laboratoriya və praktik işlərin təşkilinə, eksperimentlərin aparılmasına, müşahidələrin həyata keçirilməsinə və onların nəticələrinin təhlilinə geniş yer vermişdir. Təklif olunan təcrübələr və tapşırıqlar şagirdlərin fəallığını artırmaqla yanaşı, onların müstəqil düşünmə, araşdırma aparma və problemlərin həlli bacarıqlarının inkişafına da müsbət təsir göstərir.

Vəsaitdə layihə və tədqiqat işlərinin təşkili metodikasının təqdim olunması müasir təhsil tələbləri baxımından xüsusilə dəyərlidir. Müəllif şagirdlərin yaradıcı potensialının üzə çıxarılması, onların tədqiqatçılıq fəaliyyətinə cəlb olunması və əldə etdikləri bilikləri real həyat şəraitində tətbiq edə bilmələri üçün zəruri metodik istiqamətlər müəyyənləşdirmişdir. Bu isə tədris prosesinin səmərəliliyini artıran mühüm amillərdən biridir.

Əsərin dili aydın, elmi və anlaşıqlıdır. Mövzuların təqdimatında ardıcıllıq gözlənilmiş, materialların sistemli şəkildə qruplaşdırılması təmin edilmişdir. Müəllif həm nəzəri məsələlərin izahına, həm də onların praktik tətbiqinə eyni dərəcədə diqqət yetirmiş, metodik tövsiyələri konkret nümunələr və təlim situasiyaları ilə zənginləşdirmişdir. Bu xüsusiyyətlər vəsaitin istifadə imkanlarını genişləndirir və onun pedaqoji dəyərini artırır. Kitabda əks olunan fikirlər və metodik yanaşmalar yalnız kimya müəllimləri üçün deyil, həmçinin metodistlər, təhsil tədqiqatçıları, magistrantlar, doktorantlar və pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələr üçün də faydalı elmi mənbə hesab oluna bilər. Təqdim olunan materiallar ümumtəhsil məktəblərində təlim prosesinin təkmilləşdirilməsinə, fənlərarası inteqrasiyanın gücləndirilməsinə və şagirdlərin praktik fəaliyyətə hazırlanmasına mühüm töhfə verir.

Ümumilikdə, “VII sinifdə kimya tədrisinin kənd təsərrüfatı ilə əlaqələndirilməsi yolları” adlı metodik vəsait elmi-nəzəri səviyyəsi, metodik dəyəri, aktuallığı və praktik əhəmiyyəti ilə seçilən sanballı bir əsərdir. Müəllif qarşıya qoyduğu məqsədə nail olmuş, kimya tədrisinin həyatla və kənd təsərrüfatı ilə əlaqələndirilməsi istiqamətində mühüm elmi-metodik nəticələr əldə etmişdir. Əminliklə qeyd etmək olar ki, bu vəsait təhsil ictimaiyyəti tərəfindən maraqla qarşılanacaq, müəllimlərin peşəkar fəaliyyətində faydalı mənbələrdən birinə çevriləcək və tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə öz töhfəsini verəcəkdir.

Bu səbəbdən “VII sinifdə kimya tədrisinin kənd təsərrüfatı ilə əlaqələndirilməsi yolları” adlı metodik vəsaitin nəşrə tövsiyə olunması məqsədəuyğundur.

Taleh Xəlilov

Naxçıvan Dövlət Universitetinin

“Pedaqogika və psixologiya” kafedrasının müdiri,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Zaur Ustacın sevgi şeirləri

BİR SEVGİ – ÜÇ ŞEİR

(Zaur Ustacın sevgi şeirləri)

    Müasir Azərbaycan poeziyasında sevgi mövzusu daim aktual olmuş, şairlər bu əbədi duyğunu müxtəlif bədii çalarlarla ifadə etmişlər. Zaur Ustac bu mövzuda seçilən özünəməxsus  nümunələrin yaradıcısı kimi tanınan şairlərimizdən biridir. Onun bu mövzuda çoxlu sayda şeirləri var. Bu gün biz onlardan sadəcə üçünün üzərində dayanacağıq.

    Zaur Ustacın “Şehçiçəyim” şeiri müasir Azərbaycan poeziyasında klassik məhəbbət lirikasının ənənələrini yaşadan, eyni zamanda fərdi duyğuların səmimi və poetik ifadəsi ilə seçilən əsərlərdən biridir. Şeir öz məzmunu, obrazlar sistemi və bədii ifadə vasitələri baxımından oxucunu romantik hisslərin dərin qatlarına aparır, sevginin ülvi mahiyyətini poetik dillə təqdim edir.
     “Şehçiçəyim” adının özü əsərin ideya yükünü müəyyənləşdirən əsas açarlardan biridir. Şeh təbiətdə təmizlik, saflıq, təravət və həyat rəmzi kimi qəbul olunur. Müəllif sevgilisini məhz “Şehçiçəyim” adlandırmaqla onu adi gözəllik ölçülərindən kənara çıxarır, təbiətin ən saf və zərif varlığı kimi təqdim edir. Şeirin ilk misralarından başlayaraq bu poetik yanaşma diqqəti cəlb edir:
“Tacısan dünyamda sən çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim…”

Burada sevilən obrazı bütün çiçəklərin tacı, yəni ən ali və ən gözəl nümunəsi kimi təqdim edilir. “Köksündən bal süzən” ifadəsi isə onun mənəvi zənginliyini, sevgi və mərhəmət dolu təbiətini simvolizə edir.
     Şeirin əsas xüsusiyyətlərindən biri müəllifin məhəbbəti sadəcə hiss kimi deyil, insanı öz iradəsindən çıxaran, onun düşüncələrini və həyatını dəyişdirən güclü bir mənəvi qüvvə kimi təqdim etməsidir. Bu məqam xüsusilə ikinci misrada özünü göstərir:
“Sehrinə düşmüşəm, nur ləçəklərin,
Əqli başdan alan, zər Şehçiçəyim…”

Burada sevgi bir növ sehr kimi təqdim olunur. Sevgilinin ləçəkləri nur saçır, onun cazibəsi isə aşiqin ağlını başından alır. Klassik Şərq poeziyasında tez-tez rast gəlinən bu motiv Zaur Ustacın qələmində müasir poetik çalarlarla yenidən səslənir.
    Şeirin ikinci bəndində müəllif özünün seçimini və sevgiyə sədaqətini vurğulayır:
“Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim…”

Bu misralarda şair özünü sərrafa bənzədir. Sərraf qiymətli daşları tanıyan və seçən insandır. Müəllif də həyatında çox gözəlliklər görsə də, onların içərisindən ən qiymətlisini – “dürr”, yəni inci dəyərində olan Şehçiçəyini seçdiyini bildirir. Bu məqam sevginin təsadüfi deyil, şüurlu və dəyər əsaslı seçim olduğunu göstərir.
     Əsərin ən təsirli hissəsi son bənddə özünü göstərir. Burada aşiqin vüsal arzusu, həsrətin ağrısı və sevgi uğrunda hər cür fədakarlığa hazır olması poetik şəkildə ifadə olunur:
“Bir kərə, bir anlıq olsa da, vüsal,
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim…”

Bu misralarda sevginin dramatik tərəfi ön plana çıxır. Aşiq üçün xəyal belə təsəlli vermir, o, gerçək vüsal arzulayır. Hətta bu yolun sonu ölüm olsa belə, sevgidən vaz keçmək istəmir. Burada klassik Azərbaycan və ümumən Şərq məhəbbət poeziyasının fədakarlıq və sədaqət motivləri müasir duyğularla qovuşur.
     Dil və üslub baxımından “Şehçiçəyim” sadə, axıcı və musiqili quruluşa malikdir. Şair xalq şeiri ənənələrindən, klassik poetik obrazlardan və zəngin təşbehlərdən məharətlə istifadə etmişdir. “Bal süzən”, “nur ləçəklər”, “dürr”, “pərvanə”, “sərraf” kimi ifadələr şeirin bədii dəyərini artırır və oxucunun təsəvvüründə canlı poetik mənzərə yaradır.
      “Şehçiçəyim” məhəbbətin saflığını, seçilmiş insanın mənəvi gözəlliyini və aşiq qəlbinin sədaqətini tərənnüm edən uğurlu lirik nümunədir. Zaur Ustac bu əsərində sevginin həm işıqlı, həm də ağrılı tərəflərini incə poetik çalarlarla təqdim etmiş, oxucunu duyğuların zəngin dünyasına dəvət etmişdir. Şeir bir daha göstərir ki, həqiqi məhəbbət zaman və məkan sərhədlərini aşan, insan ruhunu ucaldan və ona yaşamaq gücü verən ən böyük mənəvi dəyərlərdən biridir.

     Müəllifin müraciət etdiyimiz iknci şeiri “Ülyahəzrət” adlanır.  “Ülyahəzrət”  şeiri də sevginin sadəcə hiss deyil, bütöv bir mənəvi hakimiyyət, könül səltənəti kimi təqdim edildiyi poetik nümunələrdən biridir. Şeir həm klassik Şərq poeziyasının eşq-fəlsəfi ənənələrini, həm də çağdaş lirikanın səmimiyyətini özündə birləşdirir.
       Əsərin adından başlayaraq müəllif oxucunu xüsusi bir poetik mühitə daxil edir. “Ülyahəzrət” müraciəti adətən hökmdarlara, ali məqama sahib şəxslərə ünvanlanır. Lakin şeirdə bu titul siyasi və ya dünyəvi hakimiyyət sahibinə deyil, sevgiliyə verilir. Beləliklə, şair sevginin hökmranlığını, könül üzərindəki mütləq hakimiyyətini ön plana çıxarır.
      Şeirin ilk bəndində bu fikir aydın şəkildə ifadə olunur:
“Könül sarayımın sultanı sənsən,
Q
əlbimdə qurduğun taxtın mübarək!”
Burada “könül sarayı”, “sultan”, “taxt” kimi obrazlar klassik poeziyanın zəngin məcaz sistemini xatırladır. Şair qəlbini bir dövlətə, sevgilisini isə həmin dövlətin hökmdarına bənzədir. Maraqlıdır ki, bu hakimiyyət zorla deyil, könüllü şəkildə qəbul edilir:
“Ruhum təbəəliyi özü üstənib,
Bi
ətin mübarək, andın mübarək!”
“Təbəəlik”, “biət”, “and” sözləri siyasi və dini leksikadan gəlsə da, burada məhəbbətin mənəvi terminlərinə çevrilir. Şair öz ruhunun sevgiliyə könüllü şəkildə bağlandığını bildirir. Bu bağlılıq əsarət deyil, ali səadət kimi təqdim olunur.
      İkinci bənddə zaman və məkan anlayışları sevgilinin varlığı ilə yeni məna qazanır:
“Zaman neçə kərə dayandı, durdu,
Birc
ə təbəssümün min dünya qurdu…”
Bu misralarda hiperbola sənətindən ustalıqla istifadə olunmuşdur. Bir təbəssümün “min dünya qurması” sevgilinin mənəvi gücünü göstərir. Şair üçün artıq zamanın axarı, dünyanın ölçüsü adi məntiqə tabe deyil. Eşqin yaratdığı duyğu reallığın sərhədlərini aşır.
Bəndin davamında isə sevgili həyatverici qüvvə kimi təqdim olunur:
“Baxışın isitdi viranə yurdu,
Oca
ğın mübarək, odun mübarək!”
“Viranə yurd” ifadəsi yalnız fiziki məkanı deyil, şairin daxili aləmini də simvolizə edir. Sevgilinin baxışı bu viranəliyi isidən, ona yenidən həyat verən müqəddəs bir ocaqdır. Burada od həm məhəbbətin hərarətini, həm də dirçəldici gücünü ifadə edir.
     Şeirin son bəndi sənət və fədakarlıq motivləri ilə diqqəti cəlb edir:
“Sözdən ilmə-ilmə toxunub tacın,
N
əyim var, nəyim yox qoy olsun bacın…”
Şair sevgilinin tacının sözlərdən toxunduğunu deyir. Bu, həm poetik yaradıcılığa işarədir, həm də sevgilinin böyüklüyünün şair sözü ilə əbədiləşdirildiyini göstərir. Burada söz sadəcə ifadə vasitəsi deyil, dəyər yaradan sənət materialıdır.
      Bəndin kulminasiya nöqtəsi isə aşağıdakı misralardır:
“Bu yolda qurbanlıq özü Ustacın,
M
əqamın mübarək, adın mübarək!”
Şair özünü eşq yolunda qurban verməyə hazır olduğunu bildirir. Bu, klassik aşiqlərin fədakarlıq ənənəsinin müasir ifadəsidir. Burada müəllif təxəllüsünü mətnə daxil etməklə həm öz poetik imzasını qoyur, həm də hisslərinin səmimiliyini vurğulayır.
    “Ülyahəzrət” şeirinin əsas məziyyətlərindən biri onun dilinin sadəliyi ilə obrazlarının zənginliyinin vəhdət təşkil etməsidir. Şeirdə mürəkkəb fəlsəfi fikirlər yoxdur, lakin hər misra dərin emosional yük daşıyır. “Sultan”, “taxt”, “biət”, “ocaq”, “tac”, “məqam” kimi anlayışlar bir-biri ilə əlaqələnərək bütöv poetik sistem yaradır.
      Şeir oxucuda həm klassik poeziyanın nəfəsini hiss etdirir, həm də müasir insanın sevgi etirafı kimi səslənir. Bu baxımdan “Ülyahəzrət” təkcə sevgi şeiri deyil, həm də könüllü sədaqətin, mənəvi bağlılığın və ülvi hisslərin poetik tərənnümüdür.

       Onun “Ağçiçəyim” şeiri  müraciət etdiyimiz üçüncü şeirdir.
     “Ağçiçəyim” ilk baxışda təbiət təsviri təsiri bağışlasa da, əslində burada həyatın ən çətin anlarında belə ümidin, gözəlliyin və saflığın yaşaması ideyası ön plana çəkilir.  Ümumiyyətlə Zaur Ustacın bütün çiçəkləri obrazlaşdırılımış, həyatda  prototipləri olan real şəxslər (şəxsdir). Şair qışın sərt hökm sürdüyü bir məqamda gözlənilmədən çiçək görür:
“Qış tüğyan edirdi ömür bağında,
Hamı süst yatırdı ağ yorğanında,
Qəfil gördüm səni bar budağında,
Xoş gördük, günaydın, ay Ağ çiçəyim!”

Bu misralarda “ömür bağı” insan həyatının poetik modelidir. Qış isə yalnız təbiət hadisəsi deyil; çətinliklərin, durğunluğun, ümidsizliyin rəmzidir. Belə bir vaxtda ağ çiçəyin görünməsi həyatın yenilənməsi, ruhun oyanışı və gələcəyə inam kimi mənalandırılır. Şair çiçəklə salamlaşır, ona “günaydın” deyir. Bu müraciət tərzi əsərə xüsusi səmimiyyət və canlılıq gətirir.
     Şeirin ikinci bəndində ağ rəngin poetik gücü diqqəti cəlb edir:
“Dümağsan, qar sənin yanında qara,
Tanrım rüsxət verib, baxmayıb qara,
Bu, qarlı qış hara, tər çiçək hara…”

Burada ağ çiçək saflığın, mənəvi təmizliyin və ilahi gözəlliyin simvoluna çevrilir. Şairin müqayisəsi son dərəcə təsirlidir: qarın özü belə çiçəyin yanında qara görünür. Oxucu hiss edir ki, söhbət yalnız bir çiçəkdən deyil, insan həyatında qarşılaşılan ən saf duyğulardan, bəlkə də sevgidən, ümiddən və ya mənəvi kamillikdən gedir.
     Şeirin üçüncü bəndi müəllifin daxili təvazökarlığını nümayiş etdirir:
“Əllərim pak deyil oxşayım səni,
Həddim o hədd deyil qoxlayım səni,
Bağbanam borcumdur yoxlayım səni…”

Bu misralarda lirik qəhrəman özünü gözəlliyin qarşısında məsuliyyət daşıyan bir bağban kimi təqdim edir. O, çiçəyi sahiblənmək və ya ona hökm etmək istəmir. Əksinə, onu qorumağı, yaşatmağı öz vəzifəsi hesab edir. Bu yanaşma insanın təbiətə, gözəlliyə və müqəddəs dəyərlərə münasibətinin poetik ifadəsidir.
      “Ağçiçəyim” şeirinin əsas üstünlüklərindən biri onun sadə və anlaşıqlı dilidir. Şair mürəkkəb poetik konstruksiyalara müraciət etmədən dərin fəlsəfi məzmun yarada bilir. Təbiət mənzərəsi ilə insan ruhunun vəziyyəti arasında qurulan paralellər əsərin emosional təsir gücünü artırır. Məhz buna görə şeir həm klassik poeziya ənənələrinə bağlıdır, həm də müasir oxucunun duyğularına yaxın gəlir.
        Ədəbiyyatşünaslar  və tənqidçilər  Zaur Ustac yaradıcılığı haqqında yazılarında da onun səmimiliyini xüsusilə vurğulayırlar. “Ağçiçəyim” şeiri müəllifin sevgi, təbiət və mənəvi saflıq mövzularına həssas münasibətinin uğurlu nümunələrindən biri kimi dəyərləndirilir.

      Bu üç şeiri nəzərdən keçirdikdə şairin olduqca səmimi bir dillə öz nakam sevgisindən söhbət açdığının şahidi oluruq.
 Günnur Ağayeva

Ədəbiyyatşünas-tənqidçi

Tuncay Şəhrili yazır

11 “B” sinfinin müəllimlərinə sonsuz minnətdarlıq
       Bakı şəhəri, Yasamal rayonu, Milli Qəhrəman Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin 11 “B” sinfi üçün bu gün təkcə bir tədris ilinin deyil, bütöv bir məktəb həyatının yekunlaşdığı, sevinc və kövrək duyğuların bir-birinə qarışdığı əlamətdar gündür. Bu gün biz məzunlar olaraq keçdiyimiz on bir illik təhsil yoluna nəzər salır, bu yolda bizə elm öyrədən, tərbiyə verən, yol göstərən bütün müəllimlərimizə dərin hörmət və minnətdarlığımızı ifadə edirik.

         Məktəb  rəhbərliyimizə, xüsusilə də təlim-tərbiyə işləri üzrə direktor müavinimiz, bizə 5-ci sinifdən etibarən Rəqəmsal Bacarıqlar və STEAM fənlərini tədris edən Çinarə Kazımova müəlliməyə, həmçinin STEAM müəllimimiz Nəzakət Əhmədbəyli müəlliməyə dərin təşəkkürümüzü bildiririk. Onlar müasir texnologiyalar, innovativ düşüncə və yaradıcı yanaşma bacarıqlarımızın inkişafında böyük rol oynadılar. Verdikləri bilik və dəstək sayəsində biz gələcəyin dünyasına hazırlaşmağın vacibliyini dərk etdik, yeni ideyalar yaratmağı və texnologiyalardan səmərəli istifadə etməyi öyrəndik.

       Sinif rəhbərimiz Məcidova Aytən müəlliməyə xüsusi təşəkkürümüzü bildiririk. Aytən müəllimə bizim üçün sadəcə sinif rəhbəri deyil, hər zaman qayğımıza qalan, uğurlarımıza sevinən, çətin anlarımızda yanımızda olan doğma bir insan olmuşdur. O, bizi bir sinif kimi birləşdirmiş, dostluğun, qarşılıqlı hörmətin və məsuliyyətin vacibliyini öyrətmişdir. Məktəb illərimizin ən gözəl xatirələrində Aytən müəllimənin əməyi, qayğısı və səmimiyyəti xüsusi yer tutur.
       Azərbaycan dili müəlliməmiz Kərimova Bəyim müəllimə bizə ana dilimizin zənginliyini, sözün qüdrətini və milli-mənəvi dəyərlərimizi sevdirib. Onun sayəsində dilimizi daha dərindən öyrənmiş, fikirlərimizi düzgün və səlis ifadə etməyi bacarmışıq.
Riyaziyyat müəllimlərimiz Hacıyeva Mahur müəllimə və Mustafayeva Günay müəllimə bizə məntiqi düşünməyi, qarşıya çıxan problemlərə düzgün həll yolları tapmağı öyrədiblər. Onların səbrli və məsuliyyətli yanaşması bizə riyaziyyatın həyatın ayrılmaz hissəsi olduğunu göstərib.
       İngilis dili müəllimələrimiz Qurbanova Hökümə müəllimə, Əliyeva Təranə müəllimə və Əliyeva Mətanət müəllimə bizə dünya ilə ünsiyyət qurmağın açarını təqdim etdilər. Onların zəhməti nəticəsində xarici dil biliklərimiz inkişaf etdi və yeni imkanların qapıları üzümüzə açıldı.
       Rus dili müəllimələrimiz Qasımova Aygün müəllimə, Əfəndiyeva Fidan müəllimə, Xaver Süleymanova müəllimə və Firəngiz Kərimova müəllimə bizə bu dili sevdirərək müxtəlif mədəniyyətləri daha yaxından tanımaq imkanı yaratdılar.
      Coğrafiya müəlliməmiz Şiriyeva Könül müəllimə bizi dünyanın müxtəlif guşələrinə apararaq təbiətin, ölkələrin və xalqların rəngarəngliyi ilə tanış etdi. Onun dərsləri sayəsində dünyaya baxışımız daha da genişləndi.
     Biologiya müəlliməmiz Məmmədova Şərqiyə müəllimə canlı aləmin sirlərini öyrədərək təbiətə və həyata daha böyük maraq formalaşdırdı. Onun dərsləri bizə insanın və təbiətin bir-biri ilə ayrılmaz bağlılığını anlatdı.
     Həyat bilgisi müəllimələrimiz Əhmədova Sevda müəllimə və Tağıyeva Pərvanə müəllimə bizə yalnız bilik deyil, həm də düzgün həyat prinsipləri aşıladılar. Onların tövsiyələri gələcək həyat yolumuzda bizə bələdçi olacaq.
      Kimya müəllimələrimiz Əhmədova Sevda müəllimə və Abdullayeva Xatirə müəllimə maddələrin sirli dünyasını sevdirərək elmin maraqlı tərəflərini bizə tanıtdılar. Onların əməyi sayəsində müşahidə etməyi və araşdırma aparmağı öyrəndik.
        Fiziki tərbiyə müəllimlərimiz Allahverdiyeva Nərgiz müəllimə, Mustafayev Sahib müəllim və Şirinov Rövşən müəllim bizə sağlam həyat tərzinin əhəmiyyətini aşıladılar. Onların rəhbərliyi ilə həm fiziki hazırlığımız, həm də komandada işləmək bacarığımız inkişaf etdi.
      Təsviri incəsənət müəlliməmiz İsayeva İradə müəllimə gözəlliyi görməyi və yaradıcılığı qiymətləndirməyi öyrətdi. Onun dərsləri estetik zövqümüzün formalaşmasına mühüm töhfə verdi.
      Tarix müəllimələrimiz Məmmədova Nailə müəllimə və Paşayeva Günel müəllimə keçmişimizi öyrədərək vətənimizin tarixini sevməyi, tarixi hadisələrdən nəticə çıxarmağı öyrətdilər. Onların dərsləri milli kimliyimizin daha dərindən dərk edilməsinə xidmət etdi.
       Fizika müəllimələrimiz Osmanova Mahirə müəllimə və Əsədullayev Yusif müəllim bizə kainatın qanunlarını, elm və texnologiyanın əsaslarını öyrətdilər. Onların sayəsində ətrafımızda baş verən hadisələrə daha elmi yanaşmağı bacardıq.
     İnformatika müəllimələrimiz Kərimova Şəms müəllimə, Həsənova Mehriban müəllimə və Aysel Fətəliyeva müəllimə müasir informasiya texnologiyalarından istifadə etməyi öyrədərək bizi rəqəmsal dünyanın imkanları ilə tanış etdilər.
       Musiqi müəlliməmiz Paşayeva Nuranə müəllimə musiqinin insan ruhuna təsirini hiss etdirdi, incəsənətə sevgimizi artırdı və mənəvi dünyamızın zənginləşməsinə töhfə verdi.
       Gənclərin Çağırışaqədərki Hazırlığı müəllimimiz Quliyev Pəhləvan müəllim bizə vətənpərvərlik hisslərini, intizamı və məsuliyyəti aşıladı. Onun dərsləri Vətənə sevgi və xidmət anlayışını daha dərindən dərk etməyimizə kömək etdi. Onun bizə aşıldığı bu sevginin nəticəsində mən hərbçi olmaq qərarına gəldim.
       Əziz müəllimlərimiz! Bu gün əldə etdiyimiz hər uğurun arxasında sizin zəhmətiniz, biliyiniz, səbriniz və fədakarlığınız dayanır. Siz bizə yalnız dərs keçmədiniz, həm də insan olmağı, məqsədlərimizə doğru inamla addımlamağı öyrətdiniz. Məktəb illəri başa çatsa da, verdiyiniz biliklər, dəyərlər və xatirələr ömrümüz boyu bizimlə olacaq.
        11 “B” sinfi adından hər birinizə dərin ehtiram və sonsuz təşəkkürümüzü bildiririk. Yolunuz daim işıqlı, ömrünüz sağlam və uğurlu olsun. Bizim qəlbimizdə hər zaman əziz müəllimlərimiz kimi yaşayacaqsınız.
Məzun günümüz mübarək, əziz müəllimlərimiz!
Hörmətlə, Tuncay ŞƏHRİLİ
20 nömrəli məktəb-liseyin  11 “B” sinifdən məzun
11.06.2026. Bakı şəhəri.

İnsanın özünə qarşı apardığı səssiz mübarizə

İnsanın özünə qarşı apardığı səssiz mübarizə

Gün ərzində müəyyən işlərlə məşğul olursan. Bəlkə işə gedib-gəlirsən, şəxsi baxımına vaxt ayırır, gündəlik ehtiyaclarını qarşılayırsan. Bəzən gəzintiyə çıxır, bəzən isə monoton həyatın içində itib-batırsan. Axşam olanda isə üzərinə bir yük çökür. Bunun gün ərzində etdiyin işlərin yorğunluğu olduğunu düşünürsən. Amma keçmir. Zehnində bir qarışıqlıq, bədənində isə bir uyuşma var.

Bunları hiss etməmək üçün özünü məşğul edirsən. Telefonda qısa videolar izləyir, başqalarının “uğurlarını” göstərən paylaşımlara baxır, “vlogger” və “blogger”lərin səhifələrində saatlarla vaxt keçirirsən. Doğrusunu desək, zaman anlayışını itirirsən. Bir də ayılırsan ki, saatlar keçib gedib, amma daxilindəki narahatlıq hələ də qalır.

Düşünmək belə istəmirsən. Axı bu narahatlıq nədəndir? Çünki düşünmək üzləşmək deməkdir. Üzləşmək isə cəsarət tələb edir. O narahatlığın səbəbi daxilində gedən mübarizədir. Görünməyən və daimi olan bir mübarizə. Potensialını həyata keçirmək istəyi ilə məsuliyyətdən qaçmaq arzusu arasındakı mübarizə.

Çox vaxt tənbəllik adlandırdığımız xüsusiyyətin kökündə də məhz bu dayanır desəm, inanarsınızmı? Tənbəllik sadəcə heç nə etməmək deyil. Çox vaxt o, insanın daxili gərginliyindən qaçma formasıdır.

Müraciət edən danışanlarımdan biri tənbəl olmasından şikayət edirdi. Bu xüsusiyyətinə görə həm ətrafdakıların, həm də özünün qınaq obyektinə çevrilmişdi. Düşünə bilərsiniz ki, əgər insan özünü bu xüsusiyyətinə görə qınayırsa, deməli dəyişə bilər. Bəs niyə dəyişmir? Niyə bu xüsusiyyəti ilə yaşamağa davam edir?

Çünki bəzən tənbəlliklə qazandıqlarımızın həcmi itirdiklərimizdən daha çox olur. Belə olduqda insan tənbəlliyi “buraxa” bilmir. Tənbəllik onu məsuliyyətdən uzaqlaşdırır, zəhmətdən qoruyur, risk almaq məcburiyyətini azaldır.

Bu mövzu haqqında çox düşünmüşəm. Gəldiyim nəticə budur ki, hər insan müəyyən bir potensialla doğulur. Fikirlərini təqdir etdiyim amerikalı psixoloq Abraham Maslow öz ehtiyaclar iyerarxiyasında bu mövzuya toxunur. Maslow hesab edirdi ki, hər insanın daxilində öz potensialını həyata keçirmək, bacarıqlarını inkişaf etdirmək və həqiqi mənliyinə çevrilmək istəyi var. O, bu prosesi “özünü gerçəkləşdirmə” adlandırırdı.

İnsana öz potensialını gerçəkləşdirmək üçün resurs da verilir. Bu, sənin daxili enerjindir. Həmin resursu nəyə sərf etdiyin isə həyatını dəyişir. Məsələn, keçmişə bağlılıq, kin, nifrət, qeybət, paxıllıq, qəzəb, bitmiş münasibətlər, “boş” insanlarla mənasız söhbətlər və daha nələr, nələr…

Axı o resurs xərclənməlidir. Sən onu potensialını gerçəkləşdirməyə sərf etmədiyin halda, başqa istiqamətlərə yönələcək. Sadəcə həyatda qalmaq, “baş qatmaq” üçün nələrləsə məşğul olacaqsan.

“Bəs insan potensialını gerçəkləşdirməyə haradan başlamalıdır?” sualını versəniz, ilk olaraq bunu deyərdim: Enerjini yanlış yerlərə xərcləməməlidir.

Özünü kəşf yolunda addımlar atmaq bizi həm daha xoşbəxt edir, həm də potensialımıza yaxınlaşdırır. Başqalarının səhvləri, keçmiş hadisələr və ya gündəlik səs-küylə məşğul olmaqdan çıx. Öz qorxularına, arzularına və həqiqətlərinə baxmağa başla.

Məsuliyyətini qəbul et. Ekzistensial fəlsəfəyə görə azadlıq və məsuliyyət ayrılmaz anlayışlardır. Həyatının istiqamətini başqalarının deyil, öz seçimlərinin müəyyən etdiyini qəbul etmək inkişafın əsas şərtlərindən biridir.

Öz dəyərlərinə uyğun yaşa. Özündən soruş: “Mənim üçün həqiqətən vacib olan nədir?” Bir çox insanlar başqalarının onlar üçün təyin etdiyi qaydalara uyğun yaşayırlar. Öz dəyərlərinə uyğun olmayan həyat daxili boşluq yaradır. Dəyərlərinə uyğun həyat isə məna hissini gücləndirir və səni potensialına doğru aparır.

Və nəhayət, hərəkətdə ol. Nə qədər ki, axtarışdasan, bir o qədər çox məlumatlı olursan. Kitablar, mentor dəstəyi, psixoloji yardım, təlimlərdə iştirak və digər fəaliyyətlər öz yolunda addımlamağına kömək edən vasitələrdir.

Bəlkə də həyatın ən böyük yorğunluğu çox işləməkdən deyil, ola biləcəyin insandan uzaq yaşamaqdan yaranır…

Sevgi ilə qalın…

Aytac Ələkbərova,
klinik psixoloq, təlimçi

Aytac Ələkbərovanın yazıları

YENİ MƏLUMATLAR BURADA

QƏNDAB XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I