BƏS NİYƏ ƏLLƏRİM ÇATMIR AĞDAMA

Ağdamlılar, gəlin gedək Ağdama

Yenə həsrət gəlib qapımı döydü,
Ağdamlılar, gəlin gedək Ağdama.
Dördyoldan ötərək, Xaçından keçək,
Duz səpildi bu qan verən yarama,
Ağdamlılar, gəlin gedək Ağdama.

Çinar kölgəsində Qərvənddə düşək,
Kəhrizin suyundan doyunca içək,
Lalə həsrətiylə zəmiyə girək.
Bənövşəni üzüb taxım yaxama,
Ağdamlılar, gəlin gedək Ağdama.

Gülçülükdə qızılgülü iyləyək,
Vətən deyib ordan Vətən səsləyək,
Göytəpədə yatıb bir az dincələk.
Minim Konzovadda kəhər atıma,
Ağdamlılar, gəlin gedək Ağdama.

Ana layla desin Uzundərədə,
Neçə Şəhid yatır bu doğma eldə,
Onları bir anaq yanan ürəkdə.
Həsrət qılınc vurub dərdli bağrıma,
Ağdamlılar, gəlin gedək Ağdama.

Bilirəm küskündü Əhmədağalı,
Bizi qarşılar Keşdazdı, Qiyaslı,
Ətyeməzli bağı olub gilaslı.
Yaman düşüb o bağlarım yadıma,
Ağdamlılar, gəlin gedək Ağdama.

Girək o möhtəşəm gözəl elimə,
Səs versin minacət mənim səsimə,
Baxaq tarmar olan din evimizə.
Baxıb çay evinə dostum sızlama,
Ağdamlılar, gəlin gedək Ağdama.

Natavanım imarətdə nigaran,
Bizə dağ çəkibdi bu acı dövran,
Bazarın yerində qalıbdı al qan.
Baş çəkim dağılan o yurd-yuvama,
Ağdamlılar, gəlin gedək Ağdama.

Qarağacı heç yoxuymuş deyəsən,
Məzarların yerin düzən görərsən,
Bir “Dostluq” tərəfə əgər ki, getsən.
Üzüm muzeyinə baxıb ağlama,
Ağdamlılar, gəlin gedək Ağdama.

Dram ocağının daşı qalmayıb,
Muradbəyli sanki burda olmayıb,
Qeyb olan şəhərə ürək ağlayıb.
Necə ağır gəlir bunlar adama,
Ağdamlılar, gəlin gedək Ağdama.

Sarıtəpə bir xəyaldı, tapmıram,
Kuybişevdə dostları axtarıram,
Fərhadın büstünə hələ yanıram.
Abidəmiz yoxdu dostum, arama,
Ağdamlılar, gəlin gedək Ağdama.

Məktəblərin yeri otlaq olubdu,
O güllü bağçalar artıq solubdu,
Ana oğul deyib saçın yolubdu.
Necə sığışdırım bunu arıma,
Ağdamlılar, gəlin gedək Ağdama.

Şahbulaq dağından qan iyi gəlir,
Asfalt yollarımda qanqallar bitir,
Ay Allah Vətənə bizləri yetir.
Vidadiyəm, yığışın harayıma,
Ağdamlılar, gəlin gedək Ağdama.

Düşür bu ömrümün son yarpaqları

Gözəllər gözünü çəkir gözümdən,
Düşür bu ömrümün son yarpaqları.
Artıq yorulmuşam özüm-özümdən,
Külək titrətdikcə hey ağacları,
Düşür bu ömrümün son yarpaqları.

Əsir əllər, göz də eynək istəyir,
Ürək nələr çəkir adam bilməyir,
Xəstəlik anbaan səni izləyir.
Dövran dara çəkir bu insanları,
Düşür bu ömrümün son yarpaqları.

Gecələr sübhətək oyaq qalırsan,
Baxıb aynabəndə fikrə dalırsan,
Ötən günlərini yada salırsan.
Bir-bir ötürürsən qəmli illəri,
Düşür bu ömrümün son yarpaqları.

Bəs niyə yaratdın məni, ay Allah?
Açılmır, yenə də açılmır sabah,
Deyəsən olmuşam ölmə nişangah.
Beləcə açıram hər sabahları,
Düşür bu ömrümün son yarpaqları.

Qəmgin Vidadiyəm, talehi qara,
Çıxıb ürəyimə amansız yara,
Bölünüb ürəyim, olubdu para.
Gözlərim hey gəzir bu məzarları,
Düşür bu ömrümün son yarpaqları.

Vətən həsrətimi məni qocaltdı?

Yazdıqca qələmim əsir əlimdə,
Vətən həsrətimi məni qocaltdı?
Şirin xatirələr qalıb gözümdə.
Elin sərvətini düşmən apardı,
Vətən həsrətimi məni qocaltdı?

O dağı, dərəni gözüm axtarır,
Həsrət xəncər ilə sinəmi yarır.
Vətən nərə çəkib bizı çağırdı,
İllərdi dilimin ucu yaradı,
Vətən həsrətimi məni qocaltdı?

Şuşa gecələri çıxmır yadımdan,
Niyə əzab verdi bizə Yaradan?
Xəbər verən varmı bizə Laçından?
Həkəri çayıyla göz yaşı axdı,
Vətən həsrətimi məni qocaltdı?

Daşaltında dolaşır şəhid ruhu,
Hey gəlir burnuma dağların qoxu,
Bəlkə unudubdu bunları çoxu.
Röyamdan oyadan məni haraydı,
Vətən həsrətimi məni qocaltdı?

Vidadiyəm, bu gün zəfər bizimdi,
Gəncliyimi ötən illər apardı.
İndi fəryad edən küskün səsimdi,
Xəyal məni o illərə apardı,
Vətən həsrətimi məni qocaltdı?

BƏS NİYƏ ƏLLƏRİM ÇATMIR AĞDAMA

Çırpınır ürəyim, əsir dizlərim,
Bəs niyə əllərim çatmır Ağdama?
Tikilib uzanan yola gözlərim.
Həyat istirabdı, dərddi adama.
Bəs niyə əllərim çatmır Ağdama?

Onun xəyalıyla yatıb, dururam,
Sorağın küləkdən, quşdan alıram,
Ağdam həsrətiylə hər an yanıram.
Nifrətmi edim mən bu dövranıma,
Bəs niyə əllərim çatmır Ağdama?

Ata varlığının əsiriyəm mən,
Yaş axır yanağa didələrimdən,
Hərdən diksinirəm onun səsindən.
Səs gələn tərəfə baxıram, amma
Bəs niyə əllərim çatmır Ağdama?

Getmir gözlərimdən ata varlığı,
Öpərəm ayağı dəyən torpağı,
Yenə kədər gəldi bu axşam çağı.
Royalar atamı salır yadıma.
Bəs niyə əllərim çatmır Ağdama?

Müəllif: VİDADİ TURAN AĞDAMLI

VİDADİ TURAN AĞDAMLININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

AYBƏNİZ HƏŞİMOVANIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Atakişiyeva Həcəin yazıları

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir