Rafiq Yusifoğlu – Sözün üzü

SÖZÜN ÜZÜ

“Bir nigari-ənbərinxətdir könüllər almağa,
Göstərər hərdəm niqabi-qeybdən rüxsar söz.”

M.Füzuli

Biz heyrətə gəlirik yoxdan var olanda söz,
İnsan qaçıb sığınır düşüncə ağuşuna.
Şimşək kimi buluddan qəfil sıyrılanda söz,
Təşnə ürəklər düşür möcüzə yağışına…

Söz təbəssüm qondurur duyanların üzünə,
Doğma yurdda hər qərib şirin dilə bənd deyil.
Hamı baş vura bilmir mərifət dənizinə,
İnci tapıb sevinmək hamıya qismət deyil.

Nurlu söz qönçə tutar gözəllərin dilində,
Atalar yaxşı deyib, baş qurban bacarana.
Hikmət, məhəbbət dolu söz duyanın əlində
Sirlər xəzinəsinin çevrilər açarına…

Duyanların üstünə sevgi yağışı yağır,
Sözün nuru bənzəyir ildırım işığına.
Boşaldır öz yükünü buludlar ağır-ağır,
Hikmət nuru səmada dönür göyqurşağına…

Meyar itib sənətdə, neçə zəhərli nəfəs
Misraların içində yanan közü qaraldır.
Dünya ilahi sözə sanki olubdur qəfəs, –
Söz yanında çoxunun indi üzü qaradır…

Bu gün sənət meydanı sanki qara bazardır,
Turp əkməyə çalışır hamı sözün başına.
Onu duymayanlara söz üzünü bozardır,
Onu anlayanların çevrilir sirdaşına…

Sehrli çiçəkləri arif olan tez dərir,
Şair söz çəmənindən bal toplayan arıdı.
Söz onu söyləyənin kimliyini göstərir,
Söz ki var, istedadın ölçüsü, meyarıdı…

Qoymaz sözün üzünü qara buldlar ala,
Bu sənət yollarında həmişə üzü ağlar!
Əcəl yuxusu belə önündə aciz qalar, –
Diri söz sahibini həmişə diri saxlar…

Duayla çıxart görüm sən darıdan qabanı?
Hamı deyə bilirmi üzə sözün düzünü? –
Söz həmişə götürmür öz bulud niqabını,
Hamıya qismət olmur görmək onun üzünü…

01.10.2026

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir