LAĞLAĞIÇILAR

LAĞLAĞIÇILAR

(hekayə)

     Allahın yaratdığı canlı varlıqlar arasında, gözlə görmədiyimiz mikro orqanizmilərdən tutmuş okeanlardakı balinalarla, qurudakı fillərlə müqayisədə insan qədər çətinliklə böyüyüb öz ayaqları üstə sərbəst hərəkət edən ikinci bir canlı varmı? Böyüyüb, ahıllıq çağını yaşamaq şərəfinə nail olmuş heç kəs deyə bilməz ki, doğmalarının qayğısı, cəmiyyətin dəstıyi olmasaydı, olduqları mərhələrdə qərar tutmazdılar. Heyvanlar təbiət qoynunda tək-tənha sərbəst yaşaya bilərlər. İnsanların isə cəmiyyətdən təcrid olub tənha yaşaması mumkün deyil. İbtidai icma quruluşunda insanlar qəbilələr halında birləşərək, yırtıcı heyvanlardan qorunublar. Birlikləri sayəsində onlara qənim kəsilən nəhəng dinozaurların kökünü kəsiblər. Yırtıcılardan gözlənilən təhlükə səngidikdən sonra  mövcud olan qəbilələr arasında baş verən münaqişələrdə də birləşərək müdafiə olnublar. Ölkələr arasında baş verən qanlı müharibələrdə də xalqlar sıx birliyi nəticəsində mövcudluğunu qoruyub, saxlayıblar. 

  Bəşərin heç bir dönəmində insanoğlunun tənha yaşaması mümkünsüz olub. Zamanın sakit dövründə də, hər kəs istəyib ki, asudə vaxtını səmərəli keçirməsi üçün öz dövrəsi olsun.

  Fərhad müəllim orta məktəbi bitirdiyi il ali məktəbə qəbul olub. İnstitutu bitirib təqaüdə çıxana qədər Bakıda qalıb, işləyib. İldə bir dəfə verilən məzuniyyət vaxtını Qara dəniz sahillərində keçirdiyinə görə doğma rayonuna ancaq, xeyir-şərdə gələrdi. Çalışdığı zavodda məsul vəzifədə çalışdığına görə, asudə vaxtın nə olduğunu bilmirdi. Onun üçün məhdud iş saatı yox idi. Axşamlar evə on-on bir radələrində gələrdi. Çox vaxt şənbə, bazar günlərində də iş yerində olurdu. Yaxşı münasibətdə olduğu iş yoldaşları vardı. Bir – birinin adgünlərində, xeyir-şərində fəal iştirak edərdilər. İşdən kənar sıx münasibətdə olduğu dost-tanışı yox idi.

  Eyni vaxtda işə başladıqlarına görə, eyni vaxtda da təqaüdə çıxdılar. Dünyaya gətirdikləri qızı ilə, oğlu ali təhsil alıb, ixtisaslarına uyğun işlə təmin olunmuşdular. Onların yardımına ehtiyacları yox idi. Aldıqları təqaüd normal yayışları üçün kifayət edirdi. Digər iş yoldaşları kimi əlavə qazanc gətirən obyektləri yox idi. Ona iş ortaqlığı təkliv edən iş yoldaşlarından birinə demişdi: – dövlətdən aldığım məvacibim dolanışığıma yetir. Görməmiş deyiləm. Olanıma şükür edirəm.

  İşlədiyi müddətdə gərgin keçən günlərin axşamlarında düşünərdi: təqaüdə çıxsaydım, başım dincələrdi.

  Təqaüdə çıxdı. Başı düncəlmədi. İşlədiyi müddətdə hiss eləmədiyi günlərin uzunluğu onu bezdirdi.

  Bir gün o şəhəri gəzib-dolaşıb bazarlıq edib, yorğun halda evə gələndə gördü ki, həyat yoldaşı-Solmaz nahar hazırlığı görüb onu gözləyir.

  Solmaz xanım ərinin aldığı meyvəni, göyərtini, ərzağı yerbə-yer edib, divanda oturub yorğunluğunu alan, taqətdən düşmüş ərinə baxıb gülümsədi.

  – Noldu Fərhad müəllim, bunları bazardan alıb daşımaq çoxmu asandır? – dedi.

  – Şəxsi həyətimiz olsaydı, özümüz əkib-becərsəydik daha rahat olardı. – deyib Fərhad nüəllim köks ötürdü.

  – Sənin şəxsi həyətin yoxdurmu? Atanın sənin adına vəsiyyətnamə yazıb imzaladığı yurd-yuva ev qarışıq yolumuzu gözləmirmi? Bizim burda qalıb yaşamağımız oğlumuza yükdən başqa bir şey deyil. Köçək rayona. Əkək-becərək. Bazardan aldığımız kim biıir neçə əldən çıxan göy-göyərtiyə, mer-meyvəyə xərclədiyimiz qalar cibimizdə.

  Bu gün bazarlıq edib qayıdarkən yol boyu bu barədə güşünmüşdü Fərhad müəllim. Yoldaşının da bu fikirdə olması ürəyincə oldu.

  – Elə mən də səninlə bu haqda danışacaqdım. Açığını deyim ki, belə asanlıqla razılıq verəcəyini gözləmirdim.

  – Sənin də mənə güvənməyəcəyini gözləmirdim. Yaşadığımız müddətdə hər hansı bir fikrinə qarşı çıxmışammı?

  – Nə bilim. Düşündüm ki, ömrünün çox hissəsini şəhərdə yaşadığın üşün kəndi bəyənməzsən.

  – Ömrümün ən gözəl çağı – uşaqlığım kənddə keşibsə, nəyə görə kəndi bəyənməməliyəm? Şəhərdə yaşamaqla, şəhərmi görürdüm? Evdən çıxanda işə, işdən çıxanda evə tələsirdim. İşə gedəndə də marşurutlarda sıxlıq olurdu, qayıdanda da. Nadir hallarda ayna tərəfdə oturub şəhəri seyredirdim. Məndən olsa malqara da saxlayardıq. Təsəvvür edirsənmi? Səhərlər tezdən oyanırsan. İnəyin yelini təmiz su ilə yuyursan. Dəsmalla qurulayırsan. Ağzı tənziflə bağlanmış vedrəyə sağırsan. Təzə südü qaynadıb içirsən. Hələ bunun qaymağı, kərə yağı, qatığı, pendiri, süzməsi, şoru, ayranı var.

  Oğlu-Rəşadla, gəlini-Məhbubə işdən gələndə Fərhad müəllim yoldaşı ilə verdikləri qərarı onlara danışdı.

  Gözləmədiyi qərardan pərt olan Məhbybənin ilk ağlına gələn bu oldu ki, yəqin onların incikliyinə səbəb olacaq yalışlığa yol verib.

  – Ay papa, ay mama, əgər sizə qarşı hörmətsizlik etmişəmsə, üsür istəməyə hazıram.

  – Qızım, verdiyimiz qərarın səninlə heç bir əlaqəsi yoxdur. – dedi Fərhad müəllim.

  Solmz xanım da, ərinin dediyini təsdiqlədi:

    – Qızım, səndən heç bir narazılığımız yoxdur. Bu gün qaynatan ömründə ilk dəfə bazara gedib. Torba dolmayan meyvəyə, göyərtiyə xərclədiyi pulun dəyəri ürəyinə od salıb, gözünü açıb. Qərara gəlib ki, atasından miras qalan qıfılı paslanmış yurduna sahib çıxsın. Doğrusu, təqaüdə çıxdığımız gündən özüm də bu haqda fikirləşirdim. Yaxşı ki, …

  Ürəyi dolu Fərhad müəllim yoldaşının sözünü kəsdi.

  – Bazarı dolaşdım. Gördüm ki, tərif yağdıra-yağdıra satılan meyvələrin qat-qat yaxşısı yurdumuzdakı ağacların dibində çürüyüb itib-batır. Orda yaşasaq tərkibi nitratsız, zərərsiz meyvəmizlə, göyərtimizlə qidalanarıq.  Onların rayona köçməsinin qəti əleyhinə olan Məhbubə baldızlarına zəng  edib xahiş elədi ki, ata-analarını fikirlərindən döndərsinlər. Gözlənilməz xəbər baldızların böyük sevincinə səbəb olması ona: özünüz bilərsiniz. Amma mən belə olmasını istəməzdim. – deməkdən başqa çarə qalmadı.

                                                                              ***

  Onların kəndə köçməsi bir həftə olardı. Fərhad müəllimin qardaş-bacıları, əksər qohum-əqrabası onun ata yurduna köçməsini toy-bayram kimi qəbul elədilər. Evin səliqə-sahmana salınmasında, canla-başla köməklik etdilər. Onları bir an belə darıxmağa qoymadılar. Solmaz xanım heç xaxt üzünü görmədiyi kəndin sakinlərinindən də bu cür isti münasibət görəcəyini gözləmirdi. 

  Fərhad müəllimin kənd sakinləri ilə sıx əlaqəsi olmasa da, çoxunun dalana dirənmiş işlərini təmanna güdmədən, telefon zəngi ilə həll eləmişdi. Onda, nə vaxtsa kəndə köçəcəyi ağlından da keşməzdi. İndi o elədiklərinin bəhrəsini görürdü. İş-gücündən ayrılıb köməyinə çatanlara təşəkkür edəndə, ürəyində deyərdi: bu dünyada qanana edilən yaxşılıq itmirmiş.

                                                                             ***

   Sənbə günü idi. Fərhad müəllim qohumları arasında onunla ən sıx əlaqədə olan, özündən on yaş kiçik əmisi oğlu-Salmanın opel markalı maşını ilə rayon mərkəzinə gəlmişdilər. Salman maşınını təmirə verib əvvəlcə bazarı, sonra da ticarət mərkəzlərini dolaşdılar. Usta təmirin uzun çəkəcəyini bildirmişdi. Salman vaxtlarını keçirmək üçün əmisi oğlunu çayxanaya dəvət elədi.

  Çayxananın geniş zalına daxil olanda, səhərdən göy üzünü örtən, boşalmağa məqam gözləyən buludlar sanki, onların çayxanaya daxil olmalarını gözləyirmiş. Bidən-birə yağış elə yağmağa başladı ki, az da ləngisəydilər bir-neçə saniyə ərzində tam islanardılar.

  Çayxananın yuxarı başında stolları birləşdirib söhbət edən orta yaşlı kişilərdən biri ayağa qalxıb onlara tərəf əlini uzadıb səsləndi:

  – Salman, bura gəlin.

  Onlara yaxınlaşanda içlərindən biri də ayağa qalxdı.

  – Fərhad müəllim! Nə xoş təsadüf! Əəə, mən səni sonuncu dəfə gördüyüm tarixi unutmuşam – deyib ona tərəf gəldi. Qucaqlaşıb görüşdülər.

  O, Faiq adlı bu adamla orta məktəbi birlikdə bitirmişdilər. Tələbəlik illərində ayrı-ayrı institutlarda oxusalar da, tez-tez görüşərdilər. Şəhəri, hava sakir olanda, bulvarı gəzib-dolaçardılar. Bir dəfə axşam vaxtında, təzə bazarın yaxınlığında kirayədə qalan kəndçilərinə qanaq getmişdilər.  Bazarın qabağındakı qazlı su aparatından siroplu su içmək istədilər. Ciblərində nə qədər üç qəpiklər varsa saldıqları aparat xəsislik elədi, onlara su vermədi.

  – Bu şəhərdə mənə atanlar az idimi ki, aparat da son qəpiyimi uddu, haramzadalıq elədi.- deyə gileyləndi.

  Fərhad cibindən son iyirmi qəpiyini çıxardıb gileyləndi:

  – Bədxərclik elədik, cibimdə bu qaldı.

  Faiq əllərində olan-qalan iyirmi qəpiyi dostundan götürüb, aparata üzünü çevirib qəpiyi pul salınan deşiyə dirəyib şikayətləndi:

  – Ay insanı əvəz edən atançik! Cibimizi silıb-süpürdün, bir udumluq da su vermədin. Sən insanın ancaq bir işini görə bilərsən. Heç vaxt insanı əvəz edə bilməzsən. İnsan olsaydın pulumuzu udub suyumuzu kəsməzdin. İndi səni necə qandırım ki, al bu iyirmi qəpiyi altı qəpik çıx, bizə iki stəkan su ver!

  Bu vaxt əlindəki qəpik sürüşüb aparata daxil oldu. Stəkana şarıltıyla su süzüldü.

  – Əəə, nə eylədin? Yataqxanaya necə gedəcəyik? – deyib Fərhad üstünə cumanda, Faiq qaçıb canını qurtardı. Görəndə ki, dalından çatmayacaq qayıdıb dolu stəkanı başına çəkdi. Bir müddətdən Faiq geri döndü. Yaxınlaşıb dedi:

  – Fərhad, bircə sualıma cavab ver, sonra sal təpiyinin altına iti kimi döy. Cavab qaytaran kişi deyil. De görüm, iyirmi qəpiklik su çoxmu dadlı idi?

  O, yenə nəsə demək istəyirdi ki, gülməkdən özünü saxlaya bilməyib qarnını tutub diz çökdü.

  Fərhadın artıq hirsi soyumuşdu. Hadisəni gözünün önnünə gətirəndə, özü də özünü gülməkdən saxlaya bilmədi. Həmin gecə uzaq məsafəni piyada getməli olsalar da, maraqlı hadisə kimi hələ də yaddaşlarından silinməmişdi. Hər dəfə rastlaşanda o gecəni xatırlayırdılar. Bütun dost-tanışlarına bu hadısəni danışıb, gülüşmüşdülər.

  Faiqin cayxor dostları da ayağa qalxıb Fərhad müəllim ilə Salmanla əl verib görüşdülər. Fərhad müəllimə Faiqin, Salmana da tanışı-Mirinin yanında yer elədilər.

  – Fərhad, səni görən kimi bilirsənmi nəyi xatırladım? –deyə Faiq əlini onun çiyninə qoydu.

  – Bunu bilməyə nə var ki? O, gecə təzə bazarın yanında başımıza açdığın hoqqanı hələ unutmamısanmı?

  – Unudulası kimi hərəkət eləmişdinmi ki? Bakıya gedəndə təzə bazarın yanından keçərkən, indi orda izi-tozu qalmayan su aparatları öz yerini tutur. Həmin səhnə gözümün qabağında canlanır. Sən də mənə qəzəblə baxa-baxa bir stəkanı – iyirmi qəpiklik suyu içirsən.

  Faiq yanındakıların bir-neçəsinə bu hadisəni danışmışdı. Eşitməyənlərin maraqla ona baxdığını görəndə üzünü köhnə dostuna tutub dedi:

  – Nə deyirsən, danışımmı?

  – İstəyirsənsə danış. Mən də bunu çox yerdə danışmışam. Burda utanacaq nə var ki? O yaşlarda belə şeylər hamının başına gələ bilər.

  Faiq danışdıqca qarşı-qarşıya oturan iki nəfər bir-birinə him-cim edə-edə, onun ağzından çıxan hər ifadəni məsqərə edirdilər. “İyirmi qəpiklik syun çoxmu şirin olduğunu” soruşduğu yerə çatanda, şaqqanaq çəkib gülməyə başladılar. Faiq söhbətini tamamlayan kimi, onlardan biri – Hidayət dedi:

  – Fərhad müəllim, görürəm sizin də dost sarıdan bəxtiniz gətirməyib. Bunun bəxti gətirib ki, o gecə yerinizdə mən olmamışam. Bilirsinizmi mən nə edərdim? Eşşəyi kimi minib, sürərdim onu yataqxanaya qədər. Yanındakı ona zuy tutan alçaq boylu, dolu bədən quruluşlu – Qafar dostunun şit məsqərəsinə əlavə elədi:

  – Yanında olsaydım mən də arxanda oturardım.

  Ətrafdakıların kinayəli baxışlarına məhəl qoymadan onlar şit zarafatlarına ara vermədilər. Ucaboy, enli kürək, özündən razı Hidayət sanki Faiqi gözdən salmaq üşün qəsdən sərhədi aşırdı. Gözünü ondan çəkmədən, ağına-bozuna baxmadan, ağzından nə çıxdı alqışlayan, zuy tytanına göz basıb sayaqlamasına davam elədi.

  – Fərhad müəllim, bu dostunuzun əvvəlindən xəbərim yoxdur. Qonşumuzun evini alıb köçəndə arvadlı-uşaqlı yekə kişi idi. Təbii haldır ki, hər kəs təzə qonşunun kim, nəçi olması ilə maraqlanır. Qonşulardan ilk qapısını açan mən oldum. Təbrik etdim. Təzə mənzilində san sağlığı ilə yaşamasını dilədim. Özüm, qonşularımızın hər biri haqda məlumatlandırdım. Öyrənəndə ki, alı təhsilli iqtisadiyyatçıdır çox sevindim. Düşündüm ki, ali təhsilli adamdır, özü də cavandır, vəzifə tutar, böyük adam olar, işimizə yarıyar. Pensiyaya çıxdı. Nə boyu böyüdü, nə vəzifəsi, nə də özü. İşlədiyi idarədə baş buxalter (mühasib) də olmadı, bir işə yaramadı.

  Hidayətin yanında oturan, onunla həmyaşıd olan Bəhramın səbri tükəndi.

  – Hidayət! Həddini aşma! Burda oturanların hamısı Faiqi də yaxşı tanıyır, səni də. Fərhad müəllim, bunun bu cür sayaqlamasının səbəbi var. İki gün qabaq Faiq Bakıdan gələn tələbə yoldaşının şərəfinə verdiyi ziyafətə bunu, ağzı xarabdır deyə dəvət eləməmişdi. Biz toplaşanda Faiq bizdən soruşanda ki, bunu dəvət eləsinmi? Toplaşanların çoxu etiraz elədi. Hətta biri dedi ki, o gələcəksə, mən gedəcəyəm.

  – Mən toplaşdıqlarınızın hansından əskikəm? – deyə, Hidayət qızışdı.

  – İnsanın əyər-əskikliyi – görünüşü, boy-buxunu, çəkisiylə yox, ağzından çıxan cözlə ölçülür.

  Hidayətin yersiz çıxışının təsirindən hiddətlənən Miri ona səsləndi:

  – Hidayət! Biz bura bir-birimizin kimliyini müzakirə etmək üşün yığılmamışıq. Vaxtımızı asudə keşirmək üçün bir araya gəlmişik. Haq-nesab çayxanada yox, meydanda çürüdülər. Sən nə qədər coşub-daşsan da, lağa qoysan da, Faiq müəllimi bizim gözümüzdə dəyərdən sala bilməzsən. Fərhad müəllim, biz işsiz-gücsüz adamlarıq. Hər gün bu vaxtlarda  bura toplaşırıq. Bu, başabəla, dili xarab dostumuzun gop da olsa maraqlı söhbətindən həzz alırdıq. Bu gün cildinin dəyişilməsinin səbəbi bəlli oldu. Bəhram nəyə görə onun dəvət edilmədiyinə aydınlıq gətirdi. Mənə təəccüblü gələn budur ki, niyə bəzi adamlar öz günahını özgəyə bələyirlər. Özündə olmayanı özgədə arayırlar.

  Hidayət ona qarşı yönələn iradları qəbul eləmirdi. İlk dəfə onlara qoşulan Fərhad müəllimin sıradan biri olmadığını dərk elədiyindən, haqqında danışılanlara reaksiya vermədi. Gücü çatdığı qədər dözdü. Birdən səbri tükəndi. Barıt çəlləyinə dönüb partladı.

  – Əəə! Nə hərəniz bir tərəfdən düşübsünüz üstümə. Heç kimin mənə ağıl dərsi keçməyə haqqı yoxdur. Müəllim, -deyib üzünü Fərhad müəllimə tutub sözünə davam elədi.- siz bunları tanımırsınız. Hamısından ağıllıyam, hər sahədə də üstünəm. Mərdəm. Sözü üzə deyənəm. Buna görə də məni gözləri götürmür. Siz ağıllı adama oxşayırsınız. Kimin kim olduğunu anlamamış olmazsınız.

  Fərhad müəllim ətrafındakıları bir-bir nəzərdən keçirib, başını aşağı salıb gülümsündü. O, artıq kimin kim olduğunu təxmin eləmişdi. Hidayət isə özünün necə biri olduğunu tam çılpaqlığı ilə üzə çıxartmışdı.

   Bu qəlibdən olan tiplərlə çox üzləşmişdi Fərhad müəllim. Amma bu cür açıq şəkildə lovğalananına rast gəlməmişdi. Öz rayonunda beləsini mövcudluğuna təəssüfləndi.

  Faiqin qonşusunun qeyri normal davranış – lağ etməsinə baş qoşmamasının bir-neçə səbəbi vardı: Birincisi – onun sözünə söz qaytarmaq, arı pətəyinə çubuq soxmaq kimi bir şeydir. İkincisi – onun özündən fərqli olaraq çox gözəl xasiyyətə malik həyat yoldaşının öz həyat yoldaşı ilə rəfiqə olması. Üçüncüsü – uşaqlarının dostluğu. Dördüncüsü – bir-neçə gündən sonra, heç nə olmamış kimi üzünə hırıldayıb, əl uzadıb görüşəcəyi.

  Qonşusu tərəfindən nahaqdan lağ edilməsini veşinə almayan Faiq heç keyfini də pozmadı. Coxdan görüşmədiyi köhnə dostu ilə rastlaşmasının sevincinin yanında, qonşusunun lağlağısı – ağcaqanad vızıltısı kimi bir şeydir onun üçün. Əlini  dostunun çiynunə qoyub üzünə diqqətlə baxdı.

  – O, Fərhaddan bu Fərhadın fərqi – alnındakı qırışlar və ortası seyrəlmiş ağarmış saçlarındır. Maşallah! Yaxşı qalmısan. Neçə günlüyə gəlmisən?

  – Sualındakı yanlışlığa düzəliş ver. Soruşmalıydın: neçə illiyə gəlmisən? Sən kənd həyatını bəyənməyib, şəhərə köçmüşdün. Mən isə bir dəfəlik o böyüklükdəki şəhərdən ata yurduma dönmüşəm.

  – Lap əcəb eləmisən! Bu oldu mənim üçün son yüz ilin ən şad xəbəri. – deyib Faiq ayaya qalxıb, əlavə elədi. – Belə xəbər çayla qeyid ediləsi deyil. Getdik!

  Hidayətlə Qafardan başqa hamı ayağa qalxdı. Mirinin: – hara? Sualına Faiq:- seçim sizindir. – deyə cavab verdi. Sonra da çayçıya yaxınlaşıb, içdikləri çayın haqqını ödədi.

  Artıq yağış kəsmişdi. Buludlar isə səmadan çəkilməmişdi. Bu günki havaya Hidayət kimilər kimi güvənmək olmaz. Hər an qəfildən yağa bilər. Vaxt itirmədən yaxınlıqdakı kafelərdən birinə özlərini yetirməlidirlər ki, yağış onları yaxalamasın.

Faiq oturduqları yerdən tərpənməyib altdan-altdan onlara tərəf baxıb öz aralarında nəyisə müzakirə edən Hidayətlə Qafara baxdı. Yaxınlaşıb onları da dəvət eləmək keçdi ürəyindən. Bunu hiss edən Bəhram ürəyində onun bu cəhdini dəyərləndirdi. Xoşməramlı addımının nəticəsinin xoşa gəlməz sonluqla toqquşa biləcəyindən şübhələnib, onu durdurdu. Özü onlara yaxınlaşdı.

  – Sizə xüsusi dəvətmi gərəkdir? – deyə soruşdu.

  Hidayət susdu. Qafar ağır iş görüb yorulub, haldan düşən adamlar kimi taqəqətsiz halda başını qaldırıb cavab verdi:

  – Bizim vacib görüşümüz var. İndilərdə gəlməlidirlər.

  Bəhram yaxşı bilirdi ki, indilərdə kimlərsə gəlib onlarla çay içəcək. Ancaq dedikləri kimi vacib görüş təyin etdikləri önəmli şəxslər olmayacaq. Heç nə demədən onlardan aralandı. Opel markalı maşınına əyləşdi. Qabaqda oturan Fərhad müəllimə dedi:

  – Bağışlayın, bir az qanqaraçılıq oldu. Hidayətdir də, necə olsa da yola verməliyik. Özü belə olsa da çox gözəl ailəsi var. Uşaqlarının heç biri ona bənzəməyib. Hamısı analarına çəkib.

   Fərhad müəllim rastlaşdığı lağlağıçılarla Hidayəti müqayisə elədi. Bir bezin qırağı olsalar da, bundan betərinə rast gəlməmişdi. Onun bir iş yoldaşı da vardı. O da başqalarının danışığını yozar, lağa qoyardı. Bu xasiyyətinə görə ona “prikolçik Həsən” ləqəbi qoymuşdular. Hidayətdən fərqli olaraq onun lağlağısında təhqirə yol verilmirdi. Həm də mənəmliyini qabardıb lovğalanmırdı. Heç kəs də ondan incimirdi. İlk görüşdə onda xoş təəssürat yaradan Bəhrama baxdı. Bir az öncə çay içdiyi digər – ilk dəfə üz-üzə gəldiyi şəxsləri də gözünün önnünə gətirdi. On nəfərin içində iki anormaldan başqa səkgizinə artıq qanı qaynamışdı. O, işdən ayrılmışdı. Həyatdan isə ayrılacağı vaxtdan xəbərsizdi. Taleyinin proqnozlaşdırdığı ömür payını cəmiyyətdən təcrid olunmuş halda yaşaya bilməzdi. Çünki o, arxada qoyduğu ömürünün gümrah, fəal dövrünü fasiləsiz ictimaiyyət arasında keşirmişdi. İndi onun öz çevrəsi olmalıdır. İstəməzdı ki, bu çevrədə Hidayət, Qafar kimi lağlağıçılar yer alsın. Cünki bu cür tiplər – xoş ovqatın qara kabuslarıdırlar.

28.07.2024.

Müəllif: Sədulla ŞİRİNOV

SƏDULLA ŞİRİNOVUN YAZILARI

SƏDULLA ŞİRİNOVUN KİTABLARI

Sədulla Şirinovun yaradıcılığı

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

One thought on “LAĞLAĞIÇILAR”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir