
“BIZIM AYƏTXAN”
Azərbaycan jurnalistikasında imzalar içində bir imza 50 ildən çoxdur gah dinləyicinin, gah da oxucunun diqqətini çəkir. Neçə qələm sahibinin bu peşədə bələdçisi olub, neçə söz yolçusuna uğurlar arzulayıb və bu gün də bu missiyanı şərəflə yerinə yetirməkdədir.
Mənim sözlə tanışlığım orta məktəb illərindəndi, 1979-cu ildən. Kəndimizdə Böyük Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidənin açılışından Şamaxının “Yeni Şirvan” qəzetində xəbərlə çıxış etmişdim. İlk qonararımı da bu qəzetdən almışam.
O illərdə Hacıqabulda dünyaya gəlmiş, ancaq əslən bizim kəndçi olan bir ellimizin jurnalist olduğunu, Azərbaycan Dövlət radiosunda işlədiyini tez-tez eşidirdim. Radodan səsi gələndə fəxrlə “bizim Ayətxandır”, “kəndçimiz Ziyatxan kişinin oğludur”, – deyirdilər. Qürurlanırdim ki, doğum şəhadətnaməsində Hacıqabulda anadan olduğu yazılsa da, əsilləri Şamaxının Kürdəmic kəndindəndir, “o həm də mənim həmkəndlimdir, ellimdir”.
Böyük Qafqaz dağlarının qoynuna sığınan bu kəndin, demək olar ki, hamısı onun qohum-əqrabasıdır. Baba yurdunda keçirdiyi anları ömrünün ən gözəl çağlarından sanır. Bəlkə də elə bu bağlılıq, yad rayonda doğulub yaşa dolması onu “Şamaxının Kürdəmic kəndi. Tarix, publisistika, rəvayət” kimi ensiklepodik bir əsəri ərsəyə gətirməyə şövqləndirib. Bu kitabı yazanda çəkdiyi ölçüyəgəlməz əziyyətin şahidlərindən biriyəm. Günlərlə, aylarla, illərlə (beş il altı ay) Kürdəmicin qarlı-şaxtalı qış günlərində kənd barədə məlumatları misqal-misqal toplayaraq ərsəyə gətirib Kürdəmicin salnaməsini.
“Bizim Ayətxan”ın qələmindən çıxan bu əsər həm də iki rayon ərazisində məskunlaşmış bir kəndin ikiləşən taleyinə güzgü tutur: Şamaxının Kürdəmic kəndi ilə Göyçayın Kürdəmiş kəndində yaşayanlar bir-birinə zəncirvari qohumdurlar. Bu qohumluq bağları qırılmasa da, zaman əlaqələrə, sözsüz ki, öz təsirini göstərməkdədir. Ancaq mənə elə gəlir ki, Kürdəmic və Kürdəmiş kəndlərinin bağlılığının yaddaş saxlancı olan tarixi faktlarla zəngin “Şamaxının Kürdəmic kəndi” bu bağları qırılmağa qoymayacaq
…O illərdə mən gah həkim, gah mühəndis, gah da tarixçi olmaq istəyirdim. Hətta hərbi xidmətdən sonra Azərbaycan Heft-Kimya institutuna da qəbul olmuşdum. Gündüzlər işləyir, axşamlar oxuyurdum. İşlədiyim müəssisənin “Üfüq” adlı çoxtirajlı qəzeti ilə əməkdaşlıq da edirdim. Ancaq sonra tale elə gətirdi ki, ürəyimin səsinin arxasınca getdim – Bakı Dövlət universitetinin jurnalistika fakütəsində təhsil alası oldum. Azərbaycan radiosunun qapılarını üzümə açan, tələbə-jurnalist kimi bu dəfə mənə yol göstərən Ayətxan Ziyatxan oğlu İsgəndərov oldu.
1988-ci ildən başladı bu yolçuluq. Mikrofonla işləməyi, həmsöhbətini danışdırmağı, radio verilişlərini hazırlamaq qaydalarını ondan öyrəndim. Müəllimlərimin öyrətdiklərini onun sayəsində praktik mənimsəyə bildim.
O, təkcə radojurnalisti deyil. güclü müşahidə qabiliyyətinə malik publisist, cəfakeş qəzetçi, araşdırmaçı, dilimizin qatlarına bələd, əsərlərində məqamında onlardan bəhrələnən yazıçıdır.
Jurnalistikamıza təkcə sözü ilə deyil, qəzet-jurnal redaksiyalarında çalışmaqla qələmi ilə də xidmət göstərib. Mükafat alan yazıları da olub, mili ruhuna görə efir qadağası görən verilişləri də.
Ayətxan Ziyad gözəl ailə başçısıdır, atadır, babadır, “bir nəslin ağsaqqalıdır, sinədəftəridir, canlı salnamədır”, – desəm yanılmaram.
Söz adamı “Bizim Ayətxan”, əlindən qələmin əksilməsin!

Elton DÜNYAMALI,
Azərbaycan Jurnalistlər birliyinin üzvü