BİR KƏNDİN POETİK TARİXİ

BİR KƏNDİN POETİK TARİXİ
Adın yaddaşlarda “Alphuun” qalıb,
Pirlərin on iki, məscidin qədim.
Bəylər məskənisən, on soyun qalıb,
Var “Seyid daşı”nda mir cəddin- qədim…
“Albana” şəhəri tarixdə qalan,
Bir “Alpan düzü” də Müşkür elində.
“Elçi yolu” üstə son şəhər -qalam,
İllər öncə mahal, rayon əlində…
“Dərin dərə”sində yazılı daşlar,
Bəlkə “Xan təpə”si bu sirri aça…
“Qılınc pir”də haçan kəsilib başlar,
Kahalar, qalalar, məzarlar – açar.
“Seyfə qala”sından xəbəri yoxdu
Hələ alimlərin – tarixçilərin.
Alplar məskənidi, albanlar yurdu –
Yoxdu açan hələ sirr boxçaların.
“Dədə Qorqud dastanı”nda biz varıq,
Elxanilər zamanında biz varıq,
Şah Təhmasib dövranında biz varıq,
“Gülüstani-İrəm”ində Qüdsinin…
Quba xanlarının qohumluğunda,
“Qanlı dərə” ünvanında biz varıq!
Alpan döyüşləri Şeyxəli xanın,
Töküb 500-dən çox düşmənin qanın.
“Alpanbəy” Dərbəndin divanbəyiydi,
Seyidli-kəndyeri Alpan köyüydü
Alpagutlar – alpigidlər varıydı,
Sözüylə qılıncı Ellər dayağı.
“Törə”sində sərt öyüdlər varıydı-
Beş-üç yaş özündən böyüyə sayğı!
“Subaba” türbəsi dağılıb gedir,
İtib “Qalacıq”dan bir qəbir daşı.
“Təmrəzlər” ayağı “Naxır dərə”dir,
Batıb “Ayılıq”da nə qədər daşı…
“Susayçay”, “Alpançay”, “Quruçay” adı
“Məzarçay” yazılıb yad dillərində.
“Hacı dəyirmanı”, “Qızıl qaya”dı,
“Qara su” qaynayır sahillərində.
Qaryağlar, Xırmanlar, Küçə qırağı,
Rəfillər, Dumanlar məhəllələri.
Nəsillə dəyişir yaddaş sorağı,
Bəlkəylə, gümanla təsəlliləri…
“Baladar” adında yaşayan tarix
“Simi dərə”sində qanla yazılıb,
“Qaraxan yeri”ndən başlayan tarix
Görən “Quzeylər”dən neçin qazılıb….
Yazdı tarixini “Qədim Quba”nın,
Yazıldı tarixə Zabit müəllim!
“Alpan etüdləri” qədim obanın
Yaxın tarixini etmədə məlum…
“Alpan xalçaları” iki çeşnədi-
Daha toxuyan yox, kökü təşnədi…
Nə sazı, zurnası, dumbulu qalıb,
“Yuxarı başa keç” yekə heçnədi…
21 şəhidli kəndimiz yetim,
Hərə öz başının hayına düşmüş.
Mən də bu şeirlə başımı qatım,
“Alpanı” havası düyünə düşmüş…
Xırman arxımıza saf su da gəlmir,
“İçməli” suyumuz yollara axır…
Suyumuz səhəngdə, saxsıda gəlmir,
Yaddaşlar korşalıb yadlara baxır…
Qədim tarixinin yaşı bilinmir,
“Alpan nələr deyir”, Əjdər Fərzəli?!
Biri bilinsə də beşi bilinmir,
Albantürk yazanı zərrə fərz elə…
Müəllif: Cabir Alpoğlu Albantürk

Cabir Alpoğlu Albantürkün yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir