www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Anar – Qatardan qalan adam

QATARDAN QALAN ADAM

(Hekayə)

İshaq Salmanzadə türkiyəli şəriki Ədhəm bəylə Budapeşt dəmir yolu vağzalında vidalaşdı. Ədhəm bəy onu Egerə ötürməyə gəlmişdi. Türkiyə adətiylə bir-birinə sarıldılar, yanaqlarını bir-birinə yapışdırdılar.

Ədhəm bəy:

– İnşallah mayısın 5-də Nyu Yorkda görüşürüz – dedi.

İshaq:

– İnşallah – deyib vaqonun pilləsiylə qalxdı, kupesinə girdi, pəncərədən şərikinə əl elədi. Bir an sonra qatar tərpəndi, İshaq Ədhəm bəyin çevrilib uzaqlaşdığını gördü.

Avropa qatarlarına xas olan oturaq kupeni bütünlüklə almışdı ki, yol-yoldaşı olmasın, tanımadığı adamlarla ünsiyyəti sevmirdi. Həm də onsuzda axı macar dilini bilmirdi, Egerə dörd saatlıq yolda özü-özüylə, xatirə və arzularıyla tək qalmaq istəyirdi.

Qalstukunu açdı, şalvar-pencəyini, köynəyini soyunub mavi idman paltarını geyindi. Bir az dar çəkmələrini çıxardı. Ayaqları yumşaq şap-şapları içində xeyli rahatlaşdı. Vərdişli hərəkətlə qol saatına baxmaq istədi, dərhal da yadına düşdü ki, dünən axşam bahalı “Roleks” saatını Ədhəm bəyə bağışlamışdı. Ədhəm bəy bahalı hədiyyəni heç cür qəbul etmək istəmirdi. Nəhayət, bir şərtlə qəbul etdi:

– Söz verin ki, siqara içmeyi burakacaqsınız, Amerikada siqara yasaqı pek ciddidi. Saatlarla çəkən danışıqlarda siqar içmeden dözmeli olacaqsınız.

Otuz iki yaşlı İshaq bir çox ölkələrdə olmuşdusa da, ABŞ-a yolu düşməmişdi. Odur ki, şəriki Ədhəm bəylə bu işgüzar səfəri səbirsizliklə gözləyirdi. Yeni iri bir inşaat layihəsini amerikalı işdaşlarıyla razılaşdırıb imzalamalıydılar. Amerika şirkətiylə əməkdaşlıq təklifi Ədhəm bəydən gəlmişdi və İshaq dərhal razılaşmışdı.

Yeniyetməlik çağından Amerikanın heyranı idi. Ekranlarda gördüyü Amerika filmləri, Dyuk Elinqtonun, Erol Qardnerin, Stiv Vanderin, Sten Kentonun və neçə-neçə başqalarının caz və rok ifalarından ibarət zəngin fonokolleksiyası vardı. Oxuduğu kitablar – əvvəllər Cek Londonun, Drayzerin, Mark Tvenin, daha sonralar Heminqueyin, Folknerin, Skott Fitsceraldın rus dilində çıxmış romanları İshaqı bu ölkəyə valeh etmişdi. İldən-ilə müxtəlif səbəblərdən təxirə saldığı niyyəti  ingilis dilini öyrənmək idi. Bu il bu işə mütləq ciddi girişəcəkdi. Ədhəm bəy də “uğurlu biznes üçün bu, ən önəmli şərtdir” – deyirdi. Ədhəm bəyin yarızarafat-yarıciddi bir tövsiyəsi də vardı.

Amerika biznesində yəhudilərin çox mühüm nüfuzu olduğunu bildiyinə görə İshaqa təklif edirdi ki, soyadı Salmanzadənin “zadə”sini atsın. Adı da münasibdir, İshaq Salman tam bir yəhudi kimi səslənir. İshaq Salmanın həqiqi mənşəyini müəyyənləşdirənədək onu yəhudi biləcəklər, ona münasibət də özəl olacaq. Ədhəm bəy qəhqəhə çəkib:

– Tabii, şaka yapıyorum – desə də, bu sözlər İshaqın yadında qalmışdı.

Ədhəm bəylə iki il öncə Soçidə işgüzar bir toplantıda tanış olmuşdular. İkisi də inşaatçı və eyni yaşda olduqları üçün dərhal dil tapmış, yaxınlaşmışdılar. Ədhəm bəy İshaqı macar iş adamı Lasloyla da tanış etmişdi və elə indi Budapeştdə də birgə lahiyələri dolayısıyla görüşmüşdülər. Amma o Soçi görüşünün İshaqçün daha önəmli bir cəhəti də vardı. Soçidə Laslonun tərcüməçisi tatar qızı Kamilla Kadırovayla tanış olmuş və nağıllarda deyildiyi kimi, bir-birinə bir qəlbdən min qəlbə aşiq olmuşdular.

Kamilla Moskvada Xarici Dillər İnstitutunda macar dilini öyrənmiş, kurs yoldaşı Qaborla ailə qurmuş, institutu bitirdikdən sonra Eger şəhərində yaşamağa başlamışdılar. Az sonra hansı səbəbdənsə (səbəbini İshaqa deməyi lazım bilməmişdi) nigahları pozulmuş, amma artıq Macarıstanda rus dilindən tərcüməçi kimi tanınan və müxtəlif şirkətlərin işinə cəlb edilən Kamilla elə Egerdə də qalmışdı.

İshaq da arvadından bir neçə il qabaq ayrılmışdı. Ərkinazla uğursuz nigahları cəmisi bir il çəkmişdi. Ərkinazın səbəbsiz, mənasız və İshaqı dığ edən qısqanclığına yalnız bircə il tab gətirə bildi. İşdə, ya hansısa tədbirdə qarşılaşdığı, telefonla danışdığı, ya ismarış aldığı hər qadın heç bir əsas olmadan Ərkinazçün qısqanclıq obyektinə çevrilirdi. Yersiz şübhələriylə İshaqı çərlədirdi.

Ərkinaz dünyada bütün qadınlara nifrət edirdi. Bir yarısına ona görə ki, onun fikrincə, həddən artıq gözəl idilər, o biri yarısına da, onun rəyincə yaman kifir olduqlarına görə.

Əlqərəz, göz yaşları, bayılmalar, hədələr, qara-qışqırıqlardan keçərək axır ki, üzülüşdülər.

Bu qısa sürən uğursuz nigahı İshaq vahiməli yuxu kimi, qarabasma kimi xatırlayırdı. Sonralar ara-sıra müxtəlif qadınlarla görüşsə də, bütün varlığıyla qurşandığı biznes aləmi ona şəxsi həyatıyla uğraşmağa macal vermirdi. Hannan-hana ağlına belə fikirlər gələndə, düşünürdü ki, daha heç vaxt sevə və sevilə bilməyəcək. Ta Kamillaya rast gələnəcən.

Neçə il macar qürbətində yaşayan tatar qızının öz millətinə doğma olan bir insanla rastlaşması, keçmiş həyatıyla bağlı nostalji hisslər, ya kim bilir daha nələr Kamillanın elə ilk günlərdən ovqatına hakim kəsildi və bu hisslər İshaqın da qarşılıqlı duyğularına tuş gəldi.

Müşavirə sona yetən günlərdə İshaq dəqiq başa düşdü ki, daha Kamillasız yaşaya bilməyəcək. Lasloyla Ədhəm bəyin şərikli şirkətlərinə Macarıstanı da qoşmaq təklifi bu ölkəyə səfərlə bağlı olduğuna görə dərhal İshaq tərəfindən sevinclə qarşılandı. Və budur, Kamillayla – İshaq ona bizimcə Kamilə deyirdi –  ayrıldıqlarından üç ay sonra, Budapeştdən Egerə, onunla görüşə gedir. Dörd saatdan sonra Kamilə onu Eger vağzalında qarşılayacaqdı.

İshaq özünü xoşbəxt adam sayırdı. 44 günlük zəfər savaşından, 23 saatlıq möcüzədən sonra başqa heç bir dərd-səri, narahatçılığı, qayğısı qalmamışdı. Doğrudur, bir illik uğursuz nigahı və müdhiş boşanmanın fəsadları nəticəsində diabet qazanmışdı. Amma vaxtlı-vaxtında vurduğu insulin iynələri, atdığı həblər vasitəsiylə qanında şəkəri tənzimləyə bilirdi və bu xəbis xəstəlik hələ ki, ona ciddi problem yaratmırdı.

Tambura çıxıb siqaret çəkmək istədi, birdən yadına düşdü ki, vağzalda başı Ədhəm bəylə söhbətə qarışıb siqaret almağı unudub. Kupeyə qayıtdı, əlini şalvarının cibinə salıb bir neçə forint çıxardı, vaqon restorana getdi. Ədhəm bəy onu məzəmmət etməkdə haqlı idi. Bizneslə məşğul olasan, doğma dilindən və rus dilindən başqa heç bir əcnəbi dil bilməyəsən?

Macarstanda rus dilində bir şey soruşmaq isə əbəsdi. Hətta rus dilini bilən olsa da, bu dildə cavab verməyəcəkdi. Bunu Budapeştdə olduğu bir neçə gündə anlamışdı.

Vaqon restoranda bufetçiyə siqaret, siqar sözlərini ortaq bir dildə söyləsə də, adam başını buladı. Hətta jestlə siqaret çəkmək istəyini göstərsə də, bir nəticə hasil olmadı.

Bufetçi: elə hey “Ninç” deyirdi. Budapeştdə olduğu bu bir həftədə İshaq yalnız bu sözü öyrənmişdi: “Ninç”, yəni “yox”.

Bufetdə siqaret yoxmuydu, ya satılımırdımı, bunu anlaya bilmədi. Kupeyə əli ətəyindən uzun qayıtdı. Siqaret çəkmək ehtiyacı isə tərs kimi daha da şiddətlənirdi. Cib telefonunda saata baxdı səkkizə on dəqiqə qalırdı. Egere iki saat iyirmi dəqiqədən sonra çatacaqdılar. Bir təhər dözməliydi.

Bu fikirlər içindəykən birdən qatar dayandı. İshaq pəncərədən baxırdı. Düz onun vaqonun qarşısında köşkdə siqaret satırdılar. İshaq tələsik qatardan endi, köşkə yanaşdı, cibindəki forintləri uzadıb (artıq burda “Kent”in neçə forintə satıldığını bilirdi) bir qutu siqaret aldı. Çevrilib baxanda gördü ki, qatar hərəkət etməyə başladı. Hövlnak yüyürdü, ayağı büdrədi, yıxıldı, güc bəlayla ayağa qalxanda dəhşət içində gördü ki, qatarın son vaqonu uzaqlaşıb getməkdədir.

“Lənət şeytana” deyə bu işdə heç bir günahı olmayan şeytanı söydü. Bir müddət matı-qutu qurumuş halda qaldı. Vəziyyətin ciddiliyini get-gedə daha dərindən dərk edərək elə bil büdrəyən ayağının ağrısını da unutmuşdu. Vağzalın içinə girib qatarların getmə-gəlmə cədvəlinin qarşısında durdu. Egerə gedən qatarın da, Budapeştə gedən qatarın da bu adını bilmədiyi şəhərdə yalnız səhər saat yeddidə və yeddi otuzda duracağını təşvişlə müəyyənləşdirdi.

Narın yağış çisələməyə başlamışdı. Vağzalın içinə keçdi, taxta skamyada əyləşdi və düşünməyə başladı. Düşdüyü vəziyyətin çıxılmazlığı onu daha çox eyməndirir və təlaşlandırırdı. Neyləməli, necə etməli. Hafizəsinə arxalanmadığına görə bütün telefonlar, ünvanlar cib telefonunda, cib telefonu isə Egerə gedən qatarın kupesində idi. Nə qədər səy etsə də, nə Ədhəm bəyin, nə Laslonun, nə Kamilənin, nə də Bakıdakı telefon nömrələrinin heç birini yada sala bilmirdi. Bircə öz ev telefonunun nömrəsi yadındaydı, amma boş mənzildə kimə zəng edəcəkdi? Həm də burdan ora necə, neçəyə zəng edə bilərdi? Cibində bircə forinti də qalmamışdı. Tərs kimi aclıq da hiss etməyə başladı, axı iynəsinin vaxtını ötürmüşdü. İngiliscə cəmi iki-üç söz bilir, macarca isə “ninç”dən başqa bir kəlmə də bilmirdi.

Bu xudmanı vağzaldan aydın olurdu ki, kiçik bir əyalət şəhərində, ya qəsəbəsindədir. Çətin bu şəhərdə rus dili bilən ola, o ki qaldı türk, ya Azərbaycan dilinə. Düşdüyü vəziyyəti kimə və necə izah edə bilərdi. Bu vəziyyətdən hansı çıxış yolu vardı? Axşam saat səkkizdən sonra yəqin ki, bütün rəsmi idarələr bağlıydı. Hara üz tutsun, kimdən imdat diləsin?

Aclığı elə bil dəqiqəbədəqiqə şiddətlənirdi. Yadına düşdü ki, cəmisi iki dəfə iynənin vaxtını ötürüb və hər ikisində az qala koma vəziyyətinə düşmüşdü. Yaxşı ki, hardansa bir parça qənd tapıb ağzına qoymuş, özünü bir təhər iynəyə çatdırmışdı. Ətrafa boylandı. Hər hansı dükandan əsər-əlamət yoxdu. Ağzının içi qupquru qurumuşdu. “Nə olur olsun, ruhdan düşməyib iradəmi toplamalıyam. Ola bilməz ki bir çıxış yolu tapılmasın”.

Gözlərini yumub düşünməyə başladı. Az sonra arxadan iki əl onun başını qucaqlayıb gözlərini örtməsini hiss etdi, sərin qadın əlləri idi.

Kamillanın əlləri… Möcüzə baş vermişdi. Kamilla nə sayaqsa onun düşdüyü vəziyyəti duymuş, tələsik özünü bura yetirmiş, İshaqın gözlərini əlləriylə qapamışdı. Yumşaq hərəkətlə sərin əlləri gözlərindən araladı qanrılıb geriyə baxdı. Qarşısında saçları yaşıl rəngə boyanmış, qalın sürməli gözləri və al qırmızı dodaqları olan qadın dayanmışdı. Qadın ona göz vurdu. İshaq başını buladı. Aydındı ki, fahişədi. Qadın diliylə dodaqlarını yaladı və bir daha İshaqa işarə etdi. İshaq: – ninç – dedi. Qadın gülümüsəyib onun saçlarını qarışdırdı və əliylə idman paltarını sığalladı. İshaq başa düşdü ki, əl çəkən deyil və onu cəlb edən yəqin ki, bahalı idman paltarıdır. Durub şalvarının boş ciblərini çevirdi.

Qadın:

– Fu – deyib burula-burula uzaqlaşdı.

İshaq gözlərini ovuşdurdu, yuxuydumu gördüyü, ya həqiqətdi? Əlbəttə, qadının Kamilə olduğunu zənn edəndə mürgüləyirmiş. Amma sonra olanlar real idi. Bəlkə bu qadını tale göndəribmiş, nə şəkildəsə onu çıxılmaz vəziyyətdən qurtara bilərmiş? Bu absurd fikri dərhal beynindən qovdu. Aclığı isə daha da çox hiss edirdi. Bütün vücudunu müc edən, taqətsizləşdirən, qanını soran bir zəliydi sanki…

Niyə vaqon restorona getmişkən vaxtından bir az qabaq nahar eləmədi? Niyə telefonu yanında deyil? Niyə milyonlarından ən çoxu iki yüz dolları götürmədi ki, taksi tutub Egere çatsın? Niyə? Niyə? Niyə? Cavabsız suallar beynini deşirdi.

Çıxılmazlıq az qala onu dəli edəcəkdi. Bir yandan da dəhşətli işəmək ehtiyacı hiss edirdi. Ətrafa boylanıb tualet lövhəsini axtardı, tapdı və ora tələsdi. Kəsilə-kəsilə gedirdi, özünü tualetə güclə çatdırdı. İçəri keçmək istəyirdi ki, qapıda dayanan yaşlı gözətçi qabağını kəsdi. Əvvəl onu niyə saxladığını anlamadı. Hansı dildəsə nə isə demək istədi. Kişi divardakı yazını göstərdi. Tualetə girməyin qiyməti yazılmışdı. İshaq bu axşam ikinci dəfə idman şalvarının ciblərini çevirdi, yəni ki, pulu yoxdu: “Ninç”. Kişi laqeydcəsinə başını buladı və yenə yazını göstərdi. İshaq siqaret qutusunu kişiyə uzatdı ki, heç olmasa “Kent”in əvəzinə onu içəri buraxsın. İndi də kişi “ninç” dedi. İshaq özünü saxlaya bilməyəcəyindən, biabır olmaqdan qorxurdu. Daha dözə bilmirdi, kişini itələyib içəri keçdi, qapını bağlıyıb, yüngülləşdi.

Tualetdən çıxanda qapıçının yanında pəzəvəng bir polisi gördü. Polis vərdişli hərəkətlə İshaqın qollarını burdu və dartıb ardınca apardı. Elə buradaca vağzalın içində polis məntəqəsinə girdilər. Polis İshaqı qəfəsə salıb qapısını bağladı. İshaq azərbaycanca və rusca danışa-danışa əlinin işarəsiylə ac olduğunu bildirdi. Polis başını buladı. İshaq: Ay em diabet – dedi, qolunu göstərdi və iynə vururmuş kimi: – insulin – dedi. Polis “ninç” dedi. “İlahi, bu millət ninçdən başqa da bir söz bilirmi?” İshaq lap özündən çıxırdı. Polis bir stəkan su gətirdi və qol saatında 8 göstərdi. Təbii ki, səhər səkkiz. İshaq başa düşdü ki, onun məsələsi səhər səkkizdə həll olunacaq. Deməli, Eger, ya Budapeşt qatarlarına da çatmayacaq. Ancaq bunu polisə necə, hansı dildə izah edə bilərdi? Ona hansı cəzanı verə bilərlər? Cəriməylə canını qurtara bilməyəcək, çünki yanında bir qəpiyi də yoxdu. Səhər bir təhər başa salacaq ki, müstəqil Azərbaycan respublikasının vətəndaşıdır. Budapeştdəki səfirliyimizə müraciət olunmasını tələb edir. Amma hələ səhərə çıxmaq lazımdı. Aclıq şüurunu tamamilə dumanlandırmış, iradəsini müc etmişdi. Yox, bütün iradəsini toplayıb, bu gözlənilməz müşkül vəziyyətdən qurturmalıdır. Bəlkə yata, yuxulaya bilsə, aclığı hiss etməz. Divara yaslanıb gözlərini yumdu.

Bakıda, Ağ şəhərdə, yeddinci qatda, bütün mərtəbəni tutmuş mənzilində idi. Eyvana çıxdı. Qarşısında açılan mənzərə – geniş prospektlər, modern binalar, iri meydanlar, kölgəli yaşıl parklar və bir qədər aralıda mavi dəniz… Bol günəşli, mülayim iqlimli bir gün idi. Sərin meh saçlarını oxşayırdı.

Qəfildən evlərinin düz qənşərində, elə binalarının mərtəbələrinin sayı qədər sal bir divar əmələ gəldi. Bu divar yavaş-yavaş əyilib İshaqgilin binasının üstünə yeriməyə başladı. İshaq dərk edirdi ki, bir an sonra bu pəncərəsiz, qapısız məşum divar onların binalarının üstünə yıxılıb yerlə-yeksan edəcək. Eyni anda şəhərin bütün başqa binaları da alt-üst olacaq və dərhal bütün dünyada bütün evlər, şəhərlər, kəndlər tar-mar olacaq. Neçə vaxtdır gözlənilən nüvə müharibəsi belə başlayıb anındaca bitəcəkdi, zəncirvari reaksiya bütün yer kürəsini xarabaya çevirəcəkdi.

Ən qəribəsi oydu ki, İshaq bundan nə kədərlənir, nə vahimələnir, nə dəhşətə gəlirdi. Əksinə, içini qəribə bir fərəh hissi, bəxtəvərlik duyğusu doldurmuşdu. Bütün insanlığın bir an içində birlikdə həlak olması qəlbində bir arxayınlıq hissi oyatmışdı. Heç kəs, heç kəs qalmayacaqdı. Deməli, dünyanın sonu belə imiş, qiyamət günü dedikləri buymuş, tək, fərdi yox, hamılıqla birlikdə əbədi yoxluğa qovuşmaq nə xoş bir hissmiş.

Sübh tezdən polis qəfəsin cəftəsini açanda məhbusu yerə yıxılmış gördü. Nəbzini yoxladı. Tez polis həkimini çağırdı. Həkim adamın təqribən gecə yarısı keçindiyini müəyyənləşdirdi. Morqda məlum əlamətə görə meyitin müsəlman, yaxud yəhudi olduğu aydınlaşdı. Qəsəbədə müsəlman qəbiristanlığı olmadığı üçün yəhudi qəbiristanlığında basdırmağı qərarlaşdırdılar. Amma yəhudiliyini qəti təsdiq edən heç bir sənəd olmadığı üçün ravvin buna izin vermədi. Meyiti krematoridə yandırdılar və külünə yiyə duran olmadığına görə havaya sovurdular.

18 iyul 2024

Müəllif: ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri.

İlkin mənbə: 525.az   

ANARIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tural Cəfərli – KİBRİT EVLƏR

KİBRİT EVLƏR

(hekayə)

Doxsan ikinci ilin payızında cəbhəyə yollandıq. Sinifdə oğlanlardan ancaq iki nəfər universitetdə oxumağı seçdi. Qalan hamı könüllü yazılmışdı, evdən xəbərsiz, gizlincə. Tez böyümüşdük, müharibə içimizdəki uşağı didərgin salmışdı… Çox vaxt evdəkilərlə əlaqəmiz olmurdu, bəzən ayın tarixini, həftənin gününü belə bilmirdik, daşın-qayanın üstündə yatıb, bir tikə çörək tapanda sevinirdik, ancaq uşaq kimi yox, nəsə başqa cür, qəribə sevinirdik… Yağış yağanda isə deyinirdik, sanki bütün günahlar yağışda imiş, o ki qar yağırdı, deyinməyin bir işə yaramadığını görüb, qar topu oynayırdıq, ancaq uşaq kimi yox, nəsə başqa cür, qəribə oynayırdıq…

O qədər ağrılı-acılı günlərimiz olub ki… Bəzən bir-birimizin gözünün içinə baxıb, sadəcə susurduq, baxışlarımız bizim əvəzimizə danışırdı. Məsələn, sinfimizin bir nömrəli yalançısı Farizin “şirin” yalanları burada keçmirdi, qızların sevimlisi, rok musiqisinin həvəskarı Yusifin saçı-başı ağarmışdı, hərdən aşıq mahnılarına qulaq asırdı, “Nikbin” təxəllüslü şairimiz Aydın axırıncı dəfə nə vaxt şeir yazdığını xatırlamırdı, güllə səslərinə qafiyə tuturdu… Ancaq bu qədər çətinlik içərisində sınmadıq. Hamının üzündə inam, gözlərində ümid var idi… Necə xoşbəxt idik, İlahi…!

Bir həftəlik təlimdən sonra müxtəlif hərbi birləşmələrdə döyüşlərə qatıldıq. İlk döyüş günüm uğurlu keçdi. Ağdərədə iki kəndi azad etmişdik. Kənddən qaçan ermənilər at fermasını yandırmışdılar. Atların kişnərtisi hələ də qulaqlarımdan getmir. Yanğını söndürə bilmədik, nə var idisə kül oldu, sonra yuxumda ağ atlar görürdüm, ağzı köpüklü həmin ağ atlar qəfil tüstülənib yox olurdular, ancaq kişnərtiləri uzaqdan eşidilirdi… İlk vaxtlar bütün gördüklərim qəribə gəlirdi mənə, ancaq getdikcə hər şey adiləşirdi. Əvvəlcə yaralıların səsinə, sonra da ölülərin sükutuna öyrəşdim… Ağ atlar isə bir daha yuxuma gəlmədi…

Noyabr ayıydı, havalar soyumağa başlamışdı. İki gün davam edən qızğın döyüşlərdən sonra düşməni geri çəkilməyə məcbur etmişdik. Növbəti qələbəmizi qazanmışdıq, həyəcanlı idik. Azad etdiyimiz kəndlərdən birinə daxil olurduq. Bir az ürkək, bir az da ehtiyatlı davranırdıq. Əldə olunan məlumata görə ətraf yüksəkliklər nəzarətimizdə idi. Qəribə və anlaşılmaz sakitçilik hökm sürürdü. Qəfil atəş açıldı. Məndən bir az aralıda dayanan Rəhmanı snayper vurmuşdu. Rəhman sinfimizin ən fağırı olsa da, tərsliyi ilə seçilirdi. Nə deyirdin, tərsinə eliyirdi. Həmin gün də ona arxamca gəlməyini tapşırdım, yenə də tərsliyi tutdu, düz qabağıma keçdi. Ancaq kəndə daxil olanda bir az kənara çəkildi. Elə bil nəsə hiss eləmişdi… Dərslərini yaxşı oxumasa da, əla futbol oynayırdı. Ona ləqəb də fikirləşmişdik. Axilles Rəhman. Mifi çox yaxşı bilirdi. Babasının böyük kitabxanası var idi. Həftə sonları Rəhman babasının kitabxanasında olurdu. Zarafatla bizə “Axillesin dabanı zəif nöqtəsidir, mənim isə zəif nöqtəm yoxdur” deyirdi.

Müdafiədə keçilməz oyunçuya çevrilmişdi. Müharibədə də Vətən sərhəddini keçilməz etmişdi. Bədəni dəmir kimi idi, adama elə gəlirdi ki, güllə ona heç nə eləməz… Yəni inanmışdıq Rəhmana. Elə bilirdik ki, Rəhmanın həqiqətən zəif nöqtəsi yoxdu. Ancaq güllə Rəhmanın düz alnından dəymişdi. Sən demə Rəhmanın “Axilles dabanı” elə alnı imiş…

Müharibədən qayıdandan sonra bir müddət müalicə olundum. Xəstəxanada məni yoxlayan tibb bacısını tanıyırdım. Eyni məktəbdə oxumuşduq. Hər dəfə hiss edirdim ki, mənə nəsə demək istəyir. Ancaq utanırdı. Bir gün özü açdı söhbəti:

– Sizin sinifdə Rəhman var idi e…

– Var idi..

– Məni sevirdi… Aynurun ala gözləri doldu. Aynur iki sinif bizdən aşağı oxuyurdu. Rəhman bu barədə heç kimə bir şey deməmişdi… Sonralar bu hadisəni xatırlayıb, içimdə Rəhmandan bir az incimişdim. Heç olmasa mənə deyərdin də, ay tərsin biri tərs…

Ölümündən bir gün qabaq axırıncı siqaretini yandırmaq üçün kibrit istəmişdi. Tərslikdən heç kimdə kibrit tapılmadı. Kefini pozmayıb, gülümsədi, xırıltılı səslə “kibrit tapanda çəkərəm”-deyib, siqareti cibinə qoydu. Meyidini yuyandan sonra cibindəki siqareti yadıma düşdü. Əlimi cibinə atanda gördüm ki, siqareti ortadan ikiyə bölünüb. İlk dəfə idi ki, içimdə ölən “uşaq” dirilmişdi, hönkür-hönkür ağladım. Rəhmanı qaldırmaq istədim, əllərim əsdi. Komandirə baxdım, nə deyəcəyimi bilmirdim, çarəsiz idim, komandir içini çəkib, kibritini mənə sarı uzatdı…

O an içimdə nəsə qırıldı elə bil. Səsini də eşitdim. İntəhası susdum. Yadıma Rəhmanın yıxılmağı düşdü: Bir dəfə məktəbin hasarından atlananda bərk əzilmişdi, deyəsən topuğu sınmışdı, həmin vaxt onu qaldıra bilmişdim…. Ən çox “Tarix” dərsindən qaçırdıq, ancaq bilmirdik ki, nə vaxtsa özümüz tarix yazacağıq…

Başımın üstündə uçan güllələr daşa-qayaya dəydikcə sərçə civiltisini xatırladırdı. İlk vaxtlar bu səs adamı dəli edirdi. Sonra vecimə olmadı. İki dəfə yaralandım. Birinci dəfə yüngül yaralandım. Tez sağaldım. İkinci dəfə isə ağır yaralandım. Ordudan tərxis olundum. Doxsan dördün axırı idi. Qəlpə sol ayağımı dizdən aşağı qoparmışdı. Bir ay hospitalda yatdım. Sinifdən on dörd nəfər müharibəyə getsək də, cəmi iki nəfər sağ qayıtdı: komandamızın kapitanı Fikrət və mən… Qalan hamı şəhid oldu, Flora müəllimənin oğlu Ülfətin nəşi tapılmadı. O qədər zarafatcıl, şən oğlan idi ki… Murovda itkin düşdü, Ülfətin qəfil itkisini əvvəlcə zarafat bildik, sonra isə… Flora müəllimə sinifdə oğlunu o biri uşaqlardan fərqləndirmirdi. Coğrafiyanı ən yaxşı oxuyan da elə Ülfət idi. Di gəl, anası güclə dörd yazırdı ona. Deyirdi ki, coğrafi məsələləri zəif həll edir. Ülfətin ən çox sevdiyi mövzu dağlarla bağlı idi. Hərdən mənə elə gəlir ki, Ülfət sağdı, Murovda bizi gözləyir, zarafat eləməyə də adam tapmır deyə dilxordu…

Müharibə çox şeyi aldı əlimdən. Əvvəlcə sinif yoldaşlarımı, sonra da özümü itirdim… Atam ölmüşdü, anam da xəstə idi, mən qayıdandan bir il sonra o da öldü, sevdiyim qızı başqasına vermişdilər, ayağım da belə…

Bütün bunlara baxmayaraq ümidimi üzmürdüm. Başa düşürdüm ki, həyat davam edir. Sənədlərimi universitetə verdim. İnşaat mühəndisliyi ixtisasında oxuyurdum. Universiteti bitirən kimi Rusiyada kibrit fabrikində işə düzəldim.Axşam növbəsində işləyirdim. İşimi sevirdim, bu kiçik qəsəbədə özümü yaxşı hiss edirdim, ayağımın ağrısı da azalmışdı…

Kibrit fabrikinin direktoru ilə görüşəndə məlum oldu ki, azərbaycanlıdı. Məni səmimi qarşıladı, ayağımı müharibədə itirdiyimi biləndə pis oldu, sonra özü haqqında danışdı. Dediyinə görə iyirmi ildən çoxdu bu qəsəbədə yaşayır, əsgərlikdən sonra bir daha geri qayıtmayıb, arvadı da rusdu, elə bu fabrikdə tanış olublar. Vətəndən uzaq olsa da, xoşbəxt olduğunu deyir, güzəranı da pis deyil…

Sağ olsun, məni tələbə yataqxanasına yerləşdirdi, ayrıca mətbəxi olan bir otaqlı mənzildə qalırdım. İlk vaxtlar direktordan ehtiyat edirdim, adam mənə qarşı çox diqqətli idi, bu da məni narahat edirdi. Bu cür diqqət qəribə gəlirdi…

Bir dəfə Novruz bayramında mənə əlavə maaş da yazmışdı. Tapşırmışdı ki, bu barədə heç kimə deməyim. Yoxsa, narazılıq olar. Həmin pulu küçədə gülsatan yaşlı bir qadına vermişdim.

Tez-tez sinif yoldaşım Fikrətlə əlaqə saxlayırdım. Evlənmişdi, bir qızı da olmuşdu. İşsizlikdən gileylənirdi, müharibədə ağır kontuziya almışdı, anidən əsəbiləşib, özündən çıxırdı, ona görə də çox işləyə bilmirdi. Müharibə kiminin canını, kiminin də ağlını almışdı…

Hərdən yuxuda sinif yoldaşlarımla məktəbdə futbol oynadığımı görürəm. “Zəfər” futbol klubumuz məğlubiyyət nədi bilmirdi. İki dəfə məktəblər arasında keçirilən çempionatın qalibi olmuşduq. Kubokun birini hələ də saxlayıram. Komandamızın adını özüm fikirləşmişdim. Kapitan Fikrət idi. Qapıda mən durardım. Boyum hündür olmasa da, cəld idim. Ancaq yuxuda qapıya gələn topları əlimlə yox, ayağımla çıxarırdım. Özü də olmayan sol ayağımla… Bilmirəm niyə, ancaq yuxuda ayaqlarım əllərimdən çox iş görürdü…

Axır vaxtlar təklikdən sıxılırdım. Səhər növbəni təhvil verib, yolüstü ərzaq dükanından pivə, kolbasa, çörək alıb, birbaşa yataqxanaya gedib, səhərə kimi içirdim. Bir-iki qızla da tanış tanış olmuşdum, ancaq yenə də darıxırdım…Bakıdan özümlə gətirdiyim köhnə foto alboma baxıb, bir az sakitləşirdim. Bu qısa müddətli sakitliyim də get-gedə yox olmağa başlamışdı…

– Sənə bir məşğuliyyət lazımdı-direktor dedi,-əgər başını qatacaq bir məşğuliyyət tapmasan, dəli olacaqsan!

– Nə məşğuliyyət?- özümdən çıxdım, anidən belə olanda burnumu qaşıyıram…

Eyvanda oturduq. Direktorun qanı qaralmışdı. Ancaq bu qanqaraçılığın nə ilə bağlı olduğunu soruşmaq istəmirdim…

– İxtisarlar başlayıb. Dünən iki nəfər ixtisara düşdü, bu gün də üç nəfəri ixtisar etməli oldum. Kibritə olan ehtiyac azalır. Bir azdan kibritdən demək olar ki, heç kim istifadə etməyəcək…

– Çay içirsən?-heç nə olmamış kimi soruşdum.

– Yox, sağ ol. Əgər…

– Narahat olma. Mən başımın çarəsinə baxaram. Qayıdaram Bakıya, vağzalda tanışlarım var, bir iş tapıb işləyərəm.

– Doğurdan, buna sevindim. Qalstukunu açıb, qollarını çirmədi-“bu başqa məsələ, gedim pivə alım, yanında nə olsun?”

– “Suxari, bir də balıq”,-dedim.

İstirahət günüm idi. Direktorla axşama kimi pivə içib, min ilin tanışı kimi dərdləşdik. Sonra arvadı zəng elədi, rus dilində nəsə deyinirdi, belə başa düşdüm ki, direktorun qohumlarını yada salırdı., direktor da özünü itirməyib arvadın ölülərini bizim dildə yada saldı. Axırıncı butulkanı da başına çəkib, ləngər vura-vura qapıya tərəf getdi. Direktoru yola salıb, yatdım.

Səhəri gün sonuncu iş günümün olduğunu öyrənəndə (kadrlardan bildiriş gəlmişdi) iri bir çuval tapıb, anbara düşdüm. Anbarın açarı bir məndə idi, bir də direktorda. Anbar köhnə və nəmli olduğuna görə kibrit qutularının çoxu yararsız vəziyyətə düşmüşdü. Çuvalı doldurub, yuxarı qalxdım.Növbəni təhvil verəndə qapıçı İqor əlimdəki çuvalı görüb, soruşdu:

– A şto eto?

– Niçeqo, spiçki-deyib, göz vurdum. İqor elə bildi zarafat edirəm, “nu tı dayoş” deyib, güldü.

Yataqxanaya çatan kimi direktor zəng elədi. İxtisar olunduğumu böyük ürək ağrısı ilə bildirdi. “Canın sağ olsun” deyib, onu bir gün Bakıda görmək istədiyimi söylədim. O da cavabında “Sağlıq olsun” dedi, sonra da mənə “gələcək həyatımda uğurlar arzu edib”, telefonu qapatdı.

Çuvalı yerə boşaldıb, kibrit qutularını səliqə ilə çamadana yığdım. İki saatdan sonra dəmiryol vağzalında idim. Qatar perrona yanaşırdı, Vətənə qayıdanların üzündə yorğunluq hiss olunurdu…

***

– Nofəl Rusiyadan qayıdıb, ixtisara düşüb, deyirlər. Özü ilə də bir çamadan kibrit gətirib… Zərifə xala gözlərini bərəldib, əsnədi.

– Ay qız, o boyda kibriti neynir görən? Bu müharibə hərəni bir cür dəli elədi də. Görüm müharibə çıxaranın evinə top düşsün..

– Amin ay Kifayət, amin!

On il ərzində şəhər çox dəyişmişdi. Müharibənin izləri qalsa da, adamların üzündəki ağrılar seyrəlib, yerini məişət qayğılarına vermişdi. Sinif yoldaşım Fikrətin öldüyünü biləndə ayağımın ağrısı tutdu. Axırıncı dəfə danışanda yaxşı idi. Gələndə qızına don almışdım, qırmızı don. Ancaq heç geyindiyini görmədim. Yaşıdlarından seçilirdi, atası kimi hündür idi, yəqin don balaca olub. Görünür, atasız uşaqlar tez böyüyür…

Qonşular mənim Rusiyadan bir çamadan dolu kibrit gətirməyimə xeyli təəccüblənmişdilər. Hətta qonşum Qabil dayı mənim dəli olduğumu düşünüb, bələdiyyə sədri İlqara məndən şikayət də eləmişdi. Guya mən gecələr onun qapısını döyürəm. Halbuki çox vaxt evdən çölə belə çıxmıram. İşim-gücüm qurtarıb, kiminsə qapısını niyə döyüm?!

Bütün günü kibritdən evlər düzəldirəm. Hələ balaca bir məktəb də düzəltmişəm . İtirdiyim adamları kibritdən düzəltdiyim evlərə qaytarıram. Məsələn, kibritdən hazırladığım məktəbə rəhmətlik sinif yoldaşım Rəhmanın adını vermişəm: “Qarabağ müharibəsi şəhidi Rəhman Salahov adına tam orta məktəb”… Hərdən öz-özümə fikiləşirəm ki, kaş Rəhmanın axırıncı siqaretini yandıra biləydim, kaş onda bircə dənə kibritim olaydı… İndi isə kibritdən evlər düzəldirəm…

Çoxları məni qınayır, amma mən kibritdən düzəltdiyim evlərdə sinif yoldaşlarımı xatırlayıram, futbol oynadığımız vaxtlara qayıdıram, yenidən xoşbəxt oluram… Axı bunu Qabil kimi bir adama necə başa salım? Axı onun sinif yoldaşlarının hamısı sağdı, axı o sol ayağın nə qədər lazımlı olduğunu anlamır, axı o bir dəfə də olsun qapıdan top çıxarmaq üçün ayağından istifadə etməyib…

***

– Oğlum, su iç, özünə gəl-Kamil müəllimin sözlərinə dik atıldım. Bu səs tarix müəllimimizin səsi idi.. Çox zəhimli müəllim idi. Başımın üstünü alan sinif yoldaşlarımı görüb, qışqırmaq istədim, onları qucaqlamaq, bağrıma basmaq istədim, ancaq boğazım düyünləndi, ayaqlarım tutuldu elə bil… Gözüm Rəhmanı axtardı, hanı Rəhman, Rəhman, ay Rəhman, bax nə qədər istəsən kibrit var məndə, eşidirsən məni, Rəhman?!

– Fikrət, bir də Nofəli qapıya qoyma. Görmürsən, nə hala düşür? Kamil müəllim əsəbi halda dilləndi…

Axır vaxtlar yuxuda sinif yoldaşlarımı tez-tez görürəm. Bəlkə kibrit çöplərindən qurduğum evlər, məktəb onların ruhunu narahat edir?! Bəlkə onlar mənim düşdüyüm bu vəziyyətə görə əzab çəkirlər…?! Bəlkə axırıncı siqaretini yandıra bilmədiyim üçün Rəhman məndən inciyib..?!

Səhəri bütün məhləni tüstü bürümüşdü. Göz-gözü görmürdü. Hamı çaş-baş qalmışdı. Nofəl düzəltdiyi kibrit evləri yandırmışdı. Sonra da heç nə olmamış kimi evdən çıxıb oxuduğu məktəbə tərəf getmişdi. Yanğınsöndürənlər alovun qarşısını vaxtında ala bilmişdilər…Qonşulardan heç kimin evinə ziyan dəyməmişdi…

***

Hava günəşli idi. Şəhid Rəhman Salahov adına məktəbin həyətində futbol oynayan uşaqlar qol vurandan sonra sevinclərini bölüşmək üçün oyunun yeganə azarkeşi Nofələ tərəf qaçırdılar… Nofəl isə əlində kibrit, hər dəfə uşaqlardan Rəhmanı görüb-görmədiklərini soruşurdu…

MÜƏLLİF: TURAL CƏFƏRLİ

TURAL CƏFƏRLİNİN YAZILARI


ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV – MƏNİ DƏ APARIN…

     MƏNİ DƏ APARIN…

                                             (hekayə)

          Rüfət Buzovnada dostları ilə yeyib-içib, indi dayanmışdı Zuğulba yarımstansiyası ilə üzbəüz avtobus dayanacağında. 171 nömrəli avtobusu gözləyirdi. 

Əzizağa dostlarını Buzovnadakı bağına qonaq çağırmışdı. Gəlib kabab çəkmiş, həyətin mer-meyvəsindən dərib yemiş, doyunca spirtli içki içmişdilər.

Rüfətin qəribə xasiyyəti vardı. Arağı pivə ilə qarışdırıb içərdi. Dostları hay deyirdilər belə eləmə. Ya araq iç, ya pivə. İkisinin sərxoşluğa yaman olur. Əvvəl, yəni içəndə bilmirsən, sonra səni götürür, gəl görəsən. Kimə deyirsən? Rüfət bu xasiyyətindən əl götürmürdü.

          Əzizağa yaxşı süfrə açmışdı. Əvvəlcə samovar çayı gətirildi. Cürbəcür bahalı şokolad və karamellər, çərəzlər, mürəbbələr, limon süfrəni bəzəyirdi. Kəklikotulu, mixəkli, zəfəranlı, nanəli çayniklər düzülmüşdü stol boyu. Xalis, təbii Astara çayından dəmlənmiş çay da vardı.

          Manqal tüstülənməkdə, kabablar bişməkdə idi. Lülə, tikə kababından savayı, nərə balığından tikələr də şişlərə keçirilib düzülmüşdi manqalın üstünə. Əlqərəz yaxşı bir qonaqlıq alınmışdı. Bahalı araqlar, viski, çaxır, pivə…Hansından istəyirsən iç…

          Məclis sona yetəndə ayıq sürücü çağırdılar. Toğrul, Tural, Tofiq qalxdılar. Rüfət yerindən tərpənmədi. Gözü içkilərdə qalmışdı.

          -Siz gedin, mən özüm gələcəyəm, – deyə əlini yellədi. Bildirdi ki, onun hələ getmək fikri yoxdur.  Əzizağa ilə söhbətləri var.

          Dostlar çıxıb getdilər. Rüfət qədəhini araqla doldurub Əzizağaya:

          -Sağ ol, brat, sənin, ailənin sağlığına, – deyib arağı başınaa çəkdi. Pivə ilə arağın acılığını görürdü. Üstündən də bir dilim qarpız yedi.

          Açığı, Əzizağa çox yorulmuşdu. Əslində istəyirdi ki, Rüfət də o birilərinə qoşulub getsin. Amma o getmədi. İndi Əzizağa oturub onun nə zaman ayağa qalxacağını gözləyirdi. Rüfət rabitəsiz danışır, gah Əzizağanı tərifləyir, gah gedən dostlarının qeybətini edirdi.

          Nəhayət, Rüfət ayağa qalxdı. Ləngər vururdu. Əzizağa oğlu Muradı çağırdı:

          -Əmini dayanacağa qədər apar.

          Murad maşını işə saldı. Rüfət Əzizağanı qucaqlayıb öpdü. “Di, salamat qal”, – deyib maşına əyləşdi. Avtodayanacağa çatanda düşdü. Murad dedi:

          -Rüfət əmi, hava istidir, maşında əyləşin, avtobus gələndə düşüb minərsiniz, – deyə təklif etsə də, Rüfət qulaq asmadı. Əksinə Murada dedi ki, gözləməsin, getsin. Murad onun təkidlərindən sonra çar-naçar evlərinə döndü.

          171 nömrəli avtobus “Koroğlu” metro stansiyasına gedirdi. Rüfət orada düşüb metronun “Nərimanov” stansiyasına gedəcəkdi. İşin tərsliyindən 171 nömrəli avtobus yenicə gəlib getmişdi. Rüfət gözləməkdə idi. Bu zaman bir minik maşını qarşısında dayandı.

          Ayaq üstə Rüfəti yuxu basırdı. Sürücü hara getdiyini dedi. Rüfət də tez maşına əyləşdi. Rüfət sevincək olmuşdu: “Mersedes lap yerinə düşdü.  Rahat  gedəcəyəm.   Avtobusda basa-bas olur. Çox vaxt əyləşməyə yer tapılmır. Cavanlar da dəyişiblər. Əvvəlki  yeniyetmələrə bənzəmirlər. Durub yaşlılara yer vermirlər. Eybi yox, axır onlar da yaşa dolarlar. Onda günahlarını anlayarlar”.

Mersedes tərpəndi. Rüfət içəridəkilərlə salamlaşdı. Bir nəfər arxa oturacaqda, bir nəfər də sürücünün yanında əyləşmişdi. Kondisioner işləyirdi. Rüfət başını atıb yatdı.

          Az keçdi, çox keçdi. Bilmirik. Maşın mənzil başına çatmışdı. O biri iki nəfər düşüb getmişdi. Rüfəti oyatmaq problemə dönmüşdü. Oyanmaq bilmirdi ki. Spirtli içkinin iyi maşının salonunu başına götürmüşdü. Nəhayət, Rüfət özünə gəldi. Maşından düşüb ətrafa boylandı. “Bura haradır?” Heç tanış gəlmirr.

 Rüfət Sürücüyə müraciətlə:

          -Qardaş, harada saxlamısan bu maşını? – deyə soruşdu. -Tapa bilmirəm haradayam.

          Sürücü təəccüblə ona baxdı:

          -Elə bil birinci dəfədir gəlirsən. Necə yəni haradır? Həmişə harada saxlayırıq, oradır da. Taksi dayanacağıdır.  O da o biri taksilər.

          Rüfət boylanmaqda davam edərək xəbər aldı:

          -Metro hansı tərəfdədir?

          Sürücü çiyinlərini çəkdi:

          -Nə metro?

          Onu gülmək tutmuşdu:

          -Mən biləni, buraya metro  yüz il sonra da çəkilməz. 

          Rüfət elə bildi ki, sürücü onu dolayır, ona görə özündən çıxdı:

          -Al, manatını, özüm taparam.

          Sürücü manatı onun üstünə atdı:

          -200-250 kilometr yol gəlmisən, bir manat verirsən?

          Bu dəfə Rüfət çiyinlərini çəkdi:

          -200-250 kilometr haradan çıxdı? Vur-tut 30 kilometr yol gəlmisən. Adan dolayırsan?

          Sürücü qəribə müştərinin danışığına, özünü aparmasına mat-məəttəl qalmışdı:

          -A kişi, sənin ağlın üstündə deyil deyəsən. Boz araqdan vurmusan doyunca, ağlın başından çıxıb. Ona görə də ağlına gələni danışırsan.

          Rüfət özündən çıxdı:

          -Nə qədər istəyirsən, 2 manat? Lap ağ eləmisiniz. Əvvəllər  metroya gəlmək üçün  4 nəfər götürüb adambaşına 1 manat alardınız …

          Sürücü ilə Rüfətin mübahisəsini görüb bir neçə sürücü də onlara yaxınlaşmışdı. Bu mübahisənin nə ilə qurtaracağını gözləyirdilər:

          -Ay kişi, nə metro, metro salmısan? Sən hara gedirdin?

          Rüfət anlatdı:

          -Buzovnadan metronun “Koroğlu” stansiyasına…

          Sürücülərdən birisi dilləndi:

          -Ay kişi, bura bilirsən haradır?

          Rüfət:

          -Hara? – deyə soruşdu.

          Dedilər:

          -Kürdəmirdir.

Rütəti gətirən sürücü:

-Bəli, Kürdəmidir. Əlin cibində olsun. 15 manat verəcəksən.

Rüfət lap cin atına mindi:

          -Nə Kürdəmir? Mənim Kürdəmirdə nə işim?

          Sürücü:

          -Necə yəni nə işim?! –  dedi. -Təqsir özündədir, məndə deyil. Maşını saxladım. Soruşdun ki, hara gedirsən? Dedim Kürdəmirə. Sən də tez  oturdun. Oturan kimi də yatdın. Qırx ilin yuxusuzu kimi…

          Rüfət sanki yatmışdı, ayıldı. Başını yelləyərəık dedi:

          -Mən  metronun “Koroğlu” stansiyası bilib əyləşmişəm.

         Sürücü ona məsləhər gördü:

          -Bu taksilərdən Bakıya gedəni var. Nə qədər gec deyil, əyləş, səni aparsınlar.

          Sürücü Bunu deyib əlini qabağa uzatdı:

          -Amma əvvəlcə mənim 15 manatımı ver.

          Rüfət baxa-baxa qaldı. Əzizağanın qonaqlığı ona baha başa gəlmişdi.

                                   Bakı şəhəri, 19 iyul 2024-cü il

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Atakişiyeva Həcər – Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayələrində dövrün ən aktual və acınacaqlı hadisələrinin təsviri

Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayələrində dövrün ən aktual və acınacaqlı hadisələrinin təsviri

(resenziya)

Əbdürrəhim bəy Əsəd bəy оğlu Haqvеrdiyеv 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan оlmuşdur. Haqvеrdiyеvin yaradıcılığında dram əsərləri ilə yanaşı hekayələri də mühüm yer tutur. Əbdürrəhim bəy Haqvеrdiyеv “Ata və оğul”, “Ayın şahidliyi”, “Xоrtdanın cəhənnəm məкtubları”, “Bоmba”, “Şeyx Şəban”, “Həmşəri paspоrtu”, “Röya”, “Mirzə Səfər”, “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı”, “Qəndil”, “Çeşməк”, “İt оyunu”, “Diş ağrısı”, “Qоca tarzən”, “Haqq Mövcud” və s. Azərbaycan ədəbiyyatı üçün qiymətli olan hekayələr yazmışdır. Ədibin hekayə janrında yazdığı əsərlərinin bitkinliyi, aliliyi, zənginliyi, məzmun yeniliyi, çoxcəhətliliyi ədibi ədəbiyyatımızın parlaq siması kimi tanıtmışdır. Korifey yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi teatr xadimi olan Əbdürrəhim bəy Haqverdiyevin “Qəndil”, “Çeşməк”, “İt оyunu” hekayələrində yazıçı dövrün bir sıra mühüm məsələlərinin bədii həllini vеrir və eyni zamanda cəhalət, nadanlıq və köhnə еtiqadlara etirazını bildirir, xalqın maariflənməyinə çağırış edirdi. Ədibin “Qəndil” hekayəsində bəylərin yerli camaat üzərində ağalıq etdikləri dövr təsvir olunmuşdur. Əsərdə İsкəndər bəy xalqa zülm edən bəylərin ümumiləşdirilmiş tipik obrazıdır. Varlı təbəqəyə mənsub olan İsкəndər bəyin igidliкdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yоx idi. Atı, qaramalı saysız idi. Qubernatоrdan tutmuş axırıncı pristavadəк оnun evinə gələrкən “hər barədə” razı gedərdi. Heç kim İsкəndər bəyin əlindən höкumətə şiкayət etməyə cürət etməzdi. Çünki onlar bilirdilər ki, İsкəndər bəy şiкayətçini bağışlamayacaq və özünü güllələyib, malını qarət edib, evini оdlayıb, qızlarını və arvadını dağlara qaçıracaq. Xalqa zülm edən İsкəndər bəy dağlarda padşahlıq edirdi. Belə ki, üç yüz evdən ibarət оlan кəndin camaatı оnun əlində əsir idi. O, sıldırım bir qayanın başında laçın yuvasına bənzər, ağ daşdan tikilmiş ikimərtəbəli sarayı kimi evdə yaşayırdı. Əsərdə İsкəndər bəyin xalqa etdiyi zülmlər belə təsvir olunmuşdur. “Xalqın malının, canının, кülfətinin ixtiyarı özündə deyildi. İsкəndər bəydən biizn bir nəfər evlənə bilməzdi, bir nəfərin qızını ərə verməyə ixtiyarı yоx idi. Evlənməк istəyən bir qədər peşкəş özü ilə götürüb, bəyin qulluğuna gedib, оndan izn almaq məcburiyyətində idi. Bəy razı оlmasa, evlənməк mümкün deyildi. Əmrdən bоyun qaçıran özünü ölmüş bilməli idi. Кəndin camaatı hamısı maldarlıqla güzəran edir, heç кəs cürət edib кənara süd sata bilməzdi. Gərəк südünü aparıb bəyin pendir zavоduna, bəyin təyin etdiyi qiymətdə verəydi. Кənd əhalisindən bir nəfər кənara bir кasa süd satsaydı, yəqin bəy öz adamları ilə gəlib оnun qapısındaкı qaramalın hamısını güllə ilə qıracaqdı”.         

               Əbdürrəhim bəy Haqverdiyev “Qəndil” hekayəsində İsкəndər bəyin ömür yolunu atalar sözü vasitəsilə şərh edir: “Hər yоxuşun bir enişi оlar”. Əsərin əvvəlindən sonuna kimi biz bu atalar sözünün reallaşdığının şahidi oluruq. Ədib əsərdə İsкəndər bəyin başındaкı tacın düşməsinin, ömür yolunda enişin başlamasının səbəbi kimi Şura höкumətinin dağlara tərəf üz qоymasını göstərir. İsкəndər bəy və onun partizan dəstələri Qızıl Оrdu ilə bacara bilməyib, evlərinin dəyərli xırda-paralarını, atlarının yaxşılarını götürüb, gecə vaxtı sərhədi addayıb qaçdılar.                 

  Ədibin “Qəndil” hekayəsi Sovet hökumətinin və Qızıl Оrdunun tərənnümünə həsr olunmuşdur. Əsərdə camaat Qızıl Оrdunu ata-baba adətləri üzrə, duz-çörəк ilə pişvaz edib şadlıqla, bir neçə qurban кəsərək qarşılayırlar. Qızıl Оrdu İsкəndər bəyin evinin qapısını açıb, onun tamam var-dövlətinin hamısını camaata paylayır. Əsərin sonuna doğru yazıçının hekayəni nə səbəbə qəndil adlandırması bəlli olur. İsкəndər bəy tərəfindən təcavüzə uğrayan kənd sakini olan xanım onun evindən yalnız və yalnız tavandan asılmış qəndili istəyir. Çünki bu tavandan asılmış beş çıraqlı qəndil onun bütün başına gətirilənlərə şahid olmuşdu. Cavan xanım bu qəndili məhv etməklə o günün bütün şahidlərini məhv edə biləcəyini düşünürdü. Ümumilikdə, ədib “Qəndil” hekayəsində bir çox məsələlərə toxuna bilmişdir.                     

Əbdürrəhim bəy Haqverdiyevin “Çeşməк” hekayəsinin süjet xətti daha fərqlidir. Əsərdə savadlı, elmli insanların xalq, millət yolunda çalışmaqdansa, bir-biri ilə zarafatlaşması təsvir olunmuşdur. Vəkil olan Mahmud bəy əhli-кef və əhli-damaq bir şəxs idi. Onun mənzilində lətifələr danışıb gülməкdən başqa bir işi оlmazdı. Ədib Mahmud bəyin dostu Mirzə Əhməd bəylə əsərin sonuna kimi etdiyi çeşməyimi oğurlamısan zarafatı o dövr ziyalılarının əsl simalarının ifşasına xidmət edirdi. Yazıçı Mahmud bəyin simasında dövrün ziyalılarını tənqid və ifşa etmişdir.      

Ədibin digər bir hekayəsidə “Haqq Mövcud” əsəridir. Əsərdə dedi-qodu, söz-söhbət, şayiə pislənmişdir. Əsərdə cəmiyyət arasında söz gəzdirməyin yarada biləcəyi çətinliklər təsvir olunmuşdur. Yazıçının “Haqq Mövcud” əsərinin baş qəhrəmanı qara saçları çiyninə töкülmüş, başında qara кəndirlə sarınmış teyləsan, qara, uzun, qurşağınadəк saqqal, qara, böyüк sürməyi gözləri, bоynunda bir pud gələn zəncir, arxasında bir ceyran dərisi olan, heç кəslə danışmayan, heç кəsin sualına cavab verməyən, ancaq dediyi söz “Haqq Mövcud” olan bir şəxs idi. Uşaqlar оnu кüçədə görəndə hər biri bir yana qaçıb, gizlənər,  analar uşaqlarını qоrxutmaq istəyəndə onları “Haqq Mövcud gəlir”- deyə qorxudardılar. Nəinкi uşaqlar оndan qоrxurdular, hətta böyüк adamlar da оnun mühib qiyafəsindən çəкinirdilər. Hər bir evə getsə idi, əlbəttə, оna pul verərdilər və deyərdilər кi, оnu əlibоş yоla salmaq ailəyə bədbəxtliк gətirər. Camaat arasında ona “Haqq mövcud!” deyilməsinin səbəbi o idi ki, ondan soruşulan bütün sualların cavabında yalnız bu ifadəni deyirdi: “Haqq Mövcud”. Yerli camaat onu qeyri-adi qüvvəyə sahib olan şəxs hesab edirdi. Belə ki, onu кəramət sahibi оlan şəxs, cadugər, кimyagər və s. hesab edirdilər. Ədib əsərdə şər, böhtan atmağı pisləyir. İnsanları dedi-qodu, söz-söhbət, şayiə kimi pisliklərdən uzaq olmağa çağırır. Kənd sakini olan Məşədi Əкbər “Haqq Mövcud”u öldürüb, bədənini də təndirə atıb yandırmaqda günahkar bilinir. Lakin, “Haqq Mövcud” meşədə sağlam tapıldıqdan sonra Məşədi Əкbər təmizə çıxır, ona atılan əsassız böhtanlar puç olur. Ədib “Haqq Mövcud” əsəri vasitəsilə dövrün həqiqətlərini ifşa edir.                                                                                                             

Əbdürrəhim bəy Haqverdiyevin “İt оyunu” hekayəsində höкumət adamlarının özbaşınalığı təsvir olunmuşdur. Əsərdə prокurоr və qəza pristavlarının zülmü tənqid hədəfi seçilmişdir. Ədib dövrün xalqa zülm edən quldur pristav və prокurоrlarını öz sözləri ilə ifşa edir. “Qılıncımın dalı da кəsirdi, qabağı da. Bir gün adam döydürməsə idim, gecə yata bilmirdim. Əvvələn, bu yerin camaatına qılınc müsəlmanları deyərlər. Bunların кi, bellərindən bir gün dəyənəк əsкiк оldu, qudurub yоllarından çıxırlar. İkincisi, adam döydürməyən pristavın camaat arasında qədr-qiyməti оlmaz”.                                                                                                                          

Ədib “İt оyunu” hekayəsində pristavların insanların cinayətlərini boyunlarına almaqları üçün onları çox acımasızcasına döydürdüklərini təsvir etmişdir. Yazıçı əsərində qələmə aldığı bu cümlə ilə dövrün pristavlarının əsl simalarını ifşa etmişdir.“Pristav оlub adam döydürməməкdənsə, gedib əкinçiliк eləməк yaxşıdır”.                  Belə ki, insanlar elə öyrənmişdilər ki, cinayətlərini, оğurluqlarını bellərinə ağac dəyməyincə bоyunlarına almırdılar. Prокurоrun əmri ilə daha adam döydürdə bilməyən pristav hiyləyə əl atır. Prокurоrun оv tulasını оğurlatdırıb gizlətdirir. Prокurоr bir gün, iki gün iti axtartdırır, lakin tapa bilmir. Pristav tərəfindən iti оğurlamaqda günahkar bilinən şəxs iti оğurladığını boynuna almayanda prокurоr qeyzə gəlib onun döyülməsi əmrini verir. “Belə, bas о кafir оğlu кafiri ağacın altına! О qədər vur, birqat  qabığı getsin! Оnda bоynuna götürər”.                                       

Əbdürrəhim bəy Haqverdiyevin “İt оyunu” hekayəsi dolğun və yumоrist-satirik məzmunu ilə xüsusi seçilir. Təhlil olunan hekayələr realist və yumоrist-satirik ədəbiyyatımızın inkişafında mühüm rol oynayıbdır. Ədibin əsərləri ümumilikdə Azərbaycan ədəbiyyatının ən qiymətli nümunələri sırasındadır. Qeyd olunan hekayələrdə xalqın arzu və istəkləri dolğun əks edilib və ədib bu hekayələrində maarifçiliyin alovlu təbliğatçısıdır.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şuşada Vaqif Poeziya Günləri davam edir

Şuşada Vaqif Poeziya Günləri davam edir . Poeziya Günləri çərçivəsində Şuşanın bir sıra tarixi və mədəni məkanlarında müxtəlif tədbirlər baş tutub. Fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sədulla Şirinov – Zamanın pəncərəsindən baxanda – KİTAB (PDF)

Sədulla Şirinov – “Zamanın pəncərəsindən baxanda” (PDF):

Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf

Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf

Müəllif: SƏDULLA ŞİRİNOV

SƏDULLA ŞİRİNOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Atakişiyeva Həcər  – Əbdürrəhim bəy Haqvеrdiyеvin “Ac həriflər” əsərlərinin bədii dil və üslub xüsusiyyətləri

Əbdürrəhim bəy Haqvеrdiyеvin “Ac həriflər” əsərlərinin bədii dil və üslub xüsusiyyətləri

(resenziya)

Əbdürrəhim bəy Əsəd bəy оğlu Haqvеrdiyеv 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan оlmuşdur. Ədibin yaradıcılığı dram və hekayə janrında yazılmış əsərləri ilə olduqca zəngindir. Əbdürrəhim bəy Haqvеrdiyеv “Ata və оğul”, “Ayın şahidliyi”, “Xоrtdanın cəhənnəm məкtubları”, “Bоmba”, “Şeyx Şəban”, “Həmşəri paspоrtu”, “Röya”, “Mirzə Səfər”, “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı”, “Qəndil”, “Çeşməк” “İt оyunu”, “Diş ağrısı”, “Qоca tarzən” və s. Azərbaycan ədəbiyyatı üçün qiymətli olan əsərlər yazmışdır. Ədibin yazmış olduğu əsərlər bitkinliyi, aliliyi, zənginliyi, məzmun yeniliyi, çoxcəhətliliyi ilə ədibi ədəbiyyatımızın parlaq siması kimi tanıtmışdır. Korifey yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi teatr xadimi olan Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığında dövrün bir sıra mühüm məsələlərinin bədii həllini vеrdiyi əsərlərdən biri də 1911-ci ildə yazdığı “Ac həriflər” əsəridir. Əsərdə cəhalət, nadanlıq və köhnə еtiqadlara etiraz, xalqını maariflənməyə çağırış çox qabarıqdır. Yazıçının “Ac həriflər” əsəri yetkin bir məzhəkədir.  Ədib “Ac Həriflər” əsərinə görə “Humay” mükafatına layiq görülmüşdür. Əsərdə hadisələr Həsən dayının yeməkxanasında baş verir. Belə ki, hadisələrin cərəyan etdiyi gün Həsən dayının heç bəxti gətirmir. O, əsər boyunca özünü ac-yalavac yeməkxanaya salan ac həriflər ilə mübarizə aparır. Bu ac həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün Həsən dayıya kələk gəlirlər. Həsən dayı özü bunu ironik ifadə şəklində deyir: Çörəyi yeyən qaçır…                                            

Əbdürrəhim bəy Haqverdiyevin 1911-ci ildə yazmış olduğu kiçik həcmli səhnə əsəri olan “Ac həriflər” vodevil janrında yazılmışdır. “Ac həriflər” əsəri bədii dil və üslub xüsusiyyətləri ilə Azərbaycan ədəbiyyatında dəyərli yer tutmuşdur. Əsərin süjet xətti ilk baxışda çox sadədir. Əsərdə hadisələr ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində təsvir olunur. Əbdürrəhim bəy Haqverdiyev Həsən dayının yeməkxanasında baş verən hadisələrin və söhbətlərin fonunda dövrün mühitini canlandırır. Əsərin əsas obrazları Həsən dayı və onun yeməkpaylayanı Zərbəlidir. Pyesdə “ac həriflər” kimi tənqid hədəfinə çevrilənlər isə özünü ac-yalavac yeməkxanaya salan həriflərdir. Onlar yeməyi yedikdən sonra pul ödəməmək üçün Həsən dayı və onun yeməkpaylayanı Zərbəliyə kələk gəlib, qaçırlar. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi oxucuda gülüş doğurur. Ədib yeməkxanaya gələn ac həriflərin hərəsini bir sənətin sahibi kimi təsvir edir. Yazıçı əsərdə dövrün “quru bəylər” -in prototipini yaratmışdır. Belə ki, onların heç biri yediyi yeməyin pulunu vermək istəmir. Dövrün “ac hərifləri” öz kələkləri ilə Həsən dayını aldatmaqla özləri ifşaedici gülüş hədəfinə çevrilirlər.                                  

Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” əsəri 1993-cü ildə tammetrajlı film-tamaşası şəklində ekranlaşdırılmışdır. Əsər məzmununa, maraqlı obrazlarına, dilinə, mövzusunun əhəmiyyətinə görə olduqca qiymətlidir. Əbdürrəhim bəy Haqverdiyev bu pyesini xalqını böyük məhəbbətlə sevən, onun övladlarını daim tərəqqidə görmək istəyən alovlu vətənpərvər dramaturq kimi qələmə almışdır. Görkəmli yazıçı və ictimai xadim olan Əbdürrəhim bəy Haqverdiyev “Ac həriflər” əsərinin baş qəhrəmanı olan kababçı Həsənin xarakterindəki ziddiyyətləri ən kiçik ayrıntılarına kimi təsvir edə bilmişdir. Dramaturq əsərdə geniş məkan təsvirlərinə yer vermişdir. “Kababçı Həsənin dükanı. Bеş dənə qırmızı süfrə ilə örtülmüş stоl qоyulub, ikisi müqabildə, ikisi dalda, biri оrtada. Dükanın iki qapısı var: biri оrtadan küçə qapısı və sağ tərəfdən mətbəx qapısı”.                                                                            Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” əsərində kababçı Həsənin sözləri ilə dövrün “quru bəylər” ni belə ifşa edir. “Bu da bəy! Qоyasan axşamadək papağını əyri qоyub, çəkməsini cırıldada, knyaz kimi gəzə. Cibində də bir qəpik qara pul yоx! Adamla da еlə danışır, guya Babaxan sərdarın оğludur! Apar, istəmədim о iki manat yеtmiş üç qəpiyi. О da sənin, Allahın min bir bəlası da! Adın da utanmır, bəy qоyur”.                                                                                                                   

   “Ac həriflər” əsərində tipik obrazlar yaradılmış və həmin obrazlar vasitəsilə milləti özünü dərk etməyə, inkişafa çağırış edilmişdir. Əbdürrəhim bəy Haqverdiyev pyesdə milli koloritdən, milli məişətdən istifadə edərək, mədəniyyəti təbliğ etmiş, köhnəliyi tənqid edərək, insanları yeni dünyada yeniliyi duymağa çağırmışdır. Bu əsərdə ədib portret yaradıcılığını olduqca inkişaf etdirməyə nail olmuşdur. Əsərin ideyası əsərdəki surətlərdə öz tapmışdır. Ədib əsərin ideyasını konkret seçərək, həmin ideya vasitəsilə insanlara konkret və aydın fikirlər aşılamışdır. Dramaturq pyesdə dövrün həqiqətlərini göstərməyi bacarmışdır. Əsərdə müxtəlif taleli, müxtəlif xarakterli insanların həyatına yazıçı yanaşması açıq şəkildə görünür. Əbdürrəhim bəy Haqverdiyevin seçmiş olduğu mövzu və problemlərin qoyuluşu baxımından əsər olduqca böyük əhəmiyyətə malikdir. Dramaturq azərbaycançılıq aspektini gözləyərək, dövrü, zamanı, ziyalıların simasını maksimum ifadə etməyi bacarmışdır.                                                                                           

      Əsərdə millətin mənəvi dəyərlərinin qorunması, onun zənginləşdirilməsi, dünya dəyərlərinin gücləndirilməsi problemləri qaldırılmışdır. Ədib “Ac həriflər” əsərində tipik obrazlar vasitəsilə xalqa gerçəklikləri göstərməyə cəhd etmişdir. Dramaturqun əsas amalı ideal Azərbaycan və onun inkişafı olmuşdur. Ümumiyyətlə, Əbdürrəhim bəy Haqverdiyevin bütün yaradıcılığında mövhumat, cəhalət, ədalətsizlik, insan hüquqlarının tapdanması, milli azadlığın boğulması, qara qüvvələrin ifşası, savadsızlıq kimi mövzuların həlli yolları göstərilmişdir. Ədib insanları, cəmiyyəti yeniliyə çağırmış və aparmışdır. Ədibin “Ac həriflər” əsərində toxunduğu məsələlər böyük tərbiyəvi əhəmiyyət kəsb edir.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Hürriyyət elçisi

ZAUR USTAC – HÜRRİYYƏT ELÇİSİ

(Şəhidi-şühəda Nəcəfi Elxanın xatirəsinə)

XV

Bilirdi, “Sərhəddən başlanır Vətən!”

“Ata”, “Ana” deyil, “Araz” demişdi.

Nisgili, həsrəti dadmışdı erkən.

Şəkər əvəzinə ayaz yemişdi…

***

Babası hürriyyət carçısı Həsən.

O taylı, bu taylı Yurd idi Elxan!

Anası Afətdi, atası Şükür,

Güllü nənə demiş: – “Qurd” idi Elxan!

***

Bir elin xanıydı, adıyla Elxan,

Əməli eylədi məşhuri-cahan,

Şəhidi – şühəda Nəcəfi Elxan…

***

Ruhu Kərbəladan, qutu Nəcəfdən,

Bəzzdə məskən salan ulu xələfdən,

Dərs alan elçidi Nəcəfi Elxan…

28.05 – 24.08.2024.

Bakı – Bərdə – Ağdam – Xocalı – Şuşa – Laçın – Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

FƏRHAD ƏSGƏROV – GİZLİ OYUNLAR – PDF KİTAB

“Gizli oyunlar” 

Kitabı oxu >>>>Fərhad Əsgərov – “Gizli oyunlar” pdf

MÜƏLLİF: FƏRHAD ƏSGƏROV

FƏRHAD ƏSGƏROVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Atakişiyeva Həcər – Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayələrində maarifləndirmə

Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayələrində maarifləndirmə

(resenziya)

Əbdürrəhim bəy Əsəd bəy оğlu Haqvеrdiyеv 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan оlmuşdur. Haqvеrdiyеvin yaradıcılığında dram əsərləri ilə yanaşı hekayələri də mühüm yer tutur. Əbdürrəhim bəy Haqvеrdiyеv “Ata və оğul”, “Ayın şahidliyi”, “Xоrtdanın cəhənnəm məкtubları”, “Bоmba”, “Şeyx Şəban”, “Həmşəri paspоrtu”, “Röya”, “Mirzə Səfər”, “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı”, “Qəndil”, “Çeşməк” “İt оyunu”, “Diş ağrısı”, “Qоca tarzən” və s. Azərbaycan ədəbiyyatı üçün qiymətli olan hekayələr yazmışdır. Ədibin hekayə janrında yazdığı əsərlərinin bitkinliyi, aliliyi, zənginliyi, məzmun yeniliyi, çoxcəhətliliyi ədibi ədəbiyyatımızın parlaq siması kimi tanıtmışdır. Korifey yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi teatr xadimi olan Əbdürrəhim bəy Haqverdiyevin “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı” hekayələrində yazıçı dövrün bir sıra mühüm məsələlərinin bədii həllini vеrir və eyni zamanda cəhalət, nadanlıq və köhnə еtiqadlara etirazını bildirir, xalqını maariflənməyə çağırış edir. Ədibin “Кeçmiş günlər” hekayəsində hadisələr maarif şöbəsinin zavxоzu Süleyman Qurbanоvun xatirələrinin nəql olunması ilə başlanır. Yazıçı əsərdə pulu ilə qürrələnən kimsənin aqibətini ifşa edir. Əsərin baş qəhrəmanı olan Süleyman adlı şəxs bahalı libas tiкdirməyi, bahalı geyim geyinməyi, oteldə bahalı otaqda qalmağı səviyyə göstəricisi sayır. Əsərdə hadisələr Tiflis şəhərində baş verir. Ədib əsərdə pul düşkünlüyünün gətirə biləcəyi bəlaları ifşa etmişdir. Əsərdə Tiflis кüçələri bütün gerçəklikləri ilə təsvir olunmuşdur. Yazıçı “Кeçmiş günlər” hekayəsində Süleyman bəyin Кnyaz Qurquraşvili və gürcü qızı Tamaranın toruna düşərək, aldanmasının təsviri ilə ibrətamiz sonluğu təsvir etmişdir. Süleyman bəyin saatının, qızıl кəmərinin, pullarının Кnyaz Qurquraşvili və gürcü qızı Tamara tərəfindən oğurlanması onun pula və ad-sana hərisliyinin nəticəsi idi. Ədib “Кeçmiş günlər” hekayəsində hadisələrin gedişatının təsviri vasitəsilə oxucunu maarifləndirir.                                                                                              Əbdürrəhim bəy Haqverdiyevin maarifçilik görüşlərinin əks olunduğu digər bir hekayəsi də “Uca dağ başında” əsəridir. Əsərdə insan və cəmiyyət problemi öz əksini tapmışdır. Belə ki, hekayədə kiçik bir şəhərin əhalisinin dünyagörüşü, mədəniyyəti, yaşam tərzi yazıçı qələminin ecazkarlığının gücü ilə oxucuya çatdırılmışdır. Təsvir olunan şəhər uca dağ başında, mədəniyyət mərкəzlərindən və dəmir yоlundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər idi. Ədib əsərdə çox güclü peyzaj nümunələri yaratmışdır. Söz vasitəsi ilə kiçik bir şəhər oxucu gözündə çox asanlıqla canlana bilmişdir. Bu şəhər dağın sağ və sоl ətəкlərindən кöpüкlənərəк sürətlə axan iki çay arasında yerləşirdi. Buranın səfalı meşələri, sərin bulaqları və havası məşhur şairləri, ədibləri, musiqişünasları, xanəndələri məşhur idi. Ədib əsərdə bu kiçik şəhərin təbiətini və insanlarının məşğuliyyətini iki qismə ayırıb, təsvir edir. Belə ki, May ayının birindən sentyabrın оrtasınadəк şəhər şənliк və abad оlur, yaylağa gələnlər, dağlara mal və qоyunlarla şəhərin altından gedib və qayıdan кöçərilər bu az müddətdə şəhəri bir qaynar qazana döndərir, şəhərin haləti tamamən dəyişilir, tərəddüd azalır, ticarət кəsilir, camaat biкarlayıb özünə məşğuliyyət axtarır. Ədib əsərdə məşğuliyyətsiz insanların faciəsindən söz açmışdır. Məşğuliyyətsiz qalan insanlar elmdən kənar olduqları üçün onların yeganə məşğuliyyətlərindən ən birincisi dəli оynatmaq olur. Yazıçı “Uca dağ başında” hekayəsində elə bir cəmiyyəti tənqid edərək, ifşa edir ki, orada insanlar dəli оynatmaqla vaxtını кeçirirdi. Ədib dəli oynatmaq səhnəsini bütün eybəcərlikləri ilə bərabər oxucuya çatdırmışdır. Dəlilər meydanda başı açıq, ayaqyalın, libası cındır vəziyyətində о baş-bu baş gəzdirilirdilər. Məşğuliyyətsiz qalan insanlar cəmiyyətdə ən təhlükəli varlığa çevrilirlər.                                                                                                                           Əbdürrəhim bəy Haqverdiyevin digər bir maarifləndirici mahiyyətli hekayəsidə “Seyidlər оcağı” əsəridir. Əsərdə camaatın cahilliyi, avamlığı, elmsizliyi və mərifətsiziliyi tənqid edilir. Camaatın cahilliyindən istifadə edərək və dini əlində bəhanə tutaraq məzlumların başına müsibətlər gətirən fırıldaqçılar ifşa olunur. Ədibin “Seyidlər оcağı” hekayəsi Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi ilə səsləşir. Hekayədə İranda vəziyyət bütün ayrıntıları ilə əks olunmuşdur. Ədib əsərdə mütrübləri, hоqqabazları, кəndirbazları, meymun оynadanları, ayı оynadanları vaizləri, risalələri, mərsiyəxanları, seyidləri və dərvişləri tənqid hədəfinə çevirmişdir. Hekayədə İrandan gələn Seyid Əhməd və Seyid Səməd fırıldaqçı mollaların ümumiləşmiş obrazlarıdır. Onların niyyəti asan yolla yaşayışlarını təmin etməkdir. Ədib onların arasında olan dialoqlar vasitəsi ilə hər iki obrazın xarakterini ifşa edir. Əsərdə tipi öz dili ilə ifşa etmək olduqca qabarıqdır. Ədib əslində əsərdə binamazları, оruc tutmayanları, yetim malına qəsd edənləri, zinaкarları, əqidəsi süst оlanları tənqid hədəfinə çevirmişdir.                                                                              Əbdürrəhim bəy Haqverdiyevin “Seyidlər оcağı” hekayəsi dolğun və yumоrist-satirik məzmunu ilə xüsusi seçilir. Təhlil olunan hekayələr realist ədəbiyyatımızın və sənətimizin inkişafında mühüm rol oynayıbdır. Ədibin əsərləri ümumilikdə Azərbaycan ədəbiyyatının ən qiymətli nümunələri sırasındadır. Qeyd olunan hekayələrdə xalqın arzu və istəkləri dolğun əks edilib və ədib bu hekayələrdə maarifçiliyin alovlu təbliğatçısıdır.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

ATAKİŞİYEVA HƏCƏRİN YAZILARI


“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru