…Əsgər haqqında ballada… Nədir yenə, ümman kimi, çalxalanıb, coşdun, ürək? İçindəki bu təlatüm, bu oyanış de nə demək? Həsrətdənmi, nisgildənmi, Ürək, yenə çağlayırsan? Anasına həsrət qalmış, Körpə kimi, ağlayırsan… İçindədir; ümid adlı, qığılcımın od-alvu, tərslik etmə, dəli könül,
intizara alış, yovu!!! Həqiqətlər qarşısında, Biz gücsüzük, biz heç nəyik, Dinlə məni deyim, ürək, Biz nəçiyik; şan-şöhrətli,
– “hüququndan keçmiş əsgər”, həmdəminə həsrət canıq, bəzən canlı, bəzən cansız, biz “robotuq”, biz “əşyayıq”… Bu torpaqdan yoğrulmuşuq, Bu torpaqdan doğulmuşuq, Yardan əfsəl, anamızın Qulluğuna buyrulmuşuq!!! 15.04.1995. Marağa.
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
“DÜNYA BİR PƏNCƏRƏDİR…” (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş… De, heç vaxtın oldumu, pəncərədən baxmağa, Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq… Yuxunu görmək üçün vaxt lazımdı yatmağa, O da, Sən də yox idi, işin-gücün çox idi… Çoxunun gözü ackən, Sənin gözün tox idi… * * * Yuxusuz gözündəki bu hüzn nədi, qardaş??? Yeddi ürək lazımdı, baxışına baxmağa, Qəlb adlı əzamızı, qan vurmağı saymasaq… Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa, O ürək Səndə idi, baxışların ox idi… Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi… * * * “Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş…. Yaradan yaratmışdı, Səni oyaq qalmağa, Ayaqüstü, sırada, göz qırpmağı saymasaq… Yaranmışdın süzməyə, yaranmışdın dalmağa, Düşüncə, dərin ümman, zehin, iti ox idi… Çoxunda beş-beş olan, Səndə biri yox idi…. * * * Damarda coşdu qanın, ürək dözmədi, qardaş… Dizindəki təpərin bəs eylədi qalxmağa, Dostlarının toyunda oynamağı saymasaq, Toy-düyün də görmədin, oturmağa-qalxmağa, Ərgənlənmiş ər idin, bəy otağın yox idi… Çoxu sayın bilmirdi, Sənin biri yox idi… * * * İgid oğlu, ər idin, bilənlər bilir, qardaş… Sənin etdiklərini ehtiyac yox saymağa, Arada qəmli-qəmli bu baxmağı samasaq, Eyibin də yox idi, barmaq ilə saymağa, Yan-yörədə bildiyin, nacis, naqis çox idi… Bilən bilir qardaşım, Sənin mislin yox idi…. 21.01.2018. Bakı.
ŞƏHİD HAQQI (Mübarizlərin ruhu qarşısında borcluyuq…) Hər bir gedən şəhidin haqqı var boynumuzda, Onlara borclu olan bir can var qoynumuzda, Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə, Əgər biz unutsaq da, dövran bunu unutmaz… Bu yara hey su verər, zaman onu qurutmaz… * * * Bu bizim şakərimiz, həp şikarı unutmaq, Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq, Cismimiz oyansa da, layla deyib uyutmaq, Bir gün biz istəsək də, dövran bizi oyatmaz… Biz yatmaq istədikdə, zaman bizi uyutmaz… * * * Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz, İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz, Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”, Bu qədər bivec ata, yada ki, qardaş olmaz… Vallah, atam-qardaşım bundan vacib iş olmaz… * * * Hər şeyi yükləmişik, Lazım bəyin belinə, Zalım oğlu zalım da qüvvət verib dilinə, Heç kimsə razı olmaz, bir quş səkə gülünə, Bəs bu dağlarda yatan gül balalar kimindi?! Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?! * * * Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
CAN AY ANA… (Milli Qəhrəman Polad Həşimovun anasına) Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular, Bu baxışda min vaizin xütbəsi… Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. Bakı.
DAĞLAR (Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar! * * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar! * * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar! * * * Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını, Dəmirdən yumruğun mübarək, dağlar! * * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar! * * *
Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar! * * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı.
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * *
Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Ceffersonun bəhs etdiyi böyük gün gəlib çatmışdı. Məhz bu gün o, işçilərə maaşlarının artacağı xəbərini verəcəkdi. İşçilər aylardır ki, bu xəbəri gözləyirdilər. Nə vaxt direktorla söhbət zamanı əmək haqqı barədə mövzu açılırdı, o şövqlə bu günü işardə edirdi. Hamı şirkətin iclas zalına ( köhnə teatrın zalı ) doluşmuşdu. Zala həm şimal-cənub həm də şərq-qərb tərəfdən baxdıqda yanlız bir şeyin şahidi ola bilərdin- Təbbəsümün. Saça yapışan saqqız kimi təbbəssüm bütün işçilərin üzlərinə yapışmışdı. Hamı deyir-gülür, bir-biriylə zarafatlaşırdı. Birdən qapı cırıltı ilə açıldı. Direktor və idarə heyəti zala daxil oldular. Hamı ayağa qalxdı. Cefferson əliylə əyləşin göstərişini verdikdən sonra çıxış üçün hazırlanmış kürsüyə qalxdı. O çox gərgin, əsəbi görünürdü. Cibindən çıxardığı vərəqi kürsüyə qoyduqdan sonra gözlərini 200 nəfərin gözlərinə zilləyərək ( o bunu bacarırdı) danışmağa başladı.
-Hörmətli işçilər, əziz həmkarlar. Bilmirəm söhbətə haradan başlayım. Mən bu günü səbirsizlikə gözləyirdim. Bilirsiniz, siz mənim ailəmsiniz. Ailənin atası necə ki, ailəsini xoşbəxt görmək istəyir, mən də şirkətin atası olaraq işçilərimi xoşbəxt görmək istəyirəm. Lakin bəzən həyat ataları yorur, incidir, sıxır. Belə olan halda onlar övladlarını sevindirə bilmirlər. Onların üzlərini güldürə bilməmək… Ax bu necə dəhşətli bir vəziyyətdi. Bu gün mən də sizin qarşınızda yorğun ata kimi çıxış edirəm. Yorğun olmağımın səbəbi var. Bu günə olan statistik məlumatlara əsasən deyə bilərəm ki, reklam etdiyimiz məhsulların son səkkiz gündür, satışında kəskin azalmalar var. Mən böyük təəssüf hissiylə, kədərlənərək demək istəyirəm ki, mən sizin maaşlarınızı artıra bilməyəcəm…
Zalı bir anda hay-küy götürdü. İşçilər yerində qurcalanmağa, bir-biriylə söhbət etməyə başladılar. Sükutu direktorun “Bir dəqiqə əzizlərim” ifadəsi kəsdi. Bütün diqqətlərin yenidən özündə cəmləndiyini görən Cefferson sözünə davam elədi.
-Bütün bunların bir səbəbi var. Düz bir həftədir, mənim- şirkətin atasının haqqında qaralama kompaniyalarına başlayıblar. Ard-arda pamfletlər yazırlar, yuxarılara məktublar göndərirlər. Öz dalına şalvar ala bilməyən tüfeyli bir çayxana jurnalisti görün mənim – yəni sizin haqqınızda nə yazıb.
Pamfletdən bir hissə :
Dünən baş vermiş hadisə başdan ayağa fiasko idi. “Cefferson” reklam şirkətinin rəhbəri, direktoru dövlətin onlar üçün ayırdığı yardımı öz yaxın ətrafı ilə mənimsəyib. Buradan işçilərə bir qəpik də düşməyib. Bununla bağlı müraciət etdiyim rəsmi qurumlardan sonra şəxsimə dair təhdidlər almışam. Hətta, Cefferson məni birbaşa doğratmaqla təhdid edib. Qoçularını üstümüzə göndərməklə nəticə alacağını zənn edənlər, özlərini Stalinə, Hitlərə bənzədərək onların miras qoyduğu qara idarəetmə forması ilə hərəkət edənlər, qanun qarşısında cavab verəcəklər.Artıq bəsdi.
Ey Cefferson ! Sən kralsansa, Berlinin də hakimləri var .
Ölüm Haqdan , Kəfən Məmməcəfərbəydən…
-Düz 7 nəfər mənim yəni sizin haqqınızda bu cür cəfəng yazılar yazıblar.
Təəssüf,bu yazılardan sonra şirkətin nüfuzu aşağı düşdü. Nəticədə nüfuz aşağı düşdükcə çörək də əldən çıxdı. Yəni sizin, mənim övladlarımın çörəyi itdi.
Bütün bunların səbəbkarı o itdöyən jurnalistdi. Bizdə, yəni sizdə nə İMAN qoydu nə də ÇÖRƏK. Hə, bir də unutmayın mən olduqca DEMOKRATİK biriyəm.
Cefferson fikrini tamamladı və kürsüdən düşərək ön sırada əyləşdi.
Zalın suyu qaynamağa başlamışdı. Bu çıxış onun suyunun 55 C-yə qaldırdı. Sonra
Lama İzabella ağır addımlarla kürsüyə qalxdı. Dombalmış gözləriylə ətrafın rentgenini çəkdi və çıxan nəticəni dəyərləndirdikdən sonra danışmağa (tüpürməyə) başladı.
-Uca, mərhəmətli, sevgi dolu, səbirli Yaradanın adıyla sizləri salamlayıram. Əzizlərim bilirsiniz ki,bu günün tez gəlməsi üçün çoxlu dualar edir, nəzirlər verirdim. Ramazan bayramında oruc tutur, heç bir Şabat gününü qaçırmır, İsa Məsihin doğum gününü qeyd edir, evimdə olan kiçik Budda heykəlini təmizləyir, Qızıl tovuzquşu təsvirinin ətrafında dövrələr vurur, Ahuramazdaya hər gün alqışlar söyləyirdim. Amma bu gün olduqca məyus oldum, kədərləndim. Sonra göz yaşlarımı sildim və bura çıxdım ki, sizə bu hadisədə bizim də günahımız olduğunu xatırladım. Bəli, biz günahkarıq. Bizim maaşlarımızın artmamasına səbəb elə özümüzük. Çünki biz Şeytanı, Demonu unutduq.Yadımızdan çıxdı ki, bu dünyada Əhriman da var. İndi biz əlimizi-qolumuzu bağlayıb oturmuşuq. Bəlkə bu zalda oturan bəziləri elə düşünür ki, o əxlaqsız jurnalistin yazdığı doğrudur ?! O şeytandır, şeytandır… İzabella əliylə zalın qapısına tərəf işarə elədi. Sonra uca səslə sözünə qaldığı yerdən davam etdi.
“Burada təəccüblü heçnə yoxdur, çünki Şeytan da nur mələyin cildinə girir“
Bunu mən demirəm Müqqəddəs Kitab deyir. 2-ci Korinflilərə 11:14- ayəsi.
Dünən gecə hövnlak yerimdən dik atıldım. Kabus görmüşdüm.Dəhşətli kabusla bərabər qəribə bir möcüzə də əyan oldu mənə.
Deməli yuxuda gördüm ki, çayın sahilində tək gəzirəm. Bu çay İori çayıdı. Dəqiq bilirəm ki, İori idi. Birdən çayın içindən yeddi kök inək çıxıb çayın qırağında otlamağa başladı. Mən də bunlara tamaşa edirəm. Sonra çayın içindən yeddi arıq inək də çıxdı. Biri zil qaraydı.Bunlar kök inəklər kimi heç otlamadılar da.Sağlam inəklərin üstünə cumub onları parçalayıb yedilər. Mən donub qalmışdım. Gözümdəki yaşın yanağımı yandırdığını yuxuda da hiss edirdim. Birdən göydə nəsə parladı. Gözlərim o andaca qamaşdı. Gözümü açıb gördüm ki, qarşımda başdan-ayağa ağ paltara bürünmüş kök, yaypan bədənli bir kişi durub. Bu kişinin saçı yox idi,amma başında par-par parıldayan bir tacı vardı. Elə bil başına ulduz qonmuşdu. Əlində tutduğu yaşıl rəngə çalan əsayla yerə üç dəfə vurdu. Bu hərəkətdən sonra qeyri-ixtiyarı onun qarşısında təzim etdim. Əlini çiynimə qoydu və mənə dedi ki, mən Əldebaran ulduzundan gəlmişəm. Nəyə görəsə bu sözdən sonra mən rahatladım və ona gördüyüm hadisəni danışdım. Əlini çiynimdən çəkmədən dedi “Qorxma mən sənə kömək edəcəm”.
-Qulaq as İzabella. İori çayından çıxan yeddi sağlam inək o deməkdir ki, yeddi il siz bolluq, artım içində yaşayacaqsınız. Heç bir çətinliyiniz olmayacaq. Bağlarınız barlı,sularınız təmiz olacaq. Sonrakı yeddi il ərzində isə sizi quraqlıq, aclıq gözləyir. Meyvələrinizə, tərəvəzlərinizə qurd düşəcək. Aclıq bir yırtıcı heyvan kimi boğazınızdan yapışacaq. Sularınız qurayacaq. Quraqlığı, natəmizliyi bir libas kimi əyninizə keçirəcəksiniz.Biri-birinin iç-çalatını çıxarmağa hazır olan vəhşi, barbar tayfalar kimi özünüzlə vuruşacaqsınız.Xəstəlik,ağrılar,sancılar sizləri Olimp dağlarına qədər dırmaşdıracaq. Elə bir vaxt gəlib çatacaq ki, ana sağalamaq üçün övladının ətini çiy-çiy yeyəcək. Övlad anasının baş dərisindən sitayiş etdiyi bütlərə paltar tikəcək.
Əldebaran ulduzundan gələn müqəddəsin bu danışdığından sonra mən onun dizlərinə qapanıb yalvardım, vay-şivən qopardım, kömək istədim. O qolumdan yapışaraq ayağa qaldırdı və dedi :
-Qorxma İzabella. Əgər dediklərimi yerinə yetirsən sənə, sənin ətrafına, yaxınlarına və iş yoldaşlarına heç bir fəlakət toxunmaz. Mənə inan. Səhər açılan kimi hamama girib sirkə ilə yuyun. Yemək yeməmişdən qabaq üç dəfə Maidə surəsi 33-cü ayəni indi sənə oxuduğum kimi uca səslə oxu.
“Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, əlləri və ayaqlarını çarpazvari kəsmək yaxud da yaşadıqları yerdən sürgün edilməkdir.Bu onlar üçün dünyada rüsvayçılıqdır.Axirətdə isə onları böyük bir əzab gözləyir”
Sonra ətrafına,dostlarına,iş yoldaşlarına bu ayəyə uyğun hərəkət etməli olduqlarını söylə. Əgər onlar işlərinizi pozan, çörəyinizi əlinizdən alanlara rəhm etsələr, Yaradan da onlara rəhm etməyəcək. Onları Gehinnom vadisində sonsuz əzaba düçar edəcək.
Unutma İzabella düşmənləriniz 7 gün içində 7 fərqli alətlə cəzalanmalıdır. Yaradanın buyruğu belədi – dedi və bir anda gəldiyi kimi də getdi.
Hamı ovsunlanmışdı. İzabella kürsünün yanından 5-6 addım kənara atıldı. Sonra əliylə giriş qapısının yanında duran şirkətin anbardarına işarə edib, danışmağa başladı ( tüpürməyə )
-Ey mənim əziz həmkarlarım ! Yaradan bizi sevir və bizə çıxış yolu göstərir. Bu müqqəddəs vəzifəni həyata keçirmək sizlərin içərisindən seçilmiş 7 nəfərə qismət olacaq. 200 nəfərdən kim öncə işi həll etdi, Əldebaran ulduzundan yaxasına parıltı düşəcək. Gedin o 7 qara ac inəyi məhv edin ki, ruzimiz tez bir zamanda verilsin, maaşlarımız artsın. Yaradanın buyruğu belədi. – Lama İzabella nitqini bitirdi.
Suyun istiliyi artıq 100 dərəcəyə çatmışdı. Pıqqıltı qopararaq zaldakılar anbardarı, qarşısında duran stol qarışıq dövrəyə aldılar. Anbardar onlara sıraya keçmələrini bildirdi. Hər kəs sırayla anbardardan alət götürməyə başladı. Cefferson da sıranın lap sonunda dayanmışdı.Anbardar aləti verdikcə qarşısında duran kağıza qeydiyyatını aparırdı. Aləti alanlar avşar atılısı kimi çaparaq şirkətdən çıxırdılar.
Alətlər bunlar idi :
Otellonun qılıncı ;
Balta ;
Ov bıçağı ;
Lermantovun tapançası ;
Veronal adlı yuxu dərmanı ;
Obsidiyandan düzəldilmiş əl çapacağı ;
Mauser C96 tapançası .
Mənim bəxtimə Veronal düşmüşdü. Hamı kimi mən də şirkətdən çıxdım.
Agile Azerbaijan International Summit 2024 – Böyük uğur
22 oktyabr 2024-cü il tarixində keçirilən Agile Azerbaijan International Summit böyük uğurla başa çatdı və 300-dən çox iştirakçını bir araya gətirdi. “Synergy in Action” mövzusu altında keçirilən tədbirdə məruzələr, panel müzakirələri və praktik məşğələlər təqdim olundu.
Əsas spiker Askhat Urazbaev Agile metodologiyasının inkişafı ilə bağlı çıxış etdi. Ardınca, Maxim Evdokimov (Kapital Bank, CPO) tərəfindən moderasiya olunan Leadership Panel baş tutdu. Burada Calal Orucov (PASHA Bank, İdarə heyətinin üzvü, COO), Samir Məmmədov (PASHA Pay, CEO) və Rüstəm Məmmədov (PASHA Life, COO) Agile-in biznesə təsiri ilə bağlı müzakirələr apardılar.
Tədbirdə dünya səviyyəli ekspertlər aşağıdakı mövzuları təqdim etdilər:
Magdalena Firlit – “From Gut Feeling to Informed Decisions in Product Management”
Maria Glonti – “Failing Forward: Power of Premortems in Agile Teams”
Anna Suvorova – “Overcoming Resistance in Agile Transformation and What is Next”
John Coleman – OKR-lar üzrə müzakirələr və seminarlar
Ahmet Ozcan və Murat Yurdakul – “QBR: Is It Enough to Drive Impact in an Ecosystem”
Sammitin xüsusi məqamlarından biri Kapital Bank-dan Samirə Əliyeva tərəfindən moderasiya olunan “Epic Agility: We Don’t Talk About That at Work” mövzusunda keçirilən Exchange Panel oldu. Burada Qismət Babayev, Şahnaz Nuri və Nərminə Əliyeva mühim mövzuları müzakirə etdilər.
AI və Agile proseslərinin inteqrasiyasına xüsusi diqqət ayrıldı. Dinesh Sharma “Leveraging AI for Enhanced Agility”, Nəriman Əsədov isə “Transforming Banking: Our Journey to Implementing AI in Products” mövzularında çıxış etdilər.
Tədbir Trendyol-un Agile transformasiya təcrübəsini paylaşan Erhan Harmankaya-nın təqdimatı ilə yekunlaşdı. Sammit, iştirakçılara Agile innovasiyasını təşkilatlarında tətbiq etmək üçün yeni strategiyalar təqdim etdi.
Sammit Kapital Bank-ın eksklüziv sponsorluğu, PASHA Bank və PASHA Həyatın platin sponsorluğu, PASHA Pay-in gold sponsorluğu ilə keçirildi.
Daha çox məlumat üçün: https://agileazerbaijan.com/
Tanınmış qələm adamı Təranə Dəmirin sayca doqquzuncu kitabı işıq üzü görüb. Özünün xüsusi ənənələri olan “Maarif” nəşriyyatında nəfis şəkildə tərtib olunaraq, nəşr olunmuş kitabın redaktoru Qulu Ağsəsdir.
Qısa arayış: Təranə Dəmir – Dəmirova Təranə Ağaqardaş qızı – 1970-ci il dekabrın 16-da Sabirabad rayonunun Kolanı kəndində anadan olub. Kolanı kənd orta məktəbini medalla bitirib. 1988-1993-cü illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb. AYB-nin və AJB-nin üzvüdür. 9 kitab müəllifidir. Şeirləri lap gənc yaşlarından dərc olunur. Dəfələrlə AzTv-nin müxtəlif proqramlarında qonaq olub. İndi də müxtəlif mətbu orqanlarda dərc olunur. Ailəlidir, iki övladı var.
Əlamətdar hadisə barədə sevincini Təranə xanım sosial şəbəkə hesabından: Təranə Dəmir – “Qulu Ağsəsin redaktorluğu ilə “Sərhədsiz sərhədlər ” işıq üzü gördü. “Maarif” nəşriyyatına və əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm.” – məzmunlu paylaşım edərək, öz izləyicilərilə bölüşüb.
“YAZARLAR” olaraq, TƏRANƏ xanımı təbrik edir, qarışdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
Daşkənddə “Mədəni İrs Beynəlxalq həftəsi” çərçivəsində “Yeni Özbəkistanda mədəniyyət və incəsənət sahəsində islahatlar” adlı forum keçirilib.
Forumda Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov, TÜRKSOY-un Baş katibi Sultan Rayev, TÜRKPA-nın Baş katibi Mehmet Surayya Er, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktota Raimkulova, tanınmış Azərbaycan yazıçısı, tarixi romanlar müəllifi Yunus Oğuz, Türkiyə, Fransa, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və digər respublikalardan nümayəndələr iştirak edib.
Forumu Azadbek Nazarbekov açaraq Türk dünyasında əlaqələrin daha da genişləndirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Nazir deyib ki, bizim əcdadlarımız maariflənməyi cəhalətdən üstün tutublar, öz ağıl və bacarıqlarını elmin və mədəniyyətin inkişafına sərf ediblər. Xarəzmi, Fərqani, əl-Biruni və Zəməxşari bu torpaqda birdən-birə yaranmayıb. Əlişir Nəvai və Babur Mirzə anadan şair doğulmayıb. Dünyada tanınan bu böyük alimlər, filosoflar və ədibləri yaşadıqları dövrün elmi və mədəni mühiti yetişdirib.
Sonra Sultan Rayev, Mehmet Surayya Er, Aktota Raimkulova və başqaları mədəniyyət və incəsənət sahəsində Özbəkistanda və digər Türk dövlətlərində mədəniyyət və incəsənət sahəsində aparılan islahatlardan danışıblar.
Sultan Rayev qeyd edib ki, Özbəkistanın Mərkəzi Asiya respublikaları və Türk dünyası ilə bütün sahələrdə apardığı praqmatik xarici siyasət bu dövlətlər arasında münasibətlərin daha da möhkəmlənməsinə, mədəni-humanitar istiqamətdə əlaqələrin dərinləşdirilməsinə xidmət edir. TÜRKSOY çərçivəsində münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoyub. Təşkilatın üzvü olan bütün dövlətlərdə, o cümlədən Özbəkistanda və digər qardaş respublikalarda mədəniyyət və incəsənət günləri, gənclər və teatr festivalları, yaradıcılıq forumları və digər bu kimi tədbirlər keçirilir ki, bu da TÜRKSOY-un və bütün Türk dünyası mədəniyyət nazirliklərinin maraq dairəsindədir.
Yunus Oğuz Türk dövlətlərində mədəniyyətin inkişafı sahəsində TÜRKSOY-un rolunu yüksək qiymətləndirib, böyük Azərbaycan şairi Hüseyn Cavidin şeirindən bir beyt söyləyib:Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
O, Türk Dövlətləri Təşkilatının bütün sahələrdə, o cümlədən mədəniyyət istiqamətindəki rolundan söhbət açıb, təşkilatın üzvü olan dövlət başçılarının dostluğunu ön plana çəkib. Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyevlə Şavkat Mirziyoyevin yaxlın dostluq münasibətləri təbii ki, mədəniyyətlərimizin inkişafına böyük təsir göstərir. Bu sözləri digər türk dövlətlərinin başçıları haqqında da demək olar.
O ki qaldı Azərbaycan və Özbəkistanın mədəni sahədə əməkdaşlığına, o nə bu gün, nə də dünən yaranıb, bu əlaqələrin min illik tarixi var. Böyük strateq və sərkərdə Əmir Teymurun Azərbaycanda olması, qışlamanı Qarabağda keçirməsi faktı heç kəsə sirr deyil. Əmir Teymur Azərbaycanda olarkən Beyləqanı tikib, oraya su kəməri çəkib. Böyük sərkərdə deyib:”Dilimiz bir, dinimiz bir, mədəniyyətimiz bir, tanrımız birdir”.
Bir zamanlar Azərbaycanda “Molla Nəsrəddin” jurnalı çap edilib, bu jurnalın Özbəkistanda abunəçiləri olub, Azərbaycan türkcəsində olan bu jurnalı özbəklər alıb, oxuyub və anlayıblar, biz o vaxtlar bir-birimizi daha yaxşı başa düşürdük.
Sonra Yunus Oğuz “Əmir Teymur” romanını Azadbek Nazarbekova təqdim edib.
Olaylar.az xəbər verir ki, yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz sözügedən tədbir çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə də görüşüb. Görüşdə türk dünyası ədəbiyyatı və irsinin yaşadılması,inkişaf etdirilməsi yönündə müzakirələr aparılıb. Söhbət zamanı bu sahədə yaxın və uzaq hədəflərdən danışılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bu günlərdə məşhur Türkiyə yazıçısı Rəşad Nuri Güntəkinin (1889-1956) yaradıcılığında önəmli yer tutan “Dəyirman” romanı yenidən yayınlanmışdır. İlk dəfə Azərbaycan oxucularına 1994-cü ildə kiril əlifbasında təqdim olunan romanı “Kritika” nəşriyyatının yenidən yayınlaması əsərin aktuallığı, ideya müasirliyi, dərin sosial məzmunu ilə bağlıdır. Azərbaycan türkcəsinə yazıçı Vaqif Sultanlının uyğunlaşdırdığı romanda Osmanlının İmperiyasının son dönəmlərində Anadolunun mərkəzdən uzaq, yoxsul bir qəsəbə olan Sarıpinar əyalətində uydurma zəlzələ xəbərinin böyüyərək ölkənin və bütövlükdə dünyanın gündəminə gəlməsi satirik üslubda təsvir edilir.
Əsərdə rəhbər vəzifədə çalışanların daxili-mənəvi dünyası canlandırılmış, fərdi xarakter cizgiləri ilə seçilən səriştəsiz, intriqaçı dövlət məmuru tipləri yaradılmışdır.
Romandan hasil olan sonuc budur ki, vazifə sahibləri olmayan hadisələri sanki baş vermiş kimi göstərməklə, yanlışları ört-basdır etməklə zəncirvari şəkildə daha böyük problemlərə yol açır, idarəçilik sistemini gülüş hədəfinə çevirərək dövlətin nüfuzunu zədələyir.
Qeyd edək ki, 1987-ci ildə Türkiyədə “Dəyirman” romanının motivləri əsasında Barış Pirhasanın ssenarisi əsasında Atıf Yılmaz tərəfindən eyniadlı bədii film çəkilmişdir.
Şərqdə Həzrəti Süleyman, Avropada isə Solomon kimi tanınan Süleyman Peyğəmbər haqqında dini, elmi və bədii ədəbiyyatlarda çox geniş bəhs olunmuşdur (Solomon “sülh” mənasını daşıyır). Həzrəti Süleyman “Bibliyanın bir neçə kitabının müəllifi hesab olunur” [1, səh.98]. Ulu Tanrı Həzrəti Davud Peyğəmbərə bənzərsiz səs vermişdirsə, oğlu Həzrəti Süleymana isə elmi biliyi, heyvanların dilini bilməyi, küləyə hakim olmağı və yüz iyirmi dörd min peyğəmbər içərisində varı-dövləti, zənginliyi əta etmişdir. Həzrəti Süleyman hələ balaca yaşlarından öz ağlı, idrak və təfəkkürü ilə atası Davud Peyğəmbəri qürurlandırmış, buna görə də bir çox işlərdə balaca Süleymandan məsləhət almış, onunla məşvərət etmişdir. Müqəddəs kitabımız Quranın Sad (“Şanlı-şərəfli”) surəsinin 30-cu ayəsindən 41-ci ayəsinədək Həzrəti Süleymandan bəhs olunur. 30-cu ayədə oxuyuruq: “Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi” [2, səh.457]. Yenə də, Quranın Ən-nəml (“Qarışqalar”) surəsinin də 15-ci ayəsindən 45-ci ayəsinə qədər yenə Həzrəti Süleymandan bəhs olunur. Ən-Nəml surəsinin 15-ci ayəsində oxuyuruq: “Biz Davud və Süleymana elm (insanlar arasında mübahisəli məsələləri həll edib ədalətli hökm çıxarmaq, quşların dilini bilmək və i.a.) verdik” [2, səh.366].
Qeyd etdik ki, Həzrəti Süleymanın adı dini, elmi və bədii ədəbiyyatlarda çox zikr olunmuş, Onun müdrikliyindən və ədalətli şahlıq obrazından geniş şəkildə bəhs edilmiş, tədqiq və təhlil predmetinə çevrilmişdir. Belə ki, Xaqani Şirvani – 32 dəfə (Seçilmiş əsərləri. Lider, 2004, 672 səh.), Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərində – 14, “Xosrov və Şirin” əsərində – 9, “İskəndərnamə” (Şərəfnamə) əsərində – 1 dəfə, Mövlana Cəlaləddin Rumi – 55 dəfə, İmadəddin Nəsimi qəzəl və qəsidələrində – 34 dəfə (Seçilmiş əsərləri. İki cilddə, Bakı: Lider, 2004), Yunis Əmrə, Məhəmməd Hüseyn Şəhriyar, Yan Amos Komenski, Covanni Bokkaçço və digərləri əsərlərində Həzrəti Süleymandan bəhs etmiş və Onun təlim-tərbiyə haqqında görüşlərindən faydalanmışlar.
Vəfadarlığı və səmimiliyi ilə fərqlənən Həzrəti Süleyman insaniyyəti, bəşəriyyəti – vəhdətə, birliyə, əmin-amanlığa, əməyə, elmə, məhəbbətə, bərabərliyə, şən həyat qurub şərafətli yaşamağa, xeyirxah insan olmağa, insanpərvərliyə dəvət edir. Ulu Peyğəmbərin qənaətinə görə həyatdan məqsəd zəhmət çəkmək və elm öyrənməkdir. Odur ki, Yaradanın yaratdığı hər şeydən baş çıxarmaq üçün, öyrənmək üçün yeganə çıxış yolunu elmdə görür. Həzrəti Süleyman elm vasitəsi ilə bütün varlığı, kainatı öyrənməyə və izah etməyə cəsarət edir. İnsanın digər məxluqatdan şərəfli olmasını yalnız elm öyrənib həqiqətləri dərk etməklə, zəhmət çəkib sənətə yiyələnməklə izah edir. Hünər və sənət əhlini yüksək qiymətləndirərək, elmin şərəf və fəzilətlərindən danışır. Ümumilikdə götürdükdə, hər bir oxucuya aydındır ki, Ulu Tanrı tərəfindən bəşər aləminə göndərilən “peyğəmbərlər insanları elmə, əxlaqa, fəzilətə çağıran ilahi rəhbərlərdir” [4, səh.23].
Bütün canlıların hökmranı olan Həzrəti Süleyman elmi abi-həyata bənzədir, ölməz, əbədi hesab edir. Ulu Tanrının Elçisi oğluna elmin yüksək nailiyyətlərindən, onun ictimai həyatdakı mütərəqqi rolundan bəhs edir. Həzrəti Süleyman elmi yanan çırağa bənzədərək bildirir ki, elm həyatın qaranlıq səhnələrini işıqlandırır. Oğlunu inandırır ki, qaranlıq yolları işıqlandıran, hər bir mürəkkəb və çətin məsələni asanlaşdıran elmdir. Elmin hər şeydən – taxt-tacdan, vardan-dövlətdən, qızıldan-gümüşdən üstün olduğunu, hər cür sədəmələrdən (seldən, tufandan) uzaq olduğunu bildirərək deyir: “Oğlum! Allahın verdiyi cəzadan boyun qaçırma və onun məzəmmətindən üzülmə. Zira, Allah sevdiyi bəndələrini məzəmmət edər və atanın öz oğluna göstərdiyi mərhəməti göstərər. Müdrikliyə yetişən, ağıl-dərrakə əldə edən kəs nə xoşbəxtdir! Çünki ona sahib olmaq var-dövlətə sahib olmaqdan yaxşıdır, onun gətirdiyi qazanc qızılın gətirdiyindən artıqdır. O, (ağıl) qiymətli ləl-cavahiratdan da qiymətlidir, arzuladığın heç bir şey onunla müqayisəyə gəlməz. Onun sağ əlində uzun və xoşbəxt həyat, sol əlində isə var-dövlət və şan-şöhrət vardır. Onun yolu gözəl yol, bütün həyat yolu əmin-amanlıqdır. Onu əldə edənlər üçün o həyat ağacı, qoruyub saxlayanlara isə səadət bəxş edəndir! Rəbb Yeri müdrikliklə yaratdı, Göyü zəka ilə bərqərar etdi. Okean onun müdrikliyi ilə yarıldı və bulud yağış çilədi. Oğlum! Onları gözündən qaçırma; sağlam düşüncəni və mühakimə qabiliyyətini qoru ki, onlar canın üçün həyat, boynunda həmail olacaqdır. Onda öz yolunla təhlükəsiz gedəcəksən və ayağın büdrəməyəcək. Yatağına girəndə qorxmayacaqsan; yatanda yuxun şirin olacaq. Qəfil təhlükədən və günahkarların əlində həlak olmaqdan qorxmayacaqsan. Çünki Tanrı sənin ümid yerin olacaq, ayaqlarını kəməndə düşməkdən qoruyacaq” [3, səh.63].
Göründüyü kimi, Həzrəti Süleyman həyatı və bütün kainatı fəth və təsvir etmək yolunu elm öyrənməkdə, zehni əməkdə görmüş, bu işi insan qarşısında duran əsas və təxirəsalınmaz vəzifə hesab etmişdir. “İnsanın bütün həyatı həmişə onun qarşısında çox mühüm və təxirəsalınmaz vəzifələr, məsələlər və problemlər qoyur” [5, səh.145]. Bu mənada, Həzrəti Süleyman insanın daxili aləminin inkişafını zahiri məqamda, rütbədə, tutduğu mövqedə, əldə etdiyi sərvətdə yox, qeyd etdiyimiz kimi elmdə, əməkdə, insanlıqda, həyat təcrübəsi əldə etməkdə, yüksək mənəviyyat və əxlaqa yiyələnməkdə görmüşdür.
Əqlin və ürfanın sultanı Həzrəti Süleymanın müdrik dolu sözləri insan mənəviyyatı ilə, insanın daxili aləmi ilə sıx bağlıdır. Bir başqa alilik də ondadır ki, tamamilə həyati, müasir, əbədi bir əsər yaratmaq üçün əxlaqişünaslıqdan son dərəcə yüksək məharət və bacarıqla istifadə etmişdir. Həzrəti Süleyman neçə-neçə yüzillərin və çağdaş dövrün qabaqcıl ideyalarını yüksək bir səviyyəyə qaldırmışdır. İnsanpərvərlik, bəşərə məhəbbət, ictimai ədalət məfkurəsi olaraq, Həzrəti Süleymanın əxlaqi görüşləri həyatı təsdiq edən, həyatın müsbət qüvvələrinin qələbəsinə, gələcəyə, insanın qüvvəsinə və zəkasına möhkəm inanan nikbin bir baxışdır. Səadət və ədalətin nişanəsi Həzrəti Süleyman hikmət və kəlamlarında bir çox zəruri ictimai məsələlərə toxunur. Söz büsatını təzələyən Həzrəti Süleymana görə, insan bütün varlığın hakimidir, həyat və kainat mütləq onun əlində olmalıdır. Məhz buna görə də Həzrəti Süleyman buyurur ki, gəncləri uşaqlıq dövründən elm öyrənməyə, mərifət kəsb etməyə, kamal toplamağa, düzgün, hərtərəfli təlim və tərbiyə görüb inkişaf etdirməyə sövq edin. Həzrəti Süleyman deyir: “Oğlum! Əgər sözlərimi qəbul edib nəsihətlərimi yadında saxlasan, yəni müdrik sözlərə qulaq verib qəlbini düşüncələrə yönəltsən, əgər bilik qazanmağa və ağıla-kamala tapınsan, əgər onu (elmi-biliyi) xəzinə axtardığın kimi axtarsan Tanrı xofunda ağıllanar və Allahı dərk edərsən” [3, səh.61].
Cəsur, möhkəm, məntiq və kamal sahibi Həzrəti Süleyman deyir ki, Ulu Tanrı müdriklik bəxş edəndir və Onun dilindən ancaq və ancaq bilik, zəka çıxar. Ulu Tanrı təmiz adamlar üçün qalxandır, O həqiqət yolunu mühafizə edir, Öz müqəddəs yolunu qoruyur. Deməli, hər kim haqq-ədalət, doğru-düzgünlük əldə edib düzgün həyat yolunda olacaqsa onda Ulu Tanrı onu şər yoldan, yalan danışan adamlardan; düzgün həyat yolunu tərk edib zülmət yolu ilə gedənlərdən; törətdikləri pis əməllərdən sevinib, şər və pozğunluqdan həzz alanlardan; əyri yollara gedib düz yoldan azanlardan; şirin dilini işə salan yad arvaddan; ərinə xəyanət edib Allah qarşısında əhdini unudanlardan xilas etmək üçün dərrakəsi onu qoruyacaq, ağlı onu hifz edəcəkdir.
İlahi eşqin əsiri olan Həzrəti Süleyman tərəfindən qoyulan tələb budur ki, mükəmməl şəxsiyyətlərin yetişdirilməsi üçün ilkin olaraq iki şey haqqında əsaslı düşünmək vacibdir: birincisi – Allahın bəxş etdiyi ruzini, maddi nemətlərin istehsalı və onlardan səmərəli istifadə etmək; ikincisi sağlam, nəslibəlliolan biri ilə nəsl törətmək. Həzrəti Süleymana görə rəsmi surətdə evlənib ailə qurmaq, təmiz məhəbbət və həqiqi sevgi üçün ən yararlı, ən münasib düstur və vəsiqədir. Həzrəti Süleyman öyüdündə olduqca incə, dərin bir şəkildə əxlaqi, etik norma və qaydalar əsasında ailə qurmağın əyyaşlıqdan və eşqbazlıqdan üstün olduğuna xarakterik xüsusiyyətlərlə aydınlıq gətirmişdir. Ulu Peyğəmbər gənclərə həvəs və şəhvət ehtiraslarına qapanmamağı məsləhət görür. Xeyirxah adamların yolu ilə getməyi və əməlisaleh möminlərin yolunu tutmağı daha düzgün iş hesab edir. Çünki yer üzündə təmiz, pak xislətli insanlar yaşayacaq və təmiz adamlar orada məskən salacaqlar. Şər işlər görənlər isə yer üzündən silinəcək, xainlərin kökü kəsiləcəkdir. Həzrəti Süleyman bildirir ki, “ruhi-küll”, “ruhi-mütləq” adlanan Allah kainatda, “kəsrət” (çoxluq) aləmində təcəssüm edir və bütün varlığın məzmununu təşkil edir. Peyğəmbər deyir ki, əyri yollara gedib düz yoldan azan və ərinə xəyanət edən “qadının evi ölümə aparır, həyat yolu ölülərin yanındadır. Onun evinə girənlərin heç biri geri qayıtmır və xoşbəxt həyat yoluna qədəm qoymur” [3, səh.62]. Əxlaqi görüşləri ilə çıxış edən Həzrəti Süleyman Allah, həqiqi müqəddəslik, mənəvi təkamül və Allahı idrak haqqında mütərəqqi didaktik manifest irəli sürür. Süleyman Peyğəmbər yenə buyurur ki, oğlum, “zinakar qadının ağzından bal tökülər, danışığı isə zeytun yağından da yumşaqdır. Fəqət onun sonu yovşan kimi acı və ikiağızlı qılınc kimi itidir. Onun ayaqları ölümə aparır, bir ayağı cəhənnəmdədir. Bil ki, onun getdiyi yollar dolaşıqdır, amma bunu başa düşmək istəmir. Beləliklə, övladlarım, mənə qulaq asın və ağzımdan çıxan sözlərdən kənara çıxmayın. Ondan gen gəz və evinin qapısına yaxın düşmə ki, sağlamlığını başqasına, həyatını zalıma sərf etməyəsən. Başqası səndən güc almasın, əlinin əməyi yad evə qismət olmasın. Sonralar canın və bədənin əldən düşəndə hönkürüb ağlayacaqsan. Və deyəcəksən: “mən nə üçün öyüd-nəsihətə nifrət etdim və qəlbim məzəmmətləri saya salmadı. Müəllimimin sözlərini eşitmədim və ustadıma qulaq asmadım? Xalq və cəmiyyət arasında az qala hər cür şər əmələ qurşanacaqdım”! Öz hovuzundan və öz quyunun suyundan iç. Qoy bulaqların küçəyə, sellərin meydanlara axmasın. Qoy onlar səninlə bərabər özgəsinə yox, yalnız sənin özünə məxsus olsun. Qoy Allah çeşməni bərəkətli etsin və gənclik illərinin qadını ilə təsəlli tap… Oğlum, nə üçün əxlaqsız qadına bənd olub başqasının arvadını qoynuna alasan? Bil ki, insanın bütün həyat yolu Tanrının gözləri qarşısındadır və O, bütün əməlləri tərəziyə qoyur” [3, səh.68]. Deməli, hər bir oxucuya aydın olur ki, səadət, rifah, ancaq səbatda, iffətdə, əxlaqda və ismətdədir. İnsan həyatının əsas halqası, xoşbəxt bir cəmiyyətin sarsılmaz təməli, möhkəm bünövrəsi mənası müqəddəs və səmimi ailə mühitindədir.
Özgələrə tərbiyə verən özü mənən təmiz, yüksək olmalıdır. Mənən təmizlikdə və yüksəklikdə Allah qatına çatan Həzrəti Süleymanın pedaqoji görüşlərini təhlil edərkən belə qənaətə gəlirik ki, müqəddəs peyğəmbərin tərbiyə ilə bağlı fikirlərində məqsəd insanı müdrikləşdirmək, ruhunu paklaşdırmaq, əxlaqını kamilləşdirmək, davranış və əməllərini salehləşdirməkdir. Məsələnin bu cür qoyuluşu ilə verilən izahatdan görünür ki, tərbiyə amili kompleksinin rolu hərtərəfli saf-çürük edilir. Həzrəti Süleyman deyir ki, “Oğlum! Nəsihətlərimi unutma, qoy qəlbin vəsiyyətlərimi qoruyub saxlasın…, onları sırğa edib qulağından as, qəlbinə həkk et” [3, səh.63]. Gözəl nəsihətləri dinləyənin ömrü uzun və günü əminamanlıqla keçər. Mərhəmət və həqiqət ondan heç zaman əskik olmaz. Allahın və insanların gözündə mərhəmət və səadət qazanar. Hürriyyət və ədalət aşiqi Həzrəti Süleyman oğlunu (ümumilikdə gəncliyi) alicənab, xeyirxah, hərtərəfli inkişaf etmiş, dünyagörmüş, bütün fikri və əməli müsbət bir insan kimi formalaşdırmaq istəyir. Oğlunu insanpərvərliyə, xeyirxah olmağa, həqiqi insan olub zülm və cinayətlərin qarşısını almağa, xeyir işlərə səbəb olmağa dəvət edir.
Odlu kəlam sahibi Həzrəti Süleyman bildirir ki “bütün qəlbinlə ümidini Tanrıya bağla. Gördüyün hər işdə Ona sığın, O səni düz yola yönəldəcəkdir. Öz gözündə müdrik olma; Allahdan qorxub şər işlərdən uzaq dursan: Canın sağlamlıq və fərəh tapar. Öz adından və bütün gəlirlərinin ilkinindən Rəbbə pay ayır. Onda anbarın ağzına kimi taxılla, tuluqların təzə şərabla dolar” [3, səh.63].
Həzrəti Süleymanın təməl daşı ədalət ideyası, bəşəriyyətə insanpərvərlik nümunəsidir. Süleyman Peyğəmbər mövcud ictimai quruluş çərçivəsində ədalətli olan bir hökmdardır. Hökmdar Süleyman sahibi olduğu ölkəsinin coğrafi hüdudlarına qədər təbii gözəlliklərdən, maddi nemətlərdən istifadə etməklə bərabər vətəndaşların halı və vəziyyəti ilə də yaxından tanış olur. Şəxsən hamının halına, dərdinə qalır, məhz buna görə də hamıya doğmadır, hamının ürəyində yeri var. Böyük şair Nizami Gəncəvinin əsərlərini oxuyan zaman görürük ki, ədalətli, humanist Həzrəti Süleymanın xeyirxah şahlıq dünyasından Nizami Gəncəvi də xəbərdardır. Ancaq Nizami Gəncəvi Süleyman Peyğəmbərin dünyasının çoxdan arxada qaldığını, zülmkarlıq, qəddarlıq dövrünün baş alıb getdiyinin və buna görə də gerçək insandan, ər insandan əsər-əlamət qalmadığı qənaətindədir. Nizami Gəncəvi poetik dillə yazır:
Hanı ülfət, mərifət? İtib, tələf olubdur,
İnsanlar qalırsa da, insanlıq məhv olubdur.
Dünya uzaq düşübdür Süleyman dünyasından,
Sanki qeybə çəkilmiş gerçək insan, ər insan [6, səh.105].
Ağıl və zəka sahibi Həzrəti Süleyman nə qədər zəngin olmuşsa, yoxsul, imkansız, kasıb adamlara süfrəsi bir o qədər də açıq olmuşdur. Rəvayətə görə Həzrəti Süleymanın var-dövlətinə, cahi-calalına baxmayaraq zənbil toxuyub satmaqla dolanırmış. Ancaq heç zaman dünya nemətlərinə həris olmamışdır. Bununla yanaşı, gücü çatdığı qədər ehtiyacı olanlara köməyini əsirgəməmişdir. Nizami Gəncəvi də həmin rəvayətə işarət edərək qəsidəsində belə deyirdi:
İmadəddin Nəsimi də haqlı olaraq Həzrəti Süleymanın hər iki dünyanın cənnətini qazanmasını, mülkə, vara-dövlətə sahib olmasını Allaha sadiq olmasında görür. Allahın varlığını dərk etməyən, Allahın varlığından qafil olan, ancaq Allahdan Həzrəti Süleyman mülkü kimi mülk istəyən gədaları isə tənqid edərək belə deyir:
Niyə varın ola-ola dostuna, qonşuna “get, sabah gəl, verərəm” – deyəsən?, Niyə ehtiyat etmədən səninlə yaşayan yaxın adamına qarşı pis əməl törətmək fikrinə düşəsən?, Niyə sənə pislik etməyən adamla səbəbsiz yerə dalaşasan?, Niyə zorakılıq edən adama həsəd aparasan və onun yollarını seçəsən?, Bilmək lazımdır ki Tanrı əyri adamlardan iyrənir. Ulu Peyğəmbər deyir ki, “günahkar adamların evində Rəbbin lənəti, xoş əməl sahiblərinin evində isə Onun xeyir-duası vardır. Əgər O kafirlərin üstünə gülürsə, itaət edənlərə rifah bəxş edir. Müdrikdən şan-şöhrət, axmaqdan isə şərəfsizlik miras qalır”.
Qeyri-adi müdrikliyi ilə şöhrət tapan Həzrəti Süleyman yazır ki, “oğlum, atanın nəsihətlərinə qulaq as və ananın öyüdlərini rədd etmə. Çünki bu, başına qoyulacaq gözəl bir çələng, boynuna salınacaq həmayildir” [3, səh.59]. Valideynlərinizin nəsihətlərini dinləyin və diqqət edin ki, ağıl-kamal əldə edəsiniz. Çünki mən (Həzrəti Süleyman) sizə xeyirli təlim öyrətdim. Nəsihətlərimi qulaq ardına vurmayın. Çünki mən də atamın (Davud Peyğəmbərin) əziz-xələf oğlu, anamın bir dənəsi idim. Atam (Davud Peyğəmbər) məni öyrədir və deyirdi: qoy qəlbin sözlərimi qoruyub saxlasın, nəsihətlərimə əməl et və ömür sür. Müdriklik əldə et, ağıl qazan: bunları unutma və sözlərimdən kənara çıxma. Sözlərimi tərk etmə ki, səni qoruyacaqlar, sözlərimi sev ki, səni hifz edəcəklər. Bunların ən başlıcası müdriklikdir: müdriklik əldə et və bütün varlığınla ağıl-kamal qazan. Onu uca tutsan, o da səni yüksəldər; əgər ondan möhkəm yapışsan, səni şöhrətləndirər. O, başına gözəl tac, boynuna gözəl çələng qazandırar. Həzrəti Süleyman ifadəsində bildirir ki, oğlum, sözlərimi dinlə və qəbul et, qoy ömrün uzun olsun. Mən sənə müdriklik yolunu göstərir və səni düz yola dəvət edirəm. Bu yolla getsən, yolun əzablı olmaz, yüyürsən büdrəməzsən. Nəsihətlərimdən bərk yapışsan, onları tərk etməsən və qoruyub saxlasan onlar sənə həyat bəxş edər. Həzrəti Süleyman oğluna məsləhət görür ki, günahkarların yoluna heç zaman qədəm qoymasın və şər əməl törədənlərin yolu ilə getməsin, onlardan gen gəzsin. Çünki pislik edənlərin gözünə yuxu getməz, kimisə yıxmasalar, yuxuları ərşə çəkilər. Çünki onlar qanunsuz yolla qazanılmış çörək yeyir, quldurluqla əldə edilmiş şərab içirlər. Təbii ki, halal nemət qazananların yolu zülməti gündüzə döndərən nurlu çıraqdır. Qanunsuz əməl sahiblərinin yolu isə zülmət kimidir; onlar qaranlıqda nəyə ilişib yıxılacaqlarını bilmirlər. Yenə də Həzrəti Süleyman oğluna deyir ki, oğlum, sözlərimə diqqət et və qulağın məndə olsun. Deyilən hər bir sözü “qəlbinin dərinliklərində qoruyub saxla. Ən çox qəlbini pis işlərdən qoru, çünki həyat çeşməsi ondadır. Ağzından yalanı qov, dilindən hiyləni kənar et. Qoy gözlərin düz baxsın, kirpiklərin öz qarşına yönəlsin. Həyat yolunu düşünüb-daşın, qoy yolun möhkəm olsun. Nə sağa, nə də sola meyl etmə; ayağını şərdən kənar tut” [3, səh.67].
Həzrəti Süleyman Ulu Tanrının ona bəxş etdiyi qüdrəti ancaq yaradıcılığa sərf etməmişdir. Zəkasının gücünü incə və zərif bir sənətkarlıqla quruculuğa, tikməyə, yaratmağa da sərf etmişdir. Bütün eşq və məhəbbəti ilahi bir bəxşiş hesab edən Ulu Peyğəmbərin sağlığında gördüyü işlərdən biri də bənzəri olmayan Məscidi-Əqsanı inşa etməsi olmuşdur. Həzrəti Süleyman ilk öncə “Tanrının şəhəri” adlanan Qüds şəhərinin “çevrəsini uzun, bəyaz (ağ – K.C.) daşlarla hasara çəkdirdikdən sonra” [8, səh.209] Ulu Tanrının adıyla müsəlman aləmində ikinci məscid sayılan Məscidi-Əqsanı ağ, sarı və yaşıl daşlarla tikdirmiş, dirəkləri təmiz büllur daşlarla zinətləndirmiş, tavanın divarlarını incilərlə, yaqutlarla, növbənöv qiymətli cövhərlərlə süsləmiş, məscidin döşəməsini isə firuzə deyilən qiymətli daşlarla döşətmişdir. “Bu məscid gecənin qaranlığını, dolunay kimi aydınladırmış” [9, səh.210].
Deyə bilərik ki, Həzrəti Süleyman həyata gəldiyi gündən əbədi evinə köç edənə qədər nəcib və xeyirxah xüsusiyyətləri ilə, yüksək ədalət, humanizm və insanpərvərliyi ilə könüllərdə taxt qurmuşdur. Onun həyatı, sevgisi, sevinci, kədəri, fərağı, vüsalı, fikri, düşüncəsi, zahiri, batini və mənəviyyatı, camalı və kamalı mənalarla dolu olmuşdur.
Rəvayətə görə Süleyman Peyğəmbər atası Davud Peyğəmbərin yanında dəfn edilmişdir.
Sonda belə nəticəyə gəlirik:
Həzrəti Süleyman nəsihətlərində Ulu Tanrının birliyini mədh etmiş, Yaradana sədaqətini ifadə etmiş, bununla yanaşı varlığın sirlərini, nəcib insani sifətləri, doğruluğu, xeyirxahlığı və fədakarlığı təbliğ etmişdir;
Əzm və mərhəmət sahibi Həzrəti Süleyman nəsihəti boyu gəncliyə elmə yiyələnməyi, çalışıb bir sənət, peşə öyrənməyi, mərifət kəsb etməyi, hərtərəfli təlim və tərbiyə görüb inkişaf etdirməyi çox mühüm amil kimi müəyyənləşdirmişdir;
Həzrəti Süleyman insanları taleyin qismətinə, qəza-qədərə, alın yazısına inanmağa, Yaradana və onun peyğəmbərlərinə itaətə, hər şeyə qane olmağa, səbr və təvəkkülə, əqlinin tədbirləri ilə öz qüvvəsinə inanmağa səsləmişdir;
Yer üzündə əlləşən insana onun bütün qurub-yaratdıqlarından nə fayda? Bir nəsil keçib-gedir, başqası gəlir, torpaq isə əbədidir – deyən Həzrəti Süleyman əbədi yaşamaq üçün ancaq və ancaq yaxşılıq, xeyirxahlıq toxumları əkməyi mühüm amil saymışdır;
Ədalət nümunəsi sayılan Həzrəti Süleyman məcazi mənada oxucusunu inandırır ki, sədəfdə məhbus qalan dəyərsiz su damlası dürr olacaq, torpaqda gizlənmiş toxum mütləq sabah qalxıb bol məhsul verəcək;
Müdrik adamın danlağını eşitmək axmağın nəğməsinə qulaq asmaqdan yaxşıdır – deyən Həzrəti Süleyman düzgün həyat yolunu tərk edib zülmət yolu ilə gedənlərdən; törətdikləri pis əməllərdən sevinib, şər və pozğunluqdan həzz alanlardan; əyri yollara gedib düz yoldan azanlardan uzaq olmağı kəlamlarında təhlil obyektinə çevirmişdir;
Dilsiz-ağızsız fağırın və bütün yetimlərin müdafiəsinə qalxmaq üçün səsini yüksəlt! – deyən Həzrəti Süleyman şahlıq dövrü müddətində daim məzlumların yanında olmuş, onların asayişini qorumuşdur.