Bir ildizdan ungan ikki guliston, Yelkama-yelka turib doimo bir jon, Allohim asrasin yurtlarni omon, O‘zbekiston bilan do‘st Ozorboyjon.
Tariximiz tutash, yo‘llar ham bir yo‘l, Qardoshlik rishtasi birlik tutgan qo‘l, Bir dardda hamdardmiz, quvonchda ham ul, O‘zbekiston bilan do‘st Ozorboyjon.
Tillarimiz o‘xshash, dil ham bir makon, Qadriyatlar bizga aziz, bir imon, Mehr bilan bog‘langan bu ikki jahon, O‘zbekiston bilan do‘st Ozorboyjon.
To‘ylarimiz birga, kuylar ham bir xil, Surnay-sadolarda uyg‘un har bir dil, Sevinchga qo‘shilur quvonch yilma-yil, O‘zbekiston bilan do‘st Ozorboyjon.
Ajdodlar merosi yo‘limizga nur, Ularning duosi bizlarga g‘urur, Do‘stlik daraxtimiz barq urub surur, O‘zbekiston bilan do‘st Ozorboyjon.
Dunyo tan oladi bu pok do‘stlik, Qadrlar yurakda barhayot tinchlik, Abadiy ikkisi muqaddas suyuk, O‘zbekiston bilan do‘st Ozorboyjon.
Bayroqlar hilpirar osmon bag‘rida, Orzular porlaydi xalqlar qalbida, Hamkorlik gullaydi har bir asrida, O‘zbekiston bilan do‘st Ozorboyjon.
Tinchlik yo‘lida ham birga qadamlar, Yaxshilik hamrohdir begona g‘amlar, Yorug‘ kelajakni qurmoqda damlar, O‘zbekiston bilan do‘st Ozorboyjon.
Mehr ila mustahkam bo‘lsin bu rishta, Sadoqat yo‘ldoshi bo‘lsin har ishda, Ikkisi mustakam eng buyuk kuchda, O‘zbekiston bilan do‘st Ozorboyjon.
Qardoshlik qo‘shig‘i yangrar dillarda, Ezgu niyat yashar pok ko‘ngillarda, Bu do‘stlik yashasin uzoq yillarda, O‘zbekiston bilan do‘st Ozorboyjon.
***
AZƏRBAYCAN DOSTUR ÖZBƏKİSTANA
Eyni kökdən bitən iki gülüstan, Bir vücud, bir bədən, bir nəfəs, bir can, Qorusun onları uca Yaradan, Azərbaycan dostdur Özbəkistana.
Tarixdən başlayan yolumuz birdir, Qardaşlıq bağıyla bağlanan teldir, Bizi birləşdirən, sevinc, kədərdir, Azərbaycan dostdur Özbəkistana.
Dillərimiz birdir, qəlbimiz birdir, Dəyərlər, inanclar bizə əzizdir, Aramızda sevgi safdır, təmizdir, Azərbaycan dostdur Özbəkistana.
Səslənər toylarda eyni nəğmələr, Zurna sədasında, ürək dincələr, Sevinc böyüdükcə, kədər incələr, Azərbaycan dostdur Özbəkistana.
Atalardan qalan miras bu sərvət, Hər arzu, hər dilək, hər bir xoş niyyət, Soy kök ağacımız bizə fəxarət, Azərbaycan dostdur Özbəkistana.
Dünya bu dostluğa qoy duysun ilgi, Yayılsın cahana xoş səda, bilgi Daim var olduqca, müqəddəs sevgi Azərbaycan dostdur Özbəkistana.
“Gülüm” — sevgi, sədaqət və mənəviyyat (Zaur Ustac – Gülüm) Ənənəvi Azərbaycan poeziyasında nəzirə ənənəsi hər zaman xüsusi əhəmiyyət daşıyıb. Klassik poeziyamızdan gələn bu ədəbi xətt təkcə bir şeirə cavab yazmaq deyil, həm də müəlliflər arasında duyğu, fikir və sənət dialoqu yaratmaq missiyasını yerinə yetirib. Tanınmış şair və yazıçı Zaur Ustac tərəfindən qələmə alınmış “Gülüm” şeiri də məhz bu ənənənin çağdaş ruhda davamıdır. Şeir, Qəndabın “Çarəsizəm” əsərinə nəzirə olaraq yazılsa da, öz poetik nəfəsi, emosional yükü və nikbin ruhu ilə müstəqil bədii dəyərə malikdir. Qəndabın “Çarəsizəm” şeirində ümidsizlik, sevginin qarşılıqsızlığından doğan mənəvi sarsıntı və daxili iztirab ön plandadırsa, “Gülüm” şeirində həmin qaranlıq ovqatın əksinə olaraq sevginin xilasedici gücü, ümid və mənəvi dayaq hissi təqdim olunur. Müəllif sanki çarəsizliyin qarşısına sevginin işığını çıxarır və oxucuya bildirir ki, həqiqi məhəbbət insanı sındırmır, əksinə onu yaşadır, ucaldır və bütövləşdirir. Şeir ilk misralardan oxucunu səmimi və işıqlı bir duyğu aləminə aparır: “Gecənə Ay ollam, gününə Günəş, Bu sevgin tacımız qoy olsun, gülüm!” Bu misralarda şair sevginin sadəcə emosional bağlılıq olmadığını göstərir. Burada sevgi həyatın bütöv ritmini tamamlayan ilahi bir qüvvə kimi təqdim olunur. “Ay” və “Günəş” obrazları klassik Şərq poeziyasında işıq, istilik, həyat və sədaqət rəmzi kimi işlənmişdir. Zaur Ustac bu poetik ənənəni müasir duyğularla birləşdirərək sevgini həyatın gecəsinə nur, gündüzünə enerji verən mənəvi dayağa çevirir. Şeirin əsas uğurlarından biri də onun sadə, anlaşıqlı, lakin dərin məna daşıyan poetik dili ilə bağlıdır. Müəllif mürəkkəb fəlsəfi konstruksiyalara deyil, ürəkdən gələn təbii duyğulara üstünlük verir. Bu xüsusiyyət əsərin oxucuya daha tez nüfuz etməsinə səbəb olur. Şeirin hər bəndində sevgi ilə yanaşı mənəvi dayaq, etibar və sədaqət hissləri də ön plana çıxır: “Usanma cəfadan, usanma yoldan, Çəkinmə nə sağdan, nə də ki, soldan…” Bu misralar artıq təkcə sevgiliyə müraciət deyil, bütövlükdə insana ünvanlanan həyat çağırışı təsiri bağışlayır. Şair burada dözüm, mübarizə və inam ideyasını önə çəkir. Həyatın çətinlikləri qarşısında sınmamaq, doğru yoldan dönməmək, sevgini və insanlığı qorumaq əsərin aparıcı ideyalarından biridir. Maraqlıdır ki, müəllif sevgini fərdi hiss çərçivəsində saxlamır, onu ictimai-mənəvi dəyərə çevirir: “İnsan sevgisini ötürür qoldan, Ağuşun yuvamız qoy olsun, gülüm!” Bu misralarda sevginin paylaşmaq, qorumaq və insanı insana bağlamaq missiyası xüsusi poetik ustalıqla ifadə olunur. “Ağuş” anlayışı burada sadəcə fiziki yaxınlıq deyil, mənəvi sığınacaq, ruhun rahatlıq tapdığı müqəddəs məkan mənası daşıyır. Şeirin son bəndində müəllif öz poetik imzasını və daxili mövqeyini açıq şəkildə ortaya qoyur: “Səni yaşadacaq bu sevgi inan, Ustacı xatırla hər zaman, hər an, Bu sevda oduna mənim kimi yan, Gur yanan odumuz qoy olsun, gülüm!” Burada “od” obrazı Azərbaycan poeziyasında tez-tez rast gəlinən ilahi eşq və daxili yanğı rəmzidir. Lakin bu od dağıdan deyil, yaşadan, insanı saflaşdıran bir qüvvə kimi təqdim edilir. Müəllif sevgini həyatın mənası, insan ruhunun ən böyük ehtiyacı kimi dəyərləndirir. “Gülüm” şeirinin digər mühüm xüsusiyyəti onun musiqiliyi və axıcılığıdır. Misralardakı ritm, daxili ahəng və müraciət forması şeirə xüsusi lirizm qazandırır. “Gülüm” sözünün təkrar-təkrar işlənməsi isə əsərin emosional tonunu gücləndirərək onu oxucu yaddaşında daha təsirli edir. Bu şeir çağdaş Azərbaycan poeziyasında sevginin işıqlı və mənəvi tərəfini tərənnüm edən nümunələrdən biri kimi diqqət çəkir. Əsərdə nə pafos, nə süni romantizm, nə də emosional şişirtmə var. Burada səmimiyyət, daxili istilik və həyat sevgisi hakimdir. Məhz buna görə də “Gülüm” yalnız bir nəzirə deyil, həm də insan ruhuna ünvanlanmış poetik təsəlli kimi dəyərləndirilə bilər. Tanınmış ədib Zaur Ustac bir daha sübut edir ki, həqiqi poeziya insanın qəlbindən gələndə oxucunun ruhuna yol tapa bilir. “Gülüm” şeiri sevginin ümidsizliyə qalib gəldiyini, insanı yaşadan ən böyük gücün məhz mənəvi bağlılıq və ürək istiliyi olduğunu poetik dillə ifadə edən dəyərli nümunələrdəndir. 18.05.2026. Bakı.
GÜLÜM (Qəndab – Çarəsizəm) Gecənə Ay ollam, gününə Günəş, Bu sevgin tacımız qoy olsun, gülüm! Utanma sevginin al çohrəsindən, Verəcək bacımız qoy olsun, gülüm!
Usanma cəfadan, usanma yoldan, Çəkinmə nə sağdan, nə də ki, soldan, İnsan sevgisini ötürür qoldan, Ağuşun yuvamız qoy olsun, gülüm!
Səni yaşadacaq bu sevgi inan, Ustacı xatırla hər zaman, hər an, Bu sevda oduna mənim kimi yan, Gur yanan odumuz qoy olsun, gülüm! 18.05.2026. Bakı.
Qaymorit nədir? Qaymorit — burunun yanındakı boşluqların (yuxarı çənə sinuslarının) iltihabıdır. Bu, Sinusit-in ən çox rast gəlinən növüdür. Sadə dillə desək, burun içindəki “boşluqlarda” iltihab və irin toplanır. Nə səbəbdən yaranır? Qaymorit adətən aşağıdakı hallardan sonra inkişaf edir:
Soyuqdəymə (qrip, O‘RVI)
Burunun uzun müddət tutulması
Diş xəstəlikləri (yuxarı çənə dişləri)
Allergiya
İmmunitetin zəif olması Əlamətləri necə bilmək olar? Aşağıdakı simptomlar varsa, qaymorit ola bilər:
Yanaq və ya gözaltı nahiyədə ağrı
Baş ağrısı
Burun tutulması
Burundan sarı və ya yaşıl ifrazat gəlməsi
Qızdırma
Qoxu bilmənin zəifləməsi
İrəli əyildikdə ağrının artması Necə diaqnoz qoyulur? Həkim aşağıdakı üsullarla müəyyən edir:
Burunun müayinəsi
Rentgen və ya KT
Bəzən sinusdan maye götürülməsi (punksiya) Necə müalicə olunur?
Dərmanla müalicə:
Antibiotiklər (əgər bakterial infeksiya varsa)
Burun açıcı damcılar
Allergiyaya qarşı dərmanlar
Ağrıkəsicilər
Ağır hallarda:
Sinusun iynə ilə təmizlənməsi (punksiya) Müalicə olunmasa nə olar? Qaymorit diqqətsiz qaldıqda təhlükəli ola bilər:
İnfeksiyanın göz ətrafına yayılması
Meningit (beyin qişalarının iltihabı)
İrinin digər nahiyələrə keçməsi Qarşısını almaq mümkündürmü? Bəli, mümkündür:
Soyuqdəyməni vaxtında müalicə etmək
Burunu təmiz saxlamaq
Dişləri vaxtında müalicə etdirmək
Soyuq havada ehtiyatlı olmaq Nəticə: Qaymorit — sadə soyuqdəymədən sonra yarana bilən, lakin vaxtında müalicə olunmasa ciddi fəsadlara səbəb ola bilən xəstəlikdir. Ən vacibi — erkən diaqnoz və düzgün müalicədir. Uzun müddət davam edən burun tutulması və ya üz nahiyəsində ağrı varsa, bunu adi hal kimi qəbul etməyib mütləq həkimə müraciət etmək lazımdır.
Azərbaycan dilşünasları sovet vaxtı Azərbaycanın dialektoloji xəritəsini mükəmməl səviyyədə hazırlasalar da təəssüflər olsun ki, Cənubi Azərbaycan dialektlərini tədqiq edə bilməyiblər. Bunun həm siyasi, həm də maddi səbəbləri olduğu üçün o tərəfin dialekt və şivələri hələ də qeyri-tədqiqi formada qalıb. Amma mən maraq üçün araşdırmağa qərar verdim. Bunun üçün də İrana getməyə gərək duymadım. Türkiyədə (Kocaeli şəhərində) yaşayan İran azərbaycanlılarının (tələbələrin) sayəsində onların dialektlərini öyrənməyə başlamışam. Hələ ki, Təbriz-Qaradağ və Xoy-Urmiya dialektlərini araşdırmışam. Qismət olsa bütün Cənubi Azərbaycanı araşdırandan sonra məqalə də yazmaq istəyirəm.
Xoy-Urmiya dialekti
İlk araşdırdığım dialektlərdən olan Xoy-Urmiya dialektidir. Bu dialekt İranın Qərbi Azərbaycan ostanında yaşayan azərbaycanlılar tərəfindən danışılır. Danışarkən sözləri uzatmayan (sual ahəngi istisna) bu dialektin nümayəndələri q və k samitlərlə bitən sözlərin sonunu x’ ilə bəzən də x hərfi ilə tələffüz edirlər. Sözün ortasında gələn k hərfini isə h hərfi ilə əvəz edirlər. Məsələn, çəkmirik- çəhmırıx’. Bu sözdə sözün kökü çək olmasına baxmayaraü çəh kimi, ‘mirik’ hissəsi isə mırıx’ kimi tələffüz edilərək i-ı əvəzlənməsi baş verir. İstəmirik-istəmırıx’, yazmırıq-yazmırıx kimi tələffüz edilir. Bu dialektdə danışan yerlilərimiz ə səsini çox istifadə edirlər. Məsələn, qara sözünü qərə, Qaradağ sözünü Qərədağ kimi, saqqal sözünü səqqəl, xalçaya xəlçə, alça sözünü isə əlçə kimi istifadə edirlər. Qohumluq adları çox maraqlıdır. Məsələn Urmiya-Xoy dialekti ata sözünü baba kimi, baba sözünü ağa kimi, ana sözünü mama kimi, nənə sözünü ana (bəzənsə anna) kimi işlədirlər. Bibi sözünə isə əmmə, bibioğluna isə biboğlu, bibiqızı deyirlər. Sual ahəngini isə ikiqat uzadaraq tələffüz edirlər. Məsələn, təhsilin ikillixdıı?, İstanbuldəsəən?, Umuttəpədəə? və.s Bir başqa sual isə məşhur “nəmənə”dir ki, bu sual ifadəsi hər dialektdə istifadə edilir. Şəxs əvəzlikli suallarda isə belə olur: Mənimdi? Məmdii?? Sənindi? Səəndii?? Burda da sondakı sual ahəngi uzadılır. Bir digər sual şəkili isə nə vaxt sözünə havax deyirlər. Təsdiq ədatı yəni” hə” isə” həyə”dir.
Bizdə ruscadan gələn mayka ifadəsi onlarda tərköynəh, canköynəh kimi işlənilir. Bizdə adı olmayan kal əriyə onlar çakkala, qazançaya isə qablama deyirlər. Çölə çıxmaq ifadəsi eşiyə çıxmaq kimi işlənilir. Yəni çöl onlarda eşik deməkdi, amma onların istifadə etdiyi çöl sözü bağ-bağça mənasını verirmiş.
Təbriz – Qaradağ dialekti Bu dialektdə danışan insanlar daha çox sözləri uzadaraq həlim ahəng yaradırlar. Həm sual ahəngini, həm də nəqli cümlələri uzadaraq tələffüz edirlər. Deyilənə görə yaşlı nəsil Təbrizə Tərbiz deyirmiş. Xoy-Urmiya dialektində olduğu kimi burda da k və q samit səsləri x və x’ kimi tələffüz edilir. Məsələn, uzatmırx,, biçax, getmirix, söymurux, görax və.s Qohumluq bildirən isə Xoy-Urmiya dialektindən fərqlənir. Məsələn, Təbrizlilər Ataya dədə, anaya nənə, nənəyə böyük nənə, babaya böyük baba deyirlər. Burda da bibiyə əmmə deyirlər. Amma bibioğluna bibole, əmioğluna əmole deyirlər. Xoy-Urmiya dialektindən fərqli olaraq çakkala sözünə çağala, bağ-bağça mənasını verən çöl sözü isə Təbriz dialektində səhra mənasını ifadə edir. Bundan əlavə onlar gavalıya əli, çiyələyə çiləh, armuda əmrud, albalıya gilənar deyirlər. Həmçinin baba sözünü da² ədatı kimi də işlənilir. Bax baba, gəl baba yəni bax da, gəl də. Bu arada da² ədatı dana kimi də istifadə edilə bilir. Bizim isitfadə etdiyimiz düzəltmək sözünü onlar qoşmaq (məsələn xarab əşyanı qoşdum yəni düzəltdim), düzüb-qoşmaq yəni yaratmağı baxmaq, bacarmağı başarmaq kimi isitfadə edirlər.
Təsdiq ədatı olan bəli ifadəsi Təbrizlilərdə hənn, yox inkar ədatı yoo kimi istifadə edilir. Ba, boy kimi nidalar isə pee kimi deyilir. Hə də ifadəsi isə həhəm da kimi işlənilir. Hansı sualı isə hankısı kimi deyilməkdədir. Və ən əsası bizdə şpilka sözü ipəzor kimi istifadə edilsə də onlarda giryə kimi istifadə edilir.
Növbəti araşdırmamız Ərdəbil( Xoylular demiş Ərdabıl), Zəncan, Qəzvin və digər səmtlər olacaqdır.
-Sizə Müdafiə Nazirliyindən zəng edirik. Sizin 1993-ci ildə, Qarabağda döyüşlər zamanı itkin düşmüş qardaşınız əsgər Məmmədov Şahidin qalıqları tapılıb. Zəhmət olmasa, Bakıya – bizim nazirliyə gəlin… Arif əlində telefon donub qalmışdı. Bir anda içində fərqli duyğular yarandı. Bir tərəfdən kədərləndi ki, qardaşının sağ-salamat qayıdacağına olan son ümidləri də bu zənglə yerlə yeksan oldu. Digər tərəfdən isə bir təskinlik tapdı. 31 ildən çoxdur ki, itkin düşən, ancaq hazırda rəsmi surətdə şəhid statusu verilən qardaşının da artıq məzarı olacaqdı. İndi qarşısında çətindən də çətin bir məsələ dururdu: bunu anasına necə desin? O ana ki, illərdir oğlunun salamat qayıdacağına bir an belə ümidini itirmirdi. Evdə pərdələri çəkməyə belə icazə vermirdi ki, Şahid gələndə görə bilsin. Hər gün mətbəxdə oturub darvazaya baxar, tez-tez yolun başına çıxıb oğlunun gəlişini gözləyərdi. Evin qapılarını da bağlamağa qoymurdu ana. Deyirdi ki, birdən balam gələr, qapını aça bilməyib çöldə qalar … İndi bu anaya necə deyəsən ki, oğlun heç zaman qayıtmayacaq! 9 sentyabr 1974-cü ildə Şəki rayonu, Orta Zəyzid kəndində, usta Sabirin evində dünyaya gəlmişdi Şahid. Dörd qardaş, bir bacı idilər. Şahid qardaşların ən kiçiyi idi. 1980-cı ildə Orta Zəyzid kənd orta məktəbinin 1-ci sinfinə qədəm qoymuş, 1991-ci ildə 11-ci sinfini bitirmişdi. Deyib-gülən, şən, zarafatcıl oğlan idi Şahid. Qara qaşları, qara gözləri və o gözlərə kölgə salan uzun, qıvrım kirpikləri yaraşıqlı simasına bir məsumluq da qatırdı. Dəcəlliyi ilə hamının sevimlisinə çevrilmişdi. Əmilərini çox incidirdi. Çıxıb ucaboylu Cahangir əmisinin boynunda oturur, sonra da “məni gəzdir” deyirdi. Əmisi onu gəzdirdikcə də “mən hamınızdan yüksəkdəyəm” deyərək şaqqanaq çəkib gülürdü. İllər sonra elə də oldu. Şahid gerçəkdən də ən yüksəyə – Şəhidlik zirvəsinə ucaldı. Böyüdükcə boyu ilə öz yaşıdlarından seçilirdi. Hətta özündən böyük qardaşlarından belə ucaboy idi. Buna görə də anası evdə iş görəndə hündür yerləri Şahidə təmizlətdirərdi. Plovu və xəngəli çox sevərdi Şahid. Anası hər plov bişirəndə yanında oturar, “qazmağın hamısını mənə verərsən” deyib bərk-bərk tapşırardı. Anası da “bu qədər qazmaq yemə, yoxsa toyunda qar yağar” deyib zarafatlaşardı. Şahid əsgərliyə getməzdən öncə anasına demişdi ki, qayıdıb gələndən sonra qardaşlarımdan əvvəl mənə toy edərsən. Hər bir gənc kimi, o da həm sevir, həm də sevilirdi. Buna görə də tez bir zamanda sevdiyinə qovuşmaq istəyirdi. Ancaq yazıq ana hardan biləydi ki, Şahidin heç zaman toyu olmayacaq… Ona görə bu gün də ana plov bişirəndə göz yaşlarını saxlaya bilmir. Gözəl əl qabiliyyəti var idi Şahidin. Hər halda atasından keçmişdi ona bu bacarıq. Atası kimi usta olmaq istəyirdi Şahid də. Uşaq yaşlarından taxtadan tapanca, avtomat düzəldib öz yaşıdları ilə “dava-dava” oynayardı. Dərsdən sonra dostları ilə kənddəki qədim Alban kilsəsinin yanına gedər, hava qaralanadək kilsənin uçub dağılmış divarları arasında mövqe seçər, özünü döyüşdəymiş kimi hiss edər və yaxın gəlmək istəyən “düşmənləri” “öldürərdi”. Alban kilsəsini “alınmaz qala”ya çevirmişdi. Dostları ilə kəndin küçələrində gəzən sahibsiz uzunqulaqlara minər, bir sıra boyunca düzülüb gedərdilər. Özlərini “7 oğul istərəm” filminin qəhrəmanlarına bənzədərdilər. Və bu dəstənin “Bəxtiyar”ı həmişə Şahid olardı. O vaxtlar heç kəsin ağlına gəlməzdi ki, “atışma”nı bu qədər çox sevən Şahid gələcəkdə gerçək savaşa qatılacaq, Vətənini qorumaq üçün canını qurban verəcək. Allah sanki Şahidi döyüşmək üçün xəlq eləmişdi. Meyxananı da çox sevirdi Şahid. Özü səsləndirməsə də, hər toyda yeni bir qafiyə düzəldər, müğənniyə verib, oxumasını xahiş edərdi. Sonra da bu musiqi sədaları altında oynayardı. Bir də “Leylam” adlı hind musiqisini çox sevərdi. Meyxanadan sonra mütləq həmin musiqini sifariş edən bu yaraşıqlı gənc, gözəl rəqsi ilə bütün “Leylalar”ın canına od salardı. Yenicə müstəqilliyini elan etmiş dövlətimizə qarşı ermənilərin törətdiyi vəhşiliklər hər bir Azərbaycan oğlu kimi Şahidi də çox narahat edirdi. Ancaq zarafatlarından da geri qalmırdı. Tez-tez evdə böyük qardaşının körpə qızını qucağına alar, sinəsinə bərk-bərk sıxaraq pencəyinin altında gizlədər, “Qarabağa gedəndə bunu da özümlə aparacağam, əmi-bala ermənilərin hamısını qırıb gələcəyik” deyib zarafat edərdi. 18 yaşı tamam olan kimi əsgərliyə, Vətəni qorumağa yollandı. Çağırış məntəqəsinin önündə avtobusa minməzdən öncə son dəfə meyxana musiqisinin sədaları altında oynayıb, sonra da anasını qucaqlayıb yaşaran gözlərini gizlətməyə çalışmışdı. Bir gün əvvəl bibiləri ilə görüşəndə də qəhərlənmişdi. Həmişə deyib-gülən Şahidi heç kəs belə görməmişdi. Sanki ürəyinə dammışdı ki, bu görüş son görüşdür. Şahid bir dəfə də belə kövrəlib göz yaşı axıtmışdı. Son sinifdə oxuyarkən, müəllimləri və məktəb yoldaşları ilə birlikdə Bakıda Şəhidlər Xiyabanında olarkən… Öncə Lənkərana, qısa müddət sonra Ağdərəyə göndərdilər Şahidi və əsgər yoldaşlarını. Ağdərənin Mehmanə kəndi yaxınlığında qəhrəmanlıqla savaşırdı Şahid. 8 fevral 1993-cü ildə qulluq etdiyi hərbi hissədən evlərinə Şahidin itkin düşməsi ilə bağlı məlumat verdilər. Atası Sabir kişi oğlunun döyüşdüyü Ağdərə istiqamətinə yollandı. Yaxınlıqdakı bütün xəstəxanaları, hospitalları dolaşdı, ancaq Şahidi gördüm deyən olmadı… Şahidin anası Kətayim xala yuxuda oğlunu görmüş, ancaq nə qədər çağırsa da, Şahidin ona tərəf gəlmədiyini deyərək için-için ağlamışdı. Buna görə də ərini bir daha məcbur edərək oğlunu axtarmağa göndərdi ki, balam bizdən küsüb. Bu dəfə Sabir ata özü ilə iki qardaşını, bir qohumunu və bir bələdçi götürərək hər tərəfi qarış-qarış axtarmaq üçün öz maşını ilə təkrar yola düşdü. Ata canını heçə sayaraq birbaşa döyüş bölgəsinə, güllənin altına girdi. Təki oğlundan bir iz, bir soraq tapsın… Axtara-axtara ön xəttə qədər gedib çıxan Sabir atanın avtomobili xain düşmənin basdırdığı minaya düşdü. 27 fevral 1993-cü ildə, itkin düşmüş Şahiddən soraq gözləyən Orta Zəyzid kəndi daha bir acı xəbərlə sarsıldı. Şahidi axtarmağa gedənlərin hamısı şəhid olmuşdu: atası, iki əmisi və bir qohumu. Şahiddən isə hələ də bir xəbər yox idi… Müharibə öz işini görürdü. Zaman-zaman kəndə öncə şəhid xəbərləri gəlir, daha sonra cənazələri gətirilir, dəfn edilirdi. Ancaq Şahiddən soraq verən yox idi… Ana hər dəfə kənd poçtalyonu İzzət dayını görəndə “Ana və poçtalyon” şeirini xatırlayıb, “mənim oğlumdan nə vaxt məktub gətirəcəksən” deyərək sitəm edirdi. Beləcə illər ötüb keçdi. Artıq rəsmi olaraq itkin sayılan Şahidin adı oxuduğu məktəbin həyətindəki bulağa verilmiş, önündə xatirə barelyefi qoyulmuşdu. Şahidin anası Kətayim ana hər gün həmin bulağa gəlir, ətrafını təmizləyir, oğlunun şəklinə baxıb, “uşaqlığı fağır (Şəkidə kasıba fağır deyirlər), gəncliyi ağır keçən balam” deyərək ağlayırdı. Ana bu bulaq başını arzusu ürəyində qalan nakam oğlunun bəy otağı kimi görürdü. Çünki Şahid əsgərliyə gedəndə anasına “qayıdıb gələn kimi ilk mənə toy edərsən” demişdi. İllərdir xəbər ala bilmədiyi oğlunun qoxusunu burdan alırdı dərdli ana. Hər tərəfə gül-çiçək əkmiş, Cənnətin bir parçasına çevirmişdi buranı. 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən İkinci Qarabağ savaşında mənfur düşmən təslim olmuş, kapitulyasiya aktına imza atmışdı. Müharibə başlanandan hər gün televizorun qarşısında oturub xəbərləri izləyən ananın və doğmalarının ürəyindəki ümid közərtisi daha da artmış, alovlanmışdı. Bəlkə Şahiddən bir iz, bir soraq alarlar deyə. Anasından, qardaşlarından DNT testi götürülsə də, onlar Şahidin sağ olduğuna və qayıdacağına inanırdılar. 25 oktyabr 2024-cü ildə qardaşına zəng edilərək Xankəndi yaxınlığından Şahidin qalıqlarının tapılması barədə məlumat verildi və həmin ilin 1 noyabrında Orta Zəyzid kənd məzarlığında dəfn edildi. Artıq Kətayim ananın da, doğmalarının da ziyarət edə biləcəyi bir məzar var: – 19 yaşında şəhid olub, 50 yaşında torpağa tapşırılan Şahidin məzarı… Allah rəhmət eləsin! Nur içində yatsın şəhidimiz!
Bağışla, ay ana, gələ bilmədim
Salam, əziz anam, salam, can anam, Qalma məndən daha nigaran, anam. Otuz il məzarsız qalan balanam, Nə qədər çəkmisən çilə, bilmədim, Bağışla, ay ana, gələ bilmədim.
Gedəndə “igidəm, mən nərəm” dedim, “Düşməni tezliklə yenərəm” dedim, Söz verdim, “salamat dönərəm” dedim… Belə olacağın bilə bilmədim, Bağışla, ay ana, gələ bilmədim.
Yoxluğum qəlbinə qara xal saldı, Üzündən gülüşü ömürlük aldı, İllərlə gözlərin yollarda qaldı, Gözünün yaşını silə bilmədim, Bağışla, ay ana, gələ bilmədim.
Sahib çıxammadım nakam sevgimə, Bənzədim mizrabı qırılmış simə, Ürək sözlərimi söyləyim kimə? Günəşə, yağışa, yelə… bilmədim… Bağışla, ay ana, gələ bilmədim.
Üst-üstə yaşatdım dərdi, kədəri, Betərin bu imiş daha betəri, Ata, əmilərin məndən ötəri Şəhid olduqların belə bilmədim… Bağışla, ay ana, gələ bilmədim.
Müqəddəs şəhidlik yolunu seçdim, Bu yoldan dönmərəm deyə and içdim, On doqquz yaşımda canımdan keçdim, Uzun ömür sürüb, ölə bilmədim, Bağışla, ay ana, gələ bilmədim.
Qələmin yaddaşı və zamanın nəfəsi (Zaur Ustacın “QƏLƏM” şeiri haqqında) Müasir Azərbaycan poeziyasında milli yaddaşı, mənəvi kökü və çağdaş insanın texnoloji dünyadakı tənhalığını eyni poetik müstəvidə birləşdirməyi bacaran qələm sahibləri az deyil. Lakin tanınmış şair, publisist və nasir Zaur Ustac “QƏLƏM” adlı yeni şeirində bu mövzunu yalnız bədii-estetik səviyyədə deyil, həm də fəlsəfi və sivilizasion miqyasda təqdim etməyə nail olur. Bu əsər bir şeirdən daha artıqdır — o, insanlığın yaddaşı, sözün müqəddəsliyi və qələmin taleyi haqqında uğurlu bir poetik salnamədir. Şeir təsadüfi olaraq “Ələq” surəsinin “O, qələmlə yazmağı öyrətdi” ayəsi ilə başlamır. Müəllif qələmi sadəcə yazı vasitəsi kimi deyil, insanı insan edən ilahi bilik sisteminin başlanğıcı kimi təqdim edir. Burada “qələm” anlayışı həm dini-fəlsəfi, həm də mədəni anlam daşıyır. Şair demək istəyir ki, bəşəriyyətin bütün inkişafı — elm, ədəbiyyat, tarix, hətta texnologiyanın özü belə qələmin yaddaşından doğub. Əsərin ən mühüm xüsusiyyətlərindən biri qədim ilə müasir dövr arasındakı poetik körpüdür. Şeir“Silikon vadisinin neon işığında” başlayır, amma çox keçmədən gil lövhələrə, daş kitabələrə, qədim alimlərin titrəyən əllərinə qayıdır. Bu keçid təsadüfi deyil. Müəllif oxucuya xatırladır ki, süni intellekt, serverlər, rəqəmsal yaddaş və alqoritmlər nə qədər inkişaf etsə də, ilk fikir yenə insan ruhunda doğulmuşdur. Bu mənada şeir texnologiyaya qarşı deyil; əksinə, texnologiyanın mənəvi kökünü göstərir. Şeirin ən təsirli məqamlarından biri budur: “amma heç bir algoritm anasının laylasını yazan əlin yerini vermir.” Bu misralarda insanın duyğusal və mənəvi təbiəti ilə mexaniki düşüncə arasındakı fərq açıq görünür. Şair göstərir ki, informasiya ilə hikmət eyni anlayış deyil. Süni intellekt məlumat daşıya bilər, lakin ana nəfəsini, ruh ağrısını, insanın qəlb titrəyişini yarada bilməz. Burada müəllif klassik Şərq təfəkkürü ilə çağdaş texnoloji epoxanı qarşılaşdırır və nəticədə insan ruhunun üstünlüyünü önə çəkir. Şeirdə adları çəkilən İmadəddin Nəsimi, Üzeyir Hacıbəyli, Əl-Xarəzmi, Əl-Biruni, Nəsirəddin Tusi və İbn Sina kimi şəxsiyyətlər sadəcə tarixi simalar deyil. Onlar qələmin ölümsüzlük qazandırdığı ruhlardır. Müəllif burada mühüm bir həqiqəti vurğulayır: insan bədəni fanidir, lakin yazılmış söz qalır. Əgər qələm olmasaydı, bəşəriyyət hər səhər tarixini yenidən başlamağa məcbur qalardı. Bu fikir əsərin əsas ideya sütunlarından biridir. Şairin dilindəki publisistik güc də diqqətəlayiqdir. Əsər həm poetikdir, həm də düşüncəyə sövq edən ictimai mətn təsiri bağışlayır.“Bir kitab rəfdə susur, amma içində imperiyalar danışır” misrası bunun ən gözəl nümunəsidir. Burada kitab canlı tarix kimi təqdim olunur. Kitab susur, amma onun içində minilliklər nəfəs alır. Bu, qələmin və yazının sivilizasiya üçün nə qədər mühüm olduğunu göstərən yüksək poetik ümumiləşdirmədir. Şeirin son hissəsi isə xüsusi emosional atmosfer yaradır. Yağışlı Bakı gecəsi, bulvarda işıq dirəyi altında yazan şair obrazı müasir romantik poeziyanın uğurlu nümunəsidir. Müəllif burada özünü təkcə bir şair kimi yox, həm də minillik söz yaddaşının davamçısı kimi təqdim edir. Onun ruhunun“Hələbdə Nəsiminin yanında olması” isə Azərbaycan-türk poeziyasının mənəvi davamlılığını simvolizə edir. “Qoşa qanaddır: qılıncla qələm” misrası əsərin kulminasiya nöqtələrindən biridir. Bu fikir türk-islam tarixinin əsrlərlə formalaşdırdığı dövlətçilik və mədəniyyət fəlsəfəsini özündə daşıyır. Şair göstərir ki, millətləri yalnız silah deyil, söz də yaşadır. Hətta zaman keçdikcə qılınc paslanır, amma qələm tarixə çevrilir. Əsərdə diqqəti çəkən başqa bir cəhət isə dilin axıcılığı və obrazlılığın müasir nəfəsidir. Şair klassik poetik ruhu çağdaş terminlərlə birləşdirərək yeni estetik müstəvi yaradır. “Bulud yaddaşı”, “server”, “algoritm”, “data” kimi sözlərin poetik mətnə uğurla daxil edilməsi göstərir ki, Azərbaycan poeziyası artıq yeni əsrin dili ilə danışmağa qadirdir. Bu şeir həm də oxucuya mühüm bir mesaj verir: insan yalnız texnologiya ilə yaşaya bilməz. Ruhun qidası yenə sözdür, kitabdır, qələmdir. Zaur Ustacın “QƏLƏM” əsəri qələmin təkcə yazı vasitəsi yox, həm də insanlığın yaddaşı, vicdanı və mənəvi taleyi olduğunu xatırladır. Şeir bitir, amma onun verdiyi düşüncə bitmir. Çünki müəllifin dediyi kimi: “Dünya durduqca yaşayacaq söz, Yaşarsa, qələm!” Bu misralar əslində bütün əsərin yekun fəlsəfəsidir. İnsan ömrü keçicidir, amma söz qalır. Söz yaşayırsa, millət yaşayır; qələm yaşayırsa, tarix susmur (Zaur Ustac – Qələm).