Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, sözümüzü dünyaya tanıdan, ədəbiyyatımızın canlı nəfəsi olan Anar müəllimin doğum günüdür. Onu təbrik etməzdən əvvəl bir fikri demək istəyirəm. Bu yaxınlarda Anar müəllimin bir müsahibəsində oxudum ki, AYB qurultayında namizədliyini verməyəcək və AYB-dən gedəcək. Bu söz məni çox üzdü. Çünki mən AYB-ni Anar müəllimsiz təsəvvür edə bilmirəm. Anar müəllim təkcə yazıçı deyil. O, Azərbaycan nəsrinin bir dövrüdür, sözün yaddaşıdır, ədəbiyyatımızın yaşayan tarixidir. Onun qələmi ilə neçə-neçə nəsil ədəbiyyatı sevməyi öyrənib, sözün gücünü anlayıb. Mənə elə gəlir ki, Anar müəllim getsə, ədəbiyyat bizdən incik düşəcək, sözün işığı öləziyəcək. Şəxsən mənim o zaman nə şeir gələcək ürəyimdən, nə də nəsr… Əziz Anar müəllim! Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun, işıqlı və məhsuldar bir ədəbiyyat ömrü arzulayıram. Qoy qələminiz heç vaxt susmasın, sözünüz həmişə yaşasın və Azərbaycan ədəbiyyatının işığını daim yandırsın. Doğum gününüz mübarək!
Pul Sözünün mənasını mənalı edəndir bu pul, Dəsmalı ələ alıb, hər yanı siləndi bu pul. Yalanı həqiqət tək başa salandı bu pul, Mollanın sözü budur: “Tütəyi çalandır bu pul”. Çox böyük qüdrəti var bu kağızın, Yumacaq düz danışan bəndəsinin ağızın. Ananı yad edəcək can dediyi balasına, Pul olsa and içəcək pullu olan balasına. Geyimi bilməyənə, danışıb gülməyənə, Acını dinləyənə dərmandır bu pul, Ölümə fərmandır bu pul.
Bir ovuç torpaq Bir ovuç torpağı götürdüm ələ, Ayrılıq sözünü gətirdim dilə. Özüm bilə-bilə sıxdım əlimi, Yenidən torpağı buraxdım yerə. Çırpınan ürək tək o gəldi mənə, Kimləri udmusan, ey qara torpaq? Əzizi-xələfi salmısan uzaq, Sənin qucağında, de, kimlər yatır? Şah ilə nökərə sən fərq qoymadın, Burda sən onları heç ayırmadın. Hər biri olubdur bir ovuç torpaq — Bunun üçün, ey insan, vuruşmaq nahaq. O bizim heç zaman olmayacaqdı, Onun üçün vuruşan uyuyacaqdır, Bir ovuç torpaq olana qədər, Bu dünya viranə qalana qədər. De, kimlərə dərman olubdu səndən, Göz yaşı axıdıb töksə sinədən? Bir yazıq ananın, bax, nalesindən Yoğrulub qaraya boyanan torpaq — Bəlkə də fəryaddan oyanan torpaq.
Ana Övlad səni saymırsa, burax onu Xudaya, Bir gün sənə baxmayan, övlad düşər bəlaya. Ana övlad böyüdür, həyatından pay verir, Gecəni gündüz bilir, övlad onu saymayır. Əgər övlad saymırsa, əllərin iş tutmursa, Yer arala, gir ora, möhtac olma nadana. Bil ey övlad, bu dünyada cənnətində anadır, Cəhənnəmin – ananın böyütdüyü nakəs baladır. Siz dəyər verin ona, nə qədər ki, sağdır, Sonrakı göz yaşının, bil ki, yeri məzardır. Nə qədər ağlasan da, anan onu heç duymaz, Sən peşman olarsan, ruhu səni buraxmaz. Qocalanda analar, uşaq tək kövrək olur, Gözləri yolda qalır, böyütdüyü balaya. Bil ki, o möhtac qalır…
Daşlar Daşlar balalayır, onlar canlıdır, Daşlara ad qoyan uca Tanrıdır. Kiminə “fələyin daşıdır” – deyir, Kiminə “qəlbinin başıdır” – deyir. Kimisi bir igid nişanəsidir, Kimə doğma olur ana tək sənə, Çünki anan yatır daş olan yerdə. Kimi sərkərdədir, əli qılınclı, Kimi şair olur, ürəyi sözlü. Ayağın altında qoyduğun daşın — Niyə doğmalaşır sənə cahanda? Daş olub baxırlar sən baxan kimi… Bir gün daş olacaq — biz də, çox heyif… Düşünən beynimiz, vuran qəlbimiz, Bəzən kədərindən donan qəlbimiz, Daş olub baxacaq həyata daşdan. Balalayan daşın balası dönüb Xatirə qalacaq — bax həmən andan.
Qar Hanı bəyaz qarım, səndə ədalət? Bir isti nəfəslə əriyəcəksən. Soyuq kəpənək tək üçüb havada, Hər yeri bəyaza çevirəcəksən. Göylərdən gələrək düşüb ovucuma, Əzizləsəm, su olacaqsan. Bəzi insanlar tək yox olacaqsan. Uzaqdan baxıram sənə doyunca, Gözəl görünürsən uzaqdan məncə. Yaxından, tozundan su olacaqsan, Sən mənim əlimi donduracaqsan. Sən yağanda bir il keçir ömürdən, İnan mənə, nələr keçir könlümdən. Deyirəm ki, bu qar bizə göylərdən Bəlkə də böyük sevinc gətirər, Arzumuza bax, həyata keçirilər.
Çiçək bazarı Gör nə qədər çiçək bazarı var, Orda sevgi üçün güllər satırlar. Satılan güllər – sarı, çəhrayı, Hər gülün qəlbində bir sevgi payı. Niyə axı olub, bax, fevral ayı? Qoy olsun sevginin ayı baharda. Ağaclar gül açar həm o anda, Hədiyyə almayan qadın cahanda, Çiçəyini ağac çiçək açır baharda. Sıxılan ürəyi, boş olan əli, Nəvaçişə möhtac qalan telləri, Qəmdən, həsrətdən dolan gözləri — Bahar nəfəsi ilə isitsin o an, Hədiyyəsi versin Böyük Yaradan.
Gecə ölsəm, bağışla Gecə ölsəm, bağışla, vidalaşa bilmədim, Mən kədərli anamın, gözlərini silmədim. Gecə ölsəm, bağışla, telini oxşamadım, Sizinlə vidalaşıb, halalığını almadım. Qəbrimə çiçək gətir — mən çiçək dəlisiyəm, Onu qoxlamasam da, əllə oxşamasam da, Ruhum onu hiss edər, qəbrimdən gedən kədər. Bu həyatda ədalət olmayıbdır, bil, inan, Doğman qalır bir yana, həsrət çəkirsən yadın. Kürək ətrin gətirir, hiss edirsən yanında, İnan ki, ayrılıq var doğmanında, yadında — Bu həsrətdən, hicrandan ayrılacaq canında.
İnci çiçəyim Sən Tanrının payısan, Günəşisən, ayısan, İnci çiçəyim məni. Nənənin sevincisən, Nəvədə birincisən, Çiçəkdəndə incəsən, Həyatıma sevincsən, İncidəndə gözəlsən, Deyirəm ki, özəlsən, İnci çiçəyim məni. Nənən qurban adına, Tanrı çatsın dadına, Böyüyüb əl tutarsan, Qohumuna yadına. Sən nənənin nəvəsi, Ürəyinin həvəsi, Həsrət çəkən hərkəsi, Olsun sən tək nəvəsi. Dənizdə mirvarisən, Bağçalarda çiçəksən, İnci necə qəşəngsən? Sən nənəyə gərəksən, Şirinsən nabat kimi, Sevimli bir dad kimi.
İlahi Söylədiyim ilahi: niyə, nə üçün? Ayrılıq yaratdın sən bizim üçün. Sualım cavabsız qalsada mənim, Xəyalıma gəldi ilk gözlərim. Kiprikləri verib bizə yaradan, Onlarda qovuşmur hər saat, hər an. Gözümüzü yumub getsək yuxuya, Kipriklər qovuşur bax həmin anda. Onlar qovuşurlar yalnız gecədə, İnsan yatan zaman cismi tək qalır, Ruhu bədənindən bax uzaqlaşır, İnsan varlığını yaradan zaman, Ayrılıq olubdur birinci plan. Ruhdan, cinsdən olsada insan, Onlar ayrılırsalar, olarsan viran! Mənasız əşya tək səni sayarlar, Səndə soruşmadan məzar qazarlar. Bəyəm torpağı ayırıb yerdən, Bizə nəfəs verib o, sevgisindən. Sonrada ayırıb bizi yanından, Əzablı dünyaya atdı yaradan. Bax burdan başladı ayrılıq sözü, Nifrət edirəm bax, bax sözün düzünü.
Ana Dahidir Ana, bax şahdır Ana, Dünyaya can verən Allahdır Ana. O yanır zülməti göstərmək üçün, O yanır körpəsini isitmək üçün. Gül deyil, güllərdən o ətirlidir, Günəşdən aydan da biraz fərqlidir. Günəş isitsəndə səni uzaqdan, Ana isidəcək bax səni candan. Qaranlıq gecədə zülmət içində, Ana qucağınını açacaq sənə. Bir ömür bax, ana yanacaq sənə. Bəlkə də Allahın özüdür ana, Bəlkə də həqiqət sözüdür ana. Yaratmış dünyanın öz nəfəsi ilə, O lay-lay demişdi ürək səsi ilə. Sevgiylə yaratmış hər bir telini, Doqquz ay daşımış ağır yükünü. Sev ey insan oğlu ananı, sev ki, Ana sevgisinə cənnət verilər.
Yuxuların sirri Yuxuları bizə verdin ilahi, Yorğunluqdan rahatlanan yuxular. Sirrlər dolu boğça olub qalıbdır, Aylardan xəyal olan yuxular. Yüz alimin gücü çatmaz sirrinə, Düzəltsədə atom kimi vəlvələ. Yeri göyü qarışdırsa əlimlə, Gücü çatmır yuxuların sirrinə. Bəzi yuxularda xoşbəxt oluruq, Bəzi yuxularda gül tək soluruq. Bəzi yuxularda tənha qalırıq, Bəzəndə vüsala qonaq oluruq. Ayrılanda yenə tənha qalırıq. Bəlkə də yuxudur həyatın özü, Həyatdan baş açmır insan bax düzü. Yuxuda xoşbəxt olubsa düzü, Ayrılmaq istəməz bax sözün düzü. Bu nə sirrdir ruhun çıxır cismindən, Bir toxunuşa o qayıdır yenidən. Yuxuları mənə verən gecədən, Qara olub xəlvət saxlar sirrini. Ey İlahi, söylə yuxuların sirrini, Sirr saxladın həqiqətin özünü. Bizə söylə yuxuların sirrini, Yata bilmir dərdi olan analar, Yata bilmir yarə həsrət qalanlar, Yata bilmir bu dünyada haramlar. Ey İlahi, sən saxlama yuxuların sirrini, Bizə söylə yuxuların sirrini.
Gözlərin dili Gözlərin ağlayır, gözlərin gülür, Bir süzgün baxışla sözünü deyir. Qaçıra bilməzsən baxışlarını, Mən orda görürəm səni özünü, Düzəltmək istəsən hər bir sözünü. Baxışlar olur qəlbin aynası, Aynada görürəm mən həqiqəti, Gizli saxladığım bütün sirrləri, Mən orda görürəm necə sevirsən, Mən orda görürəm nifrət edirsən. İlahi, bu gözlər bəlkə fəryaddır, Orda sular axır bulaqlar kimi. Bir baxış qəlbini isitsə gülüm, Bu acı hisslərlə kövrələr həmən, Yaşlar açacaqdır həmən gözlərdə, Sevinsin ürəyin, sevinsin qəlbin. Onda sevinəcəyək səni gözlərin, Baxışlar bax həmən dəyişəcəkdir, Sevgidən, sevincdən kövrələcəkdir, Bəlkə də gözlərin bax biləcəkdir: “İlahi necə də hikmət yaradıb, Baxışla dünyanı yıxıb, talayıb!”. Daxili dünyanın bax o səsidir, Hər qəlbin mənası döyülməsidir.
Sahibsiz küçük Gözlərini açmayıbdır bu sahibsiz küçük, Güllələnib anası, harda alsın qidasını. Ey insanlar, canlıdır, nə olar ki dili yoxdur, Öldürməyin heyvanları, bu dünyada yerdə çoxdur. Bir parça çörək verin, əzizləyin siz onları, Siz vurursunuz anaları, cingildəyir balaları. Yetim qalır bu əzablı dünya üçün, Göz açmayır, zingildəyir, imdat dilər. Anasını vuranlarda bir parça çörək umar, Siz qoymayın heyvanlara, onlarında duyğusu var. Yetim qalan kiçiklərin qarğışı var, Qururlanıb arxalanıb, bax, böyüyüb qaçması var. Siz qırmayın heyvanlara, sahib durun siz onlara, Güllələnən sahibsizlər sizə yiyə durmadılar. Bir parça çörək nədir onu sizə qıymadılar.
Mən dünyanı uduzmağa gəlmişəm Mən dünyanı uduzmağa gəlmişəm, Payız fəsli ağlayaraq gəlmişəm. Bu gəlişlə sevincləri silmişəm, Bu dünyaya uduzmağa gəlmişəm. Mən sevgidə gözlərimi silmişəm, Ürəyimi səsini dinləmişəm. Həqiqətin kor gözümlə görmüşəm, Mən bu dünyaya uduzmağa gəlmişəm. Anlamırdım həyat belə qısadır, Gənclik ömrü yanmaq üçün puçadır, Nakam sevgi ömür təki qısadır, Ömrü boyu heç olmağa gəlmişəm. Mən bu dünyaya uduzmağa gəlmişəm. Bu dünyaya uduzan kim, udan kim, Fərəhindən qanadlanıb uçan kim, Mənim kimi röyalarda yatan kim, Zər də tutub oyunlara baxan kim, Həyatı ilə razılaşıb qalan kim, Arzusuna, niyyətinə çatan kim, Mən kimi xəyallarda qalan kim, Mən dünyada uduzmağa gəlmişəm.
Bir eşqə inanıram Qalan məncə yalan olar, Bir ürəyin düşündüyü, İkinci eşq ziyan olar. Mən bir eşqə inanıram, O gecədə səhər olar. Mən bir eşqə inanıram, Ayrılıq zəhər olar. Sev sən onu pərvanələr yanan kimi, Sev sən onu yaddaşlarda qalan kimi, Punhan – punhan sev sən onu, Aşkar etsən viran olar. Sev sən onu, qoyma onu kimsə duyar, Gözəlliyi bu dünyada bəyan olar. Sev sən onu nəfəs kimi, Sev sən onu eşqdə olan həvəs kimi. Aşkar sevmə, xəlvət sev, Xəlvət sevgi daima olar. Aşkar sevmə, yad baxışlar Tufan qopar, viran qoyar.
⁎⁎⁎
Bir dəryadır su dolusu Bir dəryadır su dolusu, Bir ürəkdir eşq qoxusu. Düşünməyir bax çoxusu, Gəlib gedər eşqin odu. Buxarlanar sular kimi, Boş qalar çalarlar kimi. Boş da qalsa bir gün ürək, Bil “Yad olar onu sevmək”. Sındırılmayın ürəkləri, ahu tutar, Anasında ayrı düşən quzu təki. O mələyə fəryad edər, bu acını özü duyar, Yaraları közdə qoyar. Sındırılmayın ürəkləri, o yaranıb hökm ilə, Möhür qoyur Allah əllə. Siz çalışın ey insanlar, canlılara can deyərsiniz, Özünüzü sevdirərsiniz. Məğrur duran bir insanı, Qürurunu əymiyəsiz.
Yamayacam ömrümü Ömür keçdi, inan, bir an qurtardı, Yamaq tapıb yamayacam ömrümü. Heyf oldu, saman kimi sovruldu, Köhnə sapla toxuyacam ömrümü. Kifayətəm ürəyimdə ahü-zar, Bu dünyadan baş götürüb bax qaçar. Heyf olar, ömür bir anda solar, Yamaq tapıb yamayacam ömrümü. Mən yaşadım cəza dolu dünyada, Bilirəm ki, qurtarıbdır bax daha. Arzulara çatmasam da dünyada, Yamaq tapıb yamayacam ömrümü. Uzatdıqca uzadacam ömrümü, Bəlkə çataram arzuma, kamıma. Adam üçün cəza dolu dünyada, Heyf oldu, mən qədrini bilmədim, Köhnə sapla toxuyacam ömrümü, Yamaq tapıb yamayacam ömrümü
Heyf oldu İnsan oğlu, pul yığdı, torpaq alaq, Torpaq onu pulsuz aldı, heyf oldu. Səhər durdu, gecə yatdı, dayanmadan, Bax ac qaldı, sərvət yığdı — kimə qalan? İnan, heç nə deyil sənin, ey insan, Kəfən geyin, yoxdur payın bu cahanda. Kəfənin də cibi yoxdur, hər şey qalır, Torpaq səndən canını da pulsuz alır. Bil ey insan, qalmaq olmaz qismətdən, Pul istəməz, alar canı qəflətən. Heyf olsun, çəkdiyin onca zəhmət, Sonunda sənsiz qalır hər bir sərvət.
Sənsiz danışsam – bağışla məni Sənin barəndə sənsiz danışsam – Bağışla məni. Deməli, ölüm tapıbdır səni! Mən saçından danışsam, gözündən danışsam, Hər bir sözündən danışsam – Bağışla məni. Onda mən söyərəm acı fərəyi! Birlikdə gəzdiyim çəmən heç solmaz, Yayı düşünürəm? Yay sənsiz olmaz. Sənin verdiyin güllərdə solmaz – O, mənim qəlbimin xatirəsidir, Sənsiz ötən günlər ah-nalə səsidir. Bir gün səndən danışsam sən olmayanda, Gözlərim boşluqda rəsmini görər, Ətrini, qoxunu küləklər verər. Bir gün səndən sənsiz danışsam, gülüm, Canımdan can ayrılar, olmaz heç halım. Qoy mən yaradana çoxlu yalvarım — Sən danışarsan, mən olmayanda, Səndən əvvəl dünyada vidalaşanda…
Toz basmış şəkillər Toz basmış şəkillər bir xatirədir, Onları siləndə əlim titrədi. Bəlkə də bu şəkil sənli günlərdi, Hədər ölüb keçən, bil ki, illərdir. Acılı-şirinli günlər yaşadıq, Bəlkə də dərd yükün bir daşıdıq. Xatirə qalan tozlu şəkillər — Onların içində bir yaşadıq. Heyif olub keçən gənclik illəri, Düşünənin əsir qalan əlləri. Şəkildə görürsən keçən günləri, Vərəq parçası da bir xatirədi. Dondurub həyatın şirin anını, Bir zaman xoşbəxt olan qadını… Əllərində qalan, bil, xatirədir — Toz basmış şəkillər bir nişanədir. Düşünmə ki, bax, əbədidi… Toz basmış şəkillər bir nişanədir.
Vidalaşan insan Yaş üstə yaş gəlir, müdrik olursan, Bəlkə də, ey insan, uşaqlaşırsan. Keçmiş günlərini yada salırsan, Ey insan oğlu, vidalaşırsan. Əlindən alınır qırğı baxışın, Əlindən alınır bax yaraşığın. Durmaq istəyəndə bil ki, ayağa — Əlinə alırsan sən dəmir əsa. Budur ədalətin qoca dünyanın, Puç olub gedəcək bütün xəyalın. Sevgidə, yaddaşda gedəcək səndən, Qəlbinə soyuqluq hopacaq qəmdən.
Bu dünyaya salam var O dünyada bu dünyaya salam var, Söyləyirlər: “Bu dünyada qalan var?” Ayaq açıb yerisə də yalanlar, Həqiqətə inanmayır insanlar. Yalan olur hər bir an, Həqiqətə inanın, ey insanlar! Bilməliyik, yaşayırıq ümidlə, Başımız bax dəysə əhlətə — Həmən anda duyacağıq: yalandır, Bu dünyada insan oğlu mehmandır. Kifayətəm, mən yaşaram həvəslə, Düşünmürəm, nəfəsim bax kəsilər. Əllərimdə bu dünyada üzülər… Həqiqətin bax, gözünün içinə — Söyləyərək, yalan olar bu dünya, İnsan oğlu mehman olar, bil dünya.
Yaz yağışı Dünən yağış yağırdı — Demək ki, yaz yağışı. Bu yağış isladırdı, Saf sevgini, baxışı. Ürəklərə yağardı — Kaş ki, bu yaz yağışı İsladardı qəlbimdə Olan gözəl naxışı. Bu naxış xatirədir, Yaz yağışından qalıb. Sular göydən düşdükcə, İnan, qəlbin üşüyür. O torpağa düşəndə Gözəl qoxu bürüyür. Yaz yağışı, bir dayan — Ürəyimdə niskin var. Səndə olan damcılar Xəyalları da yuyar. Yağ aramla sən yağ ki, Dərin xəyala dalım, Gözlərimi yumaraq İlişim, qalım… Külək gətirsin ətrini — Cavanlığını, qoxusunu. Bax, möhkəm yağsan sən, Qopardarsan çoxusunu.
Yamaq tapıb yamayacam ömrümü Ömür keçdi, inan, bir an qurtardı, Yamaq tapıb yamayacam ömrümü. Heyf oldu, saman kimi sovururdu, Köhnə sapla toxuyacam ömrümü. Kifayətəm, ürəyimdə ahü-zar, Bu dünyadan baş götürüb bax, qaçar. Heyf olar, ömür bir anda solar, Yamaq tapıb yamayacam ömrümü. Mən yaşadım cəza olan dünyada, Bilirəm ki, qurtarıbdır bax daha. Arzulara çatmasam da dünyada, Yamaq tapıb yamayacam ömrümü. Uzadıqca uzadacam ömrümü, Bəlkə çatam mən arzuya, mən kama. Rahat olan adam üçün — Cəza olan dünyada heyf oldu… Mən qədrini bilmədim, Köhnə sapla toxuyacam ömrümü, Yamaq tapıb yamayacam ömrümü.
Kifayətəm bu dünyaya gəlmişəm Kifayətəm, bu dünyaya gəlmişəm, Etibarsız olduğumu bilmişəm. Bəs nə üçün dünyaya gəlmişəm? O fırlanır, dayanmayır bir anda, Fırlandıqca zəif düşər çuxura. Ədalətin harda qaldı, ey dünya? Zəifləri bir quyuya sal, ey dünya. Yıxılana gülən səndə görmüşəm, Qara saça bəyazlanan görmüşəm. Ədalətsiz olduğunu bilmişəm — Söylə mənə, sənə niyə gəlmişəm? Yaşadıqca dərs verirsən bədənə, Səndə olub cavabsız fəlsəfə. Bəs nə üçün dərs verdiyin bədənə, Sonunda da ağılın əldə alırsan? Əsən əllər, qəmli gözlər verirsən, Kifayətin bağrı qandı əlindən, Nələr çəkmiş səndən olan elmdən…
Torpaq pulsuz alır İnsan oğlu, pul topladı: “Torpaq alaq!” Torpaq onu pulsuz aldı… Səhər durdu, gecə yatdı, Bax — ac qaldı, Dövlət yığdı — Kimə qaldı? “Sağ ol!” — dedi ona övlad, ya kainat? Yaratmısan sən bir cahan, Villa, filan… Sənə qalan — qalan, Acı olan — Qoyduğun o dövlətindir. Sənin olan — Sənsiz qalan sərvətindir. İnan, heç nə deyil sənin, Kəfən geyin — Odur sənin bu dünyada olan payın. Kəfənin də cibi yoxdur, Qalır burda. Məzarlıqda pulsuz alır Canı səndən. Bil, ey insan — Qalmaq olmaz bil qədərdən. Pul vermədən alır canı Torpaq səndən… Heyf olur əziyyətindən.
Böyük məkana yol Ruhumu, cismimdən çıxaran Tanrım, Yolum hara olsa, söylə də bilim. Ruhlar aləminə gedən yol varsa, De, Tanrım, mən onu indi də görüm. Cismimi mənasız edən bu ruhum, Bir də vidalaşıb gedəcək burdan. Yerdən vidalaşıb gedəcək hara? Həsrət qalacam mən bu dünyaya, ya ora? Kimlər gözləyəcək, kimlər orada? Doğmanı, yaxını qoyub gedəcəm, Ruh olan böyük məkana… Əl etsəm əlimi, görməyəcəklər, Kifayət olduğumu biləcəklər.
Ürəyə üsyan Sinəmdə ağrı yeri göründü. Ürəyimi qoparmağa çalışdım, Tutub onu yerindən, Bu bədəndən ayırmağa çalışdım. Bax, ey ürək! Sən düşünən beynimi, Bu gözlərin ahını çox almısan. Xəyal qurub, təsəlli də tapmısan, Bax, sonunda uçuruma aparmısan. Sən bilirsən: saçlar tumar xoşlayır, Sən bilirsən: isti nəfəs telləri oxşayır. Dayan, ürək! Qoparacağam yerindən, Rüzgar səni aparacaq əlimdən. Bir daş olub düşəcəksən dərəyə, Bax, o zaman aldatmağın baha gələcək sənə. Kifayətdir! Haqqıma çox girmisən, Təsəlli ilə, xəyal ilə həyatımı məhv etmisən.
⁎⁎⁎
Daşların arasında güllər görünür, Gözlərin qarasında yaş da süzülür. Ömürdən bir gördük – günlər də keçir, Vəfasız ürəkdə yaman tələsir. Yaş üstə yaş gəlir, bax, hədər olur, Ömür ötüb keçir, bil, kədər olur. Kifayət, görəsən nə qədər olur – Qismətində olan bu ömür payı? Görəsən nə qədər, neçədir sayı? Ömrümə yazılan bu ömür payı – Mən günəş deyiləm hər səhər doğan. Yüz illər keçsə də, mən şəfəq saçan – Mən adi insanam, adi bir qulam, Bu gün varamsa da, bax, sabah yoxam… Yaddaşda qalacam qısa bir zaman, Biz – gəlib-gedərik dünyada, yalan.
Yay bitir, ömür gedir Yay qurtarır, ömür gedir, Durnalar da köçüb gedir. Yay fəsili sona yetir, Bir də ömür dönməz geri. Gedən gedir — hədər olur, Qocalırıq, baxış solur. Hər bir gülüş kədər olur, Ürək susur, dodaq durur. Yay bitir, dönəcəkmi? Gələn yayı Kifayət görəcəkmi? Payız gəlir, hava sərin, Fəsillərin də var dərdin. Pıçıldaşır yarpaq, budaq, Uçur durna, susur qulaq. İnan — dərdli ayrılıqdan Söhbət açır bu sakit an. Ömür keçir, tərk edirik Gündəliklə gün silirik. Sayırıq biz həftəmizi, Unuduruq ömrümüzü. Bilməliyik qismətimiz Neçə yaydır, neçə bahar… Zövq almırıq bu andan, Gedən gündən, ölən bahar…
Sinif yoldaşlarım Kimin görüşünə gəlmişəm, Allah, Ağarmış saçımla, yorğun halımla? Uşaq sinifin dostları, can yoldaşlarım, Ay mənim sınıf dostlarım…
Siz bir xatirəsiniz — yazılmamış Hoş günlərdən qalan xatirə. Atalı‑anali olan xatirə, Necə xoşbəxt idik sizlə o günlərdə, Bilmirdik dünyada kədər var, qəm var.
Dünyanın yükü, tək bir ağırlığı var, Hər sinfə yığılırdıq biz — Günün bitməsinə çox tələsirdik, Bəlkə də qovurduq ayları, illəri… Bax, keçirdi uşaqlıq günləri.
İndi yaşa dolur bax ömür keçir, Ömür günlərini kotan tək bitir. “Əlvida” deməklə qəlbimdən keçir, Ay mənim can dostlarım, sınıf yoldaşlarım…
İndi görüşürük, indidir qismət, Az qalmış ömrümdə əsmək, Az qalmış ömürünü bilmək. Siz mənə əzizsiniz, əziz dostlarım, Ay mənim sınıf yoldaşlarım.
DÜNYANI DƏYİŞSƏN BİLKİ, EY İNSAN Dünyanı dəyişsən bilki, ey insan, Ruhunda, cismində viran olacaq. Səndən ayrılıb bax son kərə Bu yerdə, məkanda qonaq olacaq! Bəlkə də fəlakət onda sonradır, Bəlkə də xoşbəxtlik torpağın qucağındadır. Təklikdə Allahın ocağındadır, Özünə bax, şərik seçməyibdir O. Günahlarla dolu olan dünyada, Bax, yalanlarla dolu olan dünyada, Təklikdən gülləri solan dünyada, Düşünmə xoşbəxt olacaqsan sən. Tənha yaranmısan, tənha qalacaqsan, Yuxulu, yalançı olan dünyada, Birkərə yuxuya dalan dünyada.
⁎⁎⁎
Dünya birdən-birə gözəlləşdi gözündə, Fərəh doldu üzümə, Allah qoy çox görməsin Bu sevinci, bax, mənə. İnci məktəbə gedir, Yolların açıq olsun, Sevgi baş tacı olsun. Sən nübarsan, bəhrəsən, Balaca bir pöhrəsən. Ay gözümün işığı, Nənənin ilk nəvəsi, Həm arzusu, həvəsi. Sular tökürəm dalınca, Qoy aydınlıq gətirsin, Bax, arzuna yetirsin.
Cəlilabadda kitab təqdimatı Bu gün – 14.03.2026-cı il tarixində “Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı və Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Cəlilabad şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) rayonunun təsviri incəsənət sahənin tanınmış və görkəmli xanım nümayəndəsi, “Həməşəra” Fəxri Diplomu laureatı, rəssam Laləzar xanım Sadıqovanın həyatı və yaradıcılığına həsr edilmiş “Bir ömrün tablosu” adlı kitabın təqdimat mərasimi keçirildi. Vətən və dövlətçilik yolunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayan tədbir rayonun bir qrup tanınmış ziyalı simaları, ictimaiyyət nümayəndələri, müəllimlər və Cəlilabad ədəbi mühitinin parlaq nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə, həm də mənəvi aurada keçirildi. Tədbiri öz nitqi ilə açan kitabın müəllifi, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, yazıçı-publisist İlqar İsmayılzadə Cəlilabad MKS-nin ziyalı direktoru Qənimət xanım İsrafilovaya yaratdığı şəraitə və ədəbi-mədəni tədbirlərə verdiyi səmimi və təmənnasız dəstəyə görə təşəkkürünü bildirdi. O, öz giriş çıxışında Cəlilabad rayonu üzrə təsviri incəsənət sahəsinin yeganə xanım nümayəndəsi olmuş Laləzar müəlliməyə həsr etdiyi “Bir ömrün tablosu” adlı kitabı ilə bağlı qısa təqdimat verərək, Laləzar xanımın rəssamlıq üzrə heç bir orta ixtisas və ali təhsil almadan, həmçinin, 40 il öncə Cəlilabad rayonunda təsviri incəsənət sahəsi üçün lazım olan minimum ləvazimatın mövcud olmadığı bir zamanda sözün həqiqi mənasında əsil peşəkar rəssam kimi önə çıxaraq parlamasından, bu sahədə onlarla şagird yetişdirməsindən və beləliklə də adını qızıl hərflərlə Cəlilabad tarixinə yazmasından söz açdı, incəsənət sahəsi ilə ədəbiyyat sahəsinin eyni mənşəyə malik olduğu, həm ədəbiyyat, həm də incəsənət sahələrinin insanın daxili hissləri və yardıcılığından meydana gəldiyini bildirdi. Onun söylədiyinə görə, qələm əhli (şairlər, nasirlər və s.) öz ülvi hisləri və duyğularını qələmlə kağış üzərinə yazdıqları kimi, rəssamlar da öz ülvi hisləri və duyğunlarını fırça ilə kağız üzərinə çəkir və təqdim edilər. Bu da, ədəbiyyat və incəsənət sahələrinin ortaq dəyərli kimi təqdim edilə bilər. İ.İsmayılzadə özünü Laləzar müəllimənin bir yetirməsi və şagirdi olaraq fəxarət hissi duyduğunu və həmişə rayonumuzun təsviri incəsənət sahəsi üzrə kraliçası kimi tanınan əziz müəlliməsinin adı və yaradıcılığını üstün tutacağını bildirdi. O, həm də müəllif olaraq “Bir ömrün tablosu” adlı kitabın Laləzar xanım Sadıqovanın həyatı, dəyərləri və yaradıcılığının yaşaması və növbəti nəsillərə ötürülməsi sahəsində dəyərli bir addım olduğuna təkid göstərdi. Tədbirin davamında ziyalı şəxsiyyət, “Əmək zərbəçisi” və “Əmək veteranı”, “Həməşəra” Fəxri Diplomu laureatı Hacı Paşa müəllim Rüstəmov, “Həməşəra” Fəxri Diplomu laureatı, veteran pedaqoq Dadaş müəllim Bayramov, rayonun Üçtəpə kəndindən olan din xadimi Zaman Qarayev, həmçinin, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən: AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı, şair-publisist Əfrahim Abbas, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair Mikayıl İnçəçaylı, AYB-nin üzvü, bədii qiraətçi, şair Əlövsət Tahirli, “Həməşəra” Fəxri Diplomu laureatı, şəhid qardaşı, yazıçı-şair Sakit Üçtəpəli, I Qarabağ Savaşının iştirakçısı, qazi, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair Qurban Əhməd və Turan yazarlar Birliyinin üzvü, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Azər Mirzə, ədəbi mühitimizin xanım nümayəndələrindən isə: “Həməşəra” Fəxri Diplomu və “Qızıl Qələm” Media Mükafatı laureatı, şair Gülşən xanım Şahmuradlı, Cəlilabad MKS-nin əməkdaşı, bədii qiraətçi, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Müşahidə xanım Nərimanova, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Gülcahan xanım Xürrəm, Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, şair Sevinc xanım Şirvanlı və “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, AYB və AJB-nin üzvü, şair, esseist-publisist Arzu xanım Əyyarqızı öz çıxışlarında İlqar İsmayılzadənin “Bir ömrün tablosu” kitabını yüksək dəyərləndirərək, bu kitabın Laləzar xanımın həyatı, xanımlıq və insani dəyərləri, habelə yaradıcılığının ədəbiləşməsi və təbliğinə gözəl töhfə verəcəyini bildirdilər, müəllifə və Laləzar xanıma xoş arzularını çatdırdılar. Tədbirdə çıxış edənlər tərəfindən Laləzar müəllimənin əl işləri və rəsm əsərlərindən ibarət xüsusi sərginin açılması təklifi də irəli sürüldü və iştirakçıların alqışı ilə qarşılandı.
Sonda “Həməşəra” Fəxri Diplomu laureatı, rəssam Laləzar xanım Sadıqova qısa çıxışında kitab müəllifi, həm də özünün mənəvi övladı adlandırdığı İlqar İsmayılzadəyə öz müəlliməsinə göstərdiyi qayğı və diqqətə, həmçinin, tədbirdə çıxış edən dəyərli ziyalı təbəqəsi və qələm əhlinə öz səmimi təşəkkürünü bildirib, hər kəsə ən gözəl arzularını çatdırdı. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.
İmtahanlar məqsədli şəkildə çətin təşkil edilir – TƏHSİL NİYƏ İMTAHANA XİDMƏT ETMƏLİDİR?
Məktəbdə təhsil ona görə verilir ki, gənc nəsil nəsə öyrənsin, bilik əldə etsin, düşünmə bacarıqları formalaşsın, savadlı və mədəni insan kimi yetişsin.
Lakin bu gün ölkəmizdə elə bir vəziyyət yaranıb ki, sanki məktəbdə təhsil ona görə verilir ki, şagird 11 ilin sonunda Dövlət İmtahan Mərkəzinin qəbul imtahanından keçə bilsin. Başqa sözlə, biz həyati bacarıqlar qazanan, biliyi əldə edən, özümüzü ifadə edən, dünyaya faydalı olan insan yetişdirmək üçün yox, imtahan etmək üçün dərs keçirik.
Bu yanaşma nəticəsində müasir kurikulumun əsas fəlsəfəsi olan təfəkkür yönümlü, yəni bacarıq və səriştə əsaslı təhsil modeli faktiki olaraq arxa plana keçir və onun yerini yenidən informasiya yüklü, yaddaş yönümlü təhsil alır. Beləliklə, təhsilin məqsədi şagirdin intellektual inkişafı deyil, 700 ballıq qəbul yarışında nəticə göstərmək olur. Nəticədə bir məktəbin, bir müəllimin fəaliyyətinin əsas göstəricisi də məhz bu bal sistemi ilə ölçülməyə başlayır.
Kurikulum fəlsəfəsi və 700 ballıq yarış
Əslində isə institusional baxımdan funksiyalar aydındır. Elm və Təhsil Nazirliyinin əsas vəzifəsi “Təhsil haqqında” qanuna və təsdiqlənmiş kurikulum sənədlərinə əsaslanaraq ümumi təhsilin məzmununu formalaşdırmaq və məktəblərdə tədrisin həyata keçirilməsini təmin etməkdir. Dövlət İmtahan Mərkəzinin funksiyası isə ali məktəblərə və dövlət qurumlarına qəbul üçün zəruri olan akademik bilik və kompetensiyaların ölçülməsi, yəni qiymətləndirmə prosesinin təşkili, imtahan verənlərin bilik və bacarıqlarına uyğun olaraq ədalətli qəbul prosesinin təşkili olmalıdır.
Lakin müşahidə olunan odur ki, Dövlət İmtahan Mərkəzi yalnız qiymətləndirmə institutu kimi fəaliyyət göstərməklə kifayətlənmir. İmtahanlara hazırlaşan abituriyentlər üçün müxtəlif dərs vəsaitləri, test topluları, siniflər üzrə iş dəftərləri və qiymətləndirmə materialları hazırlayıb çap edir və faktiki olaraq bu sahədə təhsil siyasətinə təsir edən yeni bir təhsilverən struktur kimi çıxış edir, həmçinin nəşriyyat fəaliyyəti də həyata keçirir. Bu isə təhsil sistemində funksional sərhədlərin qarışmasına və institusional ikitirəliyin yaranmasına səbəb olur. Bu da DİM-in uzun illər qazandığı nüfuza xələl gətirir, çünki DİM öz maraqlarını güdən tərəf kimi görünməyə başlayır.
Təhsildə funksional sərhədlərin qarışması
Belə bir şəraitdə məktəbdə çalışan müəllim də kurikulumda əsas istiqamət kimi müəyyən edilən həyati bacarıqlara və kompetensiyalara yönəlmiş dərs modelindən uzaqlaşaraq daha çox qəbul imtahanında istifadə olunan ölçmə formatına uyğun dərs keçməyə məcbur qalır. Sinifdə analitik düşüncə və problem həlli bacarıqlarını inkişaf etdirən fəaliyyətlər əvəzinə test tapşırıqları yazdırmaq və imtahan modellərini məşq etdirmək prioritetə çevrilir.
Digər tərəfdən, Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi dərsliklər, dərsliklərdəki tapşırıqlar bu imtahan formatına tam uyğun gəlmir. Çünki qəbul imtahanlarını keçirən qurum, yəni Dövlət İmtahan Mərkəzi hər il müxtəlif metodik jurnallar, proqramlar nəşr edir və həmin sənədlərdə imtahana düşəcək mövzular və sual modelləri elan edilir. Müəllimlər də dərslikləri kənara qoyub bu prosesi izləməli olur. Bu praktika hələ 1990-cı illərdən formalaşıb və bu gün də faktiki olaraq qəbul imtahanı təhsilin istiqamətini müəyyən edən əsas faktora çevrilib. Ki bu çox yanlışdır, təhsilin istiqamətini qiymətləndirmə yox, məzmun formalaşdırmalıdır!
Burada xüsusi qeyd etmək lazımdır ki, imtahan suallarının məzmunu dərsliklərdən kənar deyil, suallarda soruşulan faktların hər biri tədris olunur, sadəcə suala yanaşma, problem həll etmə forması, analitik düşünmə, mətn təhlili və s. kimi proseslər təhsildə bir cür, imtahanda başqa cür qarşımıza çıxır.
Repetitorluğun genişlənməsinin səbəbi
Məhz buna görə də ölkədə əlavə hazırlıq sistemi, repetitorluq bu qədər geniş yayılıb. Çünki kimsə hər il DİM-in proqramlarını izləməli, hansı mövzuların əlavə edildiyini və ya çıxarıldığını bilməli, hansı tip sualların düşəcəyini təhlil etməli və bunu şagirdə öyrətməlidir. Məktəbdə çalışan müəllimin isə buna əlavə vaxt ayırmaq imkanı məhduddur. Onun onsuz da ağır tədris proqramı, qiymətləndirmə öhdəlikləri və gündəlik pedaqoji fəaliyyəti var. Bu səbəbdən müəllim əlavə sərf etdiyi vaxtı ayrıca xidmət kimi təqdim edir ki, bu gün biz buna repetitorluq deyirik. Bunun nəticəsi isə cəmiyyət üçün əlavə maliyyə yükü, şagird və valideynlər üçün isə stress və psixoloji gərginlik yaradır. Bu vəziyyət dövlət üçün də müəyyən mənada ikiqat maliyyə yükü yaradır və həmçinin dövlətin vətəndaş üçün gördüyü işlərin effektivliyinə kölgə sala bilir. Xüsusən, 10-11-ci sinif dərslikləri təəssüf ki, “hər zaman təzə kimi görünür”, yəni bu dərsliklər hazırlıq proqramının ağırlığı altında istifadədən kənar qalır. Dövlətimiz öz vətəndaşına ödənişsiz təhsil və dərslik təqdim edir, lakin sonda həmin dərsliklər qəbul imtahanına tam uyğun gəlmədiyi üçün şagird yenidən vəsait xərcləyərək Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi kitabları alır və məktəblərdən yayınıb əlavə hazırlıq kurslarına, repetitorlara müraciət edir. Bu da belə bir mənzərə yaradır ki, dövlət bir qurumunda ödənişsiz yaratdığı şəraiti digər qurumunun əli ilə ödənişli hala gətirir. Yaxşı olardı ki, DİM-in abituriyentlər üçün vəsaitləri 10-11-ci sinif dərslikləri kimi nəşr edilib hazırkı dərsliklər əvəzinə məktəblilərə ödənişsiz verilsin. Burda dövlət də qazanır, vətəndaş da!
Digər tərəfdən, universitetlərə qəbul imtahanlarının yüksək çətinlik səviyyəsi bəzən belə bir təsəvvür yaradır ki, guya məktəblərdə verilən təhsil yetərli deyil. Buna görə də universitetlərə qəbul balı aşağı salınır və nəticədə 2-dən də aşağı qiymət səviyyəsinə uyğun nəticə göstərən şagirdlər (150 bal toplayanlar) universitetə qəbul edilir. Bu isə vətəndaşlarda təhsil sisteminin ümumi məntiqi ilə bağlı suallar doğurur və dövlətin səmimi niyyətinə kölgə salmış olur.
Təhsil sistemi gənclər üçünmü, imtahan üçünmü?
Əgər məqsəd yalnız obyektiv seçimdirsə, o zaman haqlı olaraq belə suallar yaranır: niyə hər il yeni sual modelləri elan olunur? Niyə qəbul proqramlarında tez-tez dəyişikliklər edilir və yeni jurnallar dərc olunur? Niyə qiymətləndirmə materiallarının nəşri qapalı bir institutun inhisarında olur? Dünyada belə bir praktikanın geniş yayılmış nümunəsini tapmaq çətindir ki, bu qədər önəmli funksiyanı həyata keçirən dövlət qurumu eyni zamanda bu sahənin nəşr biznesi ilə məşğul olsun. Bilmirəm, bəlkə də bu DİM-in publik hüquqi şəxs olmasından irəli gəlir, amma hər bir halda, yanlışdır. DİM üçün lazımi büdcə ayrılmalı, orada çalışan müəllimlər belə cəmiyyətlə bu qədər təmasda olmamalı, maraqlı tərəfə çevrilməməlidir.
Bu nəşrlər sistemi elə bir vəziyyət yaradıb ki, bir şagird ötən il istifadə etdiyi qəbul vəsaitlərini növbəti ilin məzunu olan bacı və ya qardaşına ötürə bilmir. Çünki hər il dəyişiklik edilir və “təkmilləşdirilmiş nəşr” adı ilə yeni kitablar çap olunur, valideyn də bunu almaq məcburiyyətində olur. Bütün bunlar isə bəzən qəbul imtahanının sanki təhsil sisteminin yeganə xilaskarı olduğu kimi təqdim edilməsinə gətirib çıxarır. Guya bu sistem olmasa, təhsil sistemi çökər, rüşvət və korrupsiya artar. Halbuki bu gün artıq 1990-cı illərin reallığında yaşamırıq. O dövr üçün bu model müəyyən mənada effektiv idi. Bu gün isə daha balanslı və təhsilin məntiqinə uyğun yeni modellər üzərində düşünməyə ehtiyac var.
Məncə, məktəbə bir qədər nəfəs almaq imkanı verilməlidir. Təhsil sistemi sadə, anlaşılan və funksional olmalıdır. Hazırkı model o qədər mürəkkəbləşib ki, bəzən onu izah etmək üçün belə əlavə izaha ehtiyac yaranır. Hətta bəzən belə bir təsəvvür yaranır ki, təhsil sistemində “izahsız variantı” Elm və Təhsil Nazirliyi, “izahlı variantı” isə Dövlət İmtahan Mərkəzi təqdim edir. Filmdə deyildiyi kimi, izahsız iki manat, izahlı üç manat… Ən əsası isə bu sistemin əsas subyekti olan gəncləri düşünmək lazımdır. Onlar bu ölkənin gələcəyidir. Qəbul imtahanı ilə biz fövqəladə istedadlı “vunderkindlər” seçmirik. Biz sadəcə müəyyən peşələri öyrənmək istəyən gəncləri seçirik ki, onlar universitetdə oxusun, peşə qazansın və gələcəkdə həkim, müəllim, mühəndis kimi cəmiyyətə xidmət etsinlər. Bu gün isə bəzən elə bir vəziyyət yaranıb ki, tibb fakültəsinə hazırlaşan bir şagird kəllə sümüklərinin sayını travmatoloqdan daha dəqiq bilir, Azərbaycan dili üzrə hazırlaşan şagird isə bəzi hallarda qrammatik detalları müəllimdən daha dərindən əzbərləyir. Bu isə real bilik deyil, imtahan yönümlü memorativ öyrənmənin nəticəsidir. Elə son buraxılış imtahandan sonra gənclərin narazılığı da müəyyən mənada bununla bağlıdır. Həyatın sürəti artır, insanlar daha rahat və stresssiz yaşamağa ehtiyac duyur. Bunun üzərinə təhsilin də əlavə stress mənbəyinə çevrilməsi həm şagirdləri, həm də valideynləri yorur.
Əslində isə məsələnin həlli o qədər də mürəkkəb deyil
Əgər bir şagird oxuyub-anlama bacarığına malikdirsə, məntiqi düşünə bilir və əsas akademik bilikləri ibtidai səviyyədə mənimsəyibsə, o zaman çox mürəkkəb və ağır imtahan mexanizminə ehtiyac qalmadan da şagirdləri fərqləndirib universitetlərə qəbul etmək mümkündür.
Məsələn, sualları sadələşdirib sistemi 3–5 il sabit saxlasaq və keçid balı 150 deyil, 300–400 olsa, nə dəyişər? Otuz ildir ki, bu sahədə çalışıram, abituriyentlər üçün ən çox oxunan kitabların müəlliflərindən biriyəm. Çox yaxşı bilirəm ki, istənilən sualı elə hazırlamaq olar ki, ən güclü şagird belə 3–5 sualı yaza bilməsin və ya əksəriyyət 50 faizdən yuxarı nəticə göstərsin. Kitabı qaza-qaza ən xırda detala qədər mübahisəli suallar hazırlamaqla biz gənclərin real potensialını ortaya çıxara bilmərik.
Etibar Həsənzadə GLOBAL RED CARPET mükafatına layiq görülmüşdür
Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat vermişdir.
Mənimdə fəaliyyətimi dəyərlsndirdiyinə görə Caspian Events Groupun rəhbərliyinə təşkilat komitəsinə əməyi keçən hər kəsə və məni layiqincə təmsil etdiyinə görə dəyərli dostum Ganjavi Holdingin Prezidenti Elşən Gəncəvi bəyə təşəkkürümü bildirirəm. Allah ömür versin Allah razı olsun sizlərdən var olun. Qeyd edək ki Caspian Events Group tərəfindən Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olunan Global Red Carpet layihəsində müxtəlif ölkələrdən iş dünyası və yaradıcı sahələrin uğurlu nümayəndələri bir araya gəlib. Tədbirin əsas məqsədi beynəlxalq əməkdaşlıqları gücləndirmək, uğurlu fəaliyyətləri qeyd etmək və yeni iş imkanları yaratmaq olub.
Layihə çərçivəsində fərqli sahələrdə fəaliyyət göstərən təşkilatlar və layihələr beynəlxalq mükafatlarla təltif olunub. Tədbirdə iştirakçılar kənd təsərrüfatından tutmuş yaradıcılıq və dizayn sahələrinə qədər geniş spektrdə uğurlu iş nümunələrini nümayiş etdiriblər.
Global Red Carpet layihəsi beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və müxtəlif sahələrdəki uğurların tanıdılması məqsədilə hər il bir çox iştirakçını bir araya gətirir və onların fəaliyyətlərini prestijli mükafatlarla qeyd edir.
TƏBRİK EDİRİK! Taksi,gəncliyimə apararmısan, Keçmiş ünvanları arıyarmısan, Bircə gün,bircə an geri dönsəydim.. Zamanın hökmünü sındırarmısan? A N A R
14.03.2026 Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, nasir, tərcüməçi, ssenarist, rejissor, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı A N A RIN doğum günüdür. Anar Rəsul oğlu Rzayev 14 mart 1938-ci ildə Azərbaycanın dəyərli şəxsiyyətləri Rəsul Rza və Nigar Rəfibəyli ocağında dünyaya göz açıb. A N A R müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edirik! Allahdan çox hörmətli, dəyərli yazıçımıza möhkəm cansağlığı və uzun ömür-ürəyi istədiyi qədər ömür diləyirik!
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Anarın 88 yaşı tamam olur. Anar müəllim ədəbi-bədii yaradıcılığını ictimai-siyasi fəaliyyəti ilə uzlaşdıra bilən nadir şəxsiyyətlərdən biridir. Anar müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona bərəkətli ömür, cansağlığı arzulayıram.
ARİSTOKRAT YAZIÇIMIZ ANARIN 88 yaşına SIRAVI OXUCU TƏBRİKİ
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, xalq yazıçısı Anar Rzayevin 88 yaşı tamam olur. Uzun illərdir ki, onun adı Azərbaycan nəsrinin, milli ədəbiyyatımızın və mədəni mühitimizin ən parlaq simvollarından biri kimi çəkilir. Anar təkcə yazıçı deyil – o, bütöv bir ədəbi məktəbin, düşüncə tərzinin və mənəvi ənənənin davamçısı olmaqla yanaşı , həm də xalqın qayğı daşıyıcısıdır. Azərbaycan ədəbiyyatı tarixində nadir hallarda rast gəlinən bir ailə fenomeni də məhz Anarın taleyinə yazılıb. Onun doğulduğu və böyüdüyü ailə sözün həqiqi mənasında ədəbiyyat ocağıdır. Bu böyük ailədə altı yazıçı yetişib: atası – görkəmli şair Rəsul Rza, anası – incə lirikanın tanınmış nümayəndəsi Nigar Rəfibəyli, özü – xalq yazıçısı Anar, qızı Günel Anarqızı, oğlu Tural Anaroğlu və nəvəsi Anar. Bu, təkcə bir ailənin deyil, bütöv bir ədəbi ənənənin nəsildən-nəslə keçən canlı davamıdır. Sözün, fikrin, bədii düşüncənin belə təbii şəkildə varislik qazanması Azərbaycan ədəbiyyatında nadir hadisədir. Anar müasir dövrümüzün ən məşhur yazıçılarından biri hesab olunur. Onun yaradıcılığı Azərbaycan nəsrində yeni nəfəs, yeni üslub, yeni düşüncə tərzi formalaşdırıb. Yazıçının əsərlərində insan taleyi, mənəvi seçim, zamanın dəyişən dəyərləri, sevgi və vicdan kimi mövzular dərin fəlsəfi çalarlarla təqdim edilir. Bu əsərlər oxucunu təkcə hadisələrin axarına aparmır, həm də insanın daxili aləminə, mənəvi dünyasına işıq salır. Onun ən məşhur əsərlərindən biri olan “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı Azərbaycan nəsrində xüsusi yer tutur. Bu əsər təkcə sevgi hekayəsi deyil; o, insan münasibətlərinin, mənəvi məsuliyyətin və zamanın yaratdığı psixoloji çətinliklərin bədii təhlilidir. Roman uzun illərdir ki, müxtəlif nəsillərin oxucuları tərəfindən maraqla oxunur və hər dəfə yeni mənalarla yenidən kəşf olunur. Anarın ədəbi nüfuzu yalnız yazdığı əsərlərlə məhdudlaşmır. O, uzun illərdir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri kimi milli ədəbiyyatın inkişafında mühüm rol oynayır. Çoxlarının tənqid atəşinə tutduğu bu vəzifə onun ədəbiyyata və söz sənətinə olan məsuliyyətini daha da artırıb. O, bir tərəfdən ustad yazıçı kimi yaradır, digər tərəfdən isə gənc qələm sahiblərinin yetişməsinə, milli ədəbi mühitin qorunmasına və inkişafına xidmət edir. Anar Azərbaycan xalqını, onun incəsənətini və mədəniyyətini yalnız əsərləri ilə deyil, həm də şəxsiyyəti ilə təmsil edən ziyalılardandır. Onun sadəliyi, xeyirxahlığı və təbii aristokratlığı hər kəs tərəfindən hörmətlə qarşılanır. O, sözün əsl mənasında Azərbaycan ziyalısının klassik obrazını yaşadan nadir şəxsiyyətlərdəndir. Ustad yazıçının qələmi təkcə bir müəllifin yaradıcılıq aləti deyil. Bu qələm xalqın yaddaşını, tarixini, mənəviyyatını və ədəbi irsini qoruyan bir söz missiyasını daşıyır. Anarın əsərlərində Azərbaycan insanının düşüncəsi, mənəvi dünyası, sevinci və kədəri bədii dillə əbədiləşir. Məhz buna görə də onun yaradıcılığı zamanın sınağından çıxaraq oxucuların yaddaşında yaşayır. Bu gün 88 yaşını qeyd edən ustad yazıçıya baxanda insan bir daha anlayır ki, əsl ədəbiyyat zamanla köhnəlmir. O, yeni nəsillərin düşüncəsində yenidən doğulur. Anarın yaradıcılığı da məhz belədir – o, dünənin, bu günün və sabahın ədəbiyyatıdır. Sevimli xalq yazıçımız Anar Rzayevə ən səmimi təbriklərimizi çatdırırıq. Ona Allahdan möhkəm cansağlığı, uzun ömür və yeni-yeni əsərlər arzulayırıq. Çünki onun qələmi yalnız bir yazıçının qələmi deyil – xalqın yaddaşını və mənəviyyatını qoruyan sözün qələmidir. O, sözün həqiqi mənasında xoşbəxt insandır.
Bir daha Təbriklər, BÖYÜK İNSAN- ŞƏXSİYYƏT- ANAR!!! Hörmətlə: Əlövsət Qaraca
Haraya gedibsə, harada olubsa geri dönəndə özüylə apardığı Azərbaycan sevgisini orada qoyub qayıdıb, olduğu yerdə vətənini sevdirə, ləyaqətlə təmsil edə bilib. Gələndə isə Azərbaycana gətirdiyi qızıl medallar, müxtəlif mükafatlar olub. Bəli, o olan yerdə həmişə Azərbaycanın adı zirvələrə ucalıb, sırada birinci sadalanıb…
Çox gözəl insandır. İllərlə “sehirli qutu”dan izləyən milyonlarla tamaşaçı kimi, mən də onun nitq mədəniyyətinin, düşüncə tərzinin, müdrikliyinin vurğunuyam. Heç bir çıxışı bir-birinə bənzəmir. Hər birinin öz gözəlliyi, öz məntiqi, öz məzmunu var. Lap elə milli kulinariyamızdakı təamların dadı kimi…
Tahir Əmiraslanov- Azərbaycan kulinariyasını dünyada tanıdan görkəmli şəxsiyyət, böyük insan. Adı gələndə adam heyrətini saxlaya bilmir, el diliylə desək:- belə insanların qadasını alım. Bu cür vətən oğlunu necə sevməyəsən? Bütün varlığı sevgidən yoğrulub, eşqə bələnib. Bax, elə bu sevginin gücüdür ki, Azərbaycan mətbəxini bütün dünyaya sevdirə bilir…
O, 1958-ci il martın 14-də Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya gəlib. 1975-ci ildə Gəncədə 39 saylı orta məktəbi bitirib. 1975-1976-cı illərdə Gəncə Toxuculuq fabrikində fəhlə işləyib. 1978-ci ildə ordudan təxris olunduqdan sonra 1979-cu ilədək Leninqradda tikintidə bənnalıq edib. 1979 ildə Leninqrad Sovet Ticarəti İnstitutununa qəbul olunub. 1984-cü ildə ali təhsilini uğurla başa vuraraq, peşəkar iaşəçi-kulinar, mühəndis-texnoloq ixtisasına yiyələnib.
Tarix üzrə fəlsəfə doktorudur. Gürcüstan Universitetinin professorudur. Gürcüstan Millı Elmlər Akademiyasının və Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. Əməkdar mədəniyyət işçisi fəxri adına və “Şöhrət” ordeninə layiq görülüb…
Milli mətbəximizin inkişafında, süfrə mədəniyyətinin qorunmasında, unudulan xörəklərin bərpasında, təbliğatında, elmi təşəkkülündə və praktikada tətbiqində müstəsna xidmətləri olub…
Bu gün Azərbaycan kulinariyasında Tahir Əmiraslanov zirvəsi var. Möhtəşəm, əlçatmaz bir zirvə. O zirvəni qorumaq lazımdır. Amma ötən illərdə ona lazımsız təzyiqlər göstərildi və uzun illər beynəlxalq yarışlarda milli mətbəximizi yüksək səviyyədə təqdim etməyi bacaran bu adama, dəstək vermək əvəzinə, sıradan çıxarmağa nail oldular. 64 yaşı olmasına baxmayaraq, yəni təqaüd yaşına bir il qalmış, onu tutduğu vəzifədən çıxardılar. Bir ağıllı adam tapılıb demədi ki, ölkədə 65 yaşından yuxarı o qədər işləyənlər var ki… Məsələn, elə AMEA-da çalışan akademikləri götürək. Məgər Tahir Əmiraslanov o akedemiklərdən ölkəyə azmı mənfəət gətirib, ölkəni azmı tanıtdırıb? Əsla yox! Əksinə, Azərbaycan mətbəxini dünyada təbliğ edir, mübahisəli xörəklərimizə sahib çıxır, Azərbaycana aid olduğunu dünyaya sübut edir. İş o yerə çatıb ki, o, vəzifədən uzaqlaşdırılandan sonra Azərbaycan Milli Klinariya Mərkəzi irəli yox, xeyli geriyə gedib. Məsələn, 2022-ci ilin sonunda erməni nümayəndə heyəti, son 30 ildə ilk dəfə olaraq, Lüksenburqda keçirilən yarışlarda qızıl medala yox, medallara layiq görülüblər…
Martın 14-ü Tahir Əmiraslanovun doğum günüdür, 68 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı, firəvan həyat arzulayıram…
Sehrli aləm Biri var idi, bir yox idi. Böyük qəsəbənin kiçik məhəlləsində bir-birindən heç ayrılmayan, həmişə birgə oynayan, günün asudə vaxtlarını bir yerdə keçirən dörd dost var idi. Mehriban dostlar: Şəms, Nuray, Ümid və İnam adları uyğun-biri günəş kimi istiqanlı, biri ay işığıtək dostların ürəyinə işıq saçan, biri dostları ümidsiz olanda onları ümidsiz olmağa qoymayan, biri də hər dostun inandığı, güvəndiyi dost idi. Yenə dostların vaxtlarını birlikdə keçirdikləri günlərdən biri idi. Həmişəki kimi evlərinə yaxın meydançada topla oynayırdılar. Birdən Ümid topu meydançadan kənara atdı və top meydançanın yanındakı ağaclığa düşdü. İnam topun arxasıyca getmək istədi, amma ərindi. Gözü bir anlıq Şəms və Nuraya sataşdı. Onlara səsləndi: -Həmişə top meydançadan kənara düşəndə mən gedirəm, bir dəfə də siz gedin də. Elə ancaq söhbət etməyi bilirsiniz. Bunu eşidən Ümid İnama əsəbiləşərək: -Qızları niyə top arxasıyca göndərirsən, özüm atmışam özüm də gətirəcəm, -dedi. Ümid topun arxasıyca ağaclığa tərəf yeridi.Biraz getmişdi ki, böyük , qoca ağacın yanında atdığı topu gördü.Qaçıb götürmək istəyəndə gözlərinə inanmadı. O topa doğru addım atdıqca top ağacdakı oyuğa doğru yuvarlandı. Bir anlıq təəccüb içində düşündü ” Necə ola bilər axı? Əl-ayaq vurmasan, tərpənməyən top niyə oyuğa doğru yuvarlansın ki?” Bu düşüncələrlə dostlarının yanına qayıtdı. Gördüklərini onlara danışdı. Dostlar inanmaq istəmədi, hətta Şəmsin “Bu qədər də yox da, ay Ümid, ola bilməz. Bilirik, yalan danışan deyilsən, amma ola bilsin külək hərəkət etdirib topu, yoxsa sən ona doğru gedəndə niyə yuvarlansın ki? “deməsindən ürəyində incidi də. Uşaqlara səsləndi: -Gəlin, birlikdə gedib baxaq, onda bəlkə inanarsınız. Dostlar ağaclıqdakı ağaca doğru yol aldılar. Ağaca çatanda oyuğa təəccüb və maraqla tamaşa edirdilər. Qəribə oyuq idi. Təbiətin bu sirli möcüzəsi nə idi görəsən? Top oyuğun düz kənarında idi. Ümid birazca da yaxınlaşıb topu götürmək istərkən top oyuğa doğru yuvarlanıb oyuqdan içəri keçdi. Ümid dostlara çevrildi, bir anlıq baxışlar dostlara sanki ” Gördünüzmü? ” deyirdi. Ümid yarı həyacanlı, yarı qayğılı halda : -Hə, nə deyirsiniz, dostlar, gəlsənə girək oyuğa görək nə var?, deyə dilləndi. Maraqlı mübahisə başladı. Həmişə nədəsə gözləməyə üstünlük verən səbirli Şəms bir az da gözləməyi, hər şeyə həddindən çox maraq göstərən Nuray dərhal içəri girməyi, tərəddüd içində olan İnamsa qəti qərara gələ bilmirdi. Ümid özünə güvənərək, irəli atıldı. Dostlarının belə qətiyyətini görən digər dostlar da oyuğa girdilər. Qarşılarına qapı çıxdı. Nurayın təəccüb dolu səsi eşidildi “Aaa, bu nədir, nə gözəl qapıdır, bəzəkli, naxış dolusu” Ümid qapıya toxunub qapını açdı. Dostlar içəri daxil oldular. Nə gözəl yer idi bura. İçəridə güllü pərdələr, işıqlı tavan, dəyirmi masa, divarlarda izlədikləri gizgi filmlərindəki qəhrəmanların şəkilləri. Nağıllar aləmi idimi bura, ya hansısa sirli dünya idimi? Havada əşyalar: kitablar, rəngli karandaşlar, oyuncaqlar, rəsm vərəqlərin uçuşu, əşyalar anidən yox olur, yenidən peyda olub uçmağa davam edirdi. Bəzən bu uçuş qəribə rəqs yaradırdı sanki. Şəms qeyri-ixtiyari ” Ora baxın, uşaqlar, itirdiyim kitab, tapdım uraaa”deyib kitaba doğru yürüdü. Ancaq kitab gözdən itdi. “Axı mən o kitabı çox xoşlayırdım” deyib ağlamağa başladı. Ümid çoxdandır itirib tapa bilmədiyi şahmat füqurunu, Nuray rəngli qələmlərini, İnam anasının ona ad günündə aldığı oyuncaq maşınını gördü. Ancaq heç biri itirdiklərini əldə edə bilmədi. Bu sehrli aləmdə dayansınlarmı, getsinlərmi bilmədilər. Hər kəs kefsiz dayanmışdı. Sanki o şən uşaqlardan əsər-əlamət yox idi. Birdən qapı açıldı. İçəri üzündən təbəssüm, gözlərindən sevinc yağan ağbirçək qarı, nurani nənə daxil oldu. Uşaqlara gülümsünərək: -Həə, gözəl balalar, axır ki, gəldiniz. Mən də sizin yolunuzu gözləyirdim, – dedi. İtirdiyiniz əşyalar sizdən şikayət edirlər, ha. Deyirlər onlar bizi sevmir yəqin, ona görə bizi qoruya bilmirlər, itirirlər.Görürsünüzmü, havada tutmaq istəyirsiniz, amma olmur. Çünki sizdən küsüblər. Şəms qarı nənəyə gözləri dolmuş halda: -Nənəcan, indi necə edək, itən əşyalarımızı istəyirik, bilirsinizmi necə darıxmışıq?, – deyə səsləndi. -Bilirəm, mənim gözəl balalarım, bilirəm. Əşyalarınız sizə çatacaq, narahat olmayın, amma bir daha itirməyin. Axı siz ağıllı uşaqlarsınız. Əşyalar bir anda uşaqların ovuclarında dayandı. Ağbirçək nənə təbəssümlə, mehribancasına uşaqların başlarını sığallayıb ” İndi isə gedə bilərsiniz “deyib onları evlərinə yola saldı … Uşaqlar qayıdarkən meydançada bir vərəqi küləyin həzin mehiylə yelləndiyi gördülər. “Yenə hansımız bu vərəqi itirmişik? “, deyərək meydançaya doğru qaçdılar. Vərəqə çatdıqları an gözlərinə inanmadılar. Vərəqdə “Əşyalarınızı qoruyun, çünki onları itirəndə, bəzən, yalnız sehrli dünyalar tapa bilir “yazılmışdı. Uşaqlar gülümsündü. Bu hadisənin üstündən illər keçdi. Dostlar Nurayın ad günü münasibətilə toplaşmışdılar. Şəms “Uşaqlar, gedək uşaqlığımın gözəl anlarının keçdiyi meydançaya, xatirələr yada düşsün” deyə səsləndi. Uşaqlar illər öncəki uşaq şıltaqlığıyla meydançaya gəldilər. Bir anda gözləri bir zamanlar sehrli aləmə düşdükləri ağaclığa sataşdı. “Görəsən, o sehrli aləm yenə varmı, o gülərüz, qayğıkeş qarı nənə yenə yaşayırmı?”, deyə astadan pıçıldadılar.