Vaqif Mustafazadə 16 mart 1940-cı il

Vaqif Mustafazadə 16 mart 1940-cı il

Vaqif Mustafazadə 16 mart 1940-cı ildə Bakıda, İçərişəhərdə anadan olub. Atasının ölümündən sonra Vaqifin tərbiyəsi ilə anası məşğul olur.

4 yaşında pianoya maraq göstərməyə başlayır.

1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (indiki kollec) bitirib.

1964-cü ildən “Orero” ansamblına, “Leyli” və “Sevil” qadın vokal-instrumental, həmçinin “Muğam” instrumental ansambllarına rəhbərlik etmişdir. 1965-ci ildə isə Gürcüstan Dövlət Filarmoniyasında “Qafqaz” caz triosunu yaradıb.

O, “Tallin-66” və “Tbilisi-78” Ümumittifaq caz festivallarının laureatı olmuşdur.

1966–1967-ci illərdə festivallarda Gürcüstanı təmsil edən Vaqif Mustafazadəni 1968-ci ildə mədəniyyət naziri, bəstəkar Rauf Hacıyev Tiflisdə görür və Azərbaycana işləməyə dəvət edir.

1979-cu ildə Azərbaycan SSR-in əməkdar artisti adını alır. Beləliklə, o, SSRİ-də əməkdar artist adını alan ilk caz ustası olur.

Onun “Muğam” simfoniyası tamamlanmamış qalır.

Vaqifin ifasını dinləyən amerikalı blyuz gitaraçısı və müğənni B.B. Kinq ayağa qalxaraq belə nida etmişdi: “Cənab Mustafazadə, mən bizim musiqini sizin ifa etdiyiniz kimi ifa etmək istəyirəm”.

Müğənni və aktyor Vaxtanq Kikabidze Vaqifi belə təsvir edirdi: “Bəstəboylu, dolu bədənli, lopabığ olduğuna görə mən ona ‘Şah Abbas’ deyirdim. Əsl Azərbaycan oğlu! Barmaqları qısa idi. Oturub ifa etməyə başlayanda hamının təəccübdən gözləri kəlləsinə çıxırdı. ‘Amerikanın səsi’ onun ifalarını tez-tez yayımlayırdı… Birdən yadıma düşəndə inana bilmirdim ki, belə böyük bir musiqiçi bizimlə işləyirdi. Demək istəyirəm ki, Sovet İttifaqında yaşamasaydı, hələ o vaxtlar caz sahəsində dünyanın ən böyük pianoçularından biri ola bilərdi”.

Bir dəfə Vaqifin triosu çıxış edəndə amerikalı caz prodüseri Uillis Konover heyranlığını gizlədə bilməmişdi. O, “bravo, bravo!” deyə qışqırırdı. Konover deyirdi ki, bu, onun indiyə qədər eşitdiyi ən lirik musiqidir. O, festivalda Vaqifə imzaladığı bir neçə valları (plastinkaları) bağışladı.

1979-cu ildə qızına həsr etdiyi “Əzizəni gözləyərkən” əsəri ilə Monakoda keçirilən caz müsabiqəsinin qalibi olur. O, bu festivaldan vətəninə “Ağ Royal” mükafatı ilə qayıdır.

16 dekabr 1979-cu ildə Daşkənddə konsert verərkən səhhəti pisləşir. Buna baxmayaraq, o, sona qədər musiqini ifa edir.

Onun səhnədə ifa etdiyi son əsər amerikalı bəstəkar Corc Gerşvinin “The Man I Love” (“Sevdiyim adam”) mahnısı idi.

Fasilədə onu xəstəxanaya çatdırırlar. Həyat yoldaşı Elza xanım Vaqifin son anlarını belə təsvir edir: “Vaqif gözünü açdı. Dedim: ‘Vaqif, bu gün bir az düzəl, sabah, Allah qoysa, gedirik’. Vaqif ‘yaxşı’ deyərək başını çevirdi və vəfat etdi”. O, ürək tutmasından vəfat etmişdi.

Vaqif vəfat edəndən sonra Uillis Konover “Amerikanın Səsi” radiosunda apardığı caz verilişində Vaqif Mustafazadənin vəfatını dünyaya duyurmuşdu.

VAQİF MUSTAFAZADƏ deyirdi ki, öz musiqi taleyindən çox razıdır. O, musiqidə özünü, öz simasını tapmışdı.

Yazarlar.az olaraq, doğum günündə ustad sənətkarı rəhmətlə anırıq. Ruhu şad olsun.

Məlumatı hazırladı: Leyla Mahirqızı

TƏRANƏ DƏMİRİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şamil Həsən – AYB MİNGƏÇEVİR BÖLMƏSİ

AYB MİNGƏÇEVİR BÖLMƏSİ

15.03.2026-cı il tarixində AYB Mingəçevir bölməsinin yazıçılarının növbəti yaradıcılıq görüşü keçirildi. Əvvəlcə ustad İsmayıl İmanzadə şair Əhməd Əfsunun Azərbaycan Yazıçılar Birliyinə üzvlük vəsiqəsini təqdim etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı, həmçinin qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə bölmə yazıçılarını səmimi qəlbdən təbrik etdi.
Daha sonra şairlərdən Mikayıl Yusif, Bəhman Gülövşəli, Ağabala Salahlı, Mahir Musa, Rəşid Rəsulov, Mehman Rəsulov, Namiq Zaman, Eldəniz Cəfəroğlu və Əhməd Əfsun müxtəlif mövzularda qələmə aldıqları şeirlərini səsləndirdilər.


Nəhayət, gənc yazıçılardan Nicat Hunalp yeni şeirlərini və Şamil Həsən yeni essesini oxuyaraq tədbiri başa çatdırdılar.

Məlumatı hazırladı: Şamil HƏSƏN
AYB Mingəçevir bölməsinin mətbuat katibi

ŞAMİL HƏSƏNİN DİGƏR YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Təranə Demirin yeni kitabı işıq üzü görüb

TƏRANƏ DƏMİRİN YENİ KİTABI

Şair-publisist Təranə Dəmirin poema və şeirlərdən ibarət yeni kitabı işıq üzü görüb. “Qırmızı xətt” adlı bu kitabda yazarın son ildə yazdığı şeirləri və “Ömrün beşinci fəsli” adlı poeması yer alıb. Kitab “PAN” nəşriyyatında ərsəyə gəlib. Kitabın redaktoru AYB və AJB-nin üzvü, şair-publisist Zabil Pərvizdi.

Yazarlar.az olaraq, biz də öz növbəmizdəTəranə Dəmiri təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Leyla Mahirqızı

TƏRANƏ DƏMİRİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Ov” – xəcaləti

Əzizağa (Ələkbərli) ELSEVƏR

Düz 30 il idi ki, soyad sonluğumda -ov xəcalətini üstümdə gəzdirirdim. Hər il Universitetdə dərs dediyim tələbələrimin ad sonluğuna baxanda dəyişikliklərin müsbətə doğru artdığını görüb sevinirdim. Elə ailəmdə də uşaqlarımın soyadlarını dəyişdirmişdim. Bu da mənə bir təsəlli idi.Ancaq öz-özümə içimdə həmişə bir sual verirdim: Bəs sən, sən özün niyə hələ də soyadını dəyişdirməmisən, hələ də soyadının sonluğunda -ov sonluğunu əzizləyə-əzizləyə saxlamısan? Bu 30 il ərzində üç dəfə dəyişdirməyə calışmışam. İlk dəfə Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 fevral tarixli 495 saylı qərarı mətbuatda dərc olunan günün səhərisi Yasamal rayonunun (onda hələ səhv etmirəmsə, Oktyabr rayonu idi) Nizami metrosunun yaxınlığındakı Vətəndaşlığın qeydiyyatı şöbəsinə müraciət etdim.Orda elə bir ironiya ilə qarşılaşdım ki, düzü o anı xatırlayanda məmurlarımızda heç olmasa iynənin ucu boyda milli hissin olmamasına görə çox təəssüf hissi keçirdim. “Rəhmətliyin oğlu, millət nə hayda, sən nə hayda! Soyadını dəyişəndə nə dəyişəcək ki?!” Millətin nə hayda olduğunu bilirdim, ancaq belə soyuqqanlı, rusbaşlı, rus düşüncəli məmurlarımızın idarələrimizdə oturub, hələ də naftalin düşüncəsi ilə yaşadığını, “bəlkə də qaytardılar?” havasına kökləndiyini bu dərəcədə bilmirdim. İkinci dəfə 2010-cu ildə müraciət edəndə doğum şəhadətnaməsi mütləq vacibdir dedilər. Həmin vaxtdan doğum şəhadətnaməsinin axtarışı bu günlərdə səmərəsini verdi. 1984-cü ildə şəhərə gəlmişdim.O vaxtdan kimin yadına doğum şəhadətnaməsi düşürdü ki?! Bir də o vaxtlarda lazımsız bir sənd kimi idi, kimə və nəyə lazım idi ki?! Nəhayət yaxın günlərdə doğum şəhadətnaməsini tapmağıma görə çox sevindim.Nəhayət uzun illərdən sonra ƏLƏKBƏROV soyadını ƏLƏKBƏRLİ ilə əvəzlədim. Bilirdim, ömürdən bu qədər qazandığım sənədlər, diplomlar köhnə soyadla yazıldığı üçün gərək yeni soyadımı təsdiqləyən Arayışı həmişə yanımda gəzdirməli olacam. Yaxud hansısa bürokrat yeri gələndə bəlkə də məzələnib Arayışın notariat qaydasını da istəyə biləcək.Eybi yoxdur , qoy nə qədər çətinlik, ya hansısa problem olursa olsun! Əsas odur ki, soyadımı rus çirkabından təmizlədim. Həmişə bu fikir mənə ağır gəlirdi ki, niyə Ermənistanda, Gürcüstanda, Pribaltika ölkələrində yox, məhz bizdə və digər türkdilli respublikalarda məcburi şəkildə Moskvanın göstərişi ilə, özü də millətin rəyini soruşmadan soyadı sonluğunu dəyişdirmişdilər. Bu soyadı sonluğunu 3 SAYLI “ASAN XİDMƏT”ində bir həftəyə dəyişdirdilər. Sağ olsunlar, bir manat belə xərc çıxmadan çox böyük sayğı ilə bunu etdilər. Söhbət əsnasında bir məsələni də öyrəndim ki, valideyinlərin bəziləri hələ də köhnə soyad sonluğunu, könüllü olduğu üçün, övladlarının soyadlarında hələ də saxlayırlar. Məgər o vaxt Moskva bizim soyad sonluğumuzu -ov, – yev edəndə bizdən soruşmuşdu ki, sən razısan, ya yox?! Qətiyyən soruşmamışdı! İndi biz müstəqillik dövründə bu ləkəni üstümüzdə hələ də niyə saxlamalıyıq? Bəlkə valideyinlərin çoxusu bunun mahiyyətini yaxşı bilmir, ona görə də köhnə düşüncədən əl çəkmirlər? Vətəndaşlıq aktlarını qeydiyyata alan orqanlar həmin valideyinlərlə niyə söhbət aparmasın? Niyə bunun mahiyyətini aydınlaşdırmasın? Gərək hər bir insanın içində vətəndaşlıq duyğusu olsun!Biz, Allaha çox şükür ki, müstəqil dövlətçiliyə sahibik! Gəlin dövlətimizin arxasında dayanaq, özümüzə, söyumuza, kökümüzə qayıdaq! Vallah, özümüzə qayıdanda ancaq böyük ola bilərik!

MÜƏLLİF: Əzizağa (Ələkbərli) ELSEVƏR

ƏZİZAĞA ELSEVƏRİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İLİN AXIR ÇƏRŞƏNBƏSİ: “TORPAQ”, YOXSA “YEL?

İLİN AXIR ÇƏRŞƏNBƏSİ: “TORPAQ”, YOXSA “YEL?

“OKSİGENSİZ HƏYAT OLA BİLMƏZDİ, BUNA GÖRƏ DƏ AXIRINCI KÜLƏK ÇƏRŞƏNBƏSİDİR” –

“KREDO” QƏZETİNİN BAŞ REDAKTORU Əli Rza Xələfli ÇƏRŞƏNBƏLƏRİN DÜZÜLÜŞÜ İLƏ BAĞLI FİKİRLƏRİ ŞƏRH EDƏRKƏN ONUN ELMİ VƏ MƏNTİQİ ƏSASLARI BARƏDƏ DANIŞIB

Novruz bayramı və ilin axır çərşənbələri ilə bağlı yalnız elmi tədqiqatla məşğul olan folklorşünaslar və etnoqraflar deyil, elmi təfəkkürlü ziyalılar da inandırıcı, qiymətli fikirlər söyləmişlər. Bu baxımdan ədəbiyyatşünas, şair-publisist Əli Rza Xələflinin düşüncələri maraqlıdır və qoyulmuş problemin həlli baxımından əhəmiyyət kəsb edir. O, haqlı olaraq qeyd edir ki, Novruz bayramı məsələsi tarixən Şərq xalqlarının, xüsusilə Azərbaycan xalqının, Qafqaz Albaniyasının ərazisi ilə sıx bağlıdır. Atropatena və Qafqaz Albaniyası ərazisində Novruz bayramının tarixi qaynaqlarda necə keçirilməsi ilə bağlı fikirlər bu gün də öyrənilməkdədir. Novruzun, xalqın ulu keçmişindən üzü bəri onun yaddaşında yaşayıb günümüzə qədər gəlib çıxması ortada olan gerçək faktdır. Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” roma-nında, Zərdüştlə bağlı materiallarda, bir çox mənbələrdə, Novruz adət-ənənələrində bu və ya digər şəkildə öz təsirini qoruyub saxlayır. Bəzi tədqiqatçıllar Novruzu daha çox atəşpərəstlərlə bağlayıb türk ruhundan kənarlaşdırmaq istəyirlər. Mənə elə gəlir ki, bu düzgün deyil. Çünki tarixən bu yerlə, bu yurdla bağlı olan Novruzun elə bu xalqın ulu keçmişində yeri olduğunu heç kim dana bilməz. Novruzla bağlı düşüncə materialları onun tarixinin çox qədim olduğunu göstərir. Çox təəssüf ki, İslam dini gələndən sonra Novruzu qadağan edə bilməsə də, ona dini mahiyyət verməyə, dini don geydirməyə çalışır. Bax, bu əslində xalqı yaddaşsızlaşdırma təşəbbüsüdür. Novruza nə qədər dini don geydirsələr də, o milli ruhunu qoruyub saxladı. Çünki İslamdan xeyli əvvəlki dövrlərə, ta-rixlərə bağlıdır. Mən indiyədək Novruzla əlaqədar müxtəlif yazılar yazmışam. “Novruzda 7 tonqal qalanır” adlı yazı ilə bağlı professor Azad Nəbiyev mənə zəng edib soruşmuşdu ki, niyə 7 tonqal? Dedim birinci tonqala Yalançı Çərşənbə deyirlər. 2-ci tonqal sadalanan 4 çərşənbədir (Su, Od, Torpaq, Yel). Digəri yeni il, yəni “Yaz günü” axşamı qalanan tonqaldır. Bir tonqal isə səhər tezdən qalanır. Həmin yazıda çərşənbələrin adları ilə bağlı fikirlərimi, mülahizələrimi də bölüşmüşdüm. 4 çərşənbə həyatın 4 elementi, 4 ünsürü ilə əlaqəlidir. Yəni, Su, Od, Torpaq və Hava (Yel). Burda xüsusi ardıcıllıq var. Novruz ümumiyyətlə, yaradılış bayramı olduğuna görə, türk xalqlarında bir Yaradılış mifi də var. Yaradılış bayramı olduğuna görə burda həyatın əmələ gəlmə prosesi məntiqi ardıcıllıqla özünü göstərir. Suyun, həyatın əmələ gəlmə prosesində ilkin olduğu anlamına baxaq. Bir çox planetləri şərh edəndə onların buz təbəqəsindən ibarət olduğunu qeyd edirlər. Həmin buz təbəqəsi eyni zamanda Yer planetinə də aid edilir. Bu, həya-tın ilkin əsasının sudan ibarət olamsı anlamına gəlir. Sonra Yerin maqması, Yerin dərinliklərində gedən odlu proseslər – qızma prosesi üzə çıxır və bu müxtəlif vulkanlarla müşayiət olunur, buzlar çatlamağa, əriməyə başlayır. Sonra buxarlanmalar, daha sonra torpağın üzə çıxması prosesi gedir. Nəha-yət, həyatın əmələ gəlmə prosesində oksigenin rolu ortaya çıxır. Deməli, axırıncı ünsür əslində küləkdir, yeldir, yəni havadır. Osigensiz həyat ola bilməzdi axı. Buna görə də axırıncı Külək Çərşənbəsi – Yel Çərşənbəsidir. Ab, Atəş, Xak, Bad. Bu ardıcıllıq, bu sıralanma Azərbaycan şifahi xalq ədəbiyyatında nağıllarda və miflərdə də qorunub saxlanılıb. O cümlədən Dirili Qurbanidə. Qurbanini bəzən aşıq kimi xarakterizə edirlər, ancaq Dirili Qurbani xalq mütəfəkkiridi, el şairidi, ozandı, qopuzla saz arasındakı mərhələdə – saza keçiddə Qurbaninin əvəzsiz xidmətləri vardır. Yəni, sazı da kifayət qədər mənimsəmiş mütəfəkkir sənətkardır. O deyir: Ay ağalar, dərdim yaman artıbdı, Çərxi-fələk eldən daşım atıbdı, Səkkiz şeydi, bu dünyanı tutubdu, Abu, atəş, xakü, baddı, dördü nə? Bir şerində də “dünyanın məhəbbəti dörd kitabdadır”- deyən şair yenə həmin fikrə qayıdır, yəni dünyanın dörd ünsürdən (su, istilik, torpaq, hava) təşəkkül tapması fikrini irəli sürüb.

Məlumatı hazırladı: Leyla Mahirqızı

ƏLİ RZA XƏLFƏLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Həcər Atakişiyeva yazır

AZƏRBAYCAN ƏDƏBİYYATŞÜNASLIĞINDA BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN ROLU

          XX əsrin əvvəlləri türk xalqlarının elmi və mədəni həyatında mühüm dəyişikliklər dövrü kimi xarakterizə olunur. Bu dövrdə türk xalqlarının dili, ədəbiyyatı, tarixi və mədəni irsinin sistemli şəkildə öyrənilməsi istiqamətində geniş elmi fəaliyyətlər başlanmışdır. Bu prosesin ən mühüm hadisələrindən biri 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay olmuşdur. Qurultay türk dünyasının müxtəlif ölkələrindən olan alimləri bir araya gətirərək türk dillərinin, ədəbiyyatının və mədəniyyətinin elmi əsaslarla tədqiqinə yeni istiqamətlər vermişdir. Bu mühüm elmi toplantı Azərbaycan elminin, xüsusilə də ədəbiyyatşünaslığın inkişafında mühüm rol oynamışdır. Birinci Türkoloji Qurultay 1926-cı ilin fevral–mart aylarında Bakı şəhərində keçirilmişdir. Qurultayda Sovet İttifaqının müxtəlif bölgələrindən, eləcə də Türkiyə və Avropadan gəlmiş alimlər iştirak etmişdir. Qurultayın əsas məqsədi türk dillərinin inkişaf perspektivlərini müəyyənləşdirmək, türk xalqlarının ortaq elmi problemlərini müzakirə etmək, elmi terminologiyanı sistemləşdirmək və zəngin türk ədəbi irsini araşdırmaq idi. Qurultayda dilçilik məsələləri ilə yanaşı, türk xalqlarının ədəbiyyatı, folkloru və mədəni əlaqələri də geniş müzakirə olunmuşdur. Bu baxımdan qurultay yalnız dilçilik deyil, həm də ədəbiyyatşünaslıq sahəsində mühüm elmi hadisə kimi qiymətləndirilir.

          Qurultayın Bakıda keçirilməsi Azərbaycan alimlərinin bu tədbirdə geniş şəkildə iştirak etməsinə imkan yaratmışdır. Qurultayda Azərbaycanı bir sıra görkəmli alimlər və ziyalılar təmsil etmişdir. Onlar qurultayın müzakirələrində fəal iştirak edərək türkoloji tədqiqatların inkişafına töhfə vermişlər. Azərbaycan nümayəndələri arasında Səməd Ağamalıoğlu, Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Vəli Xuluflu, Əli Nazim, Abdulla Şaiq, Mikayıl Rəfili, Əziz Şərif və Mustafa Quliyev kimi tanınmış elm və mədəniyyət xadimləri olmuşdur. Bu alimlər qurultayda türk dillərinin inkişafı, folklorun toplanması, ədəbiyyatın tədqiqi və əlifba məsələləri ilə bağlı mühüm fikirlər irəli sürmüşlər. Xüsusilə Bəkir Çobanzadə türkologiya elminin inkişafında böyük xidmətləri olan alimlərdən biri kimi qurultayın elmi müzakirələrində fəal iştirak etmişdir. Onun çıxışları türk dillərinin qrammatik quruluşu və elmi tədqiqi ilə bağlı mühüm əhəmiyyət kəsb etmişdir.

          Birinci Türkoloji Qurultay Azərbaycan ədəbiyyatşünaslığının inkişafına ciddi təsir göstərmişdir. Qurultaydan sonra Azərbaycan ədəbiyyatının tədqiqi daha sistemli və elmi xarakter almağa başlamışdır. Azərbaycan alimləri milli ədəbiyyatı yalnız yerli mühit çərçivəsində deyil, ümumtürk ədəbi prosesinin tərkib hissəsi kimi araşdırmağa başlamışlar. Bu dövrdən etibarən Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı geniş şəkildə tədqiq olunmağa başlanmışdır. Xüsusilə Nizami Gəncəvi, Xaqani Şirvani və Məhəmməd Füzuli kimi böyük sənətkarların yaradıcılığı türk dünyasının ədəbi kontekstində öyrənilmişdir. Bu yanaşma Azərbaycan ədəbiyyatının ümumtürk mədəniyyətində tutduğu mövqenin daha aydın şəkildə müəyyən edilməsinə imkan yaratmışdır. Qurultay Azərbaycan ədəbiyyatşünaslığında yeni metodoloji yanaşmaların formalaşmasına da təsir göstərmişdir. Ədəbiyyatın tədqiqində müqayisəli metod, tarixi-tipoloji yanaşma və mənbəşünaslıq prinsipləri daha geniş tətbiq olunmağa başlamışdır. Bu yanaşmalar Azərbaycan ədəbiyyatının inkişaf mərhələlərinin daha elmi əsaslarla araşdırılmasına şərait yaratmışdır. Eyni zamanda qurultaydan sonra türk xalqlarının folklorunun toplanması və öyrənilməsi istiqamətində də geniş fəaliyyət başlamışdır. Bu proses Azərbaycan folklorşünaslığının inkişafına da müsbət təsir göstərmişdir. Birinci Türkoloji Qurultayın mühüm nəticələrindən biri də türkoloji elmi terminologiyanın formalaşması olmuşdur. Qurultayda qəbul edilən qərarlar türk dillərində elmi terminlərin sistemləşdirilməsinə və vahid terminoloji sistemin yaradılmasına kömək etmişdir. Bu isə Azərbaycan ədəbiyyatşünaslığında istifadə olunan terminlərin elmi əsaslarla inkişafına təkan vermişdir. Qurultay həmçinin türk xalqları arasında elmi və mədəni əlaqələrin möhkəmlənməsinə də böyük təsir göstərmişdir. Müxtəlif ölkələrdən gəlmiş alimlər arasında qurulan elmi əlaqələr sonrakı dövrdə ortaq tədqiqatların aparılmasına və türk xalqlarının ədəbi irsinin daha geniş şəkildə öyrənilməsinə imkan yaratmışdır. Birinci Türkoloji Qurultay Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm mərhələ təşkil etmişdir. Qurultay Azərbaycan alimlərinin türk dünyasının elmi mühitinə inteqrasiyasını gücləndirmiş, milli ədəbiyyatın ümumtürk kontekstində öyrənilməsinə şərait yaratmış və ədəbiyyatşünaslıq sahəsində yeni metodoloji yanaşmaların formalaşmasına təkan vermişdir. Bu baxımdan Birinci Türkoloji Qurultay yalnız elmi toplantı deyil, həm də türk xalqlarının mədəni və elmi əməkdaşlığının inkişafında mühüm rol oynayan tarixi hadisə kimi qiymətləndirilir. Onun nəticələri Azərbaycan ədəbiyyatşünaslığının sonrakı inkişaf mərhələlərində də öz təsirini göstərmiş və bu sahədə aparılan tədqiqatların elmi əsaslarının möhkəmlənməsinə xidmət etmişdir. XX əsrin 20-ci illərində türk dünyası, həm siyasi, həm də mədəni sahədə böyük dəyişikliklər yaşamışdır. Bu dövr türk xalqlarının ədəbiyyat və dil araşdırmalarında yeni mərhələnin başlanğıcı hesab olunur. 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dünyasının elmi və mədəni həyatında xüsusi rol oynamış, eyni zamanda Azərbaycan ədəbiyyatşünaslığı üçün yeni imkanlar yaratmışdır. Qurultay yalnız türk xalqlarının ədəbiyyat və dillərini öyrənməklə kifayətlənməyib, onların ortaq mədəni irsini sistemləşdirmək və türkoloji məktəbin formalaşmasına zəmin yaratmaq məqsədi daşıyırdı.                            

XX əsrin 20-ci illəri türk dünyası üçün həm siyasi, həm də mədəni transformasiya dövrü olmuşdur. Sovet İttifaqının yaranması və mərkəzləşdirilmiş elmi institutların formalaşması türk xalqlarının ədəbi və mədəni inkişafını yeni mərhələyə çıxarmışdır. Bu dövrdə Bakının seçilməsi qurultayın təşkil olunması üçün strateji əhəmiyyət kəsb edirdi, çünki şəhər mədəniyyət və elmi əlaqələrin mərkəzi olaraq tanınırdı (Əliyev,2002).                                                                           Birinci Türkoloji Qurultayın əsas məqsədi türk xalqlarının ortaq ədəbi və mədəni irsini sistemləşdirmək, terminoloji və metodoloji məsələləri müəyyən etmək və türkoloji məktəbin yaradılmasına zəmin hazırlamaq idi. Qurultayda Azərbaycan, Türkiyə, Orta Asiya, Qafqaz və digər türk ölkələrindən alimlər iştirak etmiş, müxtəlif sahələr üzrə məruzələr təqdim edilmişdir. Müzakirələrdə yalnız ədəbiyyat deyil, həm də dil, folklor və tarix mövzuları əhatə olunmuşdur.                                                                                                                                       Azərbaycan alimləri bu qurultayda fəal iştirak edərək milli ədəbiyyat nümunələrini türkoloji kontekstdə təqdim etmiş və qarşılıqlı elmi əlaqələr yaratmışdır. Qurultay, Azərbaycan ədəbiyyatşünaslığında türkoloji düşüncənin sistemləşməsi üçün platforma rolunu oynamışdır (Quliyev, 2010).                                Azərbaycan ədəbiyyatşünaslığı tarixən türkoloji elementlərdən təsirlənmişdir. XIX əsrdə klassik türkoloji araşdırmalarla başlayan proses XX əsrin 20-ci illərində Birinci Türkoloji Qurultay vasitəsilə sürətlənmişdir.                                          “Kitabi-Dədə Qorqud”un türkoloji aspektdə tədqiqi Azərbaycan ədəbiyyatşünaslığında yeni metodların tətbiqinə səbəb olmuşdur. Alimlər həmçinin türk xalqları arasında ortaq motivlərin və süjetlərin müqayisəli təhlilini aparmış, milli mədəni irsin qorunması və inkişafı məsələlərini gündəmə gətirmişlər (Rzayeva, 2018).                             Qurultayda təqdim olunan məruzələr Azərbaycan ədəbiyyatşünaslığının beynəlxalq elmi müstəvidə inkişafı üçün əsas platforma yaratmışdır. Azərbaycan ədəbiyyatşünaslığında türkoloji məktəb üç əsas mərhələdə formalaşmışdır: Klassik türkoloji dövr: XIX-XX əsrlərdə türk xalqları ədəbiyyatının elmi əsaslarla tədqiqi başlanmışdır. Bu dövrdə alimlər folklor, dastan və poeziya nümunələrini müqayisəli yanaşma ilə araşdırmışdır. Sovet dövrü: Türkoloji tədqiqatların ideoloji çərçivəyə alınması və dövlət tərəfindən dəstəklənməsi dövrü. Bu mərhələdə terminoloji məsələlər və müqayisəli tədqiqatlar dövlət proqramları ilə təmin edilmişdir. Müstəqillik dövrü: Qloballaşma və rəqəmsal humanitar elmlərin tətbiqi ilə türkoloji araşdırmaların müasir metodlarla aparılması. Bu dövr tədqiqatçılara həm milli, həm də beynəlxalq kontekstdə ədəbiyyat nümunələrini təhlil etmək imkanı vermişdir (Allahmanov, 2020).                        

  Birinci Türkoloji Qurultay klassik dövrün əsas nümayəndələrini bir araya gətirərək yeni məktəbin bünövrəsini qoymuşdur. Bu tədbir Azərbaycan ədəbiyyatşünaslığında türkoloji istiqamətin inkişafında dönüş nöqtəsi olmuşdur. Bugünkü dövrdə Azərbaycan ədəbiyyatşünaslığı türk dünyası ilə qarşılıqlı əlaqələri genişləndirməkdədir. Birinci Türkoloji Qurultayın mirası müasir tədqiqatçılar üçün həm metodoloji, həm də mədəni baxımdan əhəmiyyətlidir. Qurultayda müzakirə olunan məsələlər, xüsusilə ortaq ədəbi yaddaş, milli kimlik, türk dili poetikası və folklor nümunələri çağdaş tədqiqatlarda əsas istiqamət kimi istifadə olunur. Azərbaycan ədəbiyyatşünaslığı bu gün də türk dünyası ilə qarşılıqlı əlaqələri inkişaf etdirmək, ortaq ədəbi irsi qorumaq və yeni metodlarla tədqiq etmək istiqamətində fəaliyyət göstərir. Qurultayın ideyaları müasir müqayisəli ədəbiyyat və türkoloji tədqiqatlarda özünü göstərməkdədir. Birinci Türkoloji Qurultay Azərbaycan ədəbiyyatşünaslığında türkoloji istiqamətlərin formalaşmasına mühüm töhfə vermişdir. Qurultay Azərbaycan alimlərini bir araya gətirmiş, müqayisəli ədəbiyyat, folklorşünaslıq və terminoloji məsələlər üzrə yeni tədqiqatların əsasını qoymuşdur. Bu hadisənin elmi və mədəni əhəmiyyəti günümüzdə də qorunur və müasir tədqiqatçılar üçün örnək təşkil edir.

Ədəbiyyat siyahısı

  1. Əliyev, R. (2002). Azərbaycan türkoloqları və Birinci Türkoloji Qurultay. Bakı: Elm.
  2. Quliyev, N. (2010). Türkoloji düşüncənin Azərbaycan ədəbiyyatşünaslığına təsiri. Bakı: Qanun.
  3. Hüseynli, N. (2015). Kitabi-Dədə Qorqud və türkoloji araşdırmalar. Bakı: Təhsil.
  4. Rzayeva, S. (2018). Türk xalqları ədəbiyyatında ortaq motivlər. Bakı: Nurlu Elm.
  5. Allahmanov, M. (2020). Müstəqillik dövründə Azərbaycan türkoloji məktəbi. Bakı: Avrasiya Universiteti Nəşriyyatı.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

D.Mirzə – İkiqat xoşbəxtlik

Ana

Bu dünyada sözlər çoxdur, gözəl anam,
İnan ki, yenə yetmir sevdiyimi anlatmağa.
Sənin istiliyinlə mən dünyamı isidirəm,
Həyatdakı ilk cənnətim sən özünsən, canım anam.

Əllərimdən tutanda, məni qucaqlayanda,
Gülümsəyib baxanda qorxularım yox olur.
Mehriban baxışınla yoluma nur ələnir,
Sənin saf işığınla yollarım çiçəklənir.

Şəfqətli əllərinlə saçlarımı oxşadın,
Beşiyimi yelləyib layla deyib qorudun.
Mənim üçün həyatda həm güldün, həm ağladın,
İndi başa düşürəm cənnət uzaqda deyil, qəlbində gizlənirmiş.
Həyatdakı ilk cənnətim, qəlbimin ilk limanı…

01.08.2023.

                                                               

İkiqat xoşbəxtlik

İki qızım – iki gözüm .
Ruhumun, qəlbimin iki yarısı.
Biriniz sakit liman, birinizsə od-alov,
Fərqli olsanız da siz,
Qəlbimin ən saf yerindəsiniz.

İki qızım – iki mələyim,
Siz mənim sevincim, qürurumsunuz,
Səmadakı sonsuz ulduzumsunuz.
Sevgiylə döyünən qəlbimsiniz siz.
Yaxşı ki, varsınız siz hər ikiniz!

İki qızım – iki qanadım.
Qəlbinizə dolsun xoşbəxtlik nuru.
Sevinciniz yayılsın səmaya doğru,
Siz varsınız – dünya mənə doludur!
Mən sevgimlə işıq olaram sizə.

16.04.2025.

                                              

Xoşbəxtlik rəsmi

Fırçamı alıram əlimə, rənglər gülür mənimlə,
Günəş sarı, bulud mavi – hər toxunuş sevinc verir.
Quşlar uçur kanvasımda, çiçəklər rəqs edir,
Hər fırça toxunuşu “Xoşbəxtlik!” deyir.

Dünyanı rənglərlə gülümsədirəm,
Yayılır hər küncə xoşbəxtlik anı.
Fırçam toxunduqca izlər danışır.
Ürəyimdən gələn sevinci paylaşır!

Palitramda gözəl həyat, sevgi, ümid,
Xoşbəxtlik daşıyır hər nöqtə, hər xətt.
Rənglər danışdıqca, gülümsəyirəm,
Hər anı sevgiylə yaşayıram mən!
25.10.2025

Mən ümidlə yol gedirəm

Bu həyatın yükü ağır,
Addım-addım yol gedirəm.
Ömrün buludlu günlərin
Gülümsəyib yad edirəm.
Mən şükür edib hər günümə, hər anıma,
Bir məqsədlə, bir ümidlə,
Xoş arzuyla yol alıram.
Yol gedərkən mənə baxıb
Addımımın ağırlığın,
Gözümdəki qəm qüssəni,
Qəlbimdəki həyəcanı,
Beynimdəki hesabları heç görməyən,
Həsəd çəkən insanlara
Gülümsəyib yol gedirəm.
İnanaraq addımlayıb
İşıq gələn səmtə doğru,
Mən ümidlə gələcəyə yol gedirəm.

15.07.2014.

                                                          

İstəyirəm

İllər əvvəl mən atamı itirdim.
Yox, mən onu itirmədim!
Dünya, sən onu aldın məndən.
İndi bir xahişim var səndən,
Gəl, çarxı fırladıb geriyə dönək,
Uşaqlıq ilimə səyahət edək.
Sual verəcəksən hansı illərə?
Hansı arzu,istəklərə?
İstəyirəm, istəyirəm yenə qapımız döyülsün,
Atam gəlsin evimizə.
İstəyirəm uşaq olum, qucağina alsın məni.
İstəyirəm mən arada küsüm ondan,
O da məni əzizləsin,
Mənə arxa – dayaq olsun.
Bilirəm, ey dünya,
Bu bir istəkdir.
Arzular, istəklər bitmir dünyada.
Şikayət etmirəm mən sənə, dünya.
Əksinə, təşəkkür edirəm sənə.
O təmiz ürəkli, mərd insan üçün
Gözəl atam üçün borcluyam sənə.

15.05.2025

Ana qəlbli güclü qadın

Azərbaycan Uşaqlar Birliyinin sədri, uşaq hüquqları müdafiəçisi Kəmalə Ağazadəyə həsr edilib

Qadınsan, bir ordu tək qüvvətlisən.
Mərhəmət ən böyük gücündür sənin.
Bu güc sənin zehnindədir, sevgindədir,
Gözəlliklə dolu olan sənin o saf qəlbindədir.
Ana qəlbli güclü qadın!

Həyatın sərt küləklərinin sındırdığı körpələrə,
Qorxu dolu anlarında “ana”, “nənə” sözlərini
Cəsarətlə deməsinə nəfəs oldun, arxa oldun.
Taleləri dəyişən bir möcüzəsən,
Ana qəlbli güclü qadın!

Sən divar quraraq, ümid tikirsən,
Qaranlıq gecəni aydın edirsən.
Axan göz yaşını sən gizlədirsən,
Gülüş paylayırsan, ümid verirsən.
Ana qəlbli güclü qadın!

Qaranlıq gecənin laylasıdır sənin səsin,
Dua kimi taleləri isidəndir sənin əlin.
Sənin adın körpələrin taleyinə yazılandır,
Sənin əlin hər uğurda çiyinlərdə görünmədən daşınandır.
Ana qəlbli güclü qadın!
25.01.2026

Novruz nəğməsi

Boylanır çiçəklər çöllərə sarı,
Süzülür səmadan bahar nəfəsi.
Günəş dan yerində nur kimi gülür,
Aydın sabahlara yol salır ümid.

Sular pıçıldaşıb daşlara dəyir,
Atlanır od üstə saf niyyətimiz.
Qışın kədərini əsən yel qovur,
Torpağın səsiylə oyanır bahar.

Süfrə bərəkətli, səməni yaşıl,
Tonqal ətrafına biz yığışmışıq.
Cücərir məhəbbət qəlblərimizdə,
Yenidən həyat həvəsi doğulur bizdə.

Sevgi, məhəbbətdir sədaqətimiz,
Novruzla dirçəlir ümidlərimiz.
Qədim nəğməsiylə bu ulu bayram,
Birliyə, dostluğa səsləyir bizi.

01.03.2026.

                                 

Rəssam qızıma

Rəssam qızım, çək rəsmimi,
Üzümdə kədər olmasın.
Sən nuru çək, parıldatsın gözlərimi,
O gözlərdə sevgi dolu ürəyimi.

Bir gözümdə bacını çək, o birində özünü,
Hər fırça toxunuşun əks etdirsin ruhumu.
Bir anlığa yox elə kədərin kölgəsini,
Rənglərinlə canlandır həyatın nəğməsini.

Fırçanla can tapsın həyatın rəngi,
Boya qəlbimdəki sonsuz ümidi.
Mənim gülüşümü, səadətimi,
Ruhumu hər xətdə əbədi əks et.

Həyatımın rəngi bir gün solarsa,
Yaşayar ümidim rəsmlərində.
08.03.2026

Müəllif: D.Mirzə

D.MİRZƏNİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Professor Kamal Camalovun konfrans sonrası təəssüratları

Pedaqogika elmləri doktoru, professor KAMAL CAMALOV İstanbul şəhərində keçirilən beynəlxalq konfransdan sonra öz təəssüratlarını bölüşüb:

“İstanbul şəhərində keçirilən beynəlxalq konfransda şair Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabına həsr olunmuş məqalə ilə çıxış etməyim elmi və ədəbi baxımdan mühüm təcrübə kimi dəyərləndirilə bilər. Məruzəmdə şairin poetik yaradıcılığında əks olunan mənəvi-estetik dəyərləri, sevgi mövzusunun bədii ifadə xüsusiyyətlərini və onların tərbiyəvi mahiyyətini elmi müstəvidə təhlil etmişdim. Beynəlxalq elmi mühitdə səsləndirdiyim bu fikirlər Azərbaycan ədəbiyyatının və milli pedaqoji fikir ənənələrinin tanıdılması baxımından əhəmiyyətli hesab oluna bilər. Təqdim etdiyim məruzə konfrans iştirakçıları tərəfindən müsbət qarşılanmış və çıxışıma görə müvafiq sertifikatla təltif olundum. Bu fakt görülən elmi işin və təqdim olunan araşdırmanın beynəlxalq elmi mühitdə müəyyən dərəcədə qiymətləndirildiyini göstərir gümanındayam.”

YAZARLAR olaraq professor Kamal Camalovu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

KAMAL CAMALOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ŞAİRƏ KAMALƏ ABIYEVA SƏMİMİYYƏTİ…“LİTERA”DA GÖRÜŞ

ŞAİRƏ KAMALƏ ABIYEVA SƏMİMİYYƏTİ…
“LİTERA”DA GÖRÜŞ

Müəlliflər oxucularla hər görüşü səbrsizliklə gözləyirlər. Təkcə ona görə yox ki, görüşdə istidəyin qədər adam iştirak etsin. Əsas məsələ ondan ibarətdir ki, şairi, kitab müəllifini tanıyırlar, əsərlərini oxuyurlar, onu dəyərləndirirlər, öz fikirlərini auditoriya qarşısında ifadə edirər. 14.03.2026-cı il tarixində “Litera” –book and coffee”də keçirilən ədəbi yığıncaqda bir daha bunun şahidi olduq.
Pedaqoji fəaliyyətlə yanaşı, nəğməkar şairə, publisist və ictimai fəal kimi tanınan Kamalə Abıyeva ilə görüşdə bu qənaətə gəldik.
Yaşının ahıl çağlarına qədəm qoymasına baxmayaraq, Kəmalə xanım Abıyevada olan tükənməz enerjiyə, həyata baxışına və sabaha inamına heyran qalmamaq mümkün deyil. Yaradıcı insanlarda Allahın ona bəxş etdiyi ilham, ilahi ruh olur. Əgər bu ruh yoxdursa, ələ qələm almaq mənasızdır.
“Litera”da keçirilən görüşdə şairənin təkcə bir kitabı haqqında yox, ümumi yaradıcılığı haqqında söhbət açıldı. Ədəbi yığıncağı təşkil edən “Zərif kölgələr” yaradıcı klubunun rəhbəri və yaradıcısı Aysel Nəsirzadə və klubun fəallarından Həmidə xanım, nəğməkar şairə Kəmalə Abıyevanı oxucuları ilə görüşdürməklə, ona böyük bir sevinc yaşatdılar.
Görüşün aparıcısı şairə Aysel xanım Fikrət tədbiri xoş sözlərlə açaraq, bütün iştirakçıları səmimiyyətlə salamladı, şairə K.Abıyeva haqqında ürək sözlərini məclis iştirakçılarına çatdırdı. Ümumən görüş iştirakçıları şairə K.Abıyeva haqqında xoş sözlər söylədilər və xüsusilə vurğuladılar ki, şairənin əsərlərinin mayası halal zəhmətdən yoğrulub, oxucunun qəlbinə yol tapır, müasir dövrün problemlərini önə çəkir, yüksək vətəndaşlıq ruhu aşılayır, insanları mənəvi paklığa və təmizliyə dəvət edir. Onun əsərlərində xeyrin şər üzərində qələbəsi görünür.
Görüşdə çıxış edənlər arasında şairə-publisist Aysel Əlizadə, şairə Aysel Xanlarqızı Nəsirli, yazıçı-publisist Bahəddin Həzi, qiraətçi Bəhiyyə Nağıyeva, yazıçı publisist Səadət Sultan, şairə Zeynəb Cəmaləddin qızı, oxucu Çiçək xanım, yazıçı Şahsənəm xanım və bir neçə oxucular iştirak edirdilər. Şairənin şeirlərindən parçalar xüsusi bir istəklə səsləndirildi. İştirakçılar Kamalə xanımın yazdığı şeirlərə bəstələnən mahnılar haqqında ağızdolusu söhbət açdılar.
Nəğməkar şairə onunla görüşə gələnlərə minnətdarlıq ifadə etdi və gələcək yaradıcılıq işlərindən danışdı. Müəllifi olduğu bir neçə kitabını imzalayıb, oxuculara təqdim etdi.
Sonda “Zərif kölgələr” yaradıcılıq klubunun rəhbəri Aysel Nəsirzadə qeyd etdi ki, “Litera” kitab məkanında keçirilən bu səpkidən olan ədəbi görüşlər ilk və son olmayacaq – belə silsilə görüşlər ədəbi yaradıcılıqla məşğul olan digər şair və yazıçılarla da keçiriləcək.
Görüş iştirakçıları ilə xatirə şəkli çəkildi.

Səadət Sultan,

yazıçı-publisist

SƏADƏT SULTANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

88 yaşlı böyük ədib, Xalq yazıçısı Anara

88 yaşlı böyük ədib, Xalq yazıçısı Anara

Hörmətli Anar müəllim!

Bu məktubu yazarkən bir tərəddüd hissi keçirirəm. Çünki Sizin kimi sözün məsuliyyətini ömrü boyu çiyinlərində daşımış bir yazıçıya müraciət etmək, əslində, sözün imtahanıdır. Hər cümlə ölçülüb-biçilməli, hər fikir vicdandan süzülməlidir. Siz illər boyu bizə sözün necə yazılmalı olduğunu öyrətmisiniz. Bu gün isə biz Sizin haqqınızda söz deməyə çalışırıq.
Səksən səkkiz illik ömür – bu, sadəcə zaman ölçüsü deyil. Bu, bütöv bir ədəbi tarixdir. Bu tarixdə həm sovet dövrünün mürəkkəb ideoloji çərçivələri, həm milli özünüdərk mərhələsi, həm də müstəqillik illərinin sarsıntıları var. Siz bütün bu mərhələlərdən keçərək Azərbaycan ədəbiyyatında öz yerinizi yalnız qoruyub saxlamadınız, onu daha da möhkəmləndirdiniz.


Azərbaycan nəsrində Sizin adınız xüsusi bir mərhələ ilə assosiasiya olunur. Sizdən əvvəlki nəsil əsasən ictimai-siyasi pafosun, kollektiv qəhrəmanlığın təsiri altında yazırdı. Siz isə diqqəti insanın daxilinə yönəltdiniz. Qəhrəmanlarınız tribunadan danışmır, öz ürəklərinin səsi ilə danı­şırdılar. Onlar bəzən zəif, bəzən tərəddüdlü, bəzən ziddiyyətli idilər. Amma həmişə canlı və həqiqi idilər.
Siz sübut etdiniz ki, ədəbiyyat yalnız ideoloji sifarişin icrası deyil. Ədəbiyyat insanın özünə hesabatıdır. Vicdan qarşısında hesabatıdır. Bu baxımdan, Sizin yaradıcılığınız Azərbaycan nəsrin­də psixoloji realizmin yeni mərhələsini yaratdı. İnsan ruhunun incə qatlarını açmaq, daxili mono­loqu dərinləşdirmək, susqunluğun arxasındakı ağrını göstərmək – bunlar Sizin ədəbi üslubunuzun ayrılmaz cəhətləridir.
Sizin əsərlərinizdə zaman yalnız fon deyil, həm də obrazdır. Dövrün mənəvi atmosferi, cə­miyyətin təzyiqləri, fərdin sıxıntıları – bütün bunlar bir-birinə qarışaraq mürəkkəb bir tablo ya­radır. Oxucu həmin tabloda özünü görür. Bəlkə də Sizin yaradıcılığınızın gücü məhz buradadır: oxucu özünü Sizin qəhrəmanlarınızda tapır.


Siz ədəbiyyatı yalnız estetik hadisə kimi deyil, həm də milli yaddaşın qorunması vasitəsi kimi qəbul etdiniz. Bu mövqe xüsusilə müstəqillik illərində daha aydın hiss olundu. Dilə, mədə­niyyətə, ədəbi ənənəyə münasibətdə həmişə həssas oldunuz.
Ədəbi mühitdə qloballaşma meylləri güclənəndə belə, Siz milli ruhun itirilməməsi üçün mübarizə apardınız. Çünki yaxşı bilirdiniz: ədəbiyyat öz kökündən qoparsa, uzunömürlü ola bilməz. Sizin prinsipial mövqeyiniz bəzən mübahisələr doğursa da, zaman göstərdi ki, bu mövqe ədəbiyyatın özünü qorumaq naminə idi.


Uzun illər ədəbi təşkilatın rəhbərliyində olmaq həm şərəf, həm də ağır yükdür. Çünki burada təkcə ədəbiyyat deyil, insan münasibətləri, ambisiyalar, incikliklər, gözləntilər də toqquşur. Siz bu mürəkkəb mühitdə tarazlığı qorumağa çalışdınız.
Bir rəhbər kimi ən böyük üstünlüyünüz ədalət hissiniz oldu. Siz istedadı şəxsi münasibətdən üstün tutmağa çalışdınız. Gənc qələm sahiblərinə meydan vermək, onların səsini eşitmək, ədəbi prosesə cəlb etmək – bunlar təsadüfi addımlar deyildi. Siz bilirdiniz ki, ədəbiyyat nəsillərin davam­lılığı ilə yaşayır.
Bir çox gənc yazıçı ilk kitabının işıq üzü görməsində, ilk müzakirələrdə iştirakında Sizin dəstəyinizi hiss edib. Bəzən bir təşviqedici söz, bəzən konstruktiv tənqid, bəzən də sadəcə diqqətlə dinləmək – bunların hər biri yaradıcı insan üçün böyük stimuldur. Siz bunu əsirgəmədiniz.


Sizinlə eyni mühitdə çalışanlar deyirlər ki, Siz sakit və təmkinli görünməyinizə baxmayaraq, daxildə böyük prinsipiallıq daşıyırsınız. İşə məsuliyyətsiz yanaşanla sərt, zəhmətkeş və səmimi olanla isə son dərəcə qayğıkeş olmusunuz.
Sizin tələbkarlığınız şəxsi ambisiyadan deyil, sənətə hörmətdən doğur. Siz sözün ucuzlaşma­sına dözə bilmirsiniz. Ədəbiyyatın səviyyəsinin aşağı düşməsi Sizi narahat edir. Buna görə də ic­laslarda, müzakirələrdə mövqeyinizi açıq şəkildə bildirmisiniz.
Lakin bu tələbkarlıq heç vaxt insanı alçaltmaq formasında olmayıb. Əksinə, Siz tənqidi in­kişaf vasitəsi kimi görmüsünüz. Bir yazıçının səhvini göstərərkən onun şəxsiyyətinə toxunmamaq – bu, böyük mədəniyyət tələb edir. Sizdə bu mədəniyyət var.


Yaradıcılıq mühiti bəzən rəqabət, hətta qısqanclıq mühiti ola bilir. Lakin Sizin həyat yolunuz göstərir ki, dostluq və sədaqət bu mühitdə də mümkündür. Siz dostlarınıza çətin günlərdə arxa ol­dunuz. Onların uğuruna səmimi sevindiniz. Heç vaxt başqasının kölgəsində qalmaq qorxusu ilə yaşamamısınız.
Sizin üçün dostluq yalnız xatirələr deyil, həm də məsuliyyətdir. Dostun dərdini bölmək, haqsızlığa məruz qalanda yanında olmaq, arxasınca deyil, üzünə söz demək – bunlar Sizin xa­rakterinizin ayrılmaz hissəsidir.
Ömrünüzün bu müdrik çağında dünyasını dəyişmiş dostlarınızın da xatirəsini yad etmək üçün hər məzar üstünə əyilib qoyduğunuz güllərlə üzünüzdəki dost itkisindən doğan iztirab daxili dünyanızın gözəlliklərinə açılan qapını bizim də üzümüzə açmış olur. İnsan, dost, sirdaş kimi səmimiyyətinizin də dəyərini dəyərləndirməyi bizə diktə etmiş olur.


Böyük ad qazanmaq insanı dəyişə bilər. Lakin Sizin simanızda biz şöhrətin yaratdığı süni məsafəni görmürük. İllərdir bir yerdə çalışırıq, Sizdən gördüyümüz səmimiyyət, sadəlik önündə baş əyirik. Siz qələm dostlarınızla, həmkarlarınızla, oxucu ilə, gənc yazarla, tələbə ilə ünsiyyətdə sadə qalmağı bacarırsınız.
Səmimiyyətinizdə pafos yoxdur. Danışığınızda təmtəraq yoxdur. Fikirlərinizdə isə aydınlıq var. Siz mürəkkəb məsələləri belə sakit və məntiqli şəkildə izah edə bilirsiniz. Bu, həm zəkanın, həm də daxili balansın göstəricisidir.


Sizin əsərləriniz müxtəlif dövrlərdə yazılsa da, onların əsas mövzusu dəyişməz qalıb: insan və onun vicdanı. Bu mövzu nə köhnəlir, nə də aktuallığını itirir. Çünki cəmiyyət dəyişsə də, insanın daxili sualları dəyişmir.
Siz insanı seçim qarşısında qoyursunuz. O, rahat yolu seçəcək, yoxsa vicdanlı yolu? O, susacaq, yoxsa danışacaq? O, uyğunlaşacaq, yoxsa etiraz edəcək? Bu suallar hər dövrdə aktualdır. Məhz buna görə də Sizin yaradıcılığınız zamanın fövqündə dayanır.


Bu gün Siz artıq təkcə yazıçı deyil, həm də ədəbi yaddaşın daşıyıcısısınız. Sizin xatirələriniz, müşahidələriniz, şahidi olduğunuz hadisələr Azərbaycan ədəbiyyat tarixinin canlı səhifələridir. Siz müxtəlif nəsillərlə ünsiyyətdə olmusunuz, fərqli dövrlərin ədəbi mühitini yaşamısınız. Bu təcrübə misilsizdir.
Gənclər üçün Sizinlə bir masa arxasında oturmaq belə dərsdir. Çünki onlar yalnız bir yazıçını deyil, bir dövrü dinləyirlər.


Hörmətli Anar müəllim!
Bu məktubda deyilənlər Sizin xidmətlərinizin yalnız bir hissəsidir. Bəlkə də sözlə ifadə et­mək mümkün olmayan daha böyük bir mənəvi təsiriniz var. Siz bir çoxumuz üçün ədəbiyyata inamın simvolusunuz. Sözün hələ də dəyərli olduğuna inamın simvolusunuz.
Səksən səkkiz yaş – müdriklik yaşıdır. Amma Sizin düşüncəniz hələ də canlı, enerjiniz hələ də hiss olunur. Arzu edirəm ki, bu müdrik səs hələ uzun illər eşidilsin. Yeni nəsillər də Sizin təc­rübənizdən bəhrələnsin.
Siz Azərbaycan ədəbiyyatında yalnız bir ad deyil, bir mövqesiniz. Bu mövqe vicdanın, sə­mimiyyətin, prinsipiallığın mövqeyidir. Və bu mövqe yaşadıqca, ədəbiyyatımız da yaşayacaq.
Dərin ehtiram və sonsuz hörmətlə.

GÜLXANİ PƏNAH
Filologiya elmləri doktoru, dosent.

GÜLXANİ PƏNAHİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"