Patimat Ştançayeva – SƏN

SƏN

Sevgimin arxasınca
Süründün illər boyu;
İstədin qazanasan
Quru hədiyyələrlə…
Ancaq izin qalmadı,
Yalnız ötüb keçmisən!
Bir çiçək qəbul etdim,
Çiçəyin öz xətrinə…

Sevgimin arxasınca
Süründün illər boyu;
Mən zərif dağ ceyranı,
Sənin sevdan qurd olub,
Gah da hiyləgər ovçu…
Hey süründün arxamca,
Nə bir faydanı gördüm,
Nə də zərər vermisən…

Sevgimin arxasınca
Süründün illər boyu;
Yoxluğunla, varlığın
Bilinmədi heç zaman…
İzim qalan, yerlərdə
Çox görmüşəm üzünü.
Yaxşı ki, yoxluğunla
Tanıtmısan özünü….

Müəllif: Патимат Штанчаевa

Rusiya Yazıçılar Birliyinin üzvü

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Ustacam

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qabil Nəbi – ÖZ ALLAHI VAR

ÖZ ALLAHI VAR
Neçədir bilmirəm sayı,
Hər kəsin öz allahı var.
Veribdir varlıya payı,
Kasıbın nə günahı var?

Biri davanın allahı,
Biri yuvanın allahı.
Biri qovanın allahı,
Qaçanın öz pənahı var.

Ölmə, eşşək, bitər yonca,
Sən də yeyərsən doyunca.
Tələsmə ölməyə bunca
Allahın çox sabahı var.

Salıb kimi kim kəməndə,
Kəllə atır süd əmən də.
Kəmsavadam sanma, məndə
Hər cavabın izahı var.

Allah yatır hər dilində
Doğulanın dərd ilində.
Bilir allah Qabilin də
İştahı var, tamahı var.
22.03.2026

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəfəq Vilayətqızı – Baharın

BAHARIN

Dağların başından çəkilir duman,
Gülüşü yayılır düzə baharın.
Çəmənlər geyinir yaşıl bir tuman,
Sürməsi çəkilir gözə baharın.

Bülbüllər oxuyur verib səs-səsə
Düşür insan ruhu yeni həvəsə
Əngin səmalarda parlayır “nəsə”
Günəşi bənzəyir közə baharın.

Qəlblərə bir sevda toxumu əkir
Hər səhər doğulur yepyeni fikir
Təbiət ən gözəl rəsmini çəkir.
Tərifi sığmayır sözə baharın.


Müəllif: Şəfəq Vilayətqızı

Şəfəq Vilayətqızının yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Ana dilim

ZAUR USTACIN YAZILARI

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN ŞEİRLƏRİ


ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ÜLKƏR NİCATLININ YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ülkər NİCATLI – Mənim ürəyimə yağır bu yağış

Mənim ürəyimə yağır bu yağış

Bir qərib nəğmənin misraları tək,
Mənim ürəyimə yağır bu yağış.
Göydə doluxsunmuş tənha mələyin,
Qəmli gözlərindən axır bu yağış.


Sən çıxıb getdiyin yolların üstə,
Nə vaxtdır dözümüm, səbrim islanıb.
Bu bəyaz yağışın damlalarında,
Bir vüsal həsrətli ruh misralanıb.

Bu yağan yağışın payız qoxusu,
Həsrətlə çırpınıb könlümə hopur.
Kövrək ürəyimə təsəlli kimi,
Yağış damcıları üzümü öpür.

Tənhalıq nəğməsi oxuyur sular

Mənim könlümdəki duyğular kimi,
Bu payız günündə çırpınır Xəzər.
Ruhumdan ələnən söz qoxusunu,
Allah, bu dənizin sularına sər.

Sahilə can atan coşqun dalğalar,
Vüsala tələsən könlüm kimidir.
Tufanlar içində boğulan qayıq,
Uzaqdan əl edən ölüm kimidir.

Sənli xatirələr üşüyür burda,
Yenə ürəyimi həsrət dağlayır.
Dənizin üzünə qəriblik hopub,
Dalğalar hönkürür, sahil ağlayır.

Payız saçlarını sərib dənizə,
Ayrılıq havası qoxuyur sular.
Yuva tək boşalan sahillər üçün,
Tənhalıq nəğməsi oxuyur sular.

İki sevdalı ürək

Ulduzlar sönən kimi,
Sözlər həmən sayrışır.
Arzudan, həm şeirdən,
Həm sevgidən danışır.

Çağırır, aparır yol,
Yarır zülmət gecəni.
Tənhalıq bürüyübdü,
O yaşayan küçəni.

Sanki tanış deyilik,
Dünən ayrılsaq da biz.
İlk görüşdə olan tək,
Titrəyir hey səsimiz.

Sozalıbdı həniri,
Sevirəm sözünün də.
Buz nəfəsli ayrılıq
Dayanıb söz önündə.

Qızıl günəş eşq ilə,
Yer üzünü öpən tək.
Bax beləcə öpüşür,
İki sevdalı ürək.

Vətən sevgisinin sərhəddi yoxdur

Sərhəddə dayanan vətən oğlunun,
Məramı ucadır, andı müqəddəs.
Torpağın ana tək doğmalığını,
Heç kim onun qədər anlaya bilməz.

Sərhədçi əsgərin vətən sevgisi,
Torpağı, ağacı, daşı isidir.
O qartal baxışlı iti gözləri,
Bu yurdun məhəbbət xəritəsidir.

Yurdun keşiyində duran igidin,
Duruşu yad gözə sancılan oxdur.
Sərhədçi əsgərin qəlbində təkcə,
Vətən sevgisinin sərhəddi yoxdur.

Sərhəddə bir ovuc torpağı oxşa,
Duyarsan içində tarix diridir.
Yurdu gözü kimi qoruyan ərlər,
Vətənin sabaha ümidləridir.

Müəllif: Ülkər NİCATLI

ÜLKƏR NİCATLININ YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Seyran Səxavət – 80

Bizim Seyran Səxavət kimi

Seyran Səxavət-80

Deyirlər ki, ən güclü futbolçular məhəllə komandlarında yetişirlər. Amma heç bir peşəkar komanda bu işi görə bilmir. Kişilik də elədir. Yəni heç bir toplum, heç bir təhsil növü, heç bir elm ocağı adamdan KİŞİ düzəlməyi bacarmır. Gərək doğulanda KİŞİ doğulasan, mərhum xalq artisti Fuad Poladov kimi. Yox, yox, bu dəfəki söhbətim Fuad Poladovdan deyil, sağlığında ona əziz olan bir adam haqqında olacaq. Sadəcə, dostunu göstərdim ki, onun kim olduğunu təsəvvür edə biləsiniz…

Uşaqlıqdan becid və inadkar oğlan olub. Altı yaşında məktəbə gedib. İkinci sinifdə oxuya-oxuya şeirlər, kiçik hekayələr yazmağa başlayıb. Və qələmə aldığı şeir və hekayələri müxtəlif qəzet və jurnallara göndərib…

Deyir ki:- “Oradan gələn cavablar isə hamısı eyni olurdu: “Şeirləriniz bədii cəhətdən zəif olduğuna görə çap edə bilmədik”. Açığı, o vaxt mən heç başa düşmürdüm ki, bu “bədii cəhət” nə deməkdir. Mən yazırdım, ürəyimdən keçəni deyirdim- bəs niyə zəif idi, onu anlamırdım. Beləcə, mənimlə redaksiyalar arasında saysız-hesabsız məktublar gedib-gəldi, amma heç bir nəticə olmadı. Sonra üz tutdum rayon mərkəzinə- “Qızıl Araz” qəzetinin redaksiyasına. İki-üç il də oranın qapısını döydüm. Amma orda da eyni sözləri eşidirdim. Sanki başqa söz bilmirdilər. Hər dəfə o sözləri eşidəndə necə sarsılırdımsa, üç-dörd gün heç nə yaza bilmirdim. Amma nəhayət, bir gün mənim də bəxtimə günəş doğdu. On dörd yaşım olanda “Qızıl Araz” qəzeti mənim ilk şeirimi çap etdi. Bu mənim üçün təkcə bir şeirin çapı deyildi- bütün o illərin, o məktubların, o gözləntilərin cavabı idi…”

O, 1946-cı ilin mart ayının 23-də Füzuli rayonunun Yağlıvənd kəndində dünyaya gəlib. Həmin kənddə orta məktəbi bitirdikdən sonra iki il rayon mərkəzindəki məktəblərdən birində direktorun köməkçisi vəzifəsində çalışıb. 1964-1970-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsində ali təhsil alaraq, fars dili üzrə tərcüməçi ixtisasına yiyələnib. 1970-1972-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olarkən, SSRİ Müdafiə Nazirliyinin fars dili üzrə tərcüməçilərindən biri olub. Sonrakı fəaliyyətinin əhəmiyyətli hissəsi Azərbaycan Yazıçılar Birliyinin mətbuat orqanları ilə bağlıdır. 1973-cü ildən etibarən dövrün ən nüfuzlu nəşrlərindən olan “Ədəbiyyat və İncəsənət” qəzetində xüsusi müxbir, ədəbi işçi vəzifələrində işləyib.1974-1976-cı illərdə ixtisası ilə əlaqədar Sovet İttifaqından İran dövlətinə ezam olunub və orada iki il tərcüməçi kimi fəaliyyət göstərib. 1976-1981-ci illərdə “Ədəbiyyat və İncəsənət” qəzetində, 1981-1991-ci illərdə isə “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Hal-hazırda AYB-də məsləhətçi kimi fəaliyyətini davam etdirir. “Azərbaycan” jurnalının redaksiya heyətinin, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin və Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin üzvüdür. 20-yə yaxın kitabı işıq üzü görüb…

Bəli, söhbət hələ də mərhum dostu Fuad Poladovun telefon nömrəsini öz telefonunun yaddaşından silməyən Seyran Əsgər oğlu Xanlarovdan gedir. Ölkəmizdə onu daha çox- Seyran Səxavət kimi tanıyırlar. Şair, yazıçı, dramaturq, publisist və tərcüməçidir…

…Sosial məsələlərdə ədalət və əməkdaşlığa önəm verir. Ani dəyişikliklərdən uzaq durmağa çalışır. Rahat və mehriban adamdır. Planlı və düşüncəli şəkildə hərəkət etməyi xoşlayır. İntuisiyasına çox güvənir və başqalarının görə bilmədiklərini hiss etməyi bacarır. Sərraflığı da var- ətrafdakıları yaxşı və ya pis olaraq zərgər dəqiqliyi ilə dəyərləndirə bilir. Onun üçün şübhəli vəziyyətlər mövcud deyil. Bu insan nəinki öz problemlərini, həm də ətraf mühitin haqsızlıqlarını açıq şəkildə görür və onlara qarşı mübarizə aparmaqdan çəkinmir. Dostlarına qarşı anlayışlı və diqqətcil davranır…

“Bəzən mənə sual verirlər ki, şeirlə ədəbiyyata gələn Seyran Səxavət necə oldu ki yazıçıya çevrildi? Düzünü deyim, mən bunu elə bir “çevrilmə” kimi qəbul etmirəm. Hara getsəm də, söz məni aparırdı. Şeirdə də, nəsrdə də eyni yükü daşıyırdım. Sadəcə, bir gün gördüm ki, söz məndən daha geniş meydan istəyir. Mənim üçün söz birdir- istər şeir olsun, istər nəsr. Sadəcə, onun ifadə forması dəyişir. Bəli, bir vaxt gördüm ki, içimdə yığılanlar şeirin çərçivəsinə sığmır. Şeir daha çox sıxılmış fikirdir, yığcamdır, bir növ partlayış kimidir. Amma həyat o qədər geniş, o qədər çoxqatlıdır ki, onu bəzən bir neçə misraya yerləşdirmək olmur. Mənim gördüklərim, yaşadıqlarım, insanların taleləri, kəndin, şəhərin, zamanın özü- bunlar artıq başqa bir nəfəs istəyirdi. O nəfəsi mən nəsrdə tapdım. Amma şeiri də içimdən çıxarmadım. Mənim nəsrimdə də şeir var- ritm var, ahəng var, sözə münasibət var. Ona görə deyərdim ki, mən şeirdən nəsrə keçməmişəm. Sadəcə, söz məni harada daha rahat danışdırırsa, mən də orada oluram…”- söyləyir…

…Yardımsevər, istiqanlı və ağıllı insandır. Dürüstdür və ona edilən yaxşılıqları heç vaxt unutmur. Çox ciddi və düşüncəli olduğu üçün öz üzərinə məsuliyyət götürməkdən çəkinmir. Bəzən dünyanı yaşamaq üçün ideal yer hesab etmədiyindən tək qalmağa üstünlük verir. Qəzəbli anlarında mühakimə edən və hər şeydə nöqsan axtaran bir xüsusiyyəti də var. Amma buna baxmayaraq, ədalətli və vicdanlı olduğu üçün həmişə hörmət qazanıb. Çox müdik adamdır, sınaqdan keçirməsə heç vaxt qərar vermir. Onun üçün kəmiyyət əsas deyil, keyfiyyətə üstünlük verir…

Deyir ki:- “Mən ədəbiyyatı illərə, onilliklərə bölənlərdən deyiləm. Mənim üçün ədəbiyyat təqvimlə ölçülmür. Ədəbiyyatda tarix yox, əsər var. Bu gün də yazılır, dünən də yazılıb. Amma hamısı ədəbiyyat deyil. Əsər varsa- o yaşayır, yoxdursa, istədiyin qədər tarix yaz, xeyri yoxdur. Əsəri rəqəmlə ölçmək olmaz. Onu ya hiss edirsən, ya da yox. Ədəbiyyat mənim üçün statistika yox, nəfəsdir. Nəfəsi olmayan mətnin isə yaşı da olmur…”

…Əsl səbəbini bilmirəm, amma düşünürəm ki, ikinci dünya müharibəsi zamanı və növbəti illərdə dünyaya gələn insanlar, sonra gələn insanlardan çox fərqlənirlər. Çətin dövrdə, ehtiyac içində böyüyüb boya-başa çatsalar da, heç vaxt ələbaxan, riyakar, namərd olmayıblar. Bəli, deyirlər ki, ən güclü futbolçular məhəllə komandlarında yetişirlər. Amma heç bir peşəkar komanda bu işi görə bilmir. Kişilik də elədir. Yəni heç bir toplum, heç bir təhsil növü, heç bir elm ocağı adamdan KİŞİ düzəlməyi bacarmır. Gərək doğulanda KİŞİ doğulasan, bizim Seyran Səxavət kimi…

Martın 23-ü Seyran Səxavətin 80 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, qalan ömründə ağrı-acısız günlər, çəliyə möhtac olmamasını arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

SEYRAN SƏXAVƏİN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

NOVRUZ BAYRAMI BARƏDƏ ARAŞDIRMA

NOVRUZ BAYRAMI BARƏDƏ ARAŞDIRMA
(Nəşr olunmuş yeni monoqrafiyanın təqdimatı)
Nəşr olunmuş yeni kitabım Odlar Yurdu Azərbaycanın, eləcə də onun ayrılmaz hissəsi olan Muğan diyarının qədim tarixi və mədəniyyəti ilə sıx əlaqədar olan qədim, gözəl və sirli Novruz bayramına həsr edilmiş elmi araşdırma və monoqrafiyadır.

Ümumi məlumatlar:
Kitabın adı: “Novruz bayramı barədə araşdırma” (Monoqrafiya)
Müəllif: İlqar İsmayılzadə
Naşir: “Həməşəra” mətbu orqanı, Cəlilabad
Çap: “Qazi” Çap Mərkəzi
Nəşr olunduğu il: 2026
Çap növbəsi: Birinci
Kağız formatı: 60×90 1/16
Səhifə sayı: 50 səhifə.

Kitab barədə:
Bu kitab dünya səviyyəsində tanınan və diqqət mərkəzində olan qədi mvə sirli Novruz bayramına aid olan bir elmi araşdırma və əslində monoqrafiyadır.
Məlum olduğu kimi, Novruz bayramı Odlar Yurdu Azərbaycanın ən qədim və ən kütləvi, eyni halda qədim tarixinə görə əsas ümumxalq bayramıdır. Novruz bayramı həm də dünyanın bir çox ölkələrində xüsusi sevgi və diqqətlə qeyd edilən bayramlardan biridır.
Bu fürsətdə Odlar Yurdu Azərbaycan və onun ayrılmaz parçası sayılan qədim və sirli Muğan diyarının ən gözəl və sevimli bayramı Novruz bayramı ilə bağlı əvvəllər (2008-ci illərdə) araşdırmalar əsasında qələmə apardığım və sonrakı illərdə müəyyən əlavələr etdiyim araşdırmanı ayrıca kitab kimi hazırlamaq və onu əziz oxuculara təqdim etmək qərarına gəldim.
Monoqrafiya aşağıda təqdim edilən fəsillər əsasında hazırlanmışdır:
Birinci fəsil: Novruz bayramı barədə ümumi məlumat;
İkinci fəsil: Çərşənbələr;
Üçüncü fəsil: Novruz bayramı barədə araşdırmalar;
Dördüncü fəsil: Novruz bayramının tarixi;
Beşinci fəsil: Novruz bayramı ilə bağlı bəzi mülahizələr.
Beləliklə də bu qısa araşdırmada ilk öncə Novruz bayramı ilə bağlı ümumi mövzualrdan söz açdıqdan sonra bu bayramdan öncə xüsusi diqqətlə qeyd edilən dörd çərşənbədən, bayramla bağlı aparılmış araşdırmalardan, daha sonra bu bayramın tarixi və başlanğıc dövründən söz açılmış, sevimli Novruz bayramı ilə əlaqədar bəzi mülahizələr təqdim edilmişdir.
Bu araşdırmanın qədim Muğan tarixi ilə bağlı maraqlananlar, həmçinin, tarixçi və tədqiqatçılar üçün faydalı olacağına ümid edirəm! Məlumat üçün qeyd etmək lazımdır ki, bu kitab indiyədək işıq üzü görmüş sayca 50-ci kitabımdır.

Təşəkkür və diləklər!
Kitabın nəşrində dəstəyi olmuş dəyərli insanlara, həmçinin, onun çapında xüsusi səmimiyyət və peşəkarlıq göstərmiş “Qazi” Çap Mərkəzinin direktoru Yasər müəllim İsmayılova və çap mərkəzinin əməkdaşı Nurəddin müəllim Hüseynova dərin təşəkkürümü bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür diləyirəm!

21.03.2026

İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçıar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Etibar Həsənzadə Onur Belgesi ilə mükafatlandırıldı

Etibar Həsənzadə Onur Belgesi ilə mükafatlandırıldı

Yazar Etibar Həsənzadə Turan Birleşik Devletler Teşkilatı Genel Başkanı İsmail Ateş və yönetim kurulu tərəfindən Türk dünyasına xidmətlərinə görə Onur Belgesi ilə mükafatlandırıldı.
Bu barədə Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat vermişdir.


Mənimdə fəaliyyətimi dəyərləndirdiyinə görə Turan Birleşik Devletler Teşkilatı Genel Başkanı İsmail Ateş bəyə və yönetim kuruluna əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.
Allah ömür versin Allah razı olsun sizlərdən var olun.

Yazarlar.az olaraq, biz də öz növbəmizdə Etibar Həsənzadəni təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Leyla Mahirqızı

TƏRANƏ DƏMİRİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İsmayıl Şıxlı – 107

İsmayıl Şıxlı – 107

Son dərəcə dinamik, özünə güvənən, müstəqil düşüncəli, azad bir insan idi. İnsani keyfiyyətləri o dərəcədə yüksək idi ki, xalq içində bir şəxsiyyət kimi böyük nüfuz qazana bilmişdi. Dostları üçün çox şeylər etmişdi. İnsanlara yardımçı olmağı və onların problemlərini bölüşməyi sevərdi. Göstəriş almaqdan xoşlanmaz, inadcıl, öz sözündən dönməzdi. Yeri gələndə sərt çıxışları ilə auditoriyanı lərzəyə gətirə bilirdi…

1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində dünyaya gəlmişdi. Kosalar kəndində ibtidai məktəbi bitirib, üç il Qazax pedaqoji məktəbində təhsil almışdı. Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işlədikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdi. Oranı bitirərək bir il Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdi. İkinci dünya müharibəsinə qatılmış, sovet ordusu tərkibində ön cəbhələrdə siravi əsgər olmuşdu. Ordudan tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri, Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifələrində çalışmısdı. Daha sonra “Azərbaycan” jurnalında baş redaktor, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olmuşdu. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri, 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdi. 1995-ci il iyulun 26-da vəfat edib…

O, dünyaya gələndə Azərbaycan Demokratik Respublikası cəmi bir il idi ki, qurulmuşdu. Ölkədə güclü ictimai-siyasi proseslər gedirdi. Atası Qəhrəman kişinin halal müəllim süfrəsində gələcək şöhrətindən xəbərsiz böyüyürdü. Və bir gün, on doqquz yaşında ikən ilk “Quşlar” şeiri “Ədəbiyyat” qəzetində dərc olundu. Bu onda böyük həvəs yaratdı. Başı müharibəyə qarışsa da qələbədən bir il sonra “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə mükəmməl ədəbi yaradıcılığa başladı. O vaxtdan son nəfəsinədək özünü ədəbiyyata həsr etdi…

Başladığı işi sona çatdırmağı xoşlayırdı. Möhkəm iradə və fiziki gücə, eyni zamanda idarəetmə qabiliyyətinə sahib idi. Həllini tapmamış problemlərə nifrət edirdi. Davamlı olaraq yenilik arzusunda olması onun ən diqqət çəkən xüsusiyyətlərindən biri olub. Heç zaman özünü məhdudlaşdırmağa çalışmazdı. Ona nəyisə bəyəndirməyə cəhd etmək mənasız olsa da olduqca həssas insan idi…

Ərsəyə gətirdiyi əsərlər çoxdur. Amma ona ümumxalq məhəbbəti gətirən əsəri isə “Dəli Kür” oldu. Bəlkə də əsərin baş qəhrəmanı Cahandar ağa obrazı onun daxili dünyasının təzahürü idi. Onun vasitəsi ilə Cahandar ağanı sevdik, qəlbimizdə, yaddaşımızda yuva qurdu. Nə qədər ki, Cahandar ağa yaşayır, haqqında söhbət açdığım xalq yazıçısı İsmayıl Şıxlı da yaşayacaq. Bəli, illər ötəcək, əsrlər bir-birini əvəz edəcək, Azərbaycan ədəbiyyatının Cahandar ağası- İsmayıl Şıxlı heç zaman unudulmayacaq…

…Bəli, martın 22-si unudulmaz İsmayıl Şıxlının 107-ci ildönümüdür…

Ehtiramla, Elman Eldaroğlu

Elman Eldaroğlunun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"