USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
NOVRUZ – dünyanın ən gözəl təbii bayramlarından biri! Bütün Türk çevrəsində ən azı beş min ildir yazın gəlişi – Novruz Bayramı olaraq ortaq mədəniyyət dəyəri kimi qeyd olunur. Hər il Martın 21-də el şənliyi kimi qeyd olunan Novruz bayramı təbiətin oyanışını, yeni ilin başlanğıcını simvolizə edir. Azərbaycanda, Türkiyədə, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Tacikistanda, Türkmənistanda, Başqırdıstanda və digər məkanlarda hələ eramızdan əvvəlki minilliklərdən başlayaraq Novruz Bayramı xalqları birləşdirən dəyər kimi oxşar ənənələri ilə yaşayır. Bu şənliklər bütün xalq tərəfindən coşqu ilə qeyd edilir. …Bayramqabağı evlər silinib-süpürülür, təmizlənir, adamlar təzə paltar geyinir, hər evdə süfrələr bəzədilir. Süfrəyə səməni, paxlava, şəkərbura, qoğal, rənglənmiş yumurta düzülür, şam yandırılır, qazanlar asılır, dadlı milli xörəklər bişirilir… Hər məhlədə tonqallar qalanır, qızlar, qadınlar, kişilər, cocuqlar tonqal ətrafında əylənir, oddan atılır, yallı gedir… Pəhləvanlar güləşir, kəndirbazlar cəsarətini göstərir, cıdırda yarışlar keçirilir… Qədim el havaları, mahnılar, rəqslər ifa olunur… Meydan tamaşalarında Novruzun ənənəvi personajları Keçəllə Kosa şən zarafatları, məzəli atmacaları, hazırcavab dialoqları ilə camaatı şənləndirirlər… Uşaq, yaşlı, cavan, qoca – hamısı bir yerdə deyir-gülür, yeni ilin gəlişini, təbiətin dəyişimini, torpağın oyanışını gözəl Novruz Bayramı olaraq elliklə qeyd edirlər. Beləcə Türk yurduna bahar gəlir! Novruz Bayramınız mübarək, dostlar!
Turan Uğur:“Səməd Yusifcanlı ssenarilərimi, mətnlərimi həmişə əla oxuyur. Böyük həssasiyyətlə mətni duyur, hər sözün, hər kəlmənin haqqını verir. Hiss etdim ki, Səməd bəy bu gün “Türk ellərində Novruz ənənəsi” mövzusunun kadrarxasını daha şövqlə səsləndirdi. Məncə, çocuqluq illərinin Ağdam – Yusifcanlı xatirələri gözündə canlandı, ruhunu Novruz bayramının əzəmətinə aşiyan sandı, mətni oxuduqca təzələndi, sanki qırışığı açıldı. Allah canını sağlam, səsini qüvvətli, sözünü otkün eləsin!”
ZAUR USTAC: “Sözün əsl mənasında Ağdam rayonunun Yusifcanlı kəndində Novruz şənlikləri; Çilə gecəsi, Yelləncək qurma, Qarqara çıxmaq və digər bir-birindən maraqlı elementlərilə bir başqa idi… Bu şənliklər min illərdən bəri 1990-cı ilə qədər davam etdi. Yaxşı ki, o qədər keyfiyyətli olmasa da 1989-cu ildə AzTv bu tədbiri çəkib (bayram şənliyi bizim kəndimizdə – Yusifcanlı da çəkilsə də o vaxtkı icra-idarəetmə strukturu quruluşuna uyğun olaraq sovetliyin adı ilə Ağdam rayonu Novruzlu kəndi kimi təqdim olunub). Yəqin ki, AzTv-nin arxivində olar bu çəkiliş. Son 30 ildə bütün Şimali Azərbaycanı qarış-qarış gəzmiş bir şəxs olaraq qeyd etmək istəyirəm ki, başqa heç yanda bu qədər dəqiq və geniş ssenari üzrə zəngin təbii Novruz şənlikləri görmədim (bir az oxşayan Qazax -Tovuz bölgəsində var). 1979-1989, düz on il ərzində hər il bu şənliklər gözümün önündə keçirib və iştirakçısı olmuşam. Bütün elementlər hələ ki, yaddaşımda yaşayır…”
Novruz təbiətin oyanışını,baharın gəlməsini,ilin tamam olmasının,gecə ilə gündüzün bərabərləşməsini Tanrını özündə təcəssüm əks etdirən türklərin ulu bayramıdır. Novruz bayramı əsrlər boyu ulu babalarımızdan bizə qalan qədim milli bayramımızdır. Bu bayram baharın gəlməsi,gecə ilə gündüzün bərabərləşməsi,xeyrin şər üzərində qələbəsi,Ahurəməzdanın rəmzi sayılan işığın,günəşin zülmətə,şərə,qara qüvvə olan Əhrimənə qalib gəlməsi əsas xüsusiyyətlər kimi izah olunur.Novruzun yaranmasını İslamla bağlamaq düzgün deyil,çünki bu bayram heç bir din və şəriətdən asılı olmayan təbiət bayramıdır.İslamın ilk dövrlərində yaşamış müqəddəslər Novruzu xoş sözlərlə qeyd edirlər. Rəvayətə görə, Həzrət Əli ibn Əbu Talibin xilafəti illərində möminlərdən biri ona Novruz hədiyyəsi gətirir. İmam Əli bu hədiyyənin hansı münasibətlə verildiyini soruşanda, Novruz bayramı olduğunu söyləyirlər. İmam hədiyyəni qəbul edib buyurur: ”Hər günümüzü Novruz edin“.
“Novruz”un mənşəcə bir fars sözü olub-“yeni gün” mənasını ifadə edir. Novruza “Bozqurd”,”Çağan”,”Nevruz” və.s də deyilmişdir. Novruz bayramı haqqında məlumatlara qədim türk mənbələrində Mahmud Kaşğarlının “Divanü Lügət-it Türk”,Balasaqunlunun “Qutadqu bilik”,Ömər Xəyyamın “Novruznamə”,Nizami Gəncəvinin “İsgəndərnamə” əsərlərində rast gəlmək olar.
Novruz bayramının qədim türklərin “Ərgənəkon” bayramının davamı olmasıyla bağlı mülahizələrdə günümüzə qədər gəlib çatmışdır. Bu mülahizələrə görə türklərin qədimdən bəri qeyd etdikləri “Ərgənəkon bayramı” müəyyən zaman kəsiyindən sonra “Novruz” adı ilə davam etdiyi və günümüzədək gəlib çıxdıgı qeyd edilir.
Novruz bayramı haqqında islam miflərinin yaranmasını dinlə bağlamaq olar. Ulu Tanrı dünyanı gecə və gündüzün bərabər olduğu gündə-Novruzda yaratmışdır. İlk insan olan Adəm məhz bu gündə yaranmışdır. Adəm və Həvvanın nəfsini məğlub olub Tanrı tərəfindən qadağan edilən meyvədən yediklərinə görə cənnətdən yer üzünə qovulan Adəm məhz Novruz bayramında Həvvasına qovuşub.
Bu bayram əlbəttə ki,farslar tərəfindən də qeyd olunur,amma farslara məxsus bayram olduguni qeyd etmək doğru olmaz.
Farslarda Novruz bayramının qeyd edilmə tarixi bununla bağlı rəvayətlərdə öz əksini tapmışdır. Belə ki,Novruz bayramını yeni ilin ilk günü kimi qeyd edilməsinə Sasani və Əhəmənilər dövründən rast gəlinir. Bəzi mənbələrdə Novruz Cəmşidin taxta çıxmasıyla da bağlıdır.
Ömər Xəyyam ” Novruznamə” əsərində Novruz bayramının yaranmasıyla bağlı bəzi fikirlər var. “Novruzun yaranmasının ilkin və başlıca səbəbi budur ki,həmin gün Günəş dövrə vurmuş və 365 gün keçmişdir”. Bəzi rəvayətlərə görə bu bayram İran şahlarından biri olan Cəmşidin vətənimizə gəlməsiylə bağlıdır. Əl-Biruni “Asar əl-Baqiyyə” əsərində də bu haqda qeyd olunur.
Bu bayramla bağlı adətlərin yaranması
Yaz mövsümünün gəlişini “Səməni” təmsil edir. Bu ənənə təbiətin oyanmasını,dirçəlməsini təsvir edir. Bunun da əsas mövqeyini “tonqal” tutur. Tonqal qədim türklərdə od,alov,atəş mənasını verir. Tonqal günəşi simvolizə edir. Qədim türklərdə günəş müqəddəs Tanrı kimi izah olunur. Tonqal üzərindən tullanarkən deyilən “ağırlığım,uğurluğum burda qalsın” deyimi türklərin bədii təfəkkürünə görə odun arındırıcı funksiyaya sahib olması ilə başa düşülür.
Novruz qədim türkün təbiətə bağlılığından və oda olan inamdan irəli gələn bir bayramdır. Çin qaynaqlarında ilk və son baharın rəsmi dövlət olmasıyla bağlı məlumatlar var.
Novruzun gəlişi Şərqdə Azərbaycan poeziyasında geniş yayılmış “Bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir. Azərbaycan ədəbiyyatında xüsusəndə lirik poeziyamızda Novruz bayramına həsr olunan şeirlərdən Hüseyn Cavidin “Novruz bayramı” və Mikayıl Müşfiqin “Bayram axşamı” şeirlərinə rast gəlmək olar.
Yazıçı İsmayıl Şıxlı “Dəli Kür” romanınında bu bayramı adət-ənənələriylə təsvir etmiş və Azərbaycan xalqının milli adət-ənənəsi olan Novruzu qeyd etməyə hazırlaşan bir kəndin həmin kəndin əhalisinin bayrama hazırlıq təlaşını, həyəcanını,sevincini və dini inanclarını da ustalıqla qələmə almışdır.
Novruz bayramı idi. Kənd uşaqları səbirsizliklə axşamın düşməsini gözləyir, tez-tez xırman yerinə topladıqları ota baxırdılar. Onlar qucaq-qucaq küləş, saman gətirib otun üstünə atırdılar. Bundan başqa, əllərinə keçən quru çırpıları, odun qırıntılarını da buraya atırdılar. Onlar şər qarışan kimi tonqal yandıracaqdılar. Oğlanlar bundan başqa, meşədən uzun payalar kəsib gətirmişdilər. İri bir gərməni ortasından deşib həmin ağaca keçirmiş və lopa düzəltmişdilər. Tonqallardan başqa damın üstündə lopa da yanacaqdı. Qızlar sakit oturmurdular. Özlərinə təzə paltar tikir, axşama qədər hazır edib geyməyə çalışırdılar. Gəlinlər yumurta boyayır, arvadlar tez-tez düyü arıtlayan qızlara göz yetirirdilər. Səmənilər süfrələrə düzülürdü. Hamı bayrama hazırlaşırdı. Varlı da, kasıb da çalışırdı ki, bu axşam süfrəsi boş qalmasın.
Göründüyü kimi Novruz bayramı Azərbaycan xalqının əsrlər boyu yaşatdıgı və gələcək nəsillərə ötürdüyü milli bayramımızdır.