ZAUR USTAC – AD QOYDU

AD QOYDU

(hekayə)

– Boy, boy xoş gördük, a Savet kişi! Ə, Şura arvad nətərdi? Oktyabr nejədi? Neynirsiz? Nağayrırsız? Aprel nağayrır? Üzüm ayağının altına, mən ölüm bağışda, qızın – o aman-zaman bir baleyin, gül baleyin adı yadımdan çıxıf… Heş elə bil hamısını qırğın-davaynan, dava-şavaynan, 40 gün davam edən şəbehdən sonra bu qurumuş əllərlə mən ölmüş yazmıyıf.

– Zoya, qızımın adı Zoyadı. Salamatçılıqdı. Hamısının salam-duası var. Şura bajılığın da saa məxsusi salam göndərif.

– Hə, eşitmişəm. Özünnən qurtardı, indi də keçif gəlinlərə. Amma, ayıfdı. Sən allah bajılıx-zad nədi, bu gij-gij zarafatları qoy bir kənara. Allah-təala neçə ildən sonra qismət eliyif, züryət də verif saa, baba olmusan, eee baba…

– Ə, mən neyniyim e!? Sən öl, bax, bu mən ölüm, hərfiynən çatırıram. Dedi ki, məndən o arvadağız bajıma salam de. Denən ki, elə eləməsin ora gəlim. Bax, məni ora gətirməsin ha… Başın haqqı, canım haqqı, bax, maa beləjənə dedi.

– Ə, gə bəri, gə keç içəri görüm. Onsuz da siz düzələn zzzii.. şey döyülsünüz… Gə bəri. Bilirəm ki, nəvənə müdrüt dəftəri almağa gəlifsən.

– Boy, boy… Ə, yeni termosun da mubarəhdi.

– Ə, az danış, daqameti ver maa, keç otu görüm.

– Ə, dayan görüm bir, sənə iş var burda.

– Ə, ora-bura az boylan nuh-əyyamından qalma kabinetdi. Sən öl, elə düz görmüsən, son 40 ildə termosdan başqa dəyişən bir şey yoxdu. Bax bu qələm də bəlkə, bax o balaja gədeyin adı nəyidi? – Aprel, Aprel – yadıma düşdü. Bax, and olsun o Aprelin şirin canına bəlkə də elə onun adını yazdığım qələmdi…

– Ə, yaxşı ə… Ə, o başıyın üsdəki şikildən ayıfdı. O şikillər dəyişdi, sən dəyişmədin dana kişi kimi.

– Az danış, müxtəsər elə. De görüm uşağın adını nə yazax? İsmini söylə, ismini…

– “Azad” – babamın adıdı. Şura bajılığın dedi ki, bax elə beləjənə də yazsın: “Azadi Azad Oktyabr oğlu”.

– Paho… Yenə başladı dana bullar. Başına dönüm, a Savet, “Azad” olmaz! Başqa ad de.

– Ə, nətər olmaz. Nətər olmaz. Sən diyəsən hələ bu demaqratdarı yaxşı tanımamısan ha…  Nətər olmaz, ə? Elə olar bal kimi. Olar! Olajax da!

– Ayə, vallah “Azad” olmaz. Qəti tapşırıx var. Savet, baleyin, balamın canı haqqı olmaz. Gör nə qəşəh addar var. Savet, a Savet, başına dğnüm. Bax, “Ağa” qoy, “Bəy” qoy. Nədi ə, tutmusunuz bu könə-kürüş addardan?!

– Ə, köhnə-kürüş niyə olur? Könə-kürüş belə sənin əbəjdadıyın adı olsun. Gül kimi babamın adıdı. Ayə, o boydana savet höküməti bizim adımıza, familimizə dəymədi, sən indi deyirsən ki, rəhmətlik babeyin adın o nurlu kişinin kötücəsinə qoya bilməzsən. Ayə dünyada o farmazonnu arvaddar var ha, onlar yadıcasın da görür eee. Biz sizin ujbatınızdan nəvədən o tərəfə keçəmmirik. O da, ya qismət. Qismət olsa… Rəhmətlik babam kimi “Azadi Azad” olajax!

– Olmuyajax! A Savet başına dönüm, bax, heç qoşa ad qoymağa icazə vermirlər, amma istəyirsən gə saa imkan yaradım “Ağabəy” qoyax bu uşağın adını, həm də o boyda kişinin adı oluf. Adıynan böyüsün, torpağı-sanı yaşasın, onun kimi adlı-sanlı kişi olsun. Gə, yox demə, bax elə belə də yazax: “Azadlı Ağabəy Oktyabr oğlu”.

– Ə, kiri! “Azadlı” nədi, ə? Biz demoqratıx axı, qağa! Nə tez unutdun ə, bunu sən, nə tez unutun?! Ə, vallah-billahi qojalıxdandı… Ə, qurdnan-qiyamata ha qalasın döyülsən… Çıx get out evində, qoyun bu cavannar işləsin dana başına dönüm… “Azadlı” nədi, ə?  “Azadi”yik! “Azadlı” nədi? “Ağabəy” nədi? A başına dönüm, bu nə işdi, biz düşdük?!

– Niyə özündən çıxırsan, a Savet? A başına dönüm, təzə qayda belədi dana famili ta “lı”, “li” ilə yazırıx. “Ov”, “Yev”, “Zadə”, sizin o “ı”, “i”, “u”, “ü” -lər də ta ləğv oluf. “Ağabəy” istəmirsən, başqa ad fikirləşərik. Budeyha bu qalınlığında kitavı görürsən? Sağ olsunlar, başbilənlər göndərif. İçərisində hamısı milli, başucalığı gətirən adlardı. Birini seçərik, vəssalam-şüttamam, bu iş bitsin. Vallahi, billahi “Quran” kimi bir şeydi. Bunnan irəli camaat nətəri seçirdi, ə adı!? Hay!? Molla kitavı açardı, nə ad çıxdı, onu da qoyardılar uşağa. İndi nə oldu? Nə dəyişdi? Pişih asqırıf? Kor tutduğunu buraxmıyan kimi yapışmısan bir “Azad”ın quyruğundan. Ayə, vallah, qivlə haqqı deyiflər yazmıyın. Bir fikirləş ki, nəvən sabah yekəlif lap o qəlvi yerlərdən birində işləyir… Lap elə müdür oluf. Vallahi, billahi işçilər öz aralarında xısınlaşacaqlar ki, “az” gəldi, “az adı” gəldi, “adı az” gəldi, “az adam” gəldi, “balaca adam” getdi… Sən heş istəyərsən sənin nəvənə “xırda”, “dıqqılı” desinlər!?… Kəndimizin adını biyabır eləməh istiyirsən? Bu gözəl kəndimizin uca adını batırıf-batırıf yernən sürütdümək istiyirsən?! Ə, vallah ayıfdı… A Savet, səni and verirəm, o qərib anan Azədənin goruna gə, bu daşı tök ətəyinnən… Nəyidi o? O bir yaxşı söz var e…? Hə alternatif. Əgər, “Ağabəy” xoşlamırsan, onda mən alternatif olarax “Çoxadam”, lap elə “Çox”, “Çoxlux” təhlif eliyirəm.

– Ə, kiri! Kiri, ə! Ə, “Az” nədi? “Çox” nədi? Ə, ləğv oluf nədi, ə… “Lı”, “Li” nədi, ə… Babamın adı “Azad” oluf, nəvəmin də adını “Azadi Azad” qoyajıyıx vəssalam! “Azadlı”, yox bir “Azadlıx”…

– Savet başına dönüm, o kəlməni işlətmə! Vallah kəndimizi başımıza uçurallar, atamızı yandırallar. Bu gözəl kəndimizi yernən bir eliyəllər. Heş izi-tozu da qalmaz.

– Ə, neyniyillər eləsinlər, maa dəxli yoxdu. Qoy, Şuranı çağırım. Hanı ə, mənim o soxaya qalmış telefonum? Hanı mənim bu civ telefonum?! Alo, alo, az Şura, dəstəni də yığ, gə savetdiyə… Hə, bura, savetdiyə… Yazmır dana, bajılığın yazmır. Deyir heylə olmaz. Bilmirəm. Gəlin bura. Tez gəlin.

– A Savet, ə arvad-uşağı niyə tökürsən bura? Özümüz həll edəjeydik dana…

– Qoy gəlsinlər. Bu nədi ə?! Olmaz nədi ə?! Qoy hələ balaja gəlin də salamat qutarsın… And ola, o bir Allaha,  onunkun da “Babək” qoyajam. Demirsən, saa qoşa ad palojnadı? Bax, dilindən çıxıf ha, onun adını “Babəkxürrəmi Azadi” qoyajam. Lap elə qoy “Azadlı” olsun! “Babəkxürrəmi Azadlı”.

– “Azad…”!, “Azad…”!, “Azad…”! …

– A Savet, bu nə səsdi ə?! Başına dönüm, bu nə səsdi?! Vay dədə, vay. Evim yıxıldı. De görüm, mən eşitdiyimi sən də eşidirsənmi?! Hıy!? Bu nədi, ayə?! İndi mən haranın külünü töküm başıma ayə!?

– Eşidirəm, Eşidirəm… Nə səs olajax?! Şura bajılığın başının dəstəsiynən gəlir. Bayaxdan maa oxuduğun qəzəldən indi bir-iki ağız da ona oxuyarsan…
07.12.2025. Bakı.

Müəllif:  Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

ZAUR USTACIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

Həmin gün biz qovurmalıq edirdik

BAYRAĞINIZI GƏTİRİN!

Həmin gün biz qovurmalıq edirdik. Bizim
kənddə qovurmalıq xüsusi mərasimdir. Camaat buna avqust ayından etibarən cani-dildən hazırlaşır. Kimi bir quzu, kimi iki quzu, kimi üç quzu, kimi də bir dana bəsləyir ki, oktyabr-noyabr aylarında kəsib qış üçün qovurmalığını hazırlasın.
Adətən, nənəm, əmilərim bizə gələrdilər. Əvvəlcə kəsilmiş qoçun içalatını cız-bız edib, elə həyətdəcə yeyərdik. Həmişə, əmim bu işi öz üzərinə götürərdi; erkəkləri kəsər, soyar, elə isti-isti böyrək yağı ilə erkəyin ürəyini, dalağını, böyrəklərini, ciyərini qızardardı. Əti doğrayandan sonra isə iş qadınlara düşərdi. Onlar əti qazana tökər, pörtlədər, böyük süzgəclərə yığıb suyunu o ki var süzər, qalanmış ocaqda yaxşıca qovurardılar. Ən yaxşı qovurmalıq heyvanın öz yağında bişirilmiş ət hesab edilərdi.
Kəsilmiş heyvan dana olanda isə əvvəlcədən alınmış qoyun quyruğu əridilər, ət onda basdırılardı. Bu işi də nənəmdən başqa heç kim edə bilməzdi. Ata nənəmi deyirəm…
Gəlinlər nə qədər oturuşmuş olsalar da, bü-
tün ailənin ətini nənəm qovurardı. Əgər ağbirçək nənəm bu işi görməsəydi, demək, ailədə nəsə problem vardı. Amma bu da mümkün olan iş deyildi. Çünki nənəm bu gəlindən küsüb o biri oğlugilə getsəydi də, hökmən qovurmalıq günü gedib könlünü alar, evə gəlməsi üçün razı salardılar.
Ərinmiş quyruqdan çıxan cızlıqdan isə heç
xoşum gəlməzdi. “Cızlıq” quyruğun kiçik ti-
kələrinin əriyəndən sonra qalan hissəsinə deyilir.
Mənim ən çox xoşuma gələn şey isə “cığatar” idi. Pörtlənmiş ətin suyundan hazırlanan bu yeməyə
quru lavaş doğrayıb, sonra da yumşaq lavaşla onu yemək bir başqa dad idi.
Pörtlənmiş ətin suyuna bir iki tikə ət-qəylə salıb qonşulara paylayardıq. Adətən, bütün qonşularımız belə edərdi. Bu o demək idi ki, “bizdə bişər, qonşuya da düşər”.
Bütün qonşular bu cür mərasimlərdə öz ne-
mətlərini bir-birilə paylaşardılar. Sanki belə olduqda hamı bir-birinin vəziyyətindən də xəbərdar olardı. Məsələn, əgər bu il İban əmigil qovurmalıq etmədisə,atam onlara göndərilən qəylənin bir az artıq olmasını istəyərdi. Hə, qəylələri həm
də qonşu ailənin uşaqlarının sayına görə qoyardılar.
– Ay qız, ordan çölməyi gətir, cığatarları bö-
lüm, – deyə nənəm anamı səslərdi.
Uşaqlıqdan bir xasiyyətim vardı. Yemək biş-
məmişdən bir tikə ət, ya da kartofu çölməkdən
götürəndə, elə bilirdim, dünyanın ən dadlı yeməyini yeyirəm. Elə ona görə də göz-gözə vurub
nənəmin pörtlətdiyi qəylələrdən birini oğurladım. Amma nənəm də nənə idi haaa. Necə görürdüsə, qovurma ağacı ilə yanımdan elə vururdu ki, gizlincə götürdüyüm qəyləm yerə düşürdü. Əslində, birini götürəndə söz deməzdi, am-
ma ikinci tikə olanda yaman hirslənərdi. Hələ
bir-iki qəşəng yağlı söyüş də dalımca söyərdi.
İndi də ətimi birtəhər içəri ötürüb Pıllı əmi-
gilə gedəcək çölməyi götürüb aradan çıxdım.
Naxçıvanda kiçik qazana çölmək deyilir.

Pıllı əmigil qapı qonşumuz olmasa da, ya-
xın qonşu hesab edilirdi. Anamla Afət xala çox yaxşı yola gedirdilər. Bəlkə də, əsas məsələ ikisinin dəsadəliyi idi. Bu onları bir-birinə yaxınlaşdırırdı. İndi də yadıma gəlir ki, Afətxalaheç vaxt
heç kimlə dilləşməz, sözləşməzdi. Nə su üstündə, nə təndirdə əppək yapanda, nə də uşaq üstündə. Ona görə də ailəmizin ən yaxın qonşusu hesab edilir, bayramda həmişə ilk olaraq onlara görüşə gedilir, onların payı aparılırdı.
Dəmir qapını çiynimlə birtəhər açıb, içəri
girdim. Bizim kəndin özünəməxsus xüsusiyyətlərindən biri də qapıların heç vaxt bağlı olmaması idi. Düzdür, sonralar ölkəmizin digər kəndlərini gəzəndə gördüm ki, bəzi yerlərdə heç bizimki kimi hasarlar da yoxdur. Nəinki qapı, qıfıl ola. Bunun da səbəbini özümə izah etmişəm.
Adətən, təbiəti zəngin olan dağ kəndlərində
hərənin az qala bir hektar həyəti var idi. Onları da hasarlamaq mümkün deyildi. Amma bizdə yaşıllıq olmadığından, camaat, sanki Naxçıvanın sərt soyuğundan qorunmaq üçün bir-birinə sıx
yaşayır, palçıq kərpicdən adam boyunda divarlar hörərdilər.
Həmin gün çölməyi Afət xalaya verib çıxır-
dım ki, oğlu Rahil içəri girdi. Ardınca da Pıllı əmi başılovlu gəlib:
– Ay qız, ordan motosikletin açarın ver gö-
rüm. Qurumsaqlar deyəsən, yenə qudurublar.
Bunların beytərini…
– Gəl, min motosikletə. Bunlar, deyəsən,
bilmirlər kimə ilişirlər. Günah səndədir axı, onlara maşın saxlayırsan. Dəqiq danış görüm, necə oldu? – deyə Rahildən soruşdu.
Rahil üçtəkərli motosikletin tərkinə minə-
minə dedi:
– Heç nə, ata, mən şəhərdən gəlirdim. Yol
polisi əl etdi, saxladım. Sənədlərimi istədi, verdim. Baxandan sonradedi ki, sənin etibarnamən Bakıda verilib. Sonra da məni maşından endirib, maşını da, sənədləri də götürüb getdilər. Dedilər ki, gələrsən idarəyə.
Pıllı əmi əsəbi şəkildə motosikletin “pedal”ına
bir təpik vurdu və tır-tır səsi aləmi başına götürdü.
– Sən də min, qapınızda düşərsən, – dedi
mənə.
Tələsik “kalyaska”da oturdum. Qapımızda
isə nə o saxladı, nə də mən səsimi çıxara bildim.
Çünki bütün uşaqlar kimi maşına minmək və
uzağa getmək mənim də xoşuma gəlirdi.
Birbaşa şəhər polis idarəsinə yollandıq. Pıllı
əmi idarəyə çatar-çatmaz düşüb, onun qabağını kəsərək: “Nə lazımdır, yoldaş?”, – deyən polisi itələdi. “Rəisiniz lazımdır”, – dedi.
– Rəisi neynirsən?
– Rəisinizin bayrağına baxacam.
– Başa düşmədim, necə yəni rəisimizin bay-
rağına baxacaqsan?
– Sənə nə var, əəəəə, küçük, mən rəisinizin
bayrağına baxacam, ondan sonra deyəcəm nə edirəm.
Pıllı əmi bunu deyib iri addımlarla idarəyə
girməyə çalışdı. Bu dəm bir neçə polis də səsə çıxdı.
– Ay yoldaş, bura bazar deyil. Bir durun gö-
rək, nə məsələdir?
Pıllı əmi isə elə tutmuşdu ki,“rəisinizin bay-
rağına baxacağam”.
Polislər isə vəzifələrini yerinə yetirərək Pıllı
əmini içəri buraxmır, sorğu-sual edirdilər. Beləcə, aləm dəydi bir-birinə. Bizim kəndlilərdən olan bir polis Pıllı əmini tanıdığından yaxınlaşıb: “Ay Pıllı, belə olmaz axı, yenə içmisən? Sakit-sakit de
görək, nə istəyirsən?”– dedi.
– Əşşi, sənə nə var? Mən sənin rəisinin bay-
rağını görməliyəm. Sözümü sonra deyəcəm, –deyə Pıllı əmi cavab verdi.
Bu arada kimsə rəisə baş verənlər haqda xəbər verdi. Rəis də Pıllı əmini tanıdığı üçün “buraxın gəlsin”, – dedi. Biz də sakit-sakit onun arxasınca getdik. Nə baş verəcəyini gözləyirdik. Polislərlə belə danışdığına görə, Pıllı əmi mənim qəhrəmanıma çevrilmişdi. Axı uşaqlıqdan bizi həmişə polislərlə qorxudurdular. “Polis gəlib atanı tutacaq” ifadəsi, sanki 37-ci illərin yükünü daşıyırdı. Elə bilirdik ki, istənilən halda polis səni
tutub apara və həbsxanaya sala bilər. Bu sovet idarəçilik sisteminin bizə verdiyi tərbiyənin nəticəsi idi.
Azərbaycan müstəqil olandan, demokratiya
yaranandan sonra öyrəndik ki, sən demə, polis təkcə kimisə həbsxanaya salmaq üçün deyilmiş. Həm də hüquqlarımızı qoruyan bir orqan imiş.
Pıllı əmi rəisin otağına girən kimi: “Sənin
bayrağının rəngi necədir?” – deyə qışqırdı.
Polis rəisi də təmkinli şəkildə: “Ay Pıllı, bu
nə sözdü? Bəyəm sən bizim bayrağımızın rəngini bilmirsən? Bax, budur, başımın üstündə:
göy, qırmızı, yaşıl. İstəyirsən, mənalarını da izah edim”, – dedi.
Pıllı əmi gülümsündü, sakitləşdi, sanki da-
marlarına birbaşa iynə vurmuşdular. Təmkinlə dedi:
– Mən də elə bildim ki, Naxçıvanda Azər-
baycan bayrağından imtina ediblər. Bə mənə de görüm, sənin o qurumsaqların niyə uşağın maşınını əlindən alıblar? Bəyəm Azərbaycanın bir bayrağı, bir gerbi, bir prezidenti yoxdur? Nə vaxtdan Bakı ilə Naxçıvanı ayırıblar? Orda verilən sənəd burda keçmirsə, demək ki, bura ayrı
dövlətdi, hııı? Onu çağır bura, “paqon”ların sökəcəm …
Rəis nəyin baş verdiyini təqribi bilsə də, özü-
nü bilməmiş kimi apardı. Maşının nömrəsini soruşub, onu saxlayan polis çavuşunu yanına çağırdı. İçəri girən kimi Pıllı əmi oğlundan soruşdu ki, “bu idi?” Rahilin “hə” deməyi ilə Pıllı əminin çavuşun yaxasından yapışması bir oldu. Yenə aləm bir-birinə dəydi.
Pıllı əmini tuturdun, tutulmurdu. “Sən qu-
durmusan ki, Naxçıvanı Azərbaycandan ayı-
rırsan? Sədr bunu bilsə, bilirsən sənə nə edərlər, ay ovrəş”, – deyib, bar-bar bağırırdı.
Pıllı əmini iki polis birtəhər sakitləşdirib, ça-
vuşu çölə çıxardılar.
Maşını da, sənədləri də Pıllı əmiyə qaytardılar. Və dedilər ki, heç olmasa, orda alınan etibarnaməni burada qeydiyyata saldırsın.
Biz kəndə gələndə qovurma mərasimi hələ
də davam edirdi. Pıllı əmi bizə gəldi. Həmin gün atamla yaxşıca içdilər də. Sonra içdikləri araq qədəhlərini boşaldıb, zərləri onunla ataraq nərd oynadılar. İkisi də cığal olduğu üçün həmişə belə edərdilər. Pıllı əmi etdiklərini həvəslə danışdı.
Hərdən də məni şahid göstərdi. Mən isə birinin üstünə beşini qoyub, bir polisi beş, beş polisi on edərək bu qəhrəmanlıqdan, onun polislərə necə dərs verməsindən danışdım. O gündən hamının
demaqoq kimi tanıdığı Pıllı əmi mənim üçün
haqqını tələb edən insan simvoluna çevrildi.
(2010. “Arvadsız kişi”. Hekayələr kitabından.
P.S. Şəkildə gördüyünüz əsərin qəhrəmanı Pullu əmidir.

Müəllif və mənbə: Şəmil Sadiq

Şəmil Sadiqin yazıları

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Yeni kitab təqdimatı – Cəlilabad

Yeni kitab təqdimatı
Bu günlərdə Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən olan, “Həməşəra” Fəxri Diplomu laureatı, dəyərlimiz şairə xanım Zeynəb Alıhüseynqızının sayca üçüncü şeir kitabı öz şəxsi vəsaiti hesabına işıq üzü görmüşdür.

Kitabın əsas məlumatları:
Kitabın adı: “Ana sevgisi” (Zeynəb Alıhüseynqızının poeziya dünyasından bir damla) – Şeirlər toplusu
Müəllif: Zeynəb Alıhüseynqızı
Redaktor: Arzu Əyyarqızı (“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, şair-publisist)
Məsləhətçi redaktor və ön söz müəllifi: İlqar İlqar İsmayılzadə (fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, yazıçı-publisist, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi)
Naşir: “İmza” Nəşrlər Evi, Bakı
Nəşr olunduğu il: 2025
Çap növbəsi: Birinci
Kağız formatı: 60×84 1/16
Səhifə sayı: 112 səhifə.

Kitab barədə:
Bu kitab Zeynəb xanım Alıhüseynzqızının şeir və poeziya sahəsində oxucularının görüşünə gəlmiş sayca üçüncü kitabıdır. Bundan öncə onun 2017-ci ildə “Nə qədər sualım cavabsız qalıb” ilk, 2018-ci ildə isə “Allah, məni Əhli-Beytə dost eylə” adlı ikinci şeirlər kitabı çap olunmuşdur.
Şair xanımın bu kitabında əsasən xalq şeiri üslubunda həyatla bağlı, həm də müxtəlif mövzularda qələmə aldığı 80-dən çox yer almışdır.
Kitabda təqdim edilmiş şeirlər Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, şair-publisist Arzu xanım Əyyaqrızı tərəfindən redaktə edilmiş, tərəfimdən isə məsləhətçi redaktor olaraq şeirlərdə müəyyən düzəliş və korrektor işləri həyata keçirilmişdir. Həmçinin, kitabda həm redaktor (Arzu Əyyarqızı), həm də məsləhətçi redaktor (İlqar İsmayılzadə) tərəfindən Zeynəb xanımın həyat yolu və ədəbi yaradıcılığı ilə bağlı iki ayrı ön söz yazılmışdır.
Burada fürsətdən istifadə edib Cəlilabad ədəbi mühitinin nümayəndəsi Zeynəb xanım Alıhüseynqızını işıq üzü görən sayca üçüncü şeir kitabına görə səmimi qəlbdən təbrik edir, mənə göstərdiyi etimada və səmimiyyətə görə minnətdarlığımı bildirir, eyni halda ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Bu arada kitabın redaktoru, əzizimiz və dəyərlimiz Arzu xanım Əyyarqızına, eləcə də “İmza” Nəşrlər Evinin direktoru dəyərli qardaşım Səbuhi Aslana, həmçinin, texniki redaktor və dizayner Nigar xanım Sadıqovaya göstərdikləri diqqət, peşəkarlıq və səmimiyyətə görə təşəkkürümü bildirir, onların hər birinə işlərində davamlı uğurlar diləyirəm!

04.12.2025

İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, yazıçı-publisist

İLQAR İSMAYILZADƏNİN YAZILARI

ŞƏHLA RƏVANIN YAZILARI

ZAUR USTACIN YAZILARI


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

NOYABRLA DEKABRIN “ULDUZ”U BİR ARADA

NOYABRLA DEKABRIN “ULDUZ”U BİR ARADA

İlin son “Ulduz”u Məhsəti Musanın “Özüylə söhbəti və reportajı” ilə açılır.
“Şeir vaxtı”nda Elşən Mehdi, Vasif Zöhraboğlu, Təranə Dəmir, Pərviz Arif, Elvin Paşa, Süleyman Abdulladır.
“Nəsr”də Orxan İsmayılovun “Keçib gedənlər”, Xatirə Salahzadənin “Qırmızı saat”, Səma Muğannanın “Kabusların bulud parçası” hekayələri yer alır.
Qulu Ağsəs ““Altı və sıfır”dan sonra extra time” essesi ilə oxucularını salamlayır.
Şahanə Müşfiq “Zəfər yolları” kitabının müəllifi Zemfira Məhərrəmlinin yaradıcılıq dünyasından söz açır.
“Tərcümə saatı” Marina Svetayevanın şeirlərini və Məmməd Məmmədlinin ispan dilindən tərcüməsində “Heminqueyə görə həyat” yazısını təqdim edir.
“Tribuna”da Cəlil Nağıyev “Bir Bosniya Sevdalinkası: “Həsən Ağaının Xanımı”, Şəbnəm Məmmədova “Ömrünü elmə və nəzəri tənqidə həsr etmiş atam”, Babək Abbaszadə “Məsud Pənahi yaradıcılığı və Azərbaycan animasiyasının intibahı” yazıları yer alır.
Elxan Zalın “Sevgilər fontanı”, Narıngül Nadirin, Cavid Fərzəlinin, Elçin Səlimlinin şeirləri, Mina Rəşidin hekayələri, Nəvai Mətnin “Dünya bir ev kimidir” yazısı da bu sayda yer alır.
“Dərgidə kitab”da İmir Məmmədli “Sazlı-sözlü Sibir: Simusid” əsəri ilə görüşünüzə gəlib.
“Dərgidə sərgi”də rəssam Anar Zahirovun “Ulduz”a həsr etdiyi dostluq şarjları təqdim olunur. Oxu >>>>> 12

2025- in “Ulduzları:1, 3, 4, 5, 6, 8, 9, 10, 11, >>>12

“ULDUZ” JURNALI PDF

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

TƏFƏKKÜR DƏYİŞİLMƏLİDİR

TƏFƏKKÜR DƏYİŞİLMƏLİDİR
(İxtisarla)
Yaşadığım illər ərzində nələr görmədim, nələr eşitmədim. Son illərdə isə cılız düşüncəli insanların həyata keçirtdikləri neqativ işlər dərk edən insanı düşünməyə vadar edir. Kiməsə güvənənlər düşünürlər ki, həyat onlar üçün həmişə belə davam edəcək. Xeyr, haçansa elədiyi, gizli yollarla həyata keçirdiyi işlərə görə cavab verməli olacaqlar. Həyatda neçə-neçə insan tanıyıram ki, vəzifədə işləyətkən, yaxud vəzifədən çıxdıqdan bir neçə il sonra qanun qarşısında cavab verməli olublar. Son illərdə bir neçə icra başçısının həbs olunması buna sübutdur. Kim inanardı ki, Ramiz Mehdiyev haçansa məsuliyyətə cəlb edilər? Əlbəttə, heç kim. Amma nələr baş verdi? Hətta Ramiz Mehdiyevin müdafiə etdiyi insanlar da dindirildi.
…Hər bir nazir, rayon icra başçısı, məsul vəzifədə çalışan kadr öz işi, rəhbərlik qabiliyyəti ilə seşilir. İstər savadlı, istərsə də savadsız insanlar öz aralarında vəzifədə çalışan şəxslərin işini təhlil edir və kimin yaxşı və pis olduğunu, hansı prinsiplərlə işləməsini yaxşı anlayırlar. Ağıllı insan ona deyərəm ki, vəzifədə işləyən zaman öz işinə məsuliyyətlə yanaşsın, işində bürokratçılığa, ədalətsizliyə, saxtakarlığa, yerlibazlığa, ayrı-ceçkiliyə yol verməsin. Müxtəlif peşə sahibləri ilə fikir mübadiləsi aparan zaman məlum olur ki, onların əksəriyyəti işlədikləri müəssisələrin rəhbərlərindən narazıdırlar. Sosial şəbəkələri izləyərkən giley-güzar edən şəxslərə qulaq asanda, dərk edən vicdanlı şəxsin ürəyi ağrıyır. Məlum olur ki, kiçik çinli məmurların bəziləri yaltaqları, ona təzim edənləri, onun dediklərini, sifarişlərini canla-başla yerinə yetirənləri müdafiə edir. Məmurların ürəyincə olan belə işçilər iş prosesində nöqsana, qanunsuzluğa yol versələr də, müəssisə rəhbəri tərəfindən müdafiə olunurlar. Vay o gündən ki, yaltaqlıqdan uzaq olasan, işinə məsuliyyətlə yanaşasan, müəssisə müdirinin etdiyi nöqsanı üzünə deyəsən, bax, belələri müdir tərəfindən gözümçıxdıya salınır və əgər onun işində kiçik bir nöqsan olduqda, müdir, onun alçaldılması, hörmətdən salınması üçün öz cılız prinsipini həyata keçirməyə çalışır. Bəzən də haqlını haqsız, haqsızı isə haqlı çıxaranlar da olur.
Bəs, bəzi müəssisə rəhbərləri niyə hədlərini aşırlar? Niyə qorxmadan, çəkinmədən öz çirkin, heç bir mənəviyyata sığmayan mundar prinsiplərini həyata keçirirlər? Niyə özlərindən ağıllı, səviyyəli, savadlı insanları ləkələmək üçün yollar axtarırlar və ləkələməyi də bacarırlar? NİYƏ? Günahkar kimdir?
Bildiyimiz kimi, yerlərdə kadrlar çox şeyi həll edirlər. Bu səbəbdən də məsul vəzifələrə kadrların seçilməsi çox önəmlidir. Kadrlar vəzifəyə təyin olunduqda onların ancaq ali təhsilli olmaları nəzərə alınmamalıdır. Məsul vəzifədə çalışan kadr ali təhsilli olması ilə bərabər, həm mədəni, həm tərbiyəli, həm öz işini, vəzifəsini yaxşı bilən, həm də insanlar arasında gözütox olan bir şəxs olmalıdır. Bəzən isə kadrlar vəzifəyə təyin edilərkən bu amillər nəzərə alınmır. Nəticə isə işin ziyanına olur. Hətta bəzən elə hallara rast gəlinir ki, təcrübəsi olmayan bir şəxs rəhbər vəzifəyə təyin edilir. Şair Qabil demişkən:
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz…
Məsul vəzifədə çalışan şəxs öz yerində olmadıqda, o sahədə saxtakarlıq da, rüşvətxorluq da, ədalətsizlik də yaranır. Kadr vəzifəyə təyin olunduqda tayfabazlıq, dostbazlıq, yerlibazlıq, nə bilim nə bazlıq və digər neqativ amillər nəzərə alınmamalıdır.
Saf ürəkli insanlara böyük hörmətim var. Ədsuslar olsun ki, belələri azdır. Bu yazını yazarkən Xaqani Şirvaninin neçə illər bundan əvvəl yazdığı nəsihət yadıma düşdü:
İstəsən güzgütək saf olsun ürək,
Sinəndən on şeyi atasan gərək:
Haram, qeybət, kin,paxıllıq, tamah,
HİYLƏ, yalan, həsəd, ƏDAVƏT, kələk…
Bəzi insanlarda təfəkkür dəyişilməlidir. Kimisə şantaj etmək, yalan danışmaq, hiylə, ədavət, saxtakarlıq bəzi insanların beynindən “silinməlidir”. Böyük çinli məmurun tabeçiliyində olan kiçik çinli məmuru müdafiə etmək yolverilməz olmalıdır…
Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bakıda “Turan Balabilgə Akademiyası” təsis olunub

Bakıda “Turan Balabilgə Akademiyası” təsis olunub

Dekabrın 5-də Bakıda “Turan Balabilgə Akademiyası”nın təsis iclası keçirilib. Birinci Türkoloji qurultayın 100 illiyi ərəfəsində keçirilən tədbirdə Türk dövlətlərindən görkəmli ziyalılar, elm və ictimaiyyət nümayəndələri, deputatlar və digər fəxri qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları şagirdlərin hazırladığı bədii proqramla qarşılandıqdan sonra Hədəf Liseyində “Turan çadırı”nın açılışını ediblər.

Ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Cumhuriyyəti, Makedoniya, Moldovadan olan nümayəndələrin də qatıldığı təsis yığıncağının iştirakçılarını səmimi salamlayan Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq bildirib ki, mühüm tarixi missiyanı yerinə yetirən Türk Dövlətləri Təşkilatı ortaq tarixi və etnik kökləri, müştərək milli-mənəvi dəyərləri birləşdirir və yaşadır. Prezident İlham Əliyevin liderliyində Azərbaycan təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasında mühüm rol oynayır, Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşməsinə öz dəyərli töhfələrini verir. İctimai təşkilatlar, elm-təhsil, mədəniyyət ocaqları da ortaq tarixi və etnik köklərə söykənən qardaşlıq əlaqələrinin möhkəmlənməsində yaxından iştirak edirlər.

Natiq vurğulayıb ki, 2025-ci il oktyabrın 8-də Qazaxıstanın Almatı şəhərində yerləşən Turan Universitetində təsis edilən “Turan Akademiyası” da bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır. Akademiyanın ilk toplantısında Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” tezisi əsas götürülərək təşəbbüsümüzlə Bakı Hədəf Liseyində “Turan Balabilgə Akademiyası”nın yaradılması qərara alınıb. Qısa zaman ərzində təşkilati işlər başa çatdırılaraq təsis yığıncağına ciddi hazırlıq görülüb.

Yığıncaqda “Turan Balabilgə Akademiyası”nın fəxri və qurucu üzvlərindən Qazaxıstanın Turan Universitetinin rektoru Rahman Alışanov, türkoloq alim Firudin Cəlilov çıxış edərək “Turan Balabilgə Akademiyasının” fəaliyyətinə uğurlar arzulayıb, türk tarixi və mədəniyyəti ilə bağlı müəllifi olduqları kitabları Hədəf liseyinə hədiyyə ediblər.

Milli Məclisin deputatı Cavanşir Feyziyev, şair Rüstəm Behrudi, Türk Xalqları Toplantısının rəhbəri, Turan Akademiyası rektorunun köməkçisi Mahmud Oral, Turan Universiteti rektorunun köməkçisi Gülzhanat Tayauva, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitunun direktoru Hikmət Quliyev, Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı Fariz Yunisli və digərləri çıxış edərək bildiriblər ki, Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar davamlı xarakter daşıyır. “Turan Balabilgə Akademiyası”nın yaradılması da ortaq Türk mədəniyyəti, tarixi, dil və elmi ənənələrinin araşdırılması və təbliği, Türkdilli ölkələrdə və icmalarda elm, təhsil və innovasiyaların inkişafına yönəlmiş tədbirlərin keçirilməsi, Türk xalqları məktəbliləri arasında əməkdaşlıq və akademik-mədəni əlaqələrə töhfə vermək baxımından əhəmiyyətlidir. Akademiyada ideyası milli kimliyə və müdrikliyə əsaslanan, həm texnoloji, həm də mənəvi dəyərlərlə zəngin, gələcəyə fikirlə yön verən türk gənci modeli yaradılmalıdır. Bu gənclər həm tarixini bilən, həm gələcəyi quran, həm də bəşəri elmə inteqrasiya olunmağı bacaran nəsil olmalıdır.

İclasda Şəmil Sadiq “Turan Balabilgə Akademiyasının prezidenti, Mirkan Aydın vitse-prezidenti, Elvin Əliyev isə katibi seçiliblər.

Çıxışlardan sonra “Turan Balabilgə Akademiyası”nın nizamnaməsi və loqotipi təsdiq edilib. Bildirilib ki, akademiya fəaliyyətini könüllülük, bərabərlik, özünüidarəetmə, akademik azadlıq, mədəni ənənələrə hörmət və Azərbaycan respublikası qanunvericiliyinə riayət prinsipləri əsasında, “Turan Balabilgə Akademiyası”nın nizamnaməsinə uyğun şəkildə həyata keçirir. Hüquqi şəxs statusuna malik olmayan akademiyanın fəaliyyətinə dair təşkilati və metodiki dəstəyi Bakı Hədəf Liseyi təmin edir.

Sonra fəxri və qurucu üzvlərə diplom və plaketlər, “Turan Balabilgə Akademiyası”nın ilk üzvləri və bölmə rəhbərləri seçilən balabilgələrə isə sertifikat və nişanlar təqdim olunub.

TÜRKSOY-un baş katibi Sultan Raev, Turan Universitetinin rektoru və Turan akademiyasının prezidenti Rahman Alşanov və tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Cəlilov Naxçıvanın təbii daş duzundan hazırlanmış, üzərində Orxon-Yenisey əlifbası həkk edilmiş Turan Balabilgə Akademiyasının ilk mükafatına – “Turan bilgəsi” nominasiyasına layiq görülüblər. Digər qonaqlara da xatirə hədiyyələri, Türk tarixi və Türk birliyindən bəhs edən kitablar verilib, xatirə fotosu çəkdirilib, Sumqayıt kitab sərgisi ilə tanışlıq olub.

Təsis yığıncağının iştirakçıları səfər proqramı çərçivəsində Bakı şəhərinin tarixi məkanlarında olub, Şəhidlər xiyabanını və Zəfər muzeyini ziyarət ediblər.

Turan Balabilgə Akademiyasının fəxri üzvləri

  1. Rahman Alşanov – Turan Universitetinin rektoru, Turan Akademiyasının rektoru (Qazaxıstan)
  2. Mahmut Oral – Türk Xalqları Toplantısının rəhbəri, Turan Akademiyası rektorunun köməkçisi (Türkiyə)
  3. Gülcanat Tayauova – Turan Universiteti rektorunun köməkçisi (Qazaxıstan)
  4. Sultan Raev – TÜRKSOY-un Baş katibi
  5. Mahirə Hüseynova – ADPU prorektoru (Azərbaycan)
  6. Nizami Cəfərov – Atatürk Mərkəzinin direktoru (Azərbaycan)
  7. Cavanşir Feyziyev – Millət vəkili (Azərbaycan)
  8. Fazil Mustafa – Millət vəkili (Azərbaycan)
  9. Rasul Ahmetov – Qazaxıstan Xalqları Assambleyası direktorunun köməkçisi (Qazaxıstan)
  10. Almaz Toktomamatov – Cümhuriyyət Pedoqoji Kadrların İnkişafı İnstitutunun baş direktoru (Qırğızıstan)
  11. Tufan Gündüz – Qazi Universiteti (Türkiyə)
  12. İlbər Ortaylı – Tarixçi, professor, Türk Tarix Qurumunun fəxri üzvü (Türkiyə)
  13. Nazim Muradov – Lefke Avropa Universiteti (ŞKTC)
  14. Aktokı Raimkulova – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti (Qazaxıstan)
  15. İlham Əliyev – Akdeniz Universiteti (Türkiyə)
  16. Rüstəm Behrudi – Şair (Azərbaycan)
  17. Yunus Oğuz – “Olaylar” İnformasiya Agentliyinin baş direktoru, yazar (Azərbaycan)

Turan Balabilgə Akademiyasının qurucu üzvləri

  1. Şəmil Sadiq – Hədəf Şirkətlər Qrupunun qurucu direktoru (Azərbaycan)
  2. Mirkan Aydın – Nesibe Aydın Okulları direktoru (Türkiyə)
  3. Elvin Əliyev – Hədəf Şirkətlər Qrupunun qurucu direktorunun müavini (Azərbaycan)
  4. Gökhan Yazgan – Atatürk Liseyi, Turan Yazgan Vəqfi (Türkiyə)
  5. Juliboy Eltazarov – Orta Asiya Dilləri və Mədəniyyətləri İnstitutunun rektoru (Özbəkistan)
  6. Elçin İbrahimov – Qarabağ Universiteti Elmi Bölmə rəhbəri (Azərbaycan)
  7. Əkbər Qoşalı (Yolçuyev) – DGTYB başqanı (Azərbaycan
  8. Akınbek Ergeşov – Cümhuriyyət Pedoqoji Kadrların İnkişafı İnstitutu Beynəlxalq Əlaqələr Şöbəsi (Qırğızıstan)
  9. Kadir Özer – “Educo” Şirkətlər Qrupunun qurucu direktoru (Türkiyə)
  10. Orhan Hasanoğlu – Azərbaycan–Kipr Dostluq Dərnəyi başqanı (ŞKTC)
  11. Bora Karasu – İzbilim Kolleci qurucusu (Türkiyə)
  12. Alla Büyük – Gənc Qaqauz Yazarlar Birliyinin başqanı (Qaqauziya)
  13. Murat Toylu – TRT Türkmən şöbəsinin rəhbəri (Türkmənistan)
  14. Bekjon Adizov Qoçiyeviç – Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti nəzdində Akademik Liseyin müdiri (Özbəkistan)
  15. Obidjon Şofiyev Baxtiyoroviç – Termiz Dövlət Universiteti rektorunun köməkçisi (Özbəkistan)
  16. Fahri Karaman – Beynəlxalq Balkan Universiteti (Türkiyə)
  17. Esra Aslan – İş xanımı, məktəb qurucusu (Türkiyə)
  18. Məhman Həsənli – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun icraçı direktoru (Azərbaycan)

Müəllif və mənbə: Şəmil Sadiq

Şəmil Sadiqin yazıları

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Hüseyn İsaoğlu – Dur, dərsə get

Dur, dərsə get

(hekayə)

Ata hiss edirdi ki, oğlu dərslərindən yayınır. Bu hiss onu yanıltmırdı. Sadəcə, həqiqəti bilmək üçün bir qədər səbr edirdi. Düşünürdü ki, oğluna deməmiş məktəbə getsə, yaxşı alınmaz. Onda müəllimlər də, şagirdlər də ona birtəhər baxar, ailəsi barədə pis fikrə gələr və oğlunu ələ salarlar. Özünü ələ aldı, baxışlarını sahmana salıb oğlunun yatdığı otağa daxil oldu. Qapını bərkdən örtdü ki, oğlu səsdən gözlərini açsın. Bir az da bərkdən öskürdü. Uşaq gözlərini açan kimi dedi:

  • A bala, yatıb qalmısan, sən məktəbə getməli idin axı. Camaatın balası indi bəlkə də dərs danışır. Sən hələ yataqdasan. Dur, yuyun, bir tikə çörək ye, əyin-başını geyin, məktəbə get. Neçə gündür fikir verirəm, məktəbə çox gec gedirsən. Vallah, müəllim qayıb yazacaq.
    Uşaq əvvəlcə yerinin içində ilan kimi bir-iki dəfə qıvrıldı, sonra da gözlərini ovuşdura-ovuşdura dedi:
  • Eh, ay ata, imkan ver doyunca yatım da. Mən bu gün məktəbə gec gedəcəm, müəllimimizin işi var, bu gün olmayacaq. Özü deyib ki, üçüncü dərsə gələrsiniz.
    Ata təəccüblə soruşdu:
  • A bala, müəllimin dərsdən başqa nə işi ola bilər?
  • Ay ata, biz haradan bilək onun nə işi var?! Dedi ki, gec gələrsiniz, işim var.
  • Bəs məktəbin direktoru, dərs hissə müdiri, onlar siniflərlə maraqlanmırlar? Bilmirlər ki, müəllim sinfə girir, ya yox?
    Uşaq yerində növbəti dəfə qurdalandı:
  • Ata, direktor özü də elə bizim kimi edir də, guya onu dərs, ya məktəb maraqlandırır? Dünən dedi ki, gəlib səs-küy salırsınız, üçüncü dərsə gələrsiniz.
    Ata əməlli-başlı əsəbləşdi. Bir anlıq düşündü: Zamanmı dəyişib, insanlarmı korlanıb? Bizim dövrümüzdə belə şey olardı? Düşdüyü xəyaldan ayılıb dedi:
  • Eh, ay oğul, sovet dövründə müəllimin nə ixtiyarı var idi ki, beş dəqiqə dərsə gecikəydi. Həmin gün o müəllimi işdən azad edərdilər. Mən orta məktəbdə oxuduğum vaxtlar evə gedəndə valideynlərim kitab-dəftərimi yoxlayır, aldığım qiymətlərlə maraqlanırdılar. Hansı fəndən pis qiymət alırdımsa, sorğu-sual edir, bunun səbəbini soruşurdular. Atam dərhal dərs cədvəlimə baxıb həmin müəllimin növbəti dərsinin vaxtını öyrənirdi. Mənə heç nə demirdi, anlayırdım ki, sabah mütləq məktəbə gələcək. Ürəyimi yeyib qurtarırdım.
    Uşaq yorğanın altında qımışıb soruşdu:
  • Bəs sonra nə olurdu, ata?
  • Nə olacaq, dərs başlayandan beş dəqiqə sonra sinifin qapısı döyülürdü. Müəllim – Buyurun, gəlin, deyirdi, atam da – İcazə verirsinizmi oğlumun dərsində oturum?, – deyirdi. Müəllim də gülümsər halda üzümə baxıb sanki nəsə demək istəyirdi, sonra da üzünü atama tutub: – Bəli, əlbəttə olar! – əlini arxa səmtə tuşıayıb – keçin arxa partada əyləşin, – deyirdi.
    Uşaq nəsə dedmək istədi, ata dedi:
  • Eh, ay oğul, siz belə gözəl şəraitdə oxumaq istəmirsiniz. Mənim ata-anam tez-tez dərsimdə oturardı. Müəllim də məni lövhəyə çağırıb dərsi soruşardı, sonra uşaqlara müraciət edərdi ki, şagird yoldaşınıza sual verin. Sinifdə hamı əlini qaldırıb deyirdi: – Müəllim, icazə verin, mən sual verim. Bəlkə də bunu acığa edirdilər ki, mən valideynlərimin yanında pərt olum. Ancaq müəllim bilirdi ki, kim necə sual verə bilər. Ona görə bir neçə nəfərə imkan yaradırdı ki, sual versinlər. Mənim cavabımı dinləyəndən sonra haqqımda olan təəssüratlarını valideynlərimlə bölüşürdü. Onlar da müəllimdən tələb edirdilər ki, uşağımız nə vaxt dərsinə hazırlıqsız gəlsə, cəzalandırın. Valideynlərimin müəllimə verdikləri bu haqq əslində, mənim məsuliyyət yüküm idi. Ona görə dərslərimi həmişə yaxşı oxuyurdum ki, müəllimlərdən cəza almayım.
    Uşaq yatağında yanpörtü uzanıb dedi:
  • Ay ata, belə hallar sizin zamanınızda idi. İndi müəllim uşaqdan nə dərs soruşur, nə də ki, valideynlər bununla maraqlanırlar.
  • Bu, necə olur, ay oğul? Mən, məktəb açılandan neçə dəfə dərsində oturmuşam. Həmişə də müəlliminə demişəm, dərslərini oxumasa, yaxud artıq-əskik hərəkət etsə, mənə xəbər versin.
  • Ata, o müəllim dərs keçir ki, sənə də xəbər versin?
  • Necə? – Ata sifətinə ciddi görkəm qondurdu: – Sabah gələrəm məktəbə.
    Uşaq indicə özünü yığışdırdı, qalxıb yerinin içində oturdu, acizanə şəkildə dedi:
  • Ata, xahiş edirəm, gəlmə.
  • Niyə, ay oğul?
  • Sonra uşaqlar, müəllimlər mənə pis baxacaq, deyəcəklər ki, sən satqınsan.
  • Ay bala, sən düz demirsən axı! Bir özün fikirləş, dərslərini oxumasan, savada-biliyə sahib olmasan sənin gələcəyin nə olacaq? İndi oxumasan, sabah çox gec olacaq. – Qabarlı əlləri ilə saçlarını qarışdırdı: – Belə çıxır ki, o müəllim həm sizi aldadır, həm də biz valideynləri? Mən bu gün sənin o müəllimini tənbeh edərəm, görüm nə üçün dərs keçmir…
    Uşaq çətin vəziyyətə düşdüyünü görüb fikrinə düzəliş etdi:
  • Müəllim dərs keçir.
  • Dərs keçirsə, nə üçün belə kütsən?
    Uşaq başını aşağı salıb öz-özünə mızıldandı.
    Ata dedi:
  • Bir az ucadan danış, görüm nə deyirsən?
    Uşaq dillənmədi.
    Ata əsəbi halda soruşdu:
  • De, görüm bu gün hansı dərslərin var?
    Uşaq yerindən durub çantasını açdı, gündəliyini götürüb vərəqlədi, mızıldana-mızıldana dedi:
  • Ədəbiyyat, ingilis dili, tarix, cəbr və idman dərslərim var.
  • De görüm, bu dərslərdən hansına hazırsan?
    O, yenə dodaqaltı mızıldandı. Ata əsəbi halda dedi:
  • Bir az ucadan danış.
    Uşaq heç bir dərsə hazır olmadığı üçün susdu. Ata bu dəfə bir az da əsəbi halda dedi:
  • İndi ki, dərs oxumursan, o zaman məktəbə nə üçün gedirsən?! – Gözlərini sağa-sola hərəkət etdirdi, başını bulaya-bulaya əlavə etdi: – Eh, mən də deyirəm oğlum oxuyub atasının-anasının başını uca edəcək. Sən demə, o, qoşulub avara uşaqlara, məktəbə də elə-belə, candərdi gedir. Uşaq nəsə demək istədi, deyə bilmədi, sadəcə, ayaq üstə qırışdı. Ata məyus halda dilləndi:
    • Axı məktəb açılanda sən söz verdin ki, dərslərimi yaxşı oxuyub, qiymətlərimi düzəldəcəm. Bəs nə oldu? Atana belə vəd verirsən? – Az qaldı dodaqlarını gəmirsin: – Atasını aldadan oğuldan Vətən hansı sevgini görə bilər? Heç utanmırsan?
      Uşaq pərişan halda başını aşağı dikdi, sonra sanki qeyrətə gəldi, atasına bir daha söz verdi ki, bu gündən dərslərimi yaxşı oxuyub, qiymətlərimi düzəldəcəm.
      Ata da oğlunun dediklərini cib dəftərçəsinə qeyd edib dedi:
  • Bax, bura qeyd edirəm, – qeyd dəftərçəsinə işarə etdi, – bu gündən sonra dərslərindən yaxşı qiymətlər alıb bizi sevindirməlisən. Yoxsa sənə olan inamım, etibarım yox olacaq.
    Uşaq gündəliyini çantasına qoydu, başı aşağı halda dedi:
  • Söz verirəm, ata. Dərslərimi yaxşı oxuyacam. Qoy Vətən mənə etibar etsin.
  • Onda get dərslərini hazırla.
    Uşaq otaqların birinə çəkilib dərslərinə hazırlaşmağa başladı. Bir neçə saatdan sonra atasına yaxınlaşıb dedi:
  • Olar, dərslərimi sənin üçün danışım?
    Ata heyrət etdi:
  • Nə üçün olmur, ay oğul. Buyur, danış, mən sənə qulaq asıram.
    Uşaq dərslərini danışdı, atasının məmnun çöhrəsini görüb çantasını götürdü, məktəbə getmək istəyəndə ata dedi:
  • İndən belə məktəbə getməyin nə adı var, ay oğul? Direktor görsə, səni danlayacaq. Sonra da qəbahət mənim başımda çatlayacaq.
    Uşaq dedi:
  • Narahat olma, ata, dərsə gecikdiyim üçüm mən əvvəlcə gedib direktordan, sonra da müəllimdən üzr istəyəcəyəm. Dərslərimə hazır olduğumu deyəcəyəm.
    Ata kövrəldi. Gözlərinin uclarına dolan yaşları oğlu görməsin deyə üzünü yana çevirdi.
    Uşaq yayından çıxan ox sürətilə məktəbə getdi. Ata da səbrsizliklə oğlunun dərsdən gəlməsini gözlədi. Məqsədi o idi ki, görsün oğlu dərsi necə danışıb, müəllimin suallarına necə cavab verib. Ümumiyyətlə, verdiyi vədə əməl edib, ya yox.
    Xeyli vaxtdan sonra oğlu dərsdən qayıtdı. Ata onun üzündəki təbəssümdən hiss etdi ki, dərslərindən yaxşı qiymətlər alıb. Fərəh hissi ilə demək istədi ki, oğul, gündəliyini gətir baxım, görüm neçə almısan? Uşaq da sanki atasının nə deyəcəyini hiss edibmiş kimi, çantasını açıb gündəliyini çıxartdı, atasına uzadıb dedi:
  • Ata, bu dəfə dərslərimin hamısına yaxşı hazırlaşmışdım. Ədəbiyyat müəllimim bildirdi ki, dərsə çox yaxşı hazırlaşmısan, səndə irəliləyiş var.
    Ata gözlərinə təbəssüm qondurdu:
  • Bax, bu başqa məsələ. Dərslərə yaxşı hazırlaşanda valideyn də, müəllim də sevinir. Oxumaq lazımdır, oğul. Səvami kitabımız “Quran”da da yazılıb: “Öyrənmək, öyrənmək, qəbr evinə qədər öyrənmək!”. Uşaq dedi:
    • Ata, mən bu gündən sonra dərslərimi yaxşı oxuyacağam ki, Vətən mənə etibar etsin…
      Hüseyn İsaoğlu, yazıçı – publisist,
      AYB- min və AJB min üzvü

Rəfiqə Qasımqızı – Ruhum …

Ruhum buludlarda suya çəkilir

İçimdə mən adlı ağlayan “uşaq”,
barış, bu dünyanın bəxtəvəriyəm.
Ruhum buludlarda “suya” çəkilir,
bütün olayların bixəbəriyəm.

Bəlkə bu dünyaya “dağ”doğulmuşam,
deyəsən, damağı çağ doğulmuşam,
cismi, qəlbi, ruhu sağ doğulmuşam,
bir incik taleyin mənzərəsiyəm.

Qığılcımdan dönüb alov olaram,
çiçəklər üstündə qırov olaram,
düşünmə, sözümlə girov olaram,
cavabın süzülən alın təriyəm.

Qumlu səhralarda tikan bitirdim,
günün gündüz vaxtı səmti itirdim,
haqqa, ədalətə iman gətirdim,
doğru sözün canı, xoş xəbəriyəm.

03.12.2025

Müəllif: Rəfiqə Qasımqızı

AYB -nin üzvü, həkim-şair

RƏFİQƏ QASIMQIZININ YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

“YAZARLAR” JURNALININ DEKABR – 2025 № 12 (60)-CI SAYI İŞIQ ÜZÜ GÖRÜB

“YAZARLAR” JURNALININ DEKABR – 2025 № 12 (60)-CI SAYI BURADA – PDF: Yazarlar-60

YAZARLAR – 60Download


SƏDULLA ŞİRİNOVUN KİTABLARI
:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"