USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
AZƏRBAYCAN EPİSTOLYAR İRSİ VƏ ÜZEYİR HACIBƏYLİ, MÜSLÜM MAQOMAYEV MƏKTUBLARI
Azərbaycan epistolyar irsinin inkişaf etdirilməsində Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktublarının xüsusi xidmətləri danılmazdır. Hər iki ədib çoxəsrlik ədəbi mədəni irsimizin inkişafında əvəzolunmaz xidmətlər göstərərək məktubları vasitəsilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdirlər. Ədiblərimiz müntəzəm olaraq, bir-biriləri ilə məktublaşdıqlarına görə Azərbaycanın epistolyar irsi olduqca zəngindir. Görkəmli Azərbaycan mütəfəkkirləri məktublarında həyatlarından, mühitdən, bədii-fəlsəfi məsələlərdən, əsərlərindən, ədəbi-elmi ictimaiyyətdən bəhs etdiklərinə görə epistolyar irs özündə olduqca zəngin məlumatları saxlayır. Məhz bu xüsusiyyətlərinə görə ədəbiyyatşünaslar Azərbaycan epistolyar irsinin araşdırılıb, tədqiq edilməsində olduqca maraqlıdırlar. Epistolyar irsi ədəbiyyatşünaslar ictimai-ədəbi mühiti araşdırmaq baxımından Azərbaycan ədəbiyyatşünaslıq elminin ən etibarlı və zəngin mənbələrindən biri kimi qiymətləndirirlər. Azərbaycan ədəbiyyatının bir çox mərhələləri haqqında məhz epistolyar irs vasitəsilə dolğun məlumat alırıq. Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktubları sayəsində yaşadıqları dövrün, görkəmli şəxsiyyətlərin, onların xasiyyətlərin, yaradıcılıq və fəaliyyətlərin, başqa şəxsiyyətlərlə münasibətlərin öyrənmiş oluruq. Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin bir- birinə yazdığı yaxın dostluqdan doğan məktubları Azərbaycan ədəbiyyatında elmi mənbə rolunu oynamış, görkəmli şəxsiyyətlərin həyat yolu haqqında məlumatların əldə edilməsində ciddi mənbə olmuşdur. Üzeyir Hacıbəylinin Hüseynqulu Sarabskiyə yazdığı məktub Azərbaycan epistolyar irsinin inkişaf etdirilməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Azərbaycanın opera müğənnisi, aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti Hüseynqulu Sarabskiyə yazdığı məktub özündə dövrün siyasi motivlərini əks etdirir. Üzeyir Hacıbəylinin Hüseynqulu Sarabskiyə 1913-cü il iyulun 30-da tələbə olarkən Peterburqdan yazdığı məktubun mövzusu dövrün siyasi gedişləri və siyasi rəhbərlərin bir-birinə olan rəftarlarıdır. Qeyd olunan məktub ilk dəfə 1939-cu ildə “İnqilab və mədəniyyət” jurnalının 3-cü nömrəsində dərc olunmuşdur. Üzeyir Hacıbəyli Hüseynqulu Sarabskiyə yazdığı məktubda ictimai vəziyyəti belə analiz edir. “Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də “Arşın mal alan”ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. İnşallah sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyarsınız. Amma “Əsli və Kərəm”i gündüz oynamaqda böyük səhv edibsiniz, mən bu barədə Müslümə dəxi yazmışam. O ki, qaldı pul işinə o barədə mənim işim yaşdır, çünki göndərdiyin pulun yarısı müəllimə və dərs işlərinə gedib, qərəz bu halda pula böyük ehtiyacım vardır. Sən görünür ki, pulun hamısını bir yerdə göndərə bilməzsən, elə olan surətdə çox təvəqqə edirəm ki, yəni iki yüz manatını indi və iki yüz manatını da avqustda. Amma bir də artıq təvəqqə edirəm ki, bu iki yüz manatı mümkün olsa kağız alan günü göndərəsən ki, pulun gec gəlməsi dərsimə xələl yetirməsin. İnşaallah mən konservatoriyaya girəndən sonra Bakıya gəlib işlərə bir baş çəkmək fikrim dəxi vardır. Onda işlər hamısı asan olar və onu da bil ki, sənin zəhmətin mənim yadımda heç vaxt hədər getməz, çünki hər halda biz bir-birimizə lazım olan adamıq və mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun” [4, s.5]. Üzeyir Hacıbəyli və Müslüm Maqomayev sənət yoldaşları ilə yanaşı ailə üzvləri ilə də məktublaşırdılar. Onların bu məktublarında dövrün ictimai-siyasi vəziyyətləri və həqiqətləri öz əksini tapırdı. Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktublar Azərbaycan epistolyar irsinin inkişaf etdirilib, zənginləşdirilməsinə xidmət edir. Üzeyir Hacıbəylinin qardaşına yazdığı məktublarda bir-birindən ayrı düşmüş iki dahinin, iki qardaşın həsrət dolu fikirləri və ürək sözləri öz əksini tapır. Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktubların mövzuları olduqca zəngin idi. Belə ki, o, məktublarında Xoyski hökumətinin istefasından, Nəsib bəyin yeni kabinə qurmasından, Bakıda çıxan qəzetlərdən, Qarabağ və Lənkəran məsələlərinin ölkənin xeyrinə bitdiyindən, Şimaldan gələn təhlükədən, ermənilərin “Arşın mal alan”a sahib çıxmaq cəhdlərindən, ermənilərin Zəngəzur iddiasından, ailə üzvlərindən, yaxın qohumlardan, uzun həsrətindən, məsafənin böyüklüyündən, ümidlərindən, konservatoriya açmasından, orada iki yüzdən artıq şagirdin oxumasından, yarısının qadın, yarısının kişi, qadınların arasında çadralıların da olmasından, konservatoriyanın açılışında Nərimanovun iştirakından, Nərimanovla birlikdə komissarlara çay qonaqlığı verməsindən, hökumətin ona dəstəyindən, “Arşın mal alan”ın fransız dilinə tərcümə olunmasından, Parisə gəlməsi üçün Nərimanovun Moskvadan dönməsini gözləməsindən geniş bir şəkildə bəhs edir. Ceyhun Hacıbəylidə müntəzəm olaraq, qardaşı Üzeyir Hacıbəylinin məktublarına cavab yazırdı. O, məktublarında Avropada yaşamağın bütün sıxıntılarından, vətənindən, ailəsindən uzaq olmasından, güllələnməkdən və ya sürgün olunmaq qorxusundan yazırdı. Ceyhun Hacıbəyli nə qədər çətin həyat tərzi yaşasa da, məktublarında bu çətin vəziyyətini Üzeyir Hacıbəyliyə bildirmirdi. Məktubların əksəriyyətində o, dolanışığındakı çətinliklər ilə bağlı heç bir şey yazmırdı. Üzeyir Hacıbəylinin qardaşına olan məktubunda onun təyyarəçi oğlu Ceyhunun (məktublardakı Ceyçik) 23 yaşında II Dünya müharibəsində almanlarla savaşda həlak olmasından doğan kədər və böyük sarsıntı öz əksini tapır. Ceyhun Hacıbəylinin Azərbaycana dönməsi üçün əlindən gələn hər şeyi edən Üzeyir Hacıbəyli bütün sıxıntılarına, vətənindən, ailəsindən uzaq olmasına baxmayaraq, qardaşını vətənə gətirtməyə nail ola bilmir. Üzeyir Hacıbəyli “Bayrağımız sarsılmaz” kitabında onun qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktublar öz əksini tapmışdır. “Salam-duadan sonra necə ki, sizə bildirirəm sizin buraya qayıtmaq məsələnizi qəti surətdə həll etmişik. Əlbəttə, tezlik ilə buraya qayıtmağınız yaxşıdır. Bu xüsusda Zülfüqar sizə müfəssəl məktub yazıbdır, yəqin ki, alıb oxumuşsunuz. Əlbəttə, öylə edərsiniz, yəni SSSR səfarətxanəsinə müraciət edib, Azərbaycana qayıtmağa izn istərsiniz ora dəxi buradan əhval bilib sizə cavab deyəcəkdir. Buradan isə necə ki, Zülfüqar yazdırır, məsul yoldaşlar tərəfindən izn verilir. O xüsusda arxayın ola bilərsən. İzn aldıqdan sonra haçan çıxmaq istədiyinizi bizə məktub ilə bildirərsən. Məncə, Moskva təriqi ilə gəlməyiniz daha yaxşı olar. Moskvadan Bakıya sürət qatarı vardır ki, çox rahatdır. Pul lazım olduğu cəhətdə bizə məlum edərsən, Pulu Moskvada istəsəniz də mümkündür. Yəni Parisdən Moskvaya qədər gəlməgə xərciniz çatarsa, Moskvadan bildirsəniz tel vasitəsilə oraya pul göndərmək daha asan olur. Qərəz tezlik ilə çalışın ki, soyuqlar sizə əziyyət verməsin. İnşallah, buraya gələndən sonra qulluq barəsində heç fikir yoxdur. Qərəz o məsələni burada danışarıq. Vacib budur ki gələsiniz” [5, s.375]. Üzeyir Hacıbəylinin sənət yoldaşı və qardaşı Müslüm Maqomayevə yazdığı məktublarda imza atdığı ilklərdən, sənət uğurlarından, bəstələrindən, əsərlərindən, Peterburqda yaşamağından, konservatoriyadakı fəaliyyətindən, konservatoriyanın qaydalarından, yaşayışından, ailəsindən bəhs edir. Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktubları vasitəsilə həyat və yaradıcılıq bioqrafiyaları, zəngin ömür salnamələri, dəyərli bəstəkarlıq, dirijorluq, musiqişünaslıq, ictimai xadim fəaliyyətləri haqqında dolğun məlumat əldə edirik. Üzeyir Hacıbəyli və Müslüm Maqomayev məktublarında ictimai-ideoloji və fərdi-psixoloji vəziyyətləri olduqca geniş bir şəkildə analiz etmişdir. Ədəbiyyat:
Həsənova T. Oxşar taleli bəstəkarlar : Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin adları xalqımızın mədəniyyət tarixinə əbədi həkk olunub // Kaspi. – 2016. – 17-19 sentyabr. – № 146. – S. 7.
Hümbətova A. Azərbaycan xalq mahnılarının bəstəkar yaradıcılığında təzahür formaları / A. Hümbətova // Mədəniyyət.az. – 2018. – № 320. – S. 53-55.
Qafarova Z. Azərbaycan professional musiqisinin klassiki : görkəmli bəstəkar Müslüm Maqomayevin 130 illiyinə // Mədəniyyət. – 2015. – 18 sentyabr. – № 72. – S. 12.
Üzeyir Hacıbəylinin Hüseynqulu Sarabskiyə yazdığı məktub // İnqilab və mədəniyyət jurnalı //-1939. – № 3. – S. 5.
Üzeyir Hacıbəyli // Bayrağımız sarsılmaz // Bakı, “Avrasiya Press”, 2011, s. 426.
Son illər povest janrı nədənsə gözdən salınmış kimi görünür. Yazıçılarımız ya povest yazmırlar, ya da yazdıqları povestlərin adını roman qoyurlar. Halbuki janrlar təsnifatında bu janrın öz yeri var. Bəzən kimsə rus ədəbiyyatından gəlmə bu janrın Qərbdə tanınmadığını, ayrıca forma kimi qəbul olunmadığını əsas gətirib, povestin romanla hekayənin arasından sıxışdırılıb çıxarılmasına bəraət qazandırır. Ancaq rus ədəbiyyatını qaba rus siyasətinin quyruğuna bağlamaq qətiyyən doğru deyil, azı ona görə ki, o siyasətə ən çox müqavimət göstərən, qarşı çıxan da elə rus ədibləri olublar. Rus imperializmi dünyaya nə qədər zərər vurubsa, rus ədəbiyyatı da bəşər mədəni xəzinəsinə elə bir o qədər, bəlkə ondan da artıq fayda, qazanc gətirib. Məncə, böyük rus nəsrinin dünya ədəbiyyatına bir janr bəxş eləməyə mənəvi haqqı çatır. Üstəlik də elə əsərlər var ki, onlara nə hekayə, nə də roman yarlığı yapışdırmaq mümkün deyil. Belə yerdə povest janrı müəllifin dadına çatır. Aydındır ki, janrlara dəqiq, birmənalı tərif vermək, onların arasına keçilməz sərhəd qoymaq çətin məsələdir, bununla belə bir janrı o birindən ayırmaq üçün həm elmin, həm də fəhmin nəzəriylə baxanda aydın görünən fərqlər var.
Azərbaycan nəsrində povest janrının parlaq örnəkləri var. Çox da keçmişə varmadan ötən əsrin altmışıncı illərindən üzübəri yola çıxsaq, İsa Hüseynovun “Teleqram”, Sabir Əhmədovun “Yamacda nişanə”, Çingiz Hüseynovun “Məhəmməd, Məmməd, Məmiş”, Əkrəm Əylislinin “Kür qırağının meşələri”, Anarın “Ağ liman”, Elçinin “Toyuğun diri qalması”, Yusif Səmədoğlunun “Astana”, İsi Məlikzadənin “Quyu”, Maqsud İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi”, Rüstəm İbrahimbəyovun “Anın hökmü”, Sabir Azərinin “Ölə bilməyən adam”, Mövlud Süleymanlının “Şeytan”, Ramiz Rövşənin “Daş”, Seyran Səxavətin “Qapıların o üzündə qalan dünya”, Vaqif Nəsibin “Ceyrançöldə qara bayram”, Eldar Baxışın “Qaravun dərənin adamları”, Məmməd Orucun “Leylək körfəzi”, Dilsuzun “Yol”, Aqil Abbasın “Saçın ucun hörməzlər”, Afaq Məsudun “İzdiham”, Səfər Alışarlının “Gavur”, Əlabbasın “Köhnə kişi”, Nəriman Əbdülrəhmanlının “Dönəlgə”, Orxan Fikrətoğlunun “Şəkillər”, Murad Köhnəqalanın “Bulud pinəçisi”, Mübariz Örənin “Ağ buludlar”, Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povesti belə seçilən nümunələrdəndir. Şübhəsiz, bu cərgədə adı çəkilməyə layiq xeyli başqa əsər də var, mən sadəcə ilk yadıma düşənləri sadaladım. Üstəlik, hər yazıçıdan yalnız bir povest adı çəkdim, halbuki elə həmin müəlliflərdən bir qisminin barmaqla göstəriləsi povestləri burada sadalananlardan qat-qat çoxdur. Ümumiyyətlə, hesaba vursaq, nəsrimizdə yaxşı povestlərin sayı yaxşı hekayələrin də, yaxşı romanların da sayından xeyli artıqdır.
Saday Budaqlının “Şəbəkə”, “Fevral” povestləri də yuxarıdakı siyahıda fəxri yer tutur. “Şəbəkə”ni ilk dəfə ötən əsrin səksəninci illərində bir almanaxda, “Fevral”ı Yusif Səmədoğlunun rəhbərlik elədiyi “Ulduz” jurnalında oxumuşdum. Bu əsərlər müəllifin 1985-ci ildə “Yazıçı” nəşriyyatında çapdan çıxmış “Döngə” adlı ilk kitabına salınmamışdı, çünki ondan sonrakı dövrdə qələmə alınmışdı. 1987-ci ildə işıq üzü görmüş “Çat” kitabında isə hər iki povestə yer verilmişdi. Sadayın yaradıcılığına dərin rəğbət bəslədiyimi bilən atam əsgərliyə getdiyimdən bir neçə ay keçmiş həmin kitabı mənə poçtla göndərmişdi, ondan sonra dövri mətbuatdan bələd olduğum əsərləri yenidən oxumaq fürsəti qazanmışdım. Yeri gəlmişkən, bir Ramiz Rövşənin “Göy üzü daş saxlamaz”, bir də Saday Budaqlının “Çat” kitabı mənimlə birgə əsgərlik çəkib, həmin nüsxələri bu gün də gəncliyimin ən əziz yadigarları kimi kitabxanamda qoruyub saxlayıram.
***
Əminliklə deyə bilərəm ki, Saday Budaqlı milli ədəbiyyatımızda psixoloji nəsrin ən böyük ustasıdır. Onun təkcə bu dünyada yox, öz evlərində-eşiklərində, öz doğmalarının arasında, öz vücudlarında belə qərib-qərib dolanan tənha, köməksiz, vasvası qəhrəmanları bir situasiyadan başqasına adlayanda haldan-hala düşürlər, dondan-dona girirlər, yüz yol ölüb-dirilirlər. Saday mahir, həm də amansız eksperimentator kimi qabağına qatıb qovub qəfil döngələrdə azdırdığı, keçilməz dalanlara qısnadığı, divara dirədiyi obrazların ürəyindəki çırpıntıları, beynindəki közərtiləri kardioqram dəqiqliyi, ensefaloqram həssaslığıyla qeydə alır. Onun qəhrəmanları içində könüllü dustaqlıq çəkən, beyninin şırımları arasında vurnuxan, düşüncələrinin labirintində azıb qalan, sərhədlərini tapdalayıb mənəvi ərazisini genəltməyə, dünyayla ünsiyyət qurmağa, adamlarla dil tapmağa gücü-qüdrəti yetməyən insanlardır. Bu adamlar həyatda kölgə kimi, kabus kimi dolaşırlar, istəyirlər onları nə sezən, nə görən olsun, üstlərinə, içlərinə heç kimin işığı düşməsin; əvəzində özləri hər şeyi, hər kəsi vücudlarının qaranlıq zirzəmisindən bir kəşfiyyatçı hərisliyi, casus marağıyla incəliyinə qədər izləyirlər. Müəllif onların gördüklərini öz rejissor obyektivinin qüdrətli, zəhmli nəzəri, göz qamaşdıran projektorların altında yox, elə onların gördüyü kimi, onların içinə yerləşdirdiyi kiçik izləmə kamerasının işığında bizə göstərir. Oxucu personajların dünyasına onların gözüylə baxır, hər nəsnəni, hər hadisəni oradan göründüyü kimi beynində qeydə alır.
Saday Budaqlının əsərlərində “obyektiv aləm” deyə bir anlayış, bu aləmə “obyektiv” baxış deyə bir metod yoxdur, orada hər görünən, hər duyulan, hər qanılan fərdidir, subyektivdir, bənzərsizdir. Yazıçı “Fevral” povestinin qəhrəmanının timsalında öz personajlarının həmin “obyektiv” aləmlə toqquşmasını qəza kimi təsvir eləyir: “…Elə bil bu vaxta qədər gur işıq salmışdılar üstünə, nə elədiyini, nə dediyini, nə düşündüyünü bilmişdilər, bilib halına gülmüşdülər, ağlamışdılar, o isə gözünü qırpa-qırpa qalmışdı, bu adamları görəmməmişdi, gördüyü qaraltılarca olmuşdu, bu qaraltılardan da özü üçün adamlar düzəltmişdi, ad qoymuşdu, haqqında əhvalatlar uydurmuşdu; indi o istəyirdi işığı bu qaraltılara tərəf çevirsin, onların əslində necə olduğunu görsün, tanısın, onu da bilsin ki, gur işıqda döyükə-döyükə qalanda halı necəymiş, necə görünürmüş, bu adamlar onun haqqında nə düşünə bilərlərmiş. Di gəl, öz gözü ilə heç nə görmədiyindən eşitdikləri də hiss elədiklərinə, özündən düzüb-qoşduğuna qarışmışdı və illər keçdikcə nəyin düz, nəyin qondarma olduğunu ayırd eləyəmmirdi, elə bil nə vaxtsa gördüyün yuxu qəfilcə yadına düşür, anşırammırsan ancaq yuxuda olub bu, yoxsa həqiqətdə…”
Bu xarakteristika təkcə “Fevral” povestinin yox, yazıçının aşağı-yuxarı bütün qəhrəmanlarının mənəvi-psixoloji vəziyyətini ifadə eləmək üçün yarayır. Onun əksər personajları belə bir qəza situasiyasına düşür, kənar aləmdən ağır zərbə, zədə (bu adda romanı da var) alandan sonra öz qınlarına çəkilirlər. Misal gətirdiyim parçanı Saday Budaqlı üslubunun bədii şərhi də saya bilərik.
Sadayın ədəbi subyektivizmi modern ədəbiyyata çox güclü təkan vermiş, bundan da əvvəl ədəbiyyatın bağrından qopmuş ekzistensializm fəlsəfəsinin ana prinsiplərindən birini yada salır: insan içində yaşadığı dünyanı, ətraf aləmi obyektiv dərk eləyə bilməz, olsa-olsa bu dünyaya münasibətini, kənar aləmin onda oyatdığı subyektiv təəssüratı qanıb-qandıra bilər. Bunun üçün də bədii metod, ədəbi əsər ən yaxşı, ən tutarlı alətdir. Saday Budaqlının personajlarını da nə qədər axtarsaq belə obyektiv dünyada tapa bilmərik, biz o dünyanın adamlarına yalnız əsas qəhrəmanın nəzəriylə baxa bilərik. Əsas qəhrəman dediyimiz adamlarınsa nə qədər ədalətli, səmimi, dürüst davrandığını, onların gördükləriylə müəllifin gördüklərinin üst-üstə düşüb-düşmədiyini, başqa sözlə, ardınca getdiyimiz personajların baxışlarına etibar eləməkdə haqlı olub-olmadığımızı biz heç zaman bilməyəcəyik.
P.S. Noyabrın 13-də Saday Budaqlının 70 yaşı tamam olur. Bu münasibətlə görkəmli yazıçını təbrik edir, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirik.
TEHRAN ƏLİŞANOĞLUNUN “ƏDƏBİYYATDA ALİ BAŞ KOMANDAN” KİTABI ÇAP OLUNUB
“Ədəbiyyatda Ali Baş Komandan” kitabı işıq üzü görüb. Kitabın müəllifi AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, tənqidçi-ədəbiyyatşünas Tehran Əlişanoğludur.
Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçisi isə filologiya elmləri doktoru Elnarə Akimovadır.
Kitabda Tehran Əlişanoğlunun Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi fonunda ədəbiyyatda müzəffər obrazını işıqlandıran, təhlil və təsvir edən məqalələri toplanıb. Son illərdə Prezident İlham Əliyevin beynəlxalq arenada, ölkə həyatında, geopolitikada, diplomatiya dünyasında, qlobal problemlərin çözümü və həlli istiqamətində fəal iştirakı Azərbaycanın gücünü nümayiş etdirir. Çağdaş Azərbaycanın gücü ədəbiyyatda və kitabda adekvat təcəssümünü tapıb.
“Azərbaycanın gücü”, “Yeganə namizədimiz – İlham Əliyevdir”, “Tarixin fürsəti”, “Qalibiyyət və Ədəbiyyatın dərsləri”, “Ədəbiyyatda Ali Baş Komandan”, “Qalibiyyət zamanı: çağdaş ədəbiyyatda diskursun dəyişməsi”, “Şuşada dirçəliş havası”, “Çağdaş ədəbiyyat dastanı”, “Bayraq dalğalandı”, “Yubiley saatı və ədəbiyyatın missiyası”, “Ədəbiyyatda İrəvan konsepti”, “Konstitusiyamız – ədəbiyyatımız, ədəbiyyatımız – konstitusiyamızdır” başlıqlı məqalələrin hər biri Ali Baş Komandan İlham Əliyevin gördüyü genişmiqyaslı işləri elmi düşüncənin predmetinə çevirir, fikir həyatımızda atdığı müstəsna xidmətləri ədəbiyyatın dili ilə analiz edir.
Qeyd olunur ki, hazırda bədii, fəlsəfi-siyasi və humanitar düşüncənin kəsişdiyi ortaq konsepsiya bu tamlıqla və bütövlükdə öz ifadəsini ölkə başçısının ehtiva etdiyi lider obrazında, onun əməlində, işində tapır.
Qurban Səidin “Əli və Nino” romanında multikultural mühitdə hüquq və kimlik
“Əli və Nino” təkcə iki insanın sevgi hekayəsi deyil. Bu roman imperiya və milli kimliklərin toqquşduğu, hüququn həm formal, həm də qeyri-formal institutlarının eyni zamanda fəaliyyət göstərdiyi bir məkanda multikultural və hüquq məsələlərini daim sual altına alan bir əsərdir. Qurban Səid, hadisələri və obrazları vasitəsilə bu problemləri həm emosional, həm də intellektual səviyyədə təqdim edir. Oxucu əsərdə Qafqazın multikultural ruhunu, İslam Şərqinin mənəvi aləmi ilə Avropa hüquq düşüncəsinin kəsişdiyi bənzərsiz bir mənzərəni görür. Müəllif, romanın hadisələr xronologiyasını imperiyanın dağılmaqda olduğu, etnik və dini sərhədlərin itib yenidən formalaşdığı bir dövrdə qurur. Belə şəraitdə hər bir insan həm fərd, həm də icma üzvü, eyni zamanda hüquqi şəxs kimi mövqelənir. Bu üç rol bəzən bir-biri ilə ziddiyyət təşkil edir, bəzən isə bir-birini tamamlayır.Əsərdə diqqəti cəlb edən əsas xüsusiyyət onun çoxsəviyyəliliyidir: eyni məkan daxilində müxtəlif etnik, dini və hüquqi ənənələr paralel şəkildə mövcuddur, bəzən isə toqquşur. Romandakı hadisələr 1910–1920-ci illərin siyasi-tarixi prosesləri fonunda baş verir. Müharibə, imperiyanın zəifləməsi və milli hərəkatlar hüquqi-əxlaqi dilemmlər yaradır. Əsərdə gündəlik həyatın küçələrdən kəbin sənədinə, məscid ziyarətindən hərəmxanaya qədər olan səhnələrini hüququn, mədəniyyətin necə formalaşdığını göstərir. Müharibə və siyasi xaos şəraitində mülki hüquq, sahiblik, vətəndaş hüquqları tez-tez pozulur. İnsanlar belə bir zamanda dövlət qanunlarından çox, dini, etnik və ailə bağlarına sığınırlar. Bu isə multikulturalizm üçün həm təhlükə, həm də sınaq yaradır. Müxtəlif mədəniyyətlərin təmasında yaranan əməkdaşlıq, qarşılıqlı anlaşma müharibə dövründə çox vaxt düşmənçilik və şübhə ilə əvəz olunur. Romanda etnik-dini kimliklər sabit kateqoriyalar kimi təqdim olunmur, onlar əksinə, şəxsi seçimlər, dillər, geyim, kulinariya, musiqi, sevgi vasitəsilə formalaşır, bəzən də məhv olur. Bakı şəhəri romanda bir “mədəni mərkəz” rolunu oynayır. Burada ingilis hərbi məmurları, rus ticarət dairələri, erməni tacirlər, gürcü aristokratiyası, azərbaycanlı aristokrat və kəndli təbəqələr qarşılaşır, hüquqi sfera isə bu qarşılaşmaların nəticəsində yenidən yazılır. Məsələn, müstəqil Azərbaycan Demokratik Respublikasının yaranıb süqut etməsi, daha sonra Sovet hakimiyyətinin qurulması hüququn universal və ya yerli xarakterinin dönüşünü göstərir: bir andaca qanunlar dəyişir, dövlət institutları sıfırlanır, insanlar özünütəhlükəsizlik üçün ənənəvi və şəxsi qaydalara üz tuturlar. Bu nöqteyi-nəzərdən, roman həm multikultural uzlaşma imkanlarını, həm də imperiya və milli dövlətlər arasında hüquqi boşluqların fərdlər üzərində yaratdığı zərəri açır. Əli xan Şirvanşir obrazı mədəni inteqrasiyanın, eyni zamanda daxili parçalanmanın simvoludur. O, həm ənənəvi müsəlman ailəsinin və şərəf kodlarının daşıyıcısı, həm də Avropa təsirli təhsil almış, fərdiyyətçiliyə meylli gəncdir. Bu ikilik Əlinin davranışlarında, o cümlədən hüquqi qərarlarında daim görünür: onun üçün şəxsi seçim həm hüquqi, həm də mədəni-etik məsələdir. Əlinin qərarları sadəcə “qanun nə deyir?”dən ibarət deyil, o, ictimai şərəf, nəsil və ailə gözləntilərini də nəzərə alır. Onun daxili dialoqu, köklərə bağlılıqla Avropa prinsiplərinə tərəfdarlıq arasındakı gərginlik əsərdə millət və fərd hüququ arasındakı tarazlığı göstərir. Bu səbəbdən, Əlinin sevgi, ailə, evlilik kimi şəxsi seçimləri, ictimai status və kollektiv gözləntilərlə əlaqələndirərək hərəkətlərini həm daxildən, həm də xaricdən məhdudlaşdırır. Romanda ailə və icma səviyyəsində hüququn plüral təbiəti aydın şəkildə görünür. Gimnaziyada, Bakı şəhərinin Avropa ilə Asiya arasında yerləşməsi barədə gedən mübahisə əsərin əsas ideoloji məsələlərindən birinə çevrilir. Professor Saninin “Şəhərimizin qabaqcıl Avropaya, yaxud geridə qalmış Asiyaya aid olduğunu müəyyən etmək sizin mövqeyinizdən asılıdır” cümləsi coğrafi yox, mədəni və hüquqi sualdır: insanın kimliyi doğulduğu torpaqdan yox, üzərinə götürdüyü dəyərlərdən asılıdır. Əli Asiyada qalmaq istədiyini deyəndə bu yalnız emosional bağlılıq deyil, onun seçiminin arxasında hüquqi və mənəvi məsuliyyət də dayanır. Nino qaçırıldıqda , o, şəxsi qəzəbini, “şərəf” normalarını müdafiə etmək üçün zor tətbiq edir, Naxararyanı tutub öldürür. Burada əsas sual yaranır: dövlət qurumları çökəndə və sərhədsizlik varkən fərdin ədaləti özü həyata keçirməsi nə dərəcədə haqlıdır? Əlinin bu hərəkəti həm “qəhrəmanlıq” kimi təqdim olunur, həm də oxucuya situasiyanın normalarını necə romantikləşdirə biləcəyini göstərir. Ənənəvi adətlər ilə qanunsuzluq üst-üstə düşəndə şəxsi intiqam “qanun”un yerini tutur. Onun üçün mənəviyyat, ailə bağları, ədalət və etika insan azadlığının əsasını təşkil edir. Professorun Avropa ilə Asiyanın sərhədini elmi sual kimi təqdim etməsi əslində çoxmillətli imperiyanın ideoloji dilemmasını gizlədir. Həmin sinifdəki uşaqlar hər biri öz xalqının hüquq anlayışını əks etdirir: rus üçün qanun imperiya hökmüdür, erməni üçün hüquq kilsə və millət şüuru ilə bağlıdır, müsəlman üçünsə hüquq, “haqq” “mənəvi və dini məsuliyyət”dir. Roman boyunca Əli öz mənəvi və hüquqi kimliyini qorumağa çalışır. O, təhsilli, Qərbə açıq bir müsəlmandır; Avropa elmini mənimsəyir, amma onu inanc, milli köklərindən ayırmaq istəmir. Bu, multikultural mühitdə mədəni-hüquqi sintez axtarışının simvoludur. Əlinin otağındakı xalçalar, Firdovsi və Sədi sitatları ilə bəzədilmiş naxışlar qədim ənənə ilə Qərb elminin birgə mövcud ola biləcəyinin poetik təsviri kimi, onun ruhunun mənəvi toxumasını göstərir. Otağında fizika kitablarının yanında namaz xalçasının dayanması mədəni- hüquqi harmoniyanın görüntüsüdür. Bir tərəfdən ənənəvi adətlər, dini qaydalar və patriarxal nizam var; digər tərəfdən isə Rus imperiyasının qanunları, Avropa dəyərlərinin təsiri və milli mətbuatın yaratdığı yeni normativ çərçivələr mövcuddur. Evlilik məsələsi ailələrin, icmaların, millətlərin münasibətinin mikroskopik ifadəsinə çevrilir. Qarşılıqlı etimadsızlıq, fərqli hüquqi mədəniyyətlər, məsələn, xristian və müsəlman ailə ənənələrinin evlilik, miras, nəslin adı kimi məsələlərdəki fərqləri, əsərin narativ gərginliyini yaradır. Müəllif multikulturalizmi yalnız tolerantlıq bəyanatı kimi yox, mədəni mübadilənin mərkəzində duran bir proses kimi təqdim edir. Bakı kimi kozmopolit şəhər burada hüquqi plüralizm üçün əlverişli mühit yaradır: fərqli xalqlar, dillər və dinlər qonşu olaraq qanunlar, adətlər, statuslarla davamlı təmasda olur. Romanda multikulturalizm həm də qaçılmaz gündəmdir. Hadisələrin gedişində insanlar bir-birinin dünyagörüşünü görür, bəzi elementləri mənimsəyir, bəzilərini rədd edir. Bu mənimsəmə hüquqi nəticələr doğurur: müxtəlif icmaların nikah, miras, şəxsi davranışa münasibəti fərqli olduğundan, qlobal və yerli hüququn uzlaşdırılmasına ehtiyac yaranır. Əsərin qiymətli tərəflərindən biri də budur ki, o, yalnız “mədəni münaqişə”ni göstərmir, həm də bu münaqişələrin necə həll edilməyə çalışıldığını, hansı kompromislərin qəbul və ya rədd olunduğunu, bunların insanlara necə təsir etdiyini işıqlandırır. Əsər qadınların iki fərqli hüquqi-ictimai mövqeyini göstərir. Bir tərəfdən Nino kimi nisbətən sərbəst, qərb tərzi hüquqi subyektlər var, digər tərəfdən isə ənənəvi ailə strukturları içində məhdudlaşmış qadınlar — Zeynəb tipli obrazlar. Bu iki obraz qarşı-qarşıya gələndə qadın subyektliyinin iki ayrı strategiyası ortaya çıxır. Zeynəb ənənəvi məkanın qayda və gözləntilərinə bağlıdır. O, uşaq verə bilməmək kimi bioloji-sosial problemin həllini adətlər, dini ritualar vasitəsilə axtarır, ümidini məhz bu mühitin verdiyi normativ resurslara bağlayır. Onun hüquqi-ictimai zəifliyi məhz olduğu məkanla, oradakı resurslara və onlara çıxış imkanının məhdudluğu ilə bağlıdır. Nino isə fərdi seçimlərə, Avropa təsirinə daha yaxın, hüquqi-sosial subyektliyə aktiv yanaşan obrazdır. O, mədəni-iqtisadi kapital sayəsində geniş seçim imkanları qazanır, lakin bu onu tam sığortalı etmir. Müxtəlif məhəllələrdə Ninonun xristian mənsubiyyəti və qərb adətləri təhlükə kimi qəbul edilə bilər. Nino həm Avropa qadını arxetipinə məxsus atributları daşıyır, həm də Qafqaz kontekstində qadının hüquqi-ictimai mövqeyinin limitlərini göstərən mədəniyyətlərarası bir körpü kimi çıxış edir. Romanda Nino və Zeynəb stereotipik “tərəflər” deyillər: hər ikisində ənənəyə bağlı və onu yenidən formalaşdırmağa çalışan elementlər var. Ninonun nitqi, davranışı, bədən dili qərbli qadın obrazını xatırladır, amma onun kimliyində milli və ailəvi köklər, şəxsi arzular, hüquqi məhdudiyyətlər də yer alır. O, yalnız məhəbbət obyekti olmaqla yanaşı, seçim edən, layihə qura bilən, fəaliyyət göstərən subyektdir. Ninonun azadlıq nümayişləri — geyim, səyahət, danışıq və s. təkcə estetika deyil, eyni zamanda gender, vətəndaşlıq hüquqları ilə bağlı səssiz, lakin güclü iddialardır. O, görünməmək haqqına qarşı çıxaraq görünmək haqqını tələb edərək bunun üçün özünü risqə atır. Bu cür hərəkətlər cəmiyyətdəki görünməyən hüquqi boşluqları üzə çıxardaraq fərdin hansı hallarda məhrumiyyətə məruz qala biləcəyini göstərir. Ninonun Dağıstandakı sərbəst təcrübəsi ilə saraydakı məhdudiyyətlər arasındakı kontrast onun zaman-məkan asılılığını göstərir: fərdin dəyərləri yeni məkanlara daxil olduqda qəbul və ya rədd olunma ilə üzləşir. Romanda Nino həm üsyançı, həm də qurban rolunu oynayır. Bəzən ictimai qınağa, bəzən isə ədalətin müdafiəsinə ehtiyac doğurur. Əsərdə əsas dilemmlərdən biri fərdi azadlıqla kollektiv öhdəliklər arasındakı tarazlığın necə qurulmasıdır. Hər bir obraz hüquqi subyekt kimi qərarlar verir və bu qərarlar onların cəmiyyət qarşısındakı mövqeyini dəyişdirir. Əlinin ailə mədəniyyəti ilə ziddiyət təşkil edən seçimləri onun hüquqi və sosial məsuliyyətini artırır. Nino isə öz davranışları ilə həm patriarxal, həm də dövlət qanunlarına meydan oxuyan nümunəyə çevrilir. Məsuliyyət və nəticələr baxımından əsər humanist-praktik hüquq dərsi rolunu oynayır: məhəbbətin idealları hüquqi reallıqlarla dəstəklənmədən davam edə bilməz. Müharibə və tarixi sarsıntılar fərdlərin hüquqi subyektivliyini daha da dəyişkən edir. Dövlətin gücü, titul, ünvanların itirilməsi, sürgün kimi cəzalar insanların həyatını ani, radikal şəkildə yenidən müəyyənləşdirə bilir. Nino ilə bağlı dialoqlarda görünən çarın reaksiyası, sürgün riski, dini dönüşün doğura biləcəyi ictimai qəzəb kimi qorxular, bu dramatik hüquqi narahatlıqların fərdi əksidir. Belə şəraitdə nikah qərarı yalnız şəxsi müqavilə olmur; o, eyni zamanda milli və dini məna da daşıyan ictimai-hüquqi bir qərara çevrilir. Ninonun “öz etiqadımı saxlayacağam” deməsi rəsmi sənədlərin (kəbin sənədi, möhür, şahid imzası və s.) məzmununu, məna daşıma qabiliyyətini sual altına qoyur: sənəd formal tanıma verə bilər, lakin vicdan və şəxsi azadlığı kağız tam bərpa etmir. Onun yeni soyadının “Şirvanşir” yazılması hüquqi assimilyasiyanın simvoludur. Soyadın dəyişdirilməsi rəsmi inteqrasiyanı ifadə etsə də, həm məna itkisini, həm də yeni hüquqi statusun gətirdiyi ciddi nəticələri özündə saxlayır. Müharibə fonunda bu “məhkəmə” daha sərt olur, çünki siyasi hakimiyyətlərin qaydaları tez-tez dəyişir, hüquqi sabitlik zəifləyir. Belə vəziyyətdə fərdin hüquqi mövqeyi böyük qeyri-müəyyənliklə üzləşir: vətəndaşlıq, mülkiyyət və ailə statusu bir anda yenidən müəyyən edilə bilər. Bu baxımdan, roman həm tarixi sənəd, həm də bədii metaforadır. Tarixi sənəd kimi o müəyyən dövrün sosial strukturlarını, etno-dini münasibətlərini və hüquqi qeyri-müəyyənliklərini əks etdirir; bədii metafora kimi isə daha ümumbəşəri suallar doğur: kimlik necə formalaşır, sevgi nə qədər dözə bilər, fərdin azadlığı nə vaxt kollektiv marağın qurbanına çevrilir? Bu suallar yalnız 1910–1920-ci illərə aid deyil — əsərin qoyduğu problemlər hər dövrdə aktual qalır. Əsərin fərdi obrazları vasitəsilə hüququn necə təcəssüm etdiyini aydın görmək mümkündür. Naxararyan siyasətçilərə və imperiyaya qarşı realist yanaşma nümayiş etdirir: o, hüququ resursların, statusun, rahatlığın qorunması ilə eyniləşdirir. Kilsə əmlakı müsadirə olunsa belə, o, dövlətin təmin etdiyi qaydanı şəxsi həyat tərzini itirməmək üçün əsas vasitə sayır. Belə mövqe müstəmləkə nizamının hüquqi reallığını göstərir, qanun dağıdıcı, yenidən paylayıcı mexanizm kimi çıxış edir. Qoçu və stansiyadakı köçərilərin baxışı fərqlidir: onlar üçün hüquq uzaq, əlçatmaz və ya funksiyasızdır; onların şikayətləri dövlət qurumlarına deyil, “İran qılıncı” kimi qorxu və mifologiyaya yönəlir. Bu, çoxmədəni cəmiyyətlərdə hüquqa çıxışın müxtəlif yollarla həyata keçirildiyini göstərir. Naxararyan və onunla hərəkət edən diaspor kapitalı romanın həm iqtisadi, həm də hüquqi əsaslarını möhkəmləndirir. Onun qızıl külçələrini xaricə aparması yalnız təhlükəsizlik məqsədi daşımır, sədaqət və kimliyin pula çevrilməsini xarakterizə edir. Kapitalın ölkədən çıxması yeni sərhədlər yaradır: “biz” və “onlar” anlayışları artıq pul, hərəkət azadlığı ilə müəyyənləşir. Bu isə çoxmədəni mühit üçün təhlükəlidir, çünki etnik və dini qruplar arasında inamın itməsi hüquqi sabitliyi bərpa etməyi daha da çətinləşdirir. Seyid Mustafanın Keyxosrov haqqında nəql etdiyi rəvayət hüquqi-ideoloji arqument kimi təqdim edilir. Keyxosrovun gürcü qızı ilə nikahı və onun şəkilinin sikkələrə vurulması əmri siyasi hakimiyyətin qərarvermə sahəsinə dair nümunə kimi şərh olunur. Seyidin demək istədiyi budur ki, qanunlar həm dünyəvi, həm də dini tarixdə elastik şəkildə tətbiq olunub, müxtəlif dövrlərdə hökmdarların şəxsi seçimləri hüquqi ölçüləri formalaşdıra bilib.Bu vəziyyətin hüquqi-mədəni nəticəsi odur ki, adət və qanun bir-birinə bağlıdır, hakimiyyətin dilə gətirdiyi “qanun” tez-tez siyasi iradənin ifadəsinə çevrilir. Əsərdə qadın həm qənimət, siyasi simvol, həm də hüquqi obyekt kimi göstərilir, onun nikah, mülkiyyət və nəsil məsələlərindəki statusu həm dini, həm də mədəni hüquq çərçivəsində müzakirə olunur. Seyidin “onun oğlu əlbəttə şiə olmalıdır” ifadəsi valideynlərin dini mənsubiyyətinin uşağın hüquqi-mənəvi təyinatına necə təsir etdiyini göstərir. Bu isə hüquqi pluralizmin, ailə hüququnun və cəmiyyətin normalarının qarşılıqlı əlaqəsini açır. Obrazlararası müqayisə romanda mənəvi-funksional baxımdan ən faydalı üsuldur. Əli ilə atası arasındakı uçurum modernist–fatalist qarşıdurmasını göstərir; atanın dünyagörüşü ənənə və dövlətə bağlıdırsa, Əli fərdi seçimlərə, müasirliyə meyllidir. Əli ilə Nino arasındakı münasibət isə mədəni sintez və parçalanmanın modelidir. Onların birgə qərarı, uşaqlarına “Tamara” adı vermələri simvolik məna daşıyır: bu ad həm xristian, həm müsəlman mühitində qəbul edilərək gələcək nəsillərin mədəni sərhədləri aşan birləşdirici kimliyinə işarə edir. Əlinin atası obrazı patriarxal düşüncə və dövlətin simvolu kimi təqdim olunur. O, oğluna daim “ölkənin ehtiyacı var” deyərək şəxsi həyatı və xoşbəxtliyi vətən, millət naminə qurban verməyi tələb edir. Bu yanaşma əsərdə hüququn başqa bir formasını: mənəvi, ailəvi qanunları təmsil edir: fərdi xoşbəxtlik dövlətə və ailəyə xidmətə tabe olmalıdır. Əli ilə əminin qarşı-qarşıya gəlməsi yalnız nəsillərin və dəyərlərin toqquşması yox, hüququn iki fərqli legitimləşmə forması arasındakı toqquşmadır. Əmi ənənəvi və rəsmi səlahiyyətləri təmsil edir: titul, mülkiyyət, çoxarvadlılıq, dini göstərişlər, ictimai nümayişlər onun “qanuni” mövqeyini müəyyən edir. Onun üçün qanun, gündəlik həyatda yaşananlardır. məsələn, arvadların eyni qaydada saxlanılması formal ədalət iddiası olsa da, Əminin Zeynəbə olan xüsusi münasibəti göstərir ki, bu qayda kağız üzərində qalır. Əli isə daha mürəkkəb bir mövqedədir. O, ənənədən gəlir, amma modern hüquq və fərdi agentlik anlayışına da yaxınlaşır. Şirvanşir, səlahiyyətə malik olmaq istəyir, amma onun imkanları icmanın qınağı, patriarxal şərəf kodları və siyasi qeyri-müəyyənliklə məhdudlaşır. O, hüququ sosial performans vasitəsilə yaşayır, kişilik, şərəf, qəhrəmanlıq kimi normativlər ona cəmiyyətin icazəsini verir və ya ondan məhrum edir. Zeynal ağa ilə qubernatorun ailəsi arasında iqtisadi-mədəni kapital fərqi diqqət çəkir: qubernator ailəsinin estetik və yazılı mədəniyyət üstünlüyü var, Zeynal ağanın isə praktik, maddi gücü. Bu paralellər göstərir ki, hər personaj fərqli hüquq mənbəyinin daşıyıcısıdır. Bəziləri rəsmi qanunu, bəziləri ənənəni, bəziləri isə iqtisadi gücü və sosial legitimliyi təmsil edir. Romanın əsas suallarından biri budur: multikultural cəmiyyətdə ədalət necə təmin edilə bilər? Qurban Səid bu suala sadə cavab vermir. O, fərqliliklərin qarşılıqlı qorunmasının, rəsmi institutların dayanıqlığının və fərdi hüquqların müdafiəsi üçün institusional əsasların vacibliyini birgəyaşayış üçün anlayış, qarşılıqlı səylər lazımlığını göstərir. Bu iki mənbə bəzən uzlaşır, bəzən toqquşur; nəticədə Əli, Nino, Zeynal ağa və digər obrazlar bu toqquşmanın daşıyıcılarına çevrilirlər. Onların konfliktləri oxucuya başqa bir sual da verir: fərqli mədəniyyətlər və hüquq sistemləri bir arada yaşaya bilərmi? Roman həmçinin multikulturalizmin real siyasi və zorakı tərəflərinə diqqət çəkir. Musa Nağının narahatlığı, ruslarla türk və ermənilər arasındakı münaqişələr, Bolşevik işğalı göstərir ki, şəxsi səviyyədə münasibətlər mümkün olsa da, dövlət siyasətləri və hərbi qüvvələr bu əlaqələri dağıda bilər. Beləliklə, əsər tarixi bir vitrin xassəsidir: mövcud multikultural tarazlığın nə qədər həssas olduğunu göstərir. Oxucu üçün ən vacib dərs budur: hüquq yalnız kitab səhifələrində məhdudlaşan bir konstruktsiya deyil. O, insanların gündəlik davranışlarında, sosial rollarda, tarixdən gələn hekayələrdə və sarsılmış sədaqətlərdə yaşayır. Romana bu prizmadan baxmaq həm hüquqşünaslara, həm də mədəniyyətşünaslara zəngin material verir: hər obraz, hər mübahisə, hər səhnə hüququn necə formalaşdığını, necə yenidən yazıldığını göstərir. Əsər multikultural məkanlarda kimlik və hüququn qarşılıqlı təsirini açır, beləliklə yalnız iki fərdin deyil, iki hüquqi-mədəni sistemin imtahanı olur. Qurban Səid göstərir ki, nə Qərb qanunu, nə də Şərq ənənəsi təkbaşına insanı azad və xoşbəxt edə bilməz, həqiqi azadlıq yalnız qarşılıqlı hörmət, mədəni anlaşma, vicdanın qanunla vəhdət təşkil etdiyi bir cəmiyyətdə mümkündür.
yaşam biçimleri ve toplumsal özelikleri gereği bir araya gelme ve devletleşme sürecinde diğer uluslara oranla çok daha başarılı olmuşlardır.
Bunun başlıca sebepleri arasında;
Boy teşkilat yapısına göre ayrılmak
Zorlu bozkır kültürüne sahip olmak
Coğrafi şartlara bağlı olarak yaşamak
Ordu-Millet yapısında hayat sürmeleri
Üstün ve aktif savaş teknikleri geliştirmek
Sürüleri için geniş topraklara ihtiyaç duymak
İtaat altına alınmadan özgür yaşam içgüdüsü
Yeryüzünde Cihangirlik anlayışına bağlı töreler
Yüzyıllardr süregelen Devlet kurma gelenekleri
Türk Hükümdarların kendilerini tüm Türklerin Hakanı olarak görmeleri gibi özellikler yer alır..
“Birçok devlet kurduk fakat bu devletleri yine biz kendimiz yıktık” düşüncesi genel olarak yanlıştır.
Yukarıda mümkün olduğunca tarihsel periyodik sırasıyla yazmaya çalıştığım bu devletlerin biri yıkılıp, yerine bir diğeri kurulmamıştır. Bunların
birçoğu farklı coğrafyalarda farklı yüzyıllarda ve farklı boylar tarafından kurulan devletlerdir.
Bir Hükümdar öldüğünde toprakların kardeşler arasında paylaşılması geleneği de Osmanlı’lara kadar uzun yıllar devam etmiş, bu nedenle tek bir devlet içerisinden birçok yeni devlet ortaya çıkmıştır.
Devlet kuran bir boy, güçten düştüğü anda bir diğer boy tarafından tahakküm altına alınır, bu durumda devletin düzeni ve halkın yaşam şekli değişmez, fakat yeni hakim güç olan boy, yeni devlete kendi adını verirdi.
-Erken Türk tarihinin başlangıcını kesin olarak belirtmek zordur. Ancak yapılan arkeolojik ve antropolojik araştırmalar sonucunda ortaya çıkarılan, geçmişi M.Ö.4000’lere kadar uzanan Orta Asya’nın en eski kültürü olan Anav Kültürü proto-Türklerle doğrudan bağlantılıdır.
-Türk halklarnın anayurdu ve dilleri için öneriler; Transcaspian bozkırlarından, Kuzeydoğu Asya (Mançurya) içlerine kadar uzanan genişliktedir.
-Genetik çalışmalar; Türk etnik kökeninin ilk kez “İç Asya Anavatanı” olarak Güney Sibirya ve Moğolistan yakınlarındaki bölgede ortaya çıkan Doğu Avrasya kökenlerine işaret etmektedir.
-Türkler, genellikle pastoralize et yiyip fermente süt içer, kış aylarında kürklü ve yünlü kumaşlar giyer, deriden ve yünden yapılmış çarıklar kullanırlardı. Savaşlarda hareket kabiliyetlerini ve hızlarını korumak amacıyla üzerlerine çelik zırh giymez, fakat bunun yerine basma deriden yapılan giysileri üstüste giyerlerdi.Geliştirdikleri gem ve üzengi sayesinde atlarının üzerinde çok uzun mesafeli yolculuklar katedebilir, genellikle sol kol serbest bıraklır hâlde yolculuk ederlerdi.
-Geniş coğrafyalarda atlı-göçebe ve yarı göçebe yaşam sürdürdükleri dönemlerde Türk dinamiği farklı özellikler kazandı.
Birçok Türk boyu yüzyıllar boyu temas ettikleri bazı halkları özümsediler. Karşılaştıkları çeşitli toplumları kendi benzersiz boy kültürlerine bir şekilde dahil eden Türk boyları, bu toplumların süratle Türkleştirilmesini sağladılar, bu süreçte kendi aralarında da farklı şekillerde büyüyüp geliştiler.
-Günümüzde her modern ulus, farklı etnik kökenlerin karışımıdır. Türklerin gerçek Türk olmadığını anlatmaya çalışmak umutsuz bir çabadır. Türk halkı da genetik olarak çeşitlidir ancak Türkler; dillerinden, kültürlerinden ve tarihlerinden oluşan ortak bir psikolojiye sahiptir.
Konuya Türkiye açısndan bakacak olursak eğer;
Cumhuriyetin ilanı ile birlikte etnik köken yahut dinden ziyade “ulusal kimlik” kavramı üzerine kurulan devletin sınırları içerisinde yaşayan ve bu topraklarda ayakta kalarak milletin inşasına katılmak isteyen herkes, artık birer Türk’türler..
-Jeopolitik konumların sebep olduğu mesafeler, dilsel etkileşimler ve yıllar içerisinde meydana gelen tarihi ve siyasi değişimler, günümüz Türk halkları arasında bazı farklılıkların oluşmasına neden olsa da, Avrupalı kavimlerin aksine Türk boyları hiçbir zaman kendilerini tamamen farklı kimliklere ayırmadılar. Türk kimliği kalır, dil kalır, kültürün çoğu kalır, yaşadkları coğrafyaya uyum sağlar tüm insanlar, fiziksel olarak birbirlernden farklıdır.
Keza tüm göçebe bozkır kavimleri çeşitliliğe açıktır ve ilgi duyarlar. Yeni gelenlere veya farklı insanlara karşı temkinli değillerdir. Onları kendi kültürlerine ve toplumlarına dahil etmek içinse neredeyse içgüdüsel bir refleks vardır, çünkü boyların ve klanların hayatta kalması büyük ölçüde sayılarının artmasına bağlıdır.
Yeni üyeler eklenir, eklendikçe insanlar değişir ve gelişir, ancak kültür kalır, dil kalır. Sayılarda ve çeşitlilikte güç aramak, Türk kültürünün doğuştan gelen bir parçasıdır.
Bu sebeple yeterli nüfusa ve güce ulaşan her bir boy devlete, her bir devlet de İmparatorluğa dönüşmede dünyanın geri kalanından sayıca fazladır.
Türk halkları asırlar boyunca geniş düzlüklerde özgürce yaşamanın da getirdiği bir bağımsızlık tutkusuna sahiptir. Başka milletlerin hakimiyeti ve boyunduruğu altında yaşamı kabul etmezler.
Etimolojik kökeniyle ‘boy, boyun ve boyunduruk’ arasındaki bağ, bu anlayışın dilimize yansımış halidir. Tarihsel ve kültürel birçok nedenlerden dolayı Türk halklarında birbirlerine karşı derin bir bağ ve sahiplenme duygusu görülmektedir.
Ruslar ve Ukraynalılar, Yahudiler ve Araplar, Farslar ve Peştunlar, Saksonlar ve Cermenler, Çinliler ve Tibetliler vb birçok örnekte olduğu gibi; birbirinden türeyen, aynı kültürden gelen, aynı dili konuşan fakat birbirlerine düşman toplumların Türkleri anlayamamasının sebebi de budur.
“Türk olmak; çok devletler kurmuş olmak değil, ebedi gücün sancaktarı olup, Baykal gölünden Balkanlara uzanan bu yolculuğunda Atilla’dan Atatürk’e yürüdüğün yolu unutmamaktır..”
Xalqımızın qəhrəmanlıqlarla dolu tarixinə Zəfər günü kimi əbədi yazılan, öz möhtəşəmliyi ilə bütün dünyaya səs salan, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına gedən yolun başlanğıcı olan 44 günlük İkinci Qarabağ müharibəsində şərəfli Qələbəmizin beş ili tamam olur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, şanlı ordumuzun igidliyi nəticəsində qazanılan və dünya hərb tarixində bənzəri olmayan bu tarixi Zəfərimiz münasibətilə hamını ürəkdən təbrik edirəm.
Qarabağ… Bu ad yalnız bir coğrafi məkanın, bir bölgənin deyil, bütöv bir xalqın ruhunun, taleyinin, yaddaşının adıdır. Bu torpaq əsrlər boyu Azərbaycan mədəniyyətinin, incəsənətinin, muğamın və qəhrəmanlığın beşiyi olmuş, dünyanın ən qədim tarixə malik olan yaşayış məskənlərindən biri kimi tanınmış, 30 il arzularımızın məkanı, dualarımızın ünvanı, həsrətimizin qalası, ağrılarımızın adı olmuşdur.
Otuz il… Tarix üçün böyük olmasa da, insan ömrü ilə müqayisədə kifayət qədər uzun müddətdir. Hər ilinin yox, hər gününün, hər dəqiqəsinin yaşanması qeyri-mümkün olan acı bir tarixdir. Vaqonlarda, çadırlarda, yağışın, qarın, qızmar günəşin altında otuz il boyunca yaşayan xalqın ürəyində bir yara, bir dərd döyünürdü –
Qarabağ nisgili. Açığını etiraf etmək lazımdır ki, bəzən ümidlər çox nazilirdi, Minsk qrupu üzvlərinin regiona səfərlərindən sonra verilən boş bəyanatlar, hər bayramda deyilən “İnşallah, gələn bayramı yurdumuzda qeyd edərik” kimi təkrarlanan, bununla da adiləşən vədlər və heç bir dəyişikliyin olmaması insanlarda ümidsizlik, laqeydlik formalaşdırırdı. İşğalçılar o cənnəti kriminal ünsürlər məskəninə, düşmənçilik yuvasına, xarabazara, adı çəkiləndə ürəklərdən qara qanlar axan ah-nalə ünvanına çevirdilər. Bu illər ərzində Şuşanın səsi susdu, Cıdır düzündə kimsəsiz küləklər dolaşdı, Ağdamda evlər viranə qaldı, Füzulidə yolları ot basdı, Laçında qəribçilik yaşandı, Kəlbəcər dağlarında yad nəfəs dolaşdı, bu həsrət, bu dözülməz ağrılar minlərlə nakam canlar aldı, ancaq Qarabağ həsrətini ürəklərdən ala bilmədi.
O ağır, sınaqlarla dolu illərdə Ümummilli lider deyirdi: “Azərbaycanın başına gələn bəlalar xalqımızın iradəsini qıra bilməz! Xalqımız uzun, çoxəsrlik tarixində belə bəlalardan çox keçibdir. Belə qaranlıq günlərin işıqlı günləri olur, xoşbəxt günləri olur. Onlar qabaqdadır. Biz o günlərə doğru gedirik və heç vaxt başımızı aşağı salmamalıyıq. Biz qəmlənərik, eyni zamanda, gücümüzü də toplayırıq. Əminəm ki, haqq-ədalət öz yerini tutacaq. Azərbaycan xalqının haqq işi başa çatacaq. Azərbaycan xalqı müstəqilliyini tam bərqərar edəcək, bütün ərazisinin sahibi olacaq, bütün taleyinin sahibi olacaq, ölkəmiz müstəqil dövlət kimi əbədi yaşayacaqdır. Mən buna inanıram və əminəm ki, siz də inanırsınız”.
Bir Azərbaycan vətəndaşı kimi qürur duyduğumuz bu qələbənin həsrətini uzun illər boyu gözlədiyimi bildirmək istəyirəm. Şükür olsun ulu Tanrıya ki, bu günləri görmək, vətən torpaqlarının düşmən tapdağından azad olduğunu görmək mənə qismət oldu. Hər zaman düşünürdüm ki, 80-ci illərin sonlarında başlanan iddialarla torpaqlarımızı işğal edən, bir milyona yaxın soydaşımızı doğma yurd-yuvasından didərgin salan ermənilərin bu vəhşiliyi həyata keçirməsində hansısa mənada bizim nəslin günahı var və torpaqlar geri alınmasa, biz dünyadan xəcalətli gedəcəyik. Şükür Allaha ki, elə bizim nəslin yetişdirdiyi oğullar, bu işğalı yaddaşlardan silməyə çalışan müxtəlif qüvvələrin oyunlarına, vaxt uzatmasına, təxribatlarına baxmayaraq, vətən nisgilini unutmadılar, daim ürəklərində yaşatdılar və imkan düşən kimi bu intiqamı aldılar. Uzun müddət təhsil çalışmış bir insan kimi hesab edirəm ki, bütün məktəblərin giriş qapılarında, sinif otaqlarında vurulan “Qarabağı unutma!” plakatlarının, düşmən tapdağında qalan rayonların işğal tarixini göstərən cədvəllərin, müəllimlərimizin bu barədə söhbətlərinin, vaxtaşırı keçirilən tədbirlərin də bu zəfərdə öz payı vardır. Azərbaycan xalqının ötən müddət ərzində işğalla barışmaması və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərməsi isə, əlbəttə, əsas amil idi.
Vətən müharibəsinə qədər və 44 günlük savaşın davam etdiyi dövrdə Azərbaycanın diplomatik mübarizədə də uğurları bir-birini əvəzlədi. Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq tərəfdaş ölkələrin sayının artmasına səbəb oldu. Azərbaycan bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi və münaqişənin həlli üçün hüquqi bazanı möhkəmləndirdi. Həmin müddətdə BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər beynəlxalq təşkilatlar Ermənistan silahlı birləşmələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələr qəbul etdilər. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərildi. Əlbəttə, bəzi dünya ölkələrinin ikili standartlara əsaslanan siyasəti də var idi və təəssüf ki, bu yanaşmalar hələ də davam etməkdədir. Qeyd etmək istəyirəm ki, belə maraqların ədaləti və beynəlxalq hüququ üstələməsi münaqişənin həllində 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsini şərtləndirən əsas amil idi. Əgər verilən vədlər, ali qurumlarda qəbul edilən qərarlar, bəyanatlar yerinə yetirilmiş olsaydı, bu münaqişə ölkəmizin dəfələrlə təklif etdiyi sülh yolu ilə çoxdan həll edilmiş olardı. Ermənistandan öz maraqlarının həyata keçirilməsində bir vasitə kimi istifadə edən bəzi dövlətlər bəyanatlarında münaqişənin həllinə, Azərbaycanın mövqeyinə dəstəklərini ifadə etsələr də, reallıqda işğalçını müdafiə edir, münaqişənin nizamlanması istiqamətində danışıqlar prosesinin uzanmasına, təcavüzkarın yeni planlar hazırlamasına açıq-aşkar dəstək verirdilər.
Bu azğınlığın qarşısı gec-tez alınmalıydı! Bütün diplomatik təmaslarında düşmənə sülh prosesini təklif edən ölkə rəhbəri eyni zamanda Azərbaycanın öz gücü ilə torpaqları azad etməyə qadir olduğunu da bəyan etmişdir. Arxasında dayanan qüvvələrə güvənən Ermənistanın Baş naziri Nikol Paşinyanın 2019-cu ildə etdiyi “Arsax (Dağlıq Qarabağ) Ermənistandır, nöqtə” bəyanatı Qarabağ münaqişəsinin dinc yolla həlli prosesinə sanki nöqtə qoymuşdu. Ermənistan rəhbərinin milli heysiyyətimizə toxunan bu bəyanatından az sonra, 2019-cu il oktyabrın 3-də dünyanın 40 ölkəsindən 150-dən çox nümayəndənin iştirak etdiyi “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxış edən Azərbaycan Prezidenti Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzündən, beynəlxalq aləmdə münaqişənin tarixinə düzgün yanaşılmamasından danışaraq yekunda dedi: “Qarabağ Azərbaycandır və nida işarəsi”. Bu sözlər Ali Baş Komandanına inanan, ordusunun gücünə və rəşadətinə güvənən xalqımızın bir il sonra başlanan milli azadlıq mübarizəsinin rəmzinə çevrildi.
2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu dövlətimizin başçısı tərəfindən “Dəmir yumruq” adlanan əks-hücum əməliyyatına – Vətən müharibəsinə başladı. Düşmənin onilliklər boyu qurub möhkəmləndirdiyi müdafiə xətti elə müharibənin ilk günündə yarıldı. Füzuli və Cəbrayıl rayonlarının altı kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu. Döyüş əməliyyatlarının aparıldığı bütün müddət ərzində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik və vətənpərvərlik ruhu xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda Azərbaycanın bütün dünyaya ciddi mesajı kimi qəbul edildi. Dövlət başçısının çağırışına səs verən on minlərlə vətənpərvər gəncin Vətən torpaqları uğrunda döyüşmək üçün könüllü cəbhəyə yollanması, sonralar dəqiq məlum olduğu kimi bir nəfərin də fərari olmaması, müharibədə əsgər və zabitlərimizin göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Həmin günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Ordumuzun bu qələbəsi bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.
Soydaşlarımız gecə-gündüz ekranların qarşısından çəkilməyərək Ali Baş Komandanın qələbə müjdəli xəbərlərini səbirsizliklə, böyük həyəcanla gözlədi. Həmin günlərdə yenilməz sərkərdə İlham Əliyev xalqımıza 11 zəfər müjdəli müraciət etdi və qələbə xəbərləri çatdırdı. Prezidentin hər müraciəti bitər-bitməz paytaxt Bakı da daxil olmaqla ölkəmizin bütün bölgələrində əhali küçələrə çıxaraq şanlı qələbənin qürurunu bölüşdü. Meydanlara axışaraq, əllərində Azərbaycan bayraqları bu qələbələri bayram etdilər. Vətən müharibəsinin ilk günündən başlayaraq daim irəli gedən ordumuz düşmənə sarsıdıcı zərbələr endirir, yaşayış məntəqələrimizi bir-birinin ardınca azad edirdi. Oktyabrın 3-də strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndləri, bir gün sonra Cəbrayıl şəhəri və rayonun 9 kəndi düşmən tapdağından azad olundu. Oktyabrın 9-dan 26-dək Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli şəhəri, Xudafərin körpüsü, Zəngilan və Qubadlı şəhərləri düşməndən azad edildi. Ümumiyyətlə, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhəri, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qəhrəman ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə hərb sahəsində yeni döyüş strategiyasının əsasını qoydu.
Bu müddət ərzində Azərbaycan xalqı ilə yanaşı, bütün beynəlxalq ictimaiyyət ermənilərin və onların havadarlarının nə qədər vandal, vəhşi xislətə malik olduqlarının bir daha şahidi oldu. Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşərkən onlar ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verirdi. Dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alındı, raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan terror aktları törədildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda, şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacağına görə komandanlıq buna getmədi, alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.
Noyabrın 6-da yüngül silah-sursat ilə təchiz edilmiş, hərəsi 100 nəfərdən ibarət olan dörd qrupa bölünmüş 400 nəfərlik Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırımlarına iplərlə dırmaşaraq səhər saatlarında şəhərə dörd tərəfdən daxil olmuş və şəhərdə dərhal döyüşlər başlamışdır. Yüzlərlə itki verən erməni silahlıları günortadan sonra şəhərdən tam çıxarılmışdır. Şəhərə nəzarəti yenidən bərpa etmək məqsədi ilə ermənilərin Şuşaya hücum cəhdləri boşa çıxmış, Azərbaycan Ordusunun ciddi müqaviməti nəticəsində erməni silahlıları geri oturdulmuşdu. Noyabrın 7-də Şuşaya Ermənistan tərəfindən qadağan olunmuş İsgəndər-M ballistik raketləri atılsa da, bu, döyüşün taleyini dəyişə bilmədi. Üçrəngli bayrağımız Cıdır düzündə dalğalananda, o tac yenidən yerinə qayıdanda sanki min illik tariximiz canlandı, bütün xalqın ürəyindən tikan çıxarıldı.
Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Silahlı Qüvvələrimiz tərəfindən 2023-cü il sentyabrın 19-da başladılan və Ali Baş Komandanın qətiyyətini, ordumuzun gücünü bir daha nümayiş etdirən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin mövqeləri, atəş nöqtələri, döyüş vasitələri və bazaları yüksək dəqiqlikli silahlarla vurularaq sıradan çıxarıldı, milli suverenliyimiz tam bərpa olundu. 44 günlük müharibə Cənubi Qafqazın geosiyasətində ciddi dəyişikliyə səbəb oldu, ənənəvi güc balansını dəyişdi və regional sülh və təhlükəsizlik üçün yeni imkanlar və çağırışlar yaratdı.
Bu gün Qarabağ təkcə azad deyil – o, yenidən doğulur. Cəhənnəmin içindən keçərək cənnətə çevrilən bu torpaq artıq düşmənçilik meydanı deyil, dostluğun, mədəniyyətin, elmin və insanlıq ruhunun mərkəzinə çevrilməkdədir. Bu gün həmin torpaqlarda həyat yenidən qaynayır. Qarabağ və Şərqi Zəngəzur adları artıq dağıntılar, müharibə xatirələri ilə deyil, inkişaf, quruculuq və gələcəyə olan böyük ümidlərlə hallanır.
Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada yüksək yaşayış şəraitinin təmin edilməsi üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, müasir infrastruktur layihələri icra olunur, yeni yollar salınır, istehsal müəssisələri yaradılır, soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün lazım olan bütün zəruri tədbirlər görülür, mərhələ-mərhələ bu torpaqlara qayıdış gerçəkləşdirilir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda buraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə 50 mindən çox insan yaşayır. 30 il xalqımız bu günləri böyük səbirsizliklə gözləyirdi.
Onu da vurğulamaq yerinə düşər ki, ölkə başçısı İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Azərbaycan dövlətinin siyasəti qaranlıqdan doğan günəş tək hərarəti ilə Qarabağa yenidən can verir.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarlarını təqdim edərkən səsləndirdiyi fikirlər Azərbaycanın postmünaqişə dövründə qurduğu yeni dövlət-fəlsəfi konsepsiyanın ideoloji ifadəsidir. Prezidentin sözlərində “Böyük Qayıdış” tarixi ədalətin bərpası, milli ləyaqətin dirçəldilməsi və dövlətin sosial məsuliyyət modelinin ən real göstəricisidir: “Bilirsiniz ki, biz “Böyük Qayıdış” Proqramının başlanğıcını da Zəngilan rayonunda qoyduq. Birinci kənd – Ağalı kəndində artıq üç il yarımdır ki, insanlar yaşayır və orada çox gözəl şərait yaradılmışdır. Mən indi Ağalının içi ilə keçdim və yeni binalarla tanış olarkən gördüm ki, bütün həyətyanı sahələr sanki gözəl bir bağa çevrilib. Ermənilər viran qoymuşdu bizim dədə-baba torpaqlarımızı, biz isə qurub-yaradan xalqıq. Biz doğma torpağımızda qurub-yaradırıq, binalar, məscidlər tikirik, tarixi abidələri bərpa edirik. Biz – bu torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq”.
Uzun illər işğal altında qalan torpaqların azad edilməsi ilə bərabər, Azərbaycan həmin ərazilərdə sosial ədalətin də bərpasını qarşısına məqsəd qoydu. Burada məqsəd sadəcə torpaqları azad etmək deyil, insanı o torpağa, yəni həyatın mənəvi və mədəni məkanına qaytarmaqdır. Prezidentin “hər bir evin açarı – hər bir ailənin gələcəyi deməkdir” fikri bu konsepsiyanın mərkəzində insan amilinin dayandığını göstərir. İkincisi, “Böyük Qayıdış” milli ləyaqət və dövlətin məsuliyyət fəlsəfəsi üzərində qurulub.
Qayıdış prosesi həm sosial-iqtisadi, həm də mənəvi-siyasi ölçülərdə həyata keçirilir. Dövlətin vətəndaşa qayğısı burada ən yüksək səviyyədə təcəssüm olunur: şəhid ailələrinə mənzillərin verilməsi, müasir infrastrukturun yaradılması, təhlükəsizlik və rifahın təmin edilməsi – bütün bunlar sosial məsuliyyətin siyasi legitimliklə birləşdiyi yeni modelin təzahürüdür. Üçüncüsü, bu ideya modern dövlət quruculuğunun laboratoriyası kimi çıxış edir. İşğaldan azad olunmuş kəndlərdə, şəhərlərdə həyata keçirilən “ağıllı kənd” və “yaşıl enerji” layihələri göstərir ki, Azərbaycan bərpa prosesini strateji yenilənmə platforması kimi dəyərləndirir.
Son illərdə ölkəmizin bütün bölgələrində abadlıq-quruculuq işləri aparılır. Xüsusilə Qarabağda aparılan nəhəng quruculuq işləri dövlətin siyasi iradəsinin və xalqın ruh yüksəkliyinin göstəricisidir. Burada qısa müddətdə çox böyük işlər görülüb. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir. Dövlətlər var ki, bizim beş ildə gördüyümüz işləri reallaşdırmaq üçün onilliklər sərf edir.
İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən siyasət ölkənin müstəqil qərarvermə qabiliyyətini, resurslardan rasional istifadə bacarığını və uzunmüddətli planlaşdırma mədəniyyətini nümayiş etdirir. Bütün bunlar Qərbin postmünaqişə idarəetmə təcrübələrindən fərqli, lokal-milli və mərkəzləşdirilmiş dövlət yanaşmasının uğurlu nümunəsidir. Nəhayət, “Böyük Qayıdış” Azərbaycanın dövlət ideologiyasının yeni mərhələsinin fəlsəfi kodu kimi çıxış edir. İdeologiyanın təməlində ədalət, sosial məsuliyyət və yenidənqurma dayanır. Prezident İlham Əliyevin liderliyi ilə formalaşan bu konsepsiya göstərir ki, Azərbaycan müharibədən sonra “sülh dövləti” mərhələsinə daxil olub – burada güc, humanizm və inkişaf arasında strateji tarazlıq qurulub.
İşğal altında qalan Qarabağ həmin illərdə “qanunsuz dövlətcik” adlandırılan kriminal rejimin qaranlıq mühitinə, xaosun və cinayətlərin yuvasına çevrilmişdi. Bu torpaq – bir vaxtlar milli mədəniyyətin, sənətin, muğamın, poeziyanın beşiyi olan Qarabağ qara bazarların, silah alverinin, narkotik istehsalının məkanı olmuşdu. Təbii sərvətlər talanır, meşələr qırılır, qədim abidələr yerlə-yeksan edilirdi. Düşmən təkcə torpağımıza deyil, mədəniyyətimizə, tariximizə, milli mənliyimizə də qəsd edirdi. Dağıdılmış məscidlərdə donuz və inək saxlanılırdı – bu, sadəcə vandallıq deyildi, milli heysiyyətə, xalqın inamına qarşı yönəlmiş açıq təhqir idi. Qədim qəbiristanlıqlar buldozerlərlə silinir, muzeylərdən minlərlə eksponat oğurlanırdı…
Bizim xoşbəxtliyimiz ondadır ki, nə qədər uzun çəksə də, bu qaranlıq illər ərzində xalqın inam və ümid çırağı sönmədi. O ümid bizi qorudu. Bilirdik ki, o illərdə xarabalığa çevrilsə də, Qarabağ torpağının ruhu sağdır. Hər yandırılmış evin, dağıdılmış məscidin, viran qalmış bağın ruhu bizə “qayıdın!” deyirdi. Hər Azərbaycan vətəndaşının ürəyində gizli bir ümid, əminlik var idi: “Cənnət torpağımızı cəhənnəmdən xilas edəcəyik!”
Və nəhayət, qırx dörd gün ərzində Azərbaycan xalqı təkcə torpağını deyil, həm də öz ləyaqətini, öz tarixi qürurunu geri ala bildi. Amma hələ qarşıda bir böyük sınaq var idi – o torpağı yenidən diriltmək, onu cənnətə çevirmək.
Bu gün Azərbaycanın öz gücü və qüvvəsi hesabına Qarabağda erməni vandalizminin əl izləri silindikcə, torpaq təmizlənir və əzəli simasına qayıdır. Sevindirici hal odur ki, Qarabağ torpaqlarının azad olunması, Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi, eyni vaxtda “Xarıbülbül” musiqi festivalının yenidən qalalar səltənətində, zirvələr kəhkəşanında təşkil edilməsi Qarabağa yeni nəfəs verməkdədir. Qarabağın baş tacı olan Şuşa yenidən gerçək sahiblərini qoynuna alıb, füsunkar təbiət gözəllikləri ilə dünyaya açılmışdır. 2020-ci il Vətən müharibəsindən sonra ölkənin qarşısında iki istiqamət dayanırdı: ya müharibənin dağıdıcı psixoloji və sosial nəticələrini aradan qaldırmaqla məhdudlaşmaq, ya da bu qələbəni yeni inkişaf mərhələsinin başlanğıcına çevirmək. Azərbaycan ikinci yolu seçdi.
İşğaldan azad olunmuş ərazilərdə həyatın yenidən dirçəldilməsi və insanların doğma torpaqlarına qaytarılması Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Azərbaycan bütün bu işləri öz gücünə görməyə qadir olan güclü dövlətdir.
İşğaldan azad edilmiş ərazilərimizin bərpası və inkişafı müasir Azərbaycan dövlətinin ən önəmli prioritetlərindən biri olmaqla yanaşı, xalqımızın mənəvi dirçəlişinin, milli həmrəyliyimizin, qətiyyətimizin ən parlaq təcəssümüdür. Uzun illər işğal altında qalan və dağıntılarla üzləşən bu torpaqlar indi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə dövlətimizin həyata keçirdiyi məqsədyönlü və genişmiqyaslı yenidənqurma layihələri nəticəsində sürətlə dirçəlir, yeni həyatla nəfəs alır. Bu proses yalnız iqtisadi göstəricilərlə deyil, həm də milli mədəniyyətimizin, tariximizin bərpası və dünya miqyasında təbliği ilə birgə gedir.
İllərdən bəri həsrətində olduğumuz böyük köç artıq başlanıb. El yurda dönür. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına artıq başlanıb. Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.
Müharibə bitən kimi Füzuli və Zəngilan “ağıllı şəhər”, Ağalı kəndi “ağıllı kənd” konsepsiyasının ilk nümunəsi, Laçında, Füzulidə və Zəngilanda tikilən hava limanları Qarabağın dünyaya açılan qapısı oldu. Şuşa yenidən mədəniyyət paytaxtına çevrildi. Xarıbülbül festivalı bərpa olundu, Natəvanın, Üzeyir bəyin, Bülbülün abidələri ilə birlikdə ruhları doğma torpaqlara qayıtdı. Şuşa küçələrində yenidən muğam səslənməyə, Cıdır düzündə atlar kişnəməyə, “Qarabağ şikəstəsi” oxunmağa başladı.
Ağalı kəndində ailələr ocaqlarını yandırdı, uşaqlar yenidən məktəblərinə qayıtdı. Füzulidə yollar salındı, Ağdamda texnoparklar tikildi, Zəngilanda aqrotexnologiya mərkəzləri quruldu. Bir zaman tankların vəhşi şırımlar açdığı torpaqlarda indi əkin sahələrinə bərəkət toxumları səpən traktorların izi var, səngərlərin qazıldığı yerlərdə indi çiçəklər bitir, ölümün dolaşdığı dağ yollarında indi həyat qaynayır.
Bu möhtəşəm Zəfərin ən böyük qələbəsi insanların daxilində baş verdi – otuz illik həsrətdən sonra o torpağa ayaq basan insanlar dünyanın ən böyük xoşbəxtliyini yaşadılar. Uşaqlığını qaçqın düşərgələrində keçirənlər indi Qarabağda məktəblər açır, torpağa həyat gətirir, binalar tikir, parklar, bağlar salır. Füzulidə dərs deyən müəllim, Zəngilanda torpağı becərən fermer, Laçında hava proqnozunu hazırlayan mühəndis, Kəlbəcərdə “İstisu” şirkətində çalışan fəhlə, Ağdamda ilk pasiyentlərini qəbul edən həkim, Şuşada səhnəyə çıxan gənc Qarabağda dirçəlişin simvolu, həm də bu torpaqların insan ayağı dəyməklə cənnətə çevrilməsinin göstəricisidir. Babaların min illər ərzində sınaqlardan çıxardığı həqiqətlərin təsdiqidir: “Torpağa düşmənçilik toxumu səpərsən, kin, küdurət, nifrət, qəzəb yığarsan, sevgi, məhəbbət toxumu səpərsən xoşbəxtlik, səadət, firavanlıq görərsən!” Burada qurulan hər ev, tikilən hər məktəb, salınan hər yol həm də gələcəyə verilən bir mesajdır: “Bu torpaq cənnətə çevrilməyə daha çox layiqdir, buralar daha müharibə görməməlidir, bu cənnət yaşamaq üçündür!”
Bütün bunlarla Qarabağdakı, Şərqi Zəngəzurdakı əzəli-əbədi yurdlarımızın özünün də həyatında yeni bir tarix başlanıb. Müzəffər Ali Baş Komandanın qətiyyəti, iradəsi, ordumuzun gücü ilə düşməndən azad edilmiş yurdlarımız məhz Zəfərimizlə bağlı olan, bu möhtəşəmliyi xatırladan, milli qürur nişanəsi kimi nəsillərdən-nəsillərə ötürülən yeni dəyərlər qazanıb. Dövlət rəhbərimizin 31 iyul 2023-cü il tarixli müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi də bu dəyərlərdəndir.
Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə hər il bu günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunur. 26 avqust – Laçın, 4 oktyabr – Cəbrayıl, 17 oktyabr – Füzuli, 20 oktyabr – Zəngilan, 25 oktyabr – Qubadlı, 8 noyabr – Şuşa, 20 noyabr – Ağdam, 25 Noyabr – Kəlbəcər şəhəri günləri keçirilir.
Bu gün Azərbaycan Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq, bərpa tədbirləri ilə ermənilərə də, onların beynəlxalq aləmdəki havadarlarına da ibrət dərsi verir. Göstərir ki, inkişaf da, xoşbəxt gələcək də Azərbaycandadır.
Bir vaxtlar qara niyyətli iblislərin toplaşaraq Azərbaycan torpaqlarını işğal etmək barədə məkrli planlar cızdığı, silahların qan tökdüyü yerlərdə indi beynəlxalq dostluq forumları, elmi simpoziumlar, mədəni tədbirlər, muğam ifaçılarının beynəlxalq müsabiqələri, idman yarışları keçirilir. Qarabağ indi sənətin səsi, barışın dili, insanlığın nəfəsi, dostluğun mücəssəməsidir, buralar ədalət və yenidənqurma torpağına, cənnətin rəmzinə çevrilmişdir.
Qarşı tərəf etiraf etməlidir ki, əgər vaxtında Azərbaycanın sülh haqqında təklifləri qəbul edilsəydi, bu cənnət 20-30 il bundan əvvəl də yaradıla bilərdi və tökülən qanlar, anaların göz yaşları, müharibə iştirakçıları üçün salınan qəbiristanlıqlar xeyli az olardı. Bu gün də bizim sülh sazişinin imzalanması, vətəndaş münasibətlərinin bərpa edilməsi, iqtisadi kommunikasiyanın yaradılması, Zəngəzur dəhlizinin açılması kimi təkliflərimiz müsbət cavab gözləməkdədir. Bunu da etiraf etmək lazımdır ki, Azərbaycanın böyük inkişafı, dünyada mövqelərini daha da gücləndirməsi, ölkəmizin lider dövlətlər arasında söz sahibi olması, beynəlxalq müstəvidə islahatçı, regionun lideri, güclü iqtisadiyyata malik dövlət kimi tanınması, qarşısına qoyduğu məqsədlərə gec, ya tez çatması bir həqiqətdir, çünki bizim “Sözümüz imzamızdır!”
Qarabağı cənnətə çevirən və bu işi uğurla davam edən ölkəmizin qarşısında indi daha böyük məqsədlər dayanır – Zəngəzur dəhlizi layihəsini reallaşdırmaqla regionu cənnətə, dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevirmək! Ağ Evin də imzasını atdığı üçtərəfli bəyannamə Zəngəzur dəhlizi layihəsinə diplomatik təsdiq vermişdir və regionda sülh prosesini gücləndirmişdir. Eyni zamanda, Avropa İttifaqı, Türkiyə və beynəlxalq təşkilatlar layihənin nəzarət mexanizmlərinin tətbiqinə dəstək verərək tərəflər arasında etimadın formalaşmasını təmin edir. Təbii ki, bu aktorların iştirakı yalnız siyasi təzyiq və diplomatik təsir yaratmır, həm də layihənin uzunmüddətli həyata keçirilməsi üçün vacib koordinasiya rolunu oynayır.
Enerji və iqtisadi inteqrasiya layihənin sülh perspektivini daha da möhkəmləndirir. Qarşılıqlı asılılıq yaratmaqla, tərəflər arasında həm də münaqişə riskləri azaldılır, regional maraqlar uzlaşdırılır. Buna görə də, Zəngəzur dəhlizi həm iqtisadi, həm siyasi, həm də strateji bir vasitə kimi çıxış edir. Regional inteqrasiya və qarşılıqlı fayda prinsipləri uğurla tətbiq edildikdə, siyasi gərginliklərin yumşaldılması və sabit gələcək mümkün olur.
Böyük Zəfərdən başlayan yol abadlığa, firavanlığa, xalqın xoşbəxtliyinə doğru uğurla davam edir, inanıram ki, bu yol bizi hələ çox zirvələrə apara biləcəkdir!