2-7 hesabı ilə rəqib üzərində qəti qələbə qazanmış Ağdamın “Qarabağ” komandası oyundan sonra azarkeşlər üçün belə poz verdi
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçigvəsində Bolqarstanın “Ludoqorets” və Azərbaycanın “Qarabağ” komandaları arasında cavab oyunu keçirilib.
Komandalar arasında ilk matç “Ludoqorets”in 1:2 hesablı qələbəsi ilə yekunlaşdığından, qarşılaşmada əlavə vaxt oynalıb.
Yekunda 2-7 hesabı qeydə alınıb. Bununla da Azərbaycanın “Qarabağ” komandası UEFA çempionlar liqasının “play-off” mərhələsinə yüksəlib.
Qeyd edək ki, “Qarabağ”ın qrup mərhələsinə gedə yolda rəqibi Xorvatiyanın “Dinamo” (Zaqreb) kollektivi olacaq. “Köhlən atlar” Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcək.
ZƏRƏRƏ UĞRAYAR ÇÜNKİ, SAF ÜRƏK (İngilis soneti) Çox şeyə yol açır kin ilə nifrət, Pisliyin mayası paxıllıqdadır. Mizana bununla daş qoyan, əlbət, Min cür bəhanəylə özün aldadır.
Bundan fitnə çıxar, böhtanlar doğar, Birini yolundan götürmək üçün. Nəinki ürəklər, lap evlər yıxar, Həsəddən alarsa bir insan gücün.
Hər kürək güvənli, ya fərd mərd deyil, Hər üzə gülənin qəlbi saf olmaz. Çiynində yükünə əl uzadan, bil, Bir maraq güdməsə, bəlkə də almaz.
Həyat bir oyundur, oynamaq gərək, Zərərə uğrayar, çünki saf ırək.
Rəşad Məcidi çoxdan tanıyıram, səksəninci illərdən. Deməli, aramızdakı münasibətin tarixi 40 ilə çatır. Onda tələbə Rəşad “Elm və həyat” jurnalında əməkdaşlıq edirdi, cavan, suyuşirin bir oğlan idi. Üz-gözündən, baxışlarından şair olduğunu zənn edirdim. Və səhv etməmişdim, 1981-ci ildə “Azərbaycan gəncləri” qəzetində ustad şairimiz Hüseyn Arif onun şeirlərinə “Uğurlu yol” yazmışdı. Onda Rəşadın 17 yaşı vardı. Hüseyn Arif çox nadir hallarda hansı cavan şairinsə şeirlərinə xeyir-dua verib, o, şeirdə, şairin xislətində təbiilik axtarırdı və Rəşadın şeirlərində də təbii hisslər, duyğular qol-qanad açırdı. Mən Rəşadı “dünyaya təzə söz verən” (Yesenin), hər şeirində də təzə söz deyə bilən və buna can atan bir şair kimi tanıyıram. 1993-cü ildə çapdan çıxan “Hələ ki vaxt var” şeirlər kitabında belə bir şeir vardı:
Babalar yaşıdı ağacım,
Çiçəyin, gülün yadıma gəlməz.
Sən ki, əsrlər görmüsən,
Torpaq yaşıdı dağım.
Dünya yaşıdı Gün işığım,
Bir silkələyin yaddaşınızı,
Mən sizi tanıdım,
Siz məni tanımadınızmı?
Əlbəttə, Rəşadın ayaq basdığı torpaq öz suyuynan, havasıynan, çiçəyiynən onu tanıdı, amma şairi gərək o torpaq üstündəki el tanısın, onun mühiti – şeir aləmi, adi oxucular və söz xiridarları tanısın və bu mənada, Rəşadın bir şair kimi etiraf olunması təbiidir – bunu ustadlar – Bəxtiyar Vahabzadə, Məmməd Araz, Anar, Elçin, Ramiz Rövşən də vaxtında təsdiq ediblər. Amma istəyirəm onun bir şair kimi özünəməxsusluğundan söz açım.
“Həyat haradadırsa, poeziya da oradadır” (Belinski) – Rəşad Məcid həyat adamıdır və əgər belə demək mümkünsə, yaşadığı həyatın sevinclərini, ağrılarını, gözəlliklərini, sevgi dolu anlarını şeirə gətirir; obrazlaşdırır. Şair üçün romantik, ya realist olmağın fərqi nədir? Sən ay işığına baxıb ürəyini o ay işığına kökləyərsən, təbiətin gözəlliklərini öz içindəki təbiətlə qovuşdurarsan, “Arazlaşan, Kürləşən Vətəni” köksünə sıxasan, ya bir cənublu yaşıdının azadlıq çağırışına səs verəsən… Mən Rəşadın şeirlərində onun bol-bol sevinclərinin, təbiətin gözəlliklərindən ilhamlanmağının, “onu həm öldürüb, həm yaşadanın” gəlişindən “göylərə ucalıb, səmaya qalxdığının” poetik yaşantıları ilə rastlaşdım. Ona indi dəbdə olan “ovqat şairi” demək istəmirəm. Yaşadığın ovqat (kədərdən, ya sevincdən) keçici də ola bilər, məsələ onu həyatının unudulmayan anına çevirməkdədir. Deyəndə ki: “heç nə istəmirəm…heç yana baxmaq. Heç kimi görmək istəmirəm…gözlərimi yumub səni düşünmək istəyirəm” – bu səni tərpədən, qayğılandıran gözəl bir duyğudur.
Rəşad Məcidin şeirləri haqqında yazdığım bir yazıda qeyd etmişdim ki, onun şeirlərinin əksəriyyəti sanki ay işığına tamaşa edərkən yazılıb.
Bu dağlarda ay işığı –
Çəməni bürüyən şehdir,
Bir ahıl saçında zehdir.
Bu dağlar ay işığında
Nəsildən-nəsilə saflıq aparan
Yelkənli gəmidir.
Bu dağlar ay işığında
Üz-gözü südə bulaşmış
Körpə kimidir.
Ay işığının poeziyasını şeirimizə Ramiz Rövşən gətirdi, bu ay işığı Rəşadın şeirlərində “Ürəyim yol gedir ay işığında” örnək misraya çevrildi. Ay işığını sadəcə, bir təbiət hadisəsi hesab etmirəm, o, həm də tarixdir, insanın, onun əcdadının keçib gəldiyi yolu özündə əks etdirən bir güzgüdür. Bu ay işığında “cahana od ələyən, pillə-pillə qanadlanıb şimşək kimi çaxan” “Yanıq Kərəmi”nin, tarixin möcüzə sərgisi Cıdır düzünün, tənha iydə ağacının, soyulmuş dərisinin arxasından doğan cəsarət günəşinin – Nəsiminin, sahili olmayan ümman – Vazehin şeirlərinin, suları dumduru, sahilləri səssiz-səmirsiz Araz çayının əksini gördüm.
Böyük şairimiz Məmməd Arazın bir misrasını xatırlayıram: “Təbiəti şeirə gətir!” Rəşad Məcidi mən heç də təbiət şairi adlandırmıram. Onun təsvir etdiyi ay işığı da, dağlar da, dəniz də, tənha iydə ağacı da, yağış da, qar da özü ilə təbiət arasında bir harmoniya axtarmağa yönəlir. “Səni anlamağa çalışdım, gördüm ki, səhər açılır”. “Qupquru quruyan quyu öz suyunu arzuladığı qədər təşnəyəm sənə”. “Hələ ki, qar kimisən – Təzə, bol, rahat, yumşaq, geniş… Əridikcə çıxacaq üzə gizlətdiyin hər nə var”.
Azərbaycan şeiri bütün Şərq şeiri orbitində bədii təsvir vasitələrinin, şeirə naxış vuran məcazların heyrətamizliyi ilə diqqəti cəlb edib. Bircə Füzuli kifayətdir ki, şeirimizin məcaz qüdrətinin nəyə qadir olduğunu göz önünə gətirək. Və XX=XXI əsrin şairi Rəşad Məcidin şeirlərində də “Füzulidən bir dad, bir duz” olduğunu görürsən. Çoxlu misallar gətirə bilərəm, amma Rəşadın yalnız bircə şeirini misal gətirəcəyəm ki, o şeir başdan-ayağa məcazlar üstündə qurulub –
“Əllərimin qabarı, ürəyimin qabarı”
Bir pöhrə ağacdı – tumurcuqlayıb,
Bir parça çəməndi – güllü, çiçəkli.
Bardı, bərəkətdi
Əllərimin qabarı.
Gözümdə çaxan şimşəkdi,
Alnıma söykənən əlim.
Qəlbimi yandıran qəmim, kədərim,
Sonrakı ağlım, Araz dərdim.
Ağ varaqlarda çırpınan duyğularım –
Ürəyimin qabarı.
Deyə bilmədiyim sözdü – boğulub qalıb,
İki damla yaşdı,
Gözlərimdə sıxılıb qalıb
Ürəyimin qabarı,
Əllərimin qabarı.
Yaşıl-yaşıl gözəlliyini,
Budaq-budaq barını gördüm,
Sən neylədin, ürəyimin qabarı?!
Rəşadın “Çiyələk qadın” kitabındakı şeirlərin hamısı sevgidəndir. Təbiət gözəlliklərini şeirlərində özünəməxsus orijinal bədii təsvir vasitələri ilə əks etdirən Rəşad sevgi şeirlərində də bənzərsizdir. O mənada ki, yaşanılmış hisslərini qələmə alır. Biz bu hisslərin “ərazisində” vüsal-hicran dolaylarında yol gedən, bəzən uğursuzluğa düçar olub göz yaşları içində qıvrılan, bəzən də sevdiyini mələk sanan məcnunvari bir sitayişin şahidi oluruq. Bir sözlə, onun sevgi qəhrəmanını bu müqəddəs, bu ali hissin sözün yaxşı mənasında əsiri olduğunu görürük. Sevgi varsa, yaşamağa dəyər! Sev-ucalarsan! Sev-mənən zəngin olarsan! Sev-gözəllik duyğusuyla yaşayar, yaradarsan! Sevdiyin qadına pərəstişdə, heyranlıqda bulun, onu ürəyinin taxtı-tacı bil, həyat sənin üçün gözəlləşər, ülviləşər…
Budur, sevən aşiq dahi aşiq Füzulinin heykəli qarşısında öz məhəbbətini etiraf edir:
Surquclayıb yüz ağrını, əzabı,
Dərd içində səadətdən gülmüşəm.
Xoş anların yapışmışam yalından,
Göz yaşımı gülüşümlə silmişəm.
Ustadımın heykəlinin önünə,
Aşıb-daşan məhəbbətlə gəlmişəm.
Mən nə deyim bu halətə, bu hala?
Demək, hələ çalxalanır dənizim,
Sevgimizdən qımıldanır.
Bir neçə gün bundan əvvəl “Azərbaycan” jurnalının 7-8-ci qoşa sayında Rəşad Məcidin “Şuşa dəftəri” silsiləsindən təqdim etdiyi şeirlərini oxudum. Bu silsilə Vaqif Bəhmənlinin çox dəqiq qeyd etdiyi kimi: “Şuşa dəftəri”nin poetik yaddaşı həm tarixidir, həm çağdaşdır, həm də ruhani. Bu şeirlər çoxsaylı oxucu üçün ürəyin başında, sol cibdə gəzdirilməyə layiq Qarabağ himnləridir!”. Bu silsilədə hər şeir otuz illik həsrətdən sonra Şuşanın ehya olunan təzə, bir şairin sözlə hördüyü poetik rənglərdir, naxışlardır. Mən Rəşad Məcidi – illər boyu şeirlərini oxuduğum bu şairi heç vaxt “Şuşa dəftəri” silsiləsində olduğu kimi nikbin görməmişdim. “Şuşa dəftəri” müasir poeziyamızda təzə bir sözdürdür.
Süzülür dan yerindən tarixlərin işığı –
Dahilər şəhərinin işıqlı yaraşığı!
Şəninə dastan yazır,
söz qoşur haqq aşığı,
Əcdaddan paydı deyir,
qoca Şuşa sevgisi!
Azərbaycan əsgəri…
borc ödəyib canıyla,
Köksündə cüt gəzdirib bayrağı vicdanıyla!
İslanıb hər qarışı şəhidlərin qanıyla,
Dönüb yalçın qayaya,
tunca Şuşa sevgisi!
Rəşad Şuşa havasının sirrini, Şuşada bitən kəkotunun, Şuşanın loğman şaxtasının və s. Şuşaya məxsus görüntülərin sözlə çəkilən rəsmlərini Rəşadın şeirlərində gördüm.
Uşaqkən bilməzdim dünyada nə var, Sinəmdə yatırmış min-min arzular. Bilmirdim yağacaq saçlarıma qar, Ömrüm xatirəyə dönəcək bir gün.
Dünyanın vəfası yoxdu əzəldən, Mən də ilham aldım bir şux gözəldən. Heyif ki, cavanlıq tez çıxdı əldən, Ömrüm xatirəyə dönəcək bir gün.
İnsan da çiçəktək açılıb solur, Buludtək hərdən də boşalıb dolur. Dünyadan köçəndə xatirə qalır, Ömrüm xatirəyə dönəcək bir gün.
Dünyada olmasın heç vaxt nəsh illər, Dolanacaq aylar, illər, fəsillər. Məni oxuyacaq gələn nəsillər, Mənim də həyatım sönəcək bir gün, Ömrüm xatirəyə dönəcək bir gün.
Fəlsəfə və folklor, çox vaxt fərqli səltənətlər kimi zəngin və dərin şəkildə bir-birinə qarışır. Hər iki sahə insan varlığına, etikasına və reallığın təbiətinə dair fikirlər təklif edir, baxmayaraq ki, onların metodları və ifadələri əhəmiyyətli dərəcədə fərqlidir.Mif əfsanələri və ənənəvi hekayələri əhatə edən folklor, icmaların paylaşılan dəyərlər qorxularını və istəklərini ifadə etdiyi bir mədəni kətan təqdim edir. Bunlar çox vaxt həyat və əxlaqla bağlı fundamental suallara cavab verən dərin fəlsəfi əsaslar daşıyır. Məsələn, Günəşə çox yaxın uçan İkarın nağılı, şöhrətpərəstlik və qürur mövzularını araşdırır, insan səylərinin hüdudları haqqında fəlsəfi müzakirələrlə səsləşir. Fəlsəfə həqiqət və hikmət axtarışında mürəkkəb ideyaları təsvir etmək üçün tez-tez folklordan istifadə edir, Qərb fəlsəfəsinin təməl daşı olan Platonun “Mağara” alleqoriyası mahiyyətcə qavrayış və reallıq haqqında dərin fikirlər çatdıran mifdir. Eynilə, Şərq filosofları da karma və maariflənmənin təbiəti kimi anlayışları aydınlaşdırmaq üçün çox vaxt folkloru ilə fəlsəfəni birləşdirmişlər. Fəlsəfə və folklor arasındakı qarşılıqlı əlaqə, hər birinin digər fəlsəfi fikirlərin tez-tez folklora nüfuz etməsində, nəsildən-nəslə ötürülən hekayələrin əxlaqi və etik quruluşunu incə şəkildə formalaşdırmaqda aydın görünür. Müxtəlif mədəniyyətlərin folklorunda rast gəlinən fəlsəfi düşüncələri nəzərdən keçirsək, Afrika miflərində “Hörümçək Anansinin nağılı” hiyləgər nağılları, məsələn, əxlaqın təbiəti və insan davranışı haqqında düşünməyə vadar edən hiyləgərlik, hiylə və ədalət mövzularını araşdırır, Türk folklorunda da ağac kultunun həyat ağacını, dünyanın və insanın varoluşunu sorğuladır. Fəlsəfə ilə folklor arasındakı bu sinerji müasir dövrdə də müşahidə oluna bilər. Rəssamlar və hekayəçilər müasir problemləri araşdırmaq üçün qədim miflərdən istifadə etməyə davam edirlər. Dinləyicilər tərəfindən rezonans doğuran müəyyən bir “folklor” albomu kimi, bu hekayələr zamansız duyğuları və universal həqiqətləri əks etdirir. Bu dinamik qarşılıqlı əlaqə vasitəsilə fəlsəfə və folklor kollektiv şəkildə insan təcrübəsi haqqında anlayışımızı zənginləşdirir. Onlar bizə xatırladırlar ki, müdriklik həm fəlsəfi tədqiqatın analitik ciddiliyində, həm də folklor ənənəsinin təxəyyül dərinliyində tapıla bilər. Nəhayət deyə bilərik ki, bu iki səltənətin birləşməsi sonsuz bir həqiqəti vurğulayır: miflər və ideyalar məna axtarışımız üçün vacibdir.
Avqustun 10 da Sumqayıtda qohumlarımın qonağı idim. Dünyaya təzə gəlmiş nəvəm Toğrul bəyin tədbiri idi. Babası Elşad müəllim qurban kəsmişdi Sevincimizin həddi hüdudu yox idi. Gecə saat 23 30da telefonuma zəng gəldi. Zəng edən AYB nin və AJB nın üzvü, Yurd jurnalının şöbə müdiri PÜSTƏ xanım idi.
– Salam Qalib müəllim, necəsiniz?
– Salam Püstə xanım. Yaxşıyam, siz necəsiniz
– Təşəkkür edirəm, yaxşılıqdır. Bağışlayın ki, sizi bu vaxt narahat edirəm. Şuşaya sabah səfərimiz var, Balayar müəllim sizin getməyinizi məsləhət bildi. Mən tutuldum, axı, Şuşaya getmək mənim ən böyük arzum idi. Mən :
– Püstə xanım axı mən hazır deyıləm, necə gedim? -Balayar müəllim Sizin getməyinizi bildirib. Yolun xərci ödənilib. Səhər saat 5 də 20 yanvar metrosunun çıxışında gözləyin, şəxsiyyət vəsiqəsini unutmayın Sevinc sevincə qarışdı, uçmağa qanadım yox idi. Nə isə Sumqayıtdan gecə yarısı qayıtdıq. Gecə namazını və sübh namazını qıldım, bir tikə çörək yeyib 20 yanvar stansiyasına getdim. Deyilən ünvanda məni “Həkəri ” qəzetinin baş redaktoru şair Rauf İlyasoğlu və Solmaz xanım adlı qazi xanım qarşıladı. Qazi xanım Rauf müəllimə öz döyüş tarixini danışırdı. Ermənilərə təslim olmamaq üçün özünü Ağdam döyüşlərində sıldırım qayadan atan bu cəsur xanım,22 yaşlı gözəl qızı ilə gəlmişdi. Bir azdan müqəddəs Şuşaya yollanacaq “Sprinter” markalı mikroavtobus göründü. Püstə xanım və bacısı Sədaqət xanım avtobusda idilər. Səfərə gedəcək adamlar 05 30 a qədər yığıldı. Səfərə gedənlərin arasında xeyriyyəçi Hacı İntiqam Atayev də var idi. 05 35 də” Sprinter “markalı avtobusumuz müqəddəs Şuşa istiqamətinə hərəkət etməyə başladı. Qrupun rəhbəri gözəl insan kimi yaddaşıma həkk olan Bəxtiyar Rzayev idi. Bir neçə saatdan sonra Sprinterimiz Kürdəmirdə “Uğur ” otel- restoranının qarşısında dayandı. Səhər yeməyini yedikdən sonra,Püstə xanım “Uğur market ” dən böyük bir tort aldı, düzü ağlıma heç nə gəlmədi. Yenidən yola çıxdıq. Bərdədə inzibati yoxlama postundan keçdikdən sonra Sprinterimiz müqəddəs Qarabağ torpaqlarını öpməyə başladı. Nəhayət gəlib Şuşaya yetişdik. ” İsa bulağı” nın buz kimi suyundan içən hər kəs, şəhidlərimizin müqəddəs ruhuna rəhmət oxudu. Birdən telefonuma zəng gəldi. Ekranda çox hörmətli şairə bacım Adilə Nəzərin adı göründü. Telefonu açdım. Adilə Nəzər xanım məni təbrik etdi. Sən bu səfərə çoxdan layiq idin. Uğurlar dilədi. Sevincimin həddi hüdudu yox idi. “Cıdır ” düzünə qalxdıq. Birdən qazi Solmaz xanım bizdən aralanıb ağlaya ağlaya sıldırım qayaları öpməyə başladı. Daşların üstündə şəhidlərimizin mübarək qan izləri var idi. Qrupumuzda olan iki şəhid xanımı da ağlamağa başladılar. Rauf İlyasoğlu üzünü məğrur qayalara tutub yazdığı” şəhidim ” şerini söyləməyə başladı. Bəxtiyar Rzayev mənə, Qalib müəllim neçə ildir qrup rəhbəriyəm, hələ belə vətənpərvər insanlara rast gəlməmişəm Bu arada Qrup üzvlərindən bir nəfər mənə konfetə bənzər ürək dərmanı verdi, sizin ürəyinizdə problem var, bu dərmanı qəbul edin. Bu gözəl insan həkim Ağagül həkim idi. O, bu səfərə öz həkim həyat yoldaşı Məhsəti həkimlə gəlmişdi.Məhsəti xanım qardaşı şair Rəhman Babaxanlının “Şuşa” şerini üz tutub əzəmətli Şuşa dağlarına oxuyurdu. Cıdır düzündən Şuşa məscidinə getdik. Zöhr namazı yetişdiyindən namaz qılan yoldaşlar Şuşa məscidində namaz qıldılar. Məsciddən çıxıb Qarabağ xanı ibrahimxəlil xanın vəziri şair Vaqifin məqbərisini ziyarət etdik. Burda məqbərəyə girməmiş İlyas müəllim Vaqifə həsr etdiyi şerini söylədi. Məqbərəyə daxil olub şəkil çəkdirdik. Sonra Sprinterimiz bizi “Qala qapısı”na gətirdi.” Qala qapıs”ını ziyarət etdikdən sonra, qalanın kənarındakı cığırla Xan qızı Natəvanın çəkdirdiyi “Xan qızı” bulağından doya doya su içdik. Bir az aralıda Üzeyir Hacıbəyovun, Xurşibanu Natəvanın, Bülbülün büstlərini ziyarət etdik. Mən Xan qızı Natəvanın əllərindən öpdüm. Ona,haqqında yazdığım Xan qızı Natəvan kitabımdan danışdım. Üzeyir bəyə və Bülbülə isə bu gün torpağa tapşırılacaq olan Göyçayın ziyalısı, Azərbaycan musiqisinə öz töhvəsini verən tarzən Rövşən Zamanovun ruhunun onların ruhlarına qovuşduğunu çatdırdım. Birlikdə xatirə şəkilləri çəkdirdik. Qrup rəhbərimiz səfərimizin sona çatdığını söylədi. Sprinterimiz yenidən yola çıxdı. Xankəndinə gedən yolda dağların ətəyində otlayan yanında dayçası olan gözəl bir at gördüm. Bu arada yadıma ustad şairimiz Yusif Nəğməkar ın bu şeri düşdü.
Bədöy köhlən ayağının Uçmağa qatlanmağı var. Bəslə ki, day oyağını, Ruhin da atlanmağı var…
Qayalar bələklərimdir, Olumum çoxda tək olub… Kişnəyən diləklərimdir; Səsim dağlara həkk olub.
Ürək döyüntüm-şəlalə, Nəbzim-bulaq çıppıltısı… Yal-yamac getmiş xəyalə, Oyadar nal tappıltısı…
Saat 16 00da Sprinterimiz bizi Xankəndinə gətirdi. Şəhər boş idi. Küçələrdə ziyarətçilərin şəkil çəkdirməkləri adamı sevindirirdi. Park ziyarəçilərlə dolu idi. Sprinterimiz ” Xan mat ” restoranının qarşısında dayandı. Biz restorana daxil olduq. 20 nəfərlik süfrə açılmışdı. Kabab olmadığından İlyas müəllim başqa yerə getməyi məsləhət bildi. Sprinterimiz yola düzəldi. Bir neçə dəqiqədən sonra Xocalıda gözəl bir restoranın yanında dayandıq. Yenidən 20 nəfərlik süfrə açıldı. Süfrəyə təamlar düzüldü. Yeməyi qurtardıqdan sonra Püstə xanımın aldığı tort süfrəyə gətirildi. Püstə xanımın bacısı Sədaqət xanım tortu kəsib birinci İlyas müəllimlə Bəxtiyar müəllimə verdi. Ad gününüz mübarək olsun, dedi. Hamı bir ağızdan günün qəhramanlarını təbrik etdilər. Sonra, Xocalı Şəhidlər xiyabanına getdik. Püstə xanım və mən” Şəhidlər “şerimizi oxuduq, hamılıqla şəhidlərimizə rəhmət dilədik. Sprinterimiz yenidən yola düzəldi. Və biz Bakıya yollandıq. Fotolar:
ƏGƏR DOST GÖRÜNSƏ GİZLİ DÜŞMƏNİN (ingilis soneti) Başından olsan da ruhun inciməz, Əgər dost görünsə, gizli düşmənin. Nə dəyər xətrinə, ya sərt söz deməz, Bilər zamanını yara deşmənin.
İndi ataların yeni sözü var, Bu günün kinini saxla sabaha. Nə qədər yaxınsa sənə doğmalar, Rəqibə məhrəm ol, bir addım daha.
Elə şirin-şəkər gülər gözündən, Ta ki, yaxşı bilsin zəif bəndini. Sən şübhə edərsən bəzən özündən, Bilməzsən küt salan odur kündəni.
Şüşə cilalanar, xislətin danar, Almazın yanında çıraq tək yanar.