26 noyabr 2024-cü il tarixində “Papillon” kitab evinin təşkilatçılığı ilə tanınmış ədəbiyyatşünas, tərcüməçi – yazar Seyfəddin Hüseynli ilə imza günü keçirildi. Təşkilatçı kimi “Papillon”unun adından Əlisoy Tarıyel bildirdi ki, Seyfəddin Hüseynlinin yeni nəşr olunmuş “Tərcümə təcrübələri” kitabı oxucular tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Bir qisim oxucuların – daimi müştərilərin israrlı tələbi üzrə imza günü təşkil etmək qərarına gəlib. Seyfəddin müəllimə təklifi operativ şəkildə dəyərləndirdiyinə görə təşəkkürünü bildirdi. Tədbir zamanı Seyfəddin Hüseynli bütün arzu edən oxucular üçün çoxlu sayda kitablar imzaladı.
Tədbirin gedişində müəllifə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən “Ziyadar” mükafatı təqdim olundu.
Mükafatı “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim etdi.
“Yazarlar” olaraq, bu münasibətlə Seyfəddin Hüseynlini təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun! Ziyanız tükənməsin!
Gənclər peşəkar inkişafı üçün bərabər imkanlar yaradılır
“Öndə Gənclər” (Öndə) İctimai Birliyi layihə təklifinin hazırlanması mövzusunda olan “İnklüziv Kamp” layihəsinin icrasına başladı. “İnCamp” layihəsi Avropa Gənclər Fondu və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilir.
Gənclər üçün elan olunan “İdeyanı reallaşdır” müsabiqələrinin qalibləri arasında əlilliyi olan şəxslərin olmaması, bu məsələyə diqqət yetirilməsini zəruri etmişdir. Bu məqamı nəzərə alaraq, İnCamp layihəsi, əlilliyi olan gənclərin layihə təklifi hazırlama bacarıqlarının inkişafını hədəfləmiş və uzunmüddətli nəticə olaraq gənclər layihələrində inklüziv və bərabər imkanların artırılmasını təmin etməyi məqsəd qoymuşdur.
Layihənin təlim mərhələsi 22-28 dekabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində 7 günlük düşərgə formatında keçiriləcək. “İnCamp”-da əlilliyi olan şəxslər daxil 18-27 yaşlı 30 gənc iştirak edərək, 40 akademik saatlıq peşəkar təlimlərdən faydalanacaqdır.
Layihənin təlimçiləri Fərhad Abdulov, Mələk Sultanlı, Cəsur Mədətzadə və Aydan Ağayeva Avropa Şurası ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin uzunmüddətli təlim (TRAYAZE) proqramını uğurla bitirmiş mütəxəssislərdir.
Təlim proqramında iştirakçılar beynəlxalq PMP yanaşmasını, Məntiqi Çərçivə alətini və layihələrin effektiv idarə edilməsinə dair digər bilikləri mənimsəyəcəklər. Proqram nəzəriyyə ilə təcrübəni birləşdirərək iştirakçıların öz ideyalarını universal dizaynda layihələrə çevirməsinə şərait yaradacaqdır. Düşərgədən sonra, 3 günlük Hakaton zamanı iştirakçıların hazırladığı layihələr təqdim edilərək qiymətləndiriləcəkdir.
Layihə haqqında ətraflı məlumat və yenilikləri izləmək üçün Öndə Gənclər İctimai Birliyinin rəsmi Instaqram səhifəsinə (@ondegencler) baxa bilərsiniz.
Qışın ortaları idi. İki gün idi ki, hər yerə olduğu kimi Bakıya da aramsız qar yağırdı. Avtomobillər, hündürmərtəbəli binaların həyət evlərinin damları və peyk antenlərinin üzəri qarla örtülmüş, yol kənarında sıralanan ağaclar bəyaz qara bürünmüşdü. Qarlı hava şəraitilə əlaqədar məkdəblər və bəzi iş yerləri bağlanmış, şəhər sözün həqiqi mənasında qatı səsizliyə qərq olmuşdu. . Nülufər isə belə havada hamı kimi isti evində yox, Zabrat qəsəbəsindəki qəbiristanlıqda idi. O, on dəqiqə idi ki, üstündə Solmaz adı yazılmış qara mərmərdən olan məzar daşını qucaqlayıb dayanmadan göz yaşı tökürdü. Solmaz Nülufərin üç övladından biri idi. Uşaqları körpə ikən ərini avtomobil qəzasında itirən Nülufər övladlarını restoranda aşpaz işləyərək böyüdürdü. Uşaqların ən böyüyü Solmaz sinif əlaçısı idi. Qızcığazın rəssamlığa həvəsi olsa da Nülufər qızının həkim olmasını istəyirdi. Solmaz da təbiətcə sərt olan anasının sözündən çıxa bilməyərək könülsüz də olsa, sənədlərini tibb universitetinə verir, ancaq imtahanda aşağı bal topladığı üçün həmin universitetə qəbul ola bilmir. Buna görə Nülufər qızını möhkəm döymüş, işə gedəndə isə bunları demişdi: “mən qayıdana qədər özünü öldür”. Zavallı qız da elə onun dediyi kimi edir. Özünü yaşadıqları binanın altıncı mərtəbəsindən ataraq həyatına son qoyur. İndi istəmədəndə olsa qızının ölümünə səbəb olan bu qadın yeddi ay idi ki, hər gün qızının məzarına gəlirdi. -Allahım, məni bağışla- deyə Nülufər əllərini açıb yalvarmağa başladı,- övlad valideynə onun əmanətidir. Mən isə bunu bilə-bilə əmanətə xəyanət etdim. İstəmədən də olsa, doğma övladımın, ən əsası isə bir qulunun öz canına qıymaq kimi böyük bir günaha batmağına səbəb oldum. Yalvarıram sənə, ey uca rəbbim, haqq-hesab günü gələndə qızımı yox, məni hesaba çək. Sonra o, əlləri ilə qızının məzarı üstündəki qarı təmizləyə-təmizləyə sözünə davam etdi: -Sən də məni bağışla, qızım, sənin adını “Solmaz” qoyan da mən oldum, səni solduranda. Dünyaya gəlməyinnə də səbəb mən oldum, ölməyinə də. Valideynin olduğum üçün fikrini belə öyrənmədən sənin yerinə qərar vermək, işlərinə qarışmaq haqqımım olduğunu düşünür, səni özümə aid mülkiyyət kimi görürdüm.Sənin də bir insan olduğunu, arzularının, xəyallarının ola biləcəyini isə anlamaq istəmirdim. Hamı kimi sənə də bir dəfə verilən ömrü rahat yaşamağa imkan vermədiyim üçün mən Allahın qarşısında və sənin qarşında günahkaram. Sən bu günahkar ananı bağışla, qızım. Nülufər bunları deyib ağlamaqdan şişib qızaran gözlərini silə-silə, yavaş addımlarla kim bilir bundan sonra necə dəfə gələcəyi qəbiristanlıqdan çıxdı.
Ədəbiyyat və poeziya elə bir müqəddəs dünyadır ki, ona yalnız ürək insanları və söz həvəskarları qədəm qoyur. Qələmimi ilk dəfə əlimə alıb, söz adlı çəmənliyin astanasında dayananda, “Şeirlərində coşqu var, ruhunda Üsman Nəsirin üsyanları hiss olunur. Amma taleyi ona bənzəməsin…” deyərək mənim yaradıcılığımı yüksək qiymətləndirən, bənzərsiz şairə, alim və əziz bacım Gülçöhrə Zokirovanın dəstəyi həyatımda mühüm yer tutur. Həyatım boyunca çox müəllimləri, böyük şair və yazıçıları tanıdım. Amma onların arasında Gülçöhrə bacımın yeri bənzərsizdir. Onun istedada və insaniyyətə verdiyi dəyər hər zaman mənim üçün zirvədə olub. Ədəbiyyata gəldiyim bu illər ərzində onun mənə göstərdiyi inam və mənəvi dəstəyi heç vaxt unutmayacağam. Ən çətin anlarımda, hər şeydən əl çəkib getmək istədiyim vaxtlarda, o, mənə bir ümid çırağı kimi yol göstərdi. Belə bir insan necə qəhrəman, necə dəyərli olmasın?!
Bacımın alimliyi, şairəliyi və insaniyyəti qarşısında sözlər həmişə aciz qalar. Mən onun elmindən, yaradıcılığından çox, insani dəyərləri qarşısında təəccüb və heyranlıqla dayanmışam. Məvlana Rumi demişkən: “Libas geyinmiş, amma içində insan olmayanları gördüm, İnsan olanları gördüm ki, üstlərində libas yox idi.” Ədəbiyyat aləminə qədəm qoyduğum illər ərzində çox şair və yazıçı ilə tanış oldum. Onların arasında hörmət və istedad sahibi olanlar var idi. Amma insanlığı olmayanlar da az deyildi. Bu sözlərlə hamını pisləmək niyyətində deyiləm, çünki hər kəlmə öz sahibini tapar. Əgər məndən ən yaxşı insan necə olmalıdır deyə soruşsalar, tərəddüdsüz deyərdim ki, Gülçöhrə bacım kimi. İnsanların sevgisini və hörmətini qazanmaq üçün yalnız əməli yardım göstərməklə kifayətlənmək olmaz. Hər kəs bunu edə bilmir. Mənim Gülçöhrə bacıma qarşı sonsuz hörmətimin və sevgimin səbəbi odur ki, o, məni həmişə sözsüz anlayıb, ruhən mənə dəstək olub və özümə inamımı artırıb. Bu gün mənim əziz bacımın, əsl mənada müəllimim və yol göstərən ulduzumun doğum günüdür. Allahdan arzum budur ki, onun ömrü uzun, hər günü işıqlı və sevinclə dolu olsun. Bacımın mənəvi dəstəkləri, ədəbiyyat aləmində göstərdiyi əvəzsiz yardımları üçün ona bir ömür təşəkkür borcum var. Şair və ya yaradıcısı kimi deyil, bu gün mən bacıma qardaşı kimi sevgimi və hörmətimi ifadə etmək istəyirəm. Onun gözəl insani keyfiyyətləri qarşısında mən şairliyimi unuduram. Kim olmağımdan asılı olmayaraq, mən həmişə onun qardaşı, o isə mənim əziz bacım olacaq. Həyatımda mənəvi olaraq yanımda olduğunu bilmək, dualarımda onun üçün ən yaxşılarını arzulamaq mənim üçün böyük xoşbəxtlikdir. Doğum gününüz mübarək olsun, əziz bacım! Allah sizə bütün yaxşılıqları nəsib etsin!
Müəllif: Cahangir NAMAZOV, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Soruşursuz ki, mütaliəmi vacibdir, istedadmı? Bir digərinə köməkmi edir, manemi olur? Sualınız gözəl bir esse üçün əsas veirir. Kim yazacaqsa ona əhsən. Mütaliənin yazıçıya xeyri və ziyanı sualında yəqin, siz bədii mətnin mütaliəsini nəzərdə tutursuz. Hər halda mənə elə gəlir. Gəlin şərti olaraq ilk yazıçını təsəvvür etməyə çalışaq. Dünyadakı ilk yazıçını, romançını… Əlbəttə ki, o mütaliə eləməmişdi, çünki ilk yazıçıydı. Bu mümkündürmü. Əlbəttə. Dünya nəsri (=romançılığı) tarixinin ilk romançısını tanımasam da, hərdən mənə gəlir ki, bu Daniel Defo da ola bilərdi, Servantes də. Robinzon Kruzo da, Don Kixot da ilk roman qəhrəmanları kimi olduqca maraqlı görünürlər. Razılaşın, bu romanları yazmaq üçün əvvəlki bədii irsi bilmək o qədər də vacib görünmür. Amma tutalım biz Coysun “Uliss”i haqqında eyni şeyi deyə bilmərik. Daniel Defonun variantında ”mütaliəsizlik”, Coysun variantında “mütaliəlilik” eyni qədər vacib, çəkici, inandırıcı görünür.
Ədəbiyyat tarixində çoxlu yazıçılar var ki, keçmiş tarixlə öz yaradıcı bioqrafiyaları üçün dərin təəssüf hissi keçiriblər. Tolstoy məsələn. Yaxud yazıçılar olub ki, bir və ya bir neçə əsərdən sonra susublar. Özlərini müəyyən mənada sükuta ithaf ediblər. Selincer, tutalım. Bu və ya bunabənzər misalllarda sizin suallar üçün o qədər əhəmiyyətli cavablar gizlənib ki. Düzü, indi mən düşüncəmi işğal edən bütün cavabları yığıb-yığışdıra bilmirəm. Bir az da həvəssizəm.
Çağdaş dünyamızda məqsədi ədəbiyyat olanlar üçün daimi mütaliə qaçılmazdır, həyatları boyu davam edən proses olmalıdır. Məqsədi həqiqət olan adamlar üçün kəmiyyət vacib deyil. Bütün dövrlər üçün də, indi də. Bir böyük kitabı oxuyub bütün ədəbiyyatları hiss etmək qabiliyyətini formalaşdıra bilərsən, on minlərlə kitab oxuyub “quru yurdda”da qala bilərsən.
İnam məsələsində qoca qarı istənilən filosofdan çox bilir. Ədəbiyyat həm də inam və iman işidir.
Uilyam Batler Yeyts “Anima Mundi”də Hötenin bir məktubunu sitat edərək yazır: “Bir gənc dostum hədsiz intellektualizmdən və “yaradıcı sonsuzluq”dan əziyyət çəkirdi. Halbuki obrazlara doğuracağı müxtəlif assosiasiyalarla birgə formalaşmaq imkanı vermək lazımdır, yalnız bundan sonra intellektualizmin doğurduğu tənqidi yanaşma bacarığı işə salına bilər. Əgər sonuncu qabağa düşsə obrazlar ümumiyyətlə doğulmayacaq. Amma tənqidi yanaşma bacarığı vaxtında boğularsa (ola bilsin dualar, meditasiyalar vasitəsi ilə), obrazlar sel kimi axmağa başlayacaq, hətta təkcə o bacarıq deyil, üstəlik həmin obrazlara münasibətdə şəxsi arzular da boğula bilsə, obrazlar mütləq azadlıq və bütünlük, parlaqlıq qazanmış olacaqlar…” Düşünürəm Yeytsin Höte təcrübəsindən gətirdiyi nümunədə də sizin sualınıza cavabın bir hissəsi gizlənib.
Oktavio Pas yazır ki, şeir sözün gücsüzlüyü, acizliyi qarşısındakı təşvişdən yaranır ki, axırda sükutun hakimi-mütləq olduğu qarşısında baş əysin.
Mütaliə- unikal sükut prosesidir, biz sükut edərək gözlə dadır, eşidir, ağrıyır, danışır, həmdərd olmağı öyrənirik. Onun vasitəsilə biz sanki ”Ümümdünya sükutu” içində öz sükut ərazimizi yaradır, oranı mütaliə vasitəsilə o vaxta qədər bizə çox da tanış olmayan sözlərlə, mənalarla doldururuq. Amma həmin sözlər o əraziyə yazıldığı kimi düşmür, bizim hisslərimizin, qavrayışımızın süzgəcindən keçərək düşür. Bir gün biz öz mətnimizi yazanda ola bilsin ki, mütaliə vaxtı əxz elədiyimiz sözlər-amma dəyişmiş, başqalaşmış sözlər, bizimki olmuş sözlər ordan yavaş-yavaş qələmin ucu ilə vərəqlərə axır. Əlbəttə, bizim hamımızı əlifba kitabından və şifahi nitqdən plagiatda ittiham eləsələr yanılmazlar…
Şəksiz ki, mütaliə təsir altına salır. Amma havaya çıxıb da həmin havanı udmamaq öldürücü bir şeydir, bunu iddia etmək isə gülüncdür. Məqsədi ədəbiyyat yazmaq olanlar bundan qorxurlar, məqsədi həqiqət olanlar bilir ki, bu qızılca kimi şeydir, peyvənd yoxdur, qəbirdə də olsa yaşayacaqsan bu mərəzi. Yaxşı olar tez keçsin.
İstedad verilir. Bu mənada hamı seçilmiş, hamı istedadlıdır. Bütün körpələr gözəl olan kimi. Amma istedad cilalanır. Əlbəttə ki, zəhmətlə. İstedad hamıda cilalanmır.
Yazarın ən böyük işi sükutdur- mütaliə ilə sükut, düşüncə ilə sükut. Yalnız bundan sonra yazmaq kimi başqa bir sükut gəlir (yazmaq da sükutdur). Yaxşı olar ki, biz düzgün kitabları düzgün oxuyaq. Düzgün sükut edək. Bilirsiz, bir var pəhriz, bir də var oruc…. Ikisi də xeyirlidir, amma başqa-başqa şeylərdir. Məsələn, mənə hərdən elə gəlir ki, Borxes oruc tuturdu, Koelyo isə pəhriz saxlamağa cəhd edir.
04 oktyabr, 2015-ci il
Bu yazı “sim-sim.az”/ Ömər Xəyyamın sorğusuna cavab kimi yazılıb.
Əbilin gündəliyindən: Füzuli haqqında 20 aprel 2007: – Füzulinin böyüklüyünü kim anladı? Çoxları dedi mən! Əslində, heç kəs. Füzuli zirvədi. Elə bir zirvə ki, bizim dünyamızla o zirvə arasında bir tək yol var. O yol gözə görünməz, bilinməz. O hiss edilir. Aşiq olmayanlar o yolu görməzlər. Tutaq ki, aşiq oldun və o yolu gördün, tapdın. Ancaq bu da yetməz. İş orasındadır ki, o yolu aşiqlər görsə də gedə bilməzlər. O yolu yalnız və yalnız aşiqliyi dərk edənlər gedə bilər. Dərk etmək üçün isə Məcnun olub, onun yaşadıqlarını hiss etməlisən. Allahı dərk edib Leyli kimi gözəli yaratdığı üçün ona həmdü sənalar etməlisən. Sevginin Məcnununa çevrilməyi bacarmalısan. Bax bu zaman Füzulini dərk edə bilərsən. Əgər bütün bunlar səndə yoxdursa o zaman sən Füzulini dərk edı bilməzsən. Sevsən, aşiq olsan belə Məcnina çevrilə bilməmişsən. Füzuli sənin üçün yalnız uzaqdan seyr edilən əzəmətli bir zirvədir. Zirvələr hər zaman gözəldir, onun gözəlliuindən feyz alanlar üçün. Zirvələr gözəldir,fəqət, zirvələri sevən, yuvaları zirvədə olan qartallar üçün.
Mən hələ Azərbaycana ayaq basmamışam, amma hər gün xəyalımda o müqəddəs diyara səfər edirəm. Təsəvvürümdə, ürəyimdə sevgi və məhəbbətlə dolu olan o əziz yurda gedib qayıdıram. Azərbaycanın gözəl və qədim şəhərləri, ucalığı göylərə çatan vüqarlı dağları, canlılıq və ilham tənəffüsü yayan dənizləri ürəyimi əsir edib. Oranın heyranedici mənzərələri mənim üçün təkcə təbiətin bəxş etdiyi bir nemət deyil, həm də böyük tarix və mədəniyyətin canlı ifadəsi kimi görünür. Bu yurdun sevgi dolu ürək sahibi olan insanları isə ayrıca bir mövzudur. Mehribanlığı, səmimiyyəti və sadəliyi ilə onlar həmişə yanımda olan kimi hiss edirəm. Onlarla məsafələr belə, aramızda maneə ola bilmir. Mənə hər zaman elə gəlir ki, bu əziz və müqəddəs torpağın hər küləyi bir sevgi hekayəsi söyləyir, hər ağacı məhəbbət mahnısı oxuyur. Azərbaycan mənim qəlbimdə sanki canlı bir aləmə çevrilib, arzularımın ayrılmaz bir hissəsinə çevrilib. Bu yurd mənim ilham mənbəyimdir, dayanmadan meyvə verən bağlar kimi, ürəyimin ən dərin qatlarını üzə çıxarır. Onun zərifliyi və insani dəyərləri həmişə məni məhəbbət və ehtiramla özünə çəkir. Oranın mehriban, səmimi, sadə və qonaqpərvər insanları məni həmişə qonaq çağırır. Onların qəlbində yalnız xeyirxahlıq yaşayır, onları sevməmək, hörmət etməmək mümkün deyil. Facebook vasitəsilə 7-8 il ərzində bir çox Azərbaycan şairləri, yazıçıları və yaradıcıları ilə tanış olmuşam və onlarla dostlaşmışam. Onların səmimiyyəti və incəliyi sözlə ifadə olunmaz. Azərbaycan sənəti və ədəbiyyatına əvvəldən böyük marağım var idi. Bu gün isə onların qəlbimdə tutduğu yer daha da yüksəlib. Hər yeni tanışlıq məni o yurda daha da yaxınlaşdırdı, sevgi və hörmətimi ikiqat artırdı. Azərbaycanlı dostlarımla aramızda məsafələr uzaq olsa da, ürəklərimizin yaxınlığını hiss edirəm. Belə böyük tarix və mədəniyyətə malik xalqın insanları ilə dostluğumla fəxr edirəm. Bu gün Azərbaycan və Özbəkistan arasındakı dostluq əlaqələri möhkəmlənib və yeni üfüqlər açılır. Əlli-dən çox şeir və digər yaradıcılıq nümunələrim Azərbaycanın nüfuzlu qəzet və jurnallarında dərc olunub. Kiçik uğurlarımı belə diqqətdən kənarda qoymayan azərbaycanlı ustadlarım yaradıcılığım haqqında məqalələr yazaraq, mənə diqqət və ehtiram göstərdilər, bu isə mənim özümə olan inamımı artıraraq, Azərbaycan xalqına olan sevgimi daha da gücləndirdi. Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, Özbəkistan Respublikasının “Dostluq” ordeni sahibi Almaz Ulvi xanımdan şeirlərimə ön söz yazmağı xahiş etmişdim. O, böyük məhəbbət və etibarla yazdığı ön söz təkcə məni sevindirmədi, həm də yaradıcılığımı yeni mərhələyə qaldırdı. Həmin ön söz Azərbaycanın “Bütöv Azərbaycan” qəzetində bir sıra şeirlərimlə birlikdə dərc edildikdə, sevinclə dolub-daşdım. Təranə Turan Rəhimli, Abdulla Saymaz, Tural Turan və İntiqam Yaşar kimi tanınmış yaradıcıların mənim şeirlərim haqqında yazdıqları məqalələr qəlbimi sevinc və ilhamla doldurdu. Xüsusilə, yaradıcılığımı Azərbaycan dilinə tərcümə edərək onu geniş ictimaiyyətə çatdıran Şahməhəmməd Dağlaroğlunun əməyini ayrıca qeyd etmək lazımdır. Hər bir yardım, hər bir dəstək – mənim üçün xüsusi bir ilham mənbəyidir. Bu gün Azərbaycanın “Bütöv Azərbaycan” qəzeti və “Yazarlar” jurnalında Özbəkistan üzrə müxbir olaraq fəaliyyət göstərməyim bu etibarın bir ifadəsidir. İnşallah, məhəbbət diyarının saf insanlarına olan sevgim bir gün məni Azərbaycana aparacaq. O əziz yurdun müqəddəs torpağını gözlərimə sürtüb, mehriban insanlarını bağrıma basacam. Azərbaycan, sən məni gözlə! Bir gün qəlbimdəki sevgini və sədaqəti özünə gətirəcəm. Məni görəndə öz övladın kimi qəbul et. Mən sənə təkcə şeirlərimi və qəlbimin sözlərini deyil, özümlə birlikdə sevgi və sədaqətimi də təqdim edəcəm. Hər zaman bağrın sakit, xoşbəxtliyin uca, həyatın bahar kimi bərəkətli olsun! Sənin torpağında yalnız sülh, dostluq və firavanlıq hökm sürsün! Bütün sevgim və sədaqətimlə sənə gəlirəm, Azərbaycan. Sənə həsr etdiyim hər bir misra, hər bir nəfəs sənin böyük mədəniyyətinə və qızıl tarixinə qatılsın. Mənim qəlbimdəki ən yaxın aləm, sevimli vətənim, sən həmişə məni bağrına basırsan.
Azərbaycan
Azərbaycan – qardaş xalqım, Can bir xalqım, qandaş xalqım. Kamalından qəlbim coşar, Ruhdaş xalqım, qandaş xalqım.
Göylərində sönməz günəş, Sənə gülüb, baxar hər an. Sığınmaqda sənə könlüm, Mən Bakıya verərəm can.
Vətənimtək müqəddəssən, Mənə əziz hər bir çağın. Dalğalansın yüksəklikdə, Uca olsun qoy bayrağın.
Şəhid oldu oğulların, Mənimkidir ürək dağı. Qalmasın heç bir üzüntün, Abad görək Qarabağı!
Müəllif: Cihangir NOMOZOV, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.