Mənə elə gəlir ki, bütün yaxşı şeirlər yazılıb. İnsan tərəfindən yox, hardasa, nə vaxtsa bir sirr tərəfindən yaradılıb və üstü yaddaşsızlıq, görməmizliklə örtülüb. Bu gün də yaradılmaqda və gizlədilməkdə davam edir. Bəlkə də insan yazıb, sonra da zaman tərəfindən unutdurulub. İndi əsas məsələ onu yada salmaqdır. Gərək elə düz yada salasan ki, onun hecasıni, qafiyyəsini, bütün əzalalarını çox doğru-düzgün xatırlaya biləsən.
Məsələn, evdə, ümimiyyətlə, hər yerdə bir şeyi itirəndə, hara qoyduğunu xatırlamağa çalışırsan. On gün, bir ay, bir il… Axır ki, tapırsan. Şeiri yazmaq da belə xatırlamaq, yadına salmaq və axtarmaqdır.
Dünyada icad olunmamış nə qədər kəşflər var. Bizdən kənarda dayanıb. Biz onun yerini, dilini, üslubunu hələ ki, bilmirik, axtarırıq. Düz ünvana gedib tapanda kəşf olur, yalnışlıq olanda uğursuzluq. Alimlər kəşflər axtarırlar, şairlər də gözəl şeirlər.
Mənə elə gəlir tanınmış şair Faiq Balabəyli də indiyə kimi çox yaxşı şeirlər xatırlaya bilib. Axtarıb, düşünüb, axır ki, yaxş şeirin yerini müəyyən edib, ordan da köçürüb ağ vərəqlərə.
Dənizçinin yuxusuna Torpaq ətri girər hər gün. Dənizçiyə dalğaların arasından əl eləyər su pərisi, dənizçiyə ad qoyarlar – su dəlisi.
Niyə bu şeir mənim xoşuma gəlir? Çünki Faiq bu şeiri olduğu, yarandığı kimi düz tapıb, ünvana düz gedib, düz xatırlayıb, burda yalnışlıq yoxdur. Müşahidə çox dəqiqdi. Ona görə ki, o, dənizçidir.
Faiqin hərdən müəyyən məsələlərdə pərt olmağı, elə yerindəcə də qəfil donub qalmağı var. Bu, Faiqin şair vəziyyətidir. Bir dəfə şeir məclisində Əjdər ol onun oxuduğu şeiri yüngül tənqid elədi, Faiq yerindəcə donub qaldı. Başqası olsaydı, yeri – göyü dağıdardı, bu şeirin harası pisdi, bunu flan akademik bəyənib, mənim kitabıma flan akademik ön söz yaz və sair.
O, bir dəfə haqsız olaraq həbs olunmuşdu, dəqiq bilirəm ki, onda da dəmir barmaqların arasında beləcə donub qalıb.
Faiq ürəyindən əməliyyat olununda xəstəxanaya yanına getmişdim. Üzünə baxan kimi o saat düşündüyüm bu oldu ki, yəqin həkim əməliyyat söhbətini qəti şəkildə ortaya qoyanda Faiq elə beləcə yerində donub. Faiqin belə halları həmişə məni kövrəldir.
Göz yaşları həm də ürəyində Gəzdirdiyin daşlardı, Ata bilməyəndə əriyib su olurmuş.
Göz yaşının əriyib su olması məni xeyli düşündürdü. Doğurdan da, həmişə hiss eləmişəm ki, ya daş suyu yaradıb, ya da su daşı. Hər halda daşla su arasında bir ana -balalıq var. Bax, görürsünüz, Faiqin bu şeiri mənə nəyisə xatırlada bildi. Xatırlada bilən əşya və detallar gözəldi.
Ayağının altından qum dənəsini, Özüylə götürüb gedən ləpələr.
Aha, bu şeirdə nəyinsə ünvanını tapılıb. Qum dənəcəyinin qapısı düz döyülüb. Mənim üçün qumun dənəsinin beyinciyi daha maraqlı olardı. Kaş şair bir az da irəli getsəydi… Amma bura qədər də maraqlıdır. Mənalandırmaq və yozmaq olar ki, ləpələr qum dənəsini kənarda qoymaq istəməyib, bəlkə bu qum dənəsi ləpə qızın sevgilisidir, daha doğrusu, toxumcuğudur. Bəlkə də, ləpəni aydınladan, duruldan, hərəkətə gətirən qum dənəsinin beyinə milyon illərdi yerləşdirilimş enerjidir.
Mən indi Faiqin şeirləri ilə danışıram. Sual verib cavab alıram. Yazımı onun şeirləri üzərində inkişaf etdirirəm. Daha başqa bəzi tənqidçilər kimi özümü savadlı, elm dəryası kimi göstərmək üçün dünya ədəbiyyatanda onun şeirləri ilə üyğunlaşa bilən detalları müqayisə edib şairi göylərə qaldırmıram. Ya da Faiqin bir şerini müasir İspaniyada “Ürəyi əzən şairlər” qrupunda paylaşılan bir şeirlə səsləşdiyini deyib haray – həşir qoparmıram. Bunu etmək olar. Amma bu, təhlinin zahiri tərəfidir. İç tərəfi isə şeirlərin dünyada, kainatda ünvanladığı yerin doğru – düzgün tapılmasıdır.
Dərd, sevincin üstünə İmza atır, qol çəkir.
Mən şairin yerinə olsaydım, “dərd”in yerinə “qəm” yazardım. Çünki dərd bir insanın fərdi şəkildə başına gələn bədbəxt hadisədir və ya heç vaxt həllini tapmayan bir həyat problemidir. Amma qəm dünya qəmidir, o, dünyəvi olduğu üçün şirindir. Belə bir ifadə var: “qəmin şirinliyi”. Leyli ilə Məcnunun bir – birindən uzaq düşməsi və çəkdikləri dərd deyil, qəmdir. Özü də Füzulu qəmi.
Bizim Haqdan qopub gəlməyimiz dərd deyil, qəmdir. Deyir Adəm peyğəmbərin qəbir palçığının yoğrulması üçün otuz doqquz gün qəm, bir gün isə sevinc yağışı yağdı. Elə insanın o vaxtdan dəyəri qəmlə ölçülür. Ona görə sevincin üstünə qəmin qol çəkib imza atması çox gözəldir.
Faqi Balabəyli daim yeni axtarışlar edir, şeirlərində alleterasiyalar, mübaliğə, litotadan və digər təsvir vasitələrindən bəhrələnir. Aşağıdakı misralarda “sel olub selləndi” ifadəsinin səslənişi uyarlıdır. Necə ki, M. Füzuliin “canı canan diləmiş…”, xalq mahnısında “piyalələr irəfdədi, hər biri bir tərəfədi” ifadələri şeirin təsir gücünü artırır, həm də bu, o deməkdir ki, Faiq klassika və folklora çox bağlıdır.
Sel olub selləndi Xəzərim o gün; Ləpələr sevindi, sular gülüşdü.
Şeirdə “sular gülüşdü” birləşməsi tablo kimi çox dəqiq tapılıb və şairin şeirlərində təbiət lövləri də orjinallıqla sərgilənir.
Bu gün yaxşı şeir yazmağın əsas yolu istedad və zəhmətdən başqa peşakarlıqdan keçir. Yəni, şeiri necə yazmaq, hardan və nədən başlamaq, fikri necə demək kimi məsələlər müəllifin yadına düşməyəndə və ona əhəmiyyət verməyəndə yüz il də şeir yazsa, ancaq söz yığını olacaq. Şeirdə əsas iş onu (təkçə şeirdə yox bütün əsərlərdə) necə başlamaqdır.
Məncə, şair misralarından başlayır. 80- ci illərdə məşhur tənqidçi Mürşüd Məmmədov “Azərbaycan” junalında çap etdirdiyi “Misra və onun fikir yükü” məqaləsi ədəbi mühitdə böyük rezanans doğurdu. Bundan əvvəl Aydın Məmmədov “Zamanla səsləşən şeirlər sorağında” məqaləsi “Ulduz” junalında işıq üzü gördü və hər iki müəllif qaragurh, boz ədəbiyyatla üz- üzə qaldı və nə qədər əziyyət çəksələr də, onların haqlı iradəsi müasir ədəbi prosesə yeni töhfələr verdi. Faiq Balabəylinin yaradıcılığına da həmin məqaalələrin müsbət təsiri olub. Onun misraları dolu sümbül kimidir. Böş- boşuna küləyin diktəsi ilə yellənmir.
Yuxarıda dediyim kimi, yaxşı şeir yazmaq üçün şair peşakar olmalıdır. Deyək ki, evdə yuxarıda, məsələn tavanda nadinc uşaqların atdığı bir qızılgül kolu ilişib qalıb. Amma ona əl çatmır. Ona görə də ayağımızın altına hər hansı bir əşyanı qoymaq lazım gəlir. Hələ bundan sonra da biz dabanlarımızı qaldırıb pəncələrimizin üzərində dayanırıq.Yaxşı şeirdə də orjinaıl fikirləri tapmaq üçün təfəkkürümüzü “ayağının” altına nəsə qoymalıyıq: Bu mütalilə, zəhmət, peşakarlıq, dünya görüşü ola bilər. Faiqin şerlərində peşakarlıq öz yerindədir. Amma bəzən şair yazdığının üstündə çox dayanmır, bir an kimi misra gəlib keçir. Məsələn:
Mən bu şeiri yazsaydım, “arxamca” sözünün yerinə “üzümə” yazardım. Çünki qapının bağlanması da, niqab da, ən çox üzə aiddir.
Şeir yazmaq ən çox bənna işinə bənzəyir. Usta daşı hörgüyə qoymazdan əvvəl onu xeyli əlində sazlayır. Uyarlı tərəfini tapıb daşı hörgüyə qoyur, sonra daşı silkələyir, laxlamırsa, demək, yerini tutub. Şair sözü misraya qoymazdan əvvəl onu dilində bir neçə dəfə ifadə eləməlidir. Əgər ifadə zamanı ağzı- gözü əyilmirsə, demək, sözü yerinə qoymaq olar. Deyirlər ki, böyük aktyor və rejissor Carlı Caplin filmlərini ilk dəfə uşaqlara göstərirmiş. Əgər uşaqlar gülüşdülərsə, ondan sonra istehsalata buraxırmış. Çünki uşaq heç vaxt yalandan gülmür və heç kəsi aldatmır. Yaşlı şair dostum bu yaxınlarda mənə bir sirr açdı, dedi ki, mən protez dişlərimi çıxaranda şeir yaza bilmirəm. Çünki sözlər ürəyimdə düz oxunmur, hər misra mənə kələ- kötür gəlir. Şair haqlıdır. İ ndi dostum Faiqin şeirləri nə yaxşı ki, dişli şeirlərdi. Həm sosial, içtimai məna, həm təbiət və cəmiyyət məsələləri, sevgi, iztirabları, həm də iztirabın həzzi Faiqin şeirlərində arı pətəyi kimidir, həm nizamlı, həm də hisslər, düyğular qaynayır.
Qaranlıq dərə bilib ovcumda əl gəzirəm Qoşa əlin ovucu, qaranlıq kaha mənə…
Bu misraların materalı əruz olsa da, fikir əridilib heca qəliblərinə ustalıqla tökülüb. Əvvəla, onu deyim ki, mən Faiqin əksər şeirlərini, nəsr əsərlərini və əsərləri haqqında yazılan məqalələri də oxumuşam. Yazdıqlarının düz yerini də, əyri yerini də görmüşəm. Naşılıqları da çıxıb qabağıma. Düşünmüşəm ki, bir adam kiməsə zəng edəndə nömrəsinin bir rəqəmini səhv yığanda başqasına düşdüyü kimi, bəzi şeirlərdə də Faiq nə vaxtsa İnsanın(özünün) yazdığı şeirləri dərindən xatıralaya bilməyib. Nömrə səhv yığıldığı üçün ünvana zəng(şeir) düz çatmayıb. Amma Faiq həmişə şair ömrü yaşayır.
Yuxarıdakı iki misra məni çox düşündürdü. Faiq milyon il bundan qabaq yazdığı şeiri olduqca dəqiq xatırlayıb. Artıq bu, mənim tanıdığım Faiq deyil. Faiq öz düşüncəsini, fikrini inkişaf etdirib, düyğularını yetişdirib, ərsəyə çatdırıb. Faiq bu iki misraya (beyt də demək olar) içtimai, sosial məzmun, əzab, əsəbi həyat, ömür və bu özünün çəkdiyi iztirabları yerləşdirib. Bu, o zaman baş verib ki, Faiq şeirin əl – ayağa dolaşan, taqqıldayan, heca şeirinin qabar tutmuş qafyəsindən azad olub. Şairə, Faiqə ən çox maniə olan heca şeirinin qafiyə sindiromudur. Belə də demək olar, qafiyə Faiqə maniə olur. Onun əksər şairlərində qafiyə sarıdan əzab çəkdiyini bilirəm. Nə yaxşı qafiyə tapa bilir, nə də köhnə qafiyələrdən əl çəkir. Demək, çıxış yolu qafiyə axtarmaq da deyil, təzə fikir, təzə mətn tap, “zəng elə ünvana düz düş”, yenilik öz qafiyəsini özü gətirəcək. şair qafiyə gəzməməlidir, mətinin ünvanına düz gedib onun qapısını döyməlidir.
Yuxaıda ki, iki misra Faiqin bütün şeirlərinin baş cümləsi və epiqarafı kimi məni sevindirdi. Şair ovucu qaranlıq dərəyə bənzədib və onun içində əl gəzməsiylə yeni bir orjinal manifest sərgiləyir. Dünyada nə baş verirsə, əllə icra edilir. Hələ ki, heç kəs kahaya bənzəyən ovucu ilə tanış deyil. Ona şirin nemət verən ovuc – kaha həm də sirlidir, qaranlıqdır. Bu kaha ovuclara qəşəng bir balanın da ayaqlarını “əkmək” olar, Suriyaya tuşlanan bir raketi də. Suriya da bimədiyimiz bir ovucun içindir. Qarabağ da dərin bir ovucda gizlədlib. Bəli, insanlar min illərdir, bu ovuclarda tutmağa əl gəzir. Hanı o əl? Bu qaranlıq kahanın içində hər şey var, amma əl yoxdur. Dünya sirrini, həyat əksiliklərini özündə saxlayan bu kaha ovuclar heç sahibinin özünə də dəqiq aydın deyil. Çünki bu ovucu yaradan (siyasət) unudulub. İndi şair kaha ovcu düz tapıb, amma növbəti şeirdə o qaranlıq kahanı yaradanı dəqiq tapmalıdır. Ürəklə deyirəm və sevinirəm ki, dostum Faiq milyon il əvvəl unuduğu bu şeiri olduğu kimi xatıralaya bilib. Indi aşağıdakı şeirinə baxaq:
Sən şeir yazdığın ulduzlu səma, Damından su daman daxmadı mənə.
İki tərəf var bu şeirdə; biri ulduzlu səmaya şeir yazıb tərifləyən, bir də, o ulduzlu səmanın onun evinin daman tavanı olduğunu deyən. Mətn də yerindərir, qafiyə də. Şünki qafiyəni mətn özü ilə gətirib, daha onu şairin qələmindən hazır almayıb. İki misradakı əkslik, parodoks burada yeni məna yaradır. Daxildəki ehtiyacın gözü ilə baxanda, göy ulduzlu səma da ola bilir, daman tavan da. Məncə, Faiq gözəl xatırlayır və gələcəkdə ən gözəllərini xatırlaya biləcək. Uğur olsun! Şair dostumun 60 yaşı mübarək.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Elnarə Qaragözovanın “Yusif Səmədoğlunun həyatı və yaradıcılığı” adlı monoqrafiyası Xan nəşriyyatında ayrıca kitab şəklində çap olunub. Naşiri Səbuhi Şahmursoy olan bu nəşr AMEA-nın adı çəkilən institutunda “Sənətkarın elmi pasportu” seriyasından həyata vəsiqə qazanmış növbəti faydalı kitablardan biridir.
“YAZARLAR” olaraq, Elnarə xanımı bu münasibətlə təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Bu dəfəki qəhrəmanım nə şair deyil, nə yazıçı, nə rəssam , nə musiqiçi.Nə sözü şeirə çevirəndi, nə səsin, nə rənglərin diliylə danışan. Bütün həyatını rəqəmlərin üzərində quran , elmlərin açarı sayılan riyaziyyatın nazını balası kimi çəkən, üstündə əsən , tətbiq və tədris edən elm fədaisidi eləcə. Pafosdan uzaq, tərifdən qaçan, təqdimatı sevməyən elm fədaisidi bir sözlə. Sakitdi. Eqosuz, bərsiz-bəzəksiz danışmağı sevir.Özünüreklamdan uzaqdı. Neynirsə ürəyinin diktəsilə edir. Sadədi, utancaqdı. Fikrini birnəfəsə deyir. İncitməkdən qorxandı. Dinləməyi gözəl bacarır. Sakitliyində bir təlatüm var . Sükutunun səsini duyan lazımdı sadəcə. İncikliyini də, sevincini də səsindən anlarsan. Dilə gətirməz. Vətən , el təəsübkeşidi həm də. Bu dünyanın adam yükünü çəkənlərdəndi eyni zamanda. Maraqlı adamdı, deyilmi? Həm də sirli. Sizi çox intizarda saxlamaq istəmirəm. Söhbət Feyruz Məmmədovdan gedir. Riyaziyyatçı Feyruz Məmmədovdan. Biz sözdən söz yoğururuq, o rəqəmlərlə oynayır. Yaradıcıyıq dolayısı ilə hər ikimiz. Bəlkə bu xüsusiyyətimizdi bizi elm adamlarıyla dost edən, yaxınlaşdıran. Feyruz müəllim ədəbiyyatı da sevir amma. Elə gözəl izahları və fikirləri var ki. Duyur ürəyimizdən keçənləri. Mən elə bilirdim ki, riyaziyyatçılar sərt və rəqəmsal olurlar. Yanılmışam. İnsanlığın heç bir elmlə bağlılığı yoxdu. İnsandı, vəssalam. Feyruz müəllim kimi. Dünənəcən müəllim kimi tanıyırdım onu sadəcə. Vicdanına və savadına söykənən müəllim kimi. Bu günsə 6 riyazi kitabın, testin , elmi araşdırmaların müəllifi kimi . Doğrusu ondan söz almaq da bir o qədər asan deyil.Dedim axı tərifdən qaçan adamdı, təvazökardı. Sakitliyinin özündə qəribə bir səs var. Bu qəribəlik oldu elə mənə bu yazını yazdıran da. Bu yazım da elə belə doğmadı ha. Tanrı göndərdi. Diktəsiz, sifarişsiz, filansız. Elə qəhrəmanım kimi. Axı Tanrıdan doğan yazıların içindəki işıqdan hər kəsə pay düşür. Göz qamaşdırmır, sadəcə nuru var. Mənə elə gəlir ki, hər kəs sözü boyda, əməli boydadı. Yəqin mənimlə razılaşarsız. Əminəm ki, bu çağacan Feyruz müəllimin ürəyinin və ruhunun işığından çox evə , çox ocağa pay düşüb. İnsanlığına, pedaqoqluğuna, peşəsinə hədsiz sevgisinə sığınıb deyirəm bunu. İndi gəlin bir az da yaxından tanıyaq bu sirli qəhrəmanı. Məmmədov Feyruz Əliqulu oğlu 1953-cü ildə ,avqustun 17-də Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya göz açıb. Əslən Şamaxının Dağ Kolanı kəndindəndilər. Yəni tərəkəmədilər. (Soyumuz, kökümüz birdi .Həmişə bununla fəxr etmişəm) Əvvəlcə Salyan rayonunun Yolustü kənd səkkizillik məktəbində, sonra isə Kərimbəyli kənd orta məktəbində təhsil alıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1970 -ci ildə ADU -nun, indiki BDU-nun tətbiqi riyaziyyaz fakültəsinə daxil olub.1975-ci ildə universiteti müvəffəqiyyətlə bitirib və doğma elinə obasına qayıdıb. Müəllim kimi əmək fəaliyyətinə Salyan rayonu Yolüstü kənd orta məktəbindən başlayıb. Pedaqoji fəaliyyətində də el arasında böyük hörmət və nüfuz qazanıb.Şagirdləri respublikanın müxtəlif tədris ocaqlarında təhsillərini davam etdiriblər.Olimpiadaların qalibi olublar. Bir sözlə müəllimlərinin başını uca ediblər hər yerdə. Bu da bir uğurdu. 2002-2005 -ci illərdə Azərbaycan Müəllimlər İnistitutunun Salyan rayonu filialında baş müəllim kimi fəaliyyət göstərib həm də. Feyruz müəllim təkcə tədris və təlimlə kifayətlənməyib bu illərdə. Yazıb yaradıb. Elmə bir -birindən dəyərli töhfələr verib. Onun “Beşinci və altıncı siniflər üçün olimpiada məsələləri ” ,” Riyaziyyatda bəzi məsələlərin müxtəlif üsullarla həlli”, “1453- cü ilin riyaziyyat sərgüzəştləri”, ” Gənc riyaziyyatçı”,” Zəfər ilinin riyazi aləmi”,” Riyaziyyat__251 məsələnin 1170 həlli” adlı kitabların , 10- dan çox elmi məqalələrin müəllifidi. 2009-cu ildə Azərbaycan respublikasının prezidenti İlham Əliyevin tarixi sərəncamı ilə ” Tərəqqi” ordeni ilə təltif olunub. Feyruz müəllim bu gün də sakit deyil. Elə gənclik şövqüylə axtarır, tapır, yazır, yaradır. Həm də xüsusi zövq və sevgiylə. Amma yenə də hay-küysüz, sakit. Özünü riyaziyyatda çoxdan isbat etsə də bu gün də axtarışdadı.Bu onun daxili təlatümündən irəli gəlir. İşinə, peşəsinə sonsuz sevgisidi onun dincliyini əlindən alan. Nə deyirik. Təki belə əməlisaleh elm fədailərimiz çox olsun. Dünya da bunun acı deyilmi? Elə biz də belə ruhun işığına can atanlardanıq.Bilirəm ki, Feyruz müəllim bu yazını oxuyub sakitcə “Çox sağ olun” -deyəcək. Amma bu sakitliyin içindəki şükranlığı bir mən duyacam, bir də Tanrı. Zehnin və ruhun həmişə açıq olsun, işıq adam!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabu, bil!!! 19.02.2023. Bakı.