Etiket arxivi: ƏDƏBİ TƏNQİD

VAQİF OSMANOV – XOŞBƏXTLİYƏ AZADLIQ VERİLMƏYƏNDƏ…

VAQİF OSMANOVUN YAZILARI

XOŞBƏXTLİYƏ AZADLIQ VERİLMƏYƏNDƏ…
Təkcə ədəbi qəhrəmanının yox, əsərindəki bütün obrazların xarakterlərini mükəmməl yarada bilməyən söz adamının yazdıqları yaddaqalan ola bilməz. Təranə Məmmədin yığcam hekayələrinin qəhrəmanlarında bu mükəmməllik əsəri oxunaqlı etməklə bərabər, həm də onların müsbət və mənfi etik-əxlaqi xüsusiyyətləri bir mənəvi dərs kimi dəyərlidir.
Təranə xanım “Sirr” romanında da təzadlı xarakterlər yaratmağı bacarıb. Əsərin baş qəhrəmanları – sevginin əzablı yollarında bütün çətinliklərə sinə gərən Elçin və Ayna, həmçinin digər obrazlar – Aida, İradə xanım, Malik, Humay ana, şəhid Elvin, Elçinin həyat yoldaşı Şəmsiyyə, oğlu Azad hər gün rastlaşdığımız, ancaq diqqətimizdən yayınan insanlar olsa da, yazıçı təhkiyəsi onları bizə ya doğmalaşdırır, ya da belələrinə rast gəlməyi arzulamır.
“Həyatda hər şeyi pulla, var-dövlətlə ölçən, bir qədər sərt, bir az özündən razı, təkəbbürlü” İradə xanımla sadə, səmimi, mənəvi zəngin, maddi sərvətlərə laqeyd Ayna bir-birindən yerlə göy qədər fərqli ana və baladırlar. Böyük bir klinikanın baş həkimi İradə xanımın “fəlsəfə”si: “həyatda hər şey alınır və satılır. Bu səbəbdən də çalışıb alıcı olmaq lazımdır. Bunun üçün həmişə qazanmaq, həmişə fəal olmaq gərəkdir”.
Əslində İradə xanımı da qınamıram. O, madar övladının gələcəyindən nigaran qayğıkeş anadır. Aynanın durumundakı dəyişikliyi həmin an hiss edir. Ancaq bircə alqışlayanmamalı xisləti var ki, hər şeyi maddiyyatda görür. Anlamır ki, pul həmişə səadətə yol açmır, pul bəzən bəlalar da gətirir.
Təranə xanım zamanın nəbzini tutmağı bacaran yazıçı olmaqla yanaşı, həm də həssas və mərhəmətli anadır. O, hekayələrindəki müxtəlif ana obrazları bu günün qayğıları ilə yaşayır zamanın xaosundan narahatdır. Həmişə vurğulayır ki, bəşər övladının hamısı eyni mənəvi yükü daşımır, müsbəti də var, mənfisi də. Bu, həyatın gerçəkliyidir, heç kim də bundan qaça bilməz.
Ayna isə tam başqa xarakterli, ayıq düşüncəli, erudisiyalı, insansevər çağdaş Azərbaycan gəncidir. “O, anasının yaşadığı həyat tərzini bəyənmir”. Həyata baxışı başqadır, “müstəqilliyi və fərqli düşünməyi sevir”. İki əksqütblü düşüncə tərzi hətta ailə daxilində onların bir-birinə yaxınlaşmasına, problemləri birgə həll etməsinə əngəl törədir. Ona görə də Ayna anasının məsləhətini – “elə adamlarla oturub dur ki, onların arasından özünə ər tapasan” öyüdünü ən azı yola verir, onu yerinə yetirmək fikrindən uzaqdır. Ayna üçün mənəvi meyarlar sadəlik, səmimilik, təmənnasız münasibət, mərhəmət, saf sevgidir. Bu səbəbdən “hərdən anası ilə fikirləri haçalanır”.
Yazıçı İradə xanımın iç dünyasının paxırını Aynaya daha bir “ağıllı” məsləhəti ilə açıb tökür: “çalış sevmə, əziyyət, cəfa, hicran, bunlar sənə lazımdır?”…
İradə xanımın Aynadan sonra ikinci əksqütblüsü çıxılmaz qayğıların burulğanında çarpışan Humay anadır. Elçinin və şəhid Elvinin anası cəfakeş, övladlarının üstündə kövrək yarpaq kimi əsən həssas qəlbli insandır.
Aynanın rəfiqəsi Aida dostluğa sədaqətli, hər situsiyada nə etmək lazım olduğunu bilən, ən çətin və ağır günlərdə rəfiqəsinin dərdinə şərik olan, Aynanın xoşbəxtliyi naminə özünü fəda etməyə hazır dayanan, uzun müddət ilahi sevgisinin yolunu gözləyib ona qovuşan sevgilidir.
Elçin sadə və qayğıları bol ailədə böyüyüb, püxtələşib, anası və qardaşı ilə birlikdə ehtiyac içində yaşayıb. Hər şeyi pulla ölçən İradə xanım ona Aynadan əl çəkmək üçün pul da təklif edib. Bundan qəti imtina edən, qürurunu və sevgisinin saflığını qoruyan Elçin həmin gündən Aynanın xoşbəxtiliyinə mane olmamaq üçün bir daha onunla görüşməməyi qərara alıb. Sonradan bacarığı və zəhmətiylə şirkət sahibi olub. O, kitabın redaktoru, qazi şair – publisist Rəfail Tağızadənin yazdığı kimi, “sevgisinə sadiq qalan və ömrünün sonuna kimi unutmayan Azərbaycan kişi”sidir. “Sevginin həddini bilməyən” Elçinin öz sevgi ölçüsü, əyarı, qədəri var.
Elə əvvəldən Elçin ilə Aynanın xoşbəxtliyi yolunda “qaratikan” bitmişdi, Təpəgöz kimi səadət yolunu kəsmişdi. Bu, pul, sərvət hərisliyi, qılıncdan da iti tamah idi. Belə qollu-budaqlı “qaratikan”ı İradə xanım uzun müddət idi səhra ürəyində becərməkdəydi. Yaxşı bilirik ki, səhra bitkilərinin yarpağı, çiçəyi, meyvəsi olmur, ancaq tikan sahibidirlər. Tez-tez Ayna ilə Elçinin kövrək, azad sevgiyə tamarzı qəlbinə zəhərli ox kimi batan tikanlar onlara acı, əzab, kədər, sağalmaz mərəzlər bəxş etməkdəydi, “ömürlərini bada verirdi”.
Elçin babasının İçərişəhərdəki “həm keçmiş, həm də çox uzaqdan boylanan gələcək” yaşayan evində xəyallar içərisində çabalayanda “yanında Aynanı hiss edirdi”. Onun “uğur mələyi” əlçatmazlıqda nakam sevgisinin acısını çəkməkdəydi. “Bütün ali hisslərə yad” İradə xanım isə öz xislətiylə baş-başa dayanıb iki sevən gəncin həyatını hərraca qoymuşdu – pullu, “nüfuzlu” kürəkən axtarırdı. Amansız tale onu Maliklə rastlaşdırdı. Malik adlı-sanlı nəsildən idi, həm də polkovnik İsmayılovun bacısı oğluydu.
Malik həkim geniş dünyabaxışlı, mədəni, alicənab olsa da anlamırdı ki, “əgər qadın bir kişini gerçəkdən sevərsə, onun gözündə dünyadakı kişilər tam olaraq anlamını itirər” (Oskar Vilde). Sonradan Malik “qadının yer üzündə ən vacib vəzifəsi ana olmaqdır” fikrinə gəlib Aynaya sivil qaydada, dostcasına ayrılmağı təklif edəndə yəqin ki, mənim kimi çoxları da Malikin böyüklüyünə həsəd aparacaqlar. Çünki hər Şərq kişisi özünün dünyaya övlad gətirə bilməmək bacarığının olmamasını etiraf edə bilməz…
Elçinlə Aynanın və Maliklə Aynanın ilk görüşlərində yaşananları Təranə xanımın təhkiyəsi ilə analiz edib paralellər aparanda görürük ki:
“Ağappaq incə çiçək dəstəsi, iki gəncin arasında ilk bağlantı – bir saniyəlik baxış və zövqlərin üst-üstə düşməsi” sevginin ilahiliyindən xəbər verir.Təranə xanım sevginin aliliyinə Aynanın diliylə aydınlıq gətirir:
“Sən başqasan, Elçin! Sən hamı kimi deyilsən. Bilmirəm necəsən, amma başqasan”.
O “hamı”lar, o “başqa”lardı ilahi sevgiyə, xoşbəxtliyə qənim kəsilənlər.
Malik isə laboratoriyada ilk atüstü görüşdəcə Aynaya gözəllikdən alacalanmış şəhvətli gözlərlə baxır, Aynanın əlini öpməyə çalışır. Sonrakı görüş üçün restoranı bağlatdırır, Aynanın barmağına üzük taxmaq şərəfinə nail olmaq istəyir. İki fərqli münasibət, iki fərqli duyğu, biri ilahi, o biri qeyri səmimi. Ağappaq incə çiçək dəstəsi və brilyant üzük. İki fərqli sevgi etirafı. Malik də Aynanı sevirdi, yazıçı bizi buna inandırır, ancaq Malik anlamaq iqtidarında deyil ki, sevgi qarşılıqlı olmalıdır:
“Tanrı insana həyat adlı ən gözəl nemət, dərk etmək imkanı və bir az da şans verirsə və o bundan düzgün istifadə edə bilmirsə, günah özündədir. Ən Ali məhkəmədə “nədən narazısan?” sualına cavabı “heç nədən” olmalıdır. Çünki həyat yaşamaq üçündür”.
Dərin hikmətdir, lap aforizm səviyyəsində…
Həyat bəşər övladının gözündə ya məzhəkə, ya dram, ya da faciə şəklində yazılmış ömür kitabıdır. Hər kəs bu kitabı öz əməlləri ilə yazır, pozur. İradə xanım Aynanın və Elçinin həyatına dramatiklik gətirən səhnələrin müəllifiydi, Ayna, Elçin, Aida isə xoşbəxtliyi üçün çarpışan, ömür kitabının hər qiymətli səhifəsini işıqlı qəlbləri ilə yazmağa çaılşan həyat aşiqləri, həm də bəyaz barış göyərçinləri. Doğrudan da, bir mahnıda deyildiyi kimi, sevənlərindi dünya…
İradə xanımın monoloqvari gecikmiş etirafı sonrakı peşmançılıqdan, quru təsəllidən başqa bir məna daşımır:
“Gör başıma nələr gəldi. Mən qızımın ad-sanını qorumağa çalışarkən indi bu naməlum əlaqəni necə qəbul edə bildim? Mən Elçinə evimdə qızımla görüşməyə necə icazə verdim? Bəlkə həqiqətən bütün bunları Tanrı mənim yersiz qürurumun, yekəxanalığımın nə qədər əsassız olduğunu sübut etmək üçün göstərir? Mən doğma qızımı sevdiyi insandan ayırıb onu pula, evə, vəzifəyə görə bir başqasına ərə getməyə vadar etdim. Allahın işinə bax ki, qızım bu neçə ildə ana da ola bilmədi. İndi isə mən, İradə xanım, heç vaxt qəbul etmədiyim qanunsuz görüşlərə, qızımın başqa kişiylə görüşməyinə göz yumuram. Mən bunu necə edə bildim? İndi hətta Aynanın Elçindən uşağı olsa, mən bunu qəbul etməyə hazıram”.
Obrazların daxili aləminə vara bilmək, psixoloji məqamları açmaq bacarığı yazıçı, şair kimi Təranə xanımın böyük uğurudur. Bu onun ana, həyat yoldaşı, pedaqoq missiyasının və mühüm dövlət orqanlarındakı işinin nəticəsidir.
Təranə xanım “Sirr” romanı ilə ürəyindəkiləri bəşər övladına bəyan edir: ”siz hər şeyi bilə bilməzsiniz, çünki siz Allah deyilsiniz!”. Allahlıq iddiasında olanların sonrakı peşmanlığının faydasız olduğunu babalarımız çoxdan deyiblər, çoxumuz isə ata-babalarımızın dediyinə biganələrdənik. Çat vermiş ürəklərin ağrılarına məlhəm qoymaq bəzən heç zamanın da yadına düşmür. Nə yaxşı ki, Elçinlər, Aynalar, Aidalar hələ ətrafımızda yaşayırlar…
Roman elə qeyri-adi, gözlənilməz hadisələrlə sona çatır ki, bu ədəbi keçidi heç kim gözləmirdi. Nədir, gözləmədiyimiz hadisələr? Qoy, bu da sirr olsun. Bu sirri bilmək üçün əsəri oxumaq məsləhətdir. ‘Sırr’ sızi nəhəng bir novella təsiri bağışlayacaq.
Aristotelə görə, sevgi əzab çəkməkdir. Ayna da, Elçin də əzab çəkə-çəkə yaşadılar və…
Bu “və”nin arxasında çox suallar dayanıb. On yeddi ildə Elçin tez-tez kimin qəbrinin üstə tər ağappaq gül dəstəsi qoyurdu? Və sair, və ilaxir…
Təranə xanımın bir ana harayıdı “Sirr”. İnsanları başa salmağa çalışır ki, ürəyimizi sevgi ilə qidalandırmasaq mənəvi dünyamız bütün müqəddəs dəyərləri itirəcək. Bu da insanlığın məhvi olacaq.
Bəli, Təranə xanım, “sevgini insanı diriltmək gücünə inanmayanlar” yaşaya bilməzlər…
“ Xoşbəxtliyə azadlıq vermək lazımdır” (Əbu Turxan). Xoşbəxtliyə azadlıq verilməyəndə doğmalarımıza əzablı ömür yaşadırıq və yaşadacağıq. Axı həyatın hər anı qiymətlidir. Qədrini bilək…
Yanvar 2022.

Müəllif: Vaqif OSMANOV

VAQİF OSMANOVUN YAZILARI

TƏRANƏ MƏMMƏDİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XƏZƏR DELTASINDA GÖYQURŞAĞI. ZAUR USTACIN YENİ KİTABI HAQQINDA – KƏNAN HACI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

XƏZƏR DELTASINDA GÖYQURŞAĞI
(Zaur Ustacın yeni kitabı haqqında)
Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cisimlər dolaşır, dilin substansionallığı qondarma, hibrid sözlərə qurban verilir. İnsan əşyaları sözlər vasitəsilə tanıyır, özünü sözün batinindəki mənalarla formalaşdırır.
Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur Ustacın formaca ənənəyə bağlı, məzmunca yeni şeirlərini oxuyanda şairin bu fikir akrobatlığı məni yaxşı mənada təəccübləndirdi. Şeir qeybdən bizə ötürülən xəbərlərdir, bu informasiyaları poetik düşüncələrlə süsləmək istedadın göstəricisidir. Zaur bəyin şeirlərində ustadlardan bizə əmanət qalan dastan estetikası səma pıçıltılarını öz içindən keçirərək yeni biçimdə XXI əsr oxucusuna təqdim edir.

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI
Zaurun bu kitabı sanki sakit axan çayın coşub-çağlayan dənizə – Xəzər deltasına qovuşduğu yerdir. Hissin, duyğunun müxtəlif çalarları, rəngləri bu şeirlərdə göyqurşağı kimi birləşir. Şeirlərdən alınan təəssüratları ümumən bu cür ifadə etmək olar: Xəzər deltasında göyqurşağı.
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!

Bu misralar “Şahi-cahan” şeirindəndir. Şair “kamera”sını (poetik görüm bucağı) Araza tuşlayıb, bu kamerada Araz çayının coğrafi təyinatından əlavə milli identifikasiyasına da işarələr sezmək mümkündür.
Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş şeirdə bu iki misra məni tutdu:
Özün getdin yuxuya,
Milyonları oyatdın…

Olduqca tutumlu ifadədir, yaddaşa həkk olunur. Həqiqətən, İlqar Mirzəyev, Mübariz İbrahimov, Polad Həşimov kimi oğullar Zaur bəyin təbirincə desək, “yuxuya” getsə də xalqın milli şüurunun oyaq qalması üçün canlarından keçdilər.
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…

Can-torpaq qiyaslanması şeirdə orijinallığı ilə seçilir, yadda qalır. Şəhadət məqamına yetişən əsgər Vətənə, Vətənin şəklinə çevrilir, Vətənləşir. İnsan yoxdursa, Vətən də yoxdur, Vətən yoxdursa, insan da mövcud deyil. İnsanı ayaqda saxlayan üstündə durduğu torpaqdır. Ana torpaq ifadəsi əbəs yaranmayıb. Hamımız onun bağrından qopmuşuq, sonda yenə də onun qucağına düşəcəyik. Bu qəbil şeirlər Vətən sevgisinin əlifbasıdır. Vətən sevgisi imanla müqayisə olunur. İmansız adam üçün Vətən anlayışı yoxdur. Bu anlayışların konkretləşməsində poeziya çox böyük rol oynayır. Səməd Vurğunun “Azərbaycan” şeirini xatırlayın. Uşaqların ürəyinə Vətən sevgisini bu şeirlə toxum kimi əkmişik. Abbas Səhhətin “Vətən” şeirini yada salaq. “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Ana südü kimi qanımıza hopan bu şeirlər zaman-zaman içimizdəki yurd sevgisini körükləyib.
Zaur Ustacın şeirlərini fərqləndirən həm də bu komponentlərdir. Həmin komponentlər dilin folklor qatından mayalanaraq həmin şeirlərin sanbalını, çəkisini birə beş artırır. Ədəbi genetika burada öz sözünü deyir. Zaur bəy estafeti öz sələflərindən alıb gənc nəsilə ötürür. Bu mənada şairlər, qələm adamları keçmişlə gələcək arasında möhkəm körpülər quran körpüsalanlardır.
Xəzər deltasında göyqurşağı adı altında toplanmış bu şeirləri bircə-bircə təhlil etmək fikrim yoxdur. Bu şeirlərdə 44 günlük Vətən savaşının da izləri var, didaktikanın ötəsində olan misralar da var, şəraitin diktə etdiyi (gərəkli və lazımlı!) pafos da var. Rənglər spektrində qovuşan hislər, duyğular oxucunun qan yaddaşına xitab edir.
Qələm dostuma yaradıcılığında uğurlar arzulayıram! Özü demiş, “bu yol ərənlər yoludur”. Yolun uğurlu olsun, Zaur Ustac!
11.01.2022. Bakı.

Kənan HACI

Mənbə: edebiyyatqazeti.az Arxiv: archive.vn

Müəllif: Kənan HACI ,
Şair, yazıçı, tərcüməçi.

KƏNAN HACININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONET NƏDİR? – SONET HAQQINDA – VAQİF YUSİFLİ

VAQİF YUSİFLİ

222 SONET HAQQINDA

ƏDƏBİ HƏYAT

Azərbaycan poeziyasında lirik ədəbi növün janrlarını bir neçə bölgüdə qruplaşdırmaq olar. Təbii ki, ilk sırada xalq aşıq şeiri janrları gələcək-bayatılı, qoşmalı, gəraylılı, təcnisli bir aləm… Sonra gəlir klassik lirikamızla bağlı janrlar-bunların bir çoxu bütün Şərq ədəbiyyatında müştərək işlənib- qəsidə, qəzəl, rübai, müxəmməs, mürəbbe, müsəddəs, tərkibənd, tərcibənd, məsnəvi və s.

Əsrlər boyunca bu iki janr poeziyamızın inkişafında çox mühüm rol oynayıblar. Əsl istedadlar hansı şeir şəklinə müraciət etsələr belə, orada uğur qazanıblar və beləliklə, şeirimizdə parlaq incilər xəzinəsi yaranıb. XX əsrdə isə heca şeirimiz ön plana keçib və hecalı şeir şəkillərinə intensiv halda müraciət olunub; beşlik, altılıq, yeddilik, səkkizlik, doqquzluq, onluq, onbirlik, onikilik, onüçlük, ondördlük, onbeşlik və onaltılıq. Nəhayət, XX əsrin əvvəllərindən başlayaraq şeirimizdə Avropa mənşəli yeni janrlar da peyda olub-himn, marş, sonet və s.

Soneti Azərbaycan poeziyasında yeni janr forması hesab edənlər əsla yanılmırlar. Tədqiqatçılar onun 800 yaşı olduğunu qeyd edirlər. Mən görkəmli teatr tənqidçisi, Avropa ədəbiyyatı bilicisi mərhum Cəfər Cəfərovun, filologiya elmləri doktoru, professor Seyfulla Əsədullayevin və gənc tədqiqatçı, filologiya elmləri namizədi Hüseyn Həşimlinin sonet janrı barədə bəzi fikirlərinə müraciət etmək istəyirəm. Cəfər Cəfərov dahi ingilis dramaturqu Vilyam Şekspirə həsr etdiyi məqaləsində yazır: “Sonet – lirik şeir janrlarından biridir, Orta çağlarda meydana çıxmış, öz klassik şəklini isə XIII əsrdə İtaliyada almışdır. Klassik sonet iki katrenə və iki tersetə, yəni iki dörd misralıq bəndə ayrılan 14 misralıq şeirdir. Misralar müəyyən qayda əsasında qafiyələnir, lakin klassik italyan soneti başqa ölkələrə yayıldıqda bəzi dəyişikliklərə uğramışdır. Bəndlərin quruluşu başqa şəkil almışdır. İngiltərədə, xüsusən Şekspir yaradıcılığında sonet 4+4+4+2 qaydası üzrə bəndlərə ayrılmışdır. Sonet janrı ilə əlaqədar bir də “Sonet əklili” məfhumu mövcuddur. Bu əklili bir-birilə bağlı olan 15 sonetdən təşkil edilir ki, axırıncı sonet əvvəlki 14 sonetin birincə misralarından düzəlir”

Seyfulla Əsədullayev yazır: “Sonetin ilk nümunəsini İtaliyada, “Siciliya məktəbi”nin nümayəndəsi, şairn Sakono da Lentini yaratmışdır (1220-ci illərdə). Hər bir həqiqi sonet kiçik bir dram əsəri sayılır. Sonetin bu qanunlarına cavab verməyən hər hansı bir on dörd misralıq şeir sonet yox, sadəcə on dörd misralıq şeir kimi də qalır. Həm bənd formaları (4 misra və 3 misra), həm də qafiyə müstəqilliyi ilə bir-birindən fərqlənən katrenləri və tersetləri vahid və bütöv bir poetik janr kimi birləşdirən, formalaşdıran amil, həm də əsas amil sonetin məzmunudur. Soneti poetik formaların şahmatı da adlandırırlar. Ən kiçik poetik həcmdə və lirik məkanda sonet özündə ən yüksək poetik enerji cəmləşdirir… Azərbaycan sovet poeziyasında ilk dəfə bu janra müraciət edən Mikayıl Müşfiq olmuşdur”.

Gənc tədqiqatçı Hüseyn Həşimlinin “Azərbaycan poeziyasında sonet və terset” monoqrafiyası (Bakı, “Elm”, 2003) mövzunu daha geniş əhatə edir və ən əsası budur ki, müəllif sonetin janr özəlliklərini və dünya ədəbiyyatında inkişaf yolunu izlədikdən sonra Azərbaycan poeziyasında sonetin təşəkkül mərhələsini, kamilləşmə və kütləviləşmə dövrünü də tədqiq edir. Onun fikrincə, Azərbaycan ədəbi mühitinə sonet bir janr kimi XX əsrin əvvəllərində vəsiqə almışdır. O, bizim poeziyada ilk sonet müəllifləri kimi Səid Səlmasinin, Hüseyn Cavidin, Əlipaşa Səburun, Əmin Abidin adlarını çəkir. 1920-1950-ci illərdə isə A.Şaiq, S.Vurğun, M.Müşfiq, A.Yıldırım,, Ə.Cəmil və Ə.Kürçaylının az sayda sonetləri olmuşdur. Azərbaycanda sonet janrı 1960-cı illərdən etibarən hərtərəfli yüksəliş yollarına qədəm qoymuş, bu illərdən başlayaraq janrın kamilləşmə və kütləviləşmə mərhələsi başlamışdır. Azərbaycan sonetinin ən məhsuldar yaradıcısı Adil Babayev olmuşdur. Daha sonra Abbasağa, Şəkər Aslan, Abbas Abdulla, Sabir Mustafa, Elşad Səfərli, Vaqif Hüseynov, Vəli Qaraxan, Əli Nasir, İltifat Saleh, Əhməd Haqsevər, Mirhaşım Talışlı, Balayar Sadiq və b. şairlər bu yolu davam etdirmişlər. Hətta Şəkər Aslan ilk sonet çələngini yaratmışdır.

Əziz oxucu! Əsas mətləbə keçməmişdən öncə sizə sonet janrı barədə oxuduqlarımızdan, bildiklərimizdən bəzi məlumatlar verdik, elə güman edirik, sizə də faydalı olar.

Son illərdə bu janra müraciət edən müəlliflərdən biri də Miryusif Mirnəsiroğludur.

Miryusif Mirnəsiroğlu əyalətdə yaşayır, amma onu qətiyyən “əyalət şairi” hesab eləmək olmaz. O, ədəbi nəşrlərdə, xüsusilə “Kredo” qəzetində öz yazıları ilə tez-tez çıxış edir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür,üstəlik Azərbaycan Jurnalistlər və Azərbaycan Teatr Xadimləri İttifaqının da üzvüdür. Məlumat verim ki, onun rus dilində də şeirlər kitabı çıxıb və indi, rusca kitab nəşr elətdirmək hər şairə müyəssər olmur. Kitablarının sayını bilmirəm. Bildiyim odur ki, Miryusif Mirnəsiroğlu təbi qaynar, ilhamı çağlar şairdir, bədii yaradıcılıq onun xobbisi yox, iliyinə, qanına işləyən, onu rahat buraxmayan yaşamaq yanğısıdır. “Yazıramsa, deməli, yaşayıram”.

Miryusif müəllimin sonetləri formaca Şekspir sonetləri tərzindədir. Yəni ingilis soneti. Amma bu sonetlərdə Azərbaycan mənəviyyatı, bir azərbaycanlının keçirdiyi hiss və duyğular əks olunmuşdur.

Müəllif mövzusuna görə sonetlərini üç bölgüdə yerləşdirib: Vətən sonetləri, Məhəbbət sonetləri, Fəlsəfi sonetlər. Bir də hər bir sonetin axırıncı iki misrasını ayrıda təqdim edib və bu da onun öz fikirlərini ümumiləşdirməsi üçün mənalı bir sonluq kimi nəzərə çarpır.

Vətənə həsr olunan sonetlər təkcə Azərbaycanın vəsfi ilə məhdudlaşmır. Bu sonetlərdə əsas obraz Azərbaycan olsa da, “Mən və Azərbaycan” xətti də diqqəti xüsusilə cəlb edir. Yəni şair bu yurdun, bu Vətənin bir övladı kimi xalqı, mənsub olduğu millətin qarşısında hesabat verir.

Yetmiş iki yaşlı bir əsgərəm mən,

Çəkirəm keşiyin Vətən mülkünün.

El məhəbbətindən, el sevincindən,

Şeiriyyət şərbətin içirəm hər gün.

Qələmim süngüylə əvəzlənibdir,

Hər kəlməm gülləyə dönübdür indi.

Əzəldən bu Vətən əzizlənibdir,

Qorxu hissi bizdən büsbütün gendi.

Şeirlərim ilə hörmüşəm qala,

Əsrlər keçsə də, dağılan deyil.

Bürcləri Günəşə çatır az qala,

Bu qala heç zaman alınan deyil.

Tikdiyim bu qala-Azərbaycanım,

O mənim şərəfim, şöhrətim, şanım.

Diqqət yetirsəniz, görəcəksiniz ki, bu sonetdə bircə artıq misra belə yoxdur, bütün misralar, sonra katenlər bir-birilə zəncir kimi bağlıdırlar və bu mənada Miryusifin hər bir soneti balaca bir binanı xatırladır. Həm də üç katrendən sonra tamamlayıcı funksiyasını yerinə yetirən sonuncu iki misra isə həmin özülü çox möhkəm qoruyan iki sütun kimi diqqəti cəlb edir. Axırıncı, tamamlayıcı misralardan nümunə gətirmək istəyirəm:

Sən mənim qüdrətim,

namusum, canım,

Məhəbbət mənbəyim-

Azərbaycanım.

***

Müqəddəs Quranda belə ayə var:

-Vətəni sevməyən imansız olar!

***

Çürüyüb torpağa dönsə də tənim,

Vətən məhəbbətim azalmaz mənim.

***

Sənsiz çiçək kimi sollam, ey Vətən,

Öləndə torpağın ollam, ey Vətən.

İkinci mövzu məhəbbətin tərənnümüdür. Deyim ki, insan bütün ömrü boyu sevir. Bu sevgi gənclik hisslərindənmi gəlir, unuda bilmədiyin bir eşqin xatirələrimi səni yandırır, ya bəlkə yenidən vurulmusan? Bu suallara heç bir cavab vermək istəmirəm, çünki bu cavabları Miryusifin sonetlərində tapa bilərsiniz. Onun sonetlərində tərənnüm olunan məhəbbət safdır, təmizdir, heç bir təmanna, şəxsi istəklə bağlı deyil.

Dünya ədəbiyyatında eşqin ən böyük dastanını Füzuli öz “Divan”ında və “Leyli və Məcnun” poemasında qələmə alıb. “Yarəb, bəlayi eşq ilə qıl aşina məni, Bir dəm bəlayi eşqdən etmə cüda məni”-deyən Füzuli üçün eşq nəyi isə almaq, nəyəsə nail olmaq deyildi, nəyisə vermək, fəda olmaq, min dəfə ölüb-dirilmək idi. Füzuli deyirdi: “İldə bir qurban kəsərlər xəlqi-alam iyd üçün, Dəmbədəm, saatbəsaat mən sənin qurbanınam”. Bizim ən gözəl sevgi şeirlərimizdə Füzulidən, onun sevgi dəryasından bir zərrə vardır. O cümlədən, Miryusif Mirnəsiroğlunun sonetlərində də. ..

Sevgimin nə həddi, nə hüdudu var,

Yenə də sevirəm əvvəlki kimi.

Sevgimlə tapmışam əzəmət, vüqar,

Mənə eşqim olmuş könül həmdəmi.

Ömrün sonunadək sevəcəm belə,

Bu müdrik çağımda dolsam da yaşa.

Eşqim, məhəbbətim düşsə də dilə,

Həyatı sevgiylə vuracam başa.

Ay keçir, il keçir, fəsil dəyişir,

Yer üzü sevənlə boşalır, dolur.

İnsan təzələşir, nəsil dəyişir,

Təzə sevdalara düşənlər olur.

Nə qədər həyat var-məhəbbət vardır,

Sevgi xariqələr yaradacıqdır.

Amma təbii ki, Miryusifin təsvir etdiyi sevgi dünyası XXI əsrin -bu günümüzün sevənlərinin dünyasıdır. O ali hiss, o ilahi duyğu qətiyyən öz saflığını itirməyib, amma zaman dəyişib, görürsən ki, sevgiyə də qəlbinin yox, cibinin, imarətinin gözüylə baxanlar olur və Miryusifin məhəbbət sonetlərindəki o saflığın fonunda nə qədər prozaik görünürlər.

Sonet janrı əzəldən öz fəlsəfi məzmunu ilə də diqqəti cəlb edibdir və ən bariz nümunə kimi burada Şekspir sonetlərini xatırlamaq kifayətdir. Fəlsəfi sonet deyəndə, hər hansı bir sonetdə nəsə bir fəlsəfi fikir söyləmək, fəlsəfə elminin müddəalarını mənzum şəkildə təqdim eləmək nəzərdə tutulmur. Ən böyük fəlsəfi fikirlər çox zaman elə poeziyadan gəlir.Həyatın olum-ölüm, xeyir-şər, varlıq-yoxluq, məhəbbət-nifrət, müharibə-sülh qarşıdırmaları elə həyat fəlsəfəsi deyilmi? Miryusifin fəlsəfi sonetlərində də yaşadığımız bu dünyanın əksliklərini, ziddiyyət və təzadlarını görürük.Bu sonetlərdə İNSAN baş qəhrəmandır. Həyatı duyan, onun gözəlliklərindən zövq alan, yaradan bir insan. Bu insan pisliklərə, acılıqlara, şərə qarşı dözümsüzdür. Bu insanın qəlbi işıqla, nurla doludur.

İnsan var ölümüylə

ölümsüzlük qazanır,

Əbədi heykəl qurur hər

qəlbdə, hər ürəkdə.

Adam var daş parçası,

nə düşünür, nə yanır,

Belələri “diriykən ölülər”

deyilməkdə.

İnsan tanıyıram mən qonşu

su düşsə dara,

Rahatlıq tapa bilməz,

gələ bilməz yuxusu.

Adam tanıyıram ki, min yol

düşsə də tora,

Yenə haqqa yox deyər,

Allahdan yox qorxusu.

İnsan görmüşəm hər an

çəkir elin dərdini,

Səssiz şamtək yansa da,

bir dəfə uf söyləməz.

Adam görmüşəm daim

qoruyub öz fərdini,

Əlində çarə varkən

dərdə dərman eyləməz.

İnsan, adam…bu

fərqi görürük hər birimiz,

Gəlin, insanlıq üçün

yaşayaq, ömr edək biz.

…Mən sonda oxuculara üz tutub deyirəm. Miryusif Mirnəsiroğlunun 222 sonetini oxuyun, bunlar müasir poeziyamızda sonetə olan münasibətin yeni təzahürüdür. Bunlar həyatı yeni bədii boyalarla əks etdirən bir şairin axtarışlarıdır.

İlkin mənbə: anl.az

Müəllif: Vaqif YUSİFLİ

VAQİF YUSİFLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VAQİF SULTANLI – AZƏRBAYCAN ƏDƏBİ TƏNQİDİ

VAQİF SULTANLI – AZƏRBAYCAN ƏDƏBİ TƏNQİDİ


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru