Bədii qəhrəmanların şərəfinə adlandırılan sindromlar
Emma Bovari sindromu. İdeallaşdırılmış məhəbbət axtarışında olan, reallığı qəbul etməyən, reallıq hissəni itirən bir qadının faciəsi. Xroniki emosional məmnuniyyətsizlik, ağ atlı şahzadə axtarışı, istəkləri naminə hər şeyi qurban vermə.
Martin İden sindromu. Uğur qazanmaq üçün çalışırsınız, məqsədinizə nail olmusunuz, lakin həyata marağınız itib. Bütün maneələri dəf edərək, məqsədinizə çatsaz da, zövq ala bilmirsiniz, təhlükəli apatiya vəziyyətinə düşmüsünüz, hər şeyi təxirə salırsınız. İnsan böyük arzuların yanında kiçik arzuları da saxlamalıdır.
Dorian Qrey sindromu. Xarici görünüşünüz, fiziki cəlbediciliyiniz sizdə maniakal narahatlıq yaradır, qocalığı qəbul etmirsiniz, qocalmaqdan çox qorxursunuz, bunu geyiminizlə, estetik əməliyyatlarla, kosmetoloji vasitələrlə kompensasiya etməyə çalışırsınız.
Piter Pen sindromu. Böyümək istəmirlər, daha çox kişilər sindromdan əziyyət çəkirlər. Digər adı kidaltdır-“yetkin uşaq”. Uşaq kimi davranırlar. Ölkəmizdə belə kişilər çoxluq təşkil edir.
Vendi sindromu. Uşaq olsalar da, yetkin kimi davranırlar, daha çox qadınlarda müşahidə olunur, ana mövqeyində çıxış edirlər, perfeksionistdirlər.Müdrik qadın obrazına ayaq uydurmağa çalışırlar. Rədd edilmə qorxusu buna səbəb ola bilər, ölkəmizdə qadınların çoxu bu sindromdan əziyyət çəkir.
Alisa möcüzələr diyarında sindromu. İnsanlar ətradakı əşyaların proposiyasını dərk etməkdə çətinlik çəkirlər, həmin əşyalar onların gözünə ya çox böyük, ya da çox kiçik görsənir.
Plyuşkin sindromu. Digər adları Diogen sindromu, sillaqamaniya, yığıcılıq vərdişi. Bu, qocaldıqca meydana çıxan kəmağıllılıq nəticəsində lazımsız əşyaları toplamaq vərdişidir. Bəzən belə mənzillərdə yaşamaq mümkün olmur.
Edip kompleksi. Öz atasını öldürüb anası ilə evlənən Çar Ediplə əlaqəlidir. Ziqmund Freyd uşağın anası ilə seksual arzularını, atasını qısqanmağını bu cür adlandırırdı.
Elektra kompleksi. Qızın atası ilə bağlı seksual arzularını Freyd bu cür adlandırırdı.
Verter effekti. Hötenin “Gənc Verterin iztirabları” əsərindən götürülüb, “kütləvi intiharlar” bu cür adlanır.
Münhauzen sindromu. Hazırda simulyativ pozuntu adlanır. Başqalarını xəstə olduqlarına inandırırlar.
Kral Lir sindromu. Əsər bir növ övladlarının xüsusi oldqularına, onların heç vaxt tərk etməyəcəyinə kor-koranə inanan valideynlərə nəsihət xarakteri daşıyır. Valideyn və övlad arasında bağın olmaması, uşaqların qullarına çevrilməsi, ləyaqətlərini, individuallıqlarını itimələri.
Ledi Maqbet sindromu və ya Ponti Pilat sindromu. İnsan psixikasında mental və fiziki təmizliyin əlaqəsindən ibarətdir. Üst-başları təmizdirsə, insanlar elə bilirlər ki, içləri də təmizdir, günahlarını yumaq istəyirlər.
Sinderella sindromu. Qurban kompleksli xanımlar-mütilik, fağırlıq, itaətkarlıq, fədakarlıq. Müstəqillikdən qorxurlar, ndiki zamanda yaşamırlar. Möcüzəyə bəslədikləri inam passiv həyat tərzinə bəhanə olur. Analarının qoyduqları qayda-qanunların əsirinə çevrilirlər.Uğur qazanmaqdan qorxular, uşaqlıqda manipulyasiya olunurlar.
Yatmış gözəl sindromu və ya Kleyne-Levin sindromu. Hipersomniya. Bu sindromdan əziyyət çəkənləri yuxudan oyandırmaq çətin olur, apatiya, səsə, işığa qarşı həssaslıq, hallüsinasiya, qeyri-sağlam, qidalanma, hiperseksuallıq, (daha çox kişilərdə) depressiya əlamətləridir.
Haklberri Finn sindromu. Məktəb dövründə itaətsizliklə başlayır, yetkinlik yaşına çatdıqdan sonra iş yerini tez-tez dəyişməklə, səbəbsizcə iş yerinə getməməklə müşahidə olunur. Boşluq hissindən əziyyət çəkirlər, o hissi doldurmaq üçün daim axtarışdadırlar. Heç vaxt heç kimlə özlərini rahat hiss etmirlər, məsuliyyətdən qaçırlar, ata fiqurları dağıdıcı olur, özünəhörmət hissi aşağıdır, stabilliklə problemləri olur.
Polianna sindromu. Təhlükəli optimizm. Ən pis hadisələrdə yaxşı şey axtarırlar. Həyata çəhrayı eynəkdən baxırlar, süni evinc, təhrif olunmuş reallıq sindroma xasdır.
İstinad olunan mənbə: Lamiyə Göycəyeva, kopirayter
Vaqif Yusifli-filologiya elmləri doktoru, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri.
ÜZÜ DAN YERİNƏ, SEVİNDİK!
Deyirlər ki, Aleksandr Sergeyeviç Puşkin yeddi-səkkiz yaşlarında şeir yazmağa başlayıb. Liseydə oxuyanda müəllimləri qarşısında şeir söyləyib.
Deyirlər ki, Mirzə Ələkbər Sabir də Seyid Əzimin şagirdi olanda şeir oxuyub ona: “Tutdum orucu irəmazanda”…
Deyirlər ki, Cəfər Cabbarlı yaradıcılığa 11-12 yaşlarından həvəs göstərib və çox keçmədən mətbuatda şeirləri dərc olunub.
Ancaq biz Sevindik Nəsiboğlunu nə Puşkinlə, nə Cabbarlı ilə, nə də Sabirlə müqayisə edirik. Və qətiyyən bu fikirdə deyilik, 15 yaşı hələ tamam olmamış, amma 7-8 yaşlarından mətbuatda şeirləri ilə çıxış edən və 15 yaşında artıq 5 kitabın müəllifi olan Sevindik Nəsiboğlu Azərbaycanın böyük şairi olacaq. Yox! Qarşıda aylar, illər var və Sevindiyin özünü əsl şair kimi təsdiq edəcəyi tarix hələ qabaqdadır. Ancaq bu 5 kitab və o kitablarda toplanan şeirlər, publisistik məqalələr mənə haqq verir deyəm ki, Sevindik Nəsiboğlu istedaddır.
15 yaşı hələ tamam olmayana bizdə uşaq deyirlər, ya da ilk gənclik dövrünü yaşayan… Amma ona nə uşaq deyirəm, nə də yeniyetmə.
Sevindik Nəsiboğlu tanrının ona bəxş elədiyi bu mənəvi qüvvənin hələ başlanğıc mərhələsini yaşayır. Amma şəxsən məndə böyük bir inam hissi var ki, onun istedadı daha da parlayacaq.
Onun ilk şeirlər kitabının adı “Dünyamsan Azərbaycan” adlanır (2018). 10 yaşı vardı o zaman. Bu kitabda toplanan şeirlər vətənpərvərlik ruhunda qələmə alınıb. 10 yaşlı uşağın – məktəblinin Vətən sevdalısı olması sizə heç də qəribə görünməsin. Vətənpərvərlik – Vətən sevdası təkcə ailədən, məktəbdən gəlmir, həm də süddən, qandan gəlir. Bu şeirləri yazanda Azərbaycanın cənnət guşələri – Qarabağ hələ işğal altında idi. Bir çox şairlərimizin şeirlərində bədbinlik, ümidsizlik motivləri ilə qarşılaşırdıq. Və bunun da səbəbi vardı. Bizə elə gəlirdi ki, daha Qarabağı – Şuşanı itirmişik. Amma 2020-ci ilin 44 günlük Vətən müharibəsi bütün bu bədbinliyə son qoydu. Sevindik Nəsiboğlu heç də bədbinliyə qapılmırdı. Heç bir şeirində mənə rast gəlmədi ki, o, tam kədərli olsun, ağlasın-sıtqasın, qəm-qüssəyə batsın.
Bura Natəvanın yurdu,
O, sinəndə yuva qurdu.
Yaşasın qəhrəman ordu,
Narahat olma, Qarabağ.
“Könüllərə yol gəzirəm” (2020) və “Möhtəşəm zəfərin nişanəsi” şeirlər kitablarında isə Sevindik Nəsiboğlunun addımları daha inamlıdır. Hiss edirsən ki, o, şeiriyyət aləmi deyilən bu böyük mənəvi Vətəndə özünü təsdiq etməyə can atır, bir gənc şair kimi axtarışlar aparır. Çalışır ki, hər hansı bir şeirində öz ürəyindən keçən hisslərini, duyğularını poeziya dili ilə oxucularına çatdırsın.
O şeirləri oxuyuruq və görürük ki, Sevindik başdan ayağa, misradan misraya Azərbaycançıdır.
2020-ci ilə qədər yazdığı şeirlərdə mövzu müxtəlifliyi diqqəti cəlb edir. Vətənpərvərlik mövzu deyil, içdən qandan gələn şahanə duyğudur və Sevindik ordumuza, Şəhidlər xiyabanına, Azərbaycan əsgərlərinə, ayrı-ayrı qəhrəman oğullarımıza həsr etdiyi şeirlərində Vətənləşir. Təfsilata varıb şeirlərdən parçalar nümunə gətirə bilərik, yalnız “Vətən bayatıları”na üz tutaq:
Arar Şuşanı gözüm,
Qalmayıb canda dözüm.
Şuşasız üzüm gülməz,
Ağlayır kəlməm, sözüm.
Könüllərə yol gəzən Sevindik Şuşadan – Qarabağdan, Kəlbəcərdən, Xocalıdan keçir, yolu Naxçıvana, ana torpağımızın bir çox guşələrinə bağlanır.
Mən bilmirəm o, Nizaminin, Nəsiminin, Füzulinin, Sabirin əsərlərinə necə bələddir, amma onlara sevgisini əsirgəmir: “Dünya var olduqca yaşayacaqlar Nizami, Nəsimi, Füzuli, Sabir”. Ümumən, Sevindiyin öz doğma Azərbaycanının böyük sənətkarlarını vəsf etməsini alqışlayıram. Bakıxanov, Sabir, Müşfiq, Cabbarlı, Cabir Novruz, Vaqif Səmədoğlu… Hiss edirəm ki, onun mütaliə dairəsi də genişdir – amma bu mütaliə həm də sevgiylə yoğrulur. Vaqif Səmədoğlunun əziz xatirəsinə həsr etdiyi bir şeiri daha çox xoşladıq:
Gözlərdə bir sükut var,
Hər gün təzələnir.
Qaranlıqlar arasında,
Hər gün pislik gəlir, gedir.
Sanki mən baltalanmışam,
Yerdə qıvrılır yazıq bədənim.
Gecə keçir, gecə keçir,
Pərdələr açır səhəri.
Sanki mən bahalanmışam
Yaşamağa qoymurlar məni
Səhərə bir inamla,
Açıram pərdələri.
Pislik məni gözləyir
Yola verirəm sevincləri.
Poemalarına gəldikdə bu janrda qələm çalma çox məsuliyyətli işdir. Cavid haqqında poema yazmaq o deməkdir ki, sənin içində, ruhunda və duyğularında bir Cavid var.
Mən Sevindik Nəsiboğluya şeirlə bağlı bir-iki tövsiyəmi bildirmək istəyirəm.
1. Onun əsl, mükəmməl şair olacağına inanıram. Amma o mükəmməlliyə yetişmək üçün şeirlərində obrazlı fikir söyləmək səviyyəsi də lazımdır. Bir az məzmunçuluqdan, nəqilçilikdən uzaqlaşmaq gərək.
2. Bizim şairlərdən Bəxtiyar Vahabzadə, Məmməd Arazı, Musa Yaqub, Əli Kərimi, Sərdar Əsədi, Ramiz Rövşəni, Vaqif Bayatlını diqqətlə oxu. Onları təqlid etmə, amma şairlərdən öyrən – sözə necə obrazlı yanaşıblar.
3. Səməd Vurğunu da, Rəsul Rzanı da, Hüseyn Arif, Nəbi Xəzrini də Süleyman Rüstəmi də oxu. Ümumiyyətlə, əvvəlki sənətkarları tanı, quruluşa – onların hansı dövrdə yaşadıqlarına əhəmiyyət vermə. Şeir şeirdir. Onları ona görə dönə-dönə oxu ki, şeiriyyətləri gözəldir.
4. “Azərbaycan” və “Ulduz” jurnallarını – onların hər sayını al, oxu. Ədəbi mənzərə ilə tanış ol.
5. Təkcə “Kredo”da yox, başqa qəzet və jurnallarda da dərc olun, qoy səni yaxşı tanısınlar. Sağ olsun Əli Rza Xələfli, səni tanıtdı, amma dairəni genişləndirmək lazımdır. Ədəbiyyat əyləncə deyil, sən bunu yaxşı başa düşürsən.
Sevindik Nəsiboğlu “Ulu Naxçıvanım” və “Möhtəşəm zəfərin nişanəsi” publisistik kitablarının da müəllifidir. “Ulu Naxçıvanım” məqalələr toplusunu, elə “Naxçıvannamə” də adlandırmaq olardı. Əgər mən onun şairliyinə mükəmməllik arzulayıramsa, publisistikası haqqında daha yaxşı fikirdəyəm. O, artıq əsl publisistdir! Özü də onun publisistik yazılarını bədii publisistika adlandırıram. Bu publisistikanın qəhrəmanları da bizə tanışdır – 44 günlük zəfər müharibəmizin qəhrəmanlarıdır…
Mən Sevindik Nəsiboğluya – bu 15 yaşlı gənc istedada inanıram. Yoluna davam et, Sevindik! Gələcək səni gözləyir! Üzü dan yerinə!
Absurdizm insanın “öz həyatına məna qatmaq” kimi ən təməl ehtiyacına kainatın “yersiz sükut”la qarşılıq verməsidir. Kamü insan həyatının absurdluğunu yunan mifologiyasındakı Sizif obrazının vəziyyətinə bənzədir. Belə ki, tanrılar onu iri bir daş parçasını dağ ilə üzüyuxarı qaldırmaqla cəzalandırırlar və o, daşın sonda yenə də aşağıya yuvarlanacağını bildiyi halda, bu mənasız tapşırığı ömrünün sonuna qədər yerinə yetirməyə məhkumdur.Həqiqətən vacib olan yeganə fəlsəfi problemin intihar olduğunu düşünən Kamü bu suala cavab verməyi qarşısına məqsəd qoyur: həyatın mənasızlığını və absurdluğunu anlamaq mütləq şəkildə intihar etməyi gərəkdirir? O, sualına cavab axtarmağa absurd vəziyyəti təsvir etməklə başlayır: biz həyatımızı sabaha olan ümidimizin üzərində qururuq, buna baxmayaraq, sabahki gün bizi ölümə daha da yaxınlaşdırır və əsas düşmənimizdir; insanlar həyatını sanki ölümün qaçılmazlığından xəbərsizmiş kimi yaşayır. Romantikləşmiş düşüncələri bir kənara qoysaq, dünya yad və qeyri-insani bir yerdir. Gerçək bilik dediyimiz şeyin mövcud olması mümkün deyil. Rasionallıq və elm dünyanı izah etməkdə acizdir, çünki onların irəli sürdüyü şeylər sadəcə mənasız abstraksiyalar və metaforalarla nəticələnir. Əslində, absurd olan dünyanın özü yox, insanın dünya haqda fikirləridir: insanın anlamaq ehtiyacı dünyanın mənasızlığı, “mütləq və vahid olana duyduğu aclıq” isə “bu dünyanı rasional və ağlabatan bir prinsipə uyğunlaşdırmağın mümkünsüzlüyü” ilə üz üzə gələndə absurd baş qaldırır.
Absurdu qəbul etmək bu mənasız dünyanın insana təklif etdiyi hər şeyə qucaq açmaq deməkdir. Məna olmayan həyatda heç bir dəyər bölgüsü də yoxdur. Beləliklə, sonda Kamü absurdluğunun fərqinə vararaq onunla yaşamağın üç şeylə nəticələndiyi fikrində dayanır: üsyan, azadlıq və ehtiras.
Şopenhauer və Nitşedən təsirlənən Kamü həyatın mahiyyətcə mənasız olduğunu iddia edir, baxmayaraq ki, insanlar varlığa nizam-intizam tətbiq etməyə və cavabsız suallara cavab axtarmağa davam edirlər.
Kamü tanrılar tərəfindən əbədiyyətə məhkum edilmiş Sizif haqqında Yunan əfsanəsindən metafor kimi istifadə edir. Həyatın əsas absurdluğuna qarşı fərdin inadlı mübarizəsinə görə. Kamüya görə, fərdin atmalı olduğu ilk addım bu absurd həqiqəti qəbul etməkdir. Sizifə gəlincə, intihar mümkün cavab deyilsə, yeganə alternativ daş daşı təpəyə yuvarlamaqla sevinərək üsyan etməkdir. Kamü daha sonra iddia edir ki, məğlubiyyətə qarşı mübarizənin sevinclə qəbul edilməsi ilə fərd tərif və şəxsiyyət qazanır.
Absurd, həyata məna vermək üçün əsas insan ehtiyacı ilə cavab olaraq kainatın “əsassız sükutu” arasında qarşıdurmadadır. Kamü iddia edir ki, absurdun həyata keçirilməsi intihara haqq qazandırmır və bunun əvəzinə “üsyan” tələb edir. Daha sonra o, absurd həyata bir neçə yanaşmanı təsvir edir. Son fəsildə Kamü insan həyatının absurdluğunu yunan mifologiyasının simalarından olan Sizifin vəziyyəti ilə müqayisə edir. Daşı dağa itələmək kimi eyni mənasız işi əbədi olaraq təkrarlamağa məhkum edilmişdi, ancaq yenidən yuvarlandığını görmək üçün. Oçerk belə yekunlaşır: “Mübarizənin özü… insanın ürəyini doldurmaq üçün kifayətdir. Sizifi xoşbəxt təsəvvür etmək lazımdır”.
Kamü qeyd edir ki, ” Şəxs Allaha inanmasa belə, intihar qanuni deyil”.
Ölümü zəncirlə bağlayan Sizif əfsanəsini təsvir edir ki, heç bir insan ölməsin. Absurdu qəbul etmək, ağılsız dünyanın təklif etdiyi hər şeyi qəbul etməyi nəzərdə tutur. Həyatın mənası yoxdursa, dəyərlər miqyası da yoxdur. Kamü Sizifi həyatı doyunca yaşayan, ölümə nifrət edən, mənasız işə
məhkum edilən absurd qəhrəman kimi görür. Sizifin aramsız və mənasız zəhmətini fabriklərdə və ofislərdə boş işlərdə işləməklə keçən müasir həyatların metaforası kimi təqdim edir. “İndiki işçi həyatında hər gün eyni işlərlə məşğul olur və bu aqibət heç də az absurd deyil. Ancaq şüurlu olduğu nadir anlarda faciəli olur.” Ölümü zəncirlə bağlayan Sizif əfsanəsini təsvir edir ki, heç bir insan ölməsin. Absurdu qəbul etmək, ağılsız dünyanın təklif etdiyi hər şeyi qəbul etməyi nəzərdə tutur. Həyatın mənası yoxdursa, dəyərlər miqyası da yoxdur. İnsan absurddan qaça bilməz. Kamü üçün insan absurd vəziyyətdədir. Absurd, bir tərəfdən dünyanın mənasızlığı ilə insanın məna və ya mənalı hərəkətə olan həsrəti arasındakı gərginlikdə yatır. O iddia edir ki, Sizif öz tapşırığının mənasızlığını və taleyinin əminliyini etiraf etdikdə, o, öz vəziyyətinin absurdluğunu dərk etmək və razılıqla qəbul etmək vəziyyətinə gəlməkdən azad olur. Əgər absurd varsa, o, yalnız insan aləmindədir. Absurdluqla mübarizənin üç ardıcıl səviyyəsi var: onun idrak, onların fərziyyəsi, yüksələn üsyan.
Kamü iddia edir ki, fəlsəfənin əsas sualı həyatın yaşamağa dəyərmi sualıdır. Bu, həyat və intihar arasında seçim etmək məsələsinə köklənir. İntihar xarici aləmdə olan müəyyən bir səbəbdən baş verir, lakin onun əsasını insanın daxili vəziyyəti təşkil edir. Absurd duyğusunun müxtəlif təzahürləri intihara səbəb olur: dünyanın insana biganəlik hissi, həyatın mənasızlığı, öz ölümünü dərk etmək və ən əsası, cansıxıcılıq hissi – həyatda təkrarlanan hadisələrin mənasını itirmək. O vurğulayır ki, dünya özlüyündə absurd deyil, absurd yalnız insan üçün dünya ilə qarşılaşdıqda mövcuddur. Absurddan iki çıxış yolu var: insanı dünyadan uzaqlaşdıran fiziki intihar və “fəlsəfi”. Sonuncu dinə qaçışdır, daha yaxşı gələcəyə ümiddir, bununla belə, problemi həll etmir, ancaq onu ört-basdır edir, müəyyən ali məqsədlə iztirablara haqq qazandırır. İnsan absurddan qaçmaq əvəzinə onu qəbul edə bilər. O, həyatın sonlu, gələcəyin bilinməməsi ilə barışaraq absurdda yaşamağa davam edir. O, dünyaya “meydan oxuyur” və bununla da özünü ucaldır. Belə insan mütləq əxlaqi dəyərləri inkar edir, onun üçün hər şeyə icazə verilir, lakin bu, özbaşınalığa çağırış deyil. Absurd adamı isə hər hansı bir hərəkətin nəticələrinin bərabərliyini və peşmanlığın mənasızlığını dərk edir. Qəbul edir ki, hər bir hərəkətin başqalarının qiymətləndirməsinə görə həm yaxşı, həm də pis bir nəticəsi var və cinayət törədəndə cəzalandırılmağa hazırdır – onun üçün günah yoxdur, amma məsuliyyət var.Absurd insan yaradıcı olmalıdır və onun yaradıcılığı göstərişlərdən və ya çərçivələrdən azaddır – absurd insan sadəcə olaraq gördüklərini və yaşadıqlarını təsvir edir. Absurd yaradıcılıqda özünü göstərir və bununla da insan ona qalib gəlir. Yaradıcılığın mənası gündəlik həyatda sevinc tapmaqdır. Tanrılar inanırdılar ki, dünyada ağır və faydasız işdən daha dəhşətli bir şey yoxdur. Sizifin yaxşılığa ümidi yoxdur, həyatı mənasız və çətin keçir. Buna baxmayaraq, Kamü onu absurd qəhrəman hesab edir. Sizif daşını özü yuvarlayır, dəfələrlə dağın başına çıxır və buna görə də sevinir. Burada müəllif Sizif mifini insanın faydasız və fasiləsiz səyinin metaforası kimi təqdim edərək intihar və həyatın dəyəri məsələsini müzakirə edir. Bu yolla o,həyatımızın əhəmiyyətsiz olduğunu və yaratdığımızdan daha dəyərli olmadığını iddia edən absurd fəlsəfəsini qaldırır. “Sizifmifi”ndə mövcud olan ekzistensializm bizə hər bir insana öz varlığının mənasını verən fərdi qərarlar qəbul edərkən seçim etmək bacarığını təqdim edir. Bu, vicdan üçün xəbərdarlıqdır. Absurddan xəbərdar olmaq intihar tələb edirmi? Kamü cavab verir: “Xeyr, bunun üçün üsyan lazımdır”.
Sizif öz xoşbəxtliyini bu tapşırığın mənasında deyil, üzərinə götürdüyü vəzifəni yerinə yetirməkdə tapır. Şüurlu olmaq bizə varlığımızı daha çox idarə etməyə imkan verir. “Sizif işgəncəsini yaşamaq”
faktı o deməkdir ki, insan heç vaxt sonunu və kulminasiyasını görmədiyi təkrarlanan absurd bir vəziyyət yaşayır
Əsərdən sitatlar:
Yalnız bir ciddi fəlsəfi problem var: o, intihardır.
Miflər təxəyyül üçün yaradılmışdır ki, onları canlandırsın.
Bu odur ki, əslində yolun əhəmiyyəti yoxdur, çatmaq istəyi hər şeyə kifayətdir .
Absurd dünyadan olduğu qədər insandan da asılıdır.
Çingiz Aytmatovun “Cəmilə” əsərində qadının romantik “xəyanəti”.
Giriş. Qırğız yazıçısı sevilən yazar Çingiz Aytmatovun qələmə aldığı ən gözəl eşq hekayəsi “Cəmilə” əsərində sevginin, məhəbbətin, mərdliyin, dəyanətin gücü azyaşlı yeniyetmənin aləmində ilahiləşdirilir. Əsərin hər cümləsindən, sözlərindən paklıq damlayır, obrazların yaşadığı duyğular oxucunu vəcdə gətirir,əsərin ruhundan şəffaflıq axır, oxucunun, sanki gözlərini qamaşdırır. Əsər cavan, qoçaq oğlanın-Seyidin dilindən nəql edilir. Əsərdə yeganə təhkiyəçi odur. Bu, təsadüf deyil. Aytmatov Talas vadisində cərəyan edən Cəmilənin əhvalatının bilavasitə şahidi olmuş və həmin hadisələri bir neçə il sonra qələmə almışdır. Güman edirik ki, Seyid yazıçının proobrazıdır. Əslində əsər uşağın həyatından, onun gizli dünyasından, duyğularından, istəklərindən, uşaqlığının bir hissəsindən bəhs edir və bu eşq hekayəsinin yeganə canlı şahidi olur.
Cəmilənin həbs olunmuş xəyalları. Əsərin baş qadın qəhrəmanı Cəmilə çalışqan, zəhmətkeş, möhkəm, bacarıqlı, tündxasiyyət bir qırğız gəlini idi. Dağ aili Bəkayirdə ilxıçı qızı idi, atlara yaxşı bələd idi, evin yeganə övladı idi ,xarakterində kobudluq hiss olunurdu ,ailə üzvlərinə qarşı hörmətli, sözə qulaq asan, açıqsözlü, açıqfikirli, ürəyitəmiz bir ev gəlini idi ,lakin eyni zamanda onda mütilik,itaətkarlıq qətiyyən hiss olunmurdu. Cəmilənin xarakteri ailə üzvlərini ,xüsusilə də qayınanasını açmasa da o narazılıq etmir, gəlinini çox sevirdi. Ailəsi onun xoşbəxtliyini, səadətini varlı xoşbəxt evə düşməyində görürdülər. Aildə ən vacib qayda-qanun gəlinin öz xoşbəxtliyi naminə namusunu və vicdanını qoruya bilməsi idi. Cəmilə deyib-gülən, şən, zarafatcıl bir qız idi, özünə azadlıq vermişdi. Xarakterində diribaşlıq, dilli-dilavərlik daha çox nəzərə çarpırdı, cigitlərlə qəhqəhə çəkir, şıltaq hərəkətlər edirdi.
Cəmilə-Sadıq “məhəbbəti”. Onların tanışlığı da müəmmalıdır: baharda cıdır zamanı Cəmilə ilxıçı Sadığı məğlub etmiş, Sadıq bu məğlubiyyətin heyfini Cəmiləni qaçırdaraq çıxmışdı . Sevərək evləndiklərini iddia edənlər də vardı. Hər halda ail əhli belə danışırdı. Əsəri gözdən keçirən zaman bu evliliyin əvvəldən sevgi əsasında qurulmadığı aydın duyulur. 4 aylıq birgə münasibətdən sonra Cəmilənin əri müharibənin başlanması ilə əlaqədar orduya çağrılmışdı və Cəmilə ərinin yalnız 3 ildi, yolunu gözlədiyi “məktubları” ilə təsəlli tapırdı. Daniyarın kəndə gəlişi sanki əsl “müharibənin” başlanğıcı oldu. Cəmilənin qəlbində soyuq küləklər əsdirdi, onun ruhunu tamamilə qoparıb apardı. Cəmilə hər kənd qadını kimi ağır işlər görürdü, ancaq bu, həsrətlə ərindən gözlədiyi məktubun gəlməsi və adının axırda laqeyd şəkildə çəkilməsi qədər ağır ola bilməzdi. Qadın elə bir varlıqdır ki hətta xəyanəti belə bağışlayar, fəqət soyuqluğu, yadlığı, sevgisizliyi bağışlamaz. Hər əzab-əziyyətə dözər, ərinin hər cəfasını çəkər, qəlbi qırılsa da dinməz, sevgi görməsə, sevgi gülləri qəlbində susuz qalsa, onu heç bir qüvvə əvvəlki halına qaytara bilməz, yenidən eşq toxumu artıq cücərməz.
Sadıqın gecikmiş “məhəbbəti”.
Qadının və kişinin xoşbəxtliyi nədə idi? Cəmilə və Sadıq xoşbəxt idi mi? Cəmilə ailin cigitlərilə mehriban və səmimi davranırdı . Buna rəğmən onun qəlbində yığılıb qalmış sevgiyə əsl ehtiyac hissi vardı. Onlar xoşbəxt deyildilər və bu xoşbəxtliyin olmamasına nə onların aralarındakı məsafə, nə də Cəmilənin böyüdüyü mühitin neqativ təsiri səbəb olmuşdu. Məsafələr uzaq olsa da dualarla, istəklərlə görüşən qəlblər var. Cəmilə ər yox, məhəbbət axtarırdı. Sadıqın məhəbbəti isə gecikmişdi, o yetəri qədər xanımına məhəbbət bəsləyə, qayğı göstərə bilmədi. Sevmək üçün bunu dillə demək lazım deyil, sevgini hiss etdirməlisən, o isə xanımına bunu yaşada bilmədi. Əsl xoşbəxtlik sevgini hiss etdirmək, öz həyat yoldaşına sevgini vermək, onun mənəvi ehtiyaclarını qarşılamaqdı. Cəmilə bu xoşbəxtlik məfhumunu düzgün dərk edərək, realist addım atdı və özünü Daniyara təslim etdi.
Cəmilənin xarakteri və ya səfil həyatına öyrəşməsi bu ayrılığa səbəb ola bilərdi mi? Cəmilə zarafatcıl, şıltaq, hətta ərköyün qız idi, o səadəti pulda, var-dövlətdə görmürdü, kənd əhlinin düşüncələrindən fərqli olaraq, reallıqla düşünmək lazım gəlsə, varlı ailənin üzvü olmaq, varlı ailədə övlad dünyaya gətirmək insana sevgi qazandırmır. “Sevgi ilə qarın doymur” deyirlər, amma Cəmilənin qəlbi ac idi, qəlbinin aclığı ona daha çox işgəncə verirdi, qarnı acqız üçün.
Cəmilə Sadıqı sevmirdisə, onun məktuba qarşı münasibəti niyə dəyişdi? Bəlkə də sevmək istəyirdi, lakin o bu sevginin qarşılığın görmədi. Ailin öz adət-ənənələri vardı, bunlardan biri də həyat yoldaşına yazılan məktubun olmaması idi. Düzdür, Sadıq onun adını axırda qeyd edirdi, lakin bu onun yoldaşına toxnunurdu, o ərindən daha çox qayğı, daha çox sevgi görmək istəyirdi, hər halda ərinin yolunu gözləyən bir qadının məktub almasını istənilən qadın arzulayar. Bizim fikrimizcə, ən azından o ,yoldaşına salam göndərmək yerinə “ondan muğayət olun, onu sizə tapşırıram” deməsi daha məqsədəuyğun olardı. Sadıq sevgi məktubu göndərə bilməzdi, buna ehtiyac da yox idi ,amma 3 ildən sonra qadınına qarşı belə saymazlıq etməsi Cəmilənin hislərindən yan keçmədi, doğrudur, sevən heç nəyə baxmır, amma bu sevgi qarşılıqlı olmaq şərtilə. Cəmiləni daha çox qəzəbləndirən ərinin gecikmiş məktubu daha doğrusu, gecikmiş sevgisi idi, çünki hər şey üçün artıq Sadıq gecikmişdi və onun bu hərəkəti Cəmiləni ərindən qaçmağa ondan uzaqlaşmağa sövq etdi.
Sadiq Cəmiləni sevirdi mi? Sevirdisə də Cəmiləyə bunu hiss etdirmək lazım idi .Onun buna ehtiyacı vardı. Cəmilə Allaha və ərinə sadiq olmağa çalışırdı, ailəsinin də istədiyi bu idi, lakin Cəmilə bu həyatdan sıxıldı, Sadıqdan qəlbi qırıldı və o ,təsəllini Daniyarda tapmağa çalışdı. Hər şey bir insanı sevməklə başlayar. Bəlkə də o sevirdi, buna baxmayaraq qəlbi artıq qırılmışdı və Daniyarla getdi, onun yanında xoşbəxtliyini tapdı, ondan sevgi qayğı gördü və onunla yaşlanmağa qərar verdi.
Müharibə olmasaydı Cəmilənin taleyi dəyişərdi mi? Sevən heç vaxt tərk etməz, hər halda ərinin varlığı belə olsa ondan sevgi görməsə yenə gedərdi, ərinin sevgisini uzaqdan hiss etmək ona kifayət edərdi, o, ərinin yanında olmağını deyil, ona sevgisini verməyini istəyirdi. Yanında olduğunu hiss etdirmək yanında olmaqdan daha önəmlidir. Müharibənin bu ayrılığın səbəbkarı olması yalnız bir bəhanə ola bilər. İllərlə ərlərinin yollarını gözləyən namuslu, ismətli qadınlar var. Cəmilə yenə gedəcəkdi ,öz səadətinin arxasınca gedəcəkdi, o sanki bunu əlində fənər gözləyirdi, ömür boyu bu eşqi axtarırdı və axır ki o bu eşqinə qovuşdu. O ac da olsa ,susuz da olsa xoşbəxtliyini tapıbsa, artıq onun var-dövlətə zərrə qədər də ehtiyacı yoxdur. O təngə gəlmişdi ,qəlbindəki boşluq onun bütün varlığına hakim kəsilmişdi və o səfil həyata belə razı idi ,yetər ki yenicə çiçək açmış ülvi məhəbbəti, sevgilisi onun yanında olsun.
Cəmilə daha tez gedə bilərdi, amma…
Gedə bilərdi, lakin bəlkə də axtardığı uzun illər gözlədiyi şəxslə qarşılaşmamışdı, bəlkə də əri ilə aralarındakı mənəvi məsafə onların yenicə çiçək açmış münasibətinin bitməsinə solmasına gətirib çıxartdı. Cəmilənin fikrincə dünyada qadın qəlbini başa düşən kişilər yoxdur, kişilər sadəcə özlərini düşünürlər. Qadın kişilərdə yaxşı gələcək, kişilər isə qadınlarda yaxşı keçmiş axtarır. Görünür, Cəmilə Sadıqda yaxşı gələcək görə bilmədi. Onun laqeyd münasibəti Cəmilənin qəlbini qırdı ,sanki qisas almaq hissilə bu addımı atdı və Sadığı Daniyara dəyişdi. Belə desək, pulu sevgiyə dəyişdi.
Fırtınalı eşq dastanı. Daniyar əsərin əsas sujet xəttini təşkil edən obrazlardan biridir. O, eyni aildən idi ,yetimliyin və həyatın hər sərt üzünü görmüşdü. Bir müddət sonra qohumları tərəfindən unudulmuş, elə burda məskunlaşmağa başlamışdı. Haqqında söz-söhbət yayılan bu cavan oğlan tez bir zamanda da unudulmuşdu. Onun açıq-aşkar olmayan simasında sanki bir fırtına qopur, soyuq küləklər əsirdi. Daniyar deyəndə ağıla qapalı, ciddi, sərt, adamayovuşmaz, qaradinməz, qaraqabaq, hamıdan qaçan, azdanışan bir xarakter gəlirdi. Həmişə ail əhli ilə məsafəli idi, fikri adətən, dağınıq olurdu. Onun dalğın, kədərli, xəyalpərvər gözləri, bitkin, yorğun və qəmgin baxışları insanın gözü qarşısında canlanırdı. Üzdən sakit və fağır görsənirdi, yalnızlığı özünə sirdaş seçmişdi. Müharibə nəticəsində insanlıqdan, qəlbindən başqa hər şeyini itirmişdi. Sanki torpaq onu qəbul etmək istəmirdi və o nəfəs alırdı. Cəmilənin onu lağa qoyması, ona qarşı laqeyd davranması Daniyarı heç vaxt özündən çıxarmamışdı. O, bütün ilhamverici mahnıları Cəmilə üçün oxuyurdu, onun qəlbindəki ehtirası, vurğunluğu, istəklə, arzu ilə coşub-daşan, vəcdə gələn hislərini sanki Cəmilə ortaya çıxara bilmişdi. Cəmilənin quraqlığa çevrilən qəlbinə yeni toxumlar səpən də o idi. Daniyar yalnız bir adamın vurğunu deyildi, sanki qəlbində daha böyük hislər baş qaldırmışdı, təbiətin ,dağların, torpağın, quşların ,bir sözlə həyatın vurğunu idi və bu duyğular onun zümzümə etdiyi mahnıda daha aydın özünü büruzə verirdi ,onu sanki bütün təbiət-çaylar ,yarpaqlar,dağlar-dərələr dinləyir və ifasından feyzab olurdu.
Daniyarın kisəni aparmaq cəsarəti gənc qızda hislər mi oyatdı? Cəmilə ilə qaynının qurduğu bu tələ uğursuz oldu və bu, Cəmiləyə şübhəsiz təsir göstərdi. Həmişə istehza dolu baxışları ilə Daniyarı təqib edən, onu ələ salan, öz şıltaqlığından yenə də vaz geçməyən Cəmilə belə bir hadisə ilə qarşılaşacağını təsəvvürünə belə gətirməzdi. Bu hadisədən sonra iztirab içində idi və vicdan əzabı çəkirdi. Onu ən çox incidən Daniyarın yaralı ayağı ilə o yükü daşıması yox, onun qəlbinin yaralı olması, Cəmiləyə zillənən yalvarış, mərhəmət, imdad dolu baxışları idi. Cəmilə hiss olunurdu ki, son vaxtlar artıq ondan çəkinirdi, cigitlərlə suda oynamaqdan belə utanır, Daniyarın kəskin, qəmli baxışlarını öz üzərində hiss edərək, geri addım atırdı. Daniyar sanki həm fərəh, həm də qüssə dolu baxışları ilə nəsə demək istəyirdi, görünür, o da səadətini gənc qızda görmüşdü. Onlar axtardıqları sevgini, xoşbəxtliyi bir-birlərində tapmışdılar. Cəmiləni artıq nə Sadığın məktubu, “sevgisi” ,nə də özü maraqlandırırdı . Bunun üçün artıq gec idi. Təbiət böyük bir eşqlə yaratdığını eyni təntənə ilə də məhv edər. Daniyar zahirən kasıb idi, lakin onun mənəviyyatı, zəngin eşqi, tükənməz sonsuz idi, bəzən insanlar həyatın köhnə qanunlarının amansızcasına pozulmasının əleyhinə idilər. Onlar Cəmilənin bu addımı ilə barışa bilmir, mental dəyərlərə zidd sayırdılar. Cəmilənin bu hərəkəti “romantik xəyanət” sayılır.
Cəmilə stereotipləri aşa bildimi? Cəmilənin mənəvi həyatı səfil idi, onun bu hərəkəti yolverilməz hesab oluna bilər, ancaq gənc qız çox qırıldı ,sevgi qarşılıqlı hörmət, qayğı, xoşbəxt həyat əsasında yaranır, onun qarşılığın görməsən, artıq sevginə, hörmətinə layiq olmayan insanla eyni dam altında yaşamağa ,bir evdə yaşlanmağa dəyməz. Cəmilə bunları dərk edirdi və artıq o, özünə haqq qazandıraraq, xoşbəxtliyinin arxasınca getdi. Sadıq ilk başda onun xəbərsiz gedişini bayağı qarşılasa da sonradan düşüncələrinin yalnış olduğunu başa düşdü.
Daniyar Cəmilə-Sadıq münasibətlərinin bitməsində rol oynadı mı? Cəmilənin yaşı az olsa da ağlı başında, düşüncəli bir qız idi, onu heç kim bu hərəkəti eləməyə vadar edə bilməzdi. O artıq qərarını vermişdi. Sadığın ona sonradan məktub göndərməsinin bir önəmi qalmamışdı. Ona daha o məktublar lazım deyildi.
Sevgi üçbucağı. Daniyar Cəmiləni sevirdi ,bu onun gizli, inadkar, yalvarış dolu baxışlarından hiss olunurdu, bəlkə də düşünürdü ki, o, əlçatmazdır və heç vaxt Cəmilə onun olmayacaq, amma özü də bilmədən Cəmilənin yatmış ruhunu oyatdı. Daniyar qəlbən vurğun adam idi. Onun məhəbbəti müqəddəs, böyük məhəbbət idi. Bu sevgini o, mahnılarında gizli saxlamış, onunla yaşamışdı. Laqeyd, dağınıq adam bu nəğmələri ürəkdən vurğunluqla səsləndirə bilməzdi. Müharibədən yaralı qayıtmış bu adam insanlardan uzaq dururdu. Əsərdə görünür, gestap Sovet rejiminə qarşı da kəskin etiraz motivləri var. Müharibənin hakim kəsilməsi və dəhşəti Daniyarın geyimindən, fiziki qüsurundan-axsamasından, soyuq davranışından, susqunluğundan hiss olunurdu, lakin ən yaxşı məsləhətçi zamandır. Zaman keçdikcə insan yaşadıqları məşəqqətləri, ağrıları, acıları, yaralarını unudur, bəzən də yaşadığı travmanın, əzabın qarşısında aciz qalır və təslim olur. Bəlkə də buna görə insan öz duyğularında gizlənir, qaranlıq tərəflərini göstərmir, heç kəs bu insanı anlamır, insan bəlkə də onu başa düşən birinin olmamasını bildiyi üçün öz daxili aləminə çəkilir və ətraf aləmdən təcrid olur.
Qadın nə istəyir? Ailə həyatı qayğıdır, özü üçün deyil də başqası üçün yaşamaqdır, həyat da bu zaman mənalı keçir, özü üçün yaşayanda isə ölüm qorxusu onu bütün ağuşuna alır. Ailə qurmaq asandır, lakin onu əldə saxlamaq, dağıtmamaq, qorumaq çətindir. Ailə qala kimidir, ora girmək istəyən çoxdur, mühafizə güclü olsa, o qalanı heç kəs dağıda, ora girə bilməz. İnsan ilk növbədə qalanı özü mühafizə etməlidir, özü dağıtmamalıdır, yalanı, xəyanəti, güvənsizliyi, sevgisizliyi ora buraxmamalıdır, yoxsa qala tez uçular. Cəmilə də mühafizə edə bilmədi, çünki qılıncı yox idi, qorumağa heç nə yox idi. Sadıq orduda mübarizə apardı, öz qalasını mühafizə edə bilmədi, nə özü qılınc oldu, nə də Cəmiləyə qılınc Verdi. Özü buna şərait yaratdı, öz cəsarətsizliyinin, qətiyyətsizliyinin qurbanı oldu. İnsan Allah üçün, qəlb üçün yaşamalıdır. Qəlbi yaradıb ki, insan sevsin, sevgisiz insan heçnədir, sevgi olmayanda, onun yerini nifrət alır. İnsan ilk öncə Allahını, sonra isə bəndələrini sevməlidir. Fırtına zamanı vəcdə gələn okean, göydə guruldayan şimşək kimi ifadələr əsərlərdə estetik ovqat yaradır. İnsan bəzən güllü-çiçəkli, bağlı-bağatlı çəmənliyi seyr edər, bəzən uçurumdan dərənin dibinə baxar, elə olur ki, uçurumun dibindəki gözəlliyə aldanıb özünü onun qucağına atır, həmin gözəllik də onun ölümünə bais olur. Birinci mənzərə sevinc hissidir, ikinci isə qorxu. Digəri isə xoşbəxtliyin görünməyən dəhşətli tərəfi. İnsan uçurumdan uzaqlaşmaq istədikcə, ona yaxınlaşır, əldə edə bilmədiyi şeylərin arxasınca qaçır, ona doğru can atır, daim həsrətini çəkir. Uçurum adlandırdığımız məfhum əslində insan qəlbinin dərinlikləridir, hər bir insanın qəlbi onun uçurumudur. İnsan, xüsusilə də qadınlar daim hislərinin, duyğularının əsiridir. Qəlbdə əgər nifrət məskən salıbsa, məhəbbət məğlub olur, insan hər kəsdən və hər şeydən qaçır, tənhalaşır, sonda bu həyatdan üz döndərir.
Gəlin-qayınana münasibətləri. Müasir dövr üçün bu iki ailə qadının münasibətləri ziddiyyətli olsa da, əsərdə bu halın tam əksilə qarşılaşırıq. Bunun da səbəbi maraqlıdır. Görəsən, Cəmilə kimi gəlinlərin sayı azalıb, yoxsa analar belə gəlini qəbul etmək istəmirlər, ya da belə qayınanalar azlıq təşkil edir, bəlkə də cəmiyyət qəbul etmir…Kiçik ana adlandırılan qəhrəman ana obrazı öz müsbət keyfiyyətlərilə yadda qalır: xeyirxah, üzüyola, fağır, çalışqan, zəhmətkeş, hörmətli, insaflı, ağıllı, təcrübəli, mehriban ev sahibəsi… Ananın sərtliyi və öcüşkənliyi yox idi, lakin onun ağır, tünd, adət-ənənəyə bağlı xasiyyəti də vardı. Gəlini Cəmiləni çox sevirdi, onun şıltaq hərəkətlərinə fikir vermir, yaşa dolandan sonra düzələcəyinə ümid edirdi, onun qəlbinin gizli hislərindən hamı xəbərsiz idi, ona nə qayınana, nə zəngin ev, şərait, nə də quruca bir ər lazım idi. Ona ən çox təsir edən gəlininin evdən vaxtsız gedişi oldu.
Qayınanasının və ya digər ailə üzvlərinin ciddi münasibəti Cəmilə üçün nəyisə dəyişərdi mi? Əgər qayınanası çox sərt olsa idi, deyərdilər ki, qayınanadan bezib getdi, amma qayınanası ən azından onu yoluna qoysa, gəlinə gəlin olduğun hiss elətdirsə idi, gəlin özü ilə hesablaşardı. Qayınana isə istəyirdi ki Cəmilə özü bunu etsin. “Gəlin düşdüyü ocaqda gəlindir” deyiblər. O gəlin ki özünü necə aparmaq qaydasını bilmədi, bunun sonu olmaz. Ən azından o bunu dərk etməli idi, davranışlarını nizama salmalı idi, qayınanası nə qədər ona sərt davransa da onun özünün ağlı başında olmalıdır, özü gəlin olduğun dərk etməlidir.
Geri dönüş oldumu? Sevginin təməlini “Cəmilə” ilə qoyan məhz Aytmatov oldu. Əsərin eşq qəhrəmanlarının sonrakı taleyi oxuculara məlum olmasa da Aytmatov qeyd edir ki, onlar artıq çox xoşbəxtdirlər və layiq olduqları məhəbbətlə yaşayırlar. Əlbəttə güman olunur ki, Cəmilə həyatın anlamını dərk etmiş və arzularına çatmışdır, geri dönüşün olması mümkün deyildi. Onu kimin, nəyin xoşbəxt edəcəyini, kilidlənmiş ürəyinin qıfılını kimdə və harada olduğunu tapdı, küt beyinli, daşlaşmış fikirlərin əsiri olan, düşünmək bacarığını tamamilə itirmiş insanların sözlərini önəmsəmədi. O, camaatın kasıb, fiziki qüsurlu Daniyarı tənqid etmələrinin belə fərqində deyildi. Heç kəs Daniyarın daxili zənginliyindən agah deyildi. Maraqlıdır ki, belə bir ciddi ail mühitində Cəmilənin cigitlərlə zarafatyana münasibəti, özünü bəzən yaşına uyğun olmayan tərzdə aparması deyil də öz səadətinin arxasınca qaçması daha çox ailin zoruna gedir, daha çox istehza və nifrətlə qarşılanırdı.
Cəmilənin günahı nə idi? Saf, pak hisləri qəlbində yaşatması ? Buna görə mi onu məzəmmət edirdilər? Cəsarətilə yaşaya bilməyən əsarətilə ölər. Yazıçı üçün ən böyük mövzu insandır və o, bəşər övladının düşüncələrini, istəklərini, xoşbəxtliyini, sevincini səadətini hər şeydən üstün hesab edirdi. Aytmatov insanları təqsirləndirmir, mühakimə etmirdi. Cəmiyyət basqısını, mühafizəkarlığını, şablon düşüncələrini sübut etməyə çalışır və insandan qat-qat aşağı səviyyədə olduğunu gözlərinin önünə sərir. Cəmilə doğurdan da heyrət doğurdu, güc-qüvvə inam verdi, cəsarət yaratdı, məqsədə çatmağın, istəklərə qovuşmağın, bu qaranlıq zindandan xilas olmağın heç vaxt gec olmadığını, arzuladığımız həyatı yaşamaq üçün kimsənin əngəl yarada bilməyəcəyini isbat etdi. İnsanların bir qismi həyatına sarılan qırılmaz zəncirlərdən qurtulub xoşbəxtliyə qovuşacağı günün xəyallarını qurur. “Başqaları nə deyər” düşüncəsi, mühakiməsi, tənəsi, ucuz və bulanıq fikirləri ilə yaşayan zaman isə artıq bütün arzularını, istəklərini basdırır, xəyallarını öldürür, puç edir, öz cəsarətini itirir və bu itkinin qurbanı olur. Bu düşüncələrdən, qaranlıq fikirlərdən azad olan, öz arzu və məqsədlərinin arxasınca gedən Cəmilə kimilərinin əzmkarlığı, mübarizəsi Daniyar kimilərinin zəngin, mənəviyyatlı olmaları, inam və ümidlərinin aşıb-daşması, nəhayət bu iki gəncin istəklərinin qovuşması insanları motivasiya edir, ruhlandırır, azad quş kimi qanadlandırır . Məsafələr belə uzaq olsa, dualarla görüşən qəlblər vardır.
Seyidin mükəmməl rəsm əsəri. Yazıçı bu sevgi hekayəsini Seyidin dilindən verir. Cəmiləni sevən onu qısqanan ona sahiblənən yeniyetmə qaynı burada diqqət çəkir. Bu obraz yazıçının prototipidir. O, daim doğma olmayan qardaşı arvadını qorumağa çalışır, hətta buna gücü yetməyəndə acıqlanırdı. Bəlkə də o, eyni qandan olan doğma qardaşı olsa idi, belə etməzdi. Cəmilə qaynının ona qarşı bildirdiyi iradını önəmsəmir, hətta inciyirdi. Hər halda Cəmilə özü nəyi necə edə biləcəyi bir qadın olduğunu düşünürdü və ona görə də azyaşlı qaynının etdiyi hərəkətlərinə acığı gəlir, çox vaxt ironiya ilə gülür, bəzən gülməkdən də özünü güclə saxlayırdı. Əsərdə diqqət çəkən məqamlardan biri də bu sirli məhəbbət başlayan andan etibarən adi karandaşla bunları təsvir edən Seyidin rəssamlığıdır. O, gələcəkdə rəssam olur və şahidi olduğu bu sevgini boyalarla təsvir edir, sanki o şəkilə baxanda Cəmilə ilə Daniyarın fizioqnomikası deyil, daxili aləmi daxili dünyası açıq-aşkar görünür. O, onların qısa zamanda şahidi olduğu xoşbəxtliyini rəsm əsərilə əbədiləşdirir və münasibətlərini dəstəkləyir.
Əsərin ideyası. Pozulması yalnış qayda-qanunun hər şeydən yüksəkdə duran məhəbbətdən aşağı olması. Yazıçının da əsl qələbəsi bu idi- sevgini hər şeyin fövqündə vermək və müqəddəsləşdirmək.
Əsəri oxuyanda sanki film izləyirsən və hər şey sənin gözlərinin qarşısında canlanır. Bu cür əsərlər ekranda yayımlanaraq, daha çox uğur qazanır. Onlardan biri də “Cəmilə”dir. Əsərin sujet xətti əsasında film də çəkilmişdir. Müəllif öz yurdunun-Talas vadisinin tarixinə, mədəniyyətinə,kültürünə, adət-ənənələrinə toxunur, vadinin dağları, yaylaqları, çayları aydın şəkildə təsvir olunur. Hətta bəzən özünü bir obraz kimi də görürsən. Əsərdə Aytmatov donmuş cəmiyyəti donmuş sular kimi “əritməyə” çalışır. Müharibənin simvolikası əsərdə Daniyardır. Onun aldığı fiziki və mənəvi travmalar, zərbələr və çəkdiyi iztirablar bunun bariz nümunəsidir. Qəlbi də özü də yaralı olan Daniyarı da bu sevgi dəyişir. Hər kəsə qarşı məsafəli olsa da Cəmilə ilə arasında körpü qurur. İroniya ilə başlanır və eşqlə davam edir. Onun bədbəxt olacağını düşünən camaat onun əsl xoşbəxtliyindən xəbərsiz idilər. Onlar isə heç nəyə baxmadılar və əl-ələ verərək, hər şeyi arxada qoyub getdilər. Onların xoşbəxt olacaqlarından Seyid əmin idi, ona görə də o nə qınıyır, nə də nigaran qalırdı. Aytmatov üçün insanın uğuru, həyatda əldə etdiyi qazanc insanın xoşbəxtliyidir, onun gerçəkləşən arzuları, xəyallarıdır. Cəmilə də sözün əsl mənasında təəccübləndirir, cəsarət verir, güc-qüvvə yaradır, boyunduruqdan çıxmağın heç vaxt gec olmadığını, yaşamaq istədiyin həyatı yaşamaq üçün heç kəsin maneə törədə bilməyəcəyini sübut edir, gələcək nəsillərə də bariz nümunə olur. Onu qınayan saxta, cahil insanlara bu gedişi ilə böyük iz qoyan “bomba” atır.
Təsadüf Allahın gizli təxəllüsüdür. Bəli, qismət də, tale də, alın yazısı da, qəza da, qədər də Allahın müxtəlif adlarıdır. Allah hər kəsə bir fürsət verir və insanın onu dəyərləndirməyini istəyir. Bəzən biz qarşılaşdığımız fürsətləri dəyərləndirir, imtahandan üzüağ çıxırıq, bəzən də Onun bizim üçün məsləhət bildiyi təsadüflərə, qismətə razı olur, mütiliklə boyun əyirik, elə olur ki, təəssüflənirik, elə də olur ki, sevinirik. Tale də sözün əsl mənasında Cəmilənin üzünə gülür və stansiyaya taxıl daşıyaraq, Daniyarla tanış olur. Daniyarın danışığından artıq onun həyat, sevgi –hər şey haqqında fərqli düşüncələri sahib olmasının şahidi oluruq və gənc oğlan düşüncələrini çox vaxt dilə gətirmir, xüsusilə də fəlakətli müharibə haqda danışmağa ürək eləmir, yalnız qəlbinin qapılarının Cəmiləyə açır.
Çingiz Aytmatovun “Cəmilə” əsəri sırf reallığına görə fərqlənir və mənəvi kolliziyaların insan həyatında rolunu göstərmişdir, qadın adət-ənənəyə bağlı olsa da öz fikirlərini ortaya qoymaqdan da çəkinmir, sərt rejimə qarşı çıxır. Cəmilənin yaşadığı mühitdə qanun-qayda hökm sürür və yaşayış da sıxıcıdır, gənc qız da bu mühitdən qopmaq, qurtulmaq istəyir, yəni əslində keçmişdən. Ona sevgi anlayışı yaddır, ideal sevgi axtarır. Yazıçı qadının fərdi xüsusiyyətlərini, etnik-milli psixologiyasını rahat şəkildə ortaya qoyur. Aytmatov yeni tipli insan obrazının formalaşması və təşəkkülündə böyük rol oynamışdır. İlk olaraq, əsərlərində sovet rejiminə qarşı çıxmış, müharibənin törətdiyi fəsadları açıq-aydın təsvir edir. O, obrazların mənəvi aləminin zənginliyini, rəngarəngliyini təbii şəkildə oxucuya təqdim edir, əsərlərində, kredosunda bəşəriliklə millilik vəhdət təşkil edir, harmoniya üzrə tarazlaşır, qəhrəmanların simasında müsbət, dərin insani keyfiyyətlər təzahür edir.
ƏLİ BƏY AZƏRİ-Əli Qurban oğlu Rzaquliyev 15 iyul 1966-cı ildə Zəngilan rayonu, Vejnəli kəndində anadan olub. Hazırda Xırdalan şəhərində yaşayır.
“NAR ÇUBUĞU”
Həmid əsgərlikdəydi, ölkənin qərb bölgəsində, özü də Sərhəd Qoşunlarının əlahiddə zastavasında qulluq edirdi. Taleyindən də çox razıydı, xidmətindən də. Həddi-buluğa çatmış kişi cinsindən olan vətəndaş kimi vətən qarşısında hərbi xidməti borcunu yerinə yetirməliydi, yetirirdi. Xidməti də normadaydı, heç nədən giley-güzarı yoxuydu. Yatmağa evdəki kimi hər bir şəraiti olan kazarmaları, hər zaman ətrafa ərzaq təamlarının xoş ətrini yayan yeməkxanaları, bir də on beş-iyirmi addımlıqdan sabun iyi ilə özünü bəlli edən hamamları vardı. Məşq keçmək üçün yaxşı idman şəhərciyi, voleybol meydançası ilə lap ürəklərindəndi. Ölkənin ucqarında yerləşən əlahiddə sərhəd zastavasında daha nə olmalıydı ki?
Əlahiddə zastavanın üç sərhəd məntəqəsi fəaliyyət göstərirdi. Onun ikisində sutkalıq naryad xidmət çəkirdi. Məntəqəyə naryada gedəndə özləri ilə ərzaq, bəzən quru ərzaq ehtiyatı da götürürdülər. Hava şəraitinə uyğun hərdən üç günlük getdikləri də olurdu. Amma bir məntəqə mərkəzdə yerləşirdi, naryad birbaşa zastavanın özündən təyin olunur, özündən də dəyişdirilirdi.
Hərbi xidmətə gələnə qədər Həmidin sərhəd haqqında baxışı başqaydı. O, sərhəd deyəndə başına tikanlı məftillər dolaşdırılmış hündür dirəklərdən ibarət bir hasar canlandırırdı. Həm də boş-boşuna dolaşdırılmış deyil, bir-birinə yaxın, nizamlı şəkildə, paralel və çarpaz olaraq tarım çəkilmiş tikanlı məftillərin arasından yumruq boyda bir canlı da keçə bilməzdi, mütləq ilişib qalmalıydı.
Nəhayət, hərbi xidmətdə karantini keçib sərhəd zastavasına gələndə göz işlədikcə uzanıb gedən açıq çöllərdə də ölkə sərhədlərinin müəyyənləşdirildiyinin şahidi oldu. Bu ərazilərdə sərhəd zolaqları alçaq dağların zirvəsi, kiçik təpələrin beli, dərin dərələrin dibi ilə müəyyənləşirdi. Bəzi yerlərdə isə sərhəd düzənliklərdən keçirdi. Burada sərhəddi qorumaq üçün növbətçi sərhədçilər təyin olunurdu. Onlar müşahidə ilə sərhəddi qoruyur, hava şəraitinin müxtəlifliyinə, şıdırğı yağışlara, qızmar günəşə, şiddətli küləyə baxmayaraq təyin olunmuş marşrutdan kənara çıxa bilməzdilər. Leysan yağışında, qasırğada belə vətən sərhəddində “bitib” qalmalıydılar. Belələrinə sərhədçi dilində “canlı dirək” deyirlər.
Həmid zastava rəisindən öyrənmişdi ki, düzənlik ərazilərdə sərhədləri müəyyənləşdirmək üçün hər yüz metrdən bir kömürlə dolu kisə basdırılıb, özü də indi yox, tifağı dağılmamış Sovetlər vaxtı. Amma nə vaxt və kim tərəfindən basdırıldığını deməmişdi, görünür bunu zastava rəisi özü də bilmirdi. Zastava rəisi onu da deyirdi ki, dənizdə, göldə, havada sərhəddi cihazlar vasitəsilə müəyyənləşdirirlər. Hər yerdə dirək basdırıb tikanlı məftillər çəkmək mümkün olmur.
Həmid sərhəd haqqında çox şey öyrənmişdi burda. Odur ki, o, Sərhəd Qoşunlarının bir əlahiddə zastavasında xidmət keçdiyinə görə sevinir, qürur duyur, fərəh hissi keçirirdi.
Tapşırığına, işinə hələ uşaqlıqdan məsuliyyətlə yanaşmağı özünə vərdiş eləmişdi Həmid. Dərslərini hazırlayanda, ya həyətlərində hansısa işlə məşğul olanda kimsə yaxınlaşıb fikrini yayındırsa, ya nə isə mane olsa tez qışqırıb özündən çıxar, həmin adamı acılayıb özündən uzaqlaşdırardı. Nənəsi onun adını “nar çubuğu” qoymuşdu, “yaxın getməyin, tikanları batar” deyirdi. Əvvəllər bu ada öyrəşə, uyğunlaşa bilmirdi Həmid. Zaman keçdikcə bu ləqəbi qəbul etdi, özünə doğmalaşdırdı, hətta ləqəbi ilə fəxr edirdi.
Sərhəd zastavasının radisti əsgərlərə şifrəli adlar müəyyənləşdirəndə özü demişdi ki, onun adının qabağında “nar çubuğu” yazsın.
Burada Həmidlə bərabər ölkənin müxtəlif bölgələrindən gələn əsgərlər də xidmət keçirdi, onunla bərabər gələnlər də vardı, ondan əvvəl gələnlər də. Xidmətin qaydası beləydi, müxtəlif çağırışlı əsgərlər xidməti bir-birinə öyrədə-öyrədə ötürməliydilər.
Həsən də həmin zastavada xidmət edən əsgərlərdən biriydi. Əsgər yoldaşları arasında öz fağırlığı, sakitliyi ilə seçilirdi. Bəxti gətirmişdi ki, Sərhəd Qoşunlarına düşmüşdü, yoxsa intizamsız bir yerə düşsəydi çoxdan qapazaltı eləmişdilər. Həsəni öz çağırışından olan əsgər yoldaşları sevmir, onunla yoldaşlıq etmirdilər, hətta gündəlik cüt naryada, patrula yazılmağa heç kim razılıq vermirdi. Adını “uğursuz” qoymuşdular.
Zastavanın radisti gülə-gülə Həsənə “uğursuz” şifrəsini təkrar müəyyənləşdirəndə Həmid də onların yanında idi. Həsən Həmiddən üç ay tez xidmətə başlamışdı. Zastavada da hər üç aydan bir bütün döyüş hesabatları, şifrələr, yuxarıdan verilən siqnalların yerinə yetirilmə qaydaları yenilənir, şəxsi heyətə öyrədilirdi. Çünki hər üç aydan bir kimlərsə ordu sıralarından tərxis olur, onların yerinə yeniləri gəlirdi.
-Həsən, onsuz da zastavada hamı səni uğursuz kimi tanıyır. Mən burda nə yazsam belə səni “uğursuz” çağıracaqlar. Gəl, məni çaşdırma, qoy dəftərdə də belə yazım.
Radistin təklifinə Həmid dərhal etiraz elədi:
-Mən Həsənlə birlikdə naryada getməyə razıyam. Ona “uğursuz” yazmayın.
Həmid ali təhsilli əsgər idi, bir il xidmət çəkəcəkdi. Özü də psixologiyanı bitirmişdi, insanlarla belə rəftarın nəyə gətirib çıxaracağını yaxşı bilirdi. Gələn gündən də Həsənə, onun hərəkətlərinə diqqət yetirmişdi. Kim nə deyirdi desin, Həsən bir ayrı Həsən idi, onu nahaqdan seçib Sərhəd Qoşunlarına xidmətə göndərməmişdilər. Boylu-buxunlu, canlı-cüssəliydi, ünsiyyətciliydi, amma di gəl ki, danışqanın biriydi, adamın lap zəhləsini tökənə kimi danışar, yaxasından əl çəkməzdi. Bir mənfi cəhəti də vardı, gündə yüz dəfə əlini yuyardı. Çox xudpəsənd idi, hər şeydən çimçəşərdi. Çöpəgüləyənliyi də vardı, kim nə deyirdi, irişirdi. Yataqdan qalxandan yuxuya gedənə kimi dodağı dodağının üstünə gəlməzdi. Hamıya qarşı diqqətli olmağa cəhd göstərsə də ondan gen qaçmağa çalışırdılar.
Həmid onu görən kimi nənəsini xatırladı. Nənəsi belə adamlara “tut ağacı” deyərdi. Tut ağacı meyvəsini kim istəsə verər, hətta meyvəsini ayaqlar altına səpərdi. Heç kim də bu, min bir dərdin dərmanı olan tutun qədir-qiymətini bilməz. Oğulsan, get nar ağacının meyvəsini dər, gör tikanları qollarında şıram açır, ya yox. Meyvəsini budaqda qurudar, qaxac edər, amma ayaqlar altına tökməz. Bütün bunları nənəsindən öyrənmişdi Həmid. Madam ki, o, Həsənlə bundan sonra birlikdə naryada çıxmağa razılıq verirdi, elə özü də ona xoşagələn şifrə deməliydi.
-Həsənə “tut ağacı” yazın.
-Nə? “Tut ağacı”? – Radist xüsusi qəribəliklə onu süzdü.
Elə Həsən özü qarışıq orda olan bütün əsgərlər gülüşdülər, day Həmid bilmədi ki, Həsən sevincindən gülür, yoxsa, dərk etməyib çöpəgüləyənliyindən… Əsgərlərdən bəziləri bir az da qabağa gedərək dodaqaltı zümzümə etməyə başladılar: “Tut ağacııı… tut ağacı…”
Beləliklə, bir müddət keçdi. İndi Həsənlə xidmətə çıxanlar olurdu. Daha az-az hallarda Həsənlə Həmid birlikdə xidmətə düşürdülər.
Bir gün necə oldusa, yenə də onlar naryada birlikdə çıxası oldular. Həmid üçüncü posta, Həsən isə dördüncü posta təyin olundu, hər ikisi eyni növbəyə düşdü. Onların qoruduğu sərhəd zolağı adsız təpələrin beli ilə müəyyənləşirdi. Bircə kəsişmə dağının adı bəlliydi: Keşikçidağ.
Keşikçidağ deyilən çox da hündür olmayan silsilə dağlıq ərazidə ən hündür zirvə sayılırdı, orada durub durbinlə böyük bir ərazini müşahidə etmək mümkündü.
Həmin gün naryad bölgüsü, nədənsə, Həmidə çox qəribə göründü. Əslində, qəribəlik naryadda yox, zastava növbətçisinin hərəkətlərində idi. Hamı nizamla öz yerində düzülmüşdü, növbətçi isə əsəbi hərəkətlər edirdi.
-Gündəlik naryad, düzlən.
Hamı nizamnamə üzrə düzlənsə də növbətçinin xoşuna gəlmədi.
-Olmadı.
Bu komandalar bir neçə dəfə təkrarlandı. Nəhayət ki:
-Farağat!
Hamı “farağat” vəziyyətində donub qaldı, elə bil döyüş bayrağının qabağında fəxri qarovulda durublar. Kapitan sağa-sola göz gəzdirib bir müddət naryada gedən şəxsi heyətin “əsəb dayanıqlığı”nı yoxladıqdan sonra növbəti komandasını səsləndirdi:
-Azərbaycan Respublikası adından əmr edirəm: Dövlət sərhədlərinin Ceyrançöl zastavası üzrə zolağını postların tabellərinə müvafiq müdafiəyə və mühafizəyə qəbul edin.
-Oldu. Vətənə xidmət edirik. – Bir ağızdan səsləndirdilər.
Kapitanın yenə xoşuna gəlmədi, deyəsən…
-Bir də… – kapitan daha ucadan səsləndi.
-Vətənim Azərbaycana xidmət edirik!
“Bax, bu, başqa məsələ!” – Öz-özünə danışan kapitan ani olaraq gülümsündü, tez də özünü yığışdırdı. Cərgədəkilər onun reaksiyasını gözləyirdilər.
-Azad. – Kapitan bu komandanı verib dərindən nəfəs aldı. – Xəbəriniz olsun ki, mehriban qonşu bildiyimiz gürcülər erməni terrorçusu, Xocalıda bir sıra vəhşiliklər törədən Mixail Avakyana abidə ucaldıblar. Biz başa düşürük ki, bu iş Gürcüstanda yaşayan ermənilərin əməlidir. Onların əli lap yuxarılara da çata bilər. Gürcüstanda çoxlu erməni yaşayır, gürcüləşmiş, yəni sənəddə gürcü, əslində isə erməni olanlar da az deyil. Onlar çalışacaqlar ki, hazırda mehriban qonşuluq münasibətində olduğumuz gürcülərlə də araya nifaq salsınlar. Tam ayıq-sayıq olmalıyıq. Qarşı tərəfdə hər hansı bir xoşagəlməz hadisə – yəqin başa düşürsünüz də sərhədçi üçün xoşagəlməz hadisə nə deməkdir – müşahidə edən kimi mərkəzə məlumat verin.
Kapitan cibindən dəsmal çıxardıb alnının tərini sildi – aprel ayı olmasına baxmayaraq buralarda istilər tez düşmüşdü – sonra özünü cəmləşdirib komanda verdi:
-Sağaa… dönn! Xidmət yerinə… addımlaa… marş!
Ertəsi gün səhər obaşdan günəş qaranlıq pərdəni yer üzərindən qaldırıb ətrafı işıqlandırdı. Bu yerlərdə yazın havası bir başqa cür olur. Adam istəyir ki, elə göy otların üzərinə uzanıb yatsın.
Həmidlə Həsən postlarını qəbul edəndən sonra durbinlə ərazini müşahidə etdilər.
-“Naar…” – Həsən səsləndi.
-Sənə deməmişəm mənə “nar” demə?
-Noolsun e… demisən?! İndi bütün dünya ixtisarla işləyir. Bir də bizi dinləyənlər qoy dolaşıq düşsünlər.
-Bizi özümüzünkülər dinləyir, ilk növbədə. Bir rabitə mədəniyyətimiz olmalıdı, ona riayət eləməliyik.
-Oldu, cənab rəis.
-Yaxşı, söylə görüm, nə demək istəyirdin?
-Sən gürcülərdən ərazidə kimisə gördün?
-Sən gördünsə, mən də gördüm.
-Alə, bunlar nə kefqomdular. Sərhəd-zad qoruyub eləmirlər e…
-Sənə-mənə arxayındılar, ona görə. Yeri get, postunu dolaş. Diqqətli ol. Sənə gürcü lazımdır?
-Yox e… elə-belə dedim…
Həsən üzüyuxarı getdi. Onun postu üzüyuxarı təpələrin belindən keçirdi. Yarım saatdan sonra bir də görüşdülər. Bu vaxta qədər Həmid də aşağı təpələri fırlanıb müşahidəsini aparmışdı.
-Həmid…
-İndi nədi, Həsən?
-Deyirəm ki, ali təhsilliləri, adətən, kiçik komandir kursuna göndərirdilər. Sən çavuş kursuna da gedə bilərdin. Ağlın olardı, gedərdin, indi də mənimlə bərabər gözətçi kimi postda durmazdın.
-Həsəənnn… Dəstə Qərargahında mənə təklif elədilər, özüm razılaşmadım.
-Nahaq.
-Özüm belə istədim. Mən sizdən fərqli olaraq cəmisi bir il qulluq edəcəyəm. Onun da iki ayı karantinə, andiçmə vaxtına getdi. Üç ay da kiçik komandir – çavuş kursuna getsəydim, daha sərhədçi kimi xidmət etməyə nə qalacaqdı?
-Sən mütləq sıravi əsgər kimi xidmət etmək istəyirsən?
-Bəli! Mən canlı dirək olub vətəni qorumaq, vətəni qorumağın necə şərəfli bir peşə olduğunu duymaq, dadmaq istəyirəm. Yağışlı, qarlı, çovğunlu günlərdə belə dirək olub vətən sərhəddində dikəlmək istəyirəm ki, qoy heç kim mənim vətənimə gəc baxmasın, baxmağa cəsarət eləməsin.
-Deyir avazın yaxşı gəlir, Alim Qasımov kimi oxuya bilsəydin…
-Sən lağ elə…
-Ciddi sözümdür, çox maraqlı danışırsan. Bəlkə orden, medal da almaq keçir könlündən? Fikrin elə idisə Milli Orduya xidmətə gedərdin. Hər gecə snayperlə bir erməni gəbərdərdin, ordenini də alardın, medalını da…
-Mənə nə orden, nə də medal lazımdır. Mən özümə, vicdanıma sübut etmək istəyirəm ki, vətənə necə xidmət etmək lazımdır. Qoy, vicdanla yerinə yetirilən xidmət mənim qanıma, canıma hopsun, məndən sonra gələcək nəsil şəcərəmə bir vətənpərvərlik, vətənsevərlik yadigarı olsun.
-Day sənə sözüm yoxdur.
-Nə sözün ola bilər? Yeri get, postunu hərlən…
Həmid bir də baxdı ki, gürcülər tərəfdə, çox da uzaqda olmayan çılpaq təpənin başında başdan ayağa qapqara geyinmiş bir nəfər var, özü də hərəkət edir, deyəsən, onlara tərəf gəlir.
-Nədi? Həm deyirsən get postu hərlən, həm də iki addım aralanmamış çağırırsan…
Həsən o tərəflərə göz gəzdirdi.
-O təpənin başındakı qara kişini görürsənmi?
-Qara kişilər biz tərəflərdə olur. O tərəflərdə qara kişi olmaz.
-Zarafatı burax, qara paltarlını deyirəm…
-Qara paltarlı keşişə oxşayır.
-Nə bildin?
-Onlarda keşişlər, kilsə xadimləri belə geyinirlər. Heç keşiş görməmisənmi?
-Diqqətli ol, gör sən tərəfə gəlir, yoxsa mən tərəfə?
-Əlbəttə ki, sən tərəfə gələcək, birinci dəfə deyil. Əvvəllər də bir-iki dəfə olub. Keşiş gəlib deyib ki, icazə verin kilsəni ziyarət eliyim.
-Siz də buraxmısınız?
-Yooxxx! Yuxarıya demişik, icazə verməyiblər. Keşiş də gözləyib, gözləyib, sonra donquldana-donquldana çıxıb gedib.
-Ara! – Bu zaman keşişin səsi Həmidi fikrindən ayırdı, Həsən də gəlib yaxınlaşmışdı, on beş-iyirmi addımlıqdaydı. – Ara, buraxın, gedim kilsəni ziyarət edim. İbadətim var, bu gün bizim əziz gündür.
-Dur! – Həmid komanda verdi.
-Ara, məndən sizə ziyan gəlməz. – Keşiş bunu deyib yoluna davam etmək, yaxınlaşmaq istədi.
-Dur, sənə deyirəm! – Həmid cəld bir hərəkətlə avtomatın qoruyucusunu açaraq zatvoru şaqqıltı ilə geri çəkdi, patronu öz yuvasına ötürdü, avtomatı atəş vəziyyətinə gətirdi.
-Əsgər, sən dəlisən? Sənin başın xarab olub? Allahın evinin yanında Allahın adamına atəş açacaqsan? Bunu etsən, cəhənnəmin odunda çıtır-çıtır yanacaqsan.
Keşiş bunu deyib əllərini göyə açdı, gürcü dilində nə isə dedi, dua edənə oxşayırdı. Sonra əli ilə göydə nə isə işarə elədi, deyəsən, üzü biz tərəfə xaç da vurdu. Öz dilində donquldana-donquldana çıxıb getdi.
-Bax, belə! – Həmid rahatlıqla dərindən nəfəs alıb avtomatın qoruyucusunu bağladı. Silahı çiyninə salıb üzüyuxarı – Həsən dayanan yerə tərəf getdi. – Bu kopoyoğlunu yola saldıq getdi, amma sonrasını bilmək olmaz, ehtiyatlı olmaq lazımdır.
-Sən ona elə bir dərs verdin ki, o, bir də qayıtmaz. – Həsən tam arxayınlıqla dilləndi.
-Bilmək olmaz. Sən öz postunu nəzarətdə saxla. İndi bizimkilər tökülüşüb gələcəklər.
-Sən demədin, mən demədim. Hardan biləcəklər?
-Sənin xəbərin yoxdurmu? Bizdə elə aparatlar var ki, sərhəd boyu bütün hərəkətlər o aparatın vasitəsilə izlənir.
-Hardadır o aparat?
-Hər yerdə – Dəstə qərargahında, Baş idarədə…
-Həsən öz postu ərazisində müşahidə yolu ilə patrulluğunu davam etdi. Həmid də aşağılar yaxşı izlənirdi deyə Keşikçidağın ətrafına fırlanır, buradan durbinlə aşağıları müşahidə edir, daha çox monastr deyilən ərazinin yaxınlığında olurdu. Keşişin bir anda bayaqkı çılpaq təpənin arxasına keçdiyinin də fərqində olmadı.
Qəflətən həmin keşiş yenidən təpənin başında peyda oldu, yanında da çoxlu adam görünürdü. Həmid onları görən kimi cəld yerə uzanıb durbinlə baxdı – dəstədə iyirmidən çox adam vardı, əksəriyyəti də yaşlı, qoca görünürdü. Cəld dinləyici qurğunun düyməsini basdı.
-“Tut ağacı”, “tut ağacı”…
-Eşidirəm. – Həsən dərhal onu cavablandırdı.
-“Mərkəz”ə xəbər ver, onlar gəlirlər…
-Kimlər?
-Görmürsənmi? Bayaqkı keşişdir, yanında da iyirmidən çox adam, gəlirlər. Təcili “mərkəz”ə xəbər ver və Keşikçidağa tərəf gəl. Bunlar, deyəsən, bir xata eləyəcəklər.
Dəstə, doğrudan da onlara yaxınlaşmaqdaydı, özü də çox sürətlə gəlirdilər, hirsli olduqları yerişlərindən görünürdü. Arada qara paltarlı keşiş nə isə deyir, dəstə xorla təkrarlayırdı, səsləri ərazini başına götürmüşdü, vahimə yaradırdılar.
-Qorxmursan ki? – Həmid Həsəndən soruşdu.
-Yooxxx! Niyə qorxmalıyam? Onlar silahsızdılar.
-Bilmək olmaz. Onların mütləq silahları ola bilər. Sən, bax o qabaqkı sivri daşın böyründə mövqe tut. Mümkün qədər dəstənin selavdan bəri keçməyinə imkan vermə. Keçsələr, mən atəş açacağam.
-Qıracaqsan onları? – Həsən həyəcanla, bir az da vahiməli soruşdu. – Bəs qorxmursan ki, sonra bizi tutarlar?
-Ağciyər olma. Biz vətənimizi qoruyuruq…
-Axı…
-Nə axı..? Tez elə, mövqeyini tut, onlar yaxınlaşırlar.
Həsən qaçaraq gedib Həmid göstərdiyi daşın yanında özünə mövqe tutdu. Gürcülər lap yaxınlıqda idilər, qışqıra-qışqıra gəlirdilər.
-Dayanın! – Həsən ucadan səsləndi. – Ordan bəri keçə bilməzsiniz. Sizi xəbərdarlıq edirəm, bura dövlət sərhəddidir.
-Ara, sən nə deyirsən? Bizi bütün Avropa ölkələrinə buraxırlar. Sən indi bu əziz gündə bizi doğma monastrımıza, ziyarət etməyə buraxmayacaqsan?
-Siz Avropaya qaçaq getmirsiniz ki. Azərbaycana da o qaydada gəlib-gedirsiniz. Monastrı ziyarət etmək üçün mütləq dövlətin sərhəd-keçid məntəqəsindən keçməlisiniz. Bura isə qorunan sərhəd zolağıdır, burdan keçmək olmaz.
-Ara, biz tez ziyarətimizi edib qayıdacağıq. – Gürcülərdən kimsə dedi və qabağa keçib bir az da yaxınlaşmaq istədi.
-Dayanın deyirəm sizə! – Həsən çaşqınlıq içində bir də səsləndi, onun səsindəki həyəcanı Həmid hiss elədi.
Eyni vaxtda təhlükənin qaçılmazlığını hiss edib hər ikisi avtomatlarını atəşə hazır vəziyyətə gətirdilər.
Gürcülər dərəni keçməkdəydilər, Həsənin lap yaxınlığındaydılar.
-Ara, sən buralarda nə qoruyursan? Bu monastr kimindir? Əlbəttə ki, bizim. Siz bizim monastrı bizdən niyə qoruyursunuz?
-Bu monastr sizin deyil, alban monastrıdır.
-Sən alban görmüsən?
-Yoox.
-Atan, baban, dədən görübmü?
-Bilmirəm, heç vaxt soruşmamışam.
-Soruşmasan da, görsəydilər, özləri deyərdi. Sizin bir nəsil görmədiyiniz hansısa albanın abidəsini qorumağınız, özü də bizdən qorumağınız faciədir. Biz, sadəcə ibadət edib qayıdacağıq.
-Dedim ki, icazə verə bilmərik. – Həsən daha uca səslə qışqırdı.
-Niyə?
-Bura icazə verilən məntəqə deyil. Gedin, icazə verilən məntəqədən icazə istəyin. Sonra da nə qədər ibadət edirsiniz, edin. Bizim ölkə dünyada yeganə ölkədir ki, dinlər, təriqətlər həqiqətən azaddır. Kim hansı dinə, təriqətə qulluq edirsə, etsin. Dövlət heç bir vətəndaşının işinə qarışmır.
-Ara, sənə deyirik ki, siz pis ölkəsiniz? Sənə deyirik ki, Allah icazə verəndi, siz də, biz də nə karəyik ki, icazə verməyək. – Bunu keşiş deyirdi. – Bunlar – yanındakıları göstərirdi – Allahın sadiq qullarıdı, dindar adamlardı, ibadət etmək istəyirlər.
Həsən lap çaşıb qalmışdı, bilmirdi nə etsin.
Keşiş ucadan nə isə dua oxudu, əllərini göyə açdı, sonra sol əli ilə göydə işarələr verdi, xorla duasını təkrarladılar.
-Ara, sən çəkil, biz gedib ziyarətimizi eliyək. Sənin üçün də dua edərik, Allah günahlarını bağışlayar.
Keşiş irəlilədi, o birilər də arxasınca. Onlar Həsənin on beş-iyirmi addımlığındaydılar, bəlkə bir az da yaxınlığında.
-Durun sizə deyirəm! – Həsən cingiltili səslə komanda verib ayağa qalxdı. – Yoxsa atəş açacağam.
İndi gürcülər onu aydın görürdülər.
-Tutaq ki, atəş açmaqla bizim bir-ikimizi öldürəcəksən. Bu adamlar da səni öldürəcəklər, qanına qəltan eləyəcəklər, dişləri ilə səni didəcəklər. – Bunları keşiş deyirdi, deyəsən, o da özündən çıxmışdı, əsəbləşmişdi. – Ay qanmaz, çəkil yolumuzdan!
-Biz öz torpaqlarımızı qoruyuruq. Heç kimi ərazimizə buraxa bilmərik.
-Ay qanmaz! Siz nə qanırsınız torpaq qorumaq nədir. – Keşiş nə isə demək istəyirdi, sözünün davamını gətirmədi.
-Danışığına fikir ver, məni özümdən çıxartma.
-Buralar sizin deyil, bizim torpaqlardı. – Gürcülərdən başqa biri də söhbətə qoşuldu. Bu monastrı Gürcü çarı David Qarace tikdirib. Monastr bizimdir, ərazilər də bizimdir.
-Siz çəkilib o tərəfləri – başqa bir gürcü əli ilə Qarayazı çöllərini göstərdi, – oraları qorumalısınız.
-Gedin, Qarabağda torpaqlarınızı qoruyun! – Gürcülərdən daha ucaboylu, dolubədənli, dəstənin içində ən böyük gövdəlisi gülərək atmaca atdı və hamısı ona qoşulub gülüşdülər, sanki, bu iki əsgəri və bu iki əsgərlə bərabər hamını məsxərəyə qoydular.
Həmid bir geriyə boylandı ki, görsün zastavadan köməyə gələn varmı. Baxdı ki, Keşikçidağın arxasındakı Keçəltəpənin yaştanasında on-on beş nəfər yeniyetmə bir bayraqla onlara tərəf gəlir.
Bayrağı görcək qanı cuşa gəldi. Bu haradan çıxdı? Gələnlər kimdir, bizə niyə xəbər eləməyiblər? Bəlkə heç “Mərkəz”in də xəbəri yoxdur? Bəlkə heç olanlar barədə Həsən çatdırıb “mərkəz”ə xəbər ötürə bilməyib? Ötürübsə də, yəqin radist ciddi qəbul etməyib, fikirləşib ki, “tut ağacı”dır də, zarafatlaşır…
Radioqəbuledicinin düyməsini basdı.
-“Mərkəz”, “mərkəz”, mən “nar çubuğu”yam, qəbul…
-“Nar çubuğu”, mən “mərkəz”əm, qəbul…
-Təcili kömək lazımdır.
-Nə olub ki?
-Qarşı tərəfdən bir dəstə gürcü keşişlərinin rəhbərliyi ilə sərhəddi keçib monastra gəlmək istəyirlər. Bir dəstə yeniyetmə də əllərində bayraq öz tərəfimizdən gəlirlər.
-Oldu, qəbul.
Həsənin səsi kallaşmışdı artıq, bəlkə də hirslənməkdən, qışqırmaqdan boğazı qovuşmuşdu.
-Buralar bizim torpaqlar olub. Qaytarın torpaqlarımızı. – Gürcülərdən biri qışqırdı.
-İmkan verin, rahat gəlib öz torpaqlarımızda gəzək, ibadətimizi eləyək.
-Özünüz deyirsiniz ki, başbilənləriniz də bu monastrı qəbul etmir, deyirlər alban kilsəsi olub. Deməli monastrın sizə heç bir dəxli yoxdur.
-Bəli! Bu monastr alban kilsəsidir, sizə də heç bir dəxli yoxdur. – Həsən özünü cəmləşdirib gürcüləri cavablandırdı.
-Bir vaxtlar sizinkilər kefinən Ermənistana gedib-gəlirdilər. Eşitmisənmi?
-Eşitmişəm.
-İndi də Gürcüstana gəlib-gedirlər. Bilirsənmi?
-Bilirəm.
-Ermənistanda, ya Gürcüstanda bir alban kilsəsi olduğunu eşitmisənmi?
-Eşitməmişəm.
-Heç eşitməyəcəksən də. – Keşiş sözünə azca ara verdi. – Əgər bu köpəkuşağı albanlar bütün Qafqazboyu səpələnib yaşayıblarsa, niyə nə Ermənistanda, nə də Gürcüstanda onların bircə dənə də olsun kilsəsi-monastrı qalmayıb?
-Bilmirəm.
-Heç vaxt bilməyəcəksən də.
Bunu eşitcək gürcülərin hamısı qəhqəhə çəkdilər, qarınlarını tutub uğundular.
-Ay qanmaz! – Keşiş dilləndi. – Görürsənmi sizi necə aldadıblar. Buralarda heç vaxt, heç bir alban olmayıb.
-Olub. – Həsən hirslə cavab verdi. – Albanlar burda yaşayıblar. Kilsə də onlarındı. Biz bunu tarixin mədəniyyət abidəsi kimi qoruyuruq.
-Axx… gör sizi necə də aldadıblar və siz gör necə də avamsınız. – Keşiş başını buladı. – Biz sizin gor qonşularınızıq. Siz bizim vasitəmizlə neftinizi, qazınızı beynəlxalq bazara çıxardıb satır, varlanırsınız. Bizsiz siz heç nəsiniz, blokadada qalıb acından ölərsiniz. Siz isə heç vaxt olmayan, heç vaxt münasibət qurmadığınız, tanımadığınız albanların monastrını bizdən niyə qorumalısınız. – Dərindən köks ötürdü, “lənət sənə” dedi. – Bəs yaxşı, sizin o albanlar sonra hara yoxa çıxıblar? Göyəmi çəkiliblər, yer yarılıb yerəmi giriblər, yoxsa harasa köçüb gediblər?
Həsən çaşdı, bilmədi nə cavab versin. Biz niyə alban kilsəsini iki gözümüz kimi qorumalıyıq? Albanlarla bizim nə əlaqəmiz? Doğrudan da, əgər burada albanlar yaşayıblarsa, özü də bütün Qafqaza yayılıblarsa, bəs sonra necolublar? Ola bilməz ki, bu boyda ərazidə onların tör-töküntülərindən qalmasın… Bəs onda hardadırlar? Niyə üzə çıxmırlar? Heç olmasa ildə bir dəfə turist kimi Qafqazın bu başından düşüb o başınadək gəzmir, kilsəmi deyim, monastrmı deyim, qoruduğumuz abidələrini ziyarət etmirlər..? Gürcü olanda nə olar, bəlkə düzünü o deyir?
-Onların nəsli kəsilib. – Qəflətən ağzından çıxdı, heç özü də bilmədi ki, hardan ağlına gəldi bunu demək.
Gürcülər bir də qəhqəhə çəkib gülüşdülər, elə bil onların da qanı cuşa gəlmişdi, bu dəqiqə qan-qan deyəcəkdilər.
-Ay tarixindən bixəbərlər! – Keşiş ucadan səsləndi. – Siz Qarabağdakı kilsələrinizi də səhv salmışdınız. Sahib çıxmaq əvəzinə albanların adına yazmışdınız. Onsuz da qoruyursunuz, öz tarixi abidəniz, xristianlığınızın xoş xatirəsi kimi qoruyardınız. Bu hərəkətiniz Allaha da xoş getmədi, sizdən alıb ermənilərə verdi.
Həsənin əli boşaldı, daha deməyə sözü qalmadı. Sən demə, ağızla əl arasında güclü bir əlaqə var, ağız danışanda, komanda verəndə əl də mükəmməl işləyir.
Həmid baxdı ki, gürcülər Həsəni lap dalana dirəyiblər. Bir az da səbrli olmağa çalışdı. Hələ ki, atəş açmağa vadar olmamışdılar. Bir də qanrılıb öz tərəflərinə baxdı ki, görsün gələnlər necoldu. Elə bu dəm zastavadan köməyə gələn yeddi nəfərlik əməliyyat qrupu gizir Nağıyevin komandası ilə üzüqoylu yerə uzanıb silahlarını atəş hazırlığı vəziyyətinə gətirdilər. Bunu görən gürcülər də özlərini yığışdırdılar, Həsəndən bir az aralanıb geridə dayandılar. Deyəsən, onlar həm də yeniyetmələrin gəldiyini, monastr qabağında toplaşdıqlarını gördülər.
Monastrın qabağına diqqətlə baxan Həmid məktəblilərin arasında olan müəllimi dərhal tanıdı – bəli, o idi, Saqif müəllim özüydü, məktəbin yeganə tarix müəllimi. Həmid Saqif müəllimlə dünən tanış olmuşdu, özü də sırf təsadüfdən. Həm də tələsik, necə deyərlər, iki daşın arasında atüstü söhbət edə, bəzi incə mətləblərə toxuna bilmişdilər.
Həmidi zastava rəisi poçtalyonun əvəzinə poçta göndərmişdi, məktubları gətirməyə. Nahar fasiləsinə düşdüyündən poçtun qabağında bir az gözləməli olmuşdu. Saqif müəllim də orada durub poçtun açılmasını gözləyən adamların arasında idi. Nədənsə Keşikçidağdan söhbət düşdü, Saqif müəllim də elə-belə, sözgəlişi məlumat verdi. Onun danışığı və danışdıqları Həmidin diqqətini çəkdi. Söhbətə müdaxilə etdi, soruşdu:
-Orada qırxadək mağara var, içində nə vaxtsa insanın yaşaması mümkün olub. Çox güman ki, ibtidai insan həmin mağaralarda yaşayıb. Deyək ki, Sovet dövründə tədqiqat işləri aparılmayıb, öyrənilməyib. Bəs indi? İndi ki, müstəqilik! İndi ki, tədqiqat aparmağa, məktəbliləri məlumatlandırmağa maneçilik törədən yoxdur…
Saqif müəllim haqlı iradların qarşısında heç nə demədi, eləcə sağollaşıb ayrıldı. İndi Saqif müəllim bunu əməli işində göstərirdi, yuxarı sinif uşaqlarından on beş nəfəri bir yerə toplayıb buraya – ekskursiyaya gətirmişdi.
Keşikçidağ monast-məbəd kompleksi barədə məlumat verirdi:
-Bu, bizim xristian tariximizin abidəsidir. Baxmayaraq ki, dördüncü əsrdən xristianlıq ləğv olunub və yeddinci əsrdən müsəlmanlığı qəbul etmişik, on birinci əsrədək insanlar olub ki, xəlvətdə gəlib bu abidə kompleksini ziyarət ediblər. Nəhayət, Atabəylər dövləti dövründə abidənin ziyarətinə qəti qadağa qoyulub. Müvəqqəti ondan istifadə edən gürcü qonşularımız öz çarları David Qurucunun rəvayətini uydurub monastrı ələ keçirməyə çalışıblar. Hətta belə bir əfsanə də quraşdırıblar. Deyirlər, guya Qafqaz dağlarının ətəyində Keşiş dağı deyilən bir dağ var. Keşiş dağının həndəvərində gürcü rahiblər və rahibələrin yaşaması üçün hücrələr qazılıb tikilibmiş. Aşağı obadan olan bir azərbaycanlı bu ərazilərdə çobanlıq edirmiş. Qoyun otaran sevdalı çoban ürəkləri yerindən oynadan tütək havaları çalarmış. Və quş yuvasını xatırladan kiçicik bir hücrədə möhnətin əlində əsir olan gözəl rahibə gürcü qızı qarğı tütəyin əfsununda çırpınarmış. Aylar, illər ötüb keçsə də həyat eşqilə alışıb yanan çöllər nəğməkarı çobanla, tərki-dünyalıq həbsxanasının məsum əsiri olan rahibə qız arasında sevgi macərası başlanmışdır. Çoban aylı gecələrdə qoyun sürüsünü örüşə aparanda tütəyini dilə gətirər, gürcü qızı isə öz dilində sevdalı çoban üçün həzin mahnılar oxuyarmış. Günlərin birində rahibə qız kiçicik bir daşa bağladığı ağ yaylığı hücrədən aşağı atmış və çoban quş lələyi kimi fırlanan dəsmalı havada tutub açıq sinəsinə basmışdır. Sonra o, qaya aşağı sallanan kəndiri görmüş və həyat eşqi, gənclik və sevgi duyğuları amansız monastr həyatına, tərki-dünyalığa üsyan etmişdir. On dörd gecəlik Ay bədirlənən zaman ölümü göz altına alan gənc çoban kəndirdən tutaraq sıldırımlı qayanı dırmaşır. Gürcü qızının əli çobanın əlinə toxunur. Bir-birinin dilini bilməyən sevdalı aşiqlər baş-başa verib sakitcə ətir qoxuyan nəfəslərini dinləyirlər. Vüsal sevinci ilə qorxu hissi bir-birinə qarışır. Ay qüruba yaxınlaşır. Kilsə zənginin həzin səsləri eşidilir. Birdən hücrənin qapısı döyülür, baş rahibə gəlib gecə yoxlaması keçirir. Sevdalı gənclər bir-birinə sıxılırlar. Günəş sevgililəri salamlayan zaman hücrənin qapısı sındırılır və cəllad sifətli rahibə qarı içəri girir. Qəribədir, içəridə heç kəs yox idi, aşağılara açılan kiçicik pəncərənin ağzında iki göyərçin əyləşmişdi; baş rahibəni görən kimi göyərçinlər sevinclə uçub uzaqlaşırlar. Yerli adamlar deyirdilər ki, Keşiş dağının qayalıqlarında uçan göyərçin sürüləri azərbaycanlı çobanla rahibə gürcü qızının övladlarıdır.
…Həsən gürcülərin getmək üçün hazırlaşdıqlarını görəndə Həmidi səslədi:
-Deyəsən, gedirlər. Mən də yuxarı qalxımmı?
Bu zaman gürcü keşişinin yenə də bəri tərəfə baxaraq nə isə dua oxuduğunu və əli ilə göydə xaç işarələdiyinin şahidi oldular.
-Biz gecikdik, özü də çox gecikdik. – Keşiş ucadan özününkülərə deyirdi. – Sən demə, onlardan da həqiqi tarixlərini bilənlər varmış. Gedək, daha burda durub monastra həsrət-həsrət baxmağın heç faydası yoxdur.
Həsən Həmidin yanına qalxanda gizir Nağıyev onların yerinə yeni postaçılar qoymuşdu. Əslində onların dəyişilmə vaxtıydı, hələ bir az da artıq xidmət çəkmişdilər.
-Yalan deyir, Həmid olmasaydı, mən onların qabağında dura bilməzdim. Ya atəş açıb qıracaydım, ya da məni öldürüb keçib gedəcəkdilər, rəzil olacaydıq. Ona görə yaxşı deyiblər; əsgərin yaxşı döyüşçü olması üçün komandiri yaxşı olmalıdır. Həmid kiçik komandir kursuna getməsə də, bu gün mənə yaxşı komandirlik elədi.
-Yaxşı, indi zastavaya gedərik. – gizir Nağıyev mübahisəyə son qoymaq istədi. – Baş idarədən vertolyotla nümayəndə gəlir, bəlkə də bir azdan çatar. Hadisəni onlara olduğu kimi danışmalısınız. Komandan həqiqəti bilməlidir.
Onlar zastavaya tərəf yol alanda məktəblilərin yanından ötüb keçəsi oldular. Bu zaman Saqif müəllim əsgərlərə nəzər salıb dedi:
-Uşaqlar, siz də bir müddətdən sonra əsgər olacaqsınız, vətənin keşiyində duracaqsınız. – Əli ilə Həmidi göstərdi. – Baxın, bu əsgər mənim min illik qan yaddaşımı oyatdı. Dünən cəmisi beş-on dəqiqə söhbət elədik. Bilmədim heç ölkənin hansı bölgəsindəndir. Ancaq buralarla bağlı, Qarayazı, Keşikçidağ monastr-məbəd kompleksi, Qatardağ silsiləsi, Atabəylər dövləti, Gürcü çarlığı barədə elə danışdı ki, elə bildim bu kənddə o, doğulub boya-başa çatıb, mən isə lap uzaqdan buraya müəllim işləməyə gəlmişəm.
Həmid heç nə demədi, başını aşağı saldı.
-“Nar çubuğu” ki, “nar çubuğu”… – bütün əsgər yoldaşlarının dilində bu ifadə astadan eyni vaxtda səsləndi.
-Müəllim, buyurun, danışın. İcazənizlə, biz də beş-on dəqiqə sizi dinləyək. – Gizir Nağıyevi də maraq götürdü.
Saqif müəllim əlini çoxdan çallaşmış saçına çəkib dərindən bir köks ötürdü. Bu, arxada qalmış illərin görülməmiş işlərinin köksü idi, amma bu köksü özündən başqa heç kim hiss etmədi, çünki hamının diqqəti bir anlıq zastavaya enməkdə olan vertolyotdaydı.
Həcər Adil qızı Paşayeva 8 fevral 1959-cu ildə Naxçıvanda anadan olub. Hazırda Bakı şəhərində yaşayır.
SƏS ELƏMƏYİN
Üzünü illərin eninə-uzununa dərin qırışlarla naxışladığı, kirpi yumağından baxırmış kimi çuxura düşən, nuru azalmış gözlərini qıyan bir qadın başını içəri uzatdı:
-Xalan qurban, gəldim. İşin çoxdumu? Dərmanları aldım. Bunu qoş, çıxım gedim, işim-gücüm var, – dedi.
Tibb bacısı stulda əyləşən xəstənin qoluna iynə vurduğu yeri spirtli pambıqla silib şprisi zibil qutusuna atdı. Qadına müraciətlə:
-Tərlan xala, gəl. Səndən başqa heç kim yoxdu ta, – dedi.
Qadın suvağı bir neçə yerdən qopmuş, divarlarının rəngi rütubətdən tanınmaz hala düşən otağa keçib çantasını köhnə, bozarmış taxtası ordan-burdan qabarmış tumbanın üstünə qoydu. Çarpayıya uzanıb qolunu çırmaladı. İynənin sancılmasını görməmək üçün gözlərini bərk-bərk yumdu. Tibb bacısı dərmanı ştativə asıb damcıların sürətini tənzimlədi. Yarım litrlik şüşə göz yaşlarını damcı-damcı plastmas kisəciyə axıtmağa başladı:
-Tərlan xala, qorxma, ta dərman gedir yavaş-yavaş.
Qadın gözünü açıb qoluna, sonra ştativə baxdı:
-Allah köməyin olsun, – deyib gözlərini yarıyumulu qapadı.
Tibb bacısı qəfildən:
-Tərlan xala, o günü eşitdim Əkbərin başına gələni. Allah haqqı, eşitdiyimə inanmadım. Gör haa, suyun lal axanı, adamın yerə baxanı. Lənət şeytana. Kimdən desən, gözləyərdim, amma Əkbərdən yox.
-Nə bilim axı. İşdir, adam başına gəlir. Uşağım gül kimi başını aşağı salıb dolanırdı. Qəfildən, iraq olsun, elə bil gözə gəldilər. Aləm qarışdı bir-birinə.
-Tərlan xala, o qızı hardan tanıyırmış Əkbər? Necə olub ee… hadisə?
-Hə, Səhər, deyirəm, anan ölsün, bala, bu nə işdi, sən düşdün? Gör kimin ağlına gələrdi ki, bunu da şeytan yoldan çıxarda bilər. Qonum-qonşuda bütün subay qızı olan analar onun kimi kürəkən arzulayırdılar. Arvadını o qədər çox istiyirdi. Dinəndə deyirdi: “Arvadı döyməzlər. Döyəndə də ya pulla, ya da aldığın təzə paltarla yançağına vurarlar. Ayağımı itlər qapa-qapa uzaq kənddən arvad alıb gətirmişəm ki, döyəm?” Biz nişan aparanda uşağımın ayağını qız evinin iti qapmışdı axı. Bir dəfə o gəlinə bir şapalaq vurduğunu, üstünə qışqırdığını görmədim, eşitmədim. Bu biri qardaşlarına heç oxşamadı. Bunlar eynən dədələridir. Arvadları da, insafən, pis deyillər, birtəhər yola verirlər. Bu getdi, kimə çəkdi, bilmirəm. Uşaqlarımın hamısından göyçək, boy-buxunlu, ancaq hamısından fağır. Arvadı da ki, ataman. İmanımı yandıra bilmərəm, bəlkə də, cadu-piti elədi, balamın dilini-ağzını bağladı? Nə bilim, vallah. İnstitutu təzə bitirib gələndə deyirdim, Səriyyənin qızını – xalamnəvəsini dəə – hə, deyirdim, onu al, bir tay unu bir dəfəyə yerdən qaldırır. Dedi, güləşməyə pəhləvan almıram ki. Sonra bir bibisi nəvəsi vardı, ceyran kimi qızdı, dedim, onu al. Dedi, uşaqdır, hələ məktəbi qurtarmayıb. Özümü öldürdüm ki, ay bala, qız meşə armudu kimi bir şeydir. Nişan tax, toyacan bir də gördün lalıxladı, yetişib oldu yeməli, ərə getməli bir qız. Onu da almadı. Odur ee, indi getdiyi ailədə bir ad çıxarıb ki, bütün tayfa başına and içir. Getdi, bu dəlini aldı, ağacdan zad eliyənin birini. Allaha qurban olum, necə uyğunlaşdırır, bəndələri taylayır bir-biriynən. O gəlinlə heç kim dolanmazdı, bu yola gedir. Qardaşları kimi savadsız deyildi Əkbər. Maşallah, getdi, Rusetdə oxudu, həm də işləyib özünü saxladı. Arada bizə puldan-paradan da göndərdi. Adamın üstündə Allah var, dədəsinə-anasına bir qəpik xərc-xəsarat vurmadı…
Qadın sözünü yarımçq kəsib tibb bacısına dönərək:
-Qolumu belə qoymaqdan keyidi, Səhər. Sən Allah, bunu bir az rahatla. – dedi. – Görən, gec qurtarar?
Tibb bacısı qadının qolunu astaca qaldırıb altına kiçik balınc qoydu, ştativdən asılmış şüşəyə nəzər salaraq dilləndi:
-Hələ bir az var, Tərlan xala, sən sözünü de.
-Hə, biz təzə evlənəndə dədəsi də yaxşı idi. Yenə bir az adamlığı varıydı. Maa elçi göndərəndə heç üzünü görməmişdim. Gəlinlər də hərdən soruşurdular, kişini harda görüb bəyənmişdin? Deyirdim, ay tövbə, tövbələr tövbəsi, vallah, görməmişdim, billah tanımırdım. Elə elçi göndərdi, dədəm də verdi. Toya bir az qalmış dostuynan gəlmişdi məhləyə, bir dəfə onda görmüşdüm. Sir-sifətdən pis deyildi, qara, arıq-arğaz bir oğlanıydı. Qocalandan sonra meymuna oxşamağına baxma. Sonra batmışın sifətinə baxmalı olmadı. Həə, “ya bəxt” – deyib getdim. İrəlilər mənə də, uşaqlara da baxırdı. Yaşayırdıq də birtəhər. Camaat kimi. Sonra elə bil getdikcə kişinin zayı çıxdı. Cini qalxanda məni döyüb öldürürdü. Evə, uşağa da baxmırdı. Dədəmgilə də dərdimi demirdim. Fikirləşirdim ki, niyə narahat olsunlar. Neyləyəydim ee, qismətiydi dəə, çıxmışdı qabağıma. Fikirləşirdim ki, yaşlandıqca düzələr, ağlı başına gələr. Hardan ee, əşşi… Sarsaq adam qocalanda ağlı başına gəlmir ki, sarsaq da qalır, qurumsaqdırsa, olur qoca qurumsaq. Ömrümü çürütdüm, günlərimi verdim yelə, getdi… Nə boşana bildim, nə də adam kimi yaşaya. Kasıblıq da bir tərəfdən ilan kimi dolandı boğazıma. Kişi evə pul gətirmirdi, yemək-içmək almırdı. İnan, həftəynən ac qalaq, vecinə deyildi. Hələ gəlib evdə mənnən yemək davası eləyirdi. Guya işləyirdi başı batmış. Bilmirdim, qazancını neyləyir.
-Tərlan xala, kişi ki qazancını evə vermədi, bil ki, hardasa bir zibil işi var, – deyə tibb bacısı gözünü telefondan çəkib qadına baxdı.
-Gözünə girsin zibil işi. Nə xəbərim olurdu ki, evdən çıxanda hansı cəhənnəmə gedir, nə qələt eləyir? İtin arvadı olasan, ömrü uzunu dədən evində un çuvalına tay olasan, ancaq qurumsaq, əzazil adama, xəsis adama getməyəsən. Mənimki keçdi e, bala, keçib getdi hər şey, – deyəndə qadın dərindən ah çəkib dərdli gözlərini tavana zillədi, – Nə isə, ağlıma saldılar, qutab bişirib satmağa başladım. Nə zülmlə bazardan – bir kənardan bircə qırıq yer ala bildim. Hər gün gedirdim, günortadan keçmiş qayıdırdım, sonra da ev-eşik, sil-süpür… Bilirsən dəə, evin işi nə deməkdir. Gecə də xamır qatıb yatırdım, obaşdan durub qutab bişirirdim. İsti-isti yaxşı alınırdı. Bazarın “uçaskovusu” o vaxt Cəfər idi axı. Həmzənin oğlu Cəfəri deyirəm. Hə, kişinin başı tamam pozuldu, saldı beyninə ki, sən Cəfərnən oturub-durursan. Ay tövbə, oğlanlarımdan kiçiyiydi. Mən kim, o kim? Qorxum o idi ki, gedib Cəfəri tutar, bir söz deyər, biabır olaram. Yaxşı ki, ancaq özümə deyirdi elə. Hər gün bazardan gələndə Allaha yalvarırdım ki, uşaqlar evdə olsun. Onların yanında dinmirdi, döymürdü. O evdə olanda hamamda çimməyə həsrət idim. Qapısı amanabənd idi. Təpikləyib açırdı, girirdi içəri, məni döyüb öldürürdü ki, çimirsən, Cəfərin xoşuna gələsən. Deyirdim, ay iyid ölmüş, bu yekəlikdə oğlanların anasıyam ee. Çox vaxt xəlvətə salıb tövlədə çimirdim. Onu da bir dəfə unadı. Sabun köpüyünü görmüşdü. Yenə mənə əl buladı. Baş-gözümə döyülməkdən, yaxşı ki, gic olmadım. Son vaxtlar da kişilikdən düşdü, oldu lap dəli. Neçə yaşı vardı, taa vaxtıydı da. Nə vaxta qədər o meymun sifətiynən kirdarlı qalacaqdı? Ay kişinin qızı, onun da günahını məndə gördü. Deyirdi, qocalmısan, ona görə beləyəm. Deyirdim, ay zalım, get bir cavan arvad al, yaxşı olsan, boşanacam, məndən əl çək. Səni Allah mənə baş bəlası verməyib ki. Başı batmış gedib Seyranın dul qızı var e, Xavər, ona irgənçi, qurumsaq təklif eləmişdi. O da tüpürüb üzünə, sonra da qardaşına deyib. Gədə girəvəyə salıb, tutub bunu eşşək kimi çırpmışdı. Camaatdan gizlədim. Qıza dedim, qocalıb, başı xarab olub, üstünü vurmayın. Biabırçılıq olar. Adına söz çıxmağı heç sənə də yaxşı döyül. Özünə dedim, a başı daşlı, bir güzgüdə üzünə bax, gör nəyə oxşayırsan? Xavər sənin o it yalamaz sifətinə heç tüpürməz də. Oğlanlarım hey soruşdular, bu kişiyə noolub, üz-gözü niyə bu gündədir? Qorxumdan demədim, gizlədim. Fikirləşdim ki, gedib Xavərin qardaşıynan dalaşarlar, qana düşərlər bundan ötrü. Özü də demədi. Elə bic idi ki. Tülküdən bic. Başı xarab olmuşdusa, bunu deyəydi də, niyə gizləyirdi? Nə isə ey, Allaha acıq getməsin, öldü, canım qurtardı.
-Tərlan xala, Əkbəri soruşdum ee, səndən, – deyə tibb bacısı telefonu tumbanın üstünə qoyub əllərini otaqla, otaqdakı əşyalarla uyuşmayan, ağlığından göz qamaşdıran xalatının cibinə soxdu. – Başım pozulub. Dərdli deyingən olar, a bala. Nə isə, indi də bu balam… Əkbər. Qalıb belə. Elə-obaya çıxa bilmir. Camaatın min zibili olur, heç bu cür eləmir. Bu yazıq ömründə bir dəfə qələt elədi, alabayraq oldu. Ağ köynəyə nöqtə boyda ləkə düşsün, o dəqiqə bilinir. Amma qara paltarı nə qədər çirkə bulasan, ləkəsi bilinməz. Qorxuram ki, iraq olsun, balamın başı pozular. Onlarla da qalmıram ki, deyəm, bala, ürəkli ol. Denən, bax belə yaxşı eləmişəm, əcəb eləmişəm. Əlimin içindən gəlib. Hansınızdan əksiyəm? Kişi deyiləm? Deyəm ki, ay oğul, papağını qoy qabağına, fikirləş, gör bu ətrafda, qonum-qonşuda səndən təmiz uşaq var? İndi nə oldu, dünya dağılmadı ki. Bu nə xəcalətlikdir, yaşayırsan. E-e-h, xeyri yoxdur, fağırdır, fağır. Məni ən çox da o gəlin – arvadı yandırır. Bir tufan eləyir ki, elə bil əri bu dəqiqə onu boşayıb, gedib o rusu alacaq. Rus da bir rus ola. Elə bil suya düşmüş siçandı köpəkqızı. Qayınarvadları – o biri gəlinlər həmişə buna paxllıq eliyirdilər. Oğlumu üzdə guya bəyənmirdilər. Arvadağız qoymuşdular bunun adını. Deyirdilər, yaxşı ki, bizimkilər elə deyil. Kişidə bir zəhm, hirs-hikkə olar. Bu nədi ee, arvadı maşına minəndə tez qaçıb qapını açır. Əli yoxdu? Özü açsın da. İşdən gəlir, yorğun-arğın qaçır mağazaya. Aaz, uşaqları arvadıynan birlikdə saxladı, Ətağanın cəddi haqqı. Amma bir qıza-qadına gözünün ucuynan baxmamağını bəyənirdilər. Deyirdilər, bu ancaq öz ailəsiynəndir. Bizmkiləri gərək güdəsən. Gözümüzdən iraq olsalar, min hoqqadan çıxarlar.
-Sən nə dedin bəs? Həmin gün necə olmuşdu, heç təfsilatı demədin axı, – deyə tibb bacısı səbrini basa bilməyib yenə soruşdu.
-Tezdən eşitdim. Demək, əhvalat necə olur, Səhər? Bu uşaq axı Ruset xarabada oxumuşdu. Orada bu “krısa”ya oxşar qıznan aralarında nəsə varmış. Sonra mənimki gəlir, bu dəli ilə evlənir, o qız da özününkülərdən birini tapır, ərə gedir. Aradan neçə il keçir, Əkbər yadına düşür bunun. O yaraşıqda oğlan kimin yadından çıxar ki? Götürür, məktub yazır ki, bəs səndən ötrü ölürəm, gəlmək istiyirəm ora.
-Hardan bildiz bunları?
-Əşşi, demirəm, oğlum zayılfasondur? Əvvəllər başına nə gəlmişdi, kimnən oturub-durmuşdu, evlənəndən sonra hamısını arvadına danışmışdı. Gör kişi də qabaqlar yediyi p..u arvadına danışarmı? Səydi dəə, səy… Nə isə, hamısını bitdə-bitdə arvadına deyib. Hə, bu da durub qıza yazıb ki, gəl bura, guya xəstəsən, duz mədənində müalicəyə gəlmisən. Arvadıma deyəcəm, o vaxtı sizin evinizdə kirayə qalırdım. Sənin dədən-anan mənə çox hörmət eləyib, indi də mənim növbəmdir. Elə həqiqətən, o vaxtı oğlum bunlarda qalırmış. Qərəz, qız əri ilə gəlib çıxır. Di bunlara hörmət-izzət… İkinci mərtəbədə bir otaq ayırırlar, ən yaxşı mələfə -“çuxol”, mitil-zad… Qonaqlar gələn gün mən də ordaydım. Arvaddan elə ilk görünüşdən gözüm su içmədi. At kimi kişnəyirdi. Ağzını göyə açıb elə hündürdən gülürdü ki, az qalırdı mədəsinin içi görükə. Arvad ki, elə güldü, ondan qorx, kənar dur. Xatalı adamdır. Hər fitnə, ifritəlik əlindən gələr. Sabahdan bunlar hər gün gedirlər guya müalicəyə. Qayıdırlar, evdə yemək-içmək, çay, şirniyyat – gəlin hazır eləyir. Haqq üçün, gəlinin yaxşı süfrə açmağı var. Axşamlar da qızın xaxol ərini mənim gədəm bərk içirdir. Yüz qram içən kimi piyan olurmuş. Ayaq üstə ölənin biri idi. Axırı, belə olur ki, gəlin duyuq düşür. Baxır ki, bu qız Əkbərə bir ayrı cür baxır, qaş-göz eləyir. Bir gecə gəlin oyanıb görür ki, Əkbər yerində yoxdur. Deyir, o saat dalağım sancdı. Bildim ki, burda bir iş var. Evi gəzdim, yox idi. Qalxdım ikinci mərtəbəyə, gördüm, qonaqların işığı yanır. Otağın qapısını açıb içəri girəndə nə görsəm, yaxşıdır? Xaxol kişi bərk xorulduyır. Ərim də lümlüt – alt paltarında oturub çarpayının qırağında, tutub bu rus sarımeçənin əlindən, şirin-şirin söhbət eləyirlər. Məni görəndə özünü tamam itirdi. Soruşdum ki, burda neyləyirsən, Əkbər? Dili dolaşa-dolaşa qayıtdı ki:
-M-maya, gəlmişəm, d-deyəm ki, səs eləməsinlər, biz yatırıq…
Dedim:
-Əkbər, bizim otaq birinci mərtəbədə, bunlar yuxarıda. Gecənin də yarısıdır, nə səs eləyəcəklər? Bu kişinin səs-küy eləməklik halı var? Gecədən “piyan” olub yatıb.
Dəli olmadımmı? Nə yemisən, turşulu aş. İkisini də qatdım bir-birinə. Mən çırpdıqca rus eşşəyin qızı nəsə deyir, bilmirəm, başa düşmürəm ki. Bir-iki söz qalıb yadımda. Arada cığıldayırdı: şulyuxa… suka… Nə bilim, aaz… Məni yandıran ərim oldu ee, ərim. Mən rusu çırpdıqca Əkbər qayıdasan ki, Maya, onu vurma, o qəribdir, yazıqdır. Yandm-töküldüm. Çamadanlarını şifonerdən çıxarıb tulladım evin ortasına. Dedim, köpəkqızı, dur, bu dəqiqə donuz ərini də götür, rədd ol evimdən.
…Hə, a qızım, gecə ikən oğlum taksi çağırır, bunları evdən yola salır. Arvadına deyir, gözlə, səs-küy eləmə, uşaqlar yatıb, qoy səhər açılsın. Səhər də qırğınları təzədən başlayır. Məni çağırdılar, getdim. Gəlin az qalır, gədəmi öldürə. Tutursan, tutulmur, “kəs” – deyirsən, kirimir. Birtəhər yat-küt elədim. Dədəsini çağırdım. Anası da gəldi. Dedi, a bala, dədən başıma yüz dəfə belə oyun açıb, otur yerində. İncəvara, arvad qızının köpünü aldı. Elə mən də deməlisini dedim. Dedim, qızım, sizə baxır, yağ-bal içində saxlayır? Saxlayır. Xətrinə dəyib, sənə bir ağır söz deyib? Yox, deməyib. Taa nə istiyirsən? Adamdı daa, kişidir. Görürsən, hər gün kabab, dolma yemək də adamı bezdirir. İstəyirsən, arada bir kartof soyutması, bibər turşusu da yeyəsən. İndi nooldu, dünya dağımadı ki? Ay qız, Səhər, elə yamandır. Mənə qayıdasan ki, Tərlan xala, sənin də könlünə hərdən kartof soyutması düşüb? Dədəsinin yanında deyir özü də. Dedim, mən yazıq heç kabab-zad da düzəməlli görmədim, bala, nəninki sən deyənləri. Ayıb döyülmü? Qoca vaxtımda bu nə sözdür, danışırsan? Qayıdasan ki, Tərlan xala, qoca at arpa yemir? Qocalığı bəhanə eləmə, həmişə qoca olmamısan ki… Qaldım mat-məəttəl. Matım-qutum qurudu. Ətim töküldü. Dədəsi bərk acıqlandı. Əşşi, nə isə eey… Yaxşı ki, onunla bir evdə yaşamıram. İki günə adamı dığladar… Hər şey cəhənnəmə, oğlum camaat içinə çıxa bilmir. Hara gedirsə, tanış-biliş:
-Əkbər, taa səs eləyən yoxdur ki? – deyib sataşır.
Qadın sözünə ara verib nəsə düşünməyə başladı. Fikri yayınırdı. Sonra ştativə baxıb:
-A qızım, Səhər, deyəsən, qurtardı axı. Bu iynəni çıxart görüm. Çıxım, gedim evə. Görüm başıma nə gəlir. Xəstəlik də bir yandan gözümü açmağa qoymur. Təzyiqim elə qalxmışdı o günü. Abbas dedi, Tərlan bacı, gəl başına hacama qoyum, keçəcək. Dedim, sən Allah, Abbas, başımı deşdəkləyərsən, olan-qalan ağlım-huşum da ordan uçub gedər. Dərman atacam, keçsin.
Tibb bacısı gülüşünü zorla saxlayıb dodaqaltı qımışdı. İynəni qadının qolundan çəkib ştativdəki dəm-dəsgahla birlikdə yığışdırdı, əlində saxlayıb qadının sözünü bitirməsini gözlədi.
-Sağ ol, Səhər. Sabah elə bu vaxt gələcəm. Hamısı bitsin, pulunu verərəm, – sonra dərindən ah çəkib, – Eeh, yazıq balam. Danışdıqca ürəyim sıxılır. Ha deyirəm, yadımdan çıxarım, olmur, – dedi.
Çarpayıdan qalxaraq köhnə, cadar-cadar dərisinin rəngi ovulub tökülmüş çantasını götürüb otağı tərk etdi. Ayaqlarını sürüyə-sürüyə yeridiyindən əzab və ağır yük çəkməyi yüz ağaclıqdan bilinən qadının yerişinin səsi o koridoru tərk edənəcən otağa gəlirdi.
“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ “BB” – Zaur Ustacın ən çox səs salan hekayəsidir, bəlkə də ədəbiyyat aləmində böyük rezanans yaradan on hekayədən biridir. Kriminal aləmin qloballaşan dünyada adi həyat tərzini qat-qat üstələdiyindən bu başlıq ilk görünüşdə “Bas bayıra” kimi anlaşıla bilər. Yaxud, hələ də bir çox hallarda milli mental dəyərlərimizi qoruyub saxlamağa üstünlük verdiyimiz Azərbaycanımızda onu bizə daha yaxın başqa adlarla da əvəzləyə bilərik. Məsələn: “Böyük Bakı”, “Bizim Bakı”, “Babamın babası”, “Balamın balası” və bu stildə adları daha da uzada bilərik. Lakin bizdən fərqli olaraq Zaur Ustac bu adı yenə də qloballaşan dünyanın başqa – bəlkə də daha vacib bir sahəsinə – bazar iqtisadiyyatının şah damarı sayılan ticarət sahəsinə yönəldə bilmiş və son otuz ildə baş verənlərdən bir qisminin mənzərəsini təsvir etməklə maraqlı süjet xətti üzərində gözəl nəsr nümunəsi yaratmışdır. Hekayə nəsrin kiçik növlərindən biridir. Ya birinci şəxsin dili ilə söylənilir, ya da üçüncü şəxsin təsəvvüründə canlandırılır. Oxucu ilə arada daha tez səmimiyyət yaransın deyə bir çox qələm sahibləri avtobioqrafiq təsir bağışlayacaq tərzdə əhvalatı birinci şəxsin dili ilə nəql etməyə üstünlük verirlər. Zaur Ustac bəzi sələflərinin yolu ilə gedərək, hətta Qərb ədəbiyyat nümunələrindən bəhrələnərək adıçəkilən hekayədə məhz, bu üsulu seçmişdir. Nəsrin digər sahələrində olduğu kimi hekayədə də zaman və məkan anlayışı əsasən mücərrəd olur, lakin konkret göstəricilər də qadağan deyildir. “20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9.00, mən artıq işdəyəm” – hekayə bu cümlə ilə başlayır. Texnikanın inkişafı nəticəsində müasir insan dünyanın istənilən məkanında baş verən hadisə barədə tez bir zamanda xəbər tuta bilir. İndi həyatda elə hadisələr baş verir ki, onlar bədii əsərlərdə təsvir olunanlardan daha maraqlı təsir bağışlayır. Oxucunun diqqətini ilk cümlədə cəlb etmək lazımdır ki, sonra nəql edəcəyin istənilən hadisəni ona maraqla dinlətdirə biləsən. Zaur Ustac ilk cümləsi ilə oxucunun diqqətini özünə cəmləşdirməyi bacarmışdır. “Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı”. Bununla da o, həm öz iş yerindəki vəziyyəti təsvir edir, həm də oxucunu ona danışacağı hansısa qəribə əhvalatı dinləməyə hazırlayır. Beləliklə, ofisin telefonlarından biri zəng çalır. Dəstəyi xadimə qaldıraraq cavablandırır və əsərin əsas personajına ötürür. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim özünü təqdim edir və zəng vuran xanımın məqsədini öyrənməyə çalışır. Təqdimatın qeyri-adi uzun şəkildə görünməsi heç də oxucunu dolaşığa salmaq məqsədi daşımır, sadəcə, hürriyyətçilik dövründə belə kolantay vəzifə bölgülərini nəzərə çarpdırmaqla Zaur Ustac planlı dövrdən müstəqillik zamanına keçidin bəzi əndazədən çıxma hallarını təsvir etmiş olur. Həm də oxucuya şərait yaradır ki, qırışığı açılsın, özünü cəmləşdirsin, fikrini hekayədə nəql olunacaq əhvalata yönəltsin, çünki indi onun üçün gözlənilməz bir hadisədən söhbət açılacaq. “BB” şirkətinin nümayəndəsi İlahə xanım telefonda Əli Mülayimin nəzərinə çatdırır ki, qarşıdan yubileylər gəlir, özü də ikisi birdən; həm şirkətin yaranmasının ildönümüdür, həm də şirkətin rəhbəri Bəy Bala müəllimin ad günü olacaq. Bu münasibətlə bos müsahibə vermək istəyir, ona görə ofisə dəvət olunur. Dəvəti məmnuniyyətlə qəbul edir, çünki onların işi elə müsahibələr hazırlamaq, maraqlı əhvalatları yazmaqdır. Beləliklə, “BB” şirkəti ofisinin yerləşdiyi ünvanını dəqiqləşdirən Əli Mülayim dərhal jurnalistin şans alətləri hesab olunan qələm, bloknot, diktafon və fotoaparatı çantasına qoyaraq, necə deyərlər, tədarükünü görüb üz tutur deyilən ünvana. Zaur Ustac müsahibə götürüləcək adamın ofisini – işgüzar şəraitini belə təsvir edir: “T şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan noutbuk və sonsuz sayda kağız-kuğuz… Bu mənzərəni insan öz gözü ilə görməsə, sözlə ifadə etmək çox çətindir”, – deyir. Bundan sonra o, salamlaşma və təqdimolunma səhnəsini təsvir edir: “-Əli Mülayim. -Çox gözəl, Əli müəllim. Vallah, indi elə zəmanədə yaşayırıq ki, mülayim olmayıb neyləyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun!” Bu, kiçikdən kiçik dialoq-tanışlıq vasitəsilə Zaur Ustac oxucuya, bəlkə də cəmiyyətə böyük mətləblərin sirrini açır. Sanki ölkəmizdə mövcud olan jurnalist-məmur faktoru bu iki-üç kəlmədə öz əksini tapıb. Harın, rüşvətxor, təpədən dırnağadək korrupsiyaya qurşanıb qudurmuş bəzi məmurların qarşısında heç bir sosial müdafiəsi olmayan, hüquqları yalnız kağız üzərində qorunan jurnalistin mövcudluğunu qorumaq, elementar yaşayış tələbatını ödəmək üçün mülayim olmaqdan başqa çıxış yolu qalırmı? Qalırsa da, bu yol mübarizlik yolu deyil, sonda onu həbsə aparacaq əzilmək, sındırılmaq, şərlənmək, ölkədən didərgin salınmaq yoludur. Bu yol itki yoludu, gedər-gəlməz yoldu, çox adam gedib, hələ geri qayıdan olmayıb. Bir nəfər yarı yoldan – Türkiyədən qayıtmışdı, o da dərhal həbsə atıldı. Burda elə görünə bilər ki, əsərin zirvəsinə yaxınlaşma prosesi gedir. Ya elə bir hadisə baş verəcək ki, kulminasiya hesab olunacaq, ya da Bəy Bala müəllimlə Əli Mülayim hansısa sözə görə anlaşmayacaq, bununla da müsahibə alınmayacaq. Əslində, əsəri maraqlı edən elə bu cür süjetlərdir, dirənişdir, personajlar arasında yaşanan dramatiklikdir. Zaur Ustac burda belə görüntü yaratsa da başqa yol seçib. Axı onun personajı hansısa Vulkan, İldırım, Şimşək ləqəbli birisi deyil, sadəcə Mülayimdir. Bəy Bala müəllim onu anlayacaq birisini tapdığına görə uşaq kimi sevinir və dərhal niyyətini açıqlayır. Özünün 55, şirkətin yaranmasının 20 illiyini müsahibinin diqqətinə çatdırır. Amma özünü elə göstərir ki, onun buna ehtiyacı yoxdur, elə-belə, sözgəlişi “mətbuatda, televiziyada bu barədə məlumat getsin”, deyir. Əsərin bu yerində Bəy Bala müəllim gözlənilmədən bir eyham vurur: “Bir də xahiş edirəm o maskanı çıxardasınız. Burada kim var ki? İnanın səmimiyyətimə, bunlar hamısı boş şeydir. Can verən də, alan da, bax, o kişidir!” Burda Zaur Ustac üstüörtülü olsa da diqqəti iki məqama yönəldib. Birincisi, dünyanı ağuşuna götürmüş Koronavirus pandemiyası nisbətən səngisə də, qapalı məkanlarda maskasız gəzmək qadağası tam olaraq aradan qaldırılmamışdı. Bəy Bala müəllim öz iş otağında maskasız əyləşsə də qonağının maskada oturmağı onu narahat edirdi, tıncıxdırırdı. İkinci məsələ isə bunun məcazi mənasından gedir. Bir də görürsən məmur hansısa jurnalistin səmimiyyətinə inanır, ağzın qoyur Allah yolunda, nə istəyir, danışır. Danışığı xəlvətcə lentə alan jurnalist cənabları bir müddət sonra bunu üzə çıxardaraq yayır və aləm bir-birinə qarışır. Ya da əksinə olur, məmur jurnalisti dilə tutub danışdırır, onun səsini yazır, rəhbərlərinə qarşı istifadə edir. Maskalanmış insanlardan cəmiyyətdə hər nə desən gözləmək olar. Zaur Ustac məharətlə bu eyhamı vurub tez də üstündən adlayıb keçir. Mirzə Ələkbər Sabir demişkən: “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın!” “Dedi (Söhbət Bəy Bala müəllimdən gedir – Ə.A) və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı”. Beləliklə, Əli Mülayim Bəy Bala müəllimdən müsahibə götürür. Bəy Bala müəllim uşaqlığından başlayaraq həyatında baş verən bütün hadisələri xırdalığınadək incələyib danışır. Böyük ölkənin necə kiçik dövlətlərə parçalandığından, oxuya-oxuya alverə qurşandığından, xırda ticarətini inkişaf etdirərək ailə biznesi yaratdığından tutmuş ailədaxili baş verən kiçik detallaradək hər nə baş veribsə, hamısını açıqlayır. Burda yazıçı məharəti dərhal özünü büruzə verir. Zaur Ustac Bəy Bala müəllimin dili ilə Sovetlər ölkəsinin dağılması ilə müstəqillik əldə etmiş dövlətimizin hansı daxili fəsadlarla üzləşdiyindən, o vaxtkı insan təfəkkürünün bir andaca əriyib getməsindən və yeni yaranmış münbit bazar-ticarət əlaqələrinin sürətlə inkişafından və başqa mətləblərdən söhbət açır. Ən nəhayət, hər şeyi yerli-yataqlı danışıb rahatlıq tapandan sonra Bəy Bala müəllim soruşur: “-İndi bu yazının adını nə qoyacaqsınız? Fikrimdən “Bit Biznesi” keçsə də “Böyük Biznes” dedim. -Bəlkə bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız. Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq”. Dahilərdən hansısa deyib ki, “bütün xoşbəxtliklər eynidir, bədbəxtliklər isə müxtəlif cür olur”. Zaur Ustacın baş qəhrəmanı da özünü “Böyük Bədbəxt” hesab edir. Baxmayaraq ki, evli-eşikli, qohumlu-əqrəbalı birisidir. Biznesi də özünün dediyi kimi Bakıdan vurub Dubaydan çıxan, Dubaydan vurub İstanbuldan fırlanaraq yenidən Bakıya gələn böyük şəhərlərdə adam sıxlığından istifadə edərək sürətlə artıb çoxalan nadir biznes sahəsidir. Bununla belə o, özünü böyük bədbəxt hesab edir. Deməli, xoşbəxlik var-dövlətdə, ailə-uşaqda, qohumlar və dostlar arasında ayın-şayın yaşamaqda deyil, səni anlayacaq birinin yanında olmaqdır. Bəy Bala müəllim məhz o gün – müsahibə verdiyi gün onu anlayacaq birini tapdığına sevinir və özünü xoşbəxt sanır. “-Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil”, – deyir Bəy Bala müəllim. Bu qədər qohum-əqrəba, dost-tanış, biznesində istifadə etdiyi adamlar arasında onu anlayacaq bircə nəfər də olsun tapıb ürəyini boşalda bilməyən “Böyük Biznes” sahibi Bəy Bala müəllim… Zaur Ustacın “BB” hekayəsini uğurlu nəsr əsərlərindən hesab etmək olar. Ən azından otuz illik bir qərinənin gözəçarpmayacaq panoraması canlandırılır bu hekayədə… Bilmədiyimiz, bəlkə də varlığına fikir vermədən adi hal kimi baxıb, yanından ötüb keçdiyimiz ciddi sahələr işıqlandırılıb bu əsərdə… Yazıçının missiyası qələmə aldığı əhvalatı təkcə bədii mətnə çevirib cəmiyyətə təqdim etməkdən ibarət deyil, həm də sətiraltı olsa belə cəmiyyətə ideya verib hekayəsini hərtərəfli mənalandırmağı bacarmaqdır. Düşünürəm ki, Zaur Ustac burda qarşıya qoyulmuş tapşırıqların hər ikisinin öhdəsindən məharətlə gəlib. “BB” hekayəsində təkcə şirkət qurub bizneslə məşğul olmaq deyil, çalışqan insan üçün götürüb inkişaf etdirəsi müxtəlif istiqamət və yollar mövcuddur. Ən əsası isə dövrün bir çox böyük sahələri bu kiçik həcmli əsərdə öz mənzərəsini əks etdirib. 20 noyabr 2022, Xırdalan şəhəri. Müəllif: Əli bəy AZƏRİ ƏLİ BƏY AZƏRİNİN YAZILARI
“Xəzan” ədəbi-bədii jurnalının layihəsi kimi Əli bəy Azərinin tərtibçiliyi və redaktorluğu ilə Bayraq günü münasibəti ilə nəşr olunan “Bayraq hekayələr toplusu”nda 22 qələm sahibinin 22 hekayəsi (rəmzlərə inansaq, 22 + 22 = 44) nəsrsevərlərə ərmağan edilmişdir. 44 artıq çağdaş Azərbaycan tarixinin zəfər, qələbə, bayraq, qürur, özünəqayıdış, özünəinam rəmzi kimi müqəddəsdir.
Bilmirəm, zərurətdənmi, təsadüfdənmi toplu yazıçı və şair Ramiz İsmayılın “Vicdan sancısı” hekayəsi ilə başlanır. Əli bəyin qeydinə görə, kitabda yazarların hekayələrinin ardıcıllığı müəlliflərin təvəllüdünə uyğun böyükdən kiçiyə görə düzülüb. Ancaq onu bilrəm ki, ağsaqqal Ramiz müəllimin hekayəsinin ayağı düşərli olacaq. Çünki kitabın içindəki ilk hekayəni oxuyan hər kəs o biri hekayələrlə də mütləq maraqlanacaq. Bu hekayəni toplunun içini səyahət eməyə yardımçı olan bir bilikli bələdçiyə bənzətdim.
Elə bir zəmanəyə gəlib çatmışıq ki, insanların çoxunu vicdan sancısı tutmur, hətta çoxu bilmir ki, vicdan nədir. Mənim düşüncəmə görə, vicdan içimdəki “Mən”dir.
Kaş, Ramiz İsmayılın “Vicdan sancısı” hamımızı oyatsın, yerindən tərpətsin, daxilimizi təmizləsin, bu sancıdan qıvrıla-qıvrıla özümüzü tanıyaq, əgər içimizdə o varsa…
Hekayə barədə düşüncələrimi bölüşəndə Ramiz müəllimin adını tez-tez vurğulamayacağam. Ancaq hər fikrimin təməlində yazarın və mənim təxəyyülümün bir-birini təsdiqləməsi dayanır, mənə elə gəldi ki, aramızda qarşılıqlı anlaşma yarandı…
Loğman Təbib “həm şair, həm nasir, həm dramaturq, həm də 30 il millət vəkili, deputat dostlarının hörmət əlaməti olaraq Vəkil Daimi təxəllüsü verdiyi “xəstə”ni – hekayənin əsas lirik “mən”ini özünün tibb mərkəzinə uzman doktor, vicdanoloq İnsaf Mürvətlinin qəbuluna göndərir. Vicdanoloqun qəbuluna onu “eynəyi başının ortasında, sinəsi yarıya qədər açıq, boğazında qəribə “tatu” olan, şalvarının dizləri bir neçə yerdən it parçalamış kimi cırıq görünən cavan qız nəzakətlə” dəvət edir. Bu vicdanoloqun “köməkçi”sidir. Belə “köməkçi”ləri görən “xəstə”lərin içəri daxil olan kimi dərdi yüngülləşir. Bu müasir tibbin ən yaxşı “müalicə” üsuludur.
Vəkil Daimi elə universal millət vəkilidir ki, parlamentdə, televiziya ekranlarında “kosmik tədqiqatlardan da, atom nəzəriyyəsindən də, sonsuzluqla mübarizə yollarından da, ailə-məişət məsələləri”ndən də yüksək “intellekt”li çıxışlar yapıb hamını mat qoya bilir. Vəkil Daiminin “millət qarşısındakı xidmətləri lap çox böyükdür”:
-Bakının dörd ən yaxşı yerində səkkiz dənə ikimərtəbəli şadlıq sarayı tikdirmişəm. Hər nəvəmin adına birini. Üç rayona avtobus marşrutu açmışam. Böyük bir taksi şirkətim var. Bunların hamısı xalqın xidmətindədir.
Bu “xeyirxah” xalqın “xidmətçi”sinin sağlamlığında problem var, onun vicdanı ağrıyır. Niyə? Qoy özü “qısa” desin:
-Otuz ildə nəvələrimin hamısının nəvəsinə də gün-güzəran üçün şərait yaratmışam. Xeyli fasilədən sonra Avstraliyada yaşayan qızımın nəvəsi dünyaya gəlib. İndi mənim vicdanım qəbul eləməz ki, məndən ona bir miras qalmasın. Çox fikirləşdim, axırda belə qərara gəldim ki, ona on-on beş hektar torpaq sahəsi alım. İçində də bir arxitekturalı məscid tikdirim. Sonra fikirləşdim: baş mollabaşı buna imkan verməz. Yəni, ona bata bilmərəm. Belə qərara gəldim ki, torpaq alım, içində mürdəşirxana tikdirim, qəbir daşları üçün sex açım. Özün bilirsən ki, qəbir daşları get-gedə bahalanır. Bütün bunları təzə nəvəmin adına sənədləşdirim. Həm xalqa xidmət olar, həm də dolanışıq.
Uzman doktor vicdanoloq baş mollabaşından qorxduğunu etiraf etməyi bacaran, “vicdan”ı ağrıyan “xəstə”sinə 200 manat dəyərində bir “Vicdanavin” adlı dərman yazır, mütləq tibb mərkəzinin aptekindən almaq şərti ilə.
Vəkil Daimi narazılıq edəndə ki, doxdur, bu qiymətə dərman olar, İnsaf Mürvətli söhbəti konkretləşdirir:
-Vicdan ağrısı elə-belə dərmanla müalicə olunmur, hörmətli millət vəkili. Bu dərman şəxsən Loğman Təbibin kəşf elədiyi dərmandır…
İkinci “xəstə” şişmandı, o da vicdanı piylənənlərdəndi. Atası “abaxeyis” olub, o dünyadadı, oğlu hər gün ona rəhmət oxutdurur, Ata da ona düşməyən rəhmətdən hər an narahat olub sakit uyuya bilmir. Şişman atasının ən “uğurlu” “layihə”sidir, “abaxeyis” oğlu uşaqlıqdan “zambağ”ları (“zavmaq” demək istəyir) tələyə salmağın mahir ustası olub, indi də təcrübəli işverəndi. Ataya “vicdanın itin olsun” deyənlər oğulu “vicdansız köpəkoğlu vicdansız” kimi tanıyırlar. Vicdanoloq həkim “xəstə” şişmanın səkkiz dəqiqəsi qurtardığından onu kabinetdən çıxarır. Son anda şişman vicdan doxdurundan “bu vicdan nə olan şeydir? Vapşe onun müalicəsi varmı?” soruşmağı da unutmadı. Həkim, deyəsən, ona “Vicdanavin” yazmadı. Bilmirəm, dərmana heyfi gəldi, yoxsa?..
Növbəti “xəstə” supermarketlər şəbəkəsinin prezidentidir. O da yerli-dibli olmayan “vicdanının səsinə qulaq asıb” İnsaf Mürvətlinin qəbuluna gəlib. At, eşşək ətinin itə, pışiyə verilməsindən qeyzlənən, qiyama qalxan, çiçək kimi əti insanlara yedirdən deputatdır. Özü də “atın, eşşəyin dalında böyümüş adamdı. Atdan düşüb eşşəyə, eşşəkdən düşüb ata elə də minmişdi, belə də. At, eşşək onun üçün əziz heyvanlardır. Doğulduğu, deputat seçildiyi rayonun atının, eşşəyinin ətinin belə urvatsız olması onun vicdanını ağrıdır. Ət satılıb qurtarandan sonra vicdanı bir az sakitləşib”.
Vicdanoloq yaman kövrəlmişdi:
-Bax buna deyərəm vicdan.
Uzman həkim niyə kövrəlmişdi, niyə heyvanlara münasibəti bu qədər “insanidir”? Bunu sonda biləcəksiniz. Vicdanoloq ona da bir “Vicdanavin” yazıb bəh-bəhlə yola saldı…
Növbəti “xəstə” – hüquqşünas vəkilin dərdi lap böyük idi, fil də daşıya bilməzdi. “Qırx il vəkillik edib, bir dənə də məhkəməni uda bilməyən, əzrayılla əlləşdiyini, o dünyada qır qazanında yandırılacağını” bu dünyada yana-yana vicdanoloqa danışan vəkil həkimə yalvarırdı ki, onun “vicdanını qismən də olsa təmizləsin. Həkim onu da “Vicdanavin” almağa göndərdi”…
Dili topuq vura-vura içəri girən növbəti “xəstə” “pensionnu fondun” hətta özünün adını, iş yerini, vəzifəsini düz-əməlli deyə bilməyən” işçisidir. “Yazıq” neyləsin, bəlkə də 10 milyon əhalinin dürlü-dürlü qarğış və söyüşlərlə hər gün “yada saldığı” iş yerinin adını deməyə cəsarəti çatmırdı. Vicdanoloqun başqa “xəstə”lərindən fərqli olaraq onda vicdanın işartıları görünürdü. Fondun gəlirlərinin pensiyaların 20-25 faiz artımına imkan yaratdığını hesablayan bu işçinin hesablamalarından “telviziyalar xəbər tutan kimi qara camaatın, xüsusilə işbazların sevincini” təsəvvür edirsinizmi? Və pensiyaların artırılmasına 2-3 ay qalmış qiymətlər kəlləçarxa çıxdı, pensiyalarsa dörd faiz artırıldı. “Bir milyon qara camaatın pensiyasının bu artımı səkkiz-doqquz milyonun “civinə vurdu”… Bu azmış kimi min manatdan yuxarı pensiya alanlara pensiyalarının on faizi qədər yardım elədilər. Bu az qala qara camaatın aldığı pensiyanın məbləği qədərdir”.
Vicdanoloqun dili-ağzı qurumuşdu. “Vicdan ağrısından ölmək” həddinə çatan “xəstə”yə həkim “səninki Allaha qalıb” deməkdən başqa çarə tarmadı. Əlbəttə, vicdanoloq “iki əliylə başını tutmağı ilə stuldan tirtap yıxılmağı bir olan” belə pasiyentini “müalicə” etməyin yolunu bilmirdi. İnsaf Mürvətli, deyəsən, “Vicdanavin” yazmağın əhəmiyyətsiz olduğunu anladı…
Növbəti “ağır xəstə” – “Abşeron” tikinti şirkətinin rəhbəri iyirmi il müddətində “novostroyka”ları hər müştəriyə dörd-beş dəfə satan, Mirzə Ələkbər Sabirin diliylə desək, bir “həpənd”dir. “Qısası, həm ev tikir, həm də ev yıxır”. O dərəcədə sağalmaz mərəzə tutulub ki, onu “ürək həkimi pulunu alıb mədə-bağırsaq həkiminə, mədə bağırasaq həkimi pulunu alıb böyrək həkiminə, böyrək həkimi qara ciyər həkiminə” futbol topu kimi ötürür. Günlərin bir günü son iki ayın kreditini ödəyə biməyən ailəni “göz açmağa qoymayıb evdən çıxaranda yeddi-səkkiz yaşlı uşağın “heç vicdanın ağrıdımı?” sualı şirkət rəhbərini qəfil yuxudan ayıldır”. Öz-özünə hövllənir: “vicdan nədir?” İndi o, vurağan öküz kimi gözlərini döyərək vicdanoloqdan soruşur: “Ola bilərmi mənim vicdanım ağrısın?”. Həkimin cavabı məndə məchul hiss yararatdı. O cavabda qramın mində biri qədər vicdan gördüm və sevindim:
-Narahat olmayın. Sizin vicdanınız ağrımır. İnsanın orqanizmində olmayan şey ağrımaz.
Həkimin də, Ramiz müəllimin də yerinə olsaydım bu “xəstə”yə “insan” yox, “məxluq” deyərdim…
Ramiz İsmayıl bir roman yükünə qadir altı kitab vərəqi həcmindəki hekayəsində məni çox bədbin duruma saldı. Üzeyir Hacıbəylinin “Ordan-burdan” tamaşasınının qəhrəmanı Dumaya deputat seçilmək eşqinə düşən Salman bəyin təbirincə desək, bu günkü “turş” cəmiyyətin “elita”sında sağlam adam tapmaq müşkül məsələymiş:
“Hələ növbədə “vicdan xəstəsi” çox idi. Keçmiş icra başçıları, bələdiyyə sədrləri, ikinci (hətta birinci) Qarabağ müharibəsi dövründə rüşvət alan hərbi komissarlar, ölmüş xəstələrin yaxın adamlarını aldadıb pul alan həkimlər, keçmiş polis rəisləri, “uçaskovu”lar, məktəb direktorları, işıq, qaz, su təsərrüfatı işçiləri, kimlər… kimlər…”
Qayıdaq vicdanoloqun birinci “xəstə”sinin – Vəkil Daiminin yanına. Həkimin yanından çıxanda yaraşıqlı tibb mərkəzinə baxıb dərindən ah çəkən Vəkil Daimi nəhayət, “ağlına, fərasətinə” də şübhə elədi:
-Nə təhər olub mənim ağlıma düşməyib belə bir tibb mərkəzi açmaq. Loğman Təbib məndən beş il sonra millət vəkili seçilib, amma gör necə ağıllı işlər görüb.
Yuxarıda söz vermişdim ki, uzman-doktor vicdanoloq İnsaf Mürvətlinin atın, eşşəyin adı gələndə nə üçün kövrəldiyini açıqlayacağam. Hələ arabir yazımda it, pişik, öküz, fili də elə belə xatırlamırdım. Loğman Təbibin deputat həmkarı Vəkil Daimi ilə özünün “çay evi”ndəki söhbəti hekayənin kulminasiya nöqtəsidir:
-…Heç doxdurum da doxdur deyil. Bilmirəm baytarlıq kursunumu, zootexnik kursunumu qurtarıb.
-Dayan görüm, bəs məni o mal doxdurunun yanına niyə göndərmisən?
-Reklam üçün, desinlər filankəs də orada müalicə olunur.
-Sənin reklamın xatirinə beş yüz manatım getdi.
-Qaytaracam, qorxma…
Vicdanoloq da bu günümüzün ölmüş vicdanları diriltməyə çalışan Şeyx Nəsrullahı imiş, millət vəkilləri də vicdanı ölülər. Milli vəkillərimiz həm də çağdaş usta Zeynallarmış, “A” ilə “B”-ni qanmayan (Allah sənə rəhmət eləsin, Mirzə Cəlil).
Çətin və müəmmalı suallar burulğanında çabaladım. “V. İ. M. Medikal senterin – (V – Vicdan, İ – İnsaf, M – Mürvət)” sahibinin vicdanı həm varmış, həm də yoxmuş. Varmış, ona görə ki, vicdanı qəbul eləmir həmkarları olan bu “xəstə”lərin pulları əcnəbilərə qismət olsun”. Yoxmuş ki, “güzəran”ından narazıdır, bədbəxtdir, yəni onu da arabir “xəstəlik” – “vicdan sancısı” yaxalayır, ancaq utanır etiraf etməyə, bəlkə də cəsarəti çatmır, “zibil” içindədi axı:
-Qarabağda torpaq sahəsi almaq ağıllı fikirdi. Amma bir məsələ var: 44 günlük müharibədə bizim bu ölkəyə qırx dörd qəpiklik xeyrimiz dəymədi. Uşaqlarımızın hamısı xaricdə yaşayırlar. Arvad da gah oğlunun, gah qızlarının yanında olur. Bir ay Türkiyədə, üç ay Niderlandda, iki ay Almaniyada, heç üzünü də görmürəm”.
Belə sızıltılara fikir verməyin. “Zato göyərçin”lə, “turac”la romantik həyat” da var. Bunu deputat həmkarı Vəkil Daimi faş elədi, özü ağzından qaçırmazdı. Bir də ki, lap ağzından “quş” buraxsın, kimdi ondan “turac”ın 150 minlik, “göyərçin”in 70 minlik maşınlarının necə alınmasının haqq-hesabını soruşan?..
***
Televiziya tamaşaları içində sənət şedevri hesab etdiyim “Ac həriflər” yadıma düşdü. Bu tamaşadakı “quru bəylər” – Ə.Haqverdiyev dövrünün fırıldaqçı “intelligent”ləri həqiqətən də “ac həriflər” idilər. O da “xəstəlik” idi, indikindən fərqli olaraq bəlkə də sağalan idi.
Ramiz İsmayılın “xəstə”ləri isə tox “həriflər”di, hər bəd əmələ qadirdilər, hər şeyləri var, vicdandan savayı. Görürsünüzmü, yüz il ərzində nə qədər “tərəqqi” yolu keçmişik? Artıq kəndlərdə mal-qara bəsləməyə şərait olmadığından, yüzlərlə hektar münbit torpaqları gözüac məmur və millət vəkilləri qapazladığından kolxozda camışın, inəyin, buğanın, atın, eşşəyin irəlisi ilə gerisini tanımayan baytarlar, zootexniklər “vicdanolq” kimi yetişiblər.
Ramiz müəllim, görəsən, tox “həriflər” vampirlər kimi nə qədər bu millətin qanını sora-sora cəmiyyəti xəstələndirəcəklər?..
“Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev, Mədəniyyət Nazirliyinin nümayəndəsi Akif Maarifli, tanınmış Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Səlim Babullaoğlu, “Space” Müstəqil Teleradio şirkətinin prezidenti Müşfiq Hətəmov və bir sıra tanınmış şəxslər iştirak edib.
Tədbirin açılış nitqində çıxış edən S.Babullaoğlu bildirib ki, layihə ilə əlaqədar dünyanın ayrı-ayrı 30 ölkəsindəki yazıçılara müraciət edilib:
“Sentyabr ayının 27-dən başlayaraq hər gün bir əcnəbi yazıçının səsləndirdiyi şeir “Space” TV-də yayımlanacaq və bu, Zəfər gününə – noyabrın 8-dək qədər davam edəcək”.
Daha sonra çıxış edən AYB sədri Anar qeyd edib ki, Qarabağ müharibəsi başlayandan bəri Yazıçılar Birliyi hər zaman hadisələrin mərkəzində olub:
“Yazıçılar Birliyi təbliğat işlərində hər zaman olduğu kimi bundan sonra da daha da intensiv rol alacaq. Bizim haqq işimizi təbliğ etməyimiz üçün bu layihə çox vacibdir”.
“Space” Müstəqil Teleradio şirkətinin prezidenti Müşfiq Hətəmoğlu layihə barəsində çıxış edib: “Müxtəlif tribunalardan Qarabağ həqiqətləri barədə 30 ildir ki, danışırıq. Lakin bu gün haqqında danışdığımız layihənin haqq işimizin təbliğində xüsusi yeri olacaq. Həqiqətlərimizin müxtəlif ölkələrdən şairlərin dili ilə deyilməsi Qarabağın Azərbaycanın bir parçası olmasını bir daha bütün dünyaya sübut edəcək”.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Akif Maarifli qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə nazirliyin üzərinə böyük iş düşüb: “Biz çalışırıq ki, Qarabağ həqiqətlərini mədəniyyətin dili ilə çatdıraq. Bu layihə dünya xalqlarının fikrində Qarabağla bağlı düzgün imic formalaşdırılmasına kömək edəcək”.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev qeyd edib ki, tarixdə yazıçıların yazdıqları qalır: “Çünki yazıçının, şairin sözü əbədi yaşayır. Əslində, yaxşı yazıçı xalqın əbədiyyətdəki vəkilidir”.
Xatırladaq ki, təqdim edilən layihə “Şuşa İli”nə həsr olunub və layihə çərçivəsində 30 ölkədən 44 nəfər tanınmış ədəbiyyatçı və şair Şuşa üçün şeir oxuyacaq. Azərbaycandan layihəyə 8 şair qoşulub.
Qeyd edək ki, “Şuşaya salam” layihəsi 27 sentyabr – 8 noyabr tarixlərində baş tutacaq.
Hələ min illər əvvəl Şaman fəlsəfəsində şəxsiyyətin fəallıq aspektləri geniş müzakirələrə səbəb olub… İnsanlar (bəzən) bu ali dəyərin məqsədinə vara bilməsələr də, zərrəvi həqiqətləri günün reallığı hesab edib, özlərinin cəmiyyət işində hansı önəm daşıdıqlarını bilməyiblər. Bu da o dövr üçün səciyyəvi olan ibtidai fikirdə itib-batmaq təhlükəsi yaradıb. Lakin zaman keçdikcə şəxsiyyət kodeksi daha çox diqqət çəkdiyi üçün insanlar ali fikirlərə meyl edib, ictimai düşüncə ibtidaidən çıxıb…
Açığı, (biz) parlaq istedadlı şair Tapdıq Əlibəylinin 2021-ci ildə “Elm və təhsil” mətbəəsində işıq üzü görmüş “Payız çöhrəsində yazdı 44 gün” kitabını oxuduqdan sonra bu qənaətə gəldik. Kitabdakı şeirlər (bəlli olduğu kimi) 2020-ci ilin 44 günlük tarixi həqiqətlərinə zəmin verir. Əsas leytmotivi (vahid süjet xətti) “Qarabağ Azərbaycandır!” şüarı olan bu kitabda vətənpərvərlik duyğusu, Vətən hissi bədii zərurətlərdən daha çox fəlsəfi çırpıntı doğurur; yəni (kitab boyu) poetik ruh eyni ləngərdə olsa da, müəllif ovqatını aşkar-sətiraltı ruhda cilalayıb, otuz ilin həsrət yanğılarını bir vətəndaş münasibətinin sədaqəti, əzmi və şücaəti ilə ehtiva edib. Zənnimizcə, (adıçəkilən kitabda) oxucunu acı hislər qoynunda çırpındıran da ən çox elə bu nüansdır. Maraqlıdır ki, Tapdıq Əlibəyli (bu kitabda) adi istəklə deyil, zorla təmin olunan azadlığı vəsf edib, işğala məruz qalmış yurdlarımızı, əsir və itkin düşmüş insanlarımızı, torpaq uğrunda canlarından keçmiş qeyrətli oğullarımızı 44 günün fərəhi qədər işıqlı göstərib. Belə deyək, müəllif oxucuya əzabı bir qədəh mey kimi içmək, hərfən və mahiyyətcə fərqli ideyalarda bərqərar olan zəfəri mənəvi və emosional dərk etmək şansı verib. Kitabdakı şeirlərin hamısında insanın taleyi özünə tabe etmək və yaxud (onu) dəyişdirə bilmək zərurəti var. Həmçinin, burada klassika, nostalji hiss eyni müstəvidə, fəqət başqa anlamlarda cərəyan edir. Əslində, bu təlatüm doğuran harayın içində doğru bir tövsiyyə (də) diqqət çəkir; insanı, insanlığı, torpağı, bütöv halda Vətəni qorumaq üçün nəsil-nəsil çırpınmalıyıq. Çünki illər qanadsız ilğımlar kimidir, qəfil qeyb olurlar…
Əlbəttə, (yuxarıda dediyimiz kimi) kitabın poetik-ictimai süjeti şəxsiyyət fəallığı, bütöv bir epoxanı dəyişən yenilməz İnsan qüdrətidir… Nümunələrə diqqət edək:
Xilaskar Ordunun çarpan ürəyi,
Millətin, dövlətin məslək-diləyi.
Zəfərə aparır qətiyyət, səyi,
İlham Heydər oğlu – Şanlı Sərkərdə!
***
“Əsgər duası”nın sözündə kəsər:
“Minarələr süngü, qübbələr miğfər…”
Ucaldı haqq səsi: Allahu Əkbər!
Müzəffər millətə əsgər Ərdoğan!
***
…Yağı qıfılına Ordumuz açar,
Məğlub aqibətə işğalçı düçar.
Qəsbkar erməni boğulur naçar,
Sevinc göz yaşında Azərbaycanın!
Bu şeir parçalarında müəllif sevən, sevilən, həyata ayıq gözlə baxan İNSAN obrazlarına səcdəlik haqqı verir. Bu haqq öz fəlsəfi mənasını “…Yağı qıfılına Ordumuz açar” prizmasında tapır. Buradan belə anlayırıq ki, oxucuda yüksək həyat eşqi, real vətəndaşlıq hissi yaratmaq şairin ən ümdə vəzifələridəndir, onun (kitab boyu) lirik hədəfi bu ali duyğudur. Doğrudan da, xəyanətkar olduğu üçün “işğalçı məğlub aqibətə (həmişə) düçar” qalır. Bu ədəbi xarakteri aşağıdakı misralar çox dəqiq və sərrast açır:
…Allahın da xoşu, həvəsi gəlir
“İrəli” marşından Azərbaycanın!
Elə bu marş sədaları ilə Azərbaycan 44 gündə öz gerçəyini sübuta yetirdi. Müəllif bununla (sətiraltı) demək istəyir ki, güc kimdədirsə, zəfər də ondadır…
Heç şübhəsiz, Tapdıq Əlibəyli öz üslubu, fərqli düşüncə tərzi olan şairdir. Məsələn, o, işğalçını da, işğal acılarına məruz qalanı da eyni cəmiyyətdə pərvəriş tapmaq səadəti ilə xarakterizə edir, dostluqla düşmənçiliyi eyni duyğu ilə cilalayır, lakin humanist olmağın əngəllərini də aşkar göstərir.
Səmimi deyək ki, «Payız çöhrəsində yazdı 44 gün» kitabında qabarıq həyat eskizləri var və müəllifin poetik təəssüratı məxsusi olaraq bu amillə səciyyələnir. Buradakı şeirlər ləyaqət və insanpərvərlik duyğularının bədii ehtivası qədər səciyyəvidir, səmimi koloritdə öz ifadəsini tapır.
Kitabda emosiya doğuran, həm də çılğın hislər yaradan siyasi ovqat da seysmik təsiri ilə diqqət çəkir:
…“İti qovan” toy tutur,
Oyna, Paşinyan, oyna!
Bu gülüş və sarsıntı doğuran misraları şairin ölkə rəhbərinə şamil etdiyi saf, səmimi və təmiz duyğular parça-parça edir:
Ali Baş Komandan – Ali Baş Əsgər,
Qarabağ uğrunda hər kəs səfərbər.
Əsgərə komandan, xalqına rəhbər, –
İlham Heydər oğlu – Şanlı Sərkərdə!
Bu şeirdə və bu tipdə digər Vətən ruhlu ədəbi komponentlərdə müəllif (haqlı olaraq) diqqətə çatdırır ki, yüksək idarəçilik bacarığı dövlətin idarə olunmasında əsas faktordur. Bu qəti bacarığa malik olduğu üçün Ali Baş Komandan İlham Əliyev Azərbaycanın inkişaf və tərəqqisi üçün böyük əsaslar əldə edib. Daha doğrusu, dövlət quruculuğu, torpaqlarımızın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun qazandığı nailiyyətlər, Azərbaycanın dünyada söz sahibi olması və s. ölkə prezidentinin fəaliyyət strategiyasında son məqsəd deyil.
…Tarix unutqanlıq xoşlamır, qardaş,
Hələ ki, bitməyib son döyüş, savaş…
Bu harayın ehtivası nəhayət ki, 2020-ci ildə öz küləyini əsdirdi. Bu anlamda, Tapdıq müəllim (kitabda) əks hücum əməliyyatının başlanmasını populistcə yox, insanca araşdırıb, qeyrətli oğullarımızın öz canlarından keçmək əzmini fəlsəfi rakursda cilalayıb. Demək istəyib ki, bəlkə də, bir adam bütün həyatını digər bir insan uğrunda xərcləmək üçün doğula bilsin. Lakin Azərbaycan əsgəri bu qətiyyətə toplum halında imza atdı. Bu da o mənadadır ki, Allahın insan(lar)a verdiyi dəyər başqası üçün yaşamaq bacarığıdır, müəllifin xüsusi önəm verdiyi və yüz cür rəng sürtdüyü bu ədəbi salnamə hər kəsin həyat bələdçisi ola bilər.
“Payız çöhrəsində yazdı 44 gün” kitabında bəlkə də müəllifin əsas məqsədi göz önündə yaşanan tarixi həqiqətləri əks etdirmək deyil, əksinə, İlahi nurun fəzilətini ənam almış obrazların, onların bir çoxunun mərdanəliyinə işıq tutmuş yaradıcı insanların mübarək insan çöhrələrində həyatı, taleyi daha işıqlı göstərə bilməkdir. Bu da o anlama gəlir ki, Tapdıq Əlibəyli insan vurğunu, şəxsiyyət aşiqidir, ucalıq qayəsi aydın görünən qələm sahibidir. Biz onun kitabda adbaad sərgilədiyi obrazların əsl insan xislətini, yurd sədaqətini xoşovqat missiya kimi sezirik.
Tapdıq müəllim kitabın vətənpərvərlik kodunu əsgər paltarı (mundiri) kimi ifadə edib, bu şifrəni “Zəfər günümüzün… boyuna biçilib əsgər mundiri. Şəhidlər, qazilər, ər-qəhrəmanlar Geyinib əyninə şəstlə hər biri” fonunda (oxucuya) göstərib. Zaman aşırımları keçmək gücü olan bu kitabı diqqətlə oxuyanlara bəlli olur ki, ekstremal şərait həyatın ən dürüst çalarlarını aydın xarakterizə edir, çılğınlıq dərdi zəkasızlığa sirayət edən mövcud aləmdə insanın azacıq da olsa günah morfemindən bir qat üstdə duruş gətirməsi hazırkı reallığın bəlkə də üz tutula biləcəyi sadə dürüstlükdür. Bu rakurs həyata ruh ucalığı ötürmək missiyalıdır. Bu ideoqrfik zəmin oxucunu Vətən hissindən «uzaq» tutmur, əksinə onu hissi olaraq ikiləşmək qorxusundan «azad edir».
İnanırıq ki, «Payız çöhrəsində yazdı 44 gün» kitabı istedadlı şair Tapdıq Əlibəylinin növbəti yaradıcılıq uğurlarına (bir) körpü olacaq. Çünki