Etiket arxivi: Azərbaycan Milli Kitabxanası

Milli Kitabxanada Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir keçirilib

Milli Kitabxanada Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qonaqları salamlayıb. Dərin tarixi kökləri olan ana dilimizin dövlət səviyyəsində qeyd olunduğu bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edib. Azərbaycan əlifbası və Azərbaycan dili gününün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edildiyini bildirib. Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək zirvəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən ətraflı bəhs edib. Bu ənənənin Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirildiyini, dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən birinin 2004- cü ildə Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilində latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqındakı sərəncam olduğunu bildirib. Cənab Prezident İlham Əliyevin Azərbaycan dilinin tətbiqinə və təbliği işinin həyata keçirlməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılması istiqamətində yeni fərman imzaladığını əlavə edib. Bu istiqamətdə son 2 ildə Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə təşkilatçılığı ilə dünyanın 6 ölkəsində “Azərbaycan ədəbiyyatı guşəsi” açıldığını vurğulayıb.

Tədbir çərçivəsində şəhid Məhərrəm Əlioğlu İbrahimovun xatirəsinə həsr olunmuş “Jurnalist ömrünün ədəbiyyət nəğməsi” adlı kitabın təqdimat mərasimi keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Direktor bu əlamətdar gündə şəhid-jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş “Jurnalist ömrünün ədəbiyyət nəğməsi” adlı kitabın təqdimatının önəmli olduğunu vurğuluyaraq bildirib ki, bu cür kitabları ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərmizin xatirəsinin əbədi yaşadılmasında, gələcək nəsillərə xalqın igid övladlarının qəhramanlığının çatdırılmasında və təbliğində mühüm rol oynayır. Milli Kitabxananın saytı vastəsilə kitabın 3 dildə bütün dünyada çatdılılacağını və təbliğ olunacağını qeyd edib.

Milli Məclisin deputatı, diplomat Rizvan Nəbiyev çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının həm beynəlxalq diplomatik müstəvidə, həm də səngərdə mübarizə apardığını söyləyib. Diplomatik müstəvidə aparılan mübarizədə öndə kütləvi informasiya vastələrinin iştirak etdiyini və bunun çox böyük önəm kəsb etdiyini vurğulayıb. Bu istiqamətdə AZƏRTAC-ın müxbiri Məhərrəm Əlioğlu və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun xidmətlərindən ətraflı bəhs edib. Hər iki şəhidin mina terorunun qurbanı olduğunu vurğulayıb. Bu gün şəhidlərimizin qanının yerdə qalmadığını, qalib ölkənin qalib vətəndaşları olduğumuzu deyib. Bu işin təşəbüskarlarına minnətdarlığını çatdırıb.

Tədbirdə çıxış edən kitabın müəllifi, şəhid-jurnalistin qardaşı Əsgər İbrahimov şəhidin ömür yolundan, qəhrəmanlığından bəhs edərək Milli Kitabxananın rəhbərliyinə və kitabın ərsəyə gəlməsində dəstəyi və əməyi olan hər kəsə təşəkkür edib. Bu kompaniyanın davam etdiriləcəyini və kitabın Milli Kitabxana vastəsilə bütün kitabxalarara çatdırılacağını vurğulayıb.

Tədbirdə çıxış edən kitabın rəyçisi texnika elmləri üzrə fəlsəfə doktoru Hümbət Hüseynov, Real televiziyasının əməkdaşı Kamran Qasımov, əməkdar jurnalist Tahir Aydınoğlu, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Məmmədova və başqaları Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə hər kəsi təbrik edərək bu əlamətdar günün önəmindən Ulu Öndər Heydər Əliyevin Azərbaycan diliniə diqqət və qayğısından danışıblar. Belə bir gündə şəhid Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş kitabın təqdimatının gözəl bir təşəbbüs olduğunu vurğulayıblar. 44 günlük Vətən müharibəsi zamanı ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalist kimi fəaliyyətindən bəhs ediblər. Bu işdə dəstəyi olan hər kəsə Real televiziyasına, Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə təşəkkürü bildiriblər.

Sonda tədbir iştirakçıları bu əlamətdar gün münasibətilə təşkil edilmiş “1 avqust- Azərbaycan əlifbası və Azərbaycan dili günü” adlı kitab sərgisi ilə yaxından tanış olublar.

Kitab sərgisində Azərbaycan dilinin tarixindən, inkişaf mərhələlərindən, dövlətimiz tərəfindən dilimizə göstərilən qayğıdan bəhs edən Azərbaycan və digər dillərdə ədəbiyyatlar nümayiş olunur.

Azərbaycan Milli Kitabxanası

Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabı

Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabı

Kitab XX əsrin əvvəllərində Türkiyəyə köç etmiş və son nəfəsinədək Vətənimizin istiqlalı amalına sadiq qalmış və bu yolda yorulmadan mücadilə etmiş azərbaycanlı mühacirlərin əziz xatirəsinə ithaf olunur.

Kitabda İstanbulun Feriköy, Zincirlikuyu, Edirnekapı, Karaca Ahmet və digər tarixi məzarlıqlarında dəfn edilmiş 60-dan çox görkəmli dövlət, ictimai-siyasi və elm xadimlərimiz, ziyalılarımız ilə bağlı məlumatlara yer verilmiş, onların həyat hekayələri bir-birindən maraqlı nadir fotoşəkillər və sənədlərlə müşayiət olunmuşdur.

Kitabda Türkiyə Dövlət arxivindəki sənədlərdən, Azərbaycan mühacirət mətbuatındakı materiallardan, müxtəlif dillərdə çap olunmuş əsərlərdən, eləcə də müəllifin şəxsi kolleksiyasından istifadə edilmişdir.

Azərbaycan Milli Kitabxanası

Milli Kitabxanada “Xalq artisti Vasif Adıgözəlov – 90” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Xalq artisti Vasif Adıgözəlov – 90” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada Xalq artisti, professor, Dövlət mükafatı laureatı, “Şöhrət” və “İstiqlal” ordenli, unudulmaz bəstəkar Vasif Adıgözəlovun anadan olmasının 90  illik yubileyi münasibətilə  “Xalq artisti Vasif Adıgözəlov – 90” adlı kitab sərgisi açılıb.

Sərgidə bəstəkarın operaları, simfonik poemaları, mahnı və romansları, kamera-instrumental əsərləri, musiqili komediyalara, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqi notları, həyat və yaradıcılığı haqqında kitablar, “Yaradıcı həyatın anları” fotoalbomu və s. Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayış olunur.

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli siması, Xalq artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlov 1935-ci il iyul ayının 28-də  Bakıda Şuşalı ustad xanəndə Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açıb.

İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində piano sinfində alıb. 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. 1958-ci ildən əmək fəaliyyətinə başlayan sənətkar müxtəlif mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb.

Vasif Adıgözəlovun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox yerlərində, o cümlədən Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ Respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.

Bəstəkar 2 operanın – “Ölülər” və “Natəvan”, 6 musiqili komediyanın – o cümlədən “Nənəmin şahlıq quşu”, bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı “Hacı Qara”, “Boşanaq – evlənərik”, “Aldın payını, çağır dayını”, həmçinin “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915”, “Qəm karvanı” oratoriyalarının, 3 simfoniyanın, “Segah” muğam-simfoniyasının, “Mərhələlər”, “Afrika mübarizə edir” simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərlərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.

Bəstəkarın əməyi hər zaman yüksək qiymətləndirilərək ən yüksək fəxri adlara, orden və medallara layiq görülüb.

Milli Kitabxanada “Şair, publisist Məstan Günər – 90” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada milli uşаq ədəbiyyаtımızdа özünəməхsus yеri оlаn şair, publisist Məstan Günərin anadan olmasının 90 illik yubileyi münasibətilə “Şair, publisist Məstan Günər – 90” adlı kitab sərgisi açılıb.

Sərgidə şairin əsərləri, ön söz yazdığı, redaktoru olduğu kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar nümayiş olunur.

Mənbə və ətraflı: https://www.millikitabxana.az/news/mestan-guner–90

Azərbaycan Milli Kitabxanası

Milli Kitabxanada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilib

Milli Kitabxanada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilib

22 iyul tarixində Milli Kitabxanada Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyinə həsr olunmuş kitab sərgisinin açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova Milli Mətbuatın 150 illik yubileyi münasibətilə mətbuat işçilərini və media nümayəndələrini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan Milli Kitabxanasının fəaliyyətindən və dövlətin Kitabxanalara olan xüsusi qayğısından bəhs edərək bildirib ki, Milli Kitabxananın arxiv fondunun mühüm bir hissəsini dövrü mətbuat nümunələri təşkil edir. Əlavə edib ki, Azərbaycan Milli Kitabxanasında Həsən bəy Zərdabinin 1875-ci ildə yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatın, eyni zamanda ötən 150 il ərzində çap olunan dövrü mətbuat nümunələrinin orijinal nüsxələrindən ibarət zəngin arxiv fondu yaradılıb. Dövrü mətbuat nümunələrinin qorunub saxlanılmasında və mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasında Milli Kitabxananın əhəmiyyətli rol oynadığını vurğulayıb. XIX əsrin sonu və XX əsrin əvvəllərində çap olunan müxtəlif dövrü mətbuat nümunələrinin, “Əkinçi” qəzetindən başlayaraq müasir dövrədək nəşr olunan qəzet və jurnalların Milli Kitabxanada elektronlaşdırılaraq rəqəmsal nüsxələrinin yaradıldığını və bunun gələcək nəsillərə çatdırılması üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Tədbirdə çıxış edən digər natiqlər Həsən bəy Zərdabinin irsindən və müasir dövrdə medianın üzərinə düşən vəzifələrdən bəhs ediblər. Azərbaycan mətbuatının cəmiyyətin maarifləndirilməsində, ictimai rəyə təsir göstərməkdə və milli kimliyin qorunmasında oynadığı mühüm rolu qeyd ediblər. Eyni zamanda, bu cür sərgilərin gənc nəslin mətbuat tariximizə marağını artırmaq baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “Milli mətbuat günü” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.

Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Əkinçidən başlanan yol”, “Ümummilli Lider Heydər Əliyev və Milli mətbuat”, “Milli mətbuatımızın banisi – Həsən bəy Zərdabi”, “İlk milli mətbuat”, “Qərbi Azərbaycanda ilk Azərbaycan mətbuatı”, “Nəşrlər”, “Yubiley medalı”, “Fotoqalereya”, “Videoqalereya” və s. bölmələrdən ibarətdir. Məlumat bazasında yerləşdirilən materiallar tammətnləri ilə təqdim olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/M.Metbuat/index.html linkindən istifadə edə bilərlər.

Sonda qonaqlar “22 iyul- Milli Mətbuat günü” adlı kitab sərgisi ilə tanış olublar.

Sərgidə Azərbaycan milli mətbuatının inkişaf mərhələlərinin bütün dövrlərini əks etdirən kitablar, “Əkinçi” qəzetinin və eyni zamanda XX əsrin əvvəllərində çap olunmuş müxtəlif qəzet və jurnalların nüsxələri, görkəmli jurnalist və publisistlərin, mətbuat xadimlərinin əsərləri, nadir arxiv materialları, həmçinin Azərbaycan mətbuat tarixini əhatə edən elmi – tədqiqat işləri, biblioqrafiyalar nümayiş olunur.

Azərbaycan Milli Kitabxanası

Çin Xalq Respublikasından gələn qonaq redaktor Shen Jing Milli Kitabxanada olub

Çin Xalq Respublikasından gələn qonaq redaktor Shen Jing Milli Kitabxanada olub

Çin Xalq Respublikasından gələn qonaq redaktor Shen Jing Milli Kitabxanada olub, kitabxananın “Nadir kitablar və kitabxana muzeyi” şöbəsində mühafizə olunan albomla tanış olub. Alboma Xiang Zijing tərəfindən toplanmış Sonq sülaləsinin (960-1279) Çin rəssamlığının 15 görkəmli əsərinin reproduksiyaları daxil edilib. Reproduksiyalar orijinalların rənglərində çap olunub. Bu rəsmlər seçilmiş sənət əsərləridir və böyük dəyərə malikdir. Albom çin, rus, ingilis, fransız və alman dillərindədir. Hər illüstrasiyadan əvvəl qısa giriş verilib. Reproduksiyalar ayrıca vərəqlərdə çap olunub və ornamental çərçivə ilə bəzədilmiş albomun səhifələrinə yapışdırılıb.

Albomun cildliyi saplarla tikilmiş ipək parça ilə bəzədilib. Qovluq parça ilə örtülüb, qapaqlar sümükdən hazırlanıb.

Azərbaycan Milli Kitabxanası

Milli Kitabxanada “Məhəmməd Füzuli. Biblioqrafiya” və “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitablarının təqdimat mərasimi keçirilib

Milli Kitabxanada “Məhəmməd Füzuli. Biblioqrafiya” və “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitablarının təqdimat mərasimi keçirilib

11 iyul tarixində Milli Kitabxanada Azərbaycan Respublikası Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Məhəmməd Füzuli. Biblioqrafiya” və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitablarının təqdimat mərasimi keçirilib.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq, qonaqları salamlayıb. Qeyd edib ki, Məhəmməd Füzuli Azərbaycan şeirində və ədəbiyyatında günəş kimi parlayan, zəngin və dərin keçmişə malik bir şəxsiyyətdir. Həm Azərbaycan Milli Kitabxanası, həm də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Füzuli aşiqidir. Direktor Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı “Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamın bu böyük şəxsiyyətin Azərbaycan mədəni irsində tutduğu əvəzsiz mövqeyini təsdiqlədiyini bildirib. Füzulinin təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumilikdə Yaxın və Orta Şərq ədəbiyyatında üç dildə azərbaycan, ərəb və fars dillərində yazan nadir şəxsiyyətlərindən biri, hər üç ədəbiyyatda öz möhtəşəm izini qoymuş bir düha olduğunu söyləyib. O, təqdimatı keçirilən hər iki əsərin Füzulişünaslığın yeni mərhələsinə bir cığır açacağını, Füzulinin yaradıcılığını daha geniş və dərindən araşdırmaq istəyən gələcək tədqiqatçılar üçün bitkin bir ensiklopedik əsər olduğunu söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxışında hər iki kitabı geniş və əhatəli təhlil edib. Bildirib ki, Məhəmməd Füzuli haqqında yazılmış hər iki kitab Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, elmi ideoloji mərkəz olan Milli Kitabxananın və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun həmrəyliyinin, birliyinin, əməkdaşlığının bir örnəyi kimi çox qiymətlidir. Azərbaycan Respublikası Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” sərəncamına müvafiq olaraq həyata keçirilən bütün tədbirlər, həmçinin 2024- cü ildə Beynəlxalq Kitab Sərgisinin Füzuliyə həsr olunması müasir dövrdə beynəlxalq miqyasda Füzulinin Azərbaycan şairi kimi yenidən təqdim və təbliğ olunmasına bir töhfədir. 7 minə yaxın mənbəni əhatə edən “Məhəmməd Füzuli. Biblioqrafiya” kitabının “Əhdi-Bağdadi”dən başlayaraq 530 illik dövrü əhatə edən indiyədək nəşr olunan ilk geniş, sistemli möhtəşəm əsər olduğunu bildirib. İlk dəfə olaraq bu biblioqrafiyada 500 dən çox əlyazma və daşbaşmanın verildiyini əlavə edib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Füzulişünaslıq” sektoru tərəfindən hazırlanan “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitabının isə ümumiləşdirilmiş və geniş həcmə malik olan ən sanballı elmi-təqdiqat əsəri olduğunu söyləyib.

Hər iki əsərin Füzuli irsi haqqında 530 ildə yazılanlara yekun vuran, ümumiləşdirən möhtəşəm bir elmi abidə, Azərbaycan və dünya Füzulişünaslığına ərmağan edilən sanballı bir töhfə olduğunu qeyd edib.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyeva, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Füzulişünaslıq” bölməsinin müdiri, filologiya üzrə elmlər doktoru, dosent Ataəmi Mirzəyev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdiri, dosent Knyaz Aslan, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli çıxış ediblər. Onlar öz çıxışlarında Füzuli irsindən, yaradıcılığından ətraflı bəhs edərək, Füzulinin Azərbaycan ədəbiyyatında, elmində, mədəniyyətində tutduğu yer, müasir ədəbiyyatda Füzuli ədəbi-bədii dili, üslubu, Füzuli dilinin obrazlılığından geniş söhbət açıblar. Bu gün təqdimatı keçirilən hər iki kitabın bir-birini tamamladığını, Füzuli irsini araşdıranlara və Füzuli xiridarlarına böyük bir hədiyyə, töhfə olduğunu söyləyiblər.

Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının və Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyini və kollektivini təbrik ediblər.

Mənbə və ətraflı :

https://www.millikitabxana.az/news/mehemmed-fuzuli-biblioqrafiya

Milli Kitabxanada “Seyid Əzim Şirvani – 190” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Seyid Əzim Şirvani – 190” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

4 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Milli Kitabxanada bu münasibətlə “Seyid Əzim Şirvani – 190” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/S.A.Sirvani/index.htm linkindən istifadə edə bilərlər.

Mənbə və Ətraflı:

https://www.millikitabxana.az/news/seyid-ezim-shirvani–190

Türkiyədə keçirilən “61-ci Kitabxana Həftəsi” çərçivəsində “Azərbaycanın və Türkiyənin aparıcı kitabxanaları: Azərbaycan Milli Kitabxanası və Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanası” mövzusunda onlayn konfrans keçirilib

Türkiyədə keçirilən “61-ci Kitabxana Həftəsi” çərçivəsində “Azərbaycanın və Türkiyənin aparıcı kitabxanaları: Azərbaycan Milli Kitabxanası və Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanası” mövzusunda onlayn konfrans keçirilib

4 aprel tarixində Azərbaycan Milli Kitabxanasının, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin, Türkiyənin Cumhurbaşkanlığı Millət Kitabxanasının, Bartın, Çankırı Karatekin, Kastamonu və İstanbul 29 Mayıs Universitetlərinin Bilgi və bəlgə yönətimi bölümlərinin birgə təşkilatçılığı ilə “61-ci Kitabxana Həftəsi” tədbirləri çərçivəsində “Azərbaycanın və Türkiyənin aparıcı kitabxanaları: Azərbaycan Milli Kitabxanası və Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanası” mövzusunda onlayn konfrans keçirilib.

Konfransda Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı, Bartın Universiteti Bilgi ve Belge Yönetimi Bölüm Başkanı Doç. Dr. Ahmet Altay, Bartın, Çankırı Karatekin, Kastamonu və İstanbul 29 Mayıs Universitetlərinin Bilgi və bəlgə yönətimi bölümlərinin, Bakı Dövlət Universitetininm İnformasiya və sənəd menecmenti fakültəsinin professor müəllim heyəti və tələbələri də iştirak edib.

Çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov iştirakçıları salamlayaraq “61-ci Kitabxana Həftəsi” münasibətilə hər kəsi təbrik edib. Azərbaycanın ən böyük və zəngin kitabxanası olan Milli Kitabxana haqqında iştirakçılara ətraflı məlumat verib. Milli Kitabxananın Azərbaycanda kitabxana işinin təşkilində mühüm rol oynadığını, Azərbaycanda kitabxana sahəsində dövlət siyasətini həyata keçirən təşkilat kimi faəliyyət göstərdiyini qeyd edib. Milli Kitabxananın Azərbaycan mədəniyyətinin, ədəbiyyatının dünya miqyasında tanıdılmasında xüsusi əhəmiyyət kəsb edən layihələr həyata keçirdiyini, dünyanın 94 ölkəsinin Milli Kitabxanası ilə kitab mübadiləsi apardığını, 54 ölkənin Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzaladığını, yaxın gələcəkdə isə Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanası ilə əməkdaşlıq memorandumu imzalanacağını bildirib. Türkiyə və Azərbaycanın bir xalq, iki dövlət olduğunu belə tədbirlərin keçirilməsi hər iki ölkənin kitabxana işçiləri və tələbələrinə ölkənin ən böyük və aparıcı kitabxanaları ilə tanış olmaq, onların zəngin kitab fondlarından və onlayn xidmətlərindən istifadə imkanı yaradacağına, qarşılıqlı əlaqələrin qurulmasında mühüm rol oynayacağını vurğulayıb.

Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanasının direktoru cənab Ayhan Tuğlu çıxışı zamanı Cumhurbaşkanlığı Millət Kitabxanasının fəaliyyəti haqqında ətraflı bəhs edərək Kitabxananın 2015-ci ildə Prezident cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yaradıldığını və Türkiyənin ən böyük kitabxanası olduğunu, öz fondlarına və xidmətlərinə görə dünyanın qabaqcıl kitabxanaları sırasında yer aldığını söyləyib. Azərbaycan Milli Kitabxanası ilə qarşılıqlı əlaqələrin qurulmasından və birgə fəaliyyətdən məmnun olacağını bildirib.

İnteraktiv müzakirələr fonunda davam edən konfransda iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Mənbə və Ətraflı:

https://www.millikitabxana.az/news/61-ci-kitabxana-heftes

Milli Kitabxanada “Aprel döyüşləri” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Aprel döyüşləri” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/aprel_doyusleri/index.html linkindən istifadə edə bilərlər.

Mənbə və Ətraflı: https://www.millikitabxana.az/news/aprel-doyushleri-emb