21 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada “21 sentyabr – Beynəlxalq Sülh Günü” adlı kitab sərgisi virtual rejimdə istifadəçilərə təqdim olunub.
BMT-nin Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə sentyabrın 21-i Beynəlxalq Sülh Günü elan edilmişdir.
Sərgidə Azərbaycan – Ermənistan – ABŞ Birgə Bəyannaməsi, Prezident İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası, Azərbaycanda cəmiyyətin gələcək inkişafı və sülhün qorunub saxlanılması və möhkəmləndirilməsi üçün atılan addımlar və s. mövzu haqqında dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
21 sentyabr nəinki xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir. İnsanları sülhə, sabitliyə, təhlükəsizliyə çağıran bu gün BMT-nin Nyu-Yorkdakı Baş qərargahında quraşdırılan “Sülh zəngi”nin çalınması ilə başlayır. 44 günlük Vətən müharibəsi dövründə istərsə də müharibədən ötən dövr ərzində ordumuz tərəfindən erməni təxribatlarına cavab verilərkən dinc əhaliyə qarşı humanizm prinsipləri daim qorunmuş, əbədi sülhün yaranması üçün bütün vasitələrdən istifadə olunmuşdur. Azərbaycan Respublikasının dövlət siyasəti regionda əbədi sülhün bərqərar olmasına yönəlib və bu kurs ardıcıl olaraq aparılır. Azərbaycanın sülhsevər ölkə kimi bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul edildi, bu səbəbdən multikulturalizm və tolerantlıq mövzularında beynəlxalq konfransların məhz ölkəmizdə keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən diplomatik bacarığı, həyata keçirdiyi uğurlu siyasət sayəsində regionda əbədi sülh bərqərar olacaq.
Milli Kitabxanada “20 sentyabr – Dövlət Suverenliyi Günü”
19 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada “20 sentyabr – Dövlət Suverenliyi Günü”; Ağdərə; Xankəndi; Xocalı və Xocavənd Şəhərləri Günü münasibətilə virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” sərəncamına əsasən qeyd edilir.
Sərgilərdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinə dair rəsmi sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruq” adı altında aparılmış 44 günlük Vətən müharibəsi, hərbi və siyasi strategiya, hərbi taktikası, qazanılmış Şanlı Qələbə və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bütün ölkə ərazisində tam bərqərar edilməsi, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolu haqqında, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi və Birinci Vitse- Prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə məqsədyönlü bərpa-quruculuq işlərinin aparılması və müasir konsepsiyalar əsasında nəhəng infrastrukturun yaradılması, işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/20_sentyabr_Suverenlik_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Suverenlik dövlətin müstəqilliyinin, milli iradəsinin və beynəlxalq hüquqda subyekt kimi tanınmasının ən yüksək göstəricisidir. Hüquqi baza isə bu müstəqilliyin qorunmasının təminatıdır. Azərbaycan Respublikasında son illərdə qəbul edilən siyasi və hüquqi qərarlar məhz bu iki konseptual anlayışın – Konstitusiya və suverenliyin vəhdəti üzərində qurulub. 2025-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunması və sentyabrın 20-də Dövlət Suverenliyi Gününün təsis edilməsi bu istiqamətdə strateji xarakterli addımlar sırasına daxildir. Qarabağda milli suverenliyimizin tam bərpa edilməsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə olan ümummilli ehtiramın ən böyük nümunəsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə olundu və torpaqlarımız azadlığa qovuşdu. Qarabağ və Şərqi Zəngəzurda antiterror tədbirləri nəticəsində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi. Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Xocalı şəhəri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırdı. Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır. Bu zəfər möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ziddiyyətli beynəlxalq münasibətlər şəraitində dövlətin təkbaşına və güc yolu ilə öz hüquqlarını təmin etməyinin nümunəsini yaratdı. 20 Sentyabrın mahiyyəti yalnız suverenliyin bərpa edildiyi gün ifadəsi ilə məhdudlaşmır. Bu tarix Azərbaycan dövlətinin öz ərazisi, siyasi iradəsi və gələcək inkişaf istiqamətləri üzərində tam məsuliyyət daşıdığı yeni mərhələnin başlanğıcını simvollaşdırır.
“18 Sentyabr – Milli Musiqi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi
18 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada Azərbaycanın zəngin musiqi mədəniyyətinin və milli musiqi irsinin təbliği məqsədilə hər il 18 sentyabr tarixində qeyd olunan Milli Musiqi Günü münasibətilə “18 Sentyabr – Milli Musiqi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Sərgilərdə Milli Kitabxananın və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” layihəsi çərçivəsində nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələri və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi biblioqrafiyalar, Azərbaycan musiqi sənətinin təşəkkül və inkişaf tarixi, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin zəngin irsi, Milli musiqimizin görkəmli xadimlərinin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti, Azərbaycanın milli musiqi alətləri və s. haqqında Azərbaycan və xarici dillərdə müxtəlif ədəbiyyatlar nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm linkindən istifadə edə bilərlər. 18 sentyabr – Musiqiyə çevrilən gün. Hər il sentyabrın 18-i Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini Ulu Öndər Heydər Əliyev qoyub. Ümummilli Liderin 1995-ci ildə – dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcluyuq. Üzeyir Hacıbəyli kimi dəyərli musiqiçilərin irsini yaşatmaqla yanaşı, bu gün Azərbaycan musiqisinin zənginliyini və mədəni dəyərlərini geniş auditoriyaya tanıdır. Musiqi təhsili, ictimaiyyətin maarifləndirilməsi və beynəlxalq mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi baxımından bu günün keçirilməsi ölkənin mədəni həyatında əhəmiyyətli bir yer tutur, Azərbaycanın musiqi mədəniyyətinin gələcəyini işıqlandırır. Artıq Milli Musiqi Günü xüsusi ab-hava ilə, qələbə ovqatında qeyd olunur. “Dəmir yumruq”ətrafında birləşən xalqımız 44 günlük Vətən müharibəsində Şanlı zəfərə imza atdı, Müzəffər Ordumuz 30 il erməni tapdağında qalan torpaqlarımızı, o cümlədən Üzeyirin vətənini- Şuşanı azad etdi. Qələbədən sonra kərpic-kərpic qurulan Qarabağda dahi bəstəkarın büstü Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə yenidə ucaldıldı, ölümsüz bəstəkarın əsərləri illər sonrada yenidən doğma yurdunda səsləndi, Şuşanın dağlarına bəstəkarın təkrarsız nəğmələri hopdu. Qarabağ bu gün böyük mədəniyyət tədbirlərinə-“Xarıbülbül” Musiqi Festivalına, “Vaqif Poeziya Günlərinə” evsahibliyi edir, şəhərlərimizin işğaldan azad olunduğu günlər bayram ovqatında qeyd olunur. Belə möhtəşəm tədbirlərdə xalqımızın zəngin xəzinəsi, mənəvi sərvəti sayılan Üzeyir Hacıbəylinin əsərləri təkrar-təkrar ifa edilir, alqışlarla qarşılanır.
“Üzeyir Hacıbəyli – Azərbaycan musiqisinin korifeyi” adlı elektron məlumat bazası
Azərbaycan Milli Kitabxanası tərəfindən 18 sentyabr Milli Musiqi Günü və XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli – Azərbaycan musiqisinin korifeyi” adlı elektron məlumat bazası (https://anl.az/el/emb/uhacibeyli/index.html) hazırlanaraq istifadəçilərin istifadəsinə təqdim edilib. “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 18 sentyabr tarixli 385 nömrəli Fərmanına əsasən hər il sentyabrın 18-də ölkəmizdə Üzeyir Musiqi Günü qeyd olunur. 2009-cu ildən etibarən isə Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir. Ənənəvi olaraq hər il sentyabrın 18-də – bəstəkarın doğum günündə başlayan festival çərçivəsində konsert proqramları ilə yanaşı, teatr tamaşaları, elmi-praktik konfranslar, ustad dərsləri və digər mədəni-maarif tədbirləri təşkil edilir. Üzeyir Hacıbəyli Azərbaycan professional musiqi sənətinin banisi, bəstəkar, musiqişünas, publisist və maarifçi kimi milli mədəniyyət tarixində xüsusi mövqeyə malikdir. Onun çoxşaxəli yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin inkişafında yeni mərhələnin formalaşmasına zəmin yaratmış, milli musiqi ənənələrinin professional bəstəkarlıq yaradıcılığı ilə qarşılıqlı əlaqədə inkişafına mühüm təsir göstərmişdir. Üzeyir Hacıbəyli irsinin elmi baxımdan araşdırılması, mühafizəsi və təbliği müasir dövrdə də mühüm əhəmiyyət daşıyır. Bəstəkarın əsərlərinin, elmi-nəzəri və publisistik irsinin, həyat və yaradıcılığına dair elmi-biblioqrafik materialların elektron mühitdə sistemləşdirilməsi tədqiqatçılar, musiqişünaslar, kitabxana-informasiya mütəxəssisləri, təhsil müəssisələri və geniş istifadəçi auditoriyası üçün mühüm informasiya imkanları yaradır. Milli Kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazası bəstəkarın həyat və yaradıcılığı haqqında müxtəlif tipli informasiya resurslarının vahid elektron informasiya məkanında sistemləşdirilməsi məqsədini daşıyır. Elektron məlumat bazasının strukturuna “Ana səhifə”, “Rəsmi sənədlər”, “Azərbaycan ruhunu yaşadan dahi”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Üzeyir Hacıbəyli haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Əsərləri”, “Haqqında”, “Mükafatlar”, “Filmoqrafiya”, “Fotoqalereya” və “Videoqalereya” bölmələri daxildir. Bölmələrdə təqdim olunan materiallar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığının əsas mərhələlərini, yaradıcılıq irsini, əsərlərinin müxtəlif janr və istiqamətlərini, ictimai-mədəni fəaliyyətini, onun haqqında elmi və biblioqrafik nəşrləri, eləcə də bəstəkarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı məlumatları əhatə edir. Bölmələrdə Üzeyir Hacıbəyli irsi, yaradıcılığının təbliği, yubileylərinin keçirilməsi və xatirəsinin əbədiləşdirilməsi ilə bağlı qəbul edilmiş dövlət sənədləri, fərman və sərəncamlar, bəstəkarın milli musiqi mədəniyyətinin inkişafındakı rolunun, yaradıcılıq irsinin əhəmiyyətinin və Azərbaycan professional musiqi məktəbinin formalaşmasına verdiyi töhfələrin təqdim edilməsinə həsr olunmuş materiallar, bəstəkarın həyat və yaradıcılıq fəaliyyətinin mühüm mərhələlərinin xronoloji ardıcıllığı, tanınmış şəxsiyyətlərin Üzeyir Hacıbəyli haqqında söylədikləri fikirlər, elmi və publisistik qiymətləndirmələr, bəstəkarın adının əbədiləşdirilməsi məqsədilə həyata keçirilmiş tədbirlər, onun adına yaradılmış mədəniyyət və təhsil müəssisələri, abidə və heykəllər, xatirə lövhələri, ev-muzeyləri və digər memorial obyektlər haqqında məlumatlar təqdim edilir. Həmçinin, “Əsərləri” bölməsində Üzeyir Hacıbəylinin yaradıcılıq irsi janr və istiqamətlər üzrə sistemləşdirilərək təqdim olunur. Burada operaları, operettaları, musiqili komediyaları, orkestr, xor, vokal və instrumental əsərləri və digər musiqi nümunələri haqqında məlumatlar əks etdirilir. Bazada eyni zamanda, bəstəkarın dövlət təltifləri, fəxri adları, orden və medalları, eləcə də digər mükafatları haqqında məlumatlar sistemləşdirilir, vizual və audiovizual informasiya imkanlarını genişləndirən bölmələrdə isə bəstəkarın müxtəlif dövrlərə aid fotoşəkilləri, ailə üzvləri, həmkarları, ictimai-mədəni tədbirlər və yaradıcılıq fəaliyyəti ilə bağlı foto materiallar, həyat və yaradıcılığına dair sənədli filmlər təqdim edilir. Beləliklə, elektron məlumat bazasının tematik və funksional strukturu Üzeyir Hacıbəylinin həyat və yaradıcılığının, musiqi və elmi-publisistik irsinin, onun haqqında formalaşmış elmi-biblioqrafik informasiya resurslarının kompleks şəkildə təqdim edilməsinə imkan verir. Bu struktur məlumatların sistemləşdirilməsini, informasiya resurslarının operativ axtarışını və istifadəçilərin bəstəkarın zəngin irsinə müxtəlif informasiya formatlarında çıxışını təmin etməklə elektron məlumat bazasının elmi-mədəni informasiya resursu kimi əhəmiyyətini artırır. Elektron məlumat bazasının yaradılması Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsinin rəqəmsal informasiya mühitində sistemləşdirilməsi, mühafizəsi, əlçatanlığının təmin edilməsi və elmi-mədəni dövriyyəyə daxil edilməsi baxımından əhəmiyyətlidir. Resurs eyni zamanda milli musiqi irsinin rəqəmsallaşdırılması və kitabxana-informasiya resurslarının müasir informasiya texnologiyaları əsasında inkişaf etdirilməsi istiqamətində həyata keçirilən fəaliyyətin tərkib hissəsidir.
6 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada “6 sentyabr – Beynəlxalq Kitaboxuma Günü” adlıvirtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərətəqdim olunub.
Sərgilərdə şüurlu və sürətli oxu, kitabla rəftar, uşaqlar və mütaliə, kitab bayramları, oxu mədəniyyəti, söz, kitab, mütaliə, kitabxana və s. haqqında dövrimətbuatda çap olunan məqalələr, fotolar, Azərbaycanvə xarici dillərdə ədəbiyyatlar nümayiş etdirilir.
Virtual sərgi ilə tanış olmaq istəyənlər
https://anl.az/el/vsb/Beynelxalq_Kitaboxuma_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
6 sentyabr – Beynəlxalq Kitab Oxuma Günüdür.Kitablar çantamızda, həyatımızda, kitabxanamızda… Tarixin ən qədim dövrlərindən bəri həyatımızda olan kitablar sevdiyimiz adamlar kimi ömürümüzə də işıq saçırlar. Oxuduğumuz əsərlər zaman keçdikcə yaddaşımızda kök salırlar.
1852-ci ilin 6 sentyabr günündə Mançesterdə ilk pulsuz kitabxana fəaliyyətə başladığından bu günü kitab oxumaq günü kimi dəyərləndiriblər.
Bu gün insanı formalaşdıran, mənəvi aləmini zənginləşdirən kitabların əhəmiyyətini vurğulayır.
Kitab oxumaq insanın düşüncə tərzini formalaşdırır, dünyagörüşünü genişləndirir və həyatı daha dərindən anlamağa kömək edir. Hər bir kitab oxucuya yeni bilik, duyğu və ilham bəxş edir. Bu mənada Azərbaycan ədəbiyyatı xüsusi yer tutur. Xalqımızın yaddaşı və mədəni irsinin aynası olan ədəbiyyatımız böyük sənətkarların əsərlərində həm milli kimliyimizi, həm də ümumbəşəri dəyərləri əks etdirir.
5 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada bəstəkar-musiqişünas, filosof, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abutalıb qızı Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş “Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə bəstəkarın ön söz müəllifı, redaktoru olduğu, rəyçi, layihə rəhbəri, məsləhətçisi, monoqrafiyaları, nota alınmış əsərləri, elmi fəaliyyəti, Azərbaycan və rus diində çap olunan ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
Gülnaz Abutalıb qızı Abdullazadə 1946-cı il sentyabr ayının 7-də Bakı şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki AMK) bəstəkarlıq sinfini bitirib. 1976-1979-cu illərdə M.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında (fəlsəfə fakültəsinin Estetika kafedrası) təhsil alıb. Gülnaz xanım 1 saylı musiqi məktəbində, A.Zeynallı adına Musiqi Texnikumunda, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda (indiki ADDU) kafedra müdiri vəzifəsində çalışıb. 1991-ci ildən Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektorudur. Azərbaycan və dünya musiqisinin fəlsəfi problemlərinə və Azərbaycan bəstəkarlarının yaradıcılığına dair bir sıra əsərlərin müəllifidir. “Azərbaycan muğamlarının fəlsəfi mahiyyəti” (1983), “Musiqi sənətinin fəlsəfi mahiyyəti” (1985), “Musiqi, insan, cəmiyyət” (1991), “Azərbaycan fəlsəfəsi” (həmmüəllif, 1993), “Qədim və orta əsrlərin musiqi mədəniyyəti” (1996), “Hegelin musiqi estetikası” (1999) və s. monoqrafiyalarını yazarkən bütövlükdə muğamların və folklor musiqisinin fəlsəfi mahiyyətinə əsaslanıb. Aspiranturanı bitirdikdən sonra “Hegelin estetikasında musiqi incəsənətinin problemləri” mövzusunda namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə edib. “Qədim və orta əsrlər musiqi mədəniyyətinin tarixi-fəlsəfi təhlili” (Şərq-Qərb kontekstində) mövzusunda elmi işi yüksək qiymətləndirilib və 1992-ci ildə professor elmi rütbəsini alıb. Gülnaz Abutalıb qızı Abdullazadə 1999-cu ildə akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı olub. 2007-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adı verilib. 2012-ci ildə ona Azərbaycan Bayrağı Mükafatı laureatı, “Xalqın nüfuzlu ziyalısı” fəxri diplomu və “Qızıl Qələm” media mükafatı laureatı diplomu təqdim edilib. 2017-ci il iyulun 4-də bəstəkar-musiqişünas Gülnaz Abdullazadəyə həsr edilmiş kitabın təqdimatı keçirilib.
Milli Kitabxanada “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası təqdim edilib
Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Milli Kitabxanada “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib. Xaqani Şirvani Azərbaycan ədəbiyyatının və Şərq intibahının ən görkəmli nümayəndələrindən biri kimi yüksək bədii-estetik dəyərə malik irsi ilə milli və ümumbəşəri mədəniyyət xəzinəsində mühüm yer tutur. Onun əsərlərində humanizm, ədalət, azadlıq, mənəvi kamillik, insan ləyaqəti və vətənpərvərlik ideyaları öz parlaq bədii ifadəsini tapmışdır. Məlumat bazasında “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”, “Əfzələddin Xaqani Şirvani”, “Tarixləşən Ömür”, “Şair Haqqında Nəşrlər”, “Yaradıcılıq Nümunələri”, “Xaqani Yaradıcılığı Və Ədəbi İrsi”, “Şirvani İrsi Dünya Universitet Kitabxanalarında”, “Xaqani Şirvani Haqqında Fikirlər”, “Xatirəsinin Əbədiləşdirilməsi”, “Xaqani Rəsmlərdə” və “Videoqalereya” bölmələri yer alır. Bazada Xaqani Şirvaninin müxtəlif illərdə nəşr olunmuş əsərləri və onların tam mətnli elektron versiyaları, şair haqqında yazılmış monoqrafiyalar, elmi məqalələr, dissertasiyalar, dövri mətbuat materialları, foto və videomateriallar sistemli şəkildə toplanıb. Elektron məlumat bazası geniş oxucu auditoriyası, tədqiqatçılar, müəllimlər, tələbələr və Xaqani Şirvaninin zəngin irsi ilə maraqlanan hər kəs üçün etibarlı informasiya mənbəyi olmaqla yanaşı, klassik Azərbaycan ədəbi irsinin təbliği və öyrənilməsinə mühüm töhfə verir.
31 iyul tarixində Milli Kitabxanada 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
31 iyul tarixində Milli Kitabxanada 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası kontekstində “Azərbaycan dilinin qorunması və inkişafı məsələləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş nitqi ilə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. O, Azərbaycan dilinin xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin və dövlətçiliyinin əsas sütunlarından biri olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət dilinin qorunması, inkişaf etdirilməsi və zənginləşdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Kərim Tahirov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən hər il 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Kərim Tahirov daha sonra bildirib ki, bu ilki Azərbaycan dili və ədəbiyyat bayramı ona görə əlamətdardır ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 yanvar tarixli “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının dörd əsas bölməsindən birini Azərbaycan dilinin qorunması və inkişafı məsələləri əhatə edir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu istiqamətdə Tədbirlər Planı hazırlayıb və onun icrasının təmin olunması dilimizin inkişafına və qorunmasına töhvələr verəcəkdir. Konsepsiyada Azərbaycan dilinin dövlət dili kimi qorunması və cəmiyyətin bütün sahələrində tətbiqinin genişləndirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycan dilində elmi və bədii nəşrlərin sayının artırılması, rəqəmsal informasiya məkanında istifadəsinin genişləndirilməsi, ədəbi dil normalarının qorunması, dil mədəniyyətinin yüksəldilməsi, gənc nəslin ana dilinə bağlılığının gücləndirilməsi və xaricdə yaşayan soydaşlarımız arasında Azərbaycan dilinin təbliğinin dəstəklənməsi əsas hədəflər kimi müəyyənləşdirilib. Direktor çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı Azərbaycan və dünya ədəbiyyatının ən dəyərli nümunələrinin latın qrafikası ilə kütləvi tirajla nəşrinə geniş imkan yaradıb. Bu layihə çərçivəsində ölkənin kitabxanaları, məktəbləri, ali təhsil müəssisələri və digər mədəniyyət ocaqları latın qrafikalı nəşrlərlə zənginləşdirilib, gənc nəslin kiril qrafikası ilə çap olunmuş klassik ədəbi irsə çıxışında yaranan çətinliklər aradan qaldırılıb. Sonra Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxış edərək Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan, müasir dövrdə qarşıda duran vəzifələrdən, qloballaşma şəraitində ana dilinin saflığının qorunmasının və ədəbi dil normalarına əməl edilməsinin əhəmiyyətindən danışıb. Akademik qeyd edib ki, Azərbaycan dilinin zənginliyinin qorunması və inkişaf etdirilməsi milli-mənəvi dəyərlərimizin yaşadılması, milli kimliyin möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Daha sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xandan çıxış edərək Azərbaycan dilinin müasir inkişaf meyilləri, dil mədəniyyətinin formalaşdırılması, rəqəmsal informasiya mühitində Azərbaycan dilinin tətbiq imkanlarının genişləndirilməsi və ana dilinin gənc nəslə düzgün aşılanmasının vacibliyindən danışıb. O, bildirib ki, qloballaşma, sosial şəbəkələrin geniş yayılması və rəqəmsal kommunikasiya vasitələrinin sürətli inkişafı Azərbaycan dilinin istifadəsində yeni çağırışlar formalaşdırıb. Xüsusilə gənclər arasında xarici dillərdən alınmış sözlərin lüzumsuz işlədilməsi, internet jarqonundan və ixtisar edilmiş ifadələrdən geniş istifadə, ədəbi dil normalarına tam riayət olunmaması nitq mədəniyyətinə mənfi təsir göstərən amillərdən hesab olunur. Aydan Xandan vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın, xüsusilə də gənc nəslin üzərinə düşən mühüm vəzifələrdəndir.
Sonda tədbir iştirakçıları Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində bu cür elmi müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirərək, belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.
Milli Kitabxana “28 May – Müstəqillik Günü” ilə əlaqədar elektron layihələri istifadəçilərə təqdim edib
Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş “28 May – Müstəqillik Günü” adlı elektron məlumat bazası və eyniadlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Elektron məlumat bazasında (https://anl.az/el/emb/Cumhuriyyet/) tammətnli resurslar “Rəsmi sənədlər”, “Şərqdə ilk parlamentli respublika – Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxsiyyətlərin fikirləri”, “İstiqlal bəyannaməsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları”, “Azərbaycan hökuməti”, “Təhsil”, “Nəşrlər”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrində istifadəçilərə təqdim olunur.
Virtual sərgidə (https://anl.az/el/vsb/28_may/index.html) müstəqilliyimizin tarixi, dövlətçilik tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Cümhuriyyət yaradıcıları və s. mövzularda dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Milli Kitabxanada “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” və “Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında” sərəncamlarına müvafiq olaraq Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının Milli Kitabxanada təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb və Əcəmi Naxçıvaninin Azərbaycan memarlıq məktəbinin inkişafındakı misilsiz xidmətlərindən danışıb, onun yaratdığı memarlıq nümunələrinin dünya memarlıq tarixində mühüm yer tutduğunu qeyd edib. Professor bildirib ki, dahi memarın müəllifi olduğu abidələr yüksək sənətkarlıq xüsusiyyətləri, estetik gözəlliyi və mühəndislik dəqiqliyi ilə seçilir. Natiq vurğulayıb ki, görkəmli memarın yaradıcılığı təkcə Azərbaycan deyil, ümumilikdə Şərq memarlıq ənənələrinin inkişafına mühüm təsir göstərib.
Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə öz çıxışında qeyd edib ki, Əcəmi Naxçıvani XII əsrdə yaşamış, Naxçıvan memarlıq məktəbinin əsasını qoyaraq Şərq memarlığının inkişafına böyük töhfə vermiş görkəmli Azərbaycan memarıdır və bu abidələr əsrlər boyu öz əzəmətini qoruyub saxlayıb, Azərbaycan xalqının zəngin mədəni irsinin parlaq nümunələrinə çevrilib.
Memarlar İttifaqının sədri, Əməkdar memar, pofessor Elbay Qasımzadə bildirib ki, Azərbaycan memarlıq tarixində elə şəxsiyyətlər vardır ki, onların yaratdığı sənət nümunələri əsrləri aşaraq bu gün də xalqın milli kimliyini, estetik düşüncəsini və mədəni gücünü yaşadır. O, bu böyük sənətkarların sırasında XII əsrin dahi memarı Əcəmi Naxçıvaninin xüsusi yer tutduğunu və onun adının yalnız Azərbaycan memarlığı ilə deyil, bütövlükdə Şərq memarlıq məktəbi ilə bağlı böyük bir zirvə olduğunu diqqətə çatdırıb. Həmçinin, professor memarın yaratdığı tikililərdə həndəsi ornamentlərdən, kufi yazılarından və milli memarlıq elementlərindən məharətlə istifadə olunmasını xüsusilə vurğulayıb.
Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa çıxışında qeyd edib ki, Əcəmi Naxçıvani XII əsrdə Naxçıvanda fəaliyyət göstərərək “Naxçıvan memarlıq məktəbi”nin banisi kimi tanınmış, memarlıqda konstruktiv yeniliklərlə bədii-estetik harmoniyanı birləşdirmiş və yaradıcılığı Azərbaycan Atabəyləri dövrünin siyasi-mədəni yüksəlişi ilə sıx bağlı olmuş, böyük sənətkar olaraq Möminə Xatun və Yusif Küseyir oğlu türbəsi kimi möhtəşəm abidələr yaratmış və bu əsərlər orta əsr Azərbaycan memarlıq sənətinin yüksək inkişaf səviyyəsini nümayiş etdirmişdir.
Milli Məclisin deputatı Asif Əsgərov bildirib ki, Əcəmi Naxçıvani Azərbaycan xalqının yetişdirdiyi ən böyük memarlardan biridir və onun 900 illik yubileyi milli-mədəni irsimizin zənginliyini bir daha nümayiş etdirməklə yanaşı, yaratdığı sənət nümunələri gələcək nəsillər üçün həm elmi-tədqiqat mənbəyi, həm də estetik ilham qaynağı kimi yaşayacaqdır.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid vurğulayıb ki, Əcəmi Naxçıvaninin memarlıq fəaliyyətində mühəndislik dəqiqliyi ilə bədii-estetik kamillik vəhdət təşkil etmiş, onun layihələndirdiyi tikililər dövrün elmi-texniki imkanlarını əks etdirən nadir sənət nümunələri kimi həndəsi ornamentlər, kufi xətti ilə işlənmiş kitabələr, mürəkkəb kompozisiya quruluşları və simmetrik memarlıq sistemi ilə seçilmişdir.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov öz çıxışında qeyd edib ki, Əcəmi Naxçıvaninin yaratdığı memarlıq prinsipləri sonrakı dövrlərdə Azərbaycanla yanaşı, İran, Orta Asiya və Yaxın Şərq memarlığına da ciddi təsir göstərib, xüsusilə türbə memarlığında onun tətbiq etdiyi kompozisiya sistemi uzun müddət memarlar üçün örnək olub, bu baxımdan Əcəmi Naxçıvani yalnız milli memar deyil, dünya memarlıq tarixində öz izini qoymuş böyük sənətkardır.
AMEA-nın İncəsənət və Memarlıq İnstitutunun aparıcı elmi işçisi, professor Rahibə Əliyeva Əcəmi Naxçıvaninin yaratdığı memarlıq nümunələrində dövrün ictimai-mənəvi həyatını, dini-fəlsəfi və sənət görüşlərini dolğun əks etdirməklə əbədiyyət, axirət dünyasına qovuşmağı sanki qarşısına məqsəd qoyduğunu və buna nail olduğunu bildirib. O, qeyd edib ki, insan bacarığının ən ulu təzahürü olan bədii yaradıcılıq, sənətkarlıq onun yaratdığı türbə-xatirə tikililərində öz təcəssümünü tapmışdır və bu nadir abidələr memarın yaratdığı Möminə xatun türbəsinin frizində həkk etdiyi “Biz öləcəyik, bu isə yadigar qalacaq” sözlərini doğruldaraq onun istedad sahibi olduğunu bir daha sübut edir və xatirəsini əbədiləşdirir.
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov biblioqrafik göstəricinin elmi ictimaiyyət üçün mühüm əhəmiyyət daşıdığını və bu nəşrin gələcək tədqiqatlar üçün dəyərli vəsait olacağını bildirib. Vurğulayıb ki, belə nəşrlər milli-mədəni irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi rol oynayır.
BDU-nun Mərkəzi Elmi Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Nigar İsmayılova bildirib ki, indiyə kimi Əcəmi Naxçıvaniyə həsr olunmuş biblioqrafik göstərici tərtib edilməyib. Bunu nəzərə alaraq Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası çərçivəsində Əcəmi Naxçıvaniyə həsr olunmuş əhatəli biblioqrafik vəsait hazırlanıb. Bu fundamental vəsait 1927-2026-cı illəri əhatə edir və görkəmli memarın zəngin irsini, həyat və fəaliyyətini əks etdirən materialları özündə cəmləşdirib. Biblioqrafik göstəricidə Azərbaycan və xarici dillər üzrə olan materiallar müvafiq bölmələrdə təqdim olunub, xronoloji ardıcıllıq və əlifba prinsipləri əsasında qruplaşdırılıb.
Tədbirin gedişində “Memar Əcəmi Naxçıvani-900” (https://anl.az/el/emb/Ecemi.Naxcivani/index.html) Elektron məlumat bazasının təqdimetmə mərasimi baş tutub. Bazada böyük memarın həyat və yaradıcılığı ilə bağlı zəngin materiallar – rəsmi sənədlər, haqqında fikirlər, kitablar, elmi məqalələr, qəzet və jurnal materialları, həmçinin müxtəlif dillərdə nəşr edilmiş kitablar, foto və videolar sistemli şəkildə oxuculara təqdim olunub.
Tədbirin sonunda Milli Kitabxananın direktoru, professor Kərim Tahirov biblioqrafiya kitabının hazırlanmasında əməyi keçən əməkdaşlara və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.