Bir zaman yetişmişdi. Elə bir zaman ki, insan yaşamırdı, mövcud deyildi. Amma canlılar yenə var idi, onlar yaşayırdılar. Yəni dünya var idi, canlılar yaşayır, ancaq insanın izinə-tozuna rast gəlmək mümkün deyildi…
Son insanın bu dünyadan köç etməsi üzərindən çox sular axmışdı. Və sonuncu insanın ölümündən sonra heç bir şey əvvəlki kimi deyildi artıq. Hər şey çürüməyə üz qoymuşdu. Və bu çürüməyə üz qoymuş dünyada, sonuncu insanın ölümündən sonra insanabənzər varlıqlar ortaya çıxmışdı, meydan sulayırdılar. Onlar eyni ilə insan kimi idilər, sadəcə olaraq düşünmür, düşünmək istəmir, düşünmək iqtidarını özlərindən uzaq tuturdular. Bunlar manqurtlardan daha təhlükəli bir varlıq idilər, bəlkə də, yazıq. Çünki manqurt istəsə də, düşünə bilməzdi, onda düşünmə anlayışı artıq mövcud deyildi. Bu peyda olmuş insanabənzər varlıqlar isə düşüncənin nə olduğunu bilirdilər, amma düşünmək istəmir, düşünmək iqtidarını yaxın buraxmırdılar…
Hər bir canlı varlıq istər təhtəlşüur, istərsə də bilərəkdən özünün rahatlığını istəyir, arzulayır və buna can atır. Və bu istək, arzu və canatma hansı yolu getməyi tələb edirdisə, canlı varlıqlar da o yola qədəm qoyurdular. Beləliklə, bu gün son insanın qeyb olmasından sonra ortaya çıxmış “Çürüklər” adlanan bu canlı varlıqlar təhtəlşüur altında düşünməzliyi, dərketməzliyi və anlamazlığı özlərinə ən münasib yol seçmişdilər. Bu, bir növ, ağıl patlaması, düşüncənin “Big bang”ə məruz qalması idi…
Çürüklərin meydana çıxması dövründə hər şey, beləcə, çürüməyə üz qoymuşdu. Axı hər bir varlıq özünəbənzər cəmiyyətdə var olur, yaşayır, yoxsa o ölər, məhv olar. İnsan irqi də belə bir cəmiyyət yarada bilmədiyi üçün məhv olmuşdu, qeybə çəkilmişdi. Bu dünyaya hakim olmuş Çürüklər də, beləcə, özlərinəbənzər bir cəmiyyət yaratmışdılar. Bu cəmiyyətdə isə nələr çürüməyə üz qoymamışdı ki…
Çürüklərin əməllərinə nəzər yetirdikdə onların ən zərərli bakteriyalardan, viruslardan daha qorxunc və təhlükəli olduqları üzə çıxırdı. Və bu Çürüklər dünyanı dünya edən, onu yaşana bilən bir yer halına salan, yəni son insandan, insanlıqdan qalan dəyərləri çürütməsi ilə öz qorxunc və təhlükəliliklərini büruzə verirdilər…
Bakteriyalar, viruslar necə sürətlə yayılırdısa, düşünün ki, bu Çürüklər onların on qatı, bilmədin, yüz qatı sürətlə hər bir mənəvi dəyəri çulğalayır, onları məhv edirdi. İndi artıq hər şey çürümüş və yaxud çoxdan bəri çürüməyə üz qoymuşdu.
Və insanlığın yox olma və qeybə çəkilmə prosesinin son insanı da özünün insan olduğunu qəbul etməyərək, bunu rədd edərək Çürüklər cərgəsinə qoşulmuşdu. Çünki artıq dünyada insan olaraq yaşamaq, var olmaq mümkün deyildi, bu heç cürə alınmırdı. Son insan da, beləliklə, Çürük olmuşdu və insanlıq son nümayəndəsini də itirmişdi. Artıq o gün-bu gün cəmiyyət də gözəlləşib. Və insanoğlunun əksinə, Çürüklər hər zaman rahat yaşayır, ömür sürürlər…
Dünyanın var oluşunun, insanların yaradılmasının necə baş verdiyi bəlli idi, amma sonu, yox oluşu bilinmirdi. Çürüklərin meydana çıxması ilə bu proses də aydınlandı, başa çatdı…
Nə qədər darıxar insan Bir insanın yoxluğuna?.. Necə öyrəşər? Təsəvvür et Dünən danışdığın, güldüyün adam Bu gün başqalaşır, tanımır səni… Bu nə zarafatdır, ay qadan alım?!… Mən ki, məhəbbətə son qoy demədim, Qəfil gedişini heç gözləməzdim… Daha doğmam deyib öyünmərəm mən…. Doğmalar köçəri quşlar kimidir… Vallah ən yaxşısı yad olmaq elə Bilirsən, nə gələr, nə atıb gedər. Söylə, bu sevgidən dönmək olardı? İndi hayqırtımı eşidirsənmi? Səsini səsimə söykəyərsənmi? Daha darıxmaqdan betər olmuşam Görsən vəziyyətimi nə təhər olmuşam Üz gözüm qırışıb yumaq kimiyəm… Başqa bir ocağa yamaq kimiyəm… Məni sən gətirdin belə bir hala Bu nə zarafatdır, ay qadan alım? Qayıt gəl, dön daha, yuvan ki, mənəm Bəlkə nə zamansa özünə gəlsən Onda sənə qalan peşmanlıq olar Qorxma, taledir də, ölüb gedərəm… Əbədi deyilən həyat varmı ki? Sadəcə dönsəydin son dönəmimdə Daha darıxmaqdan bezar olmazdım. Sözlər də dadıma yetməyir artıq Susuram, başa düş, artıq dön geri İndi danışmağa gücüm də yoxdur. İşdi, dönsən Bir xahişim Bircə dəstə çiçək al Görsəm ürəyim sevinər Görməsəm, ruhum şad olar…
Kitabı əldə etmək istəyənlər Bakı şəhərində, İçərişəhər Bookhouse & Cafe – Asəf Zeynallı 16. ünvanına müraciət edə bilərlər. (Bulvar tərəfdən, köhnə”Meridian” otelin yanından və Azneft meydanı tərəfindən”Yaşıl aptek”in yanından rahat gəlmək mümkündür). Tel: 050-356-27-94
“Mənə yazmaqdan imtina daha çətindir. Çünki həyatın verdiyi ən ləziz cazibələrdən əl çəkəndən, insanı dünyaya bağlayan bütün tellərdən imtina edəndən sonra yazıçılıq məni dünyaya bağlayan yeganə vasitə idi”.
İnsan hər kəsdən, hər şeydən küsə bilər. Amma o özündən küsməsin, insan ki özündən küsdü, onda hər şey sonlanmışdır demək.
Yazmaq… Nə üçün?! Qoqol: “Cəmiyyəti gözəlliyə, kamilliyə çatdırmaq üçün yazmaq lazımdır”.
Kitablarının əksəriyyətini yandırır. Bundan sonra Qoqol üçün həyatın mənası itmişdir. Gəncliyində (o heç qocalmamışdı, bəlkə, heç cavan da olmamışdı) şən, xoş əhval-ruhiyyəli insan olan Qoqol zaman keçdikcə bədbinləşmiş, daha depressiv olmuşdur. Çünki onun gördüyü – bizim görə bilmədiyimiz – şeylər Qoqolun xarakterindəki bu kəskin dəyişikliklərin yaranmasına səbəb olmuşdu. Mövlana: “Kim daha çox bilir, o daha çox dərd çəkir”.
Qoqol diri-diri basdırılmaqdan qorxurdu. Kimlər qorxmayır ki?!. Milyonlarla insan, müqəddəs və ülvi-pak arzular azmı diri-diri basdırılıb?!
İndi artıq tək-tək hər adam öz simasında bütün cəmiyyəti təhqir olunmuş sayır.
İnsana qiymət verilməməsi Qoqolu narahat edirdi, bəlkə ona əzab verirdi. İnsanın qədr-qiymətini deyil, onun hansı vəzifə-rütbə sahibi olmasına göstəriən dəyər onun qələmində bu cür əks etdirirdi: “Rütbəsinə gəlincə – zira bizdə hər şeydən əvvəl rütbəni bildirmək lazımdır”.
İnsanı narahat edən, onun həyatını alt-üst edən insanlar qarşısında bəzən səssiz qalmaq, onları görməzlikdən gəlmək, bütün bu xoşagəlməzliklər ən pik nöqtəyə çatdıqda isə “Məndən əl çəkin, məni niyə incidirsiniz?” sözləri olardı. Bu qədər mədəniyyət, səbr və dözüm?! Qoqolun qəhrəmanının dili ilə verilmiş bu sözlər təsirli idi, üsyan deyildi ha, bu sözün mənasını Qoqol “Mən sənin qardaşınam” kimi ifadə edirdi. İnsanlar bir-birinin qardaşları deyillərmi?! Eyni gəmidə deyilmiyik, eyni budağın üzərində oturmamışıqmı?!
Hər şey göründüyü kimi deyil, gözəlliklər altında nə qədəq eybəcərliklər, xoşagəlməzliklər, hətta dəhşətlər özünə yer tapa bilib. “… insanda nə qədər çox insaniyyətsizlik olduğunu kübarların zahirən zərif mədənilikləri altında nə qədər sərt bir kobudluq və aman Allah, hətta hamının nəcib və namuslu saydığı adamlarda da nə qədər sərt bir kobudluq olduğunu görüb öz ömründə sonralar da çox dəfə sarsılmışdı”.
İstənilən sahədə çalışmasından asılı olmayaraq, insanda iş əxlaqı olmalıdır. İş əxlaqımı?! Qoqol: “Yəqin ki, heç bir yerdə öz vəzifəsinə bu qədər can yandıran bir adam tapmaq olmazdı. Onun canla-başla xidmət etdiyini söyləmək azdır: yox, o, eşqlə xidmət edirdi”.
İnsan həyatdan, onu çulğalayan ətraf aləmdən razı qalmalıdır, özünü razı salmalıdır. Artıq vəzifə, mənsəbmi?! Nəyə lazımdır? “Yox, yaxşısı budur, mənə bir şey verin, üzünü köçürüm”. Başqalarının vəziyyəti, maddi durumu, bir arif adamdan duyduğum “gecə yatarkən qonşusunun pulunu saymaq” haqda heç nə fikirləşməzdi, öz aləmində idi: “O, öz paltarı barəsində də əsla fikirləşməzdi: onun vismundiri yaşıl deyil, nəsə unlu sarı rəngə çalırdı. Yaxalığı çox dar və alçaq idi… onun vismundirinə həmişə bir şey, ya bir parça quru ot, ya da nəsə, bir sap qırığı yapışmış olardı; bundan başqa o, elə bir xüsusi məharətə malik idi ki, küçə ilə gedərkən həmişə pəncərənin altına içəridən cürbəcür zibil tullanılan vaxt yetişərdi; buna görə də onun şlyapası üstündə həmişə qovun-qarpız qabığı və buna bənzər zirzibil olardı. O, ömründə bircə dəfə də olsun küçədə baş verən hadisələrə diqqət yetirməzdi, halbuki məlum olduğu üzrə, onun tay-tuşları olan gənc məmurlar öz iti nəzərlərinin nüfuzunu o dərəcəyə çatdırırlar ki, küçənin o biri səkisində bir adamın şalvarının çəkmə altına keçən üzəngi bağının qırıldığını görür və bu həmişə onların üzündə hiyləgər bir gülüş əmələ gətirir”.
İnsan nə qədər maaş alsa, onun aylıq gəliri nə qədər olsa, o, rahat və qayılardan uzaq ömür sürər?! 5-in yanına üç, dörd sıfır atsaq, o həyatını sığortalaya bilərmi, xoşbəxt ömür sürərmi?! Xeyr, xoşbəxtlik göz, könül toxluğuyla mümükündür: “Dörd yüz manat məvaciblə öz taleyindən razı qalmağı bacaran bir adamın dinc həyatı beləcə keçib getməkdə idi”.
Böyük insanlar var, bir də özünü böyük göstərən insanlar. Böyük insanlara çatmaq asandır. Amma özünü böyük göstərən insanlar özlərini böyük göstərmək üçün ona çıxan yollarda maneələr yaradırlar: “Bir də ki həmin adam öz böyüklüyünü başqa vasitələrlə gözə çapdırmağa çalışırdi: o belə bir qayda qoydurmuşdu ki, işə gəldikdə aşağı rütbəli məmurlar onu hələ pillə başında qarşılamalıdırlar, onun yanına heç kəs getməyə cürət etməməlidir, hər bir şey möhkəm bir qayda üzrə olmalıdır: kollec qeydiyyatçısı quberniya katibinə məlumat verməli, quberniya katibi titulyar və ya o dərəcədə olan başqa bir katibə məlumat verməlidir, yalnız bundan sonra iş gəlib ona çıxmalıdır”.
Ağac bar verəndə başını aşağı əyər, insan da yüksəldikcə təvazösü də buna paralel olaraq yüksəlməldir. Amma bəziləri də var ki, “o general rütbəsi aldıqdan sonra özünü itirib, yolunu azmış və nə edəcəyini əsla bilmirdi”.
İnsanın xarakteri özündən yuxarılarla, özünə bərabər olanlarla deyil, özündən mənsəb və imkanca aşağılara münasibətində üzə çıxır: “Özünə bərabər adamlarla o, ağıllı-başlı, olduqca mərifətli, bir çox cəhətlərdən hətta ağıllı bir adam idi. Ancaq özündən, heç olmasa, bircə dərəcə də aşağı rütbəli adamlar arasına düşəndə o, tamamilə adamlıqdan çıxırdı”.
Dünya cəhənnəmə çevrilib, insanlar qabalaşıb, mədəni olmaq, insani duyğuları daşımaq artıq işə yaramır: “Sizin başınızı boş şeylərlə doldururlar: akademiyalar da, kitablar da, əlifbalar da, fəlsəfə də cəfəngiyyatdan ibarətdir: Mən onların hamısına tüpürürəm!”.
Bir saat keçməmişdi, Nilufərin atası binaya daxil oldu. Birinci mərtəbədə ayağını saxladı. Yekəpərin qapısının ağzındakı döşəməyə baxdı. Döşəmədən qızının sidiyi hələ də qurumamışdı Qan atanın başına vurdu. Pilləkənləri bir-bir qalxdı, evinin qapısını ara vermədən döyürdü. Yasəmən qapını açan kimi yalvarmağa başladı. . -Qurban olum, Turan… Turan qoluyla arvadını itələdi. -Çəkil.Mətbəxə keçib stolun üstündən bıçağı götürdü. Qapının ağzında Yasəmən qabağını kəsdi. -Qurban olum, Turan, qoy o bıçağı yerə. Sonra hamı biləcək, qızımızın adına söz gələcək.-Düzünü de, qıza toxunub eləməyib? Bax ha, Yasəmən, mənə yalan danışma. Düzünü de.Turan suallarına ürəyinəyatan cavab eşitmək istəyirdi. Qızı otağında ona baxırdı. Turanın gözü qızına sataşdı, susdu. Nilufər ağlayırdı. Atasından utanırdı, yenə də gözlərinə dik baxmaya bilmirdi. Yasəmən ərini sakitləşdirmək, bıçağı əlindən almaq üçün danışırdı. -Qurban olum, tutaq ki, onu öldürdün. Hə, nə olacaq? Sən türməyə düşəcəksən, hamı biləcək. Sonra bizi barmaqla göstərəcəklər. Mən sabah o vırılmışın arvadıyla danışaram. Ya onlar köçər, ya da biz. Qonşu binada yaşayan gəlini də deyirlər pis yola çəkiblər. Hamımız ona ağzımıza gələni demirikmi? İstəyirsən qızımız da onun kimi olsun? Turan qızına baxıb susurdu, gələcəkdə onu hansı fəlakətlərin gözləyəcəyini gözünün qabağına gətirdi. Qızını qonşuluqdakı gəzəyən gəlinin yerinə qoydu. Yekəpərin onun qolundan tutub evinə apardığını, qızının gülüşlərini təsəvvür elədi. Təsəvvür elədi və iyrəndi. -Nə danışırsan, az sən? Çəkil qabağımdan. -Yalvarıram əlini mundarın qanına bulama. -Öldürməyəcəm, başa salacam. Ya o, ya biz. -Onu başa salmaq olar? Ayı boydadır. Nilufər xəyalında yekəpərlə atasını müqayisə elədi. Atası ortaboy, qoldan elə də güclü kişi deyildi. Yekəpərin dərsini necə verəcəkdi? Atası anasının yalvarışlarına məhəl qoymadı, əlində bıçaq evdən çıxdı. Anası onun arxasınca qaçdı. Seyf qapının örtülməsiylə qızcığazın çömbəlib dizinin üstündə oturması bir oldu. Baş barmağının dırnağını yeyərək qapının o tərəfində baş verənlərin nəticəsini gözləməyə başladı. Turan qonşusunun qapısını yumruqlayırdı. -Aç qapını, ay oğraş. Aç… Şərəfsiz… Yasəmən onu sakitləşdirmək üçün əliylə ağzını yumurdu. -Ay Turannn…. Sus, camaatdan ayıbdı. Turan arvadının əlini itələdi -Səndə çəkil o tərəfə. Qapı açıldı, yekəpər qonşu evdən çıxdı. Arvadı da qapı ağzında dayandı. -Nə olub ə? Meşədəsən? Turan bıçağı yekəpərin qaraciyərinə vurdu. Bir zərbədən nəfəs almağı çətinləşdi. Turan üç-dörd iri addım geri, blokun qapısınacan getdi. -Nə iş gördün, Turan? – Yasəmən əlləri havada yekəpərə baxırdı, Yekəpərdən əvvəl onun siması meyid rəngi almışdı. Yekəpər bıçağın sapından yapışdı. Bıçağı çıxarmağa çalışırdı, bacarmadı, sağ böyrü üstə bağıraraq yerə sərildi. Ağzından axan qan qurumamış sidiyin üstünə axdı. Gözləri sidik izinə, axan qanına baxa-baxa qaldı, əbədi bir nöqtəyə zilləndi. Yekəpərin arvadı barmaqlarıyla çənəsini sıxıb qışqırmağa başladı. Gözlərini Turana zilləyib: -Qatil… Qatiiil… – qışqırırdı. İndiyəcən ona xoş gün göstərmədiyi ərinin yoxluğuna görə fəryadı onu eşidənləri yavaş-yavaş meyidin ətrafına yığdı. Turan qaçmamışdı. Hamı kimi polisin gəlməyini gözləyirdi… Nilufər otağında ədyalını başına çəkib üzünü gizlətməyi özünə çıxış yolu bilirdi. Yorulmuşdu, evlərinə gələn qonşular onu soruşur, qohum-əqrabalar üzünə yazıq-yazıq baxırdılar. Təsəlli etmək üçün deyilən xoş sözlərin, yekəpərin arxasınca oxunan lənətlərin heç birini səmimi qəbul eləmirdi. Axı birinci mərtəbədən onun qapısı ağzından keçən yeganə uşaq o olmamışdı. Bəlkə onların da qızları əlləşdirilib, oğlanlarına toxunulub? Kişilərin atasını “namus qəhrəmanı” adlandırması Nilufəri iyrəndirmişdi. Xəbərlərə baxa bilmirdi, kanallardakı aparıcılar atasından danışırdılar. Sosial şəbəkədə atasının şəkilləri paylaşılırdı. Qadınlar anasına atasının şəkillərini göstərirdi, elə bil hamısı anasının qatil əriylə fəxr etməsini bərk-bərk tapşırırdı. Ana-bala yaxşı bilirdi, söhbətlər hakimin atasına verdiyi cəzaya qədər davam edəcək, sonra başqa yerlərdə başqa hadisələr olacaq, atası o hadisələrin içində unudulacaqdı…Məhkəməyəcən Nilufər uşaq ola bilmədi, çünki uşaq kimi düşünə bilmirdi. Niyyəti həyata keçmişdi, yekəpər dünən torpağa tapşırılmış, qorxusu da qalmamışdı. Saçları dümağ olmuş yaşlı hakim onu səslədikdən sonra üzünə baxa bilmişdi. Hakim üzünə gülümsəyirdi. -Qızım, baş vermiş hadisəni bizə danışa bilərsən? Hakim qarşısındakı qızcığaza qarşı həssasıydı. Qızın gələcəyi üçün jurnalistlərin məhkəmədə iştirak etməyinə qadağa qoymuşdu. Jurnalistlər yenə də məhkəmə binasının qarşısında gözləyirdi.Nilufər susurdu. Hakim sualını təkrarladı. -Qızım, özünü yaxşı hiss edirsən? Nilufər kövrəldi. -Yaxşıyam, hakim əmi. “Hakim əmi” deməyi hakimin də xoşuna gəldi. Nilufər sağ tərəfdə əli qandallanmış atasına, sonra anasına baxdı. İkisinin də gözləri ağlamaqdan qızarmışdı. Neçə gündür anası yemək yeməyi yadından çıxartmışdı. Onsuz da incə xanımıydı, beli ərə getməyən qızın belindən seçilmirdi. İndi bir dəri, bir sümük qalmışdı. Nilufər hakimə baxdı. -Sizdən bir xahişim olacaq, hakim əmi. -Buyur, qızım. -Hakim əmi, icazə verin, jurnalistlər də burda olsunlar. Hər kəs təəccübləndi. -Mən jurnalistlərə sənə görə icazə vermədim. -Xahiş edirəm, hakim əmi. Hakim yanındakı köməkçilərə baxdı, sonra qapının ağzında dayanan nəzarətçiyə göstəriş verdi -Juranlistləri çağırın. -Çox sağ olun. – Nilufər neçə gündür az sonra danışacaqlarını əzbərləmişdi Jurnalistlər gəldi, televiziyadan gəlmiş iki operator kameranı qoşdu. Hər kəs balaca qızın nə danışacağını səbirsizliklə gözləyirdi. Nilufər hakimə baxdı. -Peşmanam, hakim əmi. Hakim maraqla qıza baxdı. Nilufər davam elədi. -Anama o adamın elədiklərini deməyimə peşmanam. Hakim əmi, siz mənim atamı türməyə salsaz, anamla tək qalacam. Heç kim bizi axtarmayacaq, maraqlanmayacaq. Kaş, anama heç nə deməyəydim.-Sonra necə oldu dedin? -O adam hər gün qabağımı kəsirdi. O adamın baxışlarından qorxurdum. Məni hədələyirdi. O gün məni məcbur evinə aparmaq istəyirdi. Qışqırdım, Hakim əmi. Qorxdu, evinə girdi. Yenə də anama danışmaq istəmirdim. Qorxumdan danışdım. Bilirsizmi, anama danışmasaydım, nə olardı? -Nə olardı? – hakim soruşdu. -Neçə gündür bizə gələnlərin hamısı atamı tərifləyir. Atam təriflənirsə, deməli, yaxşı adamdır, hə hakim əmi? -Atan səni çox istəyir, qızım. Nilufər sualını təkrarladı. -Atam yaxşı insandı, hakim əmi? -Atan səni çox istəyirsə, deməli, yaxşı insandı. Nilufər hakimin cavabını təsdiqlədi. -Mənim atam doğrudan yaxşı insandır, hakim əmi. Sinif yoldaşımın atası kimi oğlu olmadığına görə anamla dalaşmır. Nilufər bir qədər susduqdan sonra davam elədi. -Hakim əmi, bizim həyətdə bir qadın yaşayır. Anam deyir, o qadın uşaq olanda yoldan çıxardıblar. Qonşuların hamısı ona pozğun deyir. Zalda adamlar arasında pıçhapıç başladı. Hakim zaldakılara səsləndi. -Sakit… Davam elə, qızım. -Hakim əmi, anama deməsəydim, böyüyəndə mənə də pozğun deyəcəkdilər. Qonşular, bu gün atama qəhrəman deyənlər, sussaydım, gələcəkdə ona pozğunun atası deyəcəkdilər. Mən indi uşağam. Anam işləmir. Bizim evdə təkcə atam işləyirdi. Siz atamı türməyə salsaz, anamla mənim halım necə olacaq, hakim əmi? Hakim də kövrəlmişdi. -Belə danışmağı sənə kim öyrədib, qızım? -Bizə gələnlər pozğun qonşudan danışırlar, hakim əmi. Yalvarıram, hakim əmi, atamı azad eləyin. Nilufərin ayaqları əsirdi. Hiss edirdi danışa bilməyəcək. Onun titrəməsi hakimin nəzərindən qaçmadı.-Əyləşə bilərsən, qızım. -Mənə söz verin, hakim əmi, atamı tutmayacaqsız. Atam yaxşı insandır. Hamı atama “yaxşı insan” deyir.Zalda əyləşmiş mərhum yekəpərin arvadı da ağlayırdı. Uşağın dedikləri qəlbinə toxunmuşdu. Birdən kimisi təlaşla ayağa qalxdı, kimisi oturduğu yerdə boğazını uzadaraq “baaa” … “boooy” … “ədə qoymayın” … səs-səsə verdilər. Turanla arvadı “qızım” qışqırdılar. Yasəmən qızının yanına qaçdı. Hakimlə köməkçiləri də ürəyi getmiş Nilufərin yanına gəlmək üçün ayağa qalxdılar. Nilufər gözlərini açanda artıq məhkəmə zalında deyildi. Hakimin otağındaydı, yanında ata-anası…Atasına sarılmaq üçün qollarını ona tərəf uzatdı. Turan qızını bağrına basdı, qızı boynuna qollarını sarıdı… İlk dəfə bu ölkədə möcüzə baş vermişdi… Rüşvətdən işıq surətiylə uzaq, ölünün günahkar, öldürənin günahsız olduğu sübut olunmuşdu. Nilufərlə yaşıd bir-neçə qonşu qızları da Yekəpərin baxışlarından valideyinlərinə, valideyinləri də növbəti məhkəmədə hakimə söyləmişdilər. Hakim əmi Turanın azadlığa çıxmasına qərar vermişdi. Mərhumun arvadı şikayətini geri götürmüş, əksinə, o kişidən yaxşı gün görmədiyini, əlinə çox pul keçəndə gecə evə özündən çox kiçik fahişələri gətirdiyini etiraf eləmişdi.Gələn qadınların arasında xatırladığı təkcə on dörd yaşında qadın həyatı yaşamağa məhkum edilmiş uşağıydı.
Kitabı əldə etmək istəyənlər Bakı şəhərində, İçərişəhər Bookhouse & Cafe – Asəf Zeynallı 16. ünvanına müraciət edə bilərlər. (Bulvar tərəfdən, köhnə”Meridian” otelin yanından və Azneft meydanı tərəfindən”Yaşıl aptek”in yanından rahat gəlmək mümkündür). Tel: 050-356-27-94
Uzun illərdən bəri qürbət eldə,-Rusiyanın Belqorod şəhərində yaşasa da dünyaya göz açdığı Borçalı mahalına və ana vətənimiz Azərbaycana qəlbən qırılmaz tellərlə bağlı olan Gülnarə Acalova (“Nar Çiçəyi”) bu günlərdə Azərbaycan Yazıçılar Birliyinə fəxri üzv qəbul olunmuşdur. Azərbaycan və rus dillərində yazdığı şeir və esseləri ilə tanınan Gülnarə xanımın son illərdə “Ədalət”, “525-ci qəzet”, “Kredo”, “Mingəçevir” qəzetlərində, “Xəzan”, “Azad qələm” ədəbi dərgilərində, bir sıra elektron portallarda, AYB Mingəçevir bölməsinin bu il iyun ayının əvvələrində çapdan çıxan “Ruhumuzun yaz havası” almanaxında dərc olunan əsərləri insanlara unudulmaz anlar bəxş etməklə, nəcib hisslər aşılamaq gücündədir.
Son üç ildən bəri AYB Mingəçevir bölməsinin tədbirlərinə onlayn şəkildə qatılan Gülnarə Acalovanın imzası mingəçevirli oxuculara da yaxşı tanışdır.
Uzaq qürbət eldə soydaşlarımızın təmsil olunduqları icmada fəallığı ilə də seçilən xanım həmkarımızı Mingəçevirli yazarlar adından təbrik edir, ona ailə-övlad xoşbəxtliyi, könül xoşluğu, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Dünən avqustun 7-sində Xudafərin Şadliq Sarayında M.Dilbazi Poeziya Məclisi və Dirili Qurbani Məclisinin birlikdə təşkilatçılıgı ilə Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Dilbazinin 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi. Tədbiri giriş sözü ilə Dirilli Qurbani Məclisinin sədri Yusif Dirili acdı.O, D.Qurbaninin “Bənövşə”şeirini söylədi.Sonra sözü D.Qurbani Məclisinin elm bölməsinin rəhbəri Tariyel Abaslıya verdi.O, bu məclisin uzunmüddətli fəaliyyətində bir çox şairlərin həyat və yaradıcılıgının işıqlandırıldıgını və bu gün isə Azərbaycanın ilk qadın xalq şairi M.Dilbazinin110 illiyinin qeyd olundugunu elan etdi. M.Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı M.Dilbazi yaradıcılından, onun xüsusi önəmliyindən danışdı və sözü D.Qurbani Məclisinin təşkilat işləri üzrə rəhbəri Malik Əhmədogluya verdi.Ondan sonra “Nur Ocagı” Ədəbi Məclisi, şairlərdən Səadət Buta, Aqşin Agkəmərli ,Südabə Irəvanlı,Tahir Şirvanlı,Nəcibə Ilkin,Şərqiyyə Süleymanova ,Qəzənfər Məsimoģlu,Mənzurə Qaçayqızı, Firudin Şahbuzlu ,Tahir Baģırov adına 59 saylı məktəbin şaģiirdləri çıxış etdiilər.. DAMM vəSIM IB – nin Fəxri üzvü, “Yazarlar”jurnalının əməkdaşı,AJB-nin üzvü,”Xarıbülbül”Ədəbi Məclisinin sədri Nəzakət Kərimova Əhmədovaya söz verildi.O,xalq şairinin yaradıcılıģından danışdı və yaradıcı şairə Yadigar Təvəkgülün “Səni unutmarıq şair Mirvarid”şeirini söyləyərək hərbi polkovnik – şair Ramiz Duygunun “Qalibiyyət Dastanı”kitabını Güllü xanıma hədiyyə verdi. Tədbir iştirakçıları arasında Azərbaycanın Milli Qəhrəmanı aģdamlı Allahverdi Baģırovun qardaşı Millli Qəhŕəman Eldar Bagırovun könüllü batalyonunda bir neçə dostu ilə birlikdə 1992-93cü illərdə “Qara Qaya” deyilən əraziyə gələrək yüzlərlə Xocalı sakininin mühasirədən çıxmazına kömək etmiş,xeyli yaralının döyüşdən çıxarılmasında fəal iştirak etmiş, əsir və girov götürülmüş Xocalı sakinlərinin azad olunmasında yaxından iştirak edərək öz qorxmazlıģı və cəsarəti ilə fərqlənmiş Arif Vəli oglu Məhərrəmovun olması və maraqlı məlumatları iləXocalı soyqırımına dair söylədikləri hamini təsirləndirdi…..O,vaxtiilə ona verilən Milli Qəhrəman adından imtina etmişdi….. Arif Məhərrəmov 20 yanvar , Qarabag qazisi, Xocalı döyüşləri veteranı olmaqla II qrup müharibə əlili,Çeçenistanın Milli Qəhrəmanıdïr… Haqqında “Zəngəzurun səsi”qəzeti xüsusi buraxılışını məhz Arif Məhərrəmova həsr etmiişdir. Arif müəllim tədbirlə baglı təəssüratlarını da bölüşərək hamıya təşəkkür etdi Sonda xatirə şəkilləri çəkildi. Fotolar:
AJB -nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Bizim Qala”jurnalının redaktoru, ”Qürur”bədii Yaradıcılıq Mərkəzi nəzdində ”Xarıbülbül” əbəbi məclisinin sədri.
Erskin Preston Kolduell – ədəbiyyatda realist yönümün nümayəndəsidir. Amerika yazıçısıdır. 1903-cü ildə Corciya ştatının Uayt-Ouk şəhərində ruhani ailəsində anadan olmuş, 1987-ci ildə dünyasını dəyişmişdir. Yazıçılığa 1931-ci ildə “Amerika torpağı” ( ingiliscə: American Earth) novellalar toplusu ilə başlamışdır. Sonralar “Tütün yolu” (“Tobacco Road”, 1932), ”Allahın payı” (“God’s Little Acre”, 1933) romanlarını yazmışdır. 1941-ci ildən Moskvada müxbir olmuş, təəssüratları əsasında “Moskva od içində” (“Moscow Under Fire”) kitabını, “Bütün gecə boyu” (“All Night Long”, 1942) romanını qələmə almışdır.
Erskin KOLDUELL
KRİSTİ TÖKERİN ÖLÜMÜ
(hekayə)
Kristi Töker axşamtərəfi qatırın tərkində plantasiya şəhərciyinə gedirdi. O, bütün günü yaşadığı evin ətrafını səliqəyə salmış, təzə payalar yonub çəpərin uçuq-sökük yerlərini düzəltmişdi. Öz işindən yerdən-göyə qədər razı qaldığından indi kefi ala buludlarda idi. Yol boyu fit çalırdı. O, plantasiya şəhərciyinə az-az gedirdi. Amma bir iş üçün çağırılanda vaxt itirmir, tez yola düşürdü. Kristi qatırı dükanın arxasındakı mıxçaya bağladı. Zəncilər bu gün nədənsə onunla görüşməyə tələsmirdilər.
Kristi üç ay olardı ki, arvadını da götürüb bu yerlərə köçmüşdü. O vaxtdan rəngi rənglərinə, taleyi talelərinə bənzəyən qara dərililərlə mehriban münasibətdə idi. İndi isə zəncilər nədənsə özlərini görməməzliyə vurub ona yaxın düşmürdülər. Kristi heyrət içərisində və tələsmədən plantasiya idarəsinə sarı yollandı. Froqqi Miller onun qarşısına çıxdı. Froqqi dönməyə macal tapmamış Kristi onun əlindən yapışdı.
– Başa düşmürəm, siz camaata nə olub?
Froqqi Miller onun evindən bir mil aralıda – üzbəüz evdə yaşayırdı. Onların evlərini uzanıb gedən pambıq plantasiyaları ayırırdı. Qonşuluqda yaşadığından hamıdan çox onu tanıyırdı.
– Nə olub, Froqqi?
Froqqi hündürboylu, saçlarını qısa vurdurmuş zənci idi. O, bir ayağını qaçaraq qoymuşdu. Kristi yenidən onu tutub saxladı. Həyəcanlı halda:
– Qulaq as,- dedi. – Özünüzü niyə belə qəribə aparırsınız?
Froqqi:
– Cənab Li Krossmən sənin dalınca adam göndərib? – deyə soruşdu.
– Hə, göndərib, nə olsun ki? Yəqin təsərrüfatla əlaqədar nə isə demək istəyir. Başa düşmürəm siz…
O, sözünü qurtarmamış Froqqi aralandı və yola düzəldi. Kristi onu narahat edən suallara cavab almaq üçün tələsik plantasiya idarəsinə girdi. Plantasiyanın mühasibi Hendriks və Li Krossmənin kiçik qardaşı Morqan birinci otaqda əyləşib ayaqlarını pəncərənin artırmasına qoymuşdular. Hendriks Kristini görən kimi qalxıb o biri otağa keçdi. Mühasib gələnədək Morqan Krossmən sakit və davamlı nəzərlərlə zəncini süzdü. Qonşu otaqdan mühasibin səsi eşidildi:
– Bura gəl!
Kristi çevriləndə plantasiyanın sahibi və bossu Li Krossməni astanada dayanmış gördü. Kristi:
– Eşidirəm, ser, – dedi.
Li Krossmən əyninə kip tikilmiş bozumtul minici şalvar – brici, mixəyi rəngli köynək və dizlərinə qədər gəlib çatan uzunboğaz çəkmə geyinmişdi. O, kənara çəkilib otağa keçmək üçün Kristiyə yol verdi, sonra arxa tərəfdən qapını bağladı. Kristi otağın ortasında dayanıb Li Krossməni gözləməyə başladı.
Kristi plantasiyaya ilin birinci yarısında – üç ay əvvəl gəlmişdi. O ilk dəfə idi ki, Corciyada olurdu. Həmin yerlər onun xoşuna bu vaxta qədər yaşadığı Alabamadan daha çox gəlirdi. Arvadı ilə onu Corciyaya köçməyə vadar edən torpağın məhsuldar, maldarlıq işinin əlverişli olması idi. Kristinin dediyinə görə,
onlar bir qarın tox, bir qarın ac dolanırdılar. Buraya isə xoş gün həsrəti ilə gəlib çıxmışdılar.
Li Krossmən qayıtmaq bilmirdi. Kristi stulların birində əyləşdi. Yenicə yanını yerə qoymuşdu ki, qapı açıldı. O, ayağa sıçradı. Gülümsünərək:
– Hər vaxtınız xeyir, cənab Li, – dedi. – Torpağı yoxladım. Əgər bir dənə də qatırım və çox gavahınlı kotanım olsaydı, çalardım. Belə kotanla iki qat artıq pambıq yetişdirərdim. Torpağa söz ola bilməz. Ovcumun içi kimi təmizdir. Nə kötük var, nə də bir qamış. Kol-kos sarıdan da nigarançılıq yoxdur. Heç yerdə çala-çuxura rast gəlmədim. Əgər mənə bir dənə də qatır və kotan verilsə, iki yardardan çox pambıq becərərdim.
Kristi danışıb qurtaranadək Li Krossmən gözlədi. Sonra qapını möhkəmcə örtüb otaqda var-gəl etdi:
– Zəncini mən sənin dalınca göndərmişəm, yoxsa sən mənim?
– Elədir, cənab, Li, siz göndərmisiniz…
– Elə isə sənə icazə verilməmiş heyvərə ağzını az açıb-yum!
– Günahkaram, ser, cənab Li, – deyə Kristi arxası divara söykənənədək dalı-dalı çəkildi. Li Krossmən stulda əyləşib nəzərləri ilə onu «yedi».
– Günahkaram, ser, cənab Li,- deyə Kristi tutuquşu kimi təkrar etdi.
– Sən də o heyvərə zəncilərin tayısan, haradan peyda oldun, bilmirəm. Sən ki, Corciya zəncilərindən deyilsən.
Kristi ovcunun içərisilə üzünü sildi. Başa düşmədi ki, nə üçün Li Krossmənin ona acığı tutub. Bayaq zəncilərin yaxın gəlib onunla kəlmə kəsməmələrinin səbəbi yalnız indi ona aydın oldu. Onlar bilidilər ki, Kristi Li Krossmənin qəzəbinə düçar olub və ser öz adamını onun dalınca göndərib. Plantasiya sahibinin və bossun gözündən düşmüş adamla söhbət etmək isə özünü diri-diri oda atmaq demək idi.
– Özünə radio almısan?- deyə Li soruşdu.
– Bəli, ser.
– Haradan almısan?
– Möhlətlə almışam.
– Sənin pulun haradan idi?
– Bir az varım idi. Arvadım da cücə saxlayır.
– Nə üçün radionu plantasiyadakı mağazadan götürməmisən?
– Başqa yerdən almaq daha münasib idi. Orada bir qədər ucuzdur.
– Plantasiyada yaşayan zəncilər lazımi şeyləri buradakı mağazadan alırlar.
– Sizə borclu qalmaq istəmədim, cənab Li. İstəyirəm ilin axırında plantasiyadan mənə çatacaq məbləği tam alım.
Li Krossmən arxasını kresloya söykəyib ayağını ayağının üstünə aşırdı. Cib bıçağını çıxarıb dırnağını təmizləməyə başladı. Otaqda bir müddət sakitlik oldu. Kristi divara söykənmişdi. Bunu görən Li:
– Düz dayan, zənci!- deyə bağırdı.
– Baş üstə, ser,- deyə Kristi qəddini düz saxlamağa çalışdı.
– Çəpərini nə ilə təmir etmisən? Mənim meşəmə girmişdin?
– Bəli, ser, cənab Li.
– Bəs nə üçün icazə almamısan?
– Axı mən o yerdə yaşayıram. Gördüm çəpər amana-məəttəldir, uça bilər. Fikirləşdim ki, köhnə payaları yeniləri ilə əvəz etsəm, yaxşı olar.
– Özünü pis aparırsan! Çox pis! Demək, məni saymırsan? İstədiyini edirsən. Özünü mənim torpağımın və evimin sahibi kimi aparırsan? Öz kefinə iş görür, özünü ağ adam kimi ləyaqətli hesab edirsən?
– Xeyr, ser, cənab Li, – Kristi etirazını bildirdi. – Belə şeylər yatar-yuxuma da girməz. Sadəcə, bekar oturmaqla aram yoxdur. Əyilmiş çəpəri düzəltməyincə, odunu doğramayınca, pambığı yığıb qurtarmayınca rahatlıq tapmıram. Bu günün işini sabaha qoymuram, ser.
– Xəbərin var ki, sənin kimi qudurğan zəncilərin başına nə oyun açırlar?
– Xeyr, ser.
– Biz onlara öz burunlarını hər yerə soxmamağı, öz yerlərini bilməyi öyrədirik.
Li Krossmən ayağa qalxıb şkafa sarı getdi. Şkafın qapısını açıb əlini içəri saldı. O, geri dönəndə əlində uzun dəri qamçı tutmuşdu. Qamçıya ağır mis toqqa bənd edilmişdi. Li otaqda gəzişərək qamçını uzunboğaz çəkməsinin yanına çırpmağa başladı.
– Mənim plantasiyamda cücə saxlamağa sənin arvadına kim icazə verib?
– Heç kim, cənab Li,- Kristi dedi,- sizin etiraz edəcəyinizi bilmirdik. Həyətdə bunun üçün şərait var. Mən balaca hin də düzəltmişəm.
– Mənimlə mübahisəyə girişmə, zənci!
– Göz üstə, ser.
– Elə bilirdin məhsulun cücələr tərəfindən tərg edilməsi mənim xoşuma gələcək?
– Xeyr, ser.
– Radionun pulunu necə ödəmisən?
– Qurduğum tələyə bir-iki dovşan düşmüşdü. Onların dərisini satıb bir az pul əldə etdim.
– Mən istəmirəm ki, mənim plantasiyamdakı dovşanlara toxunsunlar.
O, ağır qamçını qaldırıb çəkməsinə vurdu:
– Nə üçün bizim mağazanın kitabında sənin adına heç nə yazılmayıb?
– Mən borca düşmək istəmirəm. İlin axırında plantasiyadan mənə çatacaq məbləği tam almaq fikrindəyəm.
Krossmən:
– Sənin bəri başdan, yaxud o başdan borclu qalacağın artıq mənim öz işimdir,- deyib döşəmədəki sökük yeri Kristiyə göstərdi:
– Köynəyini çıxart, şalvarını aşağı sal. – Ağ adam sözünə davam edib, – Dizi üstə orada dayan!
– Fikriniz nədir, cənab Li?
– Darıxma, görəcəksən. Köynəyini, şalvarını çıxart, dediyim şəkildə dayan.
– Cənab Li, razı olmaram ki, məni döyəsiniz. Xeyr, ser, cənab Li. Mənimlə belə rəftar etməyinizə icazə vermərəm. Yox, nə danışırsınız?!
Li Krossmən acığından gömgöy göyərdi. Onun bağırtısı otağı başına götürdü:
– Qaraağızlı, qarakürəkli köpək!!! – deyib ağır mis toqqalı qamçını qaldırdı və Kristini döyməyə başladı.
Kristi yaxasını qurtarmağa çalışdı. Li ikinci dəfə qamçını endirəndə zənci havada tutub buraxmadı. Li əvvəlcə çaşqın nəzərlərlə ona baxdı, sonra qamçını dartdı, almaq istədi.
– Cənab Li, mənim sizə heç bir yamanlığım keçməyib. Yalnız bir-iki dovşan tutmuşam, bir-iki cücə saxlayıram. Sizə qarşı pis fikrə düşməmişəm. Elə bilmişəm bir-iki paya ilə çəpəri təmir etməyimdən narazı qalmazsınız.
– Mumla, dediyimə əməl elə. Köynəyini, şalvarını çıxart!- deyə Li əsib-coşdu.- Dartıb əlindən almamış qamçını burax!
Kristi tərpənmədi. Qamçını ovcunda daha möhkəm sıxdı. Li o qədər qəzəblənmişdi ki, dili söz tutmurdu. O, şkafa sarı qaçıb tapançanı götürdü . Kristiyə sarı dönüb üç dəfə atəş açdı. Kristinin qamçı tutan əli boşaldı və o, yerə sərildi.
Linin qardaşı Morqan və mühasib Hendriks qaçaraq arxa otağa gəldilər. Linin qardaşı Kristi Tökeri döşəmədə sərəli görüb:
– Nə olub?- deyə xəbər aldı.
Li boğula-boğula:
– Sən bir buna bax! Məni hədələyirdi!- deyib şkafa sarı getdi, tapançanı oraya qoydu. – O heyvərə məni öldürməklə hədələyirdi. Hendrikslə sən bunun canlı şahidisiniz. Öz həyatımı xilas etmək üçün zəncini o dünyaya göndərdim!
Onlar arxa otağı tərk edib idarəyə keçdilər. Plantasiya mağazasından qaçaraq bir neçə klerk gəldi. Nə hadisə baş verməsi ilə maraqlandılar. Li əlini krantın altında yuya-yuya:
– Qudurmuş zənci idi. – dedi. – İki-üç ay əvvəl Alabamadan gəlmişdi. Bu gün onun dalınca adam göndərmişdim. Dedim gəlib izah etsin, görüm. məndən icazəsiz evinin ətrafındakı çəpərə niyə təzə payalar basdırıb. Sorğu-suala tutanda başladı mənə qara-qorxu gəlməyə. Yaman yaramaz zənci idi!
Klerklər qayıdıb plantasiya mağazasına getdilər. Hendriks kitablarını açıb plantasiyanın haqq-hesab işləri ilə məşğul olmağa başladı. Li qardaşına:
– Arxa qapını aç,- dedi. Qoy hamı görsün ki, Alabamadan gələn zənci kimi qudurğanların aqibəti necə olur!
Morqan arxa qapını açıb yola sarı boylandı. Zəncilər gözə dəymirdilər. Yalnız Kristi Tökerin bayaq minib plantasiya şəhərciyinə gəldiyi qatır dayanıb öz sahibini gözləyirdi.