Etiket arxivi: Durna teli

VAQİF OSMANLI YAZIR

DÜNYANI DURNA BƏYAZLIĞINA DONDƏRƏNLƏRİN AMACI

05.08.2026-ci il müqəddəs bir gün oldu. Bu gün Zəngilanın yeddi məzarsız şəhidlərindən bir İsmayıl Barat oğlu İsmayılovun doğum günü, həm də şəhid İsmayılın bacısı Lalə İsmayılın ilk kitabı “Bəyaz durnalar”ın oxucuları ilə görüşü ilə yadda qaldı.

Torpağı müqəddəs qanları ilə Vətənə çevirən şəhidlər anıldı, həqiqi sözə dəyər verildi, Lalə xanımın söz mülkünə səyahət etdik.

Lalə xanımın öz dəst-xətti var. Könül duyğularından ibarət yaradıcılıq yolunda milli kökə və milli mənəvi dəyərlərə bağlılıq ana xəttdir.

Birinci növbədə Lalə xanımın lirik diliylə onun kim olduğunu vurğulayaq:

Əzəldən axıra yalan dünyaya
Meydan oxumaqçün gələn qadınam.

Ədalətsizliyə, haqsızlığa, qəddarlığa üsyan edən, meydan oxuyan Lalə xanım çağdaş Türk dünyasının çağdaş “amazonka”sı kimi ürəyinin haqq səsi, əzminin dirənişi, ədidəsinin dönməzliyi ilə hər şeirində bizi mübariz olmağa səsləyir. Bununla belə, o, “öz yerini əzəldən bilən qadın”dı, anadı, bacıdı, Türk qızıdı.

Sinəsində dağlar boyda qardaş dağı olsa da, həm də “ağlaya-ağlaya gülən qadın”dı. Çünki həyat, ədalət uğrunda döyüşlər insanlıq yaşadıqca davam edəcək. Və özündən razıdır ki, “yazıq görkəmində kəfən geymədən qürur libasında ölməyə” hazır olan qadındı. O, fəxr edir ki, şərəf, ləyaqət, qürur Türk qadınının başının tacıdır. Bu günümüzün acı gerçəkliklərinə, daha doğrusu, gerçək eybəcərliklərinə baş əyməyən Lalə xanım “anası Türk, babası Türk”, özü, sözü, düşüncəsi Türk el qızıdı. Bir sözlə, onun düşüncə süzgəcindən süzülüb gələn şeirlər böyük Türk nəğmələridir. O, “Türkün öz qızı, öz anasıdı”. Özlük bütövlükdür.

Lalə xanımın Novruz çərşənbələrinin birində yazdığı statusu çox düşündürücüdür. Yazır ki, papaq namusdur, papaq qeyrətdir, Tanrı eşqinə, öz əlimizlə papağımıza qoz qoydurmayaq.

Bu, hər bir Türk övladının həyat manifesti olmalıdır.

Əksər xalqların lüğətində, mənəvi dünyasında qeyrət, namus, ismət kimi ali mənəvi dəyərlər yoxdur. Bunlar bizim xalqın mənəviyyatının dayaq sütunu, aliliyidir. Bizi belə mənəvi məziyyətlərimizə görə daha yaxşı tanıyırlar, hətta bizə qibtə edirlər. Lalə xanımın şeirləri mənəviyyat nəğmələridir.

Lalə xanım hümanistdir, mərhəmətlidir. Başqa bir statusunda yazır ki, İranda Türk qardaşlarımız var, onların hər biri Tanrıya əmanət olsunlar. Lalə xanımın geniş ürəyindən xəbər verir bu milli nigaranlıq.

Bir ömür payında, ədəbi təxəllüsündə iki şərəfli missiya daşımaq düşüb Lalə xanımın zərif çiyinlərinə. İsmayıl (İsmayılova) onun həm soyadı, həm də Vətən uğrunda canını fəda edən məzarsız şəhid qardaşı İsmayılın bacısı olmaq şərəfi. Harda qardaşa həsrət bacı varsa, düşünürəm ki, o, Lalə xanımdır, harda balasına həsrət ana varsa, o, Lalə xanımın anasıdır.

Vətənin aydın səmasında nizamla, qatar-qatar süzən, göylərdən yerdəki insanlara durna diliylə ismarışlar göndərən durnaları bəyaz -sülh, təmizlik, səadət rəngində görənlər çoxaldıqca boz-bulanıq dünyamız səliqə-sahmana düşər, əminamanlıq olar.

Əsas məsələ odur ki, Lalə xanımın lirik dünyası özününküdür, həsrəti, kədəri, vüsalı, sevinci ilə. O. bunu “Bəyaz durnalar”da sübut edib.

07.08.2026

Müəllif:  VAQİF OSMANLI

“Ədəbi ovqat” ədəbi-bədii dərgisinin baş redaktoru

VAQİF OSMANLININ YAZILARI

ABBAS İLHAMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

ƏDƏBİYYAT.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bəyaz durnalar” kitabının təqdimatı keçirildi

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bəyaz durnalar” kitabının təqdimatı keçirildi
5 avqust tarixində “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə şair Lalə İsmayılın ilk şeirlər kitabı – “Bəyaz durnalar”ın təqdimatı və Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İsmayıl Barat oğlu İsmayılovun doğum gününə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, ziyalılar, şair və yazıçılar, ədəbiyyatsevərlər, ictimaiyyət nümayəndələri iştirak etdilər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətənin azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, “Kəlağayı Ev Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, “Bəyaz durnalar” təkcə bir şeir kitabı deyil, həm də şəhidlərimizin müqəddəs xatirəsinə ucaldılmış mənəvi abidədir. O, müəllif Lalə İsmayılı ilk kitabının nəşri münasibətilə təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzuladı.
Tədbirdə çıxış edən müəllif Lalə İsmayıl qeyd etdi ki, “Bəyaz durnalar” onun ilk fərdi şeir kitabıdır. Kitab Xalq şairi Nəriman Həsənzadənin xeyir-duası, Prezident təqaüdçüsü, Əmək qəhrəmanı Tərlan Musayevanın dəstəyi ilə ərsəyə gəlib və Zəngilan uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş yeddi polis əməkdaşının əziz xatirəsinə ithaf olunub. Həmin qəhrəmanlardan biri də müəllifin qardaşı, itkin şəhid İsmayıl Barat oğlu İsmayılovdur.
Müəllif çıxışında bildirib ki, kitab nəşr etdirmək əvvəlcədən planında olmayıb. Dostlarının və yaxınlarının təkidi ilə illər ərzində qələmə aldığı şeirlər toplanaraq kitab halında oxuculara təqdim olunub. O, bundan əvvəl türkiyəli şair Celalettin Kurtla birgə müəllifi olduğu “İki səs, bir nəfəs” kitabının işıq üzü gördüyünü, hazırda isə yeni kitab üzərində çalışdığını və yaxın vaxtlarda onu da oxucuların ixtiyarına verməyi planlaşdırdığını vurğuladı.
Tədbirdə çıxış edənlər “Bəyaz durnalar” kitabını yüksək qiymətləndirərək müəllifə yaradıcılıq uğurları arzuladılar, şəhidlərimizin xatirəsinin yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd etdilər.
Tədbirin yaddaqalan məqamlarından biri də rəssam Humay Əliyevanın Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İsmayıl Barat oğlu İsmayılovun xatirəsinə həsr etdiyi rəsm əsərini müəllif Lalə İsmayıla təqdim etməsi oldu. Şəhidin əziz xatirəsini yaşadan bu mənalı hədiyyə iştirakçılar tərəfindən böyük ehtiram və duyğusallıqla qarşılandı.
Sonda müəllif oxucular üçün kitablarını imzaladı və xatirə şəkilləri çəkdirildi:

MÜƏLLİF: GÜLLÜ ELDAR TOMARLI

GÜLLÜ ELDAR TOMARLININ YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]