YAŞADIM Dünyanın dolanbac dolaylarında Azmadım, ömrümü sürdüm yaşadım. Gül açıb saralan ömür bağımdan Yüz ağrı, yüz acı dərdim yaşadım. * * * Bir məna var hər gülüşün dalında, Yüz çalar var üzdə olan xalında, Uymadım şeytana haqqın yolunda, Nə qədər şər, böhtan gördüm yaşadım. * * * Şimşək tək kükrədim, bulud tək doldum, Yazda çiçək açdım payızda soldum, Hər an təbiətlə qol boyun oldum, Könlümü dağlara verdim yaşadım. * * * Min arzu, min istək qalır beynimdə, Bir dağın yükü var inan çiynimdə, Dərddən qurumur ki paltar əynimdə, Dərdimi sinəmə sərdim yaşadım. * * * Ay Murad, tapdanmış köhnə izəm mən, Bəzən haylı küylü səbirsizəm mən, Demirəm mələyəm, tərtəmizəm mən, Bəlkə min günaha girdim yaşadım.
ŞUŞANI GÖRDÜM Bu gecə yuxumda Şuşanı gördüm Hər tərəf yamyaşıl, quşlar ötüşür. Yarəb bundan sonra olarmı dərdim Bu Şuşa dərdimə deyən gün düşür. * * * Elə bil cənnətdir havası sərin Gül gülü çagırır, çiçək çiçəyi. Üzündən oxunur qəmin kədərin Bizim şəhərlərin gözü göyçəyi! * * * Bulaq şırıltısı şəlalə səsi Bir anlıq insanı özündən alır. Bu ilahi şəhər deyim hər kəsi Yolundan döndərir tilsimə salır. * * * Nə xoşbəxt görünür burda insanlar Baxıram hər kəsin üzündə gülüş. Bəs niyə danışmır dillənmir onlar? Nə bir gediş gördüm nə də ki gəliş. * * * Elə bil şəhər də sevinir gülür Gah Günəş boylanır gah da Ay doğur Bəlkə mən qəribəm məni yad bilir Dumanlı çiskinli boz yagış yağır. * * * Ancaq ki doymadım bu mənzərədən Burnumda min gülün ətiri qaldı. Gah dağa boylandım, gah da dərədən Yadda nə qaldısa ötəri qaldı. * * * Bir uzun zəng səsi ayıltdı məni Bilmədim yuxumu söyləyim kimə? Ömründə Şuşada olmayan kəsi Apardı qaytardı bir yuxu demə!
QALA İstəmirəm bu dünyadan Ayrılanda gözüm qala. İstəyirəm az da olsa Məndən sonra izim qala. * * * Gözüm yoxdu var dövlətdə, Nə ad sanda nə şöhrətdə, Hərdən hərdən söz söhbətdə, Bir anılam sözüm qala. * * * Dünya puçdur anlayıram, Hey özümü danlayıram, Gələn dərdi sonlayıram, Bəlkə dərdə dözüm qala. * * * Qalan ömrü vursam başa, Dərdim olmaz bir tamaşa, Agır gündə yar yoldaşa, Söz deməyə üzüm qala. * * * Bir az qışda bir az yazda, Nə yazmışam var kagızda, Könlüm istər dil agızda, Beş on kəlmə yazım qala.
VAR Hələ neçə arzularım Ürəyimdə min kamım var. Nə doyunca dövlət varım Nə doğrusu imkanım var. * * * Amma sağlam bir ürəyim, Yerə dəyməz heç kürəyim, Bir qismət halal çörəyim, Təmiz şəffaf ad sanım var. * * * Bu dünyanın savaşından, Yer nəm çəkər göz yaşından, Mənə uyğun bir başından, Bəlli olan ünvanım var. * * * Unudulmaz köhnə vərdiş, Bizi cana yığdı gərdiş, Səndən mənə qalan dərdiş, Bir dərd idi dərmanım var. * * * Pələng ilim oğlaq bürcüm Muraddan sor nədi xərcim?! Allahıma bir can borcum Sizə qurban bir canım var.
YOLLAR Bir kənddən şəhərə heç nəyə satdı Məni gəncliyimdən qoparan yollar. Məni dilə tutdu yaman aldatdı Qazaxdan Bakıya aparan yollar. * * * Yüz arzu vəd etdi gözüm qamaşdı, Beynim dumanlandı əlifim çaşdı, Önümdə təzə bir səhifə açdı, Qazaxdan Bakıya aparan yollar. * * * Yolların içində gözümdə təkdi, Mən kənddən çıxan gün göz yaşı tökdü, Aldı ağuşuna şəhərə çəkdi, Qazaxdan Bakıya aparan yollar. * * * Kiminə güvəndi kiminə güldü, Nə xoş üz göstərdi nə acı dildi, Bir ömrü aylara illərə böldü, Qazaxdan Bakıya aparan yollar. * * * Min arzu gül açdı alışdı tək tək, İstədim bu yolda vüsala yetək, Qoymadı büdrəyək qoymadı itək, Qazaxdan.Bakıya aparan yollar. * * * Bu yol nabələdi gözündən seçir, Düzü naxələfi üzündən seçir, Yüz elin çölündən düzündən keçir, Qazaxdan Bakıya aparan yollar. * * * Bir arzu ,bir ümid dalınca gəldik, Bu yolu hər dərdin əlacı bildik, Vallah burda sevdik burda sevildik, Bizi sevgilərə aparan yollar. Məni gəncliyimdən qoparan yollar.
DOSTLARI Kəmfürsət deyilsə günahından keç Tanrım utandırma, aman, dostları. Niyyəti pisdirsə yaxın qoyma heç Məndən uzaq eylə yaman dostları. * * * Qəlbinə işıq saç daim gur eylə, Tərtəmiz bulaq tək üzün nur eylə, Yarəb, kəramət ver özün pir eylə, Ürəyinə şübhə daman dostları. * * * Hər kəs bir ağılda, dində nə edim?! Hamıya hər yerdə sözümü dedim, Heç vaxt qınamadım ancaq sevmədim, Hər şeydən mənfəət uman dostları. * * * Sən elə sanma ki Murad naşıdı, İndi ömrümüzün kamil yaşıdı, Sızıldayan ürəyimin başıdı, İtirdikcə zaman zaman dostları.
TORPAQ Türkün qılıncıyla yoğrulan torpaq Onun namusudur əl vurmaq olmaz! Türkün nəfəsindən titrəşər yarpaq Onun qabağında sədd qurmaq olmaz! * * * Kimsənin malında gözü yox onun Malına toxunsan peşiman edər. Nəfsinə hakimdir gözü tox onun Süfrəsi açıqdır ürəyi qədər. * * * Türkün nifrəti də sevgisi qədər Düşmənə zalımdır, dosta mehriban. Onu əyə bilməz qüssə qəm kədər İnamı sarsılmaz sınmaz heç zaman. * * * Tanrıdan güc alar çətin anında Nə dala çəkilər, nə qorxu bilər. İlahi yanğı var onun qanında Qanı qaynadısa özünə gələr. * * * Torpağı uğrunda canından keçər Namusu qeyrəti hamıya bəlli. Nə yurdu dəyişər nə yurddan köçər Nəyə sahibdisə tutar beşəlli. * * * Türkün canındadır əzəmət vüqar Heç kəsə baş əyməz bu minnət deyil. Onun qanındadır sədaqət ilqar Dostuna sadiqdir müxənnət deyil.
KƏNARDAN BAXANDA Kənardan baxanda çox bəxtəvərəm Bu pünhan dərdimi bir kimsə bilməz. Boy verən gül açan min dərdi sərəm Üzüm gülərsə də ürəyim gülməz. * * * Tale möhürlənmiş bir yazılı baxt, Ömür saat saat hey əriyən vaxt, Nə tez külə döndü bu qurduğum taxt, Heyif dövran keçdi dün geri gəlməz. * * * Ay Murad, fikirləş gör bu nə sirdi?! Səcdəm Allahadı inancım pirdi, İnsanı öldürən dərddi, fikirdi Yüz fikir eyləsən bir borcu silməz.
(Ölməz şəhidimiz Abdullayev İntiqamın əziz xatirəsinə)
Tarix yazan qəhrəmanım Tarixini yazıb gəlir. “Köçkün” adın, “qaçqın” adın Adımızdan pozub gəlir. * * * Milyonların sevgisindən, inamından güc alıb o. Ucalardan uca olan Pak məqama ucalıb o. * * * O can verib, O qan verib Qoy yaşasın ana torpaq. Ana torpaq yaşadıqca Öz oğlun da yaşadacaq! * * * Yox, İntiqam ölməmisən Ürəklərdə adın sağdır. Şəhidliyə ucalanlar Daima sağ qalacaqdır!
QÜRURLA OXU
(Ölməz qəhrəman şəhidimiz Xudayar Yusifzadənin doğma vətən torpağında oxuduğu nəğmədən təsirlənərək)
Oxu, mərd döyüşçüm, qürurla oxu! Ana vətən gur səsini eşitsin. Vətənin yol çəkən aranı, dağı Qoy Xudayar nəğməsini eşitsin. * * * Bitsin bu gün həsrət adlı dünənin. Yadın deyil, bu mənimdir, bu sənin. Xəbər yayın hər yanına vətənin Öz oğlunun gəlməsini eşitsin. * * * Yağı düşmən qaça bilməz əlindən. Hamımıza əziz olan bu vətən Sizin kimi oğulların dilindən “Sən azadsan! ” kəlməsini eşitsin.
QƏHRƏMAN OĞLUM
(Ana vətənin dilindən qəhraman şəhidimiz Qənbərli Vüsal İlkin oğlunun əziz xatirəsinə)
Uyu məzarında nurlar içində Ey vətən sevdalı qəhrəman oğlum. Xalqın ürəyində, xalqın dilində Adın yaşayacaq hər zaman, oğlum. * * * Tarix oxumadın, yazdın bir başa. Yeni həyat verdin torpağa, daşa. Dedin:- Azərbaycan müstəqil yaşa! Ey vətən eşqindən yaranan oğlum. * * * Düşmənin başına odlar ələdin. Məhv etdin yağını, qana bələdin. Yalandan vətənə canım demədin, Sən onun yolunda verdin can, oğlum.
EŞQ OLSUN! (Yenilməz ordumuzun şanlı Zəfərinə) Ön cəbhədə tarix yazır durmadan Ordumuzun zəfərinə eşq olsun! Düşmənini hər addımda qorxudan Azərbaycan əsgərinə eşq olsun! * * * Ver komandir daim müjdə xəbəri, Səndə qalıb milyonların nəzəri. Hər gün yeni kənddə açır səhəri Ordumuzun zəfərinə eşq olsun! * * * Keç Arazın sahilindən sırayla. Zəngilandan qardaşları harayla. Dəstək verir bax Arazdan o tayda Qardaş deyən dillərinə eşq olsun! * * * İrəli get, səninlədir qayıdış. Ata – baba torpağıdır hər qarış. Bu millətin ordusuna min alqış, Yenilməyən rəhbərinə eşq olsun!
Giya Paxçataşvilinin “Elm və təhsil” nəşriyyatında “Givinin Qarabağnaməsi” adlı şanlı Zəfərlə başa çatmış 44 günlük müharibəyə həsr olunmuş kitabı çap olunub. Bu münasibətlə müəllifi təbrik edir, yeni-yeni niliyyətlər arzulayırıq.
“Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi yeni yaranan təşkilatdır. Təşkilatın əsas məqsədi musiqili əsər (bəstəkar və şair) müəlliflərinin əmlak hüquqlarının təmin edilməsi, həmin hüquqların kollektiv əsasda idarə edilməsidir. Təşkilatın sədri bəstəkar Gövhər Həsənzadə, İdarə Heyətinin üzvləri Xalq şairi Vahid Əziz, bəstəkar Vaqif Gərayzadə, aranjimançı Yaşar Baxış və b. Təşkilat musiqili əsər müəlliflərini üzvlüyə dəvət edir. Təşkilata üzv olan müəlliflərlə “Müəlliflik hüququ və ələqəli hüquqlar” haqqında qanunda nəzərdə tutulduğu kimi, əmlak hüquqlarının Kollektiv idarəçiliyə verilməsinə dair fərdi müqavilələr imzalanır və bundan sonra ona əsərlərinin istifadəsinə əsasən qonorar hesablanır.
Təşkilata üzv olmaq istəyənlər muellifhuquqlari21@gmail.com elektron ünvanına və ya Müəllif Hüquqları Uğrunda İB səhifəsinin mesaj qutusuna yaza bilər.
… Murovda yerləşən mövqeylərimiz ətrafında güclü döyüşlər gedirdi. Düşmən, qoşunlarımız tərəfindən alınan yüksəklikləri yenidən geri qaytarmaq üçün bütün güclərini səfərbər etmişdi. Amma onların bu cəhdləri əbəs yerə idi. Çünki biz o yüksəkliklərdə, artıq möhkəmlənmişdik.
Dağın ətəyi əliçi kimi göründüyündən, biz düşmənin bütün hərəkətlərini izləyirdik. Onlar hər dəfə hücuma keçməyə cəhd göstərsələr də, böyük itki verərək geri çəkilirdilər.
Üçgünlük şiddətli döyüşlərdən sonra, bu gün səhərdən tam sakitlik hökm sürürdü. Qüvvələrinin dükəndiyini hiss edən düşmən tərəfi, bu məğlubiyyətləri ilə barışaraq oranı tərk edib getmişdilər.
Düşmənin məkrinə inanmasaq da, kəşfiyyatın verdiyi xəbərə görə, doğurdan da, səhərə yaxın onlar mövqeylərini tərk etmişdilər.
Bir azca rahat nəfəs almaq üçün fürsət yaranmışdı. Əsgərlərə növbə ilə istirahət etməyə izn verdim. Çox deyildik, cəmi 13 döyüşçüdən ibarət bir bölük idik. Bölüyün komandiri mən idim.
Neçə günün yorğunluğu öz işini görmüşdü. Yerdə qalın qar təbəqəsinin olmasına baxmayaraq, uşaqlar uzanan kimi yuxu onları apardı. Göydən lopa-lopa qar ələnirdi. Bizdən əvvəl burada olmuş düşmən əsgərləri, məğlub olduqlarını hiss etdiklərinə görə, mövqeylərini tərk edən zaman, bütün istehkamları dağıtmışdılar. Biz qayaların böyür-başında özümüzə sığnacaq tapmağa məcbur olmuşduq.
Üç əsgər bizdən bir qədər aralı, ayrı-ayrı yerlərdə keşik çəkirdilər. Qalan əsgərlər isə yatmışdılar. Mənim isə gözlərimə yuxu getmirdi. Elə bil dünyanın yuxusunu almışdım. Yorğunluqdan göz qapaqlarımdan, sanki ağır bir əşyanın asıldığını hiss etsəm də, yuxum ərşə çəkilmişdi, yata bilmirdim.
Gecə olmasına baxmayaraq, yağan ağappaq qarın işığında ətraf apaydınca görünürdü. Qar yağdıqca hava yavaş-yavaş soyuyudu. Əvvəlcə, ayaqlarımın, sonra da bədənimin üşüdüyünü hiss etdim. Çəkmələrimin içinə qarın dolduğunu bilirdim. Dabanlarımın və ayaq baş barmaqlarımın ətraflarının göynəməsindən hiss edirdim ki, ayaqlarıma doladığım dolaqlar islanmış və uzunmüddətdən bəri dəyişilmədiyindən, artıq, onlar yararsız hala düşmüşdü.
Sakitliyi fürsət bilib çantamı açdım və bir həftə bundan qabaq, hələ əvvəlki mövqeylərimizdə olarkən, bizə arxa cəbhədən göndərilmiş hədiyyələrdən mənə də pay düşən əşyalara bir də nəzər saldım.
O paylardan biri kitab idi. Birinci Qarabağ müharibəsində əsir düşmüş və üç il düşmən əsirliyində olmazın işgəncələri ilə üzləşmiş gənc bir qadının həyatından bəhs edən bir kitab.
Kitabı yarıya qədər oxumuşdum, çox dəhşətli mənzərələrlə rastlşmışdım. Heyf ki, onu tamamlamağa düşmən hücumu imkan vermədiyi üçün, kitabı çantama qoyub saxlamışdım. Ürəyimdən keçdi ki, onsuz da yuxum gəlmir, götürüm o kitabı oxuyum. Amma göydən yağan qar, həm də gecənin qaranlıq olması bunu mümükünsüz edirdi.
Kitabı oxumaq fikrindən vaz keşdim. Fikirləşdim ki, sabah açılar, əgər düşmən imkan versə onu oxuyub başa çatdıraram.
İkinci hədiyyə isə, bir cüt toxunma yun corab idi. Üşüyən olduğum üçün, göndərilən hədiyyələr içərisində yun corabları o dəqiqə qapançalamışdım. Dağın kəlləsində soyuğun tüğyan etdiyi bir vaxtda bu corablar mənə, elə bil, göydəndüşmə olmuşdu.
Ayaqlarım üşüdüyünə görə corabları geyinmək keçdi ağlımdan. Bu corabların eynisini, vaxtı ilə uşaq olanda babamın ayaqlarında görmüşdüm. Qış vaxtları babam bu corablardan geyinərdi.
Corabları çantamdan çıxartdım. Xoş bir iy burnumu qıcıqlandırdı. Elə bil yaxınlıqda yasəmən ağacı bitmişdi. Onun çiçəklərinin ətri anidən burnuma toxunurmuş kimi özümü hiss etdim.
Çəkmələri ayağımdan çıxartdım. Bayaqkı xoş iyin əksinə olaraq ayaqlarımdam elə pis qoxu gəldi ki, az qaldı ürəyim bulansın. Bir həftəyə yaxın olardı ki, əsgər çəkmələri ayağımdan çıxmırdı. Ayaqlarıma doladığım dolaqlar, sanki çəkmələrin içində çürümüşdü.
Yalın ayaqlarımı qarla yaxşıca ovuşdurdum ki, heç olmasa bu zəhlətökən iy bir azca çəkilib getsin. Sonra islanmış ayaqlarımı şalvarımın balaqlarına sürtüb quruladım.
Corabın bir tayını ayağıma geyinəndə ətim ürpəşdi. Yun corab o qədər yumuşaq və isti idi ki, adamım ürəyi qıdıqlanırdı.
Corabın ikinci tayını cantamdan çıxarıb geyinmək istəyəndə, bir kağız parçasının ayağıma toxunduğunu hiss etdim. Əlimi salıb o kağız parçasını çıxartdım. Kağız iki-üç yerə qatlanmışdı. Belə şeylərlə tanış idik. Adətən, hədiyyəni göndərən şəxslər məktub yazıb onu göndərdikləri əşyaların içinə qoyurdular.
Maraq mənə güc gəldi. Kağız parçasını açdım. Bir neçə sətirlik söz yazılmışdı. Kağızı gözlərimin qarşısına tutsam da, orada yazılanları oxumaqda çətinlik çəkdim. Həm, gecə olduğuna görə, həm də, yağan qarın təsirindən bu mümkünsüz idi.
Çox nigaran qaldım. Fikirləşdim ki, görəsən bu corabları göndərən kimdir və o burada nə yazıbdır? Adətən belə hədiyyələri gənc qızlar göndərdiyinə görə məktubu oxumağa marağım bir az da artmışdı.
Ayağımın üşüdüyünü hiss etdim. Sən demə, bayaqdan ayağımın biri qarın üstündə qaldığından, artıq, qırov bağlamışdı. Tez əlimdəki corabın o bir tayını da ayağıma keçirtdim. Sonra çəkmələrimi geyindim. Canım elə rahatlaşdı ki…
Məktubu gödəkçəmin cibinə qoydum ki, səhər oxuyaram.
Ayağa qalxıb keşikdə duran əsgərləri yoxladım. Onlardan biri ayaqüstəcə avtomatına söykənərək yatmışdı. Ehmalca onu oyatdım və gedib bir az istirahət etməsini tapşırdım. Özüm isə qayaların arasında var-gəl etməyə başladım.
Səhər artıq açılmışdı. Düşmənlər toplardan mövqeylərimizə atəş açırdılar. Pərakəndə şəkildə atılan toplar dərələrin boşluğuna düşərək güclü əks-sədə qoparırdı. Murov kimi əhəmiyyətli bir yüksəkliyin yenidən əlimizə keçməsi düşmənin belini qırmışdı. Quduz itlər kimi zəncirlərini gəmirirdilər. Hara gəldi toplardan atəş açır, bizə güclərini göstərməyə çalışırdılar. Günortaya yaxın top səsləri kəsildi. Yeni qüvvə gələnə kimi bizə oranı tərk etməmək əmri verilmişdi. Ona görə də, mövqeylərimizdə möhkəm dayanmışdıq.
Yadıma corabın içindən çıxatdığım kağız düşdü. Tez əlimi cibimə salıb, kağız parçasını çıxartdım və oxumağa başladım. Orada yazılmışdı: – “Əziz döyüşçü, bu corabları sənin üçün öz əllərimlə toxumuşam. Kim olduğunu bilmirəm. Bircə, onu bilirəm ki, sən vətən oğlusan, igid döyüşçüsən. Mən səni canımdan artıq sevirəm. Məni qoru, mən sənin namusunam!.. İmza Şəfəq… 19.10.2020-ci il”
Bu sözlər ildırım kimi beynimdə çaxaraq əks-səda doğurdu. Əllərim titrədi. Dərindən köks ötürdüm. Bu qız kim isə, bu sözləriylə insanın, elə bil, qeyrət damarını tutmuşdu. “Məni qoru, mən sənin namusunam…”
Yazını bir neçə dəfə oxudum. Hər oxuyanda da, içmdə düşmənə qarşı qəzəb, nifrət hissi oyanırdı.
Kağızın lap qırağında xırda rəqəmlərlə yazılmış bir telefon nömrəsi də vardı. “05526580…”
Tərslikdən kağızın qırağı qarda islandığına görə, telefon nömrəsinin axırıncı iki rəqəmi pozulmuşdu. Kağızı əlimdə nə qədər o yan-bu yana çevirsəm də, xeyiri olmadı, rəqəmləri oxumaq qeyri-mümkün idi. – Nə pis oldu! – düşündüm. Əgər, bu iki rəqəm silinməsəydi, bəlkə də, corabları toxuyan o qızı axtarıb tapardım. Çox qəribə və gülməli idi, həmin anda ürəyimdən keçdi ki, deyəsən, mən o qıza vurulmuşam… Ağlımdan keçən bu səfeh fikrə görə özümü qınadım: – Ay səfeh, hardan bilirsən ki, bu müharibədən sağ çıxacaqsan?
Telefon nömrəsinin silinməsi məni nə qədər narahat etsə də, ayaqlarımın belə bir soyuqda isti qalması, bir o qədər məni sevindirirdi.
Kağızı ehmalca qatlayıb boynumdan asdığım boş gilizin içinə yerləşdirdim ki, it-bata düşməsin. – Əgər bu müharibədən sağ çıxsam o qızı mütləq axtarıb tapacağam! – dedim.
Ayaqlarım sanki odun peçinin altına qoyulmuş kimi imistiydi.
Səhəri gün gecə vaxtı düşmən mövqeylərimizi yenə də güclü top atəşinə tutdu. Bu dəfə əclaflar yaman bic tərpənmişdilər, uzaqvuran toplardan atırdılar. Qayalar, daşlar top atəşindən parçalanıb başımıza ələnirdi.
Komandanlıq bizə mövqeylərimizi tərk etməmək, yerimizdə möhkəm dayanmaq əmri vermişdi. Duruş gətirmək çox çətin idi. Artıq, dörd əsgərimi itirmişdim.Vəziyyət olduqca gərginləşirdi. Bizi arxayın edirdilər ki, tezliklə düşmən topları susdurulacaqdır. Amma vaxt uzandıqca, təhlükə bir az da artırdı. Elə bu vaxt yaxınlığıma düşən top mərmisi məni havaya uçurtdu… Ondan sonra nə baş verdiyini bilmədim.
Ayılanda özümü çarpayıda hiss etdim. Yan-yörəmdə qarışıq səslər gəlirdi. Onların nə dediklərini başa düşə bilmirdim. Hər tərəf qapqaranlıq, zülmət içərisindəydi. – Mən haradayam, görəsən?! – deyə düşünürdüm.
Allaha yalvarırdım ki, bircə əsir düşməyim. Ölmək, əsir düşməkdən sərfəliydi mənə. Ağlım yerindəydi. Olub- keçənləri yaxşı xatırlayırdım. Hətta, yaxınlığımıza düşən topun gurultusu da qulaqlarımdan getməmişdi. Elə bil, başımın içində paravoz dayanmadan fit çalırdı. Sanki dünyanın səs-küyünü başımın içinə doldurmuşdular.
Bacardıqca danışıq səslərini dinləməyə çalışırdım. Deyəsən, özümüzünkülər idi. Kimsə mənim sağ qalıb, qalmamağımla maraqlanırdı. Kişi səsiydi, yanındakına göstəriş verirdi.
Əsir düşmədiyim üçün çox sevindim. – Bəs, onları niyə görmürəm? Yoxsa, top mərmisi məni bütünlüklə parça-parça etmişdir? – düşündüm.
Əllərimi qaldırmaq istədim. Qollarım möhkəmcə çarpayıya bağlandığı üçün, bu mümkün olmadı. Amma hiss etdim ki, əllərim yerindədir. Çünki, əl barmaqlarımı asanlıqla tərpədə bilirdim. Ayaqlarımdan qorxdum. Nədənsə, ürəyimə gəldi ki, ayaqlarımdan biri kəsilibdir, bəlkə də hər ikisi. Bərk qorxdum. – Aman tanrım, mənə kömək et! – deyə pıçıldadım.
Bir müddət ürək edib ayaqlarımı tərpədə bilmədim. Bir az keçəndən sonra özümdə cəsarət tapıb, əvvəlcə sağ ayağımı, sonra da sol ayağımı tərpətdim. Hər ikisi yerində idi, özü də sapsağlam.
Gözlərimimi açmaq istədim. Göz qapaqlarım dartılsa da, heç bir yeri görmürdüm. Sanki hər tərəf zülmət qaranlığa bürünmüşdü. Bir neçə dəfə gözlərimi qırpdım. Gözlərim möhkəmcə ağrıyırdı. Canımı dəhşət bürüdü, olmaya gözlərim kor olmuşdur? Bərkdən qışqırdım: – Burada kim var?! – Mən haradayam?!
Elə bu vaxt qoluma bir əl toxundu.
– Narahat olmayın, komandir. Siz qospitaldasınız. Yaralanmısınız! – deyə bir qız dilləndi.
– Əsgərlərim hardadır?!
-Bilmirəm. Sizi bura tək gətiriblər.
– Hansı qospitaldayam?!
– Cənubdasınız!
– Harda?!
– Cənubda!
Qızın ikinci dəfə məni anlatmasından başa düşdüm ki, qospitalın yeri məxvi saxlanılır.
– Siz kimsiniz?
– Tibb bacısıyam.
– Bəs, həkim hardadır?
– Elə bu dəqiqə çıxdı. Qospitala ağır yaralı gətiriblər.
– Mənə nə olub?!
– Hər şey qaydasındadır. Narahat olmayın, komandir.
– Mən çox narahatam. Gözlərimə nə olub?! – deyə bağırdım.
– Qəlpə sifətinizi parçalayıb. Amma yaxşı qurtarmısınız. Siz görəcəksiniz! – deyə, qız bu sözləri deyən zaman onun səsi titrədi. Onun kövrəlməsi mənim şübhələrimi artırdı.
– Bəs, niyə ağlayırsınız?! – soruşdum.
– Sevinirəm ki, siz salamatsınız. Bilirsiniz, gecədən bəri nə qədər əsgərlərimiz həlak olub. Hələ də gətirirlər… Lənətə gəlsin bu müharibəni!.. – deyə qız hıçqırdı.
Ani olaraq beynimdən bir fikir keçdi, niyə görə bu qədər itkinin içində bu qız mənim sağ qalmağıma sevinir? Bir şey başa düşə bilmədim. Amma necə olsa bu xeyirxahlığın əvəzində ona nə isə təsəlliverici bir söz deməliydim, axı.
– Darıxmayın! – dedim, – düşmənin artıq son nəfəsidir. Qələbə çox yaxındadır.
Qız sevincindən içini çəkərək:
– Düzmü deyirsiniz?!
– Əlbəttə!.. Mən komandirəm! Dediyim sözün məsuliyyətini dərk edirəm. Qələbə çox yaxındadır, inanın mənə.
– Təki, siz deyən olsun! – deyə qız, uşaq kimi sevindi.
– Mənim gözlərimi nə vaxt açacaqsınız? – soruşdum.
– Hələ tezdir, komandir! – deyə qız cavab verdi.
– Mən döyüşə, əsgərlərimin yanına qayıtmaq istəyirəm.
– Narahat olmayın, tezliklə sağalıb qayıdacaqsınız.
– Mənim şəxsi əşyalarım haradadır?
– Hamısı məndədir. Cib dəsmalınızdan tutmuş, talismanınıza qədər. Gözlərinizin sarğısını açandan sonra onların hamısını sizə təhvil verəcəyəm, narahat olmayın, – deyə qız məni arxayın etdi.
– Talisman nədir? – soruşdum
– Boyununuzdan asdığınız boş patron gilizini deyirəm. Axı, döyüşçülərin talismanı o boş giliz olur.
– Yox, o talisman deyil. Sadəcə olaraq biz ora ünvanımızı və yaxınlarımızdan birinin telefon nömrəsi yazılmış kağız qoyuruq ki, həlak olanda kimliyimiz məlum olsun, – dedim. Birdən yadıma yun çorablarım düşdü.
– Yaxşı, bəs, ayaqlarımda yun corablarım vardı. Onlar hardadır?
Qız gülümsədi:
– Narahat olmayın, onlar da məndədir. Çatdıracağam sizə.
– O corablar qəttəzə idi, elə həmin axşam geyinmişdim. – dedim
Tibb bacısı gülərək:
– Sağlığınıza qismət olsun, qəşəng çorablardır. Sağalarsınız yenidə o corabları geyərsiniz.
Səhəri gün sübh tezdən məni əməliyyat edən həkim gəlmişdi. Əhvalımı soruşdu.
– Yaxşıyam! – dedim.
O da əlimi möhkəmcə sıxıb: – Cəsur oğlansan! – dedi.
Qospitalda on günə yaxın idi ki, yatırdım. Gözlərim bərk ağrıyırdı, həm də möhkəmcə qaşınırdı. Tibb bacısından soruşanda, bildirdi ki, yara sağalmağa doğru gedir, ona görə belə olur.
O elə arxayın tərzdə deyirdi ki, gözlərimin sağalacağına qəti şübhəm qalmamışdı. Amma necə olsa, kor olmaqdan bərk qorxurdum.
Axşamlar çox əziyyət çəkirdim. Gecələr çox uzun gəlirdi mənə. Gözlərim sarğılı olduğu üçün heç nəyi görə bilmirdim. Hər şeyi yalnız hiss edirdim.
Gecələr yanımda o qız, gənc tibb bacısı qalırdı. Gündüzlər isə yaşlı bir qadın. Yaşlı qadın bütün günü ağlayırdı. Deyəsən, onun oğlu da cəbhədə idi. Mənə oğlum deyirdi. Hər gün evdə bişirdiyi yeməklərdən gətirirdi mənə. Xahiş edirdim ki, zəiyyət çəkməsin. Amma razı olmurdu. Deyirdi ki, elə bil doğma oğlumun qulluğunu tuturam, bu mənə rahatlıq gətirir, söyləyirdi.
Gecələr isə səhərə qədər o gənc qız, tibb bcısı qalırdı yanımda. Üzünü görməmişdim, amma səsindən hiss edirdim ki, gözəl və mehriban qızdır. Stul çəkib, səhərə qədər çarpayımın yanımda otururdu. Boyun-boğazımın tərini silər, yeməyimi yedirərdi. Həm də, gözlərimin sarğısı qurumasın deyə dərmanla isladardı.
Onun əllərinin təravətini hiss edirdim. Gözlərimin sarğısını dəyişəndə isti nəfəsi üzümə dəyirdi. Ondan xoş bir ətir iyi gəlirdi. Bu iyi nə vaxtsa bu yaxınlarda duymuşdum, elə bil. Harda, nə vaxt, xatırlaya bilmirdim. Yaralanandan sonra, elə bil, bir azca yaddaşım da korşalmışdı.
Gecə səhərə qədər yanımda qaldığına görə çox yorgun olurdu. Bəzən özü də hiss etmədən yuxu onu aparar və başını mənim yastığıma söykəyərək yatardı. Belə vaxtlarda onun sifəti üzümə toxunardı. Elə bil yaxınlıqda yasəmən ağacı bitmişdi. Onun çiçəklərinin ətri anidən burnuma toxunurmuş kimi özümü hiss edirdim. Qəribə idi, axı bu xoş iy mənə tanış gəlirdi.
Elə arzulayırdım ki, gözlərimin sarğısı tez açılsın, bu qızı görə bilim. Hətta, onun necə bir qız olduğunu da təsəvvür edirdim. Ağ xaltda, orta boylu, qara saçlı, ağbənizli bir qız kimi. Bilmirəm, niyə görə onu bu görkəmdə təsəvvür edirdim. Adam bir şeyi görməyəndə ağlına gələni təsəvvür edir, axı.
Əllərimi çarpayıdan açmışdılar. Sərbəst hərəkət edir, hətta, durub-otura da bilirdim. Qız mənim qolumdan tutaraq, otaq boyu gəzdirirdi. Əlimdən tutanda hiss edirdim ki, uzun əlləri var. Təsəvvür etdiyim boyu da mən deyən deyildi. Axşamlar yanımda oturanda köks ötürüb ağladığını hiss edirdim. Bir dəfə gecə vaxtı yanağıma isti bir şeyin toxunduğunu hiss edib, yuxudan ayıldım. Əlimi üzümə sürtdüm, əlimə nəm dəydi. Gözlərim bağlı olduğu üçün ətrafda heç kəsi görmürdüm. Əllərimi havada sağa, sola gəzdirdim. Birdən, əlim onun saçlarına toxundu.
– Sənsən?! – deyə soruşdum
– Hə, mənəm!
Bu, bir neçə günü mənim qulluğumu tutan, əziyyətimi çəkən qızın adıyla da maraqlanmamışdım. Odur ki, soruşdum:
– Adın nədir?
– Şəfəq!..
– Şəfəq?!.. Gözəl addır.
– Gözəl gününüz olsun – dedi.
– Şəfəq xanım, yəqin ki, mənim gözlərimin sarğısı tezliklə açılar, elə deyilmi?!
– Əlbəttə… Sol gözünüzün sarğısı sabah açılacaqdır, həkim belə dedi. Amma sağ gözünüzdə zədə dərindir. Hələ bir müddət gözləməli olacağıq.
Səhəri gün sol gözümün sarğısı açılanda, ilk gördüyüm tavandakı işiq seli oldu. Parıltılı, gözqamaşdırıcı idi bu işıq seli… Sonra yanımda dayanan həkimi və tibb bacısını gördüm. Həkim orta yaşlarında kök bir kişi, qadın isə yaşlı idi.
Həkim barmağını mənim gözlərimin önündə tutaraq:
– Hə, igid döyüşçü, görürürkmü?! – soruşdu.
– Hə, görürüəm!.. – deyə sevinclə dilləndim.
– Bax, belə. Doğurdan da, cəsur oğlansan. O biri gözün də görəcək, amma bir qədər zəif. Nə etmək olar, doğrusu, ümidimiz yox idi. Çünki qəlpə çox dərindən keçmişdi. Buna da şükür, – deyə o zarafatla baş barmağıyla böyürümə toxundu.
Bir azdan həkim getdi. Yaşlı qadın hələ də ağlayırdı. O, əllərini göyə açıb mənə və cəbhədə döyüşən oğlu üçün dua edirdi.
Axşamüstü idi. Bərk nigaran idim. Bu dəmlərdə növbə dəyişilməli idi, o gənc qızın növbəsi başlayacaqdı. Otaqda tək idim. Yaşlı qadın otağı tərk edib getmişdi. Yatağımda uzanıb böyük həyəcan içində onu gözləyirdim. Bir azdan otağın qapısı açıldı. Əynində ağ xalat olan ucaboylu bir qız otağa daxil olaraq, mənim çarpayıma tərəf gəldi. Onun boyu çox uca idi, lap yadplanetdən gəlmişlər kimi. – Bu odurmu? – düşündüm.
Qız mənə yaxınlaşıb, diqqətlə üzümə baxdı. Mən də tək gözümü onun iri gözlərinin içinə dikərək heyranlıqla ona baxırdım.
O gülümsəyirdi. Mənim də dodaqlarım qaçdı. Birdən qız bərkdən qışqırdı:
– Sən məni görürsən?!
– Əlbəttə, görürəm!
– Mən necəyəm?
Bir anlıq çaşıb qaldım. Öz-özümə fikirləşdim ki, əgər ona sən gözəl qızsan desəm, yəqin ki, onu inandıra bilməyəcəyəm. Çünki adam öz xilaskarı olan bir qıza yaxşı sözdən başqa nə deyə bilərdi? Odur ki, ona ağlımdan keçəni dedim:
– Sənin çox uca boyun var!
Qız sevincindən özünü çarpayımın üstünə atıb, məni qucaqladı və:
– Hə, sən görürsən… Demək, sən məni görürsən? O içini çəkərək hönkürtüylə ağlamağa başladı.
Mən də özümü unudaraq onu bərk-bərk qucaqlamışdım. Qız çox sevincli idi. Bir yerdə qərar tuta bilmirdi. Özüm də baş aça bilmirdim, axı o niyə bu qədər ürəkdən sevinir?
Axşam qız mənim şəxsi əşyalarımı palataya gətirdi. Sənədlərim, paltarlarım, yun corablarım, telefonum, hətta, boynumdan asdığım talisman deyilən boş patron gilizi də onların arasında idi.
Yun corabları götürüb baxdım, onlar idi. Amma palçığa bulaşmışdı. Üstündə bir az da qan ləkələri vardı.
– Ayaqlarımı yaman isti saxlayırdı. Köpək uşağı imkan vermədilər doyunca geyinəm. Elə bircə gün geyindim, – deyə qıza izahat verməyə çalışdım.
Qız üzümə baxıb gülümsədi:
– Eybi yoxdur, buradan çıxandan sonra, o qədər vaxtınız olacaq ki, geyinməyə, – dedi.
Sonra patron gilizinin içini boşaltdım. Gilizin içindən “nəməlum qızın” yazdığı məktubu çıxartdım.
– O nədir?! – deyə qız üzümə baxıb, bic-bic gülümsədi.
– Heç, məktubdur, bu corabların içinə yazılıb qoyulmuşdu.
– Məktub?! Maraqlıdır, nə yazılmışdı məktubda? – deyə qız yenə də gülümsəyərək soruşdu.
– Hə, çox maraqlı məktubdur. Oxuyummu?!
– Oxuyun!
Mən barmaqlarımın ucuyla kağız parçasının qırışlarını açıb orada yazılanları qıza oxudum: – “Əziz döyüşçü, bu corabları sənin üçün öz əllərimlə toxumuşam. Kim olduğunu bilmirəm. Bircə, onu bilirəm ki, sən vətən oğlusan, igid döyüşçüsən. Mən səni canımdan artıq sevirəm. Məni qoru, mən sənin namusunam!.. İmza Şəfəq… 19.10.2020-ci il”
– Şəfəq?! Bəs, bu Şəfəq özü barədə bir söz yazmayıb. Haralıdır, kimdir? – deyə qız çiyinlərini çəkərək, bərkdən güldü.
– Yox! Bircə, telefon nömrəsin yazmışdı kağızın qırağına. Tərslikdən onun yazdığı telefonunun son iki rəqəmini də qar islatdığından oxumaq mümkün olmadı. – Bax, budur onun telefon nömrəsi, – deyə yarımçıq telefon nömrəsini qıza göstərdim.
Qız dərindən köks ötürərək, çiyinlərini çəkdi və:
Görürsən? Işin tərsliyinə bir bax da… İndi onu necə tapmaq olar?
Nə bilm! – dedim.
Görüm sizə bir kömək edə bilərəmmi? – deyə qız, əlini əlimin üstünə qoyub, ehmalca sığalladı.
Səhər bir qədər yuxudan gec oyandım. Tibb bacısı otaqda yox idi. Çarpayımın yanında səhər yeməyi qoyulmuşdu. Burada yatdığım gündən bəri brinci gün idi ki, mənə verilən yeməkləri öz gözlərimlə görürdüm.
Yastığa dirsəklənib, çarpayımın yanına qoyulmuş yeməyə əl uzatmaq istəyəndə, gözlərim bir kağıza sataşdı. Kağızda “ 05526580…” telefon nömrəsinin son iki rəqəmi də qeyd olunmuşdu. Doğrusu, təəccübləndim. Bunu bura kim yazıb qoyubdur? – düşündüm.
Maraq məni götürdü. Axşam tibb bacısının gətirdiyi şəxsi əşyalarım arasında olan cib telefonumu yastığımın altından götürüb, o müəmmalı telefon nömrəsini yığdım. Nömrəni yığan kimi telefon çağırdı.
Qərbə idi, çağrılan telefonun səsi otağın içindən gəlirdi? Bu kimin nömrəsidir düşündüm? Dörd gözlə ətrafıma nəzər yetirdim. Axı, bu kim ola?!
Birdən, gözlərim, qapı ağzında dayanıb, əlində telefon mənə baxıb gülümsəyən, Şəfəq adlı tibb bacısına sataşdı…
Yerimdəcə donub qalmışdım… Nə edəcəyimi bilmirdim. Doğurdanmı, bu, o məktubu yazan nəməlum qız idi?!
Hakan Sarı… bu ad hamımıza tanışdır. İsveçrədə İNK nümayəndəliyinin rəhbəri və altı ay keçməmiş İNK- nın Avropa ölkələri üzə rəhbəri olmaqla İsveçrədə, Almaniya və Fransada dayaq nöqtələrinin açılmaslnda xüsusi fəallıq göstərərək Ümummilli liderimizin dünya şöhrətli fəaliyyət “dastanını, Ali Baş Komandanımızın zəfər yollarındakı ugurlarına həsr edilmiş video-çarxlarını yayımlayaraq Azərbaycan-Türkiyə qardaşlıgının əbədi oldugunu əminliklə hamlya çatdıran fədakar türk oglu Hakan Sarı!!!
O,qisa müddətdə milyona yaxın izləyicilərinin sevimlisinə çevrilmişdir. Belə ki, İNK- nın bütün fəaliyyətini, tədbirlərini və özünün bu sahədə gördüyü işlərin video- çarxlarının hazırlanıb yayımlanmaslnda xüsusi əməyi vardir.
O, türk dünyasınln dahi lideri H.Əliyevin və onun davamçısı olan Ali Baş Komandanın zəfərə nail olduguna dair 44 günlük müharibə şəhidlərimizin 27 sentyabr anım gününə,”Qarabag Azərbaycandır!” mövzularına dair bütün hadisə və tədbirlərin yayımlaması ilə ətrafına geniş izləyici kütləsini tanış edə bilmişdir.
Ali Baş Komandanımızın hədəf göstərdiyi ugurlu yolda İNK və SİM İ B- nin Avropa və İsveçrə üzrə nümayəndəliyində köməkçisi Tuncay Sevindik, Baş katibi Tahla Sarı, İsveçrə nümayəndəliyinin rəhbəri Mustafa Bayrak olmaqlaİNK – nın Avropa nümayndəliyinin rəhbəri Hakan Sarı sosial şəbəkələrdə səhifələr açaraq, təbliğat və təşviqat məsələlərində müasir texnalogiyaların yaratdığı geniş imkanlardan da bu yöndə səmərəli istifadə edir.
Bakıda İNK – nın sədri Rasim Məmmədovun 15 nəfərlik nümayəndə heyəti ilə qonağı olan və İNK -nın gündəlik fəaliyyətini yuxarıda qeyd olunan imkanlardan istifadə etməklə, müntəzəm əks etdirərək apardıgı səmərəli fəaliyyətinə, imzasını milyona yaxın izləyicisinə hörmətlə tanıtdıgına, İNK-nın Avropadan dəstəklənərək video- çarxlar hazırlayaraq Azərbaycanımıza olan dərin sevgisini əks etdirən, Zəfər qələbəmizlə baglı böyük işlər görən, türksoylu xalqlarımlz olsn ölkələrlə geniş, ətraflı fəaliyyətinə görə SİM İ B və İNK- nın rəhbəri Rasim Məmmədov tərəfindən “Əbədi Lider”qızıl döş nişanına və Fəxri Diploma layiq görülən Hakan Sarını İNK- nın bütün üzvləri adlndan təbrik edir və davamlı olan gələcək işlərində ona sonsuz ugurlar və can saglıgı arzu edirəm.
O küçədən keçərkən intihar edən körpənin fəryadı qulaqlarımda cingildəyirdi?,göz yaşları isə saçlarımın uclarını islatmışdı.Ölən körpənin cəsədi arxadan məni səsləyirdi elə bil.İçimdən qopan bir duyğu,məni ona vadar edirdi ki,sanki özümü ona qaçacaqmış kimi hiss edim.Əlləriylə simama toxunmağa çalışırdı.Gözləri kor,dili lal idi.Bir anlıq ürpənib geri çəkildim,ancaq sonra düşündüm ki,əgər bu körpəni mən buradaca qoyub getsəm,onun ahı yaxamı buraxmayacaq.
Körpə qollarımda idi.Soyumuş bədəninə göz yaşları süzülürdü.Ona baxdıqca,elə bilirdim mən ölürəm.Onun gözlərim önündə intihar etməsi məni dəli etmişdi.Dəli dedim,siz anlamadınız məni.Bir ağaca tutunun və dırnaqlarınızla ondan yapışın,var gücünüzlə onun canını alın.Aldıqca nə hiss edəcəyinizi təsəvvür edin! Və mən bu körpənin ölmüş cəsədini qollarımın arasında daşıdıqca o hissləri keçirirdim. Körpə qucağımda inildəyirdi elə bil.Axı o ölmüşdü,bu necə ola bilərdi? Ürək döyüntüləri yox,nəbzi atmır,ancaq yeganə yaşayan onun göz yaşlarıydı.Mən hər dəfə göz yaşı tökdükcə,körpə də göz yaşlarını sinəmə axıdırdı.Yaş olmuş paltarım onu soyuqdan qoruya bilmirdi.Onun göz yaşları saçlarıma,sinəmə axırdı,nədənsə paltoma toxunmurdu.Kiçik əlləriylə də ancaq saçlarımdan tutunmuşdu.Mən o körpənin öldüyünə inanmırdım,ölən yalnız göz yaşlarıydı.O,göz yaşlarını göy üzünə təslim edib,ruhunu öldürən birisinə sahib olmuşdu.İntihar qorxusu yaşadan şəxs körpənin içində fəğan edirdi…
Artıq taqətim qalmamışdı.Əllərim qopub düşürdü elə bil.Körpəni qucağımda saxlaya bilmədiyim üçün özümü qınayırdım.Nəfəsim kəsilir,gözlərim qaralır,ayaqlarım çuxura addımlayırdı.Sanki ayaqlarım qırılıb düşüb,şikəst qalmışdı.Əlləriminsə,bu məsum məzlumu tutmağa gücü yetmirdi.
İçimdən ani qopan qışqırıqla körpə dərindən nəfəsini içinə çəkdi.Döyünən ürəyini qulaqlarımda eşitdim.Gözlərini açıb,məni diqqətlə izlədi və yavaş-yavaş gözlərindən kiçik damlalar axmağa başladı.O damlaları əllərimlə silmək istəyərkən,əlimi tutub kiçik ürəyinin üstünə qoydu.Yenə nəfəsini dərindən içinə çəkib,gözlərini qapatdı.Yanaqlarına süzülən kiçik damlalarla sinəmə sıxılıb,balaca barmaqlarıyla məni bərk-bərk qucaqladı.Mənə yolu düz getməyimi-dedi.Əliylə işarə edərək yola davam etdim.
Yolun sonuna gəlmişdik.Ətraf zülmətin qaranlığıyla dolu idi.Yerə sərilmiş kuklalar bizə tamaşa edirdi.Əllərində tutduqları bıçaqları atıb,elə bil təslim olurdular.Gözlərimizin önündə anidən ayağa qalxıb,bıçaqları yerə atdılar.Paltarlarının üzərində kiçik göz yaşları gizlənirdi.Kəsilmiş saçları,ayaqlarıyla bizə işarə etdilər.Yolun sonunun hara gedəcəyini bilmirdim,ancaq körpə nəfəs alıb verir və bərk-bərk saçlarımdan yapışırdı.Artıq göz yaşları dayanmışdı..
Uçurum kənarına çatdıq.Birdən çiyinlərimdə bir palto olduğunu hiss etdim.Palto həddindən artıq ağır idi.Sanki illərin yükü çiyinlərimdəydi.Paltonu çıxarıb,körpəni bürümək istədikdə əliylə saxla-deyə işarə etdi.Palto çiyinlərində qalsın-deyirmiş kimi gözlərini qapatdı.Paltonu çiyinlərimdə hiss edərkən,sanki illər öncə onun mənim çiyinlərimi örtdüyü paltonu xatırladım.Soyuqdan donan vücudumu yalnız onun paltosu isidə bilmişdi.Sanki bu gün o gün idi.Qucağımdakı körpə göz yaşlarıyla məni buraya gətirdi və qarşıma zülmətin kabusunda yenicə doğulmuş acılı,yaralı,hətta ləkələnmiş kuklalar çıxdı,ancaq o palto çiyinlərimə qonduğu anda körpəninki kimi mənim də göz yaşlarım simamda quruyub yox oldu.Bəli,biz o gün göz yaşlarımızı göy üzünə təslim etdik.Bu paltosa,bir gün onun gəlib,əlimdən tutub aparacağını işarə etdi.
Körpə qucağımdaca yuxuya dalıb,son göz yaşlarını da saçlarıma axıtdı.Döyünən ürəyi susub,göz yaşları Tanrının hüzuruna qovuşdu…
“TACLI ŞAİR” – bu ifadəni ilk dəfə şair-publisiist Qələndər Xaçınçaylı Zaur Ustac haqqında işlədib. Qələndər Xaçınçaylı Zaur Ustacın həyat və yaradıcılığından bəhs edən kitabını da məhz belə adlandırıb, “Taclı Şair”.
Zaur Ustac özü bu barədə belə deyir: – “…Qələndər müəllim (Allah rəhmət eləsin…) demək olar ki, bütün adi söhbətlərimizdə və məndən götürdüyü müsahibələrdə “Ustac” təxəllüsü barədə mütləq sual verirdi. Mən də mümkün qədər hər dəfə daha zəngin məlumat verməyə çalışırdım. Bu ifadə ona nəsə ləzət eləmişdi. Hərə dəfə də dinləyib, qeydlərini götürdükdən sonra özünəməxsus məzəli ifadələrlə reaksiya verərdi… Bu ifadələr onu yaxından tanıyanlara yaxşı məlumdur. 2019-2020 – ci ildə haqqımda olan kitabı hazırlayanda da ilk dəfədən elə bu adı seçmişdi. Hətta mən deyərdim ki, onda ilk olaraq bu “Taclı Şair” ifadəsi ideya kimi yaranmış sonra bunu kitaba çevirmək qərarına gəlmişdi. Allah rəhmət eləsin. Ruhu şad olsun.”
ŞAHİ-CAHAN Çiçək açsa, haçan həyat ağacın, Yaz çağındır, o çağını yaza yaz! Qan qaynasa, qışın oğlan çağında, Qışa deyil, o çağını yaza yaz… * * * Araz dağdır, haldan hala hal eylər, Sakit axar, eldən elə yol eylər, Dost-aşina, taydan taya əl eylər, Ayaq açsa, o çağını yaza yaz! * * * Taclı şair* şeir yazdı dodaqsız, Canın xanı yaranışdan qonaqsız, Şahi-cahan, yaşar səssiz, soraqsız, Hərgah coşsa, o çağını yaza yaz!
21.10.2021. – Bakı ş.
* Taclı şair – Göygöz, Sevdalı kimi Zaur Ustacın müəyyən konkret məhdudlaşdırıcı ədəbi tələblər olduğu zaman (adətən dodaqdəyməzlərdə) istifadə etdiyi təxəllüsüdür.