Etiket arxivi: FOTO

DƏSTƏGÜLDƏ GÖRDÜKLƏRİM – ZAUR USTAC YAZIR

DƏSTƏGÜLDƏ GÖRDÜKLƏRİM

(…əsgər gündəliyindən sətirlər…)

Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun böyük Allaha! Daha bir vəsilə ilə sizlərlə görüşmək qismət oldu. Ötən günlərdə  televiziya kanallarının birindən ötəri olaraq “Dəstəgül” kəlməsini eşitməyim və son günlər baş verən hadisələr bu yazının yaranmasına, sonucda görüşümüzə səbəb oldu.

“Dəstəgül”lə bağlı eşitdiyim cümlə tam olaraq belə idi:- “…onun son döyüş yeri Dəstəgül olub…”  Dəstəgül, Dəstəgül… Dəstəgül sözün əsl mənasında neçə-neçə igid -ər oğullarımızın son döyüş yeri, son mənzili, son ünvanı olub və uzun illərdir bu belə qalmaqdadır. . .  Məlumunuz olsun  ki, son günlər  hələ I Qarabağ müharibəsində itkin düşmüş və o vaxt  tanınmadığı üçün  “Naməlum” adı ilə dəfn olunmuş döyüşçülərimizin siyahısının bir daha dəqiqləşdirilməsi, “naməlum”ların tanınması yolunda mühüm işlər görülür. Mənim qulaq müsafiri olduğum söhbət də məhz bu məsələ ilə bağlı idi. 

Dəstəgül (40°19′14″ şm. e. 46°41′29″ ş. u.) istər 2016 –cı il Aprel döyüşləri, istərsə də II Qarbağ – Vətən müharibəsi zamanı adı daha çox hallanan Çaylı, Talış, Suqovuşan  istiqamətində, onlardan sonra Təpəkəndə  deyil, Gülüstan, Ballıqaya – Murova tərəf, yəni Suqovuşandan sonra çayqırağı getdikdə sağ (Goranboy) tərəfdə sıx meşə örtüklü dağlıq ərazidə yerləşmiş kiçik bir yaşayış məntəqəsidir. Daha çox yaylaq yerinə oxşayır. Buna baxmayaraq bir neçə qəbirdən ibarət olan qəbirstanlığı da var. Evlər əsasən “finski” dediyimiz taxta evlərdən ibarətdir. (Bəlkə də bu məlumatlar artıq keçmiş zamanda qəbul edilməlidir.) Tale elə gətirib ki, bu yerləri  həm yayda (iyul 1993), həm də qışın oğlan çağında (fevral 1994) ziyarət etmək mənə qismət olub. 1994-cü ilin fevral ayında bu kiçik yaşayış məntəqəsini (Dəstəgül və ya Dəstəgir) kəşfiyyatçılardan təhvil alıb, motoatıcı bölmələr gələnə qədər qoruyub  saxlamış bölmənin tərkibində qulluq etmişəm. Olduqca keşməkeşli həyatımın bu hissəsinin  müəyyən məqamları yaradıcılığımda həm nəsrdə, həm də nəzmdə özünü zaman-zaman göstərib və yəqin ki, hələ çox göstərəcək. Məsələn elə bu yazı…

Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimov haqqında olan (son günlərdə bədxahlar tərəfindən məqaləsi vikipediyadan silinmiş) “Oriyentir Ulduzu” kitabından bir hissəni sizlərə təqdim edib, sonra söhbətimizə davam etmək istəyirəm: – “Bəs, bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb mənzilinə çatdıracağıq??? Düşünə- düşünə dərə boyu dağlara baxdı. İndi onun baxışları dağlara zillənsə də, dağların arxasında da nə olduğunu gün kimi aydın görürdü… Halbuki o, heç Çaylıda da olmamışdı, amma postdakı bütün əsgərlər kimi o, da bilirdi ki, dərədə, daşı daş üstə qalmayan, bu kənd Çaylıdı. Adından da göründüyü kimi vaxtında çox səfalı, axarlı-baxarlı kənd olub. Dərə boyunca dağlara – Talışa tətəf – qalxanda, Gülüstan, birinci görünən dağı aşdıqdan sonra Madagiz, sonra hər yerdə gölqırağı, çayqırağı üzü Günbatana sağ tayla, dağ cığırı ilə gedib çıxırsan yol ayrıcına, ayrıc dərədədi, köhnə ferma binası da var dərədə. Fermanın yanında dağ yolu ilə təxminən iki saat dolama yollarla sağ tərəfə qalxsan, Dəstəgüldü. Dəstəgüldə qışda qar dizdən olsa da dərədəki bulağın başında artıq Fevral ayının ortalarında qarın, buzun içində bənövşələr açır. O, bənövşələrin qurusu indi də postdakı köhnə dəftər- kitabların arasında durur, təzələrini dərməyincə uşaqlar atmaq istəmirlər.”

Sonra yenə Mübarizə həsr olunmuş “Şəhid haqqı” adlı bir şeirdə;

Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,

İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,

Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,

Bu qədər bivec ata, ya da ki, qardaş olmaz…

Vallah, atam-qardaşım bundan vacib iş olmaz…

* * *

Hər şeyi yükləmişik, Lazım bəyin belinə,

Zalım oğlu zalım da qüvvət verib dilinə,

Heç kimsə razı olmaz, bir quş səkə gülünə,

Bəs bu dağlarda yatan gül balalar kimindi?!

Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!

* * *

Dəstəklərə yazılı, neçə-neçə adımız,

Qundaqlara qazılı, sezilməyən ay-ulduz,

Nişan durub, gözləyir; birdən düşər yolumuz,

Gəlin, o nişanların gözün yolda qoymayaq…

Bu işi, bu gün görək, sabaha saxlamayaq…

* * *

Bu işin bir yolu var, göstəribdi Mübariz!

Torpaq bizim Vətənsə,  düşməlidi izimiz.

Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.

Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!

Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!

* * *

Dəli bilirlər bizi, doğruldaq adımızı,

Dost özün göstərəcək, tanıyaq yadımızı,

İllərdir su vermişik, püskürək odumuzu,

Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!

Mübariz gedən yolu, getməliyik hamımız!!!

03.08.2019. Bakı.

Daha sonra isə ümumilikdə bütün məzarsız şəhidlərimizə ithaf etdiyim “Müqəddəslər” şeirində;

MÜQƏDDƏSLƏR

(… bütün məzarsız Vətən övladlarına ithaf olunur…)

Səngəri məzarı olan qardaşım,

Hələ də bilinmir əhvalın sənin…

Dəfndən Məada Bərzəx deyirlər,

Məchuldur durumun, məqamın sənin…

* * *

Silahın pas tutub, daha heç atmaz,

Dəbilqən gəzsə də, çəkmən köç etməz,

Kəmər yox olsa da, toqqan heç itməz,

Qumquman olubdu kimliyin sənin…

* * *

Üç rəngli bayrağım süsləyən dağlar,

Hər zirvə minlərlə şəhidi ağlar,

Bənövşə çiçəyi qəlbimi dağlar,

Dağların ağ qarı kəfənin sənin…

* * *

Zaur buz bulaqdan içəmməz daha,

Bənövşə müqəddəs, dərəmməz daha,

Ağ qarı tapdayıb, gəzəmməz daha,

Bu yurdun nəyi var, ünvanın sənin…

09.05.2021. – Bakı.

Dəstəgüldə gördüklərim zaman-zaman özünü xatırlatmış, müxtəlif təzahürlər  şəklində biruzə verərək, kağız üzərinə köçmüşdür. Bütün bunlardan əlavə həmin dövrdə  baş verənlər “Bir parça taxta və ya ağ mələfə səfası” əsərində ətraflı öz əksini tapıb.

Yuxarıda təqdim etdiyim nümunələrin yaranmasında əsas bir epizodun rolu olub ki, o da bugünkü vəziyyətlə səsləşdiyinə görə bu yazını yazmağı özümə borc bildim. Deməli, necə deyərlər quşbaşı qar yağa-yağa gecədən xeyli keçmiş  təyin olunmuş yerə  çatıb mövqeyi kəşfiyyatçılardan təhvil aldıq. Komandir hamını düzüb postları, kimin harada duracağını, istirahət növbəsinin harada dincələcəyini, postda dayanma müddətini elan etdikdən sonra hamı təyin olunmuş yerlərə getdi. Mən istirahət edən heyətə düşmüşdüm. Tez istirahət edən növbə üçün təyin olunmuş evə (Kiçik girişdən və iki pəncərəli bir otaqdan ibarət olan taxta ev idi, pəncərələr Goranboy tərəfə, sıldırım dərəyə baxırdı.) daxil olduq. Pəncərələri özümüzlə  gətirdiyimiz odeyallarla tutduq. Bir odun sobası tapıb qurduq və turbanın başına  vedrə keçirdik ki, yananda qığılcımlar çıxmasın. Seçdiyimiz ev dağın düşmən tərəfindən görünməyən sıldırım yamacında yerləşməsinə rəğmən bildiyimiz bütün maskalanmak və gizlilik tələblərinə riayət etməyə çalışırdıq. Artıq zaman olaraq, gecədən xeyli  keçsə də hər yan dümağappaq qar olduğuna və qara buludluq olmadığına görə görünüş demək olar ki, gündüz kimi idi. İstirahət otağı  tam hazır idi. Hətta çaydan da qaynadıb, həm posta gedənlər, həm də postdan gələnlər üçün isti şirin su hazırlamışdıq. Biz elə posta çıxmağa hazırlaşırdıq ki, uşaqlardan (əsgər R.E.-ni) birini halı pisləşmiş vəziyyətdə içəri gətirdilər. Nə baş verdiyi ilə marqalandıqda məlum oldu ki,  əsgər  digər post -növbə yoldaşları ilə təyin olunduqları  səngəri qardan təmizləyən zaman lapatkası nəyəsə ilişir və bu da lapatkanı qaldıranda gördüyü mənzərədən sarsılır… Halı pisləşir… Səngəri  təmizləyən əsgərin lapatkası bizdən əvvəl o mövqedə olub, şəhid olmuş digər Azərbaycan əsgərinin kəmərinə ilişibmiş. Lapatkanı qaldıran zaman isə bədən ortadan bükülmüş vəziyyətdə yuxarı qalxmışdı. O vaxtlar, bizim əsgərlərə verilən yaşıl rəngli, ay ulduzlu aliminium toqqa və dəriəvəzedicidən olan qəhvəyi kəmər aydın bilinirdi. Bundan əlavə bayraqlı “bakinski” forma və çəkmələr də bizim əsgər olduğunu təsdiqləyirdi…

Biz əvəz olunana  qədər itkisiz-filansız  nizam-intizamla, bütün qayda-qanunlara əməl edərək (Hələ bu müddətdə xüsusi tapşırıqla bir-neçə dəfə kəşfiyyata ketmək, bundan əlavə bənövşələri dərdiyim – maraqlıdır ki, fevral ayında buzun içində bənövşələr açmışdı – bulağa suya getmək, ərzaq gətirməyə gedən uşaqların  (əsgərlərin) qarşısına çıxmaq üçün aşağı düşmək kimi tapşırıqları da yerinə yetirirdik) sağ-salamat demək olar ki, Dəstəgüldə əməllibaşlı dincəldik. Vaxtı çatanda gəlib bizi əvəz etdilər…

GÜNDƏLİKDƏN SƏTİRLƏR:

08.02.1994 – axşam saat 11-də(23:00) komandir məni postdan çağırtdırdı. 6 nəfərlə Təpəkəndə kəşfiyyata getdik. Tapşırığı yerinə yetirib,( 09.02. 1994) səhər saat 4 –də Dəstəgülə qayıtdıq.

Biz əvəz olunduqdan  3-4 gün sonra (bu hadisənin öz obyektiv və subyektiv səbəbləri olub) qəfil hücumla demək olar ki, bir-iki yaralı olaraq min-bir müsibətlə qurtulan və qaçanlardan başqa  bizi əvəz edən bölmənin bütün şəxsi heyətinin hamısını öldürmüşdülər…

Deməli, təkcə bu balaca (heç  yanda adı, xəritələrdə izi-tozu olmayan) Dəstəgüldə həm ikinci dəfə biz alana qədər  90-cı illərdə şəhid olmuş əsgərlərimizin, həm də 1994-cü ilin fevral ayında qısa bir müddət ərzində bizdə olan vaxt şəhid olanlarla birlikdə xeyli şəhidimizin nəşi qalmaqdadır…

Görün indi nə qədər belə Dəstəgüllər var…

Xidmət müddətimdə sözün əsl mənasında başıma gəlməyən iş qalmasa da Dəstəgül mənim də yaddaşıma xüsusi olaraq yazılıb.  Gözümün önündən getməyən altında  gizlətdikləri  məlum olan qarla dolu səngərlər  və  bir də istədiyim zaman baxıb, toxuna bildiyim, hətta yeri gələndə söhbət etdiyim gündəliklərin vərəqlərinə qopub itmək qorxusu ilə bərk-bərk yapışmış  1994 – cü ilin fevral ayında Dəstəgüldə Gülüstan, Ballıqaya istiqamətində dərədəki bulqdan  qarın- buzun içindən  yığdığım bənövşələrin qurusu  mənim üçün istənilən zaman astral səyahətlə reallıq arasında mövcud olan bir dünya qurur. Həmişə bir istək olub, qəlbimin dərinliyində. Bir gün mütləq qışın oğlan çağında dincəldiyim bu səfalı məkanı may ayının sonlarında görmək, əsrlərdir şəhidlərimizn qanını ilə qidalanıb, Babəkin azadlıq sancağı kimi zühur edən alqırmızı lalərdən dərib, igid-ər oğullarımızın məzarı olmuş səngərlərin üzərinə sərmək, dərədə hüzünlü bir səslə zümzümə edən “Bənövşəli bulağ”a baş çəkmək istəmişəm. İnanıram ki, bütün digər arzularım kimi bu istəyim də vaxtı gələndə gerçəkləşəcək!

Allah bütün məzarlı və məzarsız şəhidlərimizə rəhmət eləsin. Siz də sona qədər həmsöhbət olduğunuz üçün çox sağ olun.

Müəllif: Zaur Ustac,

“Yazarlar” jurnalının baş redaktoru,

Şair – publisist.

16.08.2021. – Bakı.

ZAUR USTACIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QİSMƏT TAĞIYEV

Qismət TAĞIYEV – yazar.

“MƏN KİMƏM” LAYİHƏSİNİN QONAĞI

QİSMƏT TAĞIYEV

Mən Tağıyev Qismət Nəsib oğlu (Seyid Qismət Nəsiboğlu) 20 oktyabr 1949-cu ildə Füzuli rayonun Böyük Bəhmənli kəndində kolxozçu ailəsində anadan olmuşam.1967-ci il kənddə yerləşən orta məktəbi əla qiymətlərlə bitirərək elə həmin il Azərbaycan Politexnik İnstitunun İnşaat fakültəsinə qəbul olunmuşam.5 il əyani təhsil alaraq 1972-ci ildə institutu bitirib ,ali təhsilli inşaat mühəndisi kimi Beyləqan şəhərində olan tikinti idarəsində işə başladım.Uzun illər tikinti idarələrində müxtəlif vəzifələrdə işləyəndən sonra 2016-cı ildə təqaüdə çıxmışam.Hələ uşaq yaşlarımdan kitab oxumağı çox sevirdim. Oxuduğum kitablar həyatımda çox böyük dəyişiklər edərək bir insan kimi formalaşmağıma kömək etmişdir. Topladığım böyük söz ehtiyyatı, müşahidə qabilliyətim imkan yaratdı, mən də bədii əsərlər yaza bilim.Yazdıqlarımdan bir üç kitabda nəşr etdirərək oxuculara paylamışam. Kitabların adı belədir.

1.Bizim zəmanənin nağılları- 4 povest

2.Aldanmış qadın 4 povest.

3.Azərbacan faciəsi 3 povest.

Hazırda Beyləqan şəhəri, Sərdar İmrəliyev 154 saylı ünvanda yaşayıram, ailəliyəm, üç övladım, altı nəvəm var.

Layihənin qonağı: Qismət TAĞIYEV

QİSMƏT TAĞIYEVİN YAZILARI

“MƏN KİMƏM” LAYİHƏSİNİN DİGƏR İŞTİRAKÇILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN “YAZARLAR” JURNALININ AD GÜNÜDÜR!

Bu gün “Yazarlar” jurnalının ad günüdür! Beləki, jurnalımız 16.08.2007 – ci il tarixində dövlət qeydiyyatından keçmişdir.

>>:SAYTIN İLKİN FORMATI

>>: “YAZARLAR” JURNALI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC “ÜÇ QARDAŞ”

ÜÇ QARDAŞ

Bir qardaş sağında, biri solunda,

Təpəri dizində, gücü qolunda,

Qardaşlıq məşəli yanır yolunda,

Yeni çağ başladır xan Azərbaycan!

Türkiyə, Pakistan, can Azərbaycan!

* * *

Xətai amalı bu gün oyaqdır,

Nadirin əməli bu gün dayaqdır,

İlhamın təməli bu gün mayakdır!

Yeni çağ başladır xan Azərbaycan!

Türkiyə, Pakistan, can Azərbaycan!

* * *

Zamanla yaşadıq xeyli qeylü-qal,

Görməsin bir daha bu birlik zaval,

Dağlara biryolluq qayıdır Hilal,

Yeni çağ başladır xan Azərbaycan!

Türkiyə, Pakistan, can Azərbaycan!

05.10.2020. – Bakı.

Müəllif: Zaur Ustac


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI

Səma MUĞANNA – gənc yazar, qiraətçi.


SƏMA MUĞANNANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏFAİL TAĞIZADƏ İLƏ “SƏMİMİ SÖHBƏT” – TƏRANƏ MƏMMƏD

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı Rəfail Tağızadə ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

Bu dəfə SƏMİMİ SÖHBƏT”in qonağı tanınmış ictimai-siyasi xadim, şair, publisist Rəfail Tağızadədir.

İnsanların ünsiyyətdən qaçdığı, bir növ tənhalığa qapandığı, bəlkə də biri-birinə etibar etmədiyi bir vaxtda az tanıdığın, bəlkə də heç tanımadığın bir insanla ünsiyyət qurub onunla səmimi söhbət etmək asan olmasa da, mümkündür. Söhbət etmək istədiyim insan yaradıçılığı, bənzərsiz şeirləri ilə diqqətimi çoxdan cəlb etmişdi. Onun özü ilə şeirlərindən daha sonra tanış oldum. Şeirlərindəki gizli kədərin, qeyri-adiliyin səbəbini öyrənmək arzusu var idi məndə. Dəfələrlə tədbirlərdə görüşdüyüm bu gülərüz, mehriban və nisbətən az danışan insanın iç dünyası mənim üçün çox maraqlı idi. ”Gündüzü oğurlanmış kimidir həyat”, – deyən bir insanın elə həyata baxışları da. Deyirlər, insanı yaxşı tanımaq üçün onunla yol yoldaşı olmaq lazımdır. Təəssüf ki, tanımaq istədiyim insanla yol getmək mənə nəsib olmayıb, amma səmimi söhbət etmək fürsətindən istifadə edib ona bir neçə sual verə bildim.
Həmsöhbətim Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı, Rəfail Tağızadədir. Rəfail müəllimlə söhbəti sizə təqdim etməkdə məqsədim FB səhifələrində dəfələrlə şeirlərini və yazılarını həvəslə oxuyub bəyəndiyiniz bu maraqlı insanı sizə daha yaxından tanıtmaqdır.
İlk sualım adi olsa da məncə, cavabı həmsöhbətimi düşündürdü.

– Rəfail müəllim, sizcə Rəfail Tağızadə kimdir?

İlk növbədə Azərbaycan vətəndaşıdır. Vətənini, xalqını, azadlığı sevən; yurdsuz qalan vətəndaş. Azərbaycan türküdür.

– Özünüz haqqınızda qısa da olsa, məlumat verərdiniz.

-Qarabağda, Ağdamda doğulmuşam. Qarabağ mənim ata-baba yurdumdu. Çox təəssüf ki, indi “qarabağlıyam”, “ağdamlıyam” deyəndə, o yerlər işğal altında olduğundan bir vətəndaş olaraq itkilərin qismən günahkarı kimi utanıram. Uşaqlıqdan riyaziyyatı çox sevdiyimdən dəqiq elmlərə marağım olub. Orta məktəbi Ağdamda bitirib, 16 yaşımda Politexnik institutunun Avtomatika və hesablama texnikası fakultəsinə daxil olmuşam. Diplom işimi Rusiyada yazdım. Uzun müddət o vaxtlar “qapalı” hesab edilən müəssisədə müxtəlif vəzifələrdə çalışmışam. Elə ordan da müharibə bölgələrinə yollandım. Cəbhə həyatından çox danışılıb deyə, ondan danışmaq istəmirəm. İnşallah qələbədən sonra

– Rəfail müəllim, neçə yaşınız var?

– 11 fevral 1958 ci ildə anadan olmuşam. Dolça bürçündənəm. (gülür)

– Nə bildiniz ki, bürcünüzü soruşacam?

Nə bilim, hərdən fikirləri qabaqlamağı bacarıram. Bu bir qədər çətinlik yaratsa da, belədi.

– Onda deyin. Bürclər haqda yazılanlara inanırsınız?

– Yox. İnanmıram. Amma doğulduğun yer, şərait kimi, zamanın da xarakterə təsir edən məqamları var.

Bəs qismət deyilən bir şeyin olduğuna necə? İnanırsınız?

Düzü, əvvəllər inanmırdım, ancaq həyatda qarşılaşdığım bəzi hadisələrdən sonra inanmalı oldum.

Allaha inanırsınız?

Əlbəttə. Dini ritualları etməsəm də, inanıram. Tanrıya, yaradana mütləq inanıram.

Sizinçün yaşamaq nədir?

Yaşamaq səndən sonra yaşamaqdır.

Bəs ölüm nədir?

İlk növbədə həyatın sonudu. Dəfələrlə təkrar olunmuş ifadə osa da, “ölüm haqqdır”.

Rəfail müəllim, şeirlərinizdə dəfələrlə ruha müraciət etdiyinizə rast gəlmişəm. Sizcə ruhlar nədir, varmı ruh?

Əlbəttə, var. Ruh müxtəlif din və cərəyanlarda müxtəlif formada izah olunur. Ruh ilahidən gələndi.

Ölümdən qorxursunuz?

Yox. Ölümdən, qaranlıqdan, təklikdən qorxmuram. Hərdən gözübağlı daha yaxşı görürəm. Axtardığımı daha tez taparam. Qaranlıqda kəndimizin kol-kos basmış cığırları ilə gedib, evləri tapa bilərəm. Cəbhədə qaranlıqda o qədər dərəli-təpəli yol getmişəm ki…

– Dediniz ki, təklikdən qorxmursunuz. Bəs tənhalıqdan necə?

Yaradıçılıqda tənhalıq adamın həmdəmi olur. Ancaq həyatın tənhalığını sevmirəm.

Rəfail müəllim, hamı sizi barış, davanı sevməyən bir insan kimi tanıyır. Nəyə görə davaya qatılardınız?

Heç düşünmədən Vətən uğrunda savaşaram. Bu birmənalıdır. Bir də insan sevdiyi qadın uğrunda savaşar.

Gözəlliyi sevərsiniz hər halda.

Şübhəsiz. Kiçik bir çiçəyi, qanad açan quşu, ağacları, … təbiətin yaratdığı bütün gözəllikləri. Gözəlliyi görüb sevməmək olarmı?

Banal bir sual olsa da bilmək istəyərdim Rəfail Tağızadə qadınlarda daxili gözəlliyi sevir, yoxsa xarici?

Gözəl qadın ilk görünüşdən adamın diqqətini tez çəkir, bu təbiidi. Mən ağıllı qadınları, onların düşüncələrini daha çox sevirəm. Qarşında ağıllı qadın olanda, daha çox məsuliyyət hiss edirsən. Ağıllı qadının qarşısında güclü olmaq çətin olsa da, maraqlıdır.

Qarabağlısınız. Deyirlər, Qarabağda körpələr də muğam üstə ağlayır. Musiqi sizin üçün nədir?

– Musiqi insanın ruhunu oxşayır. Bir qarabağlı kimi mən də muğamı çox sevirəm. Eləcə də xalq və bəstəkar mahnılarını da.

Bəs aşıq musiqisini sevirsiz?

Əlbəttə. O bizim qanımızdadır.

“Musiqiçi dostum,
bir nöktrün çal,
məni məndən qopar,
məni məndən al“.
Bu sözləri yazan məncə klassik musiqini də sevir?.

– Bəli. Klassik musiqidə sanki muğamın əksini duyuram.

Bəlkə cazı da sevirsiniz?

Konsertlərinə qatılıram. Dinləyirəm.

Sizcə sevgi nədir?

Sevgi insanı sən eləyən, daxilən təmizləyən, başqası üçün yaşamağın nə olduğunu anladan ülvi bir hissdir. Sevgi insanın özündən asılı olmayaraq gələn duyğudur. Sevgi gözəldir. Ağrısı, acısı, sevinci ilə yaşamaq həzzidir. Hec kim deyə bilməz ki, o nə vaxtsa sevməyib və ya nə vaxtsa sevməyəcək. İnsan hər zaman ona mübtəla ola bilər. Həqiqətən sevən insandan pislik gözləmə…

Yaşından asılı olmayaraq?

Bəli. Bəzən yaşlı insan 17 yaşlı cavandan daha etirasla, güclü sevə bilər. Sevginin yaşı olmur.

Sevgi insana nə verir, sizcə?

Yenidən doğulmuş kimi olursan. Lazım olduğunu bir daha anlayırsan. Yaşamaq və yaşatmağı dərk edirsən. Səndə daxili bir oyanış yaranır. Sevgi insanın üzünə, gözünə gizlədə bilməyəcək yeni xoş çalarlar gətirir. Ruhunu təzələyir…

Siz dənizi sevirsiniz! Dənizə həsr etdiyiniz şeirlər insanın ürəyinə toxunur, dənizi həm sevir, həm də sevdirə bilirsiniz. Bu yaxınlarda Kamran Nəzirlinin müsahibəsini dinlədim. Kamran müəllim dedi ki, dənizə sevgim uşaqlıqdan var idi, çünki, Astarada, dəniz kənarında keçib uşaqlığım. Bəs siz? Axı, siz elə yerdə doğulmusunuz ki, dağları, meşəni daha çox sevməli idiniz, məncə.

– Mən dənizi çox sevirəm. Danışan canlı kimi. Dəniz safdır, təmizdir. Dəniz məni daha yaxşı anlayır. Mən dənizi qısqanıram. Bəlkə o üzdən onunla görüşə payızda, qışda gedirəm. Heç kəs olmayanda. Onunla pıçıltıyla danışıram. Boşalıram. Ruhən təmizlənirəm. Olsun ki, dəniz sevgisi məndə hələ dünyaya gəlməmişdən yaranıb. Bütün dənizləri sevirəm, Xəzərə isə, xüsusi sevgim var. Təbii ki, dağları da, meşələri də sevirəm. Onlarla da rahatlanıram, sakitləşirəm, ancaq dəniz mənimçün bambaşqadı…
Rəfail müəllim, şeirlərinizdə həmişə qizli bir kədər var. Nədən? Hətta sizin şeirlərə “qanla yazılmış şeirlər” də deyən olub.

İtki ağır şeydi. Bir var doğmaların, mütləq olacaq itkilərin ağrısı. Bu başa düşüləndi. Yarananın dünyadan köçməsi nə qədər ağrılı olsa da anlaşılandı. Amma yurd, vətən itkisi bambaşqadı. Bu itkinin ağrısını izah etmək olmur. Sənin olanın göz-görə əlindən alınır, sənin olmur. O itkiylə ilk addımların, uşaqlığın, gəncliyin də itir. Yox olur. Geridə böyük bir boşluq yaranır. Yurd həsrəti bütün sevincli xatirələrin üzünə qara bir pərdə çəkir. Ağırdır. Çox ağırdır. Hər dəfə nikbin, şən bir şeir yazanda, sanki, o dərd kürəyinə vurub “mən hələ varam…”, – deyir. O ağrını, kədəri nəinki üzdə, şeirdə də gizlətmək olmur.

“Şair dostum, vətəndaş dostum, dərd, ələm dostum”, bu sözləri sizin haqqınızda məşhur alimimiz Rafiq Əliyev deyib. Bilirəm ki, bu yaxınlarda görkəmli alimimizin həyat və yaradıçılığından bəhs edən bir kitabınız işıq üzü görəcək. Xeyirli uğurlu olsun.

Çox sağ olun. Bu kitabı böyük sevgiylə hazırlamışam. Maraqlı kitab olacağına inanıram. Əlbəttə, son söz yenə də oxucularındır.

Oxucu demişkən. Mən də sizin oxucunuzam və şeirlərinizi çox bəyənirəm. Bəzən sizin şeirləri abstrakt rəsm əsərlərinə bənzədirəm. Orda görünən və görünməyənlər var. O görünməyənləri siz özünüz necə görürsünüz?

– Hamının görmədiyini mən də görmürəmsə, onda niyə yazıram, nəyi yazıram? Yazmaq, yaratmaq başqalarının görmədiklərini görüb çatdırmaqdır. Nə yaxşı ki, mənimlə bərabər onları görə bilən oxucular da var.

Yazılarınızda belə bir ifadəyə rast gəldim “Söz deyilən, yazı oxunan, kitab isə qalandır”. Rəfail müəllim, sözünüzün, yazdıqlarınızın və kitablarınızın yaddaşlarda qalacağına əminliklə sizə yeni yaradıcılıq uğurları arzu edirəm. Əminəm ki, bir gün Qarabağ dərdi kürəyinizə astaca toxunub deyəcək: Yaz! Yarat! Sevin! Qarabağ azaddır!

Çox sağ olun. Qarabağı azad görmək ən böyük arzumdur. Mən də sizə gizli ağrılardan uzaq, sevinc dolu əsərlər diləyirəm.

Bax beləcə söhbət edib ayrıldım Rəfail müəllimdən. Amma onun kitablarını oxuduqca, insan onun şeirlərindən, niskilindən, yaratdığı bəzən vahiməli, bəzən həzin, bəzən sevgi, bəzən ayrılıq, bəzən hicran, bəzən intizar dolu aləmdən ayrılmaq istəmir. Şairlərin sayının artdığı, ədəbiyyatda yeni adların çoxaldığı bir zamanda öz orijinallığı ilə diqqəti çəlb edən bir şairin olduqca təvəzökar şəkildə yazıb yaratması məncə, diqqəti çəlb etməyə bilməz.

Hamınıza bizimlə bərabər olduğunuz üçün təşəkkür edirəm və ümid edirəm ki, SƏMİMİ SÖHBƏT” rubrikamız davam edəcək. Təki ömür möhlət versin.

Qeyd:

2019-cu ilin oktyabırında “Səmimi söhbət”in ilk qonağı Rəfail Tağızadə olmuşdu.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

RƏFAİL TAĞIZADƏNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yazıçı Pərvanə Bayramqızının 3-cü kitabı çapdan çıxıb

Pərvanə BAYRAMQIZI – yazıçı, publisist.

Bu günlərdə yazıçı Pərvanə Bayramqızının “Karantin zədəsi” adlı 3-cü kitabı çapdan çıxıb.

         Müəllif Ana dilinin qorunması mövzusunda yazdığı məqalələri, tanınmış ziyalılardan götürdüyü müsahibələri və gündəmlə səsləşən: pandemiya, müharibə və ümumi mövzulu statuslar kimi qruplaşdırdığı yığcam fikirləri ilə özünəməxsus şəkildə oxucunu dialoqa cəlb edir. “Oxucu rəyləri” bölümündə pandemiya dövrünün izolyasiyasının insanlara göstərdiyi mənəvi-psixoloji təsir, karantin rejimində müəllifin fərdi yaşantıları əksini tapıb.

“Yeddi sual”, “Ağ divarda qara yazılar”, “Yoluxmayan xəstəlik”  və digər hekayələrdə virus təhlükəsiylə bir-birindən uzaqlaşan insanların faciəsindən, ömrünün son ayını karantinin bitəcəyini gözləyərək başa vuran qocanın həsrətindən, vaxtsız gələn sevgi və eləcə də sevənin üzüdönüklüyündən bəhs olunur.

Kitabın redaktoru yazıçı-publisist Vasif Sadıqlı, korrektoru isə şair Ramiz İsmayıldır.

Pərvanə Bayramqızını təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Pərvanə xanım!

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC ZİYADAR MÜKAFATIN TƏQDİM EDİR

ZAUR USTAC “ZİYADAR” MÜKAFATINI NAİBƏ YUSİFƏ TƏQDİM EDƏRKƏN (27.07.2021-BAKI.)

Bakı şəhərində yerləşən Azərkitab kitab təbliğatı mərkəzində Naibə Yusif yeni nəşr olunmuş “Gülün yarpıza dönsün” kitabına görə “Ziyadar” mükafatı ilə təltif olunub. Diplomu yazarlar adından “Yazarlar” jurnalının baş redaktoru şair-publisist Zaur Ustac müəllifə təqdim edib.

Müəllif: Yasəmən ATƏŞ

YASƏMƏN ATƏŞİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YADİGAR TƏVƏKGÜL ZİYADAR MÜKAFATINA LAYİQ GÖRÜLÜB

DİPLOMU DOĞRULAMA LİNGİ:>>> LAUREATLAR

Təqdimat SEDET ART  Bakuda olacaq  

Xanım Yadigar Təvəkgül “Bircə bəndlik darıxmaq” adlı kitabının ışıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatına layiq görülüb. Diplom sabah yəni 09. 08.2021-ci il tarixində kitabın təqdimatı zamanı laureata təqdim olunacaq. Tədbir 14:00 da “Sedet” art studiyada keçiriləcəkdir. Bu sətirləri oxuyan hər kəs dəvətlidir. Giriş sərbəst.

Təqdimat SEDET ART.  Bakuda olacaq.  


YADİGAR TƏVƏKGÜLÜN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sona Abbaseligızı: Azerbaycan’dan Türkiye açıklaması

SONA ABBASƏLİQIZI – YAZIÇI, PUBLİSİST.

Azerbaycan Olağanüstü Haller Bakanı Haydarov, Azerbaycanlı itfaiyeci ve kurtarma ekiplerinin, yangınlar tamamen söndürülene kadar Türk kardeşlerinin yanında olacağını söyledi.

Azerbaycan'dan Türkiye açıklaması

Azerbaycan Olağanüstü Haller Bakanı Kemaleddin Haydarov, Azerbaycanlı itfaiyeci ve kurtarma ekiplerinin, yangınlar tamamen söndürülene kadar Türk kardeşlerinin yanında olacağını söyledi.

Haydarov, yerel haber ajanslarından APA’ya yaptığı açıklamada, bakanlığa bağlı ekiplerin Türkiye’de yangınla mücadele çalışmalarını başarıyla sürdürdüğünü belirtti.

Türkiye’deki orman yangınlarındaki durumun Cumhurbaşkanı İlham Aliyev’in ilgi odağında olduğunu bildiren Haydarov, gelişmelerin günlük ve düzenli olarak cumhurbaşkanına rapor edildiğini, kendisinden kardeş ülkeyi desteklemek için düzenli olarak yeni talimatlar aldıklarını ifade etti.

Haydarov, kendisinin de gün içerisinde Türk hükümet yetkilileriyle durumu müzakere ettiğini ve buna uygun adımlar attıklarını belirterek, Türkiye’ye giden yardımcısı Etibar Mirzeyev’in yangının söndürülme sürecinin koordinasyonunda Türk yetkililerle birlikte çalıştığını kaydetti.

Azerbaycan Olağanüstü Haller Bakanlığına bağlı 510 personel, bir amfibi uçak, bir helikopter ve 93 itfaiye aracının Türkiye’deki yangın söndürme çalışmalarında yer aldığını belirten Haydarov, şunları söyledi:”Cumhurbaşkanı Aliyev’in talimatı üzerine 200 itfaiyeci daha Türkiye’ye gönderilecek. Biz bir millet iki devletiz. Hem devlet başkanlarımız hem de halklarımız her zaman bu düşünceye sadakatlerini gösterdi. Bugün de bu dostluk ve kardeşliğin en yüksek düzeyde olan bir örneğini daha görüyoruz.

Kardeş Türkiye’de yangınların kısa sürede söndürüleceğine inanıyoruz. Kardeşlerimiz, şimdiye kadarki tüm zorluklarda olduğu gibi bu sınavı da azim ve becerileriyle atlatacaktır. Azerbaycanlı itfaiyeciler ve kurtarma ekipleri, yangınlar tamamen söndürülene kadar Türk kardeşlerinin yanında olacak.” Sona Abbaseligızı: BAKÜ-KHA.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – İSTƏMƏZDİM ŞAİR OLUM HƏLƏ MƏN

ZAUR USTACIN KİTABLARI

“İSTƏMƏZDİM ŞAİR OLUM HƏLƏ MƏN”

Müəllif: Zaur Ustac


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru