Etiket arxivi: FOTO

NARGİSİN AD GÜNÜDÜR!

Nargis – Nərgiz İsmayılova, alim, yazar.

Bu gün Nargis xanımın ad günüdür! Ad günü münasibəti ilə
Nargis
xanımı təbrik edir, uzun və sağlıqlı bir ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!!!

QISA ARAYIŞ:

İsmayılova (Nargis) Nərgiz Rəfail qızı 1986-cı ildə mart ayının 12-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndində anadan olmuşdur.

1993-cü ildə Zaqatala rayonunda orta məktəbə, 1999-cu ildə Ordubad Türk liseyinə daxil olmuş və 2004-cü ildə həmin liseydən məzun olmuşdur.

2004-cü ildə Naxçıvan Dövlət Universitetində tələbə adı alaraq 2008-ci ildə həmin universitetin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olmuşdur.  

2009-cu ildə Gəncə Dövlət Universitetinə daxil olaraq 2012-ci ildə həmin universitetin “Xarici ölkələr ədəbiyyatı” ixtisasını magistr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Nargis Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin Ədəbiyyat və İncəsənət İnstitutu Ədəbiyyatşünaslıq Şöbəsində elmi işçi vəzifəsində çalışır.  2013-cü ildən isə həmin Bölmənin “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə dissertantıdır. “XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri” mövzusunda dissertasiya müdafiə edib? Filologiya üzrə fəlsəfə doktorudur.  “Şərq qapısı” qəzetində müxbir kimi fəaliyyət göstərir.

“Ədəbiyyat” qəzetinin köşə yazarıdır.

28 elmi, 200-dən çox qəzet məqaləsinin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Prezidenti  mükafatçısıdır. 2017-ci ildə Azərbaycan Yazıçılar Birliyinin və  “Ədəbiyyat qəzetinin” birgə təsis etdiyi Əli bəy Hüseynzadə mükafatı”na və Naxçıvan Muxtar Respublikasında “İlin yazıçısı”, “İlin jurnalisti” ünvanına layiq görülüb.

Nargis istər orta məktəb, istərsə də liseydə təhsil aldığı illərdə qələm hər zaman olunla olmuş duyğularını daima şerlər, denemələr, pritçalar, hekayələr halında ifadə etmişdir. Bu bağlılıq onu Naxçıvan Dövlət Universitetində ədəbiyyat üzrə ali təhsil Gəncə Dövlət Universitetində magistr təhsili almağa və Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Bölməsində ədəbiyyat üzrə elmi araşdırmalara qədər aparmışdır.

Nargisin son dövrlər yazdığı bir çox hekayələrdən ibarət “İçimdəki Merilin” kitabı 2015-cü ildə Bakı şəhərində “Qanun” nəşriyyatı tərəfindən nəşr olunmuş eyni zamanda Türkiyəli yazıçı Kahraman Tazeoğlunun “Seni içimden terk ediyorum” şeirlər və “Bukre” roman kitablarını şair Elxan Yurdoğlu ilə birlikdə Azərbaycan türkçəsinə tərcümə edilmişdir. 2015-ci ildə “İçimdeki Marilyn”  Minval yayınları tərəfindən nəşr edilmişdir.

2016-cı ildə “Xan” nəşriyyatı tərəfindən “Qardələn” kitabı işıq üzü görmüşdür.

2016-cı ildə “Əcəmi” nəşriyyatı tərəfindən “           Müqəddəs məkan Naxçıvan” kitabı yayımlanıb.

2017-ci ildə “Xan” nəşriyyatı tərəfindən Çağdaş ədəbiyyat silsiləsindən “Beklenen Dolunay” romanı işıq üzü görüb.

2016-ci ildə filologiya üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə edib.

Zaur Ustac Nargis xanımı təbrik edir. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.
Zaur Ustac Nargis xanıma “Ziyadar”ı təqdim edir. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.
Nargis xanım Zaur Ustac üçün “Metakədər” imzalayır. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.
Rəşad Məcid “Metakədər”ə göz atarkən. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.

QEYD:

Fotolar düz bir il əvvəl, pandemiya ilə əlaqədar məhdulaşdırıcı tədbirlər nəzərdə tutulmamış 12.03.2020. AYB – Natəvan zalında (Bakı ş.) Nargis xanımın “Metakədər” adlı kitabınının təqdimatı zamanı şəkilib.

Bir daha Nargis xanımı təbrik edir, uzun və sağlıqlı bir ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

SEYRAN SƏXAVƏT – 75

Seyran SƏXAVƏT – Xanlarov Seyran Əsgər oğlu

Seyran Səxavət – 75

Hörmətli Seyran müəllim!

Siz –  Seyran Səxavət (Xanlarov Seyran Əsgər oğlu ) 1946-cı il mart ayının 23-də Füzuli rayonunun (keçmiş Qarabulaq) Yağlıvənd kəndində anadan olmusunuz. 1962-ci ildə doğma kəndinizdə orta məktəbi başa vurandan sonra iki il X.B.Natavan adına Füzuli şəhər orta məktəbində direktorun köməkçisi vəzifəsində çalışmış, 1964-cü ildə uğurla imtahan verərək Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olunmuş, fars dili üzrə tərcüməçi ixtisasına yiyələnmisiniz. Sovet ordusunda xidmət keçdiyiniz illərdə (1970-1972) SSRİ Müdafiə Nazirliyinin tərcüməçisi kimi fars dili üzrə ixtisasınızı təcrübi olaraq daha da dərinləşdirmisiniz.

Sonrakı fəaliyyətinizin  əhəmiyyətli qismi Azərbaycan Yazıçılar Birliyinin mətbuat orqanlarında yaradıcı əməyinizlə bağlı olmuşdur. Siz 1973-cü ildən etibarən dövrün ən nüfuzlu nəşrlərindən olan “Ədəbiyyat və İncəsənət” qəzetində xüsusi müxbir, ədəbi işçi vəzifələrini tutmusunuz.

1974-1976-cı illərdə ixtisasınızla əlaqədar Sovet İttifaqından İran dövlətinə ezam olunmuş, orada iki il tərcüməçi kimi fəaliyyət göstərmisiniz. 1976-1981-ci illərdə “Ədəbiyyat və İncəsənət” qəzetində, 1981-1991-ci illərdə isə “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışmış, milli teatrlarımızın səhnə-tamaşa həyatının elmi-publisistik və sənədşünaslıq yönündən işıqlandırılmasında, Azərbaycan ədiblərinin nəsr əsərlərinin (hekayə, povest, roman) seçilib nəşrə hazırlnaması və geniş oxucu dairələrinə çatdırılmasında uzunmüddətli, ciddi əmək sərf etmisiniz.

1962-ci ildən, ömrünüzü  bədii yaradıcılığa həsr edərək yaratdığınız hekayə, povest, romanlarınızla, bədii-publisistik əsərlərinizlə Azərbaycan ədəbiyyatını zənginləşdirmiş, hər kəs tərəfindən etiraf olunan istedadlı bir yazıçı kimi Azərbaycan və dünya oxucularının rəğbətini qazanmısınız.

Hörmətli Seyran müəllim!

Siz bədii yaradıcılığa ötən əsrin 60-cı illərinin lap əvvəllərində başlamış, 1962-ci ildə Füzuli rayonunda çıxan “Qızıl Araz” qəzetində ”İki arzu” adlı ilk şeirinizi çap etdirmisiniz. Poetik axtarışlarınızın yekunu kimi meydana çıxan, özündən əvvəlki poeziya örnəklərindən və həmyaşıd qələm dostlarınızın yazdıqlarından tamamilə fərqlənən novator şeirləriniz dillər əzbəri olmuş, Azərbaycan gəncliyinin ən ülvi hisslərini ifadə etmişdir. 1970-ci ildə ilk şeir kitabınız – “Adalar”, 1977-ci ildə yenə poetik axtarışlarından ibarət “Mənim planetim” kitabınız çap olunmuş, şeirlərinizin böyük qismi “Seçilməmiş əsərlər” çoxcildliyinizin ilk cildində yer almışdır.

İran dövlətində ( indiki İran İslam Respublikası) tərcüməçi işləyərkən qələmə aldığınız ilk hekayəniz – “Hamı elə bilirdi” adlı əsəriniz 1976-cı ildə “Ədəbiyyat və İncəsənət” qəzetində çap olunmuş, bununla da sizin yaradıcılığınızın, həm də müasir Azərbaycan nəsrinin yeni bir səhifəsi açılmışdır.

Müxtəlif illərdə işıq üzü görən nəsr əsərlərindən ibarət (hekayə, povest, roman) kitablarınız: “Hamı elə bilirdi” (1982), “Daş evlər” (1985, təkrar işlənmiş nəşr – 1989), “Bozoqo ajıra telekey” (“Qapıların o üzündə qalan dünya” – Dağlıq Altay, 1985), “Dar köynək” (1987), “Qızıl teşt” (1999), “Ptityajenie” (Cazibə”, Moskva, 1990), “Nekroloq” (2003), “Palıd toxumu” (2003), “Yüz ilin kişisi” (2005), “Krepkoe semya” (“Palıd toxumu” Moskva, 2007), “Yahudi əlifbası” (2009), “Bəhanə” ( 2009), “Qaçhaqaç” (I kitab, 2010, II kitab 2017 ), “Seçilməmiş əsərlər” (I-II cildlər, 2015), “Kenquru” (2019)  ibarət kitablarınız həm  istedadlı, orijinal və məhsuldar bir yazıçı olaraq sizin, həm də 50-60 ildə yaradılan müasir Azərbaycan nəsrinin bədii-fəlsəfi tutumunu əks etdirməkdədir.

Sizin şeirləriniz və nəsr əsərləriniz dünyanın bir çox dillərinə – türk, əfqan, ingilis, fransız, alman, ispan, rus, fars, ərəb, ukrayna, gürcü, erməni, tacik, qırğız, moldova, altay və sair çevrilmişdir. Keçmiş SSRİ-nin, indiki Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində işıq üzü görən nəsr əsərlərinizdən ibarət kitabınız 100 min tirajla  yayılmışdır.

Həm poetik, həm nəsr əsərlərinizdəki orijinallıq, misilsiz milli kolorit, bədii düşüncənin özünəməxsus ifadə tərzi, dərin və mənalı yumor elementləri, unikal şair-yazıçı yaddaşı, nəsrlə şeirin təbii və mütəhərrik sintezi ciddi oxucu marağı doğurur. Sizin əsərlərinizdə milli və bəşəri, fərdi və ümumi çulğaşaraq təbiətin, insan mənəviyyatının, ümumən cəmiyyətin mükəmməl panoramını yaradır, adamları düzgün, cəsarətli, mərd, səxavətli, öz kökünə, millətinə, dövlətinə ən əsası özünün öz mənliyinə bağlı yaşamağa dəvət və təhrik edir.

Hörmətli Seyran müəllim!

Siz həm də ədəbiyyat və incəsənəti sevərlər arasında ən insani duyğuları, ən sərt həqiqətləri ifadə etməyə qadir bir dramaturq kimi tanınırsınız. “Qızıl teşt” (1988), “Büst” (1989), “Qapıların o üzündə qalan dünya” (1990) pyesləriniz, Azərbaycan  Akademik Milli Dram Teatrı başda olmaqla Respublikamızın bir çox peşəkar teatr kollektivlərində tamaşaya qoyulmuş, izləyicilər tərəfindən hərarət və dərin estetik təəssüratla qarşılanmışdır. Bununla yanaşı, dramatik əsərləriniz əsasında bir çox televiziya tamaşaları hazırlanmış, radio pyesləriniz səsləndirilmişdir.

Hörmətli Seyran müəllim!

Sizin bədii publisistika və bədii tərcümə sahəsində xidmətləriniz də oxucuların yaddaşında dərin izlər buraxmışdır. Siz Azərbaycanın xalq artisti, ilahi qüdrətdən gələn bir səslə Azərbaycan muğamlarını və xalq mahnılarını ifa edən xanəndə Qədir Rüstəmovla “Atüstü söhbət” əsəriniz ədəbi müsahibə janrına yeni nəfəs vermişdir. Məhz  janrdan novator istifadə məharəti sonralar sizə bədii-publisistik üslubda “Palıd toxumu”, “Bəhanə” kimi iri həcmli romanlarınız, “Kasib” başlıqlı satira və yumor silsiləsini yaratmağa imkan vermişdir.

Siz dünya ədəbiyyatından bir qism örnəkləri, o cümlədən Azərbaycanın dostu, “Drujba narodov” jurnalının baş redaktoru A. Ebonoidzenin “İki ay kənddə və ya imeretsayağı evlənmə” romanını doğma dilimizə çevirmisiniz.

Hörmətli Seyran müəllim!

Siz istedadlı Azərbaycan ədibi olaraq həm respublikada, həm də dünya səviyyəsində bir çox dövlətlərdə (Fransa, ABŞ, İngiltərə, İran, Türkiyə, İtaliya, İspaniya…) ölkəmizi təmsil etmiş, konfrans və simpoziomlara qatılmısınız. Müstəqillik illərində kütləvi informasiya vasitələrinə verdiyiniz beş mindən artıq intervünüzlə Azərbaycan həqiqətlərinin carçısı rolunda çıxış etmisiniz.

75 yaş ömrün müdrik çağıdır. Siz yaşınızın bütün mərhələlərində Azərbaycanda təzahür edən ictimai, mədəni, ədəbi proseslərə həssas yanaşmış, gənc yazarlara kömək məqsədi ilə ədəbi birliklərə rəhbərlik etmiş, ölkəmizin həyatında baş verən önəmli hadisələrə kreativ şəkildə – yazılı və internet mətbuat məkanında mövqeyinizi bildirmisiniz. Hazırda ustad ədib olaraq AYB-də çalışırsınız; “Azərbaycan” jurnalı redaksiya heyətinin üzvüsünüz. Yaradıcı əməyiniz yüksək qiymətləndirilmişdir; 2002-ci ilin ədəbi yekunlarına görə “Nekroloq” romanınız AYB-nin Yusif Səmədoğlu adına “İlin ən yaxşı romanı” mükafatına layiq görülmüşdür.

Hörmətli Seyran müəllim!

Əsərləriniz, ədəbi tərcümeyi-halınız deməyə əsas verir ki, sizin yaradıcılığınız müasir Azərbaycan ədəbiyyatının ən dəyərli fəsillərindən biridir. Sizi ədədəbiyyat biliciləri, qələm dostlarınız, Azərbaycan oxucusu yüksək qiymətləndirir. Sizə bundan sonra da ilhamlı yaradıcılıq ovqatı, dəyərli əsərlər, möhkəm can sağlığı, ailə xoşbəxtliyi arzulayırıq. 75 yaşınız mübarək olsun!

Azərbaycan Yazıçılar Birliyi

Seyran SƏXAVƏT AYB-də.

Seyran müəllimin adından başda Anar müəllim olmaqla dəyərli AYB heyətinə və bütün əməyi keçənlərə təşəkkürümüzü bildiririk. YAZARLAR cameəsi olaraq yubiliyarı bir daha təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!!!



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – RÖVŞƏN ABDULLAOĞLU KİMDİR?

Zaur Ustac – şair – publisist.

YEDDINCI  YAZI

Düzü Rövşən müəllimlə şəxsi tanışlığım yoxdur. Ona görə də təbii olaraq bütün bu yazıda  yazdıqlarım onun mənə məlum olan yaradıcılığına əsaslanır. Yəni, oxumuş olduğum kitablarından gəldiyim qənaət və nəticənin məhsuludur.

  Bu  müəlliflə mənim ilk tanışlığım şəhərimizin kitab dükanlarının birindən üzərinə “ARİFLƏRİN İRFANİ MƏQAMLARI” yazılmış kitabı almaqla başladı. “Ariflərin irfani məqamları” kitabı, böyük alim Şeyx Əbu Əli İbn Sinanın məşhur “İŞARAT  VƏ TƏNBİHAT” adlı əsərinin doqquzuncu bölməsinin tərcümə və ona verilən şərhindən ibarətdir. Nəzərinizə çatdırım ki, kitabı tərcümə edən və şərhlərin müəllifi Rövşən Abdullaoğlu idi. Beləcə bizim tanışlığımız başladı. Bu kitabın dili və şərhlər diqqətmi necə cəlb etdisə, heç o kitabı tamam-kamal bitirməmiş yenidən həmin dükana yollandım ki, müəllifin öz kitablarından bəlkə, nəsə tapa bildim. Ancaq, həmin dükanda tapa bilməsəm də satıcıdan öyrəndim ki, bəli, müəllifin öz kitabları da var. Bir, iki, üç növbəti dükanların birində Rövşən Abdullaoğlunun psixoloji kitablar silsiləsindən olan “HƏR BİR İNSAN HÖKMDARDIR” kitabını gördüm və həmən aldım. Kitabı həmin gün oxudum. Burada onu qeyd edim ki, bu hadisələr 2013-cü ilin təxminən yay-payız aylarında baş verib. Düzü kitab qismən mənə indiyə qədər bu mövzuda oxuduğum çoxlu sayda əsasən xarici motivasiya ədəbiyyatına daxil olan nümunələri xatırlatdı.  Bunula belə, kitabda nəsə bir fərqlilik, bəlkə şərqlilik deyərdim, ən əsası doğmalıq, ruhumuza yaxınlıq, bizə aid özünəməxsusluq hiss etdim. Qənatə gəldim ki, bu kitab müəllif haqqında heç nə demədi, sadəcə bir ipucu verdi. Ertəsi gün müəllifin yenə psixologiya və motivasiya kitabları silsiləsindən olan “ARXADAKI  KÖRPÜLƏRİ  YANDIRIN”  kitabını alıb oxudum. Təkrarçılıq etmək istəmirəm, ancaq onu qeyd etməliyəm ki, bu kitab da tam mən istəyəni vermədi.

Yəni bütün motivasiya ədəbiyyat nümunələrində eyni məqsəd, eyni yol (istər xarici, istərsə də bizim müəlliflər) dəyişik sözlər. Sonra müəllifin kitablarını gördükcə, adını eşitdikcə alıb oxuyur, elə bil, nəsə axtarırdım.  Bilirəm ki, axtardığım kitab yazılıb, var, ancaq, mən tapa bilmirəm….

 Bu fikr, əminlik  məndə kitabdan – kitaba hiss etdiyim dəyişiklik, sanki, müəllifin standart, şablon fikirlərdən  sıyrıldığını, özünəməxsus bir metodla təlqinə keçdiyini gördüyümdən, duyduğumdan yaranmışdı.

  Nəhayət, bir gün sosial şəbəkələrdə  müəllifin yeni  kitabını gördüm, artıq  tarix 2015 göstərirdi. RÖVŞƏN ABDULLAOĞLU  “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” psixoloji roman – yeni söz, yeni səs…. Kitabı yəqin ki, çoxunuz oxumusuz çünki, bunun özü də tam məntiqidir. Dəyərli oxucum, əgər Siz maraq göstərib, bu kiçik yazını oxuyursuzsa, mütləq haqqında danışdığımız o kitabı da oxumusuz. Yox əgər oxumamısizsa, deməli ya hələ belə bir kitab haqqında eşitməmisiz, ya da vaxtınız  olmayıb.

Çox xırdaçılığa getmədən, adi – orta məlumatlılıq səviyəsində  onu qeyd etmək istəyirəm ki, psixologiya bütün insanları onların mənliyindən irəli gələn hərəkət və davranışlarına görə dörd əsas qrupa bölür. Rövşən Abdullaoğlu bu romanda məhz bu qrupların birinə aid olan insanın elə ümumiləşdirilmiş surətini yaratmışdır ki, bu günə qədər Psixologiya elminin yazdığı, göstərdiyi hamısı artıqlaması ilə bu surətdə cəmlənmişdir. Qəhrəmanın surəti lap körpəlikdən yetkin yaşa qədər gözümüzün qarşısında  bizə göstərmək istədiyi tipindən irəli gələn xarakter və xüsusiyyətlərini elə çılpaq, həyatda olduğu kimi göstərir ki, bu barədə sadəcə MÜKKƏMMƏL!!!! – deyib kifayətlənməkdən  başqa yolumuz qalmır. Müəllifin olduqca çox böyük təvəzökarlıqla sadəcə psixoloji roman adlandırdığı bu kitab, birinci növbədə məlumatlı olub, özünü qəhrəmanın aid olduğu tipdən hesab edən hər bir şəxsin stolüstü kitabı, ikinci – indi özünüöyrətmənin geniş yayıldığı bir zamanda  melanxoliyadan əziyyət çəkdiyini zənn edən hər bir pasientin  hər zaman yanında olan psixoloqu, gələcəkdə yaxşı psixoloq olmaq istəyən, bu istiqamətdə təhsil alan hər bir tələbənin mütləq oxumalı, incələməli olduğu (konkret tip üzrə səbəbi, müalicəni və nəticəni özündə ehtiva edən) əlavə dərs vəsaiti kimi çox qiymətli və əvəzolunmazdır. Ən azından  hələlik ortalıqda analoqu yoxdur. Əgər, bu kitabdan sonra Rövşən Abdullaoğlu heç nə yazmasa da “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” – müəllifin sözünü, səsini bizə tam çatdırdı. Rövşən Abdullaoğlu, sadəcə kitab olsun, az-çox pul gəlsin deyə, Cenqo ordan getdi, Manqo burdan gəldi, qızın yerə düşmüş yaylığının parçasını tapıb, ordan onun ətrini alıb, gedib qızın əvəzinə Toplanı tapıb, sonra yenə onu axtaranlar, nə bilim, min cür cəfəngiyat uydurub millətin pulunu yeyib, beynini korlayanlardan deyil. Tam fərqli, özünəməxsus  yolu olan, hərtərəfli məlumatlı (istər dini, istər dünyəvi, həm şərqdən, həm qərbdən)  bir yazardır. Rövşən Abdullaoğlunun kitabları sadəcə vaxt öldürmək, gün keçirmək üçün deyil, əksinə həyatın gözəlliyinə vurulmaq, yeni bir dünya qzanmaq üçün vacib vasitədir.

Rövşən Abdullaoğlu – yazar, psixoloq, tərcüməçi, səyyah.

Müəllifə Uca Yaradandan can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Eyni zamanda daimi oxucu olaraq, ən azından “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” –dan sonra, Ümumi Psixologiyanın göstərdiyi qalan üç tip insanlara da aid üç yeni psixoloji roman gözləyirik. Axı dünya təkcə melanxoliqlərdən ibarət deyil???

17.10.2016.   Bakı.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” kitablarında yeddinci yazı yazı kimi müstəqil məqalə şəklində yer almışdır.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ELNUR QƏRARİ

Elnur QƏRARİ – şair.

Elnur QƏRARİ

Bu gün gözəl insan, sadiq dost, hər sözündən, kəlməsindən Qarabağ, Ağdam, yurd həsrəti boylanan vətənpərvər şair Elnur Qərarinin ad günüdür!!! Bu gözəl gün münasibəti ilə şairi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun!!!



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

CƏVAHİR TANRIVERDİ – ŞEİRLƏR

Cəvahir Tanrıverdi – şair, pedaqoq.

SÖZ İNCİSİ – LƏL-CƏVAHİRAT

QAZAXDADIR

Yenə ayaq basam o doğma elə,
Könlümü titrədən söz Qazaxdadır.
Xəyalım toxunur torpağa, yerə,
O isti ocağın, döz, Qazaxdadır.

Ürəyin qocalmaz bu yerdə sənin,
Sazın sədaları öldürər qəmi.
Şeirə çevrilər gözünün nəmi,
Sözü alışdıran köz Qazaxdadır.

Tarixin türk yurdu, qıpçaqlar eli,
Tarixdən söz salar Damcılı yeri.
Könül ülfətindən yaranan şeir,
Qələmin çəkdiyi naz Qazaxdadır.

Elmin yolu haqdır bu yerlər üçün,
Cehizi təhsildir köçən gəlinçün.
Tanrı ilham verib bu ellər üçün,
Hər sözə qafiyə söz Qazaxdadır.
Aprel, 2019.

* * *

BU TORPAQ SƏNİNDİR!

Bu torpaq sənindir, burda babanın
Zəhmətlə tökdüyü alın təri var.
Burda şir ürəkli nər oğulların
Şanlı döyüşlərdə axan qanı var.

Bu torpaq sənindir, burda ananın
Laylasından doğan həyat ritmi var.
Süfrəyə qoyduğu nazı-neməti,
İsti çörəyinin sevgi ətri var.

Bu torpaq sənindir, burda övladın
Daşı daş üstünə qoymağı gərək.
Babalarımızdan qalan mirası
Göz bəbəyi kimi qorumaq gərək.

Torpaq qürurundur, torpaq mənliyin,
Namusun, qeyrətin, heysiyyətindir.
Başını dik saxla, fəxrlə söylə:
“Bu torpaq mənimdir, bu el mənimdir!”

* * *

ÜÇRƏNGLİ BAYRAĞIM, ZƏFƏR BİZİMDİR!

Üçrəngli bayrağım, zəfər bizimdir!
Dalğalan, bələnsin dünya rənginə.
Hər ocaq başında yer alıb bu gün
Vətəni salmısan öz ahənginə.

Ey qürur mənbəyim, ey uca bayraq,
Qarabağ yolunu gözləyir sənin.
Dalğalandıqca sən yad gözü qorxar,
Bu torpaq zəfərlə süsləyir səni.

Xəzərdən Şuşaya, Kəlbəcərədək
Bu vətən bayraqdan bir don geyinsin.
Səndəki ulduzdan, Aydan nur alıb
Göydəki Ay , ulduz nura bələnsin.

Səni sancmaq üçün bu gün Şuşada
Ərənlər döyüşdə yarışa girib.
Dalğalan, dalğalan sən Qarabağda!
Sevin, ulu torpaq, bayrağın gəlir.

Gör necə bayrağı basıb köksünə
Bir körpə uşaq da qəlbinə sıxıb.
Bir həkim, müəllim şanlı əsgər tək
Bayrağı fərəhlə göyə qaldırıb.

Bayraq dalğalanır, qanadlanırıq
Yaşıl çəmənindən mavi səmaya.
Döyünən ürəkdir bayraqda al rəng,
Köksündə yer açıb ulduza, Aya.

Bu xalqın nəfəsi yaşadar səni,
Qırılmaz əzmlə ucalan bayraq!
Yaşa, bu torpağın köksündə yaşa,
Üstünə kimliyim yazılan bayraq!

Ey uca bayrağım, Qarabağda dur,
Qoy kölgən Xəzərin üstünə düşsün.
Sənin əzəmətin, sənin vüqarın
Bütün yer üzündə aydın görünsün!

Bayrağım, torpağım- and yerim mənim,
Şərəflə, fərəhlə yaşa hər zaman!
Bayrağın köksündə vuran ürəyim,
Şanım-şöhrətimsən, Can Azərbaycan!
2 oktyabr, 2020.

* * *

ADIN – TURAN

-Ey türk qızı, adın nədir,

Türk soyunun gözəli?

-Ey türk oğlu, adın nədir,

İgidliyin əzəli?

Eşidirsən diləyatmaz,

qəlbəyatmaz ad bəzən.

Avropasayağı sözlə övladına ad bəzə.

İzabella qoyur ana ad qızına filmdən,

Bir atanın diləuymaz ad səslənir dilindən.

Nə mənşəyi məlum olur,

Nə mənasın qanırsan.

Ey türk, söylə,

Adın nədir? Sən belə adlanırsan?

Mənsə susub dayanıram,

İçimdən hayqırır səs:

Ey türk qızı, sənin adın –

Bəy qadını Bəyimdir.

Sənin adın baxışından, duruşundan

Xanımlığı sezilən

Xan qadını Xanımdır,

Sənin adın Xatındır.

Sənin adın zəriflikdir, incəlikdir – İncidir.

Məğrurluğun, gözəlliyin,

Dəyanətin incidir.

Sənin adın Sevil, Sevinc,

Nurlandıran Şəfəqdir.

Səslənəndə güllər açıb göz oxşayan Çiçəkdir.

Sənin adın Burlaxatun,

Sənin adın Ayxatun.

Bu dünyaya həyat verən

Sənin Turan adındır.

Sənin adın türkçülüyün,

Yaddaşındır, yadındır.

Ey türk oğlu,

Böyük bəysən –

Sən qəhrəman Babəksən.

Sən igidsən, sən qorxmazsan,

Alp ərənsən – Alpərsən.

Sənin adın böyük qurddur –

Yol göstərən Aqşindir.

Qüdrətilə el içində

Ad qazanan Elçindir.

Qədim türkün yurd saldığı

Turan eli – Elturan.

Bir dünya yaranışıdır

Sənin adında duran.

Sən bu yurdun o tayında, bu tayında yanansan.

İki könül arzusunu birləşdirən Arazsan.

Rusun, farsın söz aldığı

Bir kitabdır türk dili.

Adından da, dadından da

Bəhrələnib yaddelli.

Rusların “geroy” dediyi

Sənin Gəray adındır.

Övladına ad qoyduğu Teymur –

Sənin adındır.

Sənin adında səslənir necə böyük mənalar :

Dəmir kimi möhkəmliyin,

Şahin tək ucalığın,

Dəniz kimi coşğunluğun,

Qoç kimi qoçaqlığın.

Aliliyin, məğrurluğun

Müdrikliyə yol alan

Sənin aqil düşüncəndir

Yüksəklən qocalığın.

Türkün sözündən qor alıb

Dünyanın söz ocağı.

Sevgi dolu beşik olub

Ulu türkün qucağı.

Adına dön, oduna dön,

Bozqurda dön, türk oğlu.

Ruhunda salınsın gərək

Şanlı ulu türk yolu.

Müəllif: Cəvahir TANRIVERDİ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

“YAZARLAR” JURNALININ MART SAYI İŞIQ ÜZÜ GÖRÜB – YAZARLAR

YAZARLAR JURNALININ MART SAYI

JURNALIN BU SAYI DƏDƏ ƏLƏSGƏRƏ HƏSR OLUNUB

BU  SAYDA YER  ALAN  YAZARLAR:

Azərbaycan Respublikası Prezidentinin  

                Sərəncamı      – 3

Zaur Ustac -6.                            Adil Cəfakeş – 18

Mövlud Ağamməd  -20             Təvəkkül Goruslu – 22

 Mayıl Dostu –  24                   Sona Abbasəliqızı  – 28

 Tuncay Şəhrili-31                      Təranə Arifqızı – 33

Jurnal sosial-ictimai yönümlü “TƏRƏFSİZ ƏDƏBİYYAT TARİXDİR!” layihəsi çərçivəsində ödənişsiz əsaslarla nəşr olunur. Qiyməti: Pulsuz

 ∑ = 36 səh.                Çapa imzalanıb: 05.03.2021.

YAZARLAR JURNALININ MART NÖMRƏSİ

YAZARLAR JURNALININ MART SAYI PDF:

Baş redaktor: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

TALEH XƏLİLOV – GƏNC TƏDQİQATÇININ İLK ƏSƏRİ

Oğuzhan Uzarın kitabı.

GƏNC TƏDQİQATÇININ İLK ƏSƏRİ

Özünəməxsus sənət yolu keçmiş Hüseyn Cavid əsərlərində daim həyati problemləri, insan talelərini, milli və bəşəri məsələləri əks etdirmişdir. O, əsərlərində xalqa və vətənə olan sədaqət hisslərini ifadə etmişdir. Cavid ziddiyyətli bir zamanda daha çox Şərq tarixinə müraciət etmiş və yeni milli obrazlar yaratmışdır.

Maarifpərvər ziyalı hər zaman yaradıcılığında milli, tarixi, pedaqoji və siyasi dəyərləri sistemli şəkildə əks etdirmişdir. Mütəfəkkirin həyat və yaradıcılığının hələ sağlığından öyrənilməsinə baxmayaraq, onun məfkurəsi, ictimai-siyasi və pedaqoji ideyaları günümüz üçün aktuallığını itirməmişdir. Onun yaradıcılığının milli müstəqillik kontekstində daim araşdırılmasına və yeni-yeni tədqiqat əsərlərinin yazılmasına ehtiyac yaranmışdır. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin doktorantı Oğuzhan Uzarın türk dilində yazdığı “Hüseyn Cavidin türkçülük, turançılıq və siyasi-hüquqi baxışları” adlı monoqrafiyası da çox aktualdır.

Oğuzhan Uzar “Hüseyn Cavidin türkçülük, turançılıq və siyasi-hüquqi baxışları” adlı monoqrafiyasında mündəricat üzrə nəzərdə tutulmuş türkçülük, turançılıq, siyasət və hüquq anlayışlarını, onların mahiyyətini, məzmununu və prinsiplərini metodiki baxımdan düzgün təhlil etmişdir.

Elmi redaktoru hüquq üzrə fəlsəfə doktoru, dosent Qəhrəman Behbudov, rəyçiləri isə fəlsəfə üzrə elmlər doktoru, professor Qərib Allahverdiyev və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Abbas Əhmədov olan monoqrafiya Naxçıvan şəhərində “Əcəmi” nəşriyyatında çap olunmuşdur.

Giriş, iki fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan 97 səhifəlik monoqrafiya elmi-pedaqoji baxımından düzgün işlənmişdir.

Monoqrafiyanın “Hüseyn Cavidin siyasi-hüquqi ideyalarının formalaşması” adlı  I fəslində XIX əsrin sonu XX əsrin əvvəllərində siyasi-hüquqi ideologiyanın istiqamətlərinin xarekteristikası öyrənilmiş, Hüseyn Cavidin siyasi-hüquqi görüşlərinin formalaşmasına təsir göstərən mühüm faktorlar araşdırılmış və Hüseyn Cavidin siyasi-hüquqi görüşlərinin formalaşmasına təsir göstərən mütəfəkkirlərin fikirləri tədqiqə cəlb olunmuşdur.

Monoqrafiyanın II fəsli “Hüseyn Cavidin siyasi idealı, dövlət və dövlətin formaları haqqında ideyaların təkamülü” adlanır. Bu fəsildə isə Hüseyn Cavidin siyasi-hüquqi baxışlarının formalaşmasının ilkin dövrü tədqiq edilmiş, Hüseyn Cavidin siyasi-hüquqi baxışlarının formalaşmasının ideya mənbələri araşdırılmış Hüseyn Cavidin siyasi-hüquqi ideyalarının inkişaf istiqamətləri tədqiq olunmuş, Hüseyn Cavid və yaradıcılığına siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin rolu öyrənilmişdir.

Monoqrafiyanın “Nəticə” hissəsində tədqiqata yekun vurulmuş, məqsəd və vəzifələrin yerinə yetirilməsi haqqında ümumiləşdirici məlumatlar verilmiş və tədqiqatın əsas yekunları müddəalar şəklində sadalanmışdır.

“İstifadə edilmiş ədəbiyyat” hissəsində isə monoqrafiyanın yazılmasında istifadə olunmuş mənbələr göstərilmişdir. Müəllifin problemlə bağlı elmi ədəbiyyatla, və dövrü mətbuat kolleksiyaları ilə tanışlığı da xüsusi qeyd olunmalıdır.

Oğuzhan Uzar “Hüseyn Cavidin türkçülük, turançılıq və siyasi-hüquqi baxışları” adlı monoqrafiyasında bəhs etdiyi məsələni diqqətlə öyrənmiş və təhlil etmişdir. Müəllifin problemə baxışı, yanaşması, tədqiqi tam sistemli və yenidir.

      TALEH XƏLİLOV

Naxçıvan Dövlət Universitetinin dosenti,

       pedaqogika üzrə fəlsəfə doktoru


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ŞAİRİN PLAN DƏFTƏRİ

Zaur Ustac, 1989, Ağdam. Fotoqraf: Tahir.

Xüsusi Proqramlı Yusifcanlı İbtidai Məktəbinin planı (Yanvar – 1993, Ağdam rayonu, Yusifcanlı kəndi.) PLAN PDF:


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

UŞAQ ƏDƏBİYYATININ BİLİCİLƏRİ – FOTO

Füzuli Əsgərli, Ayətxan Ziyad (İsgəndərov), Zahid Xəlil.

Uşaq ədəbiyyatı biliciləri: Sağdan, ədəbiyyatşünas-tənqidçi Füzuli Əsgərli, yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyad (İsgəndərov), uşaq yazıçısı, ədəbiyyatşünas, professor Zahid Xəlil.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHNAZ ŞAHİN – ÇƏRÇİVƏ

Şahnaz Şahin – yazar.

ÇƏRÇİVƏ

Esse

    Əvvəlcə sözün hərfi mənasını deyim, çərçivə fars sözü olub, “çəhar çübe”, yəni dörd ağac deməkdir. Dilimizdə bu sözlə bağlı çoxlu sayda ifadələr işlənir, çərçivəli, çərçivəyə salmaq, çərçivəyə sığmamaq, çərçivədən çıxmaq və s. Çərçivənin məişət mənası da var ki, bu gün mən ondan danışmayacam, sterotiplər, ondan qaçış barədə düşünəcəyik.

  Bir vaxt fantastik nəhəng hesab etdiyimiz dünya indi “ovcumuzun içindədi”. Dünyanın o başında baş verənlər uzağı bir neçə saata, dəqiqəyə bizə gəlib çatır, məlumat almaq üçün uzman internet şəbəkəsi var, real səyahət etmək imkanın yoxdursa virtual dolana bilərsən dünyanı. Xalqlar, din və inanclar, adət və ənənələr və s öyrənmək də su içimi. Amma bu dediklərim nəinki bir ölkədə, hətta ölkəiçi fərqli qaydalarda tənzimlənir. Amma bir məsələ var ki, bu və ya başqa formada demək olar hər yerdə nəzərə alınır, bu da ÇƏRÇİVƏdir!

      İndi dünyanı dolanan “koronavirus” bəlası yoluxmanın qarşısını almaq, insanların həyatını qorumaq üçün bir çox ölkələri həm daxili, həm də ölkələrarası çərçivələr yaratmağa məcbur etdi. Sərhədlər bağlandı, gediş-gəliş kəsildi, insanlara küçəyə çıxarkən maska taxıb əlcək geyinmək, sosial məsafə saxlamaq məcburi sayıldı,  hətta müyyən müddət evdən çıxmamaq qadağası, tibbi-gigiyenik qaydalara ciddi əməl edilməsi belə qanunla müəyyənləşdi. Düzdür bu müvəqqətidir, keçicidir, amma Çərçivədir, məcburi qəlibdir deyə ruhun etirazına səbəb olur.  Axı bir çox şeylərin qədrini insan onu itirəndə anlayır…

    Azərbaycanda çərçivə deyəndə ağıla ilk gələn cəmiyyət arasında ədəb-ərkən qaydaları, müxtəlif olar-olmazlar, hətta qadağalar olur. Yəni insan istər istəməz özü üçün bir çərçivə yonmağa, bütövlükdə münasibət qaydalarını tənzimləməyə məcburdu. Deməli çərçivə həm də insanın daim can atdığı azadlığın da nisbi olmasını göstərir bir növ.. Yadıma lap aşağı siniflərdə müəllimin uşaqlara verdiyi bir tapşırıq düşdü, uşaqlar heç kəsin olmadığı bir məkan tapıb orda bu tapşırığı etməliydi. Sabahı gün nəticələr soruşulanda tək bircə məktəbli utana-utana tapşırığı yerinə yetirmədiyini bildirmiş, buna səbəb kimi isə hər yerdə Tanrının onu gördüyünü göstərmişdi!..

   Deməli əlahəzrət azadlıq heç özü də azad deyilmiş, azad buraxanda anarxiya yaradırmış, problemlərə yol açırmış…

    İnsan təbiət mənzərəsinə elə təbiətin içindən baxırsa bir, pəncərədən baxırsa başqa səhnə görəcək., bu ikincisi çərçivədi. Rəssamın kətan üzərinə köçürdüyü bütöv yox, yarımdı, yəni çərçivədə gördüyüdü. Sözünü, deyəcəklərini həmişə ölçüb biçənlər çərçivədə olanlardır, əlbəttə yaxşı mənada! Olduğu kimi görünmək, ya da göründüyü kimi olmaq da çərçivədən çıxmaq deyil. Amma sındırılası, məhv ediləsi o qədər çərçivələr var ki!

      Amma çərçivə də var çərçivə.. Əgər çərçivə həm də nizam-intizamdısa, münasibətlərdə əndazə gözləməkdisə, kimisə incitməkdən, həsəddən, paxıllıqdan, pislik etməkdən çəkinməkdisə, bunun nəyi pisdi ki… Xəstə adama təyin edilən pəhriz də, ürəyi xəstə olana fiziki hərəkətin məhdudlaşdırılması da çərçivədi, amma bezdirici, yorucu… Necə ki, mənim film qəhrəmanım da bir gün bezərək ona təyin edilmiş çərçivələri qırıb tökdü, xəstə ürəyilə başqa cür rəftar etməyə qərar verdi, bütün “olmaz”ları “olar”a çevirmək üçün son addımı atdı…

       …İnsan yaranışdan azadlığa, dincliyə təşnədi, açıq səmada uçan, istədiyi yerdə yuva quran quşlara, çiçəkdən çiçəyə qonan arılara, zəhmətkeş qarışqalara həsəd aparıb həmişə. Amma o quşların da, arıların da, qarışqaların da, elə yüzlərlə, minlərlə digər yaradılmışların da əminəm ki, həyatı hansısa bir ilahi çərçivəyə sığır…

   Dünyaya gəlişimizlə gedişimiz arasındakı məsafə bircə andır ki, bunu söz adamları bir sözlük, rəssamlar bir fırçalıq, riyazıyyatçılar bir rəqəmlik, bəstəkarlar isə bircə notluq məsafə adlandırırlar.  Olum və ölüm fəlsəfəsi bəlli olandan ta bu günə kimi düşündürür insanı. Yaşının, düşüncəsinin bir həddinə çatanda insan da  hələ dünyaya gəlməzdən öncə ilahi qəlibə, çərçiyəyə salındığını və bundan kənara çıxa bilməyəcəyini anlayır…

 Bundan əlavə hər insanın öz çərçivələri də var ki, bunu digərlərinə qarşı istifadə edir. M.Fizuliyə görə hər kəsdə bir ölçü var və bu ölçüyə görə yanlış və doğru tərəflər ortaya çıxar.

 Ruhən azad olan insan çərçivələrə də çığmır, bir yol tapıb onları qırmağa, sındırıb atmağa çalışır…

…Bizi dünyanın o dar çərçivəsindən çıxarır,

Dəli xallardakı hönkürtüyüə dalmaqla Segah…(B.Vahabzadə)

Asılıb divardan gözəl bir şəkil,

Bahar mənzərəsi,

qalın bir meşə…

Gözəldir,

Çox gözəl, ancaq elə bil,

Çərçivə içində inləyir meşə…

…Kim istər getdiyi yollar, cığırlar,

Dayansın sərt üzlü çərçivələrdə…(B.V)

     Son həmişə hüznlüdür, acıdır, hər kəs sonu bilir, amma onun gəlməyini istəmir. Son bitməkdir, tükənməkdir, əgər bu ömrə aidsə daha ağrılıdır demək!..

Ona görə də əvvəlcə öz içimizdə qurduğumuz sərhədləri açmalı, gedəcəyimiz yolu məchul bir sonsuzluğadək çəkib uzatmağı bacarmalıyıq. O zaman bizim üçün süni yaradılan çərçivələrdən çıxmaq çətin olmayacaq…

Hə, bir də var şəkil çərçivəsi, siz çalışın çərçivə olmayın, nə özünüzə, nə də başqalarına, çərçivədən genişliyə açılan bütöv şəkil olun…

 Burda küləkdi,

Orda qar yağır.

Sürüşür dağlar,

Bu qürub çağı.

Biçilmiş zəmi,

Atılmış sevda.

Qurumuş ot var

Gör neçə adda…

Mavi buludlar,

Quş kimidilər.

Kağız gəmilər

Daş kimidilər.

Huşumdu daha

Cismimə yedək.

Gedək, Şahinim,

Dur yığış gedək…


Müəllif: Şahnaz ŞAHİN 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru